Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1720/2023 02.05.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X3 Məmmədova (sədrlik edən və məruzəçi), Cahangir Afər oğlu Yusifovdan və X1 ibarət tərkibdə, , Mərziyyə Tofiq qızı Bağırlının katibliyi ilə, Bakı İnzibati Məhkəməsinin 07 fevral 2023-cü il tarixli, 2-1(112)-1281/2023 saylı qərardadından iddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin məhkəmə iclas zalında, açıq məhkəmə iclasında bаxaraq, müəyyən etdi: İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanda yerləşən yaşayış sahəsinə dair cavabdeh İdarə tərəfindən hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrinin xx.xx.2019-cu il tarixli ********** nömrəli çıxarışın ləğv olunması və yaşayış sahəsinin təyinatının dəyişdirələrək xüsusi mülkiyyətdən çıxarılıb müdafiə nazirliyinin xidməti mənzil fonduna verilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Ərizə məhkəməyə daxil olduqdan sonra, məhkəmənin 1.06.2022-ci il tarixli qərardadı ilə X4 və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin zəruri cəlb etmə qaydasında üçüncü şəxs qismində işə cəlb olunması qərara alınnmışdır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və tərəflər işin halları, mübahisənin vəziyyəti və iddianın mümkünlüyü ilə bağlı məsələlərin müzakirəsi üçün məhkəməyə dəvət olunmuşlar. İddiaçı sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək ünvan 1 ümvanda yerləşən yaşayış sahəsinə dair cavabdeh İdarə tərəfindən X2 adəna verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrinin xx.xx.2019-cu il tarixli ********** nömrəli qeydiyyatın və onun əsasında verilmiş çıxarışın ləğv edilməsini xahiş etmişdir. İddianın dəyişdirilməsi barədə ərizə məhkəmənin xx.xx.2022-ci il tarixli iclasında icraata qəbul edilmişdir. Bakı İnzibati Məhkəməsinin 07 fevral 2023-cü il tarixli, 2-1(112)-1281/2023 saylı qərardadı ilə iddia mümkün sayılmamışdır. Bakı İnzibati Məhkəməsinin 07 fevral 2023-cü il tarixli, 2-1(112)-1281/2023 saylı qərardadından iddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən apellyasiya şikayəti verilmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, sözügedən qərardadda işin halları tam və hərtərəfli araşdırılmamış və iddi tələbi qanunsuz və əsassız olaraq mümkünsüz hesab edilmişdir.Apellyasiya şikayətində həmçinin "İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli Qərarına istinad olunmuşdur. Məhkəmə Kollegiyasının iclası barədə lazımı qaydada xəbərdar edilmiş tərəflər məhkəmə iclasında iştirak etməmişlər.Məhkəmə Kollegiyası İPM-in 62.3-cü maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq və işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iddianın mümkünlüyünə dair şərtlərə, həmçinin iddianın lazımı qaydada qaldırılması da aiddir. İPM-nin 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. İnzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə səlahiyyətli məhkəməyə müraciət olunması, doğru iddia növünün və cavabdehin seçilməsi və s. bu kimi formal şərtləri araşdırdığı halda, iddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə əvvəlcə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Eyni zamanda nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Tərəflər iddianı mümkün hesab etsələr də, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər. Belə ki, İPM-in 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Məhkəmə Kollegiyası hazırkı işin faktiki hallarından çıxış edərək nəzərə alır ki, mübahisənin hər iki tərəfində inzibati orqan çıxış edir (iddiaçı – Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, cavabdeh - Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi). Lakin həmin orqanların heç biri ayrı-ayrılıqda onun hüquqlarının digər inzibati orqan tərəfindən pozulduğunu məhkəmədə mübahisələndirə bilməz. Belə ki, bu orqanların hər biri icra hakimiyyəti orqanı olmaqla, eyni vaxtda və ya ayrıayrılıqda dövlətin onlara həvalə etdiyi funksiyaları (vəzifələri) icra edir, bu zaman onların hər biri dövlətin (hakimiyyətin bölünməsi prinsipinə uyğun olaraq icra hakimiyyətinin) adından çıxış edir. Bu orqanların hüquqları dövlətin qanunla onlara həvalə etdiyi vəzifələrdir. Bu orqanların, pozulduğunu iddia etdikləri “subyektiv hüquqlar” onların bilavasitə özlərinə deyil, dövlətə məxsusdur. Başqa sözlə, icra hakimiyyətinə mənsub olan inzibati orqanlar arasındakı ixtilaf, mübahisə (o cümlədən, qərar, sərəncam qəbul etmək və ya icra hakimiyyətinin funksiyalarına aid hər hansı məsələni həll etmək səlahiyyəti ilə bağlı) icra hakimiyyəti daxilində baş verdiyindən, bu, ümumi (publik) hüquq sahəsinə aid olsa belə, inzibati məhkəmə həmin mübahisəni həll etmək səlahiyyətinə malik deyil. Həmçinin“İnzibati icraat haqqında” Qanunun (bundan sonra – İİQ) və İPM-in qəbul edilməsinin (yeni icraat qaydasının müəyyən edilməsinin) məqsədi inzibati orqanların öz aralarında yaranan münasibətləri tənzimləmək deyil, inzibati orqanlarla hüquqi və ya fiziki şəxslər arasında yaranan ümumi (publik) hüquq münasibətlərini tənzimləmək, inzibati orqanlar tərəfindən insan hüquq və azadlıqlarına əməl olunmasını təmin etmək və qanunun aliliyinə nail olmaq, inzibati orqanlarla hüquqi və ya fiziki şəxslər arasında yaranan ümumi (publik) hüquq münasibətlərindən irəli gələn mübahisələri həll etməkdir. Bu, həmçinin aşağıdakılardan irəli gəlir. İİQ-in 2.0.2-ci maddəsinə əsasən, inzibati akt inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 2.0.3-cü maddəsinə əsasən, maraqlı şəxs - inzibati aktın qəbul edilməsi və ya müvafiq hərəkətin edilməsi ilə bağlı inzibati orqana müraciət etmiş və ya barəsində inzibati akt qəbul edilmiş və ya müvafiq hərəkət (hərəkətsizlik) edilmiş şəxs və yaxud inzibati orqan tərəfindən qəbul edilməsi nəzərdə tutulan və ya qəbul edilmiş inzibati aktın və ya inzibati orqanın hərəkətinin hüquqlarına və ya qanunla qorunan maraqlarına birbaşa təsir etdiyi və ya təsir edə biləcəyi və öz vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda inzibati orqanın təşəbbüsü ilə inzibati icraata cəlb edilən hər hansı fiziki və ya hüquqi şəxsdir. Həmin Qanunun 2.0.4-cü maddəsinə əsasən, ərizə - maraqlı şəxsin (2.0.3-cü madəyə əsasə hüquqi və ya fiziki şəxsin) inzibati aktın qəbul edilməsi və ya ona məxsus olan hər hansı hüququn həyata keçirilməsi ilə bağlı inzibati orqana yazılı müraciətidir. Həmin Qanunun 2.0.5-ci maddəsinə əsasən, inzibati şikayət - hüquqlarını və qanunla qorunan maraqlarını müdafiə etmək məqsədilə maraqlı şəxsin (2.0.3-cü madəyə əsasə hüquqi və ya fiziki şəxsin) inzibati aktdan, inzibati aktın qəbul edilməsindən imtinadan və yaxud inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən subordinasiya baxımından yuxarı inzibati orqana yazılı müraciətidir. Həmin Qanunun 2.0.6-cı maddəsinə əsasən, inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Normaların məzmunundan da göründüyü kimi, inzibati icraat inzibati orqanlarla hüquqi və ya fiziki şəxslər arasında yaranan ümumi (publik) hüquq münasibətlərinin qanunla tənzimlənməsini nəzərdə tutur. Bu münasibətlərdən irəli gələn mübahisələrə isə inzibati məhkəmə icraatı qaydasında inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən baxılır (İPM-in 1.1, 2, 3-cü maddələri, İPM-in XV-XİX fəsilləri). İnzibati orqanlar arasında yaranan mübahisənin həllinə gəldikdə, bu mübahisələrin həlli qaydası İİQ-nun 4.3-cü maddəsində nəzərdə tutulmuşdur. Həmin maddəyə əsasən inzibati orqanlar arasında aidiyyət və ya səlahiyyətlərlə bağlı mübahisələr müəyyən olunmuş qaydada subordinasiya baxımından yuxarı inzibati orqan və ya müvafiq icra hakimiyyəti orqanı tərəfindən yaradılmış komissiya tərəfindən həll edilir. İnzibati orqanlar arasında aidiyyət və səlahiyyətlə bağlı mübahisələrin həlli qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 28 dekabr 2005-ci il tarixli 345 saylı Fərmanının 2.2-ci bəndinə əsasən həmin Qanunun 4.3-cü maddəsinin birinci cümləsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir (bu müddəa Azərbaycan Respublikası Prezidentinin 2022ci il 30 iyun tarixli 1728 nömrəli Fərmanı ilə əlavə edilmişdir). Həmin Fərmanın 2.1-ci bəndinə əsasən isə "İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun 4.3-cü maddəsinin ikinci cümləsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir. Göründüyü kimi istinad olunan normalara əsasən təsbit olunur ki, inzibati orqanlar arasında aidiyyət və ya səlahiyyətlərlə bağlı mübahisələr müəyyən olunmuş qaydada subordinasiya baxımından yuxarı inzibati orqan və ya Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən yaradılmış komissiya tərəfindən Azərbaycan Respublikasının Prezidentinin müəyyən etdiyi qaydalara əsasən həll edilir. Məhkəmə Kollegiyası qeyd edir ki, hazırkı mübahisə iki inzibati orqan arasında yaranmışdır, bir inzibati orqan digər inzibati orqanın səlahiyyətlərinin həyata keçirilməsi ilə bağlı hərəkətini mübahisələndirir, hansı ki, qanunverici bu mübahisələrin məhkəmə vasitəsilə həllini nəzərdə tutmamışdır. Buna görə də hazırkı mübahisəyə inzibati məhkəmə icraatında baxılması mümkünsüzdür. Beləliklə, məhkəmə kollegiyası göstərilənlərə əsasən qənaətə gəlir ki, birinci instansiya məhkəməsi iddianın mümkün sayılmamasına dair düzgün nəticəyə gəldiyindən iddiaçının apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsininə əsasən: Maddə 35.1. bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandardığı hallarda mübahisələndirmə, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 81.1. İnzibati məhkəmələr tərəfindən qəbul olunmuş qərarlardan və ya qərardadlardan, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, şikayət verilə bilər. Şikayətə apellyasiya qaydasında apellyasiya instansiyası inzibati kollegiyaları (bundan sonra - apellyasiya instansiyası məhkəmələri) tərəfindən baxılır. Maddə 81.2. İnzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. Maddə 81.3. Bu fəsildə başqa qaydanın müəyyən edilmədiyi hallarda, şikayət üzrə inzibati məhkəmə icraatında birinci instansiya məhkəməsində icraatla bağlı bu Məcəllədə nəzərdə tutulmuş müvafiq prosessual qaydalar, o cümlədən iddia ərizəsinin formasına və məzmununa dair tələblər və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiyası məhkəməsində icraatla bağlı müvafiq müddəaları tətbiq olunur. Maddə 83.1. Şikayət inzibati məhkəmələr tərəfindən qəbul olunmuş qərarlardan və müstəqil mübahisələndirilməsi bu Məcəllə ilə nəzərdə tutulmuş qərardadlardan verilə bilər. Maddə 87.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 85, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 07 fevral 2023-cü il tarixli, 2-1(112)-1281/2023 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-1720/2023
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1720/2023
02.05.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver