Məhkəmə qərarları › İş №2-1(103)-1720/2024

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1720/2024

04.06.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1720/2024 04.06.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X4 Səmədovun sədrliyi və məruzəsi ilə, Xəyalə Adil qızı Cəmilova və X6 ibarət tərkibdə, Eldarzadə Şirazi Elxan oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə, Cavabdehin nümayəndəsi X5 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinə qarşı "Azərbaycan Respublikasının vətəndaşlığına xitam verilməsinə dair rəyin göndərilməsi" tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 20 sentyabr 2023-cü il tarixli, e-2- 1(112)-7675/2023 saylı qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı X8 cavabdeh Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2005-ci il təvəllüdlü İddiaçı Azərbaycan Respublikasının vətəndaşlığına xitam verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi xx.xx.2023-cü il tarixdə “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə ərizələr təqdim edərək, iddiaçı X2 əsl İddiaçı ilə əvəz edilməsini, habelə iddianın “xx.xx.2005-ci il təvəllüdlü İddiaçı Azərbaycan Respublikasının vətəndaşlığına xitam verilməsinə dair əsaslandırılmış müsbət rəyin Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına göndərilməsi vəzifəsinin Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinin üzərinə qoyulması” kimi qəbul edilməsini xahiş etmiş, məhkəmə tərəfindən iddianın dəyişdirilməsi qəbul edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı X8 1979-cu ilin iyul ayının 13-də Bakı şəhərində anadan olmuşdur. 2003-cü ildə Azərbaycan Respublikası vətəndaşı X10 ilə nikaha daxil olmuş və xx xxx 2005-ci ildə İddiaçı adlı oğlu, 14 yanvar 2010-cu ildə X9 adlı qızı doğulmuşdur. 2010-cu ilin dekabrında iddiaçı əri və uşaqları ilə birlikdə Kanadaya mühacirət etmişdir. 2015-ci ilin yanvar ayının 7-də ailənin bütün üzvləri Kanada vətəndaşlığını qəbul etmişdir. İddiaçı və onun əri Kanadanın Riçmond şəhərində əmək fəaliyyəti ilə məşğuldur, uşaqlar da həmin şəhərdə təhsil alırlar. Həyat şəraitləri hazırda vətəndaşı olduqları ölkənin şərtlərinə uyğunlaşmış, eyni zamanda uşaqların təhsili və ailənin qazanc yeri də yaşadıqları və vətəndaşı olduqları ölkə ilə bağlıdır. Əmək şəraitinin yaxşılaşdırmasını təmin etmək və övladlarının təhsili ilə əlaqədar iddiaçının və onun oğlunun Azərbaycan Respublikasının vətəndaşlıqlarına xitam verilməsi zərurəti yaranmışdır. Bu məqsədlə iddiaçı X8 cavabdeh Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinə (AR DMX) ərizə ilə müraciət edərək özünün və oğlu xx.xx.2005-ci il təvəllüdlü İddiaçı Azərbaycan Respublikasının vətəndaşlığına xitam verilməsini xahiş etmişdir. AR DMX-nin xx.xx.2022-ci il tarixli arayışı ilə Azərbaycan Respublikası Prezidentinin xx.xx.2022-ci il tarixli, 3652 nömrəli sərəncamına əsasən X2 Azərbaycan Respublikasının vətəndaşlığına xitam verildiyi bildirilmişdir. Daha sonra X8 xx.xx.2023-cü il tarixdə ərizə ilə müraciət edərək oğlu İddiaçı də vətəndaşlığına xitam verilib-verilməməsi ilə bağlı məlumat verilməsini xahiş etmişdir. Həmin ərizəyə cavab olaraq bildirilmişdir ki, yalnız X2 vətəndaşlığına xitam verilmişdir. İddiaçının oğlunun vətəndaşlığına hansı əsasla xitam verilməməsi barədə hər hansı məlumat verilməmişdir. Həmin cavabla bu nəticəyə gəlmək olar ki, İddiaçı Azərbaycan Respublikası vətəndaşlığına xitam verilməsindən imtina edilmişdir. Lakin, iddiaçı X8 ilə birlikdə onun oğlu xx.xx.2005-ci il təvəllüdlü İddiaçı də Azərbaycan Respublikasının vətəndaşlığına xitam verilməli idi. Belə ki, "Azərbaycan Respublikasının vətəndaşlığı haqqında" Qanunun 22-ci maddəsinə əsasən Azərbaycan Respublikası vətəndaşlığına xitam verilən valideynin vəsatəti və Azərbaycan Respublikası vətəndaşlığında qalan valideynin razılığı ilə uşağın Azərbaycan Respublikası vətəndaşlığından çıxmasına icazə verilə bilər. Həmin Qanunun 25-ci maddəsinə əsasən bu Qanunun 19-24-cü maddələrində nəzərdə tutulmuş hallarda 14 yaşından 18 yaşınadək uşaqların vətəndaşlığı yalnız onların razılığı ilə dəyişə bilər. Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin 15-ci maddəsinə əsasən heç kim öz vətəndaşlığından və öz vətəndaşlığını dəyişmək hüququndan məhrum edilə bilməz. Qeyd olunan normanın tələblərinə uyğun olaraq xx.xx.2005-ci il təvəllüdlü İddiaçı özünün xx.xx.2022-ci il tarixli ərizəsi ilə onun vətəndaşlığına xitam verilməsinə, habelə onun atası X10 xx.xx.2021-ci il tarixli ərizəsi ilə oğlunun vətəndaşlığına xitam verilməsinə razılıq bildirmişdir. Eyni zamanda, iddiaçının və onun oğlunun Azərbaycan Respublikası qarşısında hər hansı öhdəlikləri mövcud deyildir. Belə olan halda X8 ilə birlikdə onun oğlu İddiaçı də vətəndaşlığına xitam verilməli idi. Cavabdeh məhkəməyə təqdim etdiyi iddiaya dair yazılı etirazında iddia tələbinin təmin edilməməsini xahiş etmiş və göstərmişdir ki, şəxs özü və övladı İddiaçı xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikasının vətəndaşlığına xitam verilməsi üçün Dövlət Miqrasiya Xidmətinə müraciət etmişdir. Şəxsin müraciəti üzrə sənədlər baxılması üçün Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlıq Məsələləri Komissiyasına göndərilmişdir. Şəxsin vəsatətinə Komissiyada baxılmış və təmin edilməsi məqsədəuyğun hesab olunaraq vətəndaşlığına xitam verilmişdir. Lakin şəxsin övladı xx.xx.2005-ci il təvəllüdlü İddiaçı (AZE 1296687) barəsində iddiaçıya göndərilmiş (halbuki məlumatının olmadığını bildirmişdir) Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin xx.xx.2022- ci il tarixli S/259 nömrəli məktubunda İddiaçı hərbi öhdəliyinin mövcud olduğu bildirilmişdir. Şəxsin vəsatəti üzrə Dövlət Miqrasiya Xidməti ancaq "Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti haqqında” Əsasnamənin 9.18-ci bəndində (Azərbaycan Respublikasında yaşayan şəxslərdən Azərbaycan Respublikasının vətəndaşlığına qəbul, bərpa və Azərbaycan Respublikasının vətəndaşlığından çıxma məsələlərinə dair vəsatətləri qəbul etmək; həmin vəsatətlər üzrə toplanmış sənədləri və aidiyyəti dövlət orqanlarının rəylərini baxılmaq üçün Azərbaycan Respublikasının Prezidentinə təqdim etmək) göstərilən tələb çərçivəsində öz vəzifələrini həyata keçirir. Eyni zamanda, “Azərbaycan Respublikasının vətəndaşlığı məsələlərinə baxılması və onların həlli qaydaları haqqında” Əsasnamənin 3-cü bəndinə əsasən vətəndaşlığa qəbul və ya bərpa olunmaq, vətəndaşlıqdan çıxma barədə vəsatət qaldıran şəxsin təqdim etdiyi sənədləri icraata qəbul edən Dövlət Miqrasiya Xidməti təqdim olunmuş sənədləri rəy verilmək üçün Dövlət Təhlükəsizliyi Xidmətinə, Xarici Kəşfiyyat Xidmətinə və Daxili İşlər Nazirliyinə göndərir. Dövlət Təhlükəsizliyi Xidmətinə, Xarici Kəşfiyyat Xidmətinə və Daxili İşlər Nazirliyinə göndərilmiş sənədlər rəylə birlikdə geri qaytarılır. Dövlət Miqrasiya Xidməti əsaslandırılmış rəy çıxardıqdan sonra toplanmış materialları Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlıq Məsələləri Komissiyasında baxılmaq üçün Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına göndərir. Bakı İnzibati Məhkəməsinin 20 sentyabr 2023-cü il tarixli, e-2-1(112)-7675/2023 saylı qərarı ilə (hakim S.Salahova) iddia rədd edilmişdir. Qərardan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddia ərizəsinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apelyasiya şikayətində göstərilmişdir ki, İddiaçı xx xxx 2005-ci il tarixdə Bakı şəhərində doğulmuşdur. 2010-cu ilin dekabrında iddiaçı valideynləri ilə birlikdə Kanadaya mühacirət etmişdir. 2015-ci ilin yanvar ayının 7-də ailənin bütün üzvləri Kanada vətəndaşlığını qəbul etmişdir. İddiaçının valideynləri Kanadanın Riçmond şəhərində əmək fəaliyyəti ilə məşğuldur, iddiaçı və onun bacısı isə həmin şəhərdə təhsil alırlar. Həyat şəraitləri hazırda vətəndaşı olduqları ölkənin şərtlərinə uyğunlaşmış, eyni zamanda uşaqların təhsili və ailənin qazanc yeri də yaşadıqları və vətəndaşı olduqları ölkə ilə bağlıdır. Əmək şəraitinin yaxşılaşdırmasını təmin etmək və təhsillə əlaqədar iddiaçının Azərbaycan Respublikasının vətəndaşlığına xitam verilməsi zərurəti yaranmışdır. İddiaçı 2015-ci il tarixdən, yəni 10 yaşından Kanada vətəndaşıdır və artıq onun həmin dövlət qarşısında öhdəlikləri, o cümlədən hərbi xidmətkeçmə öhdəliyi yaranmışdır. Digər tərəfdən nəzərə alınmalıdır ki, o, həmin dövlətin vətəndaşlığını qəbul edərkən onun 10 yaşı var idi, yəni Azərbaycan dövləti qarşısında hərbi öhdəliyi yaranmamışdı. Göründüyü kimi məhkəmə bu iş üçün əhəmiyyətli olan bütün halları araşdırmadan və düzgün qiymət vermədən iddianı təmin etməmişdir. Beləliklə, məhkəmə maddi və prosessual hüquq normalarının tətbiqində səhvə yol vermişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında cavabdeh inzibati orqanın nümayəndəsi apelyasiya şikayətinə etiraz edərək təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Əsaslandırma hissəsi: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 20 sentyabr 2023-cü il tarixli, e-2-1(112)-7675/2023 saylı qərarı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş AZ-İ 437406 nömrəli, xx.xx.2005-ci il tarixli doğum haqqında şəhadətnamədən görünür ki, İddiaçı xx.xx.2005-ci il tarixdə Bakı şəhərində doğulmuşdur. Atası X10 - milliyyəti ukraynalı, anası X8 - milliyyəti tatardır. AZE seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsi məlumatlarından görünür ki, İddiaçı xx.xx.2005-ci il tarixdə Azərbaycan Respublikası, Bakı şəhərində doğulmuşdur, ünvan 1 ünvanında qeydiyyatdadır. İş materiallarından görünür ki, X8 xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikasının Prezidentinə ərizə-anket ilə müraciət edərək, yetkinlik yaşına çatmayan uşağı - oğlu İddiaçılə birlikdə Azərbaycan Respublikası vətəndaşlıqlarına xitam verilməsini xahiş etmişdir. Ərizəyə əlavə edilmiş İddiaçı cavabdehə ünvanlanmış xx.xx.2022-ci il tarixli ərizəsindən görünür ki, iddiaçı bildirmişdir ki, anası X1 birlikdə Azərbaycan Respublikası vətəndaşlığından çıxma ilə bağlı vəsatət qaldırmaq niyyətindədir. Hazırkı razılıq ərizəsi ilə Azərbaycan Respublikası vətəndaşlığından çıxmağa razıdır və buna köməklik göstərilməsini xahiş edir. X7 xx.xx.2021-ci il tarixli ərizəsindən görünür ki, o, X8 ilə birgə nikahdan dünyaya gəlmiş yetkinlik yaşına çatmayan xx.xx.2005-ci il təvəllüdlü övladı – oğlu İddiaçı Azərbaycan Respublikası vətəndaşlığından çıxmasına razıdır. Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Cəmilə Staroxaya ünvanlanmış xx.xx.2022-ci il tarixli 8/259 nömrəli məktubundan görünür ki, xx.xx.2005-ci il təvəllüdlü İddiaçı Xidmətin Suraxanı rayon idarəsində axtarışdadır və bununla əlaqədar ilkin hərbi qeydiyyata alınmadan yayınan vətəndaşın qanunvericiliyə əsasən müəyyən edilmiş qaydada həkim mütəxəssislər tərəfindən tibbi müayinədən keçirilərək qeydiyyata alınması, eləcə də qeydiyyat sənədində şəxsən imza etməklə ilkin hərbi qeydiyyata alınma haqqında vəsiqə ilə təmin olunması üçün mütləq şəkildə Xidmətin müvafiq struktur bölməsinə gəlməsi tələb olunur. Əlavə olaraq bildirilmişdir ki, vətəndaşın dövlətlə bağlılığı və ondan asılılığa səbəb olan münasibətlərin mövcudluğu ilə əlaqədar yaranan öhdəlikləri digər hüquqi müddəalarla yanaşı, qeydiyyat öhdəliklərini də ehtiva etdiyi üçün “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinin tələblərinə əsasən, Azərbaycan Respublikasının vətəndaşlığından çıxmaq barəsində vəsatət qaldıran şəxs tərəfindən dövlət qarşısında icra edilməmiş öhdəliklərinin ödənilməsi çərçivəsində qeydiyyat üzrə icraat tələblərinin də təmin edilməsi zəruridir. İşdə olan Dövlət Miqrasiya Xidmətinin vətəndaşlıq məsələləri baş idarəsinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, X8 (övladı İddiaçı ilə birlikdə) xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikasının vətəndaşlığından çıxma barədə vəsatət qaldırmış və Azərbaycan Respublikası Prezidentinin xx.xx.2022-ci il tarixli 3652 nömrəli sərəncamı ilə yalnız onun Azərbaycan Respublikası vətəndaşlığına xitam verilmişdir. İddiaçı hazırda anası X2 Azərbaycan Respublikası vətəndaşlığına xitam verildiyini, vəsatətin ona münasibətdə təmin edilmədiyini nəzərə alaraq cavabdehdən məsələ ilə bağlı müsbət rəylə birlikdə sənədlərin baxılmaq üçün Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlıq Məsələləri Komissiyasına göndərilməsini xahiş edir. «Azərbaycan Respublikasının vətəndaşlığı haqqında» Azərbaycan Respublikası Qanununa əsasən: Maddə 16. Azərbaycan Respublikasının vətəndaşlığına aşağıdakı hallarda xitam verilir: 1) Azərbaycan Respublikasının vətəndaşlığından çıxmaq nəticəsində; maddə 17. Azərbaycan Respublikasının vətəndaşlığından çıxma bu qanunla müəyyənləşdirilmiş qaydada şəxsin vəsatəti üzrə həyata keçirilir. Azərbaycan Respublikasının vətəndaşlığından çıxmaq barəsində vəsatət qaldıran şəxsin dövlət qarşısında icra edilməmiş öhdəlikləri və ya Azərbaycan Respublikasında hüquqi və fiziki şəxslərin mənafeləri ilə bağlı olan əmlak öhdəlikləri varsa, vətəndaşlıqdan çıxmaq haqqında vəsatəti rədd edilə bilər. Azərbaycan Respublikasının vətəndaşlığından çıxmaq barəsində vəsatət qaldıran şəxs cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilmişsə, yaxud onun barəsində qanuni qüvvəyə minmiş və icra edilməli olan məhkəmə hökmü varsa və ya şəxsin Azərbaycan Respublikası vətəndaşlığından çıxması Azərbaycan Respublikasının dövlət təhlükəsizliyi mənafelərinə ziddirsə, həmin hallar aradan qalxana qədər vətəndaşlıqdan çıxmağa yol verilmir. Azərbaycan Respublikasının vətəndaşlığından çıxmaq barəsində vəsatət qaldıran şəxs tərəfindən müvafiq dövlət rüsumunun ödənilməsi məsələsi “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. Azərbaycan Respublikası vətəndaşlığından çıxma haqqında qərar Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 20-ci bəndinə müvafiq surətdə qəbul olunur. Maddə 22. Valideynlərdən birinin Azərbaycan Respublikası vətəndaşlığına xitam verilirsə, digəri isə Azərbaycan Respublikası vətəndaşlığında qalırsa, uşaq Azərbaycan Respublikası vətəndaşlığını saxlayır. Azərbaycan Respublikası vətəndaşlığına xitam verilən valideynin vəsatəti və Azərbaycan Respublikası vətəndaşlığında qalan valideynin razılığı ilə uşağın Azərbaycan Respublikası vətəndaşlığından çıxmasına icazə verilə bilər. Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 30 avqust tarixli 189 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının vətəndaşlığı məsələlərinə baxılması və onların həlli qaydaları haqqında Əsasnamə”yə əsasən: - Bənd 1. Bu Əsasnamə Azərbaycan Respublikası vətəndaşlığının əldə edilməsi, bərpası, Azərbaycan Respublikası vətəndaşlığına xitam verilməsi məsələlərinə baxılması və onların həlli qaydalarını müəyyən edir. - Bənd 3. Vətəndaşlığa qəbul və ya bərpa olunmaq, vətəndaşlıqdan çıxma barədə vəsatət qaldıran şəxsin təqdim etdiyi sənədləri icraata qəbul edən Dövlət Miqrasiya Xidməti təqdim olunmuş sənədləri rəy verilmək üçün Dövlət Təhlükəsizliyi Xidmətinə, Xarici Kəşfiyyat Xidmətinə və Daxili İşlər Nazirliyinə göndərir. Dövlət Təhlükəsizliyi Xidmətinə, Xarici Kəşfiyyat Xidmətinə və Daxili İşlər Nazirliyinə göndərilmiş sənədlər rəylə birlikdə geri qaytarılır. Dövlət Miqrasiya Xidməti əsaslandırılmış rəy çıxardıqdan sonra toplanmış materialları Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlıq Məsələləri Komissiyasında baxılmaq üçün Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına göndərir. - Bənd 4. Həmin Komissiyanın qəbul etdiyi qərar əsasında Azərbaycan Respublikasının Prezidenti tərəfindən şəxsin Azərbaycan Respublikası vətəndaşlığına qəbulu, bərpası və ya onun vətəndaşlıqdan çıxması barəsində müvafiq sərəncam verilir. - Bənd 6. Azərbaycan Respublikasının vətəndaşlığından çıxmaq barəsində vəsatət qaldıran şəxsin dövlət qarşısında icra edilməmiş öhdəlikləri və ya Azərbaycan Respublikasında hüquqi və fiziki şəxslərin mənafeləri ilə bağlı olan əmlak öhdəlikləri varsa, vətəndaşlıqdan çıxmaq haqqında vəsatəti toplanmış sənədlər əsasında Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlıq Məsələləri Komissiyası tərəfindən rədd edilə bilər. Azərbaycan Respublikasının vətəndaşlığından çıxmaq barəsində vəsatət qaldıran şəxs cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilmişsə, yaxud onun barəsində qanuni qüvvəyə minmiş və icra edilməli olan məhkəmə hökmü varsa və ya şəxsin Azərbaycan Respublikası vətəndaşlığından çıxması Azərbaycan Respublikasının dövlət təhlükəsizliyi mənafelərinə ziddirsə, həmin hallar aradan qalxana qədər vətəndaşlıqdan çıxmağa yol verilmir. - Bənd 19. Azərbaycan Respublikası vətəndaşı Azərbaycan Respublikası vətəndaşlığından çıxması barədə Azərbaycan Respublikası Prezidentinin adına yazılmış ərizə-anketlə Dövlət Miqrasiya Xidmətinə və ya Xarici İşlər Nazirliyinə müraciət edir. - Ərizə-anketə aşağıdakı sənədlər əlavə olunur: 4 ədəd 3x4 ölçüdə fotoşəkil; dövlət qarşısında icra edilməmiş öhdəliklərinin olmaması və ya Azərbaycan Respublikasında hüquqi və fiziki şəxslərin mənafeləri ilə bağlı olan əmlak öhdəliklərinin olmaması barədə müvafiq sənədlər (həmin sənədlərin siyahısı Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlıq Məsələləri Komissiyası tərəfindən təsdiq edilir); dövlət rüsumunun ödənilməsi barədə sənəd, şəxsiyyəti təsdiq edən sənədin surəti. - Bənd 20. Azərbaycan Respublikası vətəndaşlığından çıxma barədə Azərbaycan Respublikası Prezidentinin adına yazılmış ərizə-anketi Azərbaycan Respublikası ərazisində yaşayan vətəndaşlar Dövlət Miqrasiya Xidmətinə, xarici dövlətlərdə yaşayan vətəndaşlar isə Azərbaycan Respublikasının diplomatik nümayəndəlikləri və ya konsulluq idarələri vasitəsi ilə Xarici İşlər Nazirliyinə təqdim edirlər. - Bənd 21. Dövlət Miqrasiya Xidməti və ya Xarici İşlər Nazirliyi həmin sənədlərin bir nüsxəsini baxılmaq üçün Dövlət Təhlükəsizliyi Xidmətinə, Xarici Kəşfiyyat Xidmətinə və Daxili İşlər Nazirliyinə göndərir. Dövlət Təhlükəsizliyi Xidmətinə, Xarici Kəşfiyyat Xidmətinə və Daxili İşlər Nazirliyinə göndərilmiş sənədlər rəylərlə birlikdə geri qaytarılır, Dövlət Miqrasiya Xidməti və ya Xarici İşlər Nazirliyi əsaslandırılmış rəy çıxardıqdan sonra toplanmış materialları Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlıq Məsələləri Komissiyasında baxılmaq üçün Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına göndərir. - Bu Əsasnamənin 6-cı hissəsində göstərilmiş hallar aşkar olarsa, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlıq Məsələləri Komissiyası tərəfindən həmin şəxsin Azərbaycan Respublikası vətəndaşlığından çıxma barədə vəsatəti rədd edilə bilər. - Bənd 22. Valideynlərdən birinin Azərbaycan Respublikası vətəndaşlığına xitam verilərsə, bu valideynin vəsatəti ilə və ya Azərbaycan Respublikasının vətəndaşı olan uşağı övladlığa götürən əcnəbilərin vəsatətləri ilə uşaq Azərbaycan Respublikası vətəndaşlığından çıxarıla bilər. - Bənd 27. Vətəndaşlıq məsələləri ilə əlaqədar bu Əsasnamədə nəzərdə tutulmuş sənədlər fiziki şəxslər tərəfindən əlaqədar dövlət orqanına təqdim edildikdən sonra ərizəanket icraata qəbul edilmiş sayılır və baxılma müddəti həmin vaxtdan başlayır. - Bənd 30. Vətəndaşlıq məsələləri ilə əlaqədar vəsatəti rədd edilmiş şəxs vəsatətin rədd edilməsinə səbəb olan halları aradan qaldırdıqdan sonra təkrar müraciət edə bilər. İstinad olunan normalardan görünür ki, şəxsin Azərbaycan Respublikası vətəndaşlığından çıxma barədə ərizə-anketi daxil olduqdan sonra Dövlət Miqrasiya Xidməti həmin sənədlərin bir nüsxəsini baxılmaq üçün Dövlət Təhlükəsizliyi Xidmətinə, Xarici Kəşfiyyat Xidmətinə və Daxili İşlər Nazirliyinə göndərir. Həmin qurumlar göndərilmiş sənədləri rəylərlə birlikdə geri qaytarır, bundan sonra Dövlət Miqrasiya Xidməti əsaslandırılmış rəy çıxarmaqla toplanmış materialları Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlıq Məsələləri Komissiyasında baxılmaq üçün Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına göndərir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.7-ci maddəsinə görə diskresion səlahiyyətlər - qanunla inzibati orqana və ya vəzifəli şəxsə mümkün qanunauyğun qərarlardan birini seçmək hüququnun verilməsidir. Həmin Qanunun 14-cü maddəsinə görə inzibati orqan diskresion səlahiyyətlərini qanunla müəyyən olunmuş hüdudlar daxilində (qanunla ona verilmiş səlahiyyətlər daxilində) həyata keçirməyə borcludur. Diskresion səlahiyyətlər əsasında qəbul edilən qərarlar həmin səlahiyyətlərin məqsədinə uyğun olmalıdır. Diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı fiziki və ya hüquqi şəxslərin hüquq və azadlıqlarının əsassız məhdudlaşdırılmasına yönəldilmiş qərarlar qəbul oluna bilməz. Məhkəmə kollegiyası qeyd edir ki, inzibati orqanın diskresion səlahiyyəti inzibati akt formasında həyata keçirdiyi bütün hərəkətlərinə münasibətdə tətbiq olunur. Diskresion səlahiyyətlər inzibati orqanın öz mülahizəsinə görə tətbiq edə biləcəyi səlahiyyətlərdir və qanunla inzibati orqana mümkün qanunauyğun qərarlardan birini seçmək hüququnun verilməsi deməkdir. Başqa sözlə, inzibati orqan bu hərəkəti edə də bilər, etməyə də. Dövlət Miqrasiya Xidmətinin şəxsin vətəndaşlıqdan çıxma barədə vəsatəti üzrə tərtib etdiyi rəy (müsbət və ya mənfi rəyin tərtibi) onun diskresion səlahiyyətindədir. Aydındır ki, inzibati orqan özünün diskresion səlahiyyətini özbaşına və hüdudsuz istifadə edə bilməz. Bu səlahiyyət heç bir halda inzibati orqana əsaslandırılmamış şəkildə hər hansı qanuni meyarlara söykənmədən öz mülahizəsinə uyğun davranmaq imkanının verilməsi kimi də yozula bilməz. Belə yanaşma hüquqi dövlət prinsipi ilə ziddiyyət yaratmış olardı. Hər bir inzibati orqan özünün malik olduğu diskresion səlahiyyətləri qanunun güddüyü məqsəd naminə və səlahiyyətlərin qanunla müəyyən edilmiş hüdudları daxilində həyata keçirməlidir. Diskresion səlahiyyətlər həddində hərəkət edən inzibati orqanın fəaliyyətinin məhkəmə tərəfindən yoxlanılması da məhz bu meyarlara əsaslanmaqla inzibati orqanın hərəkətlərinə qiymət verilməsini ehtiva edir. “İnzibati icraat haqqında” Qanunun 16.2-ci maddəsinə əsasən hər bir şəxsin inzibati orqandan diskresion səlahiyyətini düzgün həyata keçirilməsini tələb etmək hüququ vardır. İnzibati Prosesual Məcəllənin 74-cü maddəsinə əsasən inzibati orqanın diskresion səlahiyyətlər əsasında hərəkət etdiyi hallarda məhkəmə, həmçinin inzibati aktın və ya inzibati aktın qəbul edilməsindən imtinanın yaxud inzibati orqanın hərəkətsizliyi səbəbindən inzibati aktın qəbul edilməməsinin diskresion səlahiyyətlərin qanunla müəyyən olunmuş hədlərinə əməl olunmaması və ya diskresion hüququn həmin səlahiyyətlərin məqsədinə uyğun şəkildə həyata keçirilməməsi baxımından qanunsuz olub-olmadığını yoxlayır. Beləliklə, müəyyən olunur ki, hazırki iş üzrə aydınlaşdırılmalı olan məsələ ondan ibarətdir ki, cavabdeh inzibati orqan müvafiq məsələ ilə bağlı özünün diskresion səlahiyyətlərini qanunla müəyyən olunmuş hədlərdə və diskresion hüququnu həmin səlahiyyətlərin məqsədinə uyğun həyata keçirmişdirmi? İşdə olan Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti Təşkilat-Nəzarət Baş İdarəsinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, xx.xx.1979-cu il təvəllüdlü X8 xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikası Prezidentinin xx.xx.1999-cu il tarixli 189 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının vətəndaşlığı məsələlərinə baxılması və onların həlli qaydaları haqqında Əsasnamə”yə uyğun olaraq özünün və yetkinlik yaşına çatmayan övladı - xx.xx.2005-ci il təvəllüdlü İddiaçı Azərbaycan Respublikasının vətəndaşlığına xitam verilməsi barədə vəsatət qaldırmışdır. Təqdim edilmiş sənədlərə əsasən X2 Azərbaycan dövləti qarşısında icra edilməmiş öhdəlikləri və Azərbaycan Respublikasında hüquqi və fiziki şəxslərin mənafeləri ilə bağlı olan əmlak öhdəliyinin olmadığı müəyyən edilmişdir. Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti xx.xx.2022-ci il tarixli S/259 saylı məktubunda İddiaçı Azərbaycan dövləti qarsısında icra edilməmiş hərbi öhdəliyinin olduğunu qeyd etmişdir. Qeyd olunan məlumatlar əsasında vəsatətin X3 aid hissədə müsbət həll olunması məqsədəuyğun hesab edilmiş və baxılması üçün Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlıq Məsələləri Komissiyasına göndərilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 76-cı maddəsinin İ hissəsinə əsasən vətəni müdafiə hər bir vətəndaşın borcudur. Qanunla müəyyən edilmiş qaydada vətəndaşlar hərbi xidmət keçirlər. “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.1ci maddəsinə əsasən hərbi vəzifə - qanunvericiliklə nəzərdə tutulmuş qaydada Azərbaycan Respublikası vətəndaşlarının hərbi qeydiyyatı, çağırışaqədərki hazırlığı, hərbi xidmətə çağırışı, çağırış üzrə və könüllü hərbi xidmətkeçməsi, ehtiyatda olması, toplanışlara çağırışı və toplanış keçməsi, səfərbərlik üzrə vəzifələrin yerinə yetirilməsidir. Həmin Qanunun 2.0.7-ci maddəsinə görə çağırışaqədər yaş həddində olan vətəndaşlar – ilkin hərbi qeydiyyata alınma yaş həddində olan Azərbaycan Respublikasının vətəndaşlarıdır. Qanunun 2.0.8-ci maddəsinə əsasən çağırışçılar – ilkin hərbi qeydiyyata alınmış və ya alınmalı olan müddətli həqiqi hərbi xidmət keçməmiş 18 yaşından 35 yaşınadək Azərbaycan Respublikasının kişi cinsli vətəndaşlarıdır. Həmin Qanunun 6.1-ci maddəsinə əsasən hər il yanvar-mart ayları ərzində həmin il 15 yaşı tamam olan Azərbaycan Respublikasının kişi cinsli vətəndaşları yaşayış və ya olduğu yer üzrə müvafiq icra hakimiyyəti orqanında ilkin hərbi qeydiyyata alınmalıdırlar. Həmin Qanunun 6.4-cü maddəsinə görə müvafiq icra hakimiyyəti orqanında ilkin hərbi qeydiyyata alınmalı olan vətəndaşlar qeydiyyata alınmaq üçün müvafiq icra hakimiyyəti orqanının fərdi çağırış vərəqəsində göstərilmiş müddətdə müvafiq icra hakimiyyəti orqanına gəlməli və aşağıdakı sənədləri təqdim etməlidirlər: 6.4.1. doğum haqqında şəhadətnamənin surəti; 6.4.2. ailə tərkibi haqqında arayış; 6.4.3. təhsil haqqında sənəd (təhsil müəssisəsini bitirənlər üçün); 6.4.4. təhsil (təhsil müəssisəsini bitirməyənlər üçün) və ya iş yerindən arayış; 6.4.5. tərcümeyi-hal; 6.4.6. 6 ədəd 3x4 sm. ölçüdə fotoşəkil. Qanunun 12.1-ci maddəsinə görə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin şəxsi heyətlə komplektləşdirilməsi üsullarına görə hərbi xidmət çağırış üzrə və könüllü xidmətlərə bölünür. Həmin Qanunun 12.2-ci maddəsinə əsasən hərbi xidmətə çağırışın müəyyən edilmiş tələblərinə cavab verən Azərbaycan Respublikasının vətəndaşları aşağıdakı həqiqi hərbi xidmətlərə çağırılırlar: 12.2.1. müddətli həqiqi hərbi xidmətə - Azərbaycan Respublikasının 18 yaşına çatmış, sağlamlıq vəziyyətinə görə hərbi xidmətə yararlı olan, çağırışa möhlət hüququ olmayan və ya çağırışdan azad edilməmiş kişi cinsli vətəndaşları; Qanunun 12.4-cü maddəsinə əsasən vətəndaşların müddətli həqiqi hərbi xidmətə çağırılması haqqında müvafiq icra hakimiyyəti orqanının aktı qüvvəyə mindikdən sonra müddətli həqiqi hərbi xidmət keçməmiş, müddətli həqiqi hərbi xidmətə çağırışa möhlət hüququ olmayan və ya müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilməyən çağırışçılar yaşayış yeri və ya olduğu yer üzrə hərbi qeydiyyatda olduğu, hərbi qeydiyyatda olmayan çağırışçılar isə yaşayış yeri üzrə müvafiq icra hakimiyyəti orqanına gəlməlidirlər. İş materiallarından görünür ki, iddiaçı xx.xx.2005-ci il təvəllüdlü olmaqla cavabdehə müraciət etdiyi xx.xx.2022-ci il tarixə 16 yaşı olmuş, çağırışaqədər yaş həddində olan şəxs olmuş, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti iddiaçının Xidmətin Suraxanı rayon idarəsində axtarışda olduğunu və bununla əlaqədar ilkin hərbi qeydiyyata alınmadan yayınan vətəndaşın qanunvericiliyə əsasən müəyyən edilmiş qaydada həkim mütəxəssislər tərəfindən tibbi müayinədən keçirilərək qeydiyyata alınması, eləcə də qeydiyyat sənədində şəxsən imza etməklə ilkin hərbi qeydiyyata alınma haqqında vəsiqə ilə təmin olunması üçün mütləq şəkildə Xidmətin müvafiq struktur bölməsinə gəlməsinin tələb olunduğunu bildirmişdir. Məhkəmə icraatı zamanı isə iddiaçı artıq 18 yaşı tamam olmuş şəxs olmuş və çağırışçı kateqoriyasına aid olmuşdur. Göründüyü kimi, iddiaçının çağırışçı kimi Azərbaycan dövləti qarşısında icra edilməmiş hərbi öhdəliyi mövcuddur. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, cavabdehin İddiaçı Azərbaycan Respublikasının vətəndaşlığından çıxması məsələsinin müsbət həll olunmasının məqsədəuyğun hesab edilməməsi barədə rəyi əsaslı olmuşdur. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın rədd edilməsi ilə bağlı gəldiyi nəticə maddi hüquq normalarının tətbiqi baxımından qanuni, işin faktiki halları baxımından əsaslı olduğu üçün qərar dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, Kollegiya Qərara aldı: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 20 sentyabr 2023-cü il tarixli, e-2-1(112)-7675/2023 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəşid Səmədov Hakimlər: Xəyalə Cəmilova Elvin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar