Məhkəmə qərarları › İş №2-1(103)-1721/2021

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1721/2021

23.06.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1721/2021 23.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Həmidov Həmid Üzeyir oğlu (sədrlik edən və məruzəçi), Nağıyeva Elmira Eyvaz qızı və Yusifov Cahangir Afər oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X4 qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Binəqədi rayon Şöbəsinə qarşı pensiyanın yenidən hesablanması tələbinə dair iş üzrə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-4756/2019 saylı, 03 dekabr 2019-cu il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Binəqədi rayon Şöbəsinə qarşı iddia ərizəsi ilə müraciət edərək 07.09.1977-ci ildən 23.07.1981-ci il tarixədək X2 Respublikasının Annaba şəhəri Universtitetində professor vəzifəsində işlədiyi dövr nəzərə alınmaqla hüququnun yarandığı 01.01.2008-ci il tarixdən pensiyanın yenidən hesablanaraq birdəfəlik ödənilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Binəqədi rayon şöbəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı SSRİ X3 Komitəsinin xətti və SSRİ Ali və Orta Təhsil Nazirliyinin göndərişi ilə 07.09.1977-ci ildən 23.07.1981-ci il tarixədək X1 Respublikasının Annaba şəhəri Universitetində professor vəzifəsində işləməyə ezam olunmuşdur. Orada işləyərkən daimi iş yerində əmək haqqının 60 faizi saxlanılmaqla əmək haqqı o zamankı Sovet invalyuta rublu ilə ayda 438 (dörd yüz otuz səkkiz) rubl olmuşdur. 2002-ci ildən ona pensiya təyin edilmişdir. «Əmək pensiyaları haqqında» Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə» 06.11.2007-ci il tarixli Azərbaycan Respublikası Qanununün 26.2-ci maddəsinə əsasən onun pensiyası 01.01.2008-ci il tarixdən X2 Respublikasında işlədiyi müddətdə xarici valyuta ilə aldığı əmək haqqı nəzərə alınmaqla yenidən hesablanmalı olmuş, bu barədə olan zəruri sənədləri Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Binəqədi rayon şöbəsinə təqdim edərək pensiyasının yenidən hesablanmasını xahiş etmiş, müraciətinə baxılmamış və pensiyası yenidən hesablanmamışdır. Halbuki, eyni əsaslarla müraciət etmiş bir çox həmkarının pensiyası yenidən hesablanaraq onlara ödənilmişdir. Sonuncu dəfə onun 17.09.2017-ci il tarixli müraciətinə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Binəqədi rayon şöbəsinin müdiri Axundov özünün 17.10.2019-cu il tarixli məktubu ilə müraciətinin mahiyətinə aid olmayan formal cavab göndərmişdir. Beləliklə də, onun pensiya hüququ pozulmaqda davam etmişdir. Bu səbəbdən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 03 dekabr 2019-cu il tarixli, 2-1(81)- 4756/2019 saylı qərarı ilə iddia tələbi qismən təmin edilmiş, iddiaçı İddiaçı 07.09.1977-ci ildən 23.07.1981-ci il tarixədək X2 Respublikasının Annaba şəhəri Universtitetində professor vəzifəsində işlədiyi dövr nəzərə alınmaqla hüququnun yarandığı 01.01.2008-ci il tarixdən pensiyanın yenidən hesablanaraq ödənilməsi vəzifəsinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Binəqədi rayon Şöbəsinə həvalə edilməsi, iddianın qalan hissədə təmin edilməməsi qərara alınmışdır. Cavabdeh apelyasiya şikayəti verərək qərarın ləğv edilməsini xahiş etmişdir. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikasında vətəndaşların əmək pensiyası hüquqlarının yaranması əsasları, bu hüquqların həyata keçirilməsi qaydaları və əmək pensiyasının təminat sistemi 01 yanvar 2006-cı il tarixdən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunununa əsasən vətəndaşlara əmək pensiyası təyin edilərkən pensiyanın sığorta hissəsinin məbləğinin hesablanması iki mərhələdə həyata keçirilir. Birinci mərhələdə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun qüvvəyə mindiyi 1 yanvar 2006-ci ıl tarixədək qazanmış olduqları əmək pensiyası hüquqları bu dövrə aid olan ümumi iş stajına, ikinci mərhələdə isə 01 yanvar 2006-ci il tarixdən sonra sığortaolunanların gəlirlərindən ödənilmiş məcburi dövlət sosial sığorta haqlarına əsasən müəyyənləşdirilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunununa 26.3-1 - 26.3-3- cü maddələrinə 17 may 2011-ci il tarixdə edilmiş dəyişikliklərə uyğun olaraq vətəndaş İddiaçı 01.01.2006-cı il tarixədək olan 48 il 2 ay 22 gün iş stajı (o cümlədən X2 Respublikasında işlədiyi dövr) nəzərə alınmaqla hesablanmışdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-850/2020 saylı 13.10.2020-ci il tarixli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, 1 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinin 03 dekabr 2019-cu il tarixli, 2-1(81)-4756/2019 saylı qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Cavabdehin kassasiya şikayəti əsasında Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-458/2021 saylı 07.04.2021-ci il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-850/2020 saylı 13.10.2020-ci il tarixli qərarı ləğv edilmiş, iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Təkrar apellyasiya baxışı zamanı iddiaçının nümayəndəsi və vəkili Azərbaycan Respublikası İPM-nin 54-cü maddəsinin tələblərinə əsasən iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəmə kollegiyasına müraciət edərək 01 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-4756/2019 saylı 03.12.2019-cu il tarixli qərarının qismən dəyişdirilməsi və İddiaçı 07.09.1977-ci ildən 23.07.1981-ci il tarixədək X2 Respublikasının Annaba şəhəri Universtitetində professor vəzifəsində işlədiyi dövrdə aldığı aylıq əmək haqqının (qazancının) məbləği nəzərə alınmaqla hüququnun yarandığı 01.01.2008-ci il tarixdən pensiyanın yenidən hesablanaraq birdəfəlik ödənilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Binəqədi rayon şöbəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məhkəmə bildirişi almasına baxmayaraq cavabdeh öz nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq məhkəmə iclasına gəlməyən cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsi və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası iddiaçının nümayəndəsinin və vəkilinin izahatını dinləyərək, apellyasiya şikayətini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin hazırkı iş üzrə qərarı iddianın təmin edildiyi hissədə ləğv edilərək, iddia tələbi həmin hissədə də təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (subutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. İşin faktiki hallarından görünür ki, iddiaçı 2002-ci ildən yaşa görə əmək pensiyaçısıdır. İddiaçı ona əmək pensiyası təyin edilərkən 07.09.1977-ci ildən 23.07.1981ci ilə qədər X2 Respublikasının Annaba şəhəri Universtitetində professor vəzifəsində işlədiyi dövrün əmək haqqının nəzərə alınmaqla pensiyasının yenidən hesablanması ilə bağlı cavabdehə müraciət etmişdir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Binəqədi rayon şöbəsi tərəfindən iddiaçıya ünvanlanmış 07.10.2019-cu il tarixli, **********8 nömrəli məktubda qeyd edilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 26.3-1 - 26.3-3-cü maddələrinə 17 may 2011-cil tarixdə edilmiş dəyişikliklərə uyğun olaraq 01.01.2006-cı il tarixədək olan 48 il 02 ay 22 gün iş stajına və 01.01.2006-cı il tarixdən 01.10.2017-ci il tarixədək fərdi hesabın sığorta hissəsində toplanmış pensiya kapitalı nəzərə alınmaqla pensiyanın məbləği 01.10.2017-ci il tarixdən 435,74 manat təşkil etmişdir. İddiaçının pensiyası sonrakı artımlar nəzərə alınmaqla 01.01.2019-cu il tarixdən 474,40 manat hesablanaraq ödənilmişdir. Bundan sonra İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Binəqədi rayon şöbəsinə qarşı iddia ərizəsi ilə müraciət edərək 07.09.1977-ci ildən 23.07.1981-ci il tarixədək X2 Respublikasının Annaba şəhəri Universtitetində professor vəzifəsində işlədiyi dövr nəzərə alınmaqla hüququnun yarandığı 01.01.2008-ci il tarixdən pensiyanın yenidən hesablanaraq birdəfəlik ödənilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Binəqədi rayon şöbəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsi iddia tələbini qismən təmin etmiş və hesab etmişdir ki, iddiaçının əmək pensiyası hesablanarkən 1977-1981-ci illərdə X2 Respublikasının Annaba şəhəri Universtitetində professor vəzifəsində işlədiyi dövr nəzərə alınmamış və ona təyin olunmuş pensiya “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-ci maddəsinə uyğun olaraq hüququn yarandığı gündən yenidən hesablanmalıdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin hüquqi nəticəsi ilə razılaşmır və hesab edir ki, iddia tələbinin təmin edilməsi üçün qanuni əsaslar mövcud olmamışdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 4.1-ci maddəsinə əsasən bu Qanuna uyğun olaraq əmək pensiyasının aşağıdakı növləri müəyyən edilir: 4.1.1. yaşa görə əmək pensiyası; 4.1.2. əlilliyə görə əmək pensiyası; 4.1.3. ailə başçısını itirməyə görə əmək pensiyası. Həmin Qanunun 4.2-ci maddəsinə əsasən yaşa görə əmək pensiyası: 4.2.2. sığorta hissəsindən və 4.2.3. yığım hissəsindən ibarətdir. Həmin Qanunun 10.4-cü maddəsinə əsasən yaşa görə əmək pensiyasının məbləği aşağıdakı düsturla müəyyən edilir: P=SH+YH, burada: P- yaşa görə əmək pensiyasıdır; SH - yaşa görə əmək pensiyasının sığorta hissəsidir; YH - yaşa görə əmək pensiyasının yığım hissəsidir. “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsinin 1-2-ci hissəsinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Həmin Qanunun 67-ci maddəsinin 8-ci hissəsinə əsasən əmək (sosial sığorta) pensiyasının təyin edilməsi üçün qanunla müəyyən edilmiş hallar istisna olmaqla 1 yanvar 2002-ci il tarixdən əmək stajına məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi əmək fəaliyyəti müddəti daxildir. 1 yanvar 2002-ci ilədək əmək fəaliyyəti göstərən şəxslərə pensiya təyin olunması üçün əmək stajı bu maddənin birinci-yeddinci hissələrinə müvafiq olaraq hesablanır. Həmin Qanunun 71-ci maddəsinə görə pensiyalar respublika üzrə müəyyən edilmiş minimum əmək haqqı və müraciət edənin orta aylıq əmək haqqından faiz əsas götürülməklə bu Qanunda müəyyən edilmiş normalarla hesablanır. Pensiya üçün müraciət edənin arzusuna əsasən orta aylıq əmək haqqı onun müraciət etdiyi aydan əvvəlki əmək fəaliyyətinin axırıncı 24 ayına və ya əmək fəaliyyətinin hər hansı ardıcıl gələn 60 ayına aid əmək fəaliyyətində fasilələr nəzərə alınmadan faktik orta aylıq əmək haqqından hesablanır. “Diplomatik xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 23.4-cü maddəsinin “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.2-ci, “Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 8 və 15-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair Konstitusiya Məhkəməsinin 06 iyun 2020-ci il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikasının 2007-ci il 6 mart tarixli Qanunu ilə qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanununda (bundan sonra – “Vətəndaşların pensiya təminatı haqqında” Qanun) məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi ilə bağlı müxtəlif dövrlərdə iki fərqli yanaşma mövcud olmuşdur. Həmin Qanunun iş stajına daxil edilən əmək fəaliyyətinin növləri adlanan 67-ci maddəsinə Azərbaycan Respublikasının 2002-ci il 3 dekabr tarixli Qanunu ilə əlavə edilmiş səkkizinci hissəyə görə, əmək (sosial sığorta) pensiyasının təyin edilməsi üçün qanunla müəyyən edilmiş hallar istisna olmaqla, 1 yanvar 2002-ci il tarixdən əmək stajına məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi əmək fəaliyyəti müddəti daxildir. 1 yanvar 2002-ci ilədək əmək fəaliyyəti göstərən şəxslərə pensiya təyin olunması üçün əmək stajı bu maddənin birinci-yeddinci hissələrinə müvafiq olaraq hesablanır. Göründüyü kimi hazırda qüvvədə olan “Əmək pensiyaları haqqında” Qanundan fərqli olaraq, “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 2002-ci ildən qüvvəyə minmiş 67-ci maddəsinin səkkizinci hissəsində qanunla müəyyən edilmiş hallar istisna olmaqla, məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi əmək fəaliyyəti müddətinin əmək stajına daxil edilməsi müəyyən edilmişdir. Bu maddədə nəzərdə tutulmuş “qanunla müəyyən edilmiş hallar istisna olmaqla” ifadəsi isə qanunda nəzərdə tutulmuş hallarda məcburi dövlət sosial sığorta haqqı ödənilməyən və ya ödənilməsindən azad edilən, lakin əmək stajına daxil edilən əmək fəaliyyəti müddətini ehtiva edir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 21.1-ci maddəsinə görə, qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş , hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Həmin Qanunun 26-cı maddəsinə əsasən 2017-ci il iyulun 1-dək təyin edilmiş əmək pensiyasının baza və sığorta hissəsinin cəmi məbləği dəyişdirilmədən əmək pensiyasının sığorta hissəsinə şərti çevrilməsi aparılır. 2017-ci il iyulun 1-dək təyin edilmiş əmək pensiyasının baza hissəsinə əlavələr dəyişdirilmədən əmək pensiyasının sığorta hissəsinə əlavələr kimi nəzərə alınır. 2017-ci il iyulun 1-dək bu Qanunun 20-ci maddəsində nəzərdə tutulmuş şəxslərə təyin edilmiş əmək pensiyasının ümumi məbləği 2017-ci il iyulun 1-i tarixinə azaldılmamaqla ödənilir. Həmin şəxslərin əmək pensiyasına qulluq stajına görə əlavələrin bu Qanunun 29.1-ci maddəsinə uyğun olaraq indeksləşdirilmə və sonrakı artımlar nəzərə alınmaqla yenidən hesablanması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Həmin Qanunun 27-ci maddəsinə əsasən sığortaolunanların (əmək pensiyası təyin olunmuş şəxslər istisna olmaqla) 2006-cı il yanvarın 1-dək qazanmış olduqları pensiya hüquqları pensiya kapitalına çevrilməklə onların fərdi hesablarında nəzərə alınır. Bu zaman həmin dövrə aid olan ümumi iş stajının hər ili üçün 306 manat (il tam olmadıqda isə bu məbləğ natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) pensiya kapitalı hesablanır və sığortaolunanların fərdi hesablarının sığorta hissəsində 2006-cı ilin 1 yanvar tarixinə qeydə alınır. Sığortaolunanların, o cümlədən işləyən əmək pensiyaçılarının 2006-cı il 1 yanvar tarixindən 2017-ci il 1 iyul tarixinədək olan dövr üzrə fərdi hesabının sığorta hissəsində toplanan və istifadə olunmamış (əmək pensiyasının sığorta hissəsinin hesablanmasında nəzərə alınmamış) pensiya kapitalı 80% artırılmaqla, 2017-ci il 1 iyul tarixinə fərdi hesabın sığorta hissəsində qeydə alınır. Həmin Qanunun 29-cu maddəsinə əsasən əmək pensiyasının sığorta hissəsi ildə bir dəfə ölkə üzrə orta aylıq nominal əməkhaqqının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən illik artım tempinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının qərarına əsasən indeksləşdirilir. Sığortaolunanların fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı ildə bir dəfə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunan istehlak qiymətləri indeksinin illik səviyyəsinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının qərarına əsasən indeksləşdirilir. Bu Qanunun 20-ci maddəsində nəzərdə tutulmuş şəxslərin əmək pensiyasının sığorta hissəsi bu Qanunun 29.1-ci maddəsinə uyğun olaraq artırıldıqda və ya yenidən hesablandıqda, qulluq stajına görə əmək pensiyasına əlavələrin məbləği həmin artımlar qədər azaldılmaqla yenidən hesablanır. Həmin şəxslərin tutmuş olduqları vəzifələr üzrə aylıq əməkhaqqı (əməkhaqqı, dövlət məvacibi, təminat xərcliyi) sonradan artırıldıqda, bu artımlar nəzərə alınmaqla, qulluq stajına görə əmək pensiyasına əlavələr yenidən hesablanır. Əmək pensiyasının indeksləşdirilməsi bu Qanunun 6-cı maddəsi ilə müəyyən edilmiş əmək pensiyasının ödənişinin maliyyə mənbələrinə uyğun olaraq müvafiq qaydada nəzərdə tutulmuş vəsaitlər dairəsində müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. Qanunun qeyd olunan normalarının məzmunundan görünür ki, qanunvericilik yalnız məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərti ilə şəxslərin işlədyi müddəti sosial sığorta stajına daxil edilməsini nəzərdə tutur. Eləcə də, Qanunun 25-ci maddəsinə görə, sığorta stajı müvafiq icra hakimiyyəti orqanı tərəfindən məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi barədə verilən sənədlə təsdiq olunur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2, 1.0.5 və 20.14-cü maddələrinin şərh edilməsi”nə dair 15.05.2020-ci il tarixli qərarında da qeyd edilmişdir ki, Konstitusiya Məhkəməsinin Plenumu belə nəticəyə gəlir ki, pensiya təminatı sisteminin məhz sosial sığorta prinsipləri və qazanılan pensiya hüquqları ilə şəxsin fərdi hesabında qeydə alınan vəsaitlər arasında tarazlaşdırma mexanizmləri əsasında qurulması baxımından “Əmək pensiyaları haqqında” Qanunun 1.0.1, 1.0.2 və 1.0.5-ci maddələrinin tələblərinə görə, sığortaolunanlara pensiya təyin edilərkən və ya təyin edildikdən sonra yenidən hesablanarkən xidmət etdiyi, işlədiyi və (və ya) qulluq keçdiyi dövrdə almadıqları və ya məcburi dövlət sosial sığortasına cəlb edilməyən əmək haqqının, təminat xərcliyinin, dövlət məvacibinin və ya onlara edilən əlavələrin əsas götürülməsi qanunun tələblərinə uyğun deyildir. Məhkəmə kollegiyası “Əmək pensiyaları” haqqında Azərbaycan Respublikası Qanununun yaşa görə əmək pensiyasının məbləğini müəyyən edən 104-cü maddəsinə əsaslanaraq hesab edir ki, qüvvədə olan qanunvericilik yaşa görə əmək pensiyasının məbləğinin hesablanması üçün əmək haqqının deyil, əmək pensiyasının sığorta hissəsinin və yaşa görə əmək pensiyasının yığım hissəsinin nəzərə alınmasını tələb edir. İş materiallarından, o cümlədən də, iddiaçının apellyasiya baxışında təqdim etdiyi iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəsindən də göründüyü kimi iddiaçının verilmiş iddia tələbində hüquqi marağı 1977-ci il sentyabr ayından 1981-ci il iyul ayınadək X2 Respublikasında işlədiyi dövrdə aldığı əmək haqqı nəzərə alınmaqla pensiyasının yenidən hesablanaraq ödənilməsində ifadə olunmuşdur. İş materiallarında olan pensiya işindən də göründüyü kimi “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 26.3-1-26.3-3-cü maddələrinə 17 may 2011-ci il tarixdə edilmiş dəyişikliklərə uyğun olaraq iddiaçıya 01.01.2006-cı il tarixinədək olan 48 il 2 ay 22 gün iş stajı nəzərə alınmaqla hesablanmışdır. Bu dövrə iddiaçının X2 Respublikasında işlədiyi dövr də daxil edilmişdir. İddiaçıya pensiya təyin olunarkən 01.04.2000-ci il tarixdən 31.03.2002-ci il tarixədək əmək haqları barədə inzibati orqana arayış təqdim olunmuş, inzibati orqan həmin arayış əsasında pensiya təyin etmişdir. İddiaçının 01.01.2006-cı il tarixinədək olan 48 il 2 ay 22 gün iş stajına və 01.01.2006-cı il tarixdən 01.10.2017-cı il tarixədək fərdi hesabın sığorta hissəsində toplanmış pensiya kapitalı nəzərə alınmaqla pensiyanın məbləği 01.10.2017-ci ildən etibarən 435.74 manat təşkil etmişdir. Sonrakı artımlar da nəzərə alınmaqla 01.01.2019-cu il tarixdən iddiaçının pensiyası 474.40 manat hesablanaraq ödənilmişdir. Beləliklə, məhkəmə kollegiyası qeyd edir ki, iddianın təmin edilməsi üçün qanunauyğun əsaslar mövcud olmamış, inzibati orqanın imtinası əsaslı olmuşdur. Apellyasiya şikayətində göstərilən dəlillər birinci instansiya məhkəməsinin qərarının ləğvi üçün əsasdır. Buna görə də cavabdehin apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin hazırkı iş üzrə qərarı iddianın təmin edildiyi hissədə ləğv edilməli və iddia tələbi həmin hissədə də təmin edilməməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82, 87, 90, 94 və 99-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayəti təmin edilsin. Hazırkı iş 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-4756/2019 saylı, 03 dekabr 2019-cu il tarixli qərarı qismən ləğv edilsin. İddia tələbi “iddiaçı İddiaçı 07.09.1977-ci ildən 23.07.1981-ci il tarixədək X2 Respublikasının Annaba şəhəri Universtitetində professor vəzifəsində işlədiyi dövr nəzərə alınmaqla hüququnun yarandığı 01.01.2008-ci il tarixdən pensiyanın yenidən hesablanaraq ödənilməsi vəzifəsinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Binəqədi rayon Şöbəsinə həvalə edilməsi” hissəsində də təmin edilməsin. Qərar qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qərardan, təqdim edildiyi gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəh.Yusif Səfərov küç.14, 1193-cü məh. AZ1025) Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar