Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1721/2022 08.06.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Hüseynov Azər Soltanhəmid oğlunun sədrliyi və məruzəsilə, Bəktaşi Səadət İnayət qızı və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, Aslanova Gülnar Faiq qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə pensiyanın təyin edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-903/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında (Bakı şəhəri Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şifahi məhkəmə iclasında apellyasiya qaydasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtərlə Təyinat İdarəsinə qarşı güzəştli şərtlərlə yaşa görə pensiya təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir Bakı İnzibati Məhkəməsinin 2-1(112)-903/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə iddia təmin edilmişdir. Qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-903/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarının ləğv edilməsi, iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri bölməsində (29) polad və dəmir-beton konstruksiyalarının quraşdırılması üzrə quraşdırıcılar və tikinti və quraşdırma işləri üzrə ustalar nəzərdə tutulmuşdur. Mərkəzi Filiala təqdim edilən 27 may 1984-cü il tarixli əmək kitabçasında və “Azfen” BM- nin ona dair 27 yanvar 2021-ci il tarixli AZF-2021/05-K nömrəli arayışında xx.xx.1997- xx.xx.1999-cu il tarixləri arasındakı dövr ərzində “Şelflayihətikinti” idarəsində çilingər- quraşdırıcı, xx.xx.2007-xx.xx.2009-cu il tarixləri arasındakı dövr ərzində “Azfen” BM-də mexaniki işlər ustası, xx.xx.2010-xx.xx.2013-cü il tarixləri arasındakı dövr ərzində həmin müəssisədə boru işləri üzrə usta və boru işləri üzrə nəzarətçi, xx.xx.2014-cü il tarixindən bugünədək boru işləri üzrə nəzarətçi vəzifələrində işlədiyi qeyd olunmuşdur. Göründüyü kimi, iddiaçının işlədiyi çilingər quraşdırıcı, mexaniki işlər ustası, boru işləri üzrə usta və nəzarətçi vəzifələri yuxarıda qeyd olunan polad və dəmir-beton konstruksiyalarının quraşdırılması üzrə quraşdırıcılar və tikinti və quraşdırma işləri üzrə usta vəzifələrinə uyğun deyil. Bu səbəbdən də onun güzəştli iş stajı 12 il 6 aydan az (9 il 3 ay 2 gün) təşkil edir. Həmçinin şikayətdə qeyd edilmişdir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin 18 noyabr 2020-ci il tarixli icmal məktubunda qeyd olunur ki, “məhkəmə qərarının əəsaslandırılması zamanı iddiaçının zərərli əmək şəraitində işlədiyi dövrün siyahıda nəzərdə tutulan hansı sahəyə və koda uyğun olması dəqiq göstərilməlidir”. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən iddiaçı iş materialların uyğun izahat verərək, şikayətin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının qüvvədə saxlanılmasını məhkəmədən xahiş etmişdir. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinə uyğun izahat verərək şikayətin təmin olunmasını, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-903/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarının ləğv olunmasını, iddianın təmin olunmamasına dair qərar qəbul edilməsini xahiş etmişdir. İlk növbədə qeyd olunmalıdır ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Baxılan iş üzrə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün kollegiya birinci instansiya məhkəməsinin qərarının qanuniliyini tam yoxlayır. Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyib, işin materiallarını yoxlayaraq, apellyasiya şikayətinin dəlillərini araşdıraraq, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan İddiaçı xx.xx.1961-ci il tarixdə Lənkəran rayonunda anadan olmuşdur. İş materiallarında olan ******* nömrəli Əmək kitabçasına əsasən, İddiaçı xx.xx.1984cü il tarixdən əmək fəaliyyətinə başlamış və müxtəlif müəssisə və peşələrdə işləmiş, həmçinin xx.xx.2014-cü il tarixdən hal-hazıra kimi “Azfen” BM-də boru işləri üzrə nəzarəçi peşəsində işləyir. İş materiallarında olan SOCAR-ın xx.xx.2021-ci il tarixli Güzəştli arayışında göstərilmişdir: “Verilir, 1961-ci il təvəllüdlü İddiaçı, ondan ötrü ki, o həqiqətən: 1.“Şelflayihətikinti” LSTB Tikinti Quraşdırma İdarəsində xx.xx.1988-ci il tarixindən (xx.xx.1988-ci il tarixli 2/k saylı əmr) xx.xx.1995-ci il tarixinədək (xx.xx.1995-ci il tarixli 91/k saylı əmr) quraşdırıcı peşəsində işləmişdir. İş stajı - 7 il 5 ay 12 gün. 2."Şelflayihətikinti” İB 2 saylı Tikinti Quraşdırma İdarəsində 22.10 1997-ci il tarixindən (xx.xx.1997-cı il V tarixli 87/k saylı əmr) xx.xx.2002-ci il tarixinədək (xx.xx.2002-ci il tarixli 79/k saylı əmr.) quraşdırıcı peşəsində işləmişdir. İş stajı - 4 il 9 17 ay gün. Texnoloji prosesə əsasən İddiaçı işlədiyi quraşdırıcı peşəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 01.2007-cü il tarixli 12 saylı qərarı ilə təsdiq olunmuş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın 29-cu bölməsinin “a” bəndində göstərilən polad və dəmir beton konstruksiyaların quraşdırılması üzrəquraşdırıcı peşəsinə uyğundur və onun güzəştli şərtlərlə xidmət illərinə görə təqaüd hüququ verən iş stajı -12 il 2 ay 17 gün təşkil edir.” İş materiallarında olan “Azfen” BM-in xx.xx.2021-ci il tarixli güzəştli arayışında göstərilmişdir: “X1, ona görə ki, o həqiqətən X5 layihələrində mexaniki işlər ustası, boru işləri üzrə usta və boru işləri üzrə nəzarətçi vəzifələrində çalışıb. X8 Müəssisəsində güzəştli iş stajı aşağıdakı kimi qəbul edilməli: xx/xx/2007 - xx/xx/2009 X5 Azf-058 layihəsində mexaniki işlər ustası vəzifələrində 01 il, 03 ay, 25 gün (bir il, üç ay, iyirmi beş gün) çalışmışdır. xx/xx/2010 - xx/xx/2013 X5 Azf-081 layihəsində boru işləri üzrə usta və boru işləri üzrə nəzarətçi vəzifəsində 03 il, 02 ay, 16 gün (üç il, iki ay, on altı gün) çalışmışdır. xx/xx/2014 hal-hazırkı dövrədək X5 Azf-086/100 layihələrində boru işləri üzrə nəzarətçi vəzifəsində 06 il, 10 ay, 25 gün (altı il, on ay, iyirmi beş gün) çalışmışdır. Cəmi: 11 il, 05 ay, 06 gün (on bir il, beş ay, altı gün. Onun işlədiyi iş yerləri Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı» nın təsdiq edilməsi barədə 23 yanvar 2007-ci il tarixli 12 saylı Qərarının 29-cu maddəsində, “Bina,qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri” başlığı altında nəzərdə tutulmuş b) mütəxəssislər bölməsinə uyğun olduğu üçün yaşa görə güzəştli şərtlərlə təqaüdə çıxmaq hüququ qazanmışdır.” Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 1.0.2-ci maddəsinə əsasən sosial sığorta stajı (bundan sonra - sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Həmin Qanunun 21.1-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin, hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 11 dekabr 2017-ci il tarixli 17 saylı qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydalarının 3.1-ci bəndinə əsasən sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı əhatə etdiyi dövr üzrə 2 hissəyə - Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı və Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı dövrlərinə bölünür. İş materiallarından görünür ki, iddiaçı hazırkı tələblə cavabdeh inzibati orqana müraciət etmiş, lakin cavabdeh inzibati orqanın iddiaçının müraciətini təmin etməkdən imtina etmişdir. Məhkəmə hesab edir ki, cavabdehin imtinası əsassızdır və iddiaçının qanunvericilikdə nəzərdə tutulan hüquqlarını pozur. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 45.1-ci maddəsinə əsasən inzibati orqan işin faktiki hallarının müəyyən olunması üçün yararlı və zəruri hesab etdiyi sübutları müstəqil şəkildə toplayır və nəzərə alır. Cavabdeh inzibati orqan imtina məktubunu və iddiaya dair yazılı etirazını onunla əsaslandırmışdır ki, iddiaçının işləmiş olduğu çilingər-quraşdırıcı, mexaniki işlər ustası, boru işləri üzrə usta və nəzarətçi vəzifələri yuxarıda qeyd olunan polad və dəmir-beton konstruksiyalarının quraşdırılması üzrə quraşdırıcılar və tikinti və quraşdırma işləri üzrə ustalar vəzifələrinə uyğun deyil. Bu səbəbdən də iddiaçının güzəştli iş stajı 12 il 6 aydan az (9 il 3 ay 2 gün) təşkil edir. Göründüyü kimi, iddiaçının 57 yaşının tamam olduğu xx.xx.2018-ci il tarixə qədər ümumi stajının 25 ildən çox olması mübahisə doğurmur. Araşdırılmalı hal həmin dövrün ən azı 12 il 6 ayının güzəştli şərtlə yaşa görə pensiya hüququ verən peşədə işləməsi ilə bağlıdır. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 2017-ci il 11 dekabr tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 4.1.9-cu bəndinə əsasən Qanunun 9.8-ci maddəsinə əsasən, Qanunun qüvvəyə mindiyi günədək (xx.xx.2006-cı il) 9-cu maddədə göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar əvvəllər qüvvədə olmuş qanunla yaşa və staja görə müəyyən edilmiş tələblərə müvafiq təyin edilir. Qanunun 9.8-ci maddəsinə əsasən pensiya təyin olunması üçün müraciət edən şəxslərin pensiya hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş və xx.xx.2006-cı ilədək qüvvədə olan “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı” və “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” əsasında müəyyən edilir. Həmin Qaydaların 4.1.11-ci bəndinə əsasən 2017-ci ilin iyulun 1-dək Qanunun 7-9cu maddələrinə əsasən yaşa görə pensiya hüququ qazanmış, lakin pensiya təyinatı üçün 2017-ci ilin 1 iyulundan sonra müraciət etmiş şəxslərə pensiya həmin tarixədək qüvvədə olmuş normalar əsasında təyin edilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”na 2 nömrəli əlavə olan “Əmək pensiyasının təyin olunması üçün zəruri sənədlərin Siyahısı”nın 2.4-cü bəndinə əsasən Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün: 2.4.1 əsasən şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı. İş materiallarında olan “Azfen” BM-in məhkəmənin sorğusuna cavab olaraq təqdim etdiyi xx.xx.2021-ci il tarixli məktubunda göstərilmişdir: “İddiaçı (xx.xx.1961-ci il təvəllüdlü) hazırda Azfen BM-in X7 layihəsi üzrə Üst Tikililərin və Qazma Qurğularının emalatı layihəsində lifli polimer (FRP) boru işləri üzrə baş nəzarətçi vəzifəsində çalışır. Onun xx.xx.2007—xx.xx.2009, xx.xx.2010— xx.xx.2013-cü illər dövrlərində və xx.xx.2014-cü il tarixindən hal-hazırkı dövrədək yerinə yetirdiyi əsas əmək funksiyaları aşağıdakılardan ibarət olmuşdur: Mexaniki işlər ustası vəzifəsi üzrə: -Şüşə lifli polimer (FRP), polad və sendviç panellərin quraşdırıimasından sonra onların cizgilər əsasıda mineral pambıq, seramik materiallarla izolyasiya edilməsinin təmin edilməsi; -boruların cizgilər əsasında armofleks, xüsusi rezin, mineral pambıq, kömür və s. odadavamlı izolyasiya materialları ilə izolyasiya edilməsinin təmin edilməsi; boru sistemi şablonlarının işlənib hazırlanması, sınağı, yerləşdirilməsi və nişanlanması, o cümlədən flans birləşmələrdən istifadə edərək boru sistemlərinin birləşdirilməsinin təmin edilməsi; -şüşə lifli polimer (FRP) boruların kəsilməsi, konusvari və düz yonulması, cilalanması, zimpara ilə yonulmasi. parça ilə təmizlənməsi və yapışqanla birləşdirilməsi, istilik döşəkçələri ilə qurudulması, boltla bağlanan flans birləşmələrin quraşdırılması və bərkidilməsinin təmin edilməsi; Boru ustası vəzifəsi üzrə:- Şüşə lifli polimer (FRP) boru sistemi şablonlarının işlənib hazırlanması, sınağı, yerləşdiriməsi və nişanlanması, o cümlədən flans birləşmələrdən istifadə edərək boru sistemlərinin birləşdirilməsinin təmin edilməsi. -Şüşə lifli polimer(FRP) boru kənarlarının hazırlanmasının, qol və boru dirsəklərinin emalı işinin təmin edilməsi. -Hər bir diametrli lifli polimer (FRP) borularının, boru sistemlərindəki armaturların (siyirtmə, klapan və s.),dirsəklərin,diametr üzrə keçid hissələrinin birləşdirilməsinin (quraşdırılmasının) müvafiq prosedurlara və standartlara uyğun təmin edilməsi. -Şüşə lifli polimer (FRP) boruların kəsilməsi, konusvari və düz yonulması, cilalanması, zimpara ilə yonulmasi, parça ilə təmizlənməsi və yapışqanla birləşdirilməsi, istilik döşəkçələri ilə qurudulması, boltla bağlanan flans birləşmələrin quraşdırılması və bərkidilməsinin təmin edilməsi; -Şüşə liflli polimer (FRP) borularının emalatxana və sahədə izolyasiya edilməsi, sahədə qaynaq edildikdən sonra sahə qaynaqlarının izolyasiya ilə üst-üstə sarılması, boruların sahədə quraşdın İmasından sonra test edilməsi və ondakı qüsurların bərpasının təmin edilməsi. Boru işləri üzrə nəzarətçi, boru işləri üzrə baş nəzarətçi, lifli polimer (FRP) boru işləri üzrə baş nəzarətçi (bu vəzifə üzrə işlər iş icraçısı vəzifəsinin işləri ilə eynidir)vəzifələri üzrə: -Lifli polimer (FRP) boru sistemlərinin cizgilərə əsasən işlənib hazırlanması, birləşdirilməsi işlərinin icrasının təmin edilməsi, bu işlərə bilavasitə nəzarət edilməsi; -İş paketlərinə görə material tələbi hazırlaması və qeydiyyatının aparılması; -Şüşə liflli polimer (FRP) boruların kəsilməsi, konusvari və düz yonulması, cilalanması, zimpara ilə yonulmasi, parça ilə təmizlənməsi və yapışqanla birləşdirilməsi, istilik döşəkçələri ilə qurudulması, boltla bağlanan flans birləşmələrin quraşdırılması və bərkidilməsinin təmin edilməsi; -hazırlanmış lifli polimer (FRP) boru sistmlərini yoxlanılması və hesabat hazırlayıb istehsalat rəhbərinə təqdim edilməsi. -Şüşə liflli polimer (FRP) borularının emalatxana və sahədə izolyasiya edilməsi, sahədə qaynaq edildikdən sonra sahə qaynaqlarının izolyasiya ilə üst-üstə sarılması, boruların sahədə quraşdın İmasından sonra test edilməsi və ondakı qüsurların bərpasının təmin edilməsi. -tamamlama işlərinin həyata keçirilməsi, sistemin sahəyə verilməsi, platformaya daşınması və quraşdırma işlərinin aparılmasına nəzarət edilməsi. İddiaçı göstərilən dövr ərzində qeyd olunan vəzifələrdə işləyərkən lifli polimer (FRP) borularla və müxtəlif odadavamlı izolyasiya, yapışqan materialları ilə sıx təmasda olmuşdur (Məktuba əlavə edilir həmin materiallar haqqında məlumatlar-3 vərəq). İddiaçı göstərilən dövrlərdə işlədiyi vəzifələr üzrə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 Ne-li Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın 29-cu bəndində “Bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri” başlığı altında nəzərdə tutulmuş b) mütəxəssislər bölməsinə uyğun olduğu üçün yaşa görə güzəştli şərtlərlə təqaüdə çıxmaq hüququ qazanmışdır.” İş materiallarında olan SOCAR-ın məhkəmənin sorğusuna cavab olaraq təqdim etdiyi xx.xx.2021-ci il tarixli məktubunda göstərmişdir: “quraşdırıcı peşəsi üzrə işçilərin əmək funksiyası ayrı-ayrı elementlərdən və düyünlərdən ibarət qurğu konstruksiyalarının yığılmasında xüsusi mürəkkəb metalkonstruksiya qovşaqlarının qaynaq edilməsi və pərçimlənməsi, polad və dəmir-beton konstruksiya elementlərinin müxtəlif vəziyyətlərdə və müxtəlif hündürlüklərdə quraşdırılması kimi işlərdən ibarətdir. Quraşdırıcı çilingər peşəsi üzrə isə işçilərin əmək funksiyası eskizlərin və yığma sxemlərinin tərtib edilməsi, cizgilərə və yığma sxemlərinə əsasən universal və xüsusi alətlər, şablonlar tətbiq etməklə mürəkkəb metalkonstruksiya qovşaqlarının yığılması, metalkonstruksiyalarin mürəkkəb baza detallarının və qovşaqlarının quraşdırılması üçün yerlərin nişanlanması, metalkonstruksiya detallarının və qovşaqlarının düzləndirilməsi, pnevmatik cilalayıcı əl maşını ilə qaynaq yerlərinin təmizlənməsi kimi işlərdən ibarətdir. Əlavə olaraq bildiririk ki, SOCAR-ın İş yerlərinin attestasiyasını aparan müəsisəsi tərəfindən “quraşdırıcı” və “quraşdırıcı çilingər” peşələri eyni dərəcədə zərərli iş kimi qiymətləndirilmiş və bu peşələrdə işləyən işçilərə Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Əmək şəraiti ağır və zərərli olan işlərdə və iqlim şəraitinə görə işləmək üçün əlverişli olmayan iş yerlərində çalışan işçilərin əmək haqqının yüksək məbləğdə ödənilməsini təmin edən artımların (əmsalların) məbləğinin minimum miqdarının müəyyən edilməsi haqqında” xx.xx.2002-ci il tarixli 137 N-li qərarına əsasən tarif maaşının 8%-i qədər əlavə əmək haqqı ödənilmişdir.” Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 Qərarı ilə “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” təsdiq edilmişdir. Siyahının “XXVİİ. Bina, qurğu və digər obyektlərin inşaası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri” bölməsində “polad və dəmir-beton konstruksiyaların quraşdırması üzrə quraşdırıcılar” (kod 2290000a—14612), “yeni tikinti və quraşdırma işlərinin ustaları” (kod 2290000b—23419) nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli Qərarı ilə “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı” təsdiq edilmiş və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli Qərarı qüvvədən düşmüş hesab edilmişdir. Siyahının (xx.xx.2007-ci il tarixli 12 nömrəli Qərarla təsdiq edilmiş) “35. Ümumi peşələr” bölməsində “təhlükəliliyi 3-cü sinifdən aşağı olmayan zərərli maddələri tətbiq etməklə işlərdə məşğul olan rəngsazlar” nəzərdə tutulmuşdur. Məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarında olan əmək kitabçasının surətindən, həmçinin "xxxx"QSC-nin məhkəmənin sorğusuna cavab olaraq təqdim etdiyi məktubdan göründüyü kimi 21 iyul 2016-cı ilədək iddiaçının hərbi xidmət dövrü də nəzərə alınmaqla, 25 ildən artıq (35 il 07 ay 22 gün) ümumi iş stajı, həmçinin 12 il 6 aydan artıq (18 il 02 ay 20 gün) güzəştli iş stajı mövcud olmuşdur.. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 87-ci maddəsinə əsasən işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında — işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. Kollegiya , həmçinin qeyd edir ki, pensiya hüququ bu hüququn yarandığı vaxt qüvvədə olan qanunvericiliklə tənzimlənsə də, hərbi xidmət müddətinin əmək stajına daxil edilməsi məsələsi hərbi xidmət keçdiyi vaxt qüvvədə olan qanunvericiliklə tənzimlənməlidir. İPM-in 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Hüquq münasibətlərinin yarandığı dövrdə qüvvədə olmuş xx.xx.1992ci il tarixli “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanunun 67-ci maddəsinin 3-cü bəndinin “v” yarımbəndinə əsasən iş stajına bunlardan başqa hərbi (alternativ) xidmət müddəti də daxil edilir. Həmçinin, məhkəmə qeyd edir ki, iddiaçı 2017-ci il iyulun 1-dək 25 il sığorta stajına malik olduğundan və bu müddətin azı 12 il 6 ayını Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq siyahısında nəzərdə tutulan işlərdə işlədiyindən, həmçinin xx.xx.2016cı il tarixdə 57 yaşı tamam olduğundan, «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 2017-ci il iyulun 1-dək qüvvədə olan 9.1-ci maddəsinə əsasən əmək pensiyası təyin edilməlidir. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə (2017-ci il iyulun 1-dək qüvvədə olan redaksiyası) əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 57 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 52 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Həmin Qanunun 31.1-ci maddəsinə əsasən əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən heç bir müddət məhdudiyyəti olmadan istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. Həmin Qanunun 32.1-ci maddəsinə əsasən yaşa görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında əmək pensiyasının yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmayaraq ömürlük təyin edilir. Həmin Qanunun 37.7-ci maddəsinə əsasən keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği müddətindən asılı olmayaraq ödənilir. Apellyasiya şikayətinin iddiaçının işlədiyi çilingər quraşdırıcı, mexaniki işlər ustası, boru işləri üzrə usta və nəzarətçi vəzifələri yuxarıda qeyd olunan polad və dəmir-beton konstruksiyalarının quraşdırılması üzrə quraşdırıcılar və tikinti və quraşdırma işləri üzrə usta vəzifələrinə uyğun deyil dəlilinə münasibətdə kollegiya qeyd edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 №-li Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın 29-cu bəndində “Bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri” başlığı altında nəzərdə tutulmuş b) mütəxəssislər bölməsində göstərilən vəzifələrə uyğun gəldiyindən iddiaçı yaşa görə güzəştli şərtlərlə təqaüdə çıxmaq hüququ qazanmışdır. Beləliklə, qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq iddianın təmin olunmasına dair qərar qəbul etmişdir. Odur ki, şikayət təmin edilməməli, qərar dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-903/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərar tam formada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qərardan kassasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2-1(103)-1721/2022
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1721/2022
08.06.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver