Məhkəmə qərarları › İş №2-1(103)-1721/2023

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1721/2023

20.07.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1721/2023 20.07.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), X2 və Məmmədova Şərafət Asif qızından ibarət tərkibdə, cavabdehin nümayəndəsi X1 və iddiaçının iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “əmək pensiyasının yenidən hesablanması tələbinə dair» iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6328/2022 saylı xx.xx.2022-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İ. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı məhkəməyə öhdəliyin icrası haqqında (İPM m.34.1) iddia ərizəsi, sonradan isə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, onun xx.xx.1993-xx.xx.2001-ci il tarixlərində Ədliyyə Nazirliyinin keçmiş məhkəmə qərarlarının İcrası Baş İdarəsi Laçın rayon ədliyyə polis qrupunun inspektoru (qulluqçu) vəzifəsində çalışdığı illərin dövlət qulluğu stajına daxil edilərək əmək pensiyasının yenidən hesablanması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia aşağıdakılarla əsaslandırılmışdır. « Cavabdeh 24 yanvar 2022-ci il tarixli, **********5 saylı məktubu ilə onun yaşa görə pensiyasının düzgün hesablanmasından imtina etmiş və bunun onunla əsaslandırmışdır ki, Ədliyyə Nazirliyinin 16 dekabr 2021-ci il tarixli, 06 24-1048 nömrəli arayışında keçmiş Məhkəmə Qərarlarının İcrası Baş İdarəsinin Laçın rayon ədliyyə polis qrupunda inspektor vəzifəsində mülki işçi qismində işlədiyi göstərildiyindən həmin vəzifədə işlədiyi dövrün dövlət qulluğu stajına hesablanması zamanı nəzərə alınması qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir". Bundan başqa onun müraciətləri inə cavab məktublarından birində dövlət qulluğunda cəmi 16 il 1 ay əmək stajının olmasını, digərində Ədliyyə Nazirliyindən işlədiyi dövürdə mülki işçi olmağı barədə ondan arayış almağını tələb edərək, pensiyasının yenidən hesablanacağı bildirilmişdir. O 16 avqust 1983-cü il tarixdən 31 mart 1993-cü il tarixədək Laçın Rayon Məhkəməsində dəftərxana katibi və məhkəmə icraçısı vəzifələrində işləmişdir. 1983-cü ildə məhkəmələrdə ədliyyə polis qurupları yaradıldığı üçün polis yaşları keçmiş onun kimi məhkəmə icraçıları yaradılmış həmin qruplarda ədliyyə polis inspektorları olaraq dövlət qulluqçusu mülki işçi kimi vəzifələrində saxlanılmışlar və məhkəmə icraçısının vəzifəsini icra etmişlər. O cümlədən o da 31 mart 1993-cü il tarixdə Laçın rayon ədliyyə polis qrupunun inspektoru təyin edilərək öz əvvəlki məhkəmə icraçısı vəzifəsində saxlanaraq fəaliyyətini davam etdirmişdir. Yəni vəzifə həmin vəzifə olmuşdur, yalnız adı dəyişdirilmişdir. 12 yanvar 2001-ci il tarixdə Laçın rayon ədliyyə polis qrupunun inspektoru vəzifəsindən azad edilmiş, lakin 2001-ci ildən sonra ədliyyə işçiləri haqqında qanun qəbul edildiyindən həmin qanun ona şamil edilməmişdir. 01 iyun 2005-ci il tarixdən 01 noyabr 2012-ci il tarixədək Laçın Rayon İcra Hakimiyyətində Laçın şəhər İcra nümayəndəsinin müavini və Kənd İcra Nümayəndəsi vəzifələrində işləmişdir. Beləliklə, əmək kitabçası üzrə dəftərxana katibi və məhkəmə icraçısı işlədiyi illər 16 avqust 1983-cü il tarixdən 31 mart 1993-cü il tarixə qədər 9 il 7 ay 16 gün, ədliyyə polis qrupunda mülki işçi olaraq inspektor işlədiyi illər 31 mart 1993-cü il tarixdən 12 yanvar 2001-ci il tarixə qədər 7 il 9 ay 12 gün, icra nümayəndəsinin müavini və icra nümayəndəsi işlədiyi illər 01 iyun 2005-ci il tarixdən 01 noyabr 2012-ci il tarixə qədər 7 il 5 ay, cəmi isə 24 il 9 ay 28 gün olmuşdur. Faktiki olaraq dövlət qulluğunda olan 24 il 9 ay 28 gün əmək stajından yalnız 16 il 1 ayına görə cavabdeh təşkilat ona yaşa görə cəmi 514 manat pensiya hesablamışdır. 8 il 8 ay 28 gün əmək stajının 7 il 9 ay 12 gününü xüsusi rütbəli polis olduğunu nəzərə almamışdır. Qalan 9 ay 16 gün əmək stajının hələ də niyə nəzərə alınmaması ona məlum deyil.» Cavabdeh iddia ərizəsinə dair yazılı etirazında iddianı qəbul etməmiş, rədd olunmasını xahiş etmişdir. Etirazda göstərilən əsaslara görə iddiaçıya xx.xx.2021-ci il tarixdə əmək pensiyası təyin edilmişdir. İddiaçı hesab edir ki, xx.xx.1993-xx.xx.2001-ci ildəki əmək fəaliyyəti də dövlət qulluğunda əmək stajı kimi hesablanmalı və onu pensiyasının hesablanması zamanı nəzərə alınmalıdır. Lakin həmin müddət ərzində işlədiyi peşələrin dövlət qulluğu hesab edilməsinə dair hər hansı sübut təqdim etməmişdir. Əmək pensiyasının təyin edilməsi üçün dövlət məvacibi dövlət qulluqçusunun müraciət etdiyi gündən əvvəlki dövlət qulluğunun 24 ayı və ya ardıcıl gələn istənilən 60 ayı ərzində aldığı dövlət məvacibindən hesablanır. İddiaçının pensiyasının hansı qaydada hesablanmasını tələb etdiyi tam aydın deyil. İddiaçı həmin müddət ərzində işlədiyi peşələrin dövlət qulluğu hesab edilməsinə dair hər hansı sübut təqdim etməmişdir. İddiaçı tərəfindən təqdim edilmiş 16 dekabr 2021-ci il tarixli arayışda göstərilmişdir ki, İddiaçı xx.xx.1993-xx.xx.2001-ci il tarixlərdə Ədliyyə Nazirliyinin keçmiş Məhkəmə Qərarlarının İcrası Baş idarəsi Laçın rayon ədliyyə polis qrupunun inspektoru vəzifəsində mülki işçi qismində çalışmışdır. Məhkəmə sorğusuna cavab olaraq X3 tərəfindən göndərilmiş məktubda bildirilmişdir ki, “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Qanunun 1.1-ci maddəsinə əsasən, ədliyyə orqanlarında qulluq Azərbaycan Respublikasının hüquq mühafizə orqanları sisteminə daxil olan ədliyyə orqanlarının qanunvericilikdə nəzərdə tutulan fəaliyyət istiqamətləri üzrə səlahiyyətlərini həyata keçirən Azərbaycan Respublikası vətəndaşlarının dövlət qulluğunun xüsusi növüdür. Bu səbəbdən də, həmin dövr iddiaçının dövlət qulluqçusu kimi ümumi stajının üstünə gəlinə bilməz. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6328/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı ilə iddia təmin edilmiş, İddiaçı xx.xx.1993-xx.xx.2001-ci il tarixlərində Ədliyyə Nazirliyi Məhkəmə Qərarlarının İcrası Baş İdarəsinin Laçın rayon ədliyyə polis qrupunun inspektoru vəzifəsində işlədiyi illər onun dövlət qulluğu stajına daxil edilməklə əmək pensiyasının yenidən hesablanması vəzifəsi cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulmuşdur. Cavabdeh apellyasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddianın rədd edilməsi haqqında yeni qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Apellyasiya şikayəti Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (“İPM”) 85-ci maddəsinin tələblərinə uyğun verilmişdir, apellyasiya icraatı mümkündür. Apellyasiya şikayətində qərar aşağıdakı səbəblərə görə əsassız hesab edilmişdir: “Dövlət qulluğu haqqında’’ Azərbaycan Respublikası Qanununun 2.3-cü maddəsinin tələblərinə görə ədliyyə orqanlarında dövlət qulluğunda çalışan şəxslərin dövlət qulluğu keçməsi sözügedən Qanunun Azərbaycan Respublikası vətəndaşlarının dövlət qulluğuna qəbul edilmək hüququna, dövlət qulluğuna qəbulun müsabiqə və şəffaflıq əsasında həyata keçirilməsinə, dövlət qulluqçularının fəaliyyətinin qiymətləndirilməsinə və dövlət qulluğunun prinsiplərinə aid müddəaları, həmçinin həmin Qanunun 15-1 -ci maddəsi nəzərə alınmaqla, Azərbaycan Respublikasının başqa qanunları ilə tənzimlənir və ədliyyə orqanlarında qulluq dövlət qulluğunun xüsusi növüdür. Ədliyyə orqanlarının aparatında çalışan, hərbi və ya xüsusi rütbəsi olmayan şəxslərə (dövlət qulluqçusu olmayan işçilər-xadimə, dalandar, bağban, gözətçi, ocaqçı, ixtisas dərəcəsi olmayan fəhlə və s. istisna olmaqla) “Dövlət qulluğu haqqında” Qanun şamil edilir. İnzibati iş materiallarından görünür ki, iddiaçı xx.xx.1993-xx.xx.2001-ci il tarixlərdə Ədliyyə Nazirliyinin keçmiş Məhkəmə Qərarlarının İcrası Baş İdarəsinin Laçın rayon ədliyyə polis qrupunun inspektoru (qulluqçu) vəzifəsində çalışmışdır. “Ədliyyə orqanlarında qulluq keçmə haqqında" Azərbaycan Respublikası Qanununun 1.1ci maddəsinə əsasən ədliyyə orqanlarında qulluq Azərbaycan Respublikasının hüquq mühafizə orqanları sisteminə daxil olan ədliyyə orqanlarının qanunvericilikdə nəzərdə tutulan fəaliyyət istiqamətlən üzrə səlahiyyətlərini həyata keçirən Azərbaycan Respublikası vətəndaşlarının dövlət qulluğunun xüsusi növüdür. Göründüyü kimi, iddiaçının 1993-2001-ci illərdə ədliyyə orqanlarında işlədiyi vəzifə dövlət qulluğunun xüsusi növünə aiddir. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2021-ci il 31 may tarixli 340-VİQD nömrəli Qanununu ilə “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilmiş və Qanuna 1 -ci və 22.7-2-ci maddələr əlavə edilmişdir. Belə ki, Qanuna əlavə edilmiş 22.7-1 -ci maddəsinə əsasən dövlət qulluqçusunun bu Qanunun 2.3-cü maddəsində nəzərdə tutulan dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) illəri onun dövlət qulluğu stajına və dövlət qulluğu stajı onun bu Qanunun 2.3-cü maddəsində nəzərdə tutulan dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) illərinə daxil edilir. Qanunun 2-ci maddəsinə əsasən qulluğun (xidmətin) xüsusiyyətləri nəzərə alınaraq, dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) illərinin dövlət qulluğu stajına və dövlət qulluğu stajının dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) illərinə daxil edilməsi qaydasını və şərtlərini müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) təsdiq edir.” Göründüyü qanunvericiliyə xx.xx.2021-ci il tarixdə edilmiş dəyişiklikdən sonra dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) illərinin şəxsin dövlət qulluğu stajına daxil edilməsi nəzərdə tutulmuşdur.Belə olan halda hesab edirik ki, Qanuna edilmiş dəyişiklikliyə qədər iddiaçının xx.xx.1993- xx.xx.2001-ci il tarixləri arasındakı dövr ərzində işlədiyi Ədliyyə Nazirliyinin keçmiş Məhkəmə Qərarlarının İcrası Baş İdarəsinin Laçın rayon ədliyyə polis qrupunun inspektoru (qulluqçu) vəzifəsi dövrün dövlət qulluğu stajının hesablanması zamanı nəzərə alınması qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Eyni zamanda bildiririk ki, iddiaçıya 5 iyul 2021-ci il tarixindən “Əmək pensiyaları haqqında” Qanunun 20.11.2-ci maddəsinə əsasən 16 il 1 ay qulluq stajına uyğun olaraq (xx.xx.1983- xx.xx.1988-ci il, xx.xx.1989-xx.xx.1993-cü il, xx.xx.2005-xx.xx.2012-ci il tarixləri arasındakı dövrlər) orta aylıq əmək haqqının (965,43 manat) 53,25 faizi-514,10 manat məbləğində sabiq dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyası müəyyən edilərək müvafiq kart hesabına köçürülür. Birinci instansiya məhkəməsi qeyd olunanları nəzərə almadan əsassız və qanunsuz qərar qəbul edərək, cavabdehin üzərinə iddiaçının xx.xx.1993-xx.xx.2001-ci il tarixlərində Ədliyyə Nazirliyi Məhkəmə Qərarlarının İcrası Baş İdarəsinin Laçın rayon ədliyyə polis qrupunun inspektoru vəzifəsində işlədiyi illəri onun dövlət qulluğu stajına daxil edilməklə əmək pensiyasının yenidən hesablanması vəzifəsi qoyulmuşdur. Öhdəliyin icrası haqqında iddialara baxılması zamanı nəzərə alınmalıdır ki, məhkəmələr cavabdehin imtinasında istinad edilən halların əsaslarına formal yanaşaraq inzibati orqanın üzərinə qanunsuz öhdəlik qoymalı deyillər. Nəzərə alınmalıdır ki, məcburetmə və ya öhdəliyin icrası haqqında iddialar üzrə mübahisələr həll olunarkən məhkəmə cavabdeh inzibati orqanın imtinasının qanuni və ya əsaslı olub-olmadığının müəyyən edilməsindən daha çox, iddiaçının mövcud hüquqi vəziyyətin dəyişdirilməsinə (arzuladığı inzibati aktın qəbul edilməsinə və ya öhdəliyin icrasına) nə dərəcədə haqqı çatdığını müəyyən etməlidir. Hazırkı işdə də ilk növbədə iddiaçı özünün belə bir tələb hüququna malik olduğunu əsaslandırmalıdır.” Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi X.Osmanova “Dövlət qulluğu haqqında” Qanununa 31 may 2021-ci il tarixdə edilmiş dəyişikliyə qədər iddiaçıın xx.xx.1993-xx.xx.2001-ci illər üzrə Məhkəmə Qərarlarının İcrası Baş İdarəsinin Laçın rayon ədliyyə polis qrupunda inspektor vəzifəsində işlədiyi dövrün iddiaçının dövlət qulluğu stajı kimi hesablanmasının mümkünsüz olduğunu bildirərək apellyasiya şikayətinin təmin olunmasını, İddiaçı isə onunla razılaşmamış, birinci instansiya məhkəməsinin qərarını qüvvədə saxlanılmasını məhkəmədən xahiş etmişlər. İİ. Məhkəmə kollegiyası tərəfləri dinləyib və iş materiallarını araşdırıb belə hesab edir ki, cavabdehin apellyasiya şikayəti aşağıdakı əsaslara təmin edilmədən, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. İşin mübahisələndirilən hallarndan göründüyü kimi, iddiaçıya xx.xx.2021-ci il tarixdə dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyası təyin edilmiş, lakin pensiya təyin olunarkən, xx.xx.1993-xx.xx.2001-ci illərdə Məhkəmə Qərarlarının İcrası Baş İdarəsinin Laçın rayon ədliyyə polis qrupunda inspektor vəzifəsində işlədiyi dövr onun dövlət qulluğu stajı kimi nəzərə alınmamışdır. Cavabdehin apellyasiya şikayətinin dəlillərindən və nümayəndəsinin məhkəməyə verdiyi izahatından göründüyü kimi, iddiaçının sözügedən qürumda işlədiyi dövr dövlət qulluğunu xüsusi növünə aid olduğunu və”Dövlət qulluğu haqqında” Qanuna 31 may 2021-ci il tarixdə edilmiş dəyişikliyə qədər onun həmin qürumda işlədiyini mübahisələndirərək hesab edilir ki, həmin dövr iddiaçının dövlət qulluğu stajına daxil edilə bilməz. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin qeyd olunan dəlilləri əsassızdır. Belə ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin tərkibində Məhkəmə Qərarlarının İcrası Baş idarəsi “Məhkəmə qərarlarının icrası sisteminin yenidən təşkili haqqında” Azərbaycan Respublikası Prezidentinin 9 yanvar 1993-cü il tarixli 399 nömrəli Fərmanına əsasən həmin Fərmanın 1-ci bəndində sadalanan orqanların ştat vahidləri və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin məhkəmə icraçıları ştat vahidlərinin bazasında yaradılmışdır. Sözügedən İdarənin sıravi və rəis heyəti ədliyyə polisi adlandırılmış və bu heyətin statusu (rütbə, staj və s. saxlanılmaqla) Daxili İşlər Nazirliyinin sıravi və rəis heyətinin statusuna bərabər tutulmuşdur. Həmin Fərmanın 5-ci hissəsinə əsasən islah işləri müfəttişlikləri rayon, şəhər məhkəmələrinin ştat vahidlərinə daxil edilməklə intizam qaydasında həmin məhkəmələrin sədrlərinə, funksional qaydada isə Məhkəmə Qərarlarının İcrası Baş İdarəsinə tabe edilmişdir. Bu müfəttişliklərin rayon, şəhər məhkəmələrinin tərkibinə verilən ştatları və məhkəmələrin tərkibində olan məhkəmə icraçıları ştatları hesabına rayon, şəhər məhkəmələrinin tərkibində ədliyyə polisi bölməsi yaradılmışdır. İddiaçının iş materiallarında olan, ИТ-İ seriyalı ******* nömrəli əmək kitabçasının təsdiq edilmiş surətindən,habelə,Ədliyyə Nazirliyinin xx.xx.2022-ci il tarixli, 06/13-730 nömrəli məktubundan görünür ki, görünür ki, o, xx.xx.1993-cü il tarixdə Laçın rayon ədliyyə polis qrupunun inspektoru vəzifəsinə təyin edilmiş, xx.xx.2001-ci il tarixdə Ədliyyə polis bölmələrinin (qruplarının) ləğv edilməsi ilə əlaqədar ƏM-nin 70-ci maddəsinin “a” bəndinə əsasən tutduğu vəzifədən azad edilmişdir. “Ədliyyə orqanlarında qulluq keçmə haqqında" Azərbaycan Respublikası Qanununun 1.1-ci maddəsinə əsasən ədliyyə orqanlarında qulluq Azərbaycan Respublikasının hüquq mühafizə orqanları sisteminə daxil olan ədliyyə orqanlarının qanunvericilikdə nəzərdə tutulan fəaliyyət istiqamətlən üzrə səlahiyyətlərini həyata keçirən Azərbaycan Respublikası vətəndaşlarının dövlət qulluğunun xüsusi növüdür. Qanunvericilyin bu anlayışı onu ehtiva edir ki, ədliyyə orqanlarında qulluq, dövlət qulluğu olub, həm də onun xüsusi növünə aid edilir. Bunun başqa cür şərhi ola da bilməz. Məhz, “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2021-ci il 31 may tarixli 340- VİQD nömrəli Qanunu ilə “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilmiş və Qanuna aşağıdakı məzmunda 22.7-1-ci və 22.7-2-ci maddələr aşağıdakı əlavə edilmişdir: “22.7-1. Dövlət qulluqçusunun bu Qanunun 2.3-cü maddəsində nəzərdə tutulan dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) illəri onun dövlət qulluğu stajına və dövlət qulluğu stajı onun bu Qanunun 2.3-cü maddəsində nəzərdə tutulan dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) illərinə daxil edilir. 22.7-2. Qulluğun (xidmətin) xüsusiyyətləri nəzərə alınaraq, dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) illərinin dövlət qulluğu stajına və dövlət qulluğu stajının dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) illərinə daxil edilməsi qaydasını və şərtlərini müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) təsdiq edir.” Göründüyü kimi, Qanuna xx.xx.2021-ci il tarixdə edilən dəyişiklik artıq birmənalı olaraq nəzərdə tutur ki, dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) illəri də şəxsin dövlət qulluğu stajına daxil edilir. Cavabdeh isə əsassız olaaq iddiaçının 1993-2001-ci illərdə ədliyyə orqanlarında qulluq dövrünü dövlət qulluçusu stajından tamamilə kənar tutaraq Qanuna edilən qeyd olunan dəyişiklyin keçmiş dövrə münasibətdə tətbiqini mümkünsüz sayır. Cavabdehin bu mövqeyi ilə qətiyyən rarazılaşmaq mümkün deyil. Birincisi, Qanuna edilən həmin dəyişiklikdən sonra, xx.xx.2021-ci il tarixdə, iddiaçıya dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyası təyin edilmişdir və bu işin mübahisələndirilməyən halıdır. İkinci bir tərəfdən, Azərbaycan Respublikası Konstitusiaysının 149-cu maddəsinin 7-ci hissəsi nəzərdə tutur ki, fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Üçüncüsü, Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 28 yanvar tarixli 665 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət orqanlarında dövlət qulluqçusuna dövlət qulluğunda qulluq stajına görə əlavə haqqın məbləğlərinin müəyyənləşdirilməsi Qaydaları”nın 9-cu bəndində müəyyən edilmişdir ki, dövlət qulluqçusunun qulluq stajı müəyyənləşdirilərkən “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarında, habelə 1991-ci il oktyabrın 18-dək dövlət, sovet və partiya orqanlarında iş müddəti də daxil edilir. Beləliklə də, iddiaçının iddia tələbində haqlı olduğu sübuta yetirilir. Belə olan halda, cavabdeh tərəfindən mübahisələndirilən dövrün onun dövlət quluğu stajına daxil edilərək yenidən hesablanmasından imtina olunması qanunla qorunan hüquqlarını pozmuşdur. İPM-in 73.1-ci maddəsinin tələbindən isə görünür ki, inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Qeyd olunanları nəzərə alan məhkəmə kollegiyası, birinci instansiya məhkəməsinin qərarı ilə iddianın rədd edilməsini işin hallarına, maddi və prosessual hüquq normalarına uyğun nəticə kimi qiymətləndirir. Bu baxımdan, məhkəmə kollegiyası, cavabdehin apellyasiya şikayətinin birinci instansiya məhkəməsinin qərarının əsassız olduğunu, maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarıldığını mübahisələndirən dəlilləri ilə razılaşmır və yekunda belə qənaətə gəlir ki, onun apellyasiya şikayəti təmin edilmədən, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6328/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və İPM-in 14, 82, 87, 89, 90, 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Cavabdehin apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6328/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəh., Yusif Səfərov küç., 14, 1193-cü məhəllə) Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar