Məhkəmə qərarları › İş №2-1(103)-1722/2020

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1722/2020

09.10.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1722/2020 09.10.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Nağıyeva Elmira Eyvaz qızından (sədrlik edən və məruzəçi), Məmmədov Vidadi Məmməd oğlundan və Baxışova Vüsalə Ələkbər qızından ibarət tərkibdə, Həsənzadə Səbuhi Mehdi oğlunun katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi (böyük hüquqşunası) X1 iştirakları ilə, İddiaçı (xx.xx.1967-ci il tarixdə Bakı şəhərində anadan olmuş, ünvan 1 ünvanında qeydiyyatdadır) cavabdeh Azərbaycan Respublikasının Vergilər Nazirliyinə (Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə) qarşı qərarın qismən ləğv edilməsi tələbinə dair Bakı İnzibati Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2-1(112)-1866/2020 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı xx.xx.2019-cu il tarixdə cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyinin Bakı şəhəri X5 üzrə Baş idarəsinə qarşı “xx.xx.2017-ci il tarixli **********476800 saylı qərarının tam şəkildə ləğv edilməsi, verginin hesablanması barədə cavabdehin xx.xx.2017-ci il tarixli **********5535300 nömrəli xidməti məktubu formasında qəbul edilmiş qərarını tam şəkildə ləğv edilməsi, cavabdehin iddiaçının vergi ödəyicisi kimi uçota almaq barədə qərarının ləğv edilməsi, 11512,51 manat vergi məbləğinin və ona aid hər hansı faizlərin və maliyyə sanksiyalarının iddiaçının şəxsi hesabından silinməsi barədə vəzifənin cavabdehin üzərinə qoyulması, iddiaçının vergi ödəyicisi kimi vergi uçotundan çıxarılması barədə vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət etmişdir İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdeh tərəfindən xx.xx.2017-ci il tarixli “Vergilərin hesablanması barədə” qərarına əsasən iddiaçıya 11512,51 manat əlavə vergi məbləği hesablanmışdır. İddiaçının həmin qərardan verdiyi şikayət əsasında qəbul edilmiş Azərbaycan Respublikasının Vergilər Nazirliyinin xx.xx.2019-cu il tarixli qərarı ilə şikayət qismən təmin edilərək hesablanmış vergi məbləğləri 4267,96 manata qədər azaldılmışdır. İddiaçı həmin qərarla qismən, yəni şikayətin təmin edilməyən hissəsi ilə razı olmadığı üçün iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.Lakin iddiaçı iddia müddətinə əməl etməklə məhkəməyə təqdim etdiyi iddia ərizəsində iddianın predmetini xx.xx.2019-cu il tarixli qərarın qismən ləğv edilməsini göstərmək əvəzinə yanlış olaraq məhkəmədən Kiçik Sahibkarlıqla İş Baş İdarəsinin qərarlarının ləğv edilməsini göstərmişdir.Cavabdeh iddiaçıya 4267,96 manat vergi borcunun hesablanması ilə qanuna zidd hərəkət etmişdir.Belə ki, iddiaçı Şotlandiya qanunvericiliyinə əsasən təsis edilmiş “xxxx” Şirkətinin təsisçilərindən biridir.Cavabdeh isə iddiaçını özbaşına, vergi ödəyicisi kimi uçota alınmaq barədə ərizə olmadan vergi ödəyicisi kimi uçota almış və ona vergi hesablamışdır.Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 33.1-ci maddəsində vergi ödəyicisi kimi uçota alınmalı olan şəxslərin konkret siyahısı göstərilmişdir.İddiaçı həmin maddədə sadalanan şəxslərin siyahısına düşmür.Belə ki, iddiaçı hüquqi şəxs deyildir,qeyrirezident deyildir, fərdi sahibkar deyildir, nə də bəyannamə verməli olan rezident fiziki şəxs deyildir, xüsusi notarius da deyildir. İddiaçı əmək haqqı alan işçi və dividend alan payçıdır ki, onlar da Azərbaycan Respublikasının Vergi Məcəlləsinə görə bəyannamə verməli olan rezident şəxslər hesab edilmirlər. İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Sonradan iddiaçı xx.xx.2020-ci il tarixində “iddia tələbinin dəqiqləşdirilməsi barədə” ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia tələbinin aşağıdakı qaydada dəqiqləşdirdiyini bildirmişdir: yeganə iddia tələbi kimi “AR Vergilər Nazirliyinin xx.xx.2019cu il tarixli **********343800 nömrəli qərarının qismən, yəni şikayətin təmin edilməyən hissəsində ləğv edilməsi”, yeganə cavabdeh kimi Azərbaycan Respublikası Vergilər Nazirliyi. Məhkəmənin xx xxx 2020-ci il tarixli qərardadı ilə iddiаçı Əsgərov İsmayıl Dəmir oğlunun cavabdeh Azərbaycan Respublikasının Vergilər Nazirliyinə (Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə) qarşı “Azərbaycan Respublikasının Vergilər Nazirliyinin xx.xx.2019-cu il tarixli, **********343800 nömrəli qərarının qismən, yəni şikayətin təmin edilməyən hissəsində ləğv edilməsi barədə iddia ərizəsi məhkəmənin icraatına qəbul edilmişdir. Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 47-ci maddəsinin tələblərinə uyğun olaraq verilmiş məhkəmə sərəncamına əsasən iddiaçının iddiasına dair etirazında göstərmişdir ki, inzibati mübahisələrə dair iddianın əsaslığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirilmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. Mübahisələndirmə haqqında iddianın predmeti yalnız aşağıdakı inzibati aktlar ola bilər: barəsində məhkəməyə şikayət verilməmiş inzibati akt; barəsində şikayət verildiyi hallarda, şikayət instansiyasının qərarı ilə dəyişdirilmiş inzibati akt (şikayət instansiyası tərəfindən qərar qəbul edildikdən sonrakı formada ilkin inzibati akt); şikayət instansiyası tərəfindən şikayətə baxma qaydasında qəbul edilmiş və ilk dəfə olaraq üçüncü şəxs üçün öhdəlik yaradan qərar (inzibati akt); ilkin inzibati aktla müqayisədə inzibati aktın ünvanlandığı şəxs üçün əlavə öhdəliklər yaratdığı və ya əlavə məhdudiyyətlər nəzərdə tutduğu hallarda şikayət instansiyası tərəfindən şikayətə baxma qaydasında qəbul edilmiş qərar. Qeyd olunanlardan aydın olur ki, ilkin inzibati aktla müqayisədə inzibati aktın ünvanlandığı şəxs üçün əlavə öhdəliklər yaratdığı və ya əlavə məhdudiyyətlər nəzərdə tutduğu hallarda şikayət instansiyası tərəfindən şikayətə baxma qaydasında qəbul edilmiş qərar müstəqil qaydada iddianın predmeti kimi çıxış edir. Hazırda mübahisələndirilən xx.xx.2019-cu il tarixli, **********343800 nömrəli inzibati akt şikayət instansiyası tərəfindən şikayətə baxma qaydasında qəbul edilmiş qərardır və bu qərara əsasən iddiaçının inzibati şikayəti qismən təmin edilərək vergi orqanı tərəfindən iddiaçıya ilkin inzibati aktla hesablanmış 11512,51 manat verginin 7244,55 manat hissəsi ləğv edilmişdir. Göründüyü kimi dəqiqləşdirilmiş predmetini təşkil edən və şikayət instansiyası tərəfindən qəbul edilmiş xx.xx.2019-cu il tarixli, **********343800 nömrəli qərar iddiaçının xeyrinə olaraq ilkin inzibati aktla hesablanmış vergiləri qismən ləğv edilmiş və bundan əlavə iddiaçı üçün heç bir yeni öhdəlik yaratmamış və ya əlavə məhdudiyyətlər nəzərdə tutulmamışdır. Xüsusi qeyd olunmalıdır ki, hazırda dəqiqləşdirilmiş iddianın predmetini təşkil edən və şikayət instansiyası tərəfindən qəbul edilmiş xx.xx.2019-cu il tarixli, **********343800 nömrəli qərarın qismən, yaxud tam ləğv edilməsinin iddaçının xeyrinə heç bir hüquqi əhəmiyyəti olmayacaq və bütün hallarda ilkin inzibati aktın mübahisələndirilməsi zərurəti yaradacaqdır. Bununla yanaşı iddiaçı ilkin inzibati aktın ləğvi tələbi ilə xx.xx.2018-ci il tarixli iddia ərizəsi ilə 2 saylı X6 Məhkəməsinə müraciət etmiş və məhkəmənin xx.xx.2018ci il tarixli qərardadı ilə iddia mümkün sayılmamışdır. Artıq həmin qərardad qanuni qüvvəyə minmişdir. Qərardad onunla əsaslandırılmışdır ki, iddiaçı iddia müddətini ötürməklə məhkəməyə müraciət etmişdir. Beləliklə, iddiaçının mübahisələndirdiyi Vergilər Nazirliyinin “İnzibati şikayətinin qismən təmin edilməsi haqqında” xx.xx.2019-cu il tarixli, **********343800 nömrəli qərarı şikayət instansiyası tərəfindən şikayətə baxma qaydasında qəbul edildiyindən və iddiaçı üçün heç bir yeni öhdəlik yaratmadığından və ya əlavə məhdudiyyətlər nəzərdə tutmağından həmin qərar mübahisələndirilmə haqqında iddianın predmeti ola bilməz və bu səbəbdən iddia mümkün sayılmamışdır. Bununla iddiaçı tərəfindən ilkin inzibati akt hesab olunan “Vergilərin hesablanması barədə xx.xx.2017-ci il tarixli, **********476800 nömrəli qərarın ləğvi ilə bağlı artıq məhkəməyə müraciət edildiyi və iddia müddətinin ötürülməsinə görə iddianın mümkünsüz hesab edildiyi nəzərə alınsa, iddiaçı ilkin inzibati aktı mübahisələndirmək imkanından da məhrum olmuşdur. Cavabdeh göstərilənlərə əsasən iddianın mümkün sayılmamasını məhkəmədən xahiş etmişdir. xx.xx.2020-ci il tarixdə məhkəmə tərəfindən iddiaçıya Azərbaycan Respublikası İPMnin 13-cü (Məhkəmənin yardım etmək vəzifəsi) maddəsinə əsasən tərəfindən Məcəllə ilə müəyyən edilmiş müddət buraxıldığı halda, buraxılmış prosessual müddətin bərpası barədə ərizə ilə məhkəməyə müraciət edə biləcəyi barədə bildiriş ünvanlanmışdır. Bakı İnzibati Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2-1(112)-1866/2020 nömrəli qərardadı ilə iddia mümkün sayılmamışdır (hakim – M.Hacıbəyova). İddiaçı qərardaddan apellyasiya şikayəti verərək Bakı İnzibati Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2-1(112)-1866/2020 nömrəli qərardadının ləğv edilməsini, işin baxılması üçün həmin məhkəməyə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, işə baxan Bakı İnzibati Məhkəməsinin hakimi Miminat Hacıbəyova ilkin iddia ərizəsinin tərtibatında iddiaçının formal xətaya yol verdiyini bildirirək, iddia tələbinin dəqiqləşdirilməsini və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizədə - AR Vergilər Nazirliyinin xx.xx.2019-cu il tarixli **********343800 nömrəli qərarının ləğvini qeyd etməyi iddiaçının vəkilinə tövsiyyə etmişdir. İddiaçı da hakimin bu tövsiyyəsinə əsaslanaraq ilkin iddia tələbini dəqiqləşdirərək, məhkəməyə xx xxx 2020-ci il tarixdə təqdim etdiyi iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəsində AR Vergilər Nazirliyinin xx.xx.2019-cu il tarixli **********343800 nömrəli qərarının ləğvini məhkəmədən xahiş etmişdir. Başqa sözlə, iddia məhkəməyə xx xxxxxx 2019-cu il tarixdə təqdim edilmişdir, xx xxx 2020-ci il tarixdə isə xx xxxxxx 2019-cu il tarixdə məhkəməyə təqdim edilmiş olan iddia tələbini dəqiqləşdirmişdir. Bu səbəbdən işə baxan məhkəmə AR İPM-nin 38.1-ci maddəsində göstərilən 30 günlük iddia müddətinin tətbiqi məqsədləri üçün iddianın məhkəməyə xx xxxxxx 2019-cu il tarixdə verildiyi nəzərə almalı idi. Məhkəmə isə iddianın xx xxxxxx 2019-cu il tarixdə deyil, xx xxx 2020-ci il tarixdə məhkəməyə təqdim edildiyini bildirirək əsassız şəkildə iddia müddətini tətbiq edib iddianın mümkünsüz hesab etmişdir. Burada xüsusi ilə vurğulamaq istəyirik ki, ilkin iddia tələbi ilə dəqiqləşdirilmiş iddia tələbi mahiyyət baxımından eyni tələb olmuşdur. Belə ki, həm ilkin iddia tələbi üzrə, həm də ki dəqiqləşdirilmiş iddia tələbinin üzrə mübahisənin predmeti əlavə hesablanmış 4.267,96 manat vergi məbləğinin ləğvi olmuşdur. Belə ki, ilkin iddia ərizəsində iddiaçı birmənalı olaraq qeyd etmişdir ki, o, 4.267,96 manat əlavə vergi məbləğinin hesablanması barədə qərar ilə razı deyil. 4.267,96 manat isə məhz Vergilər Nazirliyinin mübahisələndirilən qərarında göstərilən məbləğ olmuşdur. İkinci dəlil: məhkəmə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəni öz icraatına qəbul etdiyindən, məhkəmənin sonradan həmin ərizəni mümkünsüz hesab etmək səlahiyyəti yox idi. İddianın mümkünlüyü müəyyən edən AR MPM-nin 151.3-cü maddəsinə əsasən məhkəmə iddia ərizəsini daxil olmasından 10 gün müddətində qaytarmayıbsa və ya onu qəbul etməkdən imtina etməyibsə, o, qəbul edilmiş sayılır. Deməli, AR MPM-nin 151.3-cü maddəsinə əsasən hakim ərizəni aldıqdan 10 gün müddətində onun mümkünlük məsələsinə baxmalıdır. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəni məhkəməyə xx xxx 2020-ci il tarixdə təqdim etmişdir, yuxarıda qeyd edilən maddəyə görə əgər işə baxan məhkəmə ərizənin mümkünsüz olduğunu hesab edirdisə, belə olan halda o iddianın mümkünsüz olması barədə qərarını yalnız və yalnız xx xxx 2020-ci il tarixinədək (yəni 10 gün müddətində) qəbul edə bilərdi. xx xxx 2020-ci il tarixdən sonra məhkəmənin iddia ərizəsinin mümkünlük məsələsinə baxmaq hüququ olmamışdır. xx xxx 2020-ci il tarixdən sonra iddia məhkəmə tərəfindən qəbul edilmiş sayılmalı idi. Məhkəmə iddianın mümkünlük məsələsinə xx xxxxxx 2020-ci il tarixdə baxaraq iddianı mümkünsüz hesab etməklə AR MPM 151.3-cü maddəsinin tələblərini kobud şəkildə pozmuşdur. Üçüncü dəlil: iddiaçı iddia müddətini ötürmüş olsaydı belə, məhkəmə İPM-nin 13-cü maddəsinə əsasən iddiaçıya yardım edərək iddia müddətinin bərpası barədə məhkəməyə ərizənin təqdim edilməli olduğunu tövsiyyə etməli idi. İddiaçı xx xxx 2020-ci il tarixdə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəni məhz məhkəmənin tövsiyyəsinə əsasən təqdim etmişdir. Əgər məhkəmə iddiaçıya tövsiyyə etdiyi dəqiqləşdirilmiş iddia tələbi üzrə iddia müddətinin ötürüldüyünü hesab edirdisə belə olan halda məhkəmə İPM-nin 13-cü maddəsinə əsasən iddiaçıya dəqiqləşdirilmiş iddia tələbi ilə birlikdə prosessual müddətin bərpası barədə ərizənin də təqdim edilməsini vaxtında tövsiyyə etməli idi. Məhkəmə dəqiqləşdirilmiş iddia tələbini aldıqdan iki ay sonra iddiaçıya xx xxxxxx 2020-ci il tarixli məktub göndərərək, prosessual müddətin bərpası barədə ərizənin məhkəməyə təqdim edilməli olduğunu bildirir. Lakin həmin məktub iddiaçıya xx xxxxxx 2020-ci il tarixdə poçt vasitəsi ilə çatdırılır. Zərf üzərində poçt şöbəsinin vurduğu ştampda da xx xxxxxx 2020-ci il tarixi aydın şəkildə qeyd edilir. Dördüncü dəlil: İddiaçıya xx xxxxxx 2020-ci il tarixdə keçirilmiş məhkəmə iclası barədə vaxtında bildiriş təqdim edilməmişdir. xx xxxxxx 2020-ci il tarixdə keçirilmiş məhkəmə iclası barədə bildiriş iddiaçıya məhkəmə iclasından bir neçə gün sonra təqdim edilmişdir. Məhkəmə xx xxxxxx 2020-ci il tarixdə iclas keçirərkən həmin iclas barədə bildirişin iddiaçıya çatdırılıb-çatdırılmadığı məsələsini aydınlaşdırmamışdır. Məhkəmə iclası barədə bildirişin iddiaçıya təqdim edildiyi barədə İş materiallarıda heç bir sənəd yoxdur. xx.xx.2020-ci il tarixində iddiaçı tərəfindən məhkəmə baxışının şifahi dinləmələr yolu ilə keçirilməsi barədə ərizə daxil olmuşdur. Cavabdehin səlahiyyətli nümayəndəsi X2 tərəfindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə dair etiraz təqdim edilmiş, etirazda Bakı İnzibati Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2-1(112)-1866/2020 nömrəli qərardadının dəyişdirilmədən qüvvədə saxlanılması xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı izahat verərək, apellyasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini və Bakı İnzibati Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2-1(112)-1866/2020 nömrəli qərardadının ləğv edilərək, işin baxılması üçün həmin məhkəməyə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraza uyğun izahat verərək, apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq onun təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərardadının qüvvədə saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, iddiaçının birinci instansiya məhkəməsində nümayəndəsi və vəkili olmuş X3 da (Bakı şəhəri Mərkəz Vəkil Bürosu) məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmışdır. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, apellyasiya şikayətini iş materialları ilə birlikdə araşdıraraq, hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməklə, iş baxılması üçün birinci instansiya məhkəməsinə göndərilməlidir. Birinci instansiya məhkəməsi qərardadını onunla əsaslandırmışdır ki, iddiaçının hazırda mübahisələndirdiyi inzibati akt xx.xx.2019-cu il tarixdə qəbul edilmişdir, iddiaçı hazırkı iş üzrə məhkəməyə xx.xx.2019-cu ildə iddia ərizəsini təqdim edərkən həmin qərarı iddia ərizəsinə əlavə etmişdir, yəni iddiaçı ən azı xx.xx.2019-cu ildə qeyd edilən inzibati akt barədə məlumatlı olmuşdur, lakin iddiaçı həmin inzibati aktı iddia ərizəsində mübahisələndirməmişdir, qeyd edilən inzibati aktın ləğv edilməsi barədə tələbi iddiaçı məhkəməyə xx.xx.2020-ci ildə təqdim etmişdir. Belə olan halda iddiaçı tərəfindən Azərbaycan Respublikasının İPM-nin 38.1-ci maddəsində nəzərdə tutulan 30 gün müddət buraxılmışdır. Lakin məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi bu nəticəsini əsassız hesab edir və qeyd edir ki, birinci instansiya məhkəməsinin hazırkı iş üzrə xx xxxxxx 2020-ci il tarixli, 2-1(112)-1866/2020 nömrəli qərardadı ləğv edilməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 12-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Həmin Məcəllənin 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. Həmin Məcəllənin 22.1-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda nəzərdə tutulmamışdırsa, müddətin axımı təqdim edilmə anından, təqdim edilmənin bu Məcəllə ilə məcburi hesab olunmadığı hallarda isə, elan edilmə anından başlanır. Həmin Məcəllənin 22.2-ci maddəsinə görə müddətlərlə bağlı bu fəslin müddəaları nəzərə alınmaqla Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi ilə müəyyən olunmuş qaydalar tətbiq olunur. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 377.1-ci maddəsində göstərilir ki, iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Məhkəmə kollegiyası qeyd edir ki, məhkəmə yardım etmək vəzifəsinə əsaslanaraq dəqiqləşdirilmiş iddia ərizəsini icraata qəbul etdikdən sonra iddiaçıya xx xxxxxx 2020-ci il tarixli məktub göndərərək prosessual müddətin bərpası barədə ərizənin məhkəməyə təqdim edilməli olduğunu bildirmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, xx xxxxxx 2020-ci il tarixli məktubun göndərilməsi ilə bağlı reyestr iş materiallarına əlavə edilməmişdir. Apellyasiya şikayətinə əlavə olunmuş zərfin surətindən görünür ki, həmin məktub iddiaçıya çatdırılması üçün xx xxxxxx 2020-ci il tarixdə poçt şöbəsinə təhvil verilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 133.1-ci maddəsinə əsasən məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edərsə,işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi həmin məktubun iddiaçıya təqdim edilib-edilməlidiyini müəyyən etmədən xx xxxxxx 2020-ci il tarixdə işə baxmış və iddia müddətinin ötürülməsi əsası ilə iddianı mümkünsüz saymışdır. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsinin xx.xx.2020-ci il tarixli məktubu iddiaçının ünvan 3 A ünvanına xx.xx.2020-ci il tarixində (zərfin üzərindəki poçt şöbəsinin vurduğu ştampa əsasən) göndərilmiş, iddiaçı tərəfindən SS675843885AZ nömrəli ştrix kodlu zərf xx.xx.2020-ci il tarixində qəbul edilmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, məhkəmə həmin məktubun iddiaçı tərəfindən qəbul edilib-edilmədiyini araşdırmadan işə baxmış və iddia müddətinin ötürülməsi əsası ilə qərardad qəbul etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddia müddətinin bərpası barədə vaxtında iddiaçıya məlumat verməməklə, Azərbaycan Respublikası İPMnin 13-cü maddəsində göstərilmiş yardım etmək vəzifəsini pozmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.9-cu maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətlə bağlı hüquqi mövqeyi birinci instansiya məhkəmələri üçün məcburidir. Şərh olunanlara və Azərbaycan Respublikası İPM-in 82, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası qərara aldı: İddiaçı apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2-1(112)-1866/2020 nömrəli qərardadı ləğv edilsin. İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə qarşı « Azərbaycan Respublikası Vergilər Nazirliyinin xx.xx.2019-cu il tarixli **********343800 nömrəli qərarının qismən, yəni şikayətin təmin edilməyən hissəsində ləğv edilməsi » tələbinə dair inzibati iş baxılması üçün Bakı İnzibati Məhkəməsinə göndərilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına (AZ 1025 Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar