Məhkəmə qərarları › İş №2-1(103)-1722/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1722/2021

14.06.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1722/2021 14.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Tağızadə Mirzə Nəsib oğlunun sədrliyi (məruzəçi) ilə, Hüseynov Azər Soltanhəmid oğlu və Cəmilova Xəyalə Adil qızından ibarət tərkibdə, X7 qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “bağ sahəsinə çıxarışın verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-378/2020 saylı iş üzrə qəbul etdiyi 10 sentyabr 2020-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi : Bakı İnzibati Məhkəməsinin 2-1(112)-378/2020 saylı 10 sentyabr 2020-ci il tarixli qərarı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı bağ sahəsinə dair çıxarış verilməsi barədə iddia tələbi təmin edilməmişdir. Qərardan narazı qalan iddiaçı apelyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Bakı şəhər İcra Hakimiyyəti Başçısının 1484 №-li, 23.09.1998-ci il tarixli sərəncamına əsasən Bakı şəhəri Badamdar qəsəbəsi, 1-ci Badamdar küçəsində 1 saylı evin qarşısında (3,0x 5,0) kv.m ölçüdə bağ sahəsi X1 adına sənədləşdirilmiş və sonuncu tərəfindən bağ sahəsi abadlaşdırılmış, həyatının sonuna qədər həmin bağ sahəsindən qanuni qaydada istifadə etmişdir. Sabir Məmmədov 12.01.2017-ci il tarixdə ölmüşdür. Sözügedən bağ sahəsi hal-hazırda onun istifadəsindədir. Mübahisəli bağ sahəsi tam qanuni əsaslarla mərhum atasının istifadəsində və sahiblliyində olmuş, qeyd edilən bağ sahəsinə dair mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması üçün əsas olan bütün faktiki və hüquqi hallar mövcud olmuşdur. Bu fakt öz təsdiqini həm Bakı şəhər icra Hakimiyyəti Başçısının 1484 №-li sərəncamı ilə, həm də iş üzrə verilmiş AR Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 04.08.2020-ci il tarixli 10/718 saylı ekspert rəyindən tapmaqdadır. Cavabdehin imtinasının əsası kimi qeyd etdiyi bağ sahəsinin şosse yolunun kənarında yerləşən yaşıllıq ərazidə olması və torpaq sərhədlərinin şərti olması iddiasının əsassızlığı 04.08.2020-ci il tarixli 10/718 saylı ekspert rəyində təsdiq edilir. Birinci instansiya məhkəməsi, qeyd edilən bariz faktlar göz önündə olduğu halda dolayı əsaslandırmalarla və iş üzrə ekspertiza rəyinə formal izah verməklə bağ sahəsinin atası X1 adına dövlət qeydiyyatına alınmasına dair çıxarış verilməsindən imtinanı əsaslı hesab etmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasının 2-1(103)-1875/2020 saylı 10 noyabr 2021-ci il tarixli qərarı ilə iddiaçının apelyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır. Qərardan iddiaçı kassasiya şikayəti vermiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-506/21 saylı, 07 aprel 2021-ci il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasının 2-1(103)-1875/2021 saylı 10 noyabr 2021-ci il tarixli qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün apelyasiya məhkəməsinə göndərilmişdir. Təkrar apelyasiya baxışı zamanı məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apelyasiya şikayətini müdafiə edərək qərarın ləğv edilməsi, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə müvafiq qaydada məlumatlandırılmasına baxmayaraq cavabdeh tərəf məhkəmə iclasına gəlməmiş, məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası tərəfin izahatını dinləyib, iş materiallarını araşdıraraq aşağıdakı nəticəyə gəlir. İşin hallarından görünür ki: Bakı 3 saylı “ASAN xidmət” mərkəzi Qeydiyyat şöbəsi tərəfindən verilmiş 30.01.2017-ci il tarixli şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən müəyyən olunur ki, X4 12.01.2017-ci il tarixdə ölmüşdür. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhəri 28 saylı notariat kontoru tərəfindən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə ünvanlanmış 30 may 2017-ci il tarixli X/O 78 №-li məktubda İddiaçı X2 miras qalmış əmlaka dair vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi ilə bağlı Bakı şəhəri 28 saylı notariat kontoruna müraciət etdiyi, X3 12.01.2017-ci il tarixdə ölməsi ilə əlaqədar vərəsə İddiaçı ərizəsi əsasında tərəflərindən vərəsəlik işinin açıldığı və vərəsə dairəsinin müəyyən olunduğu qeyd olunmuşdur. İddiaçı AR DƏDRX-in Bakı şəhəri Ərazi İdarəsinə müraciət edərək mərhum atası X3 adına Bakı şəhər Səbail rayon İcra Hakimiyyəti başçısının 1484 nömrəli, 23.09.1198-ci il tarixli sərəncamına əsasən 3,0x5,0 kv.m ölçüdə ayrılmış torpaq sahəsinə dair çıxarışın verilməsini tələb etmişdir. Cavabdehin iddiaçının nümayəndəsinə ünvanladığı 14.09.2017-ci il tarixli **********93 №-li bildirişində ünvan 2 ünvanında yerləşən torpaq sahəsinin üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı ********* nömrəli 25.08.2017-ci il tarixli ərizəyə baxıldığı, araşdırma zamanı sözügedən torpaq sahəsinin şosse yolunun kənarındakı yaşıllıq ərazisində (uşaq meydançasında) yerləşdiyi və torpaq sahəsinin sərhədlərinin şərti olduğu, torpaq sahəsinə dair hüquqların dövlət qeydiyyatına alınmasına dair müraciətin icra edilməsindən imtina olunduğu bildirilmişdir. Həmin imtinanı əsassız hesab edən İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Səbail rayon İcra Hakimiyyətinin 13 sentyabr 1998-ci il tarixli sərəncamına əsasən ayrılmış 3,0x5,0 kv.m ölçüdə mövcud bağ sahəsinə dair Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışın verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Mübahisə birinci instansiya və apelyasiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. Kollegiya işin hallarını, kassasiya məhkəməsinin mövqeyini nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsinin mübahisəli qərarı ləğv edilərək iş baxılması üçün həmin məhkəməyə göndərilməlidir. Belə ki: “Daşınmaz əmlakın dövlət reyestri haqqında” AR Qanununun: 1.0.1. Daşınmaz əmlak - üzərində hüquqlar dövlət qeydiyyatına alınmalı olan torpaq sahələri, binalar, qurğular və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) digər əşyalar, yəni təyinatına tənasübsüz zərər vurulmadan yerinin dəyişdirilməsi mümkün olmayan obyektlərdir. 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. 22.2. Müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir. İşin hallarından aydındır ki, İddiaçı mübahisəli torpaq sahəsinin atası mərhum X3 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bu barədə çıxarışın verilməsini tələb edir. Qanunvericiliyin normalarının mənasından isə görünür ki, hər hansı əsasla daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldüyü halda, bu əmlak üzərində vəfat etmiş şəxsin mülkiyyət hüququna dair çıxarış tərtib olunması qanunda nəzərdə tutulmamışdır. Qanun bu vəziyyətdə belə bir tənzimləmə qaydasını müəyyən edir ki, qeydiyyat orqanı hüququn ölmüş şəxsə məxsus olması haqqında mərhumun vərəsəsinə arayış verir və bu arayış miras qalmış daşınmaz əmlaka hüquqların vərəsənin adına dövlət qeydiyyatı (çıxarışın verilməsi) üçün əsasdır. “Daşınmaz əmlakın təsvirinə, bu əmlak üzərində dövlət reyestrində qeydə alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayışın verilməsi haqqında Təlimat”ın 1.2-ci bəndinə əsasən, bu Təlimatla müəyyən olunmuş qaydada Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin (bundan sonra - Xidmət) ərazi idarələri tərəfindən daşınmaz əmlakın təsvirinə, bu əmlak üzərində dövlət reyestrində qeydiyyata alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayış (bundan sonra - arayış) yazılı və ya elektron formada hüquq sahibinə, onun tərəfindən vəkil edilmiş şəxsə, hüquq sahibinin əmlakına qanun və ya vəsiyyət əsasında vərəsəlik hüququ olan şəxslərə onların yazılı və ya elektron müraciətləri əsasında verilir. Adı çəkilən Təlimatın 2.4-cü bəndinə görə, daşınmaz əmlak obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələrin notariat qaydasında təsdiqlənməsi üçün sərəncamverən tərəfin dövlət reyestrinə əsasən bu hüquqa malik olmasının yoxlanılması məqsədi ilə daşınmaz əmlakın təsvirinə, bu əmlak üzərində dövlət reyestrində qeydiyyata alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayış sərəncamverənin və ya onun tərəfindən vəkil edilmiş şəxsin, hüquq sahibinin əmlakına qanun və ya vəsiyyət əsasında vərəsəlik hüququ olan şəxslərin ərizəsi və dövlət reyestrindən çıxarış olduğu hallarda notarius və ya qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər tərəfindən dövlət reyestrindən elektron informasiya sistemləri vasitəsilə real vaxt rejimində əldə edilir. Təlimatın 7.2-ci bəndində göstərilir ki, Qanunun 8-ci maddəsində göstərilmiş əsaslara görə daşınmaz əmlak üzərində sahiblik və ya istifadə hüququ əldə etmiş şəxs bu əmlak barədə məlumatın dövlət reyestrinə daxil edilməsi və (və ya) onun üzərində hüquqların dövlət qeydiyyatına alınması üçün zəruri sənədlərlə ərazi idarəsinə müraciət etmədən öldükdə, həmin sənədlər onun notarius tərəfindən müəyyən edilən qanun və ya vəsiyyət üzrə vərəsələri tərəfindən təqdim edildikdə, bu Təlimatın 7.1-ci bəndində göstərilən qaydada elektron çıxarış tərtib edilir. Göründüyü kimi, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə, onun vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında hüquqmüəyyənedici sənəd olaraq çıxarış və ya qeydiyyat vəsiqəsi verilməsi barədə fərqli tənzimləmə mövcuddur. Başqa sözlə, eyni ictimai münasibətləri tənzimləyən qüvvədə olan normativ hüquqi aktlar ziddiyyətli olmaqla, normativ hüquqi aktların kolliziyası vardır və bu kolliziya, “Normativ hüquqi aktlar haqqında” Qanunun 2.6-cı maddəsinə əsasən, təlimata nisbətdə qanuna üstünlük verilməsi yolu ilə həll edilməlidir. Yəni iddia tələbi “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 22.2-ci maddəsinin müddəaları əsasında həll olunmalıdır. Bu mövqedən yanaşıldıqda iş materiallarından görünür ki, iddiaçı Qanunun 22.2-ci maddəsinin şərtləri baxımından uğurlu iddia tələbi irəli sürməmişdir. Həmin norma vərəsəyə daşınmaz əmlakın ölmüş valideynin adına qeydiyyata alınması barədə çıxarışın deyil, əmlakın ölmüş valideynə məxsus olması haqqında arayışın verilməsini nəzərdə tutur. Bu halda məhkəmə iddiaçı ilə işin hallarını bu baxımdan da müzakirə etməli, iddiaçıya uğurlu predmetli iddianı seçməkdə yardım etməlidir. Azərbaycan Respublikası İPM-nin 13-cü maddəsinə görə məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Həmin Məcəllənin 35.1-ci maddəsinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İşə baxmış birinci instansiya məhkəməsi yuxarıda qeyd olunan halları nəzərə almamış, iddiaçı ilə bu cür müzakirə aparıb, ona iddianın hüquqi əsasını təşkil edən maddi hüquq normasının dispozisiya şərtlərinə uyğunlaşdırılmış iddianın verilməsi üçün hüquqi yardım göstərməmişdir. AR İPM-nin 82-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Həmin Məcəllənin 87.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə. Nəzərə alınmalıdır ki, məhkəmə fəaliyyətində qanunçuluq prinsipi bütün məhkəmə aktlarının və aparılmış prosessual hərəkətlərin qanunun tələblərinə tamamilə uyğun həyata keçirilməsini nəzərdə tutur. Məhkəmələr maddi hüquq normalarını düzgün tətbiq etməyə və prosessual hərəkətləri qanunun qaydalarına uyğun həyata keçirməyə borcludurlar. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apelyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin 10 sentyabr 2020-ci il tarixli qərarı ləğv edilməli, iddia tələbi üzrə iş sonrakı prosessual hərəkətlərin edilməsi üçün həmin məhkəməyə göndərilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 82, 87 və 89-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçı apelyasiya şikayəti qismən təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-378/2020 saylı iş üzrə qəbul etdiyi 10 sentyabr 2020-ci il il tarixli qərarı ləğv edilsin. İddiaçı cavabdeh Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “bağ sahəsinə dair reyestrdən çıxarışın verilməsi” tələbinə dair inzibati iş sonrakı prosessual hərəkətlərin edilməsi üçün həmin məhkəməyə göndərilsin. Sədrlik edən: Mirzə Tağızadə Hakimlər: Xəyalə Cəmilova Azər Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar