Məhkəmə qərarları › İş №2-1(103)-1722/2022

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1722/2022

12.05.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1722/2022 12.05.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X2 Oruczadənin sədrliyi və məruzəsi ilə, Xəyalə Adil qızı Cəmilovadan və Mirzə Nəsib oğlu Tağızadədən ibarət tərkibdə, Abbaslı Sücayət Hafiz qızının katibliyi ilə, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinin X3 Qeydiyyatı İdarəsinə qarşı “dövlət reyestrində müvafiq dəyişikliklərin edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-9267/2021 saylı, 24 dekabr 2021-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq şifahi məhkəmə baxış iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinin X3 Qeydiyyatı İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, cavabdehin üzərinə "xxxx" MMC-də müddəti qanuni təmsilçiliyinin/baş direktor səlahiyyətlərinin icra müddətinin başa çatması ilə əlaqədar dövlət reyestrində müvafiq qeyd/dəyişiklik etmək vəzifəsinin qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı "xxxx" MMC-nin qanuni təmsilçisi kimi dövlət reyestrində qeydə alınmış və həmin tarixdən baş direktor vəzifəsini icra etmişdir. Müəssisənin müddətli qanuni təmsilçiliyinə və baş direktor səlahiyyətlərinin icrasına əsas olmuş 14.06.2017-ci il tarixli, müddəti üç illik olan etibarnamə öz qüvvəsini/əhəmiyyətini itirdiyindən, o cavabdehə müraciət edərək, dövlətr reyestrində ona aid qeydin ləğv edilməsini və təsisçinin 27.07.2017-ci il tarixli qərarı əsas tutularaq, ondan əvvəlki qanuni təmsilçi barədə müvafiq qeydin aparılmasını/bərpa edilməsini xahiş etmiş, lakin cavabdeh 12.07.2021-ci il tarixli, **********289600 nömrəli məktubla onun müraciətinin təmin edilməsindən imtina etmişdir. İddiaçı hesab edir ki, imtina əsassızdır. Çünki, iddiaçıya verilmiş səlahiyyət müəssisənin baş direktoru Adeola Aqbabiaka tərəfindən uzadılmayıb. Həmin şəxs ilə əlaqə yaratmaq mümkün olmamışdır. Etibarnamə üzəri qoyulmuş Cəmiyyətin adından qanuni təmsilçilik və Baş direktor vəzifələrini icra etmək müddəti bitdiyindən və bu barədə müflis olmuş təsisçinin səlahiyyətli nümayəndəsi və eyni zaman MMC-nin Baş direktoru olmuş Adeola Agbabiakının hazırda ona aid yeni qərarı, etibarnaməsi yoxdur. Bakı İnzibati Məhkəməsinin 24 dekabr 2021-ci il tarixli, 2-1(112)-9267/2021 saylı nömrəli qərarı ilə (hakim O.Həsənov) iddia rədd edilmişdir. Qərardan narazı qalan iddiaçı qanunvericiliklə müəyyən edilmiş qaydada və vaxtda apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, 31.07.2017-ci il tarixdə "xxxx" MMC-nin (VÖEN: **********) qanuni təmsilçisi kimi dövlət reyestrində qeydə alınmış və bu Cəmiyyətdə eyni zaman-01.06.2017-ci il tarixdən 22.12.2021-ci il tarixədək baş direktor vəzifəsini icra etmişdir. Qeyd etdiyi səlahiyyətlərin ona verilməsinə əsas - ilk növbədə adı gedən Cəmiyyətin(MMC-nın) nizamnamə kapitalında 100% payı olan yeganə/müstəsna təsisçisi - Böyük Britaniyada vaxtilə təsis edilmiş ( ******* qeydiyyat nömrəli) “Murphy Shipping and Commercial Services Limited" şirkəti təsisçilərinin səlahiyyətli nümayəndəsi- Adeola Aqbabiakanın 27 iyul 2017-ci il tarixli qərarı olmuşdur. Bu Qərarın 3-cü bəndindən görundüyü kimi, qərarla üzərinə qoyulmuş qanuni təmsilçi və baş direktor səlahiyyələrini/hüquqlarını o, yalnız müvafiq etibarnamə əsasında həyata keçirə bilər. Bununla bağlı təsisçilərin səlahiyyətli nümayəndəsi-Adeola Aqbabiaka "xxxx" MMC-ni təmsil və idarə etmək üçün ona əvvəlcədən razılaşmaları əsasında hələ qərardan öncə Bakı şəhərində notariat qaydasında təsdiq olunmuş 14.06.2017-ci il tarixli etibarnamə vermişdir. Qərarın icrası ücün verilmiş bu etibarnamədən göründüyü kimi, nəzərdə tutulmuş səlahiyyətlər ona 3 (üç) il müddətinə verilmisdir. Beləliklə, 27 iyul 2017-ci il tarixli qərarın etibarlılıq/qüvvədə olması müddəti bilavasitə etibarnamənin müddətilə əlaqəlidir. Hazırda etibarnamənin müddəti bitmiş/başa çatmış və bu səbəbdəndə təsisçinin həmin qərarı da hüquqi baxımdan hazırda qüvvəsini/əhəmiyyətini itirmiş, MMC-nin və onun təsisçisinin (A.Aqbabiakanın) isə onun səlahiyyət müddətinin uzadılması barədə hec bir qərarı, etibarnaməsi mövcud deyil. Beləliklə, onun bu qərarda və etibarnamədə təsbit olunmuş səlahiyyətləri hazırda etibarsızdır və yalnız formal xarakter daşıyır. Bununla belə, hələ də o X3 Reyestrində "xxxx" MMC-nin “qanuni təmsilçisi" kimi qeydiyyatdadır. Hesab edir ki, əhəmiyyətini/qüvvədə olma müddətini itirmiş 27 iyul 2017-ci il tarixli qərar etibarsız/əhəmiyyətini itirmiş/qüvvədən düşmüş sayılmalıdır. Hazırda o yaşına və səhhətinə/fıziki məhdudiyyətlərinə uyğun işə düzəlmək niyyətindədir. Təsisçinin qeyd edilən qərarı və müddətli etibarnaməsi əsasında onunla 01.06.2017-ci ildə bağlanmış əmək müqaviləsinə 22.12.2021-ci tarixdə müvafiq qaydada mənim/işçinin təşəbbüsü ilə xitam verilməsinə səbəb yaşı və səhhətindəki problemlərdən başqa, işəgötürənin/təsisçinin Azərbaycanda təsis etdiyi MMC-yə (onun işçilərinə) əvvəllər etdiyi maddi dəstəyinə son qoyması halı da olmuşdur. Hazırda şirkətin təsisçisi Londonda məhkəmə qaydasında müflis elan olunub. Bu halları birinci instansiya məhkəməsi nəzərə almamış, mahiyyəti üzrə əsassız qərar qəbul etmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək, şikayətin təmin olunmamasını, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilsə də iddiaçı gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (İPM-85.1), formal baxımdan əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-85.2, 85.3). Məhkəmə kollegiyası cavabdehin nümayəndəsini dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İnzibati işdən müəyyən olunur ki, Baş direktorun və qanuni təmsilçinin dəyişdirilməsi barədə "xxxx" MMC-nin təsisçisi – "xxxx" Şirkətinin 14.07.2017-ci il tarixli qərarı ilə "xxxx" MMC-nin baş direktoru vəzifələrinin icrası və qanuni təmsilçilik Adeola Agbabiakanın üzərinə qoyulmuş, hazırki qərardan irəli gələn vəzifələrin həlli, o cümlədən Cəmiyyətin təsis sənədlərində müvafiq dəyişkliklərin edilməsi üçün sənədlərin tərtibi/imzası, vergi və digər dövlət qurumlarına təqdim edilməsi, hazır sənədlərin alınması və bununla bağlı bütün hərəkətlərin edilməsi etibarnamə əsasında bu Cəmiyyətin icraçı direktoru İddiaçı və yaxud onun təyin etdiyi səlahiyyətli nümayəndənin üzərinə qoyulması qərara alınmışdır. Sonradan qəbul olunmuş “Baş direktorun və qanuni təmsilçinin dəyişdirilməsi barədə "xxxx" MMC-nin təsisçisi – "xxxx" Şirkətinin 27.07.2017-ci il tarixli qərarı ilə "xxxx" MMCnin baş direktoru vəzifələrinin icrası və qanuni təmsilçilik Cəmiyyətin icraçı direktoru İddiaçı üzərinə qoyulması qərara alınmışdır. İddiaçı hazırkı iddiasında qeyd edir ki, onun baş direktor vəzifələrinin icrası və qanuni təmsilçilik hüququ məhz "xxxx" MMC tərəfindən verilmiş etibarnamə əsasında həyata keçirilirdi ki, həmin etibarnamənin müddəti 3 il olduğundan, həmin müddət 14 iyun 2020-ci il tarixində tamamlanmışdır. İddiaçı hesab edir ki, hazırda onun tərəfindən etibarnamənin ləğv edilməsi və uzadılması ilə əlaqədar hər hansı hərəkətin görülməsi mümkün olmadığından, dövlət reyestrində müvafiq qeyd/dəyişikliyin edilməsi zəruridir. Məhkəmə Kollegiyası ilk öncə aşağıdakı qanunvericilik normalarına nəzər yetirir: “X3 qeydiyyatı və dövlət reyestri haqqında” Qanunun: -9.1.Hüquqi şəxslərin, xarici hüquqi şəxsin nümayəndəlik və ya filiallarının təsis sənədlərinə edilən hər bir dəyişiklik, eləcə də qeydə alınmış faktların hər bir sonrakı dəyişikliyi qeydiyyata alınmalıdır. -9.2. Dəyişikliyin qeydiyyata alınması üçün həmin dəyişikliyin baş verdiyi andan 40 gündən gec olmayaraq Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına ərizə ilə müraciət edilməlidir. Ərizədə, baş vermiş dəyişiklik göstərilməli və həmin dəyişikliyi təsdiq edən sənədlər təqdim edilməlidir. Dəyişiklik bu Qanunun 11.3-cü maddəsinin tələblərinə zidd olmadıqda, müvafiq icra hakimiyyəti orqanı 5 gün müddətində dəyişikliyi qeydiyyata alır. -9.2-1. Bu Qanunun 9.2-ci maddəsinin birinci və ikinci cümlələrində nəzərdə tutulmuş hərəkətlərin edilməsi tələb olunmadan kommersiya qurumları və publik hüquqi şəxslər üzrə aşağıdakı məlumatlar birbaşa müvafiq icra hakimiyyəti orqanı tərəfindən əldə edilərək qeydiyyata alınır: 9.2-1.1 müvafiq icra hakimiyyəti orqanının aktları ilə təsis sənədlərində və qeydə alınmış faktlarda edilmiş dəyişikliklər; 9.2-1.2. qeydə alınmış faktlarda şəxslərin şəxsiyyətini təsdiq edən sənədlərdəki məlumatlarda dəyişikliklər. 9.2-2. Bu Qanunun 9.2-1.1-ci maddəsində qeyd edilən məlumat müvafiq icra hakimiyyəti orqanının aktları əsasında, 9.2-1.2-ci maddəsində qeyd edilən məlumat isə müvafiq icra hakimiyyəti orqanından onlayn rejimdə əldə edilir və 5 gün müddətində qeydiyyata alınır. -9.3. Bu Qanunun 9.2-1.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, hüquqi şəxslərin və xarici hüquqi şəxslərin filial və ya nümayəndəliklərinin təsis sənədlərində edilmiş dəyişikliklər, habelə X3 reyestrində onlar barədə qeydə alınmış faktların hər bir sonrakı dəyişikliyi yalnız dövlət qeydiyyatına alındıqdan sonra qüvvəyə minir. Hüquqi şəxslər və xarici hüquqi şəxslərin filial və ya nümayəndəlikləri tərəfindən qüvvəyə minməmiş dəyişikliklər əsasında hər hansı fəaliyyət həyata keçirilə bilməz. - 9.4. Hüquqi şəxslərin, xarici hüquqi şəxslərin filial və ya nümayəndəliklərinin təsis sənədlərində edilmiş dəyişikliklərin, habelə dövlət reyestrində qeydə alınmış faktların hər bir sonrakı dəyişikliyinin qeydiyyatına dair sənədlərə baxılması zamanı təşkilatla bağlı əvvəllər hər hansı dəyişikliyin bu Qanunla nəzərdə tutulmuş qaydada qeydiyyat üçün təqdim olunmaması müəyyən edildikdə qurum Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə əsasən məsuliyyətə cəlb olunmaqla aşkar edilmiş çatışmazlıq aradan qaldırılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəllənin: -49.2. Hüquqi şəxs öz iştirakçıları, habelə təmsilçiləri vasitəsilə mülki hüquqlar əldə edə bilər və öhdəsinə mülki vəzifələr götürə bilər. -49.6. Bu Məcəllənin 49.4-cü maddəsində nəzərdə tutulan hallar baş verdikdə və ya bu halların baş verməsinə dair əsaslı şübhələr olduqda, hüquqi şəxsin nizamnamə kapitalında ən azı 10 faiz paya (səhmə) malik olan iştirakçısı (iştirakçıları) hüquqi şəxs adından çıxış edən şəxsdən, o cümlədən hüquqi şəxsin idarəetmə orqanlarında (müşahidə (direktorlar) şurası, icra orqanı) təmsil olunan hər hansı şəxsdən hüquqi şəxsdə olan və həmin hallarla bağlı bütün sənədlərə (konkret sənəd göstərilmədən) və ya məlumatlara baxış keçirmək məqsədi ilə həmin sənədləri (məlumatları) tələb edə bilər. Bu halda müraciət olunan şəxs tərəfindən həmin iştirakçının tələbi 5 (beş) iş günü ərzində təmin edilməlidir. İştirakçı həmin sənədin (məlumatın) surətini əldə etmək istədikdə, müraciət olunan şəxs tərəfindən həmin sənədin (məlumatın) təsdiqlənmiş surətləri təqdim olunur. İştirakçı baxış zamanı ona məlum olan və əldə etdiyi məlumatların konfidensiallığını qorumalı və qanunda nəzərdə tutulan hallar istisna olmaqla, üçüncü şəxslərə həmin məlumatları ötürməməlidir. -91.1.Məhdud məsuliyyətli cəmiyyətin ali orqanı onun iştirakçılarının ümumi yığıncağıdır. Bir iştirakçısı olan cəmiyyətdə cəmiyyətin ümumi yığıncağının səlahiyyətləri iştirakçı tərəfindən təkbaşına həyata keçirilir. Cəmiyyətin nizamnaməsində nəzərdə tutulduğu halda, habelə ictimai əhəmiyyətli qurumlarda cəmiyyətin direktorlar şurası (və ya müşahidə şurası) və (və ya) təftiş komissiyası (müfəttiş) yaradılır. Məhdud məsuliyyətli cəmiyyətdə onun fəaliyyətinə cari rəhbərliyi həyata keçirən və iştirakçılarının ümumiyığıncağına hesabat verən icra orqanı (kollegial və ya təkbaşçı) yaradılır. Cəmiyyətin kollegial icra orqanının rəhbəri və üzvləri və ya cəmiyyətin təkbaşçı icra orqanının rəhbəri onun iştirakçıları olmayanların sırasından da seçilə bilər. -91-1.2. Cəmiyyətin direktorlar şurasının (müşahidə şurasının) yaradılması və fəaliyyəti, habelə səlahiyyətlərinə xitam verilməsi qaydası nizamnamə ilə müəyyən edilir. -91.2. Cəmiyyəti idarəetmə orqanlarının səlahiyyətləri, habelə onların qərarlar qəbul etməsi və cəmiyyətin adından çıxış etməsi qaydası bu Məcəlləyə və cəmiyyətin nizamnaməsinə uyğun olaraq müəyyənləşdirilir. -91.3. Məhdud məsuliyyətli cəmiyyət iştirakçılarının ümumi yığıncağının müstəsna səlahiyyətinə aşağıdakılar aiddir: -91.3.2. cəmiyyətin icra orqanlarını yaratmaq və onların səlahiyyətlərinə vaxtından əvvəl xitam vermək; -91.3.5. cəmiyyətin cəmiyyətin direktorlar şurası (və ya müşahidə şurası) və (və ya təftiş komissiyasını (müfəttişini) seçmək və onların səlahiyyətlərinə vaxtından əvvəl xitam vermək. Məhkəmə kollegiyası qeyd edir ki, işin araşdırılmış hallarından göründüyü kimi, ilkin olaraq "xxxx" MMC-nin baş direktoru vəzifələrinin icrası və qanuni təmsilçilik hüququ Adeola Agbabiakan tərəfindən, sonradan isə qəbul olunmuş qərar əsasında baş direktoru vəzifələrinin icrası və qanuni təmsilçilik hüququ Cəmiyyətin icraçı direktoru İddiaçı tərəfindən həyatı keçirilməsi qərara alınmışdır. İddiaçı bəyan edir ki, onun baş direktor vəzifələrinin icrası və qanuni təmsilçilik hüququ məhz "xxxx" MMC tərəfindən verilmiş etibarnamə əsasında həyata keçirilirdi ki, həmin etibarnamənin müddəti 3 il olduğundan, həmin müddət 14 iyun 2020-ci il tarixində tamamlanmışdır. İddiaçı hesab edir ki, hazırda onun tərəfindən etibarnamənin ləğv edilməsi və uzadılması ilə əlaqədar hər hansı hərəkətin görülməsi mümkün olmadığından, dövlət reyestrində müvafiq qeyd/dəyişikliyin edilməsi zəruridir. Məhkəmə Kollegiyası qeyd edir ki, hüquqi şəxsin təsis sənədləri hüquqi şəxsin yaradılmasının və fəaliyyətinin hüquqi əsaslarını təşkil edən sənədlərdir. Qanunvericilikdə və hüquqi şəxsin fəaliyyətini tənzimləyən təsis sənədinə əsasən dövlət reyestrində dəyişikliyin qeydə alınması üçün müəssisənin baş direktorunun (qanuni təmsilçinin) təyinatı barədə təsisçilərin ümumi yığıncağının qərarının əsli və təyin olunan şəxsin şəxsiyyət vəsiqəsinin surəti əlavə edilməlidir. Apellyasiya şikayətinin əsas dəlili olan iddiaçıya verilmiş etibarnamənin müddətinin 14 iyun 2020-ci il tarixində bitməsinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, İddiaçı baş direktor olması etibarnamə əsasında deyil, məhz "xxxx" MMC tərəfindən qəbul edilmiş 27.07.2017-ci il tarixli qərarı ilə təsdiqlənmişdir. Hazırda həmin qərar ləğv olunmamış və qüvvədədir. Bu səbəbdən, İddiaçı "xxxx" MMC-nin baş direktoru vəzifələrinin icrasını və qanuni təmsilçilik hüququna malik olan şəxs hesab olunur.Bundan başqa, iddiaçının adına verilmiş etibarnamənin müddətinin bitməsi cavabdeh barəsində hər hansı bir öhdəlik müəyyən etmir. Həmçinin, "xxxx" MMC-nin Nizamnaməsinin 5-ci bəndinə əsasən cəmiyyətin fəaliyyətinə cari rəhbərlik cəmiyyətin icra orqanı və qanuni təmsilçilik funksiyasına malik olan Baş direktor tərəfindən həyata keçirilir. Nizamnamənin 4.3-cü bəndinin 6-cı yarımbəndinə əsasən cəmiyyətin icra orqanını yaratmaq və onların səlahiyyətinə vaxtından əvvəl xitam vermək, o cümlədən icra orqanın üzvlərini təyin etmək və geri çağırmaq, onların səlahiyyət müddətini müəyyənləşdirmək təsisçilərin ümumi yığıncağının müstəsna səlahiyyətindədir. Apellyasiya şikayətinin digər dəlili olan təsisçinin müflis elan olunmasına münasibətdə də Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı bu halla bağlı isə heç bir sübut inzibati orqana və məhkəməyə təqdim etməmişdir. Beləliklə, məhkəmə kollegiyası məhkəmə araşdırmasının nəticəsi olaraq qeyd edir ki, cavabdeh inzibati orqanın imtinası qanuni və əsaslı olmuş və bununla əlaqədar olaraq da birinci instansiya məhkəməsinin iddianın təmin olunmaması ilə əlaqədar gəldiyi nəticə faktiki cəhətdən əsaslı, maddi hüquq normalarının tətbiqi baxımından qanuni olmuşdur. Hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunur, dəlillər qərarın ləğvinə əsas vermir. Bununla bağlı olaraq, şikayət təmin edilməməli, qərar dəyişdirilmədən saxlanılmalıdır (İPM-87.6). Nəticəvi hissə: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9267/2021 saylı, 24 dekabr 2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aytən Oruczadə Hakimlər: Xəyalə Cəmilova Mirzə Tağızadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar