Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1722/2024 18.12.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X6 Aktiv oğlunun sədrliyi və məruzəsilə, Məmmədova Şərafət Asif qızı və X3 ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi, İddiaçı, iddiaçının nümayəndəsi və vəkili Vəkil, cavabdehin nümayəndəsi X4 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “əlilliyin müddətsiz təyin edilməsi” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-6883/2023 nömrəli, 28 noyabr 2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında şifahi məhkəmə baxışı qaydasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2018-ci il tarixdə iddiaçıya müddətsiz olaraq təyin edilmiş 2-ci dərəcəli əlillik qrupunun müddətli olaraq təyin edilməsi haqqında qərarın ləğv olunması və əlilliyinin müddətsiz olaraq təyin edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Sonradan iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2018-ci il tarixdə ona müddətsiz olaraq təyin edilmiş 2-ci dərəcəli əlillik qrupunun müddətli olaraq təyin edilməsi haqqında qərarın ləğv olunması, xx.xx.2018-ci il tarixdə ona müddətsiz olaraq təyin edilmiş 2-ci dərəcəli əlillik qrupunun təyin edilməsi haqqında qərarın əlillik altsistemdə bərpa edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçıya xx.xx.2018-ci il tarixdə müddətsiz olaraq ikinci dərəcəli əlillik qrupu təyin edilmişdir. Lakin xx.xx.2023-cü il tarixdə ona məlum olmuşdur ki, əlilliyinin müddəti müddətsiz kateqoriyasından müddətli kateqoriyasına keçirilmişdir. Belə ki, əlillik 5 il müddətinə, xx.xx.2018-ci il tarixindən xx.xx.2023-cü il tarixinədək müəyyən edilmişdir. İddiaçı bu qərarla razılaşmamış və əlilliyinin müddətsizlik kateqoriyasının ləğv olunaraq müddətli kateqoriyasına keçirilməsini əsassız və qanunsuz hesab edir. xx.xx.2023-cü il tarixdə cavabdehə ərizə ilə müraciət edərək müddətsiz əlilliyinin ləğv olunaraq müddətli olaraq təyin olunması barədə qərarın onun ünvanına göndərilməsini, müddətsiz əlilliyinin ləğv olunaraq müddətli olaraq təyin olunması barədə qərarın ləğv olunmasını və əlilliyinin müddətsiz olaraq təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Lakin iddiaçının müraciəti cavabsız və nəticəsiz qalmışdır. Heç bir müayinəyə və araşdırmaya cəlb edilmədən cavabdeh iddiaçının əlilliyinin müddətsizlik kateqoriyasını ləğv edərək müddətli hesab etmişdir. Bununla da cavabdeh işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmadan, sübutlar toplamadan Əlillik altsistemində iddiaçıya aid qiymətləndirmədə özbaşına dəyişiklik etmiş və qanunazidd hərəkətə yol vermişdir. Cavabdehin inzibati icraatın aparılması ilə bağlı qanunvericiliyin tələblərinə əməl etmədiyi təsdiq olunur. Bakı İnzibati Məhkəməsinin (hakim Miminat Hacıbəyova) 2-1(112)-6883/2023 nömrəli, 28 noyabr 2023-cü il tarixli qərarı ilə iddia tələbi təmin edilmiş, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin xx.xx.2018-ci il tarixli İddiaçı müddətsiz 2-ci dərəcəli əlillik qrupunun müddətli olaraq təyin edilməsi haqqında qərarı ləğv edilmiş, xx.xx.2018-ci il tarixdə İddiaçı müddətsiz 2-ci dərəcəli əlillik qrupunun təyin edilməsi haqqında qərarın MƏİS-in “Əlillik” altsistemdə bərpa edilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə həvalə edilmişdir. Həmin qərardan cavabdeh apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2018-ci il tarixdə iddiaçıya müddətsiz olaraq təyin edilmiş 2-ci dərəcəli əlillik qrupunun müddətli olaraq təyin edilməsi haqqında qərarın ləğv olunması və əlilliyinin müddətsiz olaraq təyin edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Sonradan iddiaçı iddia ərizəsinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, iddia tələbinin xx.xx.2018-ci il tarixdə ona müddətsiz olaraq təyin edilmiş 2-ci dərəcəli əlillik qrupunun müddətli olaraq təyin edilməsi haqqında qərarın ləğv olunması, xx.xx.2018-ci il tarixdə ona müddətsiz olaraq təyin edilmiş 2-ci dərəcəli əlillik qrupunun təyin edilməsi haqqında qərarın əlillik altsistemdə bərpa edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi kimi qəbul edilməsini xahiş etmişdir, ərizə icraata qəbul edilmişdir. İddiaçının əlillik vəziyyətinə X9 Xəstəlikləri Dispanserinin xx.xx.2018-ci il tarixli göndərişi əsasında baxılmış və Səbəb: Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik, “X1: XX Sinif - Xəstələnmənin və ölümün xarici səbəbləri => Y35-Y36 - Qanunla nəzərdə tutulmuş hərəkətlər və hərbi əməliyyatlar => Y36 - Hərbi əməliyyatlar => Y36.2 - Hərbi əməliyyatlar nəticəsində digər...; Diaqnozun mətni: Hərbi əməliyyatlar nəticəsində digər növ partlayışlarla və ya qəlpələrlə törənmiş zədələnmələr, Qapalı-kəllə beyin travmasından sonra əmələ gələn emosional davamsız şəxsiyyət dəyişməsi, kəskin nəzərə çarpan davranış pozuntusu ilə. Baş beynin silkələnməsi, Qapalı-kəllə beyin travmasından sonra əmələ gələn emosianal, davamsız şəxsiyyət dəyişməsi, kəskin nəzərə çarpan davranış pozuntusu ilə.; Meyar: 2.2 İkinci dərəcə əlillik => 2.2.9. qabarıq yaddaş zəifliyi, idrakın enməsi, emosional labillik, vestibülyar pozuntular, görmə pozuntuları və ya piramid çatışmazlıq əlamətləri, kəskin nəzərəçarpan veg...” səbəbi ilə 5 il müddətinə əlillik dərəcəsi verilmişdir. İddiaçıya müddətsiz İİ dərəcə (61-81 faiz) əlillik dərəcəsi təyin edilməsi üçün ardıcıl olaraq 10 il əlillik müddəti və ya xüsusi göstəriş olan diaqnozu olmalıdır, lakin iddiaçının altsistemdə olan sənədlərində qeyd olunan halların heç biri öz əksini tapmır. Bu səbəbdən də iddiaçıya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarlarına dair Əsasnamə”yə əsasən 5 il müddətinə əlillik təyinatı aparılmışdır. Qanunvericiliyin tələbləri baxımından Bakı İnzibati Məhkəməsinin qərarı qanunsuz və əsassızdır. İddiaçının əlilliyinin təyin edilməsi istiqamətində cavabdeh tərəfindən hər hansı qanuna zidd hərəkətə və ya hərəkətsizliyə yol verilməməsinə, o cümlədən “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinin pozulmamasına baxmayaraq, məhkəmə qanunsuz olaraq iddianı təmin etməklə maddi və prosessual hüquq normalarını pozmuşdur. Bu səbəbdən Bakı İnzibati Məhkəməsinin qərarı ləğv edilməlidir. İddiaçı tərəfindən apellyasiya şikayətinə etiraz daxil olmuşdur. Etirazda qeyd olunur: İddiaçıya xx.xx.2018-ci il tarixdə Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar müddətsiz ikinci qrup əlillik təyin edilmişdir. Həmin qərar əsasında ona əlilliyə görə ömürlük əmək pensiyası təyin edilmişdir. Lakin 2023-cü ildə əlilliyə görə ömürlük təyin edilmiş əmək pensiyasının ödənilməsi dayandırılmışdır. Buna əsas isə Mərkəzləşdirilmiş elektron informasiya sisteminin (MEİS) “Əlillik” altsistemində iddiaçının əlilliyinin “müddətli” təyin edilməsi barədə məlumatın yerləşdirilməsi, yəni ona əlilliyin müddətli təyin edilməsi barədə xx.xx.2018-ci il tarixli qərar olmuşdur. İddiaçı bu qərar barədə məlumat və izah verilməsi üçün cavabdeh inzibati orqana müraciət etsə də, ona hər hansı bir cavab verilməmiş və iddiaçı hazırki tələblə bağlı məhkəməyə müraciət etmişdir. Faktiki olaraq cavabdeh tərəfindən iddiaçıya müddətli əlillik təyin edilməsi barədə qərar, ona ilkin əlilliyin müddətsiz təyin edilməsi barədə xx.xx.2018-ci il tarixli qərarın məzmununun təhrif edilməsi ilə qəbul edilmişdir. Cavabdehin bu fəaliyyəti “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş prinsiplərin və prosedur qaydalarının pozulması kimi qiymətləndirilir. Etimadın qorunması prinsipinin mahiyyətinə görə, maraqlı şəxs inzibati akta etibar etmək, inzibati orqanın davranışını, qəbul etdiyi aktı qanunauyğun və düzgün hesab etmək, məzmununa uyğun davranmaq və ona etimad göstərmək haqqına malikdir. Etimadın qorunması doktrinası o zaman tətbiq edilir ki, inzibati orqanın səlahiyyətləri çərçivəsində hərəkətləri, xüsusilə də qəbul etdikləri inzibati aktlar, vətəndaşda publik maraqlara zidd olmayan əlverişli qanuni gözləntilərin yaranması ilə nəticələnsin. Qüvvədə olan qanunvericilik, hətta bəzi hallarda və müəyyən şərtlər çərçivəsində şəxsin etimadının qorunmasının publik maraqlara nisbətdə üstünlüyünü təsbit etmişdir. Belə ki, “İnzibati icraat haqqında" Qanunun 67.5-ci maddəsinə müvafiq olaraq, maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. İddiaçıya əlilliyin müddətsiz təyin olunması məhkəməyə Müdafiə Nazirliyi tərəfindən təqdim edilmiş şəxsi işdəki materiallar və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən təqdim edilmiş pensiya işi ilə təsdiq olunur. Bütün hallarda qanunvericiliyin tələblərinə görə cavabdeh tərəfindən inzibati aktın qəbul edilməsi üçün “İnzibati icraat haqqında" Qanun ilə müəyyən edilmiş hüququ əsaslar, prinsiplər nəzərə alınmaqla, prosedur qaydalarına riayət edilməklə müvafiq icraat aparılmalıdır. Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsi, qərarın dəyişdirilmədən saxlanılması xahiş edilmişdir. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X5 apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişdir. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən İddiaçı, iddiaçının nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinin təmin edilməməsi, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişlər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Baxılan iş üzrə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərarının qanuniliyini tam yoxlayır. Məhkəmə kollegiyası proses iştirakçılarının izahatını dinləyərək, işin materiallarını yoxlayaraq, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan Sonuncu müayinəyə dair məlumatdan görünür ki, iddiaçının əlillik vəziyyəti xx.xx.2018-ci ildə qiymətləndirilmiş, səbəbi Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar, müddətsiz ikinci dərəcə əlillik təyin edilmişdir. Diaqnozun mətni: Hərbi əməliyyatlar nəticəsində digər növ partlayışlarla və ya qəlpələrlə törənmiş zədələnmələr. Qapalı-kəllə beyin travmasından sonra əmələ gələn emosional davamsız şəxsiyyət dəyişməsi, kəskin nəzərə çarpan davranış pozuntusu ilə. Baş beynin silkələnməsi. Qapalı-kəllə beyin travmasından sonra əmələ gələn emosional davamsız şəxsiyyət dəyişməsi, kəskin nəzərə çarpan davranış pozuntusu ilə. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Nərimanov rayon şöbəsi tərəfindən xx.xx.2018-ci ildə verilmiş 08697 nömrəli vəsiqənin surətindən görünür ki, İddiaçı xx.xx.2018-ci ildən Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar müddətsiz ikinci dərəcə əlildir. İş materiallarında olan əlillik altsistemindən çıxarışdan görünür ki, iddiaçının əlillik vəziyyəti xx.xx.2018-ci ildə qiymətləndirilmiş, səbəbi Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar, ilkin, 5 il müddətinə ikinci dərəcə əlillik təyin edilmişdir. Diaqnozun mətni: Hərbi əməliyyatlar nəticəsində digər növ partlayışlarla və ya qəlpələrlə törənmiş zədələnmələr. Qapalı-kəllə beyin travmasından sonra əmələ gələn emosional davamsız şəxsiyyət dəyişməsi, kəskin nəzərə çarpan davranış pozuntusu ilə. Baş beynin silkələnməsi. Qapalı-kəllə beyin travmasından sonra əmələ gələn emosional davamsız şəxsiyyət dəyişməsi, kəskin nəzərə çarpan davranış pozuntusu ilə. İş materiallarında olan İddiaçı məxsus pensiya işindəki sənədlərdə olan DSMF Hərbi Qululqçular və Xüsusi Rütbəli Şəxslərlə İş Şöbəsinin xx.xx.2018-ci il tarixli 18/2738 nömrəli Qərarından görünür ki, İddiaçı xx.xx.2018-ci ildən 2-ci qrup əlilliyə görə ömürlük pensiya təyin edilmişdir. İş materiallarında olan İddiaçı məxsus pensiya işindəki sənədlərdə olan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Nərimanov rayon şöbəsinin 754 nömrəli, 18 aprel 2018-ci il tarixli arayışından görünür ki, İddiaçı ƏƏSMN yanında DSMF-nin Nərimanov rayon şöbəsindən xx.xx.2018-ci ildən İİ qrup müharibə əlilliyinə görə 158,00 manat məbləğındə ömürlük Prezident təqaüdü alır. İş materiallarında olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Nərimanov rayon şöbəsinin xx.xx.2020-ci il tarixli arayışından görünür ki, İddiaçı ƏƏSMN yanında DSMF-nin Nərimanov rayon şöbəsindən İİ qrup müharibə əlilliyinə görə ömürlük 230,00 manat məbləğındə Prezident təqaüdü alır. İş materiallarında olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi 4 saylı Bakı DOST Mərkəzinin 07 sentyabr 2021-ci il tarixli arayışından görünür ki, İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Sosial Ödənişlər” altsisteminə əsasən Nazirliyin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsindən İİ qrup əlilliyə (Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik) görə aylıq 350 manat məbləğində Prezident təqaüdü alır. Təyinatın başlanğıc tarixi: xx.xx.2018. Təyinatın bitmə tarixi müddətsiz. İş materiallarında olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi publik hüquqi şəxsi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubda qeyd edilir: İddiaçı "xxxx" ASC-yə təqdim etmək məqsədilə Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxs kimi aylıq Azərbaycan Respublikası Prezidentinin təqaüdünün alınmasına dair arayış əldə etmək üçün xx.xx.2021-ci il tarixində 4 saylı Bakı DOST Mərkəzinə müraciət etmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin (MEİS) “Sosial ödənişlər” altsistemindən əldə edilən məlumata əsasən İddiaçı əlilliyə görə təyin edilmiş Prezident təqaüdünün təyin edilmə tarixi xx.xx.2018-ci il, bitmə tarixi isə xx.xx.2023-cü il olmasına baxmayaraq, vətəndaşa təqdim edilən arayışda təyinatın bitmə tarixi yanlışlıqla “müddətsiz” olaraq qeyd edilmişdir. Həmçinin MEİS-in “Əlillik” altsisteminə, e-gov.az və e-sosial.az portallarına əsasən əlillik vəziyyətinin qiymətləndirilməsi nəticəsində vətəndaş İddiaçı xx.xx.2018-ci il tarixindən 2-ci dərəcə əlillik təyinatı aparılmış və növbəti müayinə tarixi xx.xx.2023-cü il olaraq qeyd edilmişdir. Eləcə də “Əlillik” altsistemində vətəndaşın əlillik vəziyyətinin yenidən qiymətləndirilməsi üçün göndərişin daxil olmadığı məlum olmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi-Ekspertiza və X2 xx.xx.2024-cü il tarixli T622/2024 saylı ekspert rəyində qeyd edilir: 1966-cı il təvəllüdlü İddiaçı adına tərtib edilmiş sənədlərə, özünün məhkəmə-tibbi müayinəsinə və qərardadda göstərilən suallara uyğun komissiya nəticəyə gəlir: İddiaçı adına Respublika Psixiatriya Xəstəxanasında tərtib edilmiş stasionar xəstənin 13355\24 saylı xəstəlik tarixindən çıxarışdan görünür ki, o, 02.09-xx.xx.2024-cü il tarixlərdə “F07.0- Üzvi şəxsiyyət (İ Qarabağ Müharibəsi zamanı alınmış QKBT-sı mənşəli) dəyişikliyi tez-tez baş verən dekompensasiyalar nevrotik daxilolmalarla (prof. V.Əsədov)” diaqnozu ilə müayinə və müalicədə olmuşdur. Yəni o, hazırda da həmin xəstəliklərdən əziyyət çəkir. Onun tibbi sənədlərinə əsasən iş materiallarında olan əlillik vəziyyətinin Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən qiymətləndirilməsi üçün adına X9 Xəstəlikləri Dispanseri tərəfindən X1 10 kodu tərtib edilmiş xx.xx.2018-ci il tarixli 0462003AACW4 saylı göndərişin doldurulma səbəbi Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik təyinidir. Belə ki, əsas diaqnoz və ağırlaşmaları müharibə ilə əlaqədar olan travmalar qrupuna aiddir. Həmin xəstəliklərlə əlaqədar o, psixiatrik dispanserdə və sahə poliklinikasında daimi qeydiyyata götürülür və yazılmış dərman preparatlarını həkim psixiatrın nəzarəti altında daima qəbul edir. Qeyd edilən nəticə MN Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2018-ci il tarixli Qərarı ilə bir daha təsdiq olunur. “Hərbi travmadır. Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır”. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun: 2.0.6-cı maddəsinə əsasən inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. 11.1-ci bəndinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 11.2-ci bəndinə əsasən inzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. 13.1-ci bəndinə əsasən inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. 13.2-ci bəndinə əsasən inzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. 13.3-cü bəndinə əsasən müəyyən inzibati aktın sonradan qəbul edilməsi və ya qəbul edilməməsi ilə bağlı səlahiyyətli inzibati orqanların vədlərinə, bəyanatlarına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. 21.1-ci maddəsinə əsasən qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. 21.2-ci maddəsinə əsasən qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə bocludur. 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.3-cü maddəsinə əsasən inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. 24.4-cü maddəsinə əsasən təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. 25.1-ci maddəsinə əsasən qanunla nəzərdə tutulmuş hallar istisna olmaqla, maraqlı şəxslər həm icraat zamanı, həm də icraatdan sonra inzibati icraat materialları ilə tanış olmaq və ya icraatla bağlı məlumat almaq hüququna malikdirlər. 45.1-ci maddəsinə əsasən inzibati orqan işin faktiki hallarının müəyyən olunması üçün yararlı və zəruri hesab etdiyi sübutları müstəqil şəkildə toplayır və nəzərə alır. 47.1-ci maddəsinə əsasən inzibati orqan sübutlara iş üçün əhəmiyyət kəsb edən bütün faktiki və hüquqi hallara müvafiq olaraq qiymət verir. 64.2-ci maddəsinə əsasən inzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. 65.1-ci maddəsinə əsasən aşağıdakı inzibati aktlar etibarsız sayılır: 65.1.1. hansı inzibati orqan tərəfindən qəbul edildiyi məlum olmayan yazılı inzibati akt; 65.1.2. müvafiq səlahiyyəti olmayan inzibati orqan tərəfindən qəbul edilmiş inzibati akt; 65.1.3. qanunvericiliyə əsasən yalnız müəyyən rəsmi sənəd (rəsmi sənədin təqdim edilməsi) formasında qəbul edilə bilən, lakin həmin tələbə cavab verməyən inzibati akt; 65.1.4. maraqlı şəxsdən inzibati və ya cinayət məsuliyyətinə səbəb ola bilən hərəkətlər etməyi tələb edən inzibati akt; 65.1.5. faktiki səbəblər üzündən icrası mümkün olmayan inzibati akt; 65.1.6. kimə ünvanlandığı aydın olmayan inzibati akt. 67.1. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. 67.2. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan, subordinasiya baxımından yuxarı inzibati orqan və ya qanunla şikayətə baxmaq səlahiyyətinə malik olan müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. 67.3. Qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. 67.4. Qanunsuz əlverişli inzibati akt yalnız bu maddədə nəzərdə tutulmuş məhdudiyyətlər daxilində ləğv oluna bilər. 67.5. Maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. 67.6-cı maddəsinə əsasən maraqlı şəxs aşağıdakı hallarda etimadın qorunması hüququna istinad edə bilməz: 67.6.1. rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.2. səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.3. inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın: 1.1-ci bəndinə əsasən bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi ilə bağlı məsələləri tənzimləyir. 1.2-ci bəndinə əsasən Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (bundan sonra – Agentlik) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. 1.3-cü bəndinə əsasən TSEK-də əlilliyin müəyyən olunması barədə qərar sadə səs çoxluğu ilə qəbul edilir. 1.4-cü bəndinə əsasən əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. 2.1-ci bəndinə əsasən şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbisosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. 2.2-ci bəndinə əsasən göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. 2.3-cü bəndinə əsasən göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. 2.4-cü bəndinə əsasən TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. 2.5-ci bəndinə əsasən TSEK-in sədri və üzvləri hər biri ayrı-ayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş elektron imza ilə imzalayır. 2.6-cı bəndinə əsasən qərar bu Qaydaya əlavədə müəyyən edilmiş formada qəbul edilir və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə və reabilitasiya vasitələrinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti altsistemə daxil edilir, TSEK-in sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə imzalanır. 3.7-ci bəndinə əsasən əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Agentlik əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEKin qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir. xx.xx.2022-ci il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası Nazirlər Kabinetinin 413 saylı xx.xx.2015-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə»nin: 1.1-ci bəndinə əsasən əlillərə münasibət sahəsində sosial siyasət həyatda və cəmiyyətin inkişafında onların fəal iştirak etməsi imkanlarının genişləndirilməsinə, sosial rifah halının, maddi vəziyyətlərinin yaxşılaşdırılmasına yönəldilmişdir. 1.2-ci bəndinə əsasən əlillik və ya 18 yaşınadək uşaqların sağlamlıq imkanlarının məhdudluğu şəxsin tibbi-sosial ekspertiza müayinəsindən keçirilərək, “Əlilliyin və uşaqların sağlamlıq imkanları məhdudluğunun qarşısının alınması, əlillərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası və sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq anadangəlmə, xəstəlikdən və ya xəsarətdən yaranan əqli və ya fiziki qüsurlar nəticəsində həyat fəaliyyətinin məhdudlaşması haqqında müvafiq qərar çıxarılması yolu ilə müəyyən olunur. 1.3-cü bəndinə əsasən tibbi-sosial ekspertiza müayinəsi tibbi etika və deontologiya prinsiplərinə əsaslanmaqla həyata keçirilir. Şəxsin digər şəxslərlə bərabər səviyyədə cəmiyyətdə tam və səmərəli iştirakına mane olan fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olmasını, sağlamlıq vəziyyətini və sosial uyğunlaşma dərəcəsini müəyyən etmək üçün funksional və laboratoriya müayinələrinin nəticələri anamnestik məlumatlar obyektiv qiymətləndirilir. 1.4-cü bəndinə əsasən əlillik və ya 18 yaşınadək uşaqların sağlamlıq imkanlarının məhdudluğu barədə qərar klinik, psixoloji, sosial-məişət, peşə amillərinin və şəxsin reabilitasiya potensialının kompleks halda qiymətləndirilməsinə əsaslanır. Bu zaman xəstəliyin xarakteri, funksiyaların pozulma dərəcəsi, müalicənin və reabilitasiya tədbirlərinin səmərəliliyi, orqanizmin kompensator (əvəzetmə) mexanizmlərinin vəziyyəti, klinik və əmək proqnozları, sosial uyğunlaşma (adaptasiya) imkanları, sosial yardıma və müdafiəyə ehtiyacı olması, əmək şəraiti, işinin mahiyyəti, peşə hazırlığı və yaşı nəzərə alınır. 1.5-ci bəndinə əsasən tibbi-sosial ekspert komissiyaları tərəfindən birinci, ikinci və üçüncü dərəcə əlillik və 18 yaşınadək uşaqlara münasibətdə sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunur. 4.1. Birinci dərəcə əlillik və tibbi göstəriş olan xüsusi hallarda ikinci və üçüncü dərəcə əlillik müddətsiz müəyyən edilir. İş materiallarına əlavə edilmiş sonuncu müayinəyə dair məlumatdan, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin ayrı-ayrı qurumları tərəfindən verilmiş arayışlardan görünür ki, iddiaçıya xx.xx.2018-ci ildə Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar müddətsiz ikinci dərəcə əlillik təyin edilmişdir. DSMF Hərbi Qululqçular və Xüsusi Rütbəli Şəxslərlə İş Şöbəsinin xx.xx.2018-ci il tarixli 18/2738 nömrəli Qərarına əsasən iddiaçıya xx.xx.2018-ci ildən 2-ci qrup əlilliyə görə ömürlük əmək pensiyası da təyin edilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Nərimanov rayon şöbəsi tərəfindən iddiaçıya xx.xx.2018-ci ildən Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar müddətsiz ikinci dərəcə əlil olması ilə əlaqədar xx.xx.2018-ci ildə vəsiqə də verilmişdir. Lakin 2023-cü ildə əlilliyə görə ömürlük təyin edilmiş əmək pensiyasının ödənilməsi dayandırılmışdır. Buna əsas isə Mərkəzləşdirilmiş elektron informasiya sisteminin (MEİS) “Əlillik” altsistemində iddiaçının əlilliyinin “müddətli” təyin edilməsi barədə məlumatın yerləşdirilməsi olmuşdur. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh tərəfindən iddiaçının əlilliyinə dair qiymətləndirmə Əlillik altsistemində dəyişiklik edilsə də, cavabdeh tərəfindən bununla əlaqədar hər hansı araşdırma aparılmamış, qərar qəbul edilməmişdir. Cavabdeh qeyd olunan tarixdə iddiaçıya əlilliyin müddətli təyin edildiyini bildirsə də, məhkəmə iclasında araşdırılmış sübutlarla müəyyən edildi ki, iddiaçıya ilkin olaraq əlillik xx.xx.2018-ci ildə müddətsiz təyin edilmişdir. Bununla əlaqədar qeyd olunan sənədlər Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən iddiaçının şəxsi işində (iş mat., səh.101-138), eləcə də DSMF-nin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən iddiaçının pensiya işində (iş mat., səh.140-156) olan digər sənədlərlə birlikdə məhkəməyə də təqdim edilmişdir. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, məhkəmə tərəfindən hazırki iş üzrə məhkəmə tibbi ekspertizası təyin edilmiş, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi-Ekspertiza və X2 xx.xx.2024-cü il tarixli T622/2024 saylı ekspert rəyi ilə müəyyən edilmişdir ki, iddiaçının əsas diaqnoz və ağırlaşmaları müharibə ilə əlaqədar olan travmalar qrupuna aiddir, həmin xəstəliklərlə əlaqədar o, psixiatrik dispanserdə və sahə poliklinikasında daimi qeydiyyata götürülür və yazılmış dərman preparatlarını həkim psixiatrın nəzarəti altında daima qəbul edir. Göründüyü kimi, cavabdeh tərəfindən inzibati icraat düzgün aparılmamış, qanunvericilikdə nəzərdə tutulmuş inzibati icraatın aparılması qaydalarına əməl edilməmişdir. Eyni zamanda cavabdeh işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmadan, sübutlar toplamadan əlillik altsistemində dəyişiklik etmişdir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qəbul etdiyi qərarın ləğvi üçün əsas hesab edilə bilməz. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, qərar dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6883/2023 nömrəli, 28 noyabr 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan tam formada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-1722/2024
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1722/2024
18.12.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver