Məhkəmə qərarları › İş №2-1(103)-1723/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1723/2021

16.06.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1723/2021 16.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Həmidov Həmid Üzeyir oğlu (sədrlik edən və məruzəçi), Məmmədova Şərafət Asif qızından və Yusifov Cahangir Afər oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X2 qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyətinə qarşı “X3 Kompani S.A.” şirkəti iş üzrə üçüncü şəxs qismində cəlb edilməklə “sərəncamın ləğv edilməsi” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3171/2020 saylı, 22 sentyabr 2020-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməyə müraciət edərək, Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyətinin 29.09.2018-ci il tarixli 150 saylı Sərəncamının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyəti Başçısının 16.07.2018-ci il tarixli, 111 saylı Sərəncamı ilə Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, 316 saylı tam orta məktəbin yaxınlığında yerləşən ərazidə 0,72 ha ölçüdə torpaq sahəsi sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün icarə əsasında iddiaçıya verilmiş və onunla Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyəti arasında icarə müqaviləsi bağlanmışdır. Bunun əsasında iddiaçıya icarə hüquqlarının dövlət reyestrində qeydə alınmasına dair Azərbaycan Respublikası ƏMDK-nın yanında DƏDRX tərəfindən 17.08.2018-ci il tarixli, RX seriyalı, ******* saylı çıxarış verilmişdir. Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyəti Başçısının 29.09.2018-ci il tarixli, 150 saylı Sərəncamı ilə Suraxanı RİHB-in 16.07.2018-ci il tarixli, 111 saylı Sərəncamı ləğv edilmiş və bu akt onunla əsaslandırılmışdır ki, “X3 Kompani S.A.” şirkəti icra hakimiyyətinə müraciət edərək qeyd edilən torpaq sahəsinin “Kontrakt Sahəsi”nin hüdudları daxilində yerləşdiyini bildirmələri və sərəncamın ləğvi barədə xahiş etmişlər. Lakin inzibati akt olan Suraxanı RİHB-in 29.09.2018-ci il tarixli, 150 saylı Sərəncamı tamailə əsassızdır və qanunsuzdur. Bu səbəbdən də həmin Sərəncam ləğv edilməlidir. Belə ki, Bakı şəhəri, Suraxanı rayon İcra Hakimiyyəti 13.06.2018-ci il tarixli R-63-151 saylı məktubla Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında X1 Təşkili üzrə Dövlət Agentliyinə müraciət edərək Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, 316 saylı tam orta məktəbin yaxınlığında yerləşən ərazidə 0,72 ha ölçüdə torpaq sahəsinin sahibkarlıq faaliyyəti ilə məşğul olmaq üçün icarə əsasında iddiaçıya ayrılmasına dair rəy bildirməsini xahiş etmişdir. Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında X1 Təşkili üzrə Dövlət Agentliyi 10.07.2018-ci il tarixli **********10 saylı məktubu ilə qeyd edilən torpaq sahəsinin iddiaçıya istifadəyə verilməsi üçün maneə olmadığını və buna etiraz etmədiklərini bildirilmişdir. Bundan başqa "X3 Kompani S.A" şirkəti məhkəmədə iddia qaldıraraq icarə hüquqlarının dövlət reyestrində qeydə alınmasına dair AR Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX tərəfindən 17.08.2018-ci il tarixli RX seriyalı ******* saylı Çıxarışın etibarsız hesab edilməsini xahiş etmişdir. Lakin onların bu iddiası Bakı şəhəri, Suraxanı rayon Məhkəməsinin 16.07.2019-cu il tarixli 2(010)-903/19 saylı qətnaməsi ilə təmin edilməmişdir. İddiaçının həmin qətnamədən verdiyi apellyasiya şikayəti də Bakı Apellyasiya Məhkəməsinin 27.11.2019-cu il tarixli 2(103)-13297/2019 saylı qətnaməsi ilə təmin edilməmişdir. Həmin məhkəmə baxışları zamanı da müəyyən edildi ki, qeyd edilən torpaq sahəsinin "X3 Kompani S.A" şirkətinın kontrakt sahəsinə heç bir aidiyyatı yoxdur. Belə ki, iş materiallarında olan "Məhkəmə tikinti-texniki ekspertizasının 20.05.2019-cu il tarixli 11515 saylı rəyində göstərilmişdir ki, həmin torpaq sahəsinin iddiaçının istifadəsində olmaqla dövlət mülkiyyəti torpağı olduğu müəyyən edilmişdir. Bundan başqa Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin Bakı şəhəri, Suraxanı rayon Məhkəməsinə ünvanladığı 11.04.2019-cu il tarixli **********45 saylı mütəxəssis rəyində göstərilmişdir ki, "Kadastr və Yerquluşu Layihə Tədqiqat Mərkəzi"nin elektron bazasında araşdırma aparılmış və məlum olmuşdur ki, qeyd edilən koordinatlar üzrə yerləşən torpaq sahəsi İddiaçı icarəsində olmaqla Dövlət mülkiyyəti torpağıdır". Beləliklə də araşdırma ilə və bunun nəticəsində çıxarılmış məhkəmə qətnamələri ilə tam müəyyən edilmişdir ki, həmin torpaq sahəsi dövlət mülkiyyəti torpağıdır və onun "X3 Kompani S.A" şirkətinə və SOCAR-a heç bir aidiyyatı yoxdur. Başqa sözlə Bakı şəhəri, Suraxanı rayon İcra Hakimiyyəti Başçısının 29.09.2018- ci il tarixli 150 saylı Sərəncamında göstərilmiş halların heç biri mövcud deyildir. Belə olan halda həmin inzibati akt qanunsuzdur va iddiaçının manafelərinə toxunur. Bu inzibati akt, yəni Bakı şəhəri, Suraxanı rayon İcra Hakimiyyəti Başçısının 29.09.2018-ci il tarixli 150 saylı Sərəncamı barəsində məhkəməyə şikayət verilməmişdir. Qeyd edilən inzibati aktın ləğv edilməsi ilə bağlı iddiaçı 08.01.2020-ci il tarixdə Bakı şəhər Suraxanı rayon İcra Hakimiyyətinə müraciət etmişdir. Lakin cavabdeh həmin ərizəyə ümumiyyətlə cavab verməmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3171/2020 saylı, 22 sentyabr 2020-ci il tarixli qərardadı ilə “X3 Kompani S.A.” şirkəti iş üzrə üçüncü şəxs qismində cəlb edilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3171/2020 saylı, 22 sentyabr 2020-ci il tarixli qərardadı ilə İddiaçı cavabdeh Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyətinə qarşı “X3 Kompani S.A.” şirkəti iş üzrə üçüncü şəxs qismində cəlb edilməklə “sərəncamın ləğv edilməsi” tələbinə dair iddiası mümkün sayılmamışdır. İddiaçı apellyasiya şikayəti verərək Bakı İnzibati Məhkəməsinin 22 sentyabr 2020-ci il tarixli, 2-1(112)-3171/2020 nömrəli qərardadının ləğv edilməsini, iddianın mümkün hesab etməklə inzibati işin baxılması üçün həmin Məhkəməyə qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə öz qərardadında iddianın mümkünsüzlüyünü iddiaçı “X3 Kompani S.A" şirkətinin Bakı şəhər Suraxanı rayon İcra Hakimiyyətinin iddiası üzrə mülki işə baxarkən məlumatı olması ilə əsaslandırmışdır ki, məhkəmənin bu mövqeyi Azərbaycan Respublikası İPM-nin 38-ci maddəsinin tələblərinə ziddir. Həmin maddədə göstərilmişdir ki, mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. Məcburetmə haqqında iddia tələb olunan inzibati aktın qəbul edilməsindən imtina barədə iddiaçıya müvafiq inzibati aktın təqdim edildiyi və ya bu barədə yazılı məlumatın verildiyi vaxtdan 30 gün müddətində qaldırıla bilər. Lakin günədək mübahisələndirilən inzibati aktı qəbul etmiş Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyəti tərəfindən həmin akt iddiaçıya rəsmən təqdim edilməmiş və ya elan edilməmişdir. İddiaçının həmin sərəncam barədə məlumatı Bakı şəhəri, Suraxanı rayon Məhkəməsində "X3 Kompani S.A" şirkətinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin DƏMDR xidmətinə qarşı "Çıxarışın etibarsız hesab edilməsi" tələbinə dair baxılan mülki iş üzrə keçirilən məhkəmə baxışı zaman yaranmışdır. Lakin qeyd edilən məhkəmə prosesində iddiaçı "X3 Kompani S.A" şirkəti tərəfindən məhkəməyə təqdim edilən sənəd hazırda mübahisələndirilən sərəncamın kserosurəti olmuşdur. Qeyd edilən məhkəmə proseslərində Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyəti tərəf kimi cəlb edilsə də, heç bir prosesdə iştirak etməmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-1933/2020 saylı 10.11.2020-ci il tarixli qərardadı ilə Bakı İnzibati Məhkəməsinin 22 sentyabr 2020-ci il tarixli, 2-1(112)-3171/2020 nömrəli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Həmin qərardaddan iddiaçı kassasiya şikayəti vermiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-582/2021 saylı 07.04.2021-ci il tarixli qərardadı ilə kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-1933/2020 saylı 10.11.2020-ci il tarixli qərardadı ləğv edilərək iş yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Cavabdeh və üçüncü şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, nümayəndələri məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası İPM-nin 62.3-cü maddəsinə əsasən məhkəmə kollegiyası işə onların nümayəndələrinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək məhkəmədən apellyasiya şikayətinin təmin olunmasını xahiş etdi. Məhkəmə kollegiyası iddiaçının nümayəndəsi və vəkilinin izahatını dinləyərək və apellyasiya şikayətini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli və birinci instansiya məhkəməsinin hazırkı iş üzrə qərardadı ləğv edilməli, iş yenidən baxılması üçün Bakı İnzibati Məhkəməsinə göndərilməlidir. İş materiallarında olan Bakı şəhəri Suraxanı rayonu İcra Hakimiyyəti Başçısının 16.07.2018-ci il tarixli, 111 nömrəli sərəncamının (sərəncam İcra Hakimiyyəti Başçısı İlqar Abbasov tərəfindən imzalanmışdır) surətinə əsasən qeyd edilmişdir ki, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, 316 saylı tam orta məktəbin yaxınlığında yerləşən ərazidə 0,72 ha torpaq sahəsi sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün icarə əsasında vətəndaş İddiaçı istifadəsinə verilmişdir. İş materiallarında olan RX seriyalı, ******* nömrəli ƏMDK yanında DƏDRX Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi 316 saylı tam orta məktəbin yaxınlığında yerləşən 0,72 ha torpaq sahəsi 49 il müddətinə İddiaçı icarəyə verilməklə 17 avqust 2018-ci ildə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış və A № 300837 saylı plan-ölçü tərtib olunmuşdur. İş materiallarında olan Bakı şəhəri Suraxanı rayonu İcra Hakimiyyəti Başçısının 26.09.2018-ci il tarixli, 150 nömrəli sərəncamının surətindən görünür ki, Suraxanı RİHBnin 16.07.2018-ci il tarixli, 111 nömrəli sərəncamı ləğv edilmişdir. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 27.11.2019-cu il tarixli, 2-(103)-13297/2019 nömrəli qətnaməsi ilə (hakimlər-İ.Şirinov, T.Səmədov, E.Kazımov) iddiaçı “X3 Kompany S.A.” şirkəti tərəfindən verilən apellyasiya şikayətinin qismən təmin edilməsi, Suraxanı Rayon Məhkəməsinin 2(010)-903/2019 saylı, 16.07.2019-cu il tarixli qətnaməsinin ləğv edilməsi, iş üzrə yeni qətnamənin qəbul edilməsi, iddiaçı “X3 Kompany S.A.” şirkətinin cavabdeh Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “çıxarışın etibarsız hesab edilməsi” tələbinə dair iddiasının təmin edilməməsi qərara alınmışdır. İş materiallarında olan Ali Məhkəmənin Mülki Kollegiyasının 21.05.2020-ci il tarixli, 2(102)-3049/2020 nömrəli qərarı ilə (hakimlər-M.Əhmədova, Ə.Nurməmmədov, İ.Xəlilov) iddiaçı “X3 Kompany S.A.” şirkətinin kassasiya şikayətinin təmin edilməməsi, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 27.11.2019-cu il tarixli, 2-(103)- 13297/2019 nömrəli qətnaməsinin dəyişiklik edilmədən saxlanılması qərara alınmışdır. Birinci instansiya məhkəməsi iddianı qeyri-mümkün hesab edərkən Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyətinin 29.09.2018-ci il tarixli 150 saylı Sərəncamının ləğv edilməsi ilə bağlı şikayətin verilməsi üçün iddiaçı tərəfindən qanunla müəyyən olunmuş 30 (otuz) günlük müddətin bitdiyi, iddiaçının həmin sərəncamın mövcudluğundan ən geci 16 iyul 2019-cu il tarixdən, yəni Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin icraatında olan 2(010)-903/2019 saylı iş üzrə keçirilən məhkəmə iclasında xəbərdar olduğu qənaətinə gəlmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin hüquqi nəticəsi ilə razılaşmır və qeyd edir ki, Azərbaycan Respublikası İPM-nin 35-ci maddəsinin təfsirinə görə, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir, iddianın əsaslı hesab edilərək, məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtləri - iddia tələbinin iddia müddətinə dair normalara riayət edilməklə, iddiaya cavab verilməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Azərbaycan Respublikası Konstitusiyasından, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və digər normativ hüquqi aktlardan irəli gəlməsi, inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtmal edilən pozulması zamanı deyil, konkret hüquqlarının pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» 10 aprel 2015-ci il tarixli 5 №-li qərarında göstərilmişdir ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (qərarın 1.1, 1.3, 1.4 və 2.1-ci bəndləri). Həmçinin iddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxırıldığı anda mövcud olmalıdırlar. İddianın mümkünlük şərtlərindən biri də iddianın qanunla müəyyən olunmuş müddətdə verilməsidir. Qanunvericilikdə iddia növlərindən asılı olaraq müxtəlif iddia müddətləri müəyyən olunmuşdur. Bu baxımdan işin halları araşdırıldıqda görünür ki, verilmiş iddia İPM-nin 2.2.1-ci və 32-cı maddələri anlamında mübahisələndirmə haqqında iddiadır. Bu növ iddialar Azərbaycan Respublikası İPM-nin 38.1-ci maddəsində iddia müddətlərinə tabe tutulur və iddia müddəti, inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi halda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müəyyən olunmuşdur. Hazırki işdən görünür ki, birinci instansiya məhkəməsi iddia müddəti ötürüldüyünə görə iddianı mümkün saymamışdır. Məhkəmə kollegiyası qeyd edir ki, mübahisələndirilən inzibati aktın iddiaçıya təqdim və ya elan olunması iş materialları ilə müəyyən edilmir. Lakin işə baxmış birinci instansiya məhkəməsi iddia müddətinin buraxılması barədə nəticəyə gəlmiş və mövqeyini onunla əsaslandırmışdır ki, "X3 Kompani S.A" şirkətinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı adına verilmiş 17.08.2018-ci il tarixli RX seriyalı ******* saylı çıxarışın etibarsız hesab edilməsini xahiş etmiş, Suraxanı Rayon Məhkəməsinin 2(010)-903/2019 saylı, 16.07.2019-cu il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. Həmin qətnamənin əsaslandırıcı hissəsində Suraxanı rayon İcra Hakimiyyəti başçısının 26 sentyabr 2018-ci il tarixli 150 saylı sərəncamının mövcudluğuna istinad olunmuşdur. Bakı İnzibati Məhkəməsi bu fakta istinad etməklə o nəticəyə gəlmişdir ki, iddiaçının Suraxanı rayon İcra Hakimiyyəti başçısının 26 sentyabr 2018-ci il tarixli 150 saylı sərəncamı barədə hələ 2019-cu ildə, iddia qaldırmazdan əvvəl məlumatı olmuşdur. Məhkəmə kollegiyası qeyd edir ki, "X3 Kompani S.A" şirkətinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında DƏDRXnin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı İddiaçı adına verilmiş 17.08.2018-ci il tarixli RX seriyalı ******* saylı çıxarışın etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsinin surəti iş materiallarına əlavə olunmuşdur. Həmin iddia ərizəsindən görünür ki, Suraxanı rayon İcra Hakimiyyəti başçısının 26 sentyabr 2018-ci il tarixli 150 saylı sərəncamının surəti də iddia ərizəsinə əlavə olunmuşdur. Azərbaycan Respublikası MPM-nin 168.1-ci maddəsinin tələbinə görə iddia ərizəsinin surətini və ona əlavə edilmiş sənədlərin cavabdehə rəsmi qaydada verilməsini təmin edir. Lakin Suraxanı rayon Məhkəməsi tərəfindən bu sərəncamın surətinin iddiaçıya rəsmi təqdim olunması müəyyən olunmur. Bundan başqa, işin birmənalı olaraq qəbul olunan halı ondan ibarətdir ki, "X3 Kompani S.A" şirkətinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı çıxarışın etibarsız sayılması tələbinə dair iddia verilənədək iddiaçıya sözügedən sərəncamdan “məlumatlı olması” müəyyən olunmur. Həmin iddia üzrə icraatda sərəncam əsasında İddiaçı verilmiş çıxarışın hüquqi həll olunmuşdur ki, bu da ona torpaq sahəsi verilməsinin qanuniliyi ilə bilavasitə əlaqəli olmuşdur. İşin bu halı hətta onun sözügedən sərəncamdan məlumatlı olsa belə, mülki işin nəticələrini nəzərə almaqla hərəkət etməsini doğurmuşdur. İş materiallarından görünür ki, qeyd olunan mülki iş üzrə icraat Ali Məhkəmənin 21.05.2020-ci il tarixli qərarı çıxarılmaqla tamamlanmışdır. Lakin İddiaçı hazırki iddianı 10.02.2020-ci il tarixdə vermişdir. Bu hal onu deməyə əsas verir ki, İddiaçı mülki işin gedişində müşahidəçi kimi qalmamış, ona verilmiş torpaq sahəsinin "X3 Kompani S.A" şirkətinin istifadəsində olan torpaq sahəsi ilə üst-üstə düşmədiyini müəyyən etdikdə, mülki iş üzrə icraatın qurtarmasını gözləmədən inzibati aktı mübahisələndirmişdir. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, ididaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət edərək Suraxanı rayon İcra Hakimiyyəti başçısının 26 sentyabr 2018-ci il tarixli 150 saylı sərəncamın ləğvini tələb edərkən müddət ötürülməmiş sayılmalıdır. Odur ki, hazırkı iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3171/2020 saylı, 20 sentyabr 2020-ci il tarixli qərardadı ləğv olunaraq iş müvafiq prosessual hərəkətlərin aparılması üçün Bakı İnzibati Məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 87.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər.

1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda;

2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə. Qeyd olunanlara əsasən və İPM-in 68, 69, 87, 89, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı:

Apellyasiya şikayəti qismən təmin olunsun. Hazırkı iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3171/2020 saylı, 22 sentyabr 2020-ci il tarixli qərardadı ləğv edilsin. İş müvafiq prosessual hərəkətlərin edilməsi üçün Bakı İnzibati Məhkəməsinə göndərilsin. Qərardaddan şikayət verilmir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar