Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1723/2023 06.04.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), X3, Məmmədova Şərafət Asif qızından ibarət tərkibdə, cavabdehin nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “qərarın ləğv edilməsi tələbinə dair” inzibati mübahisə üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5465/2023 saylı xx.xx.2023-cü il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İ. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı mübahisələndirmə haqqında iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək “Əmək pensiyaları haqqında” Qanunun 9.3-cü maddəsinə əsasən təyin edilmiş güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının dayandırılmasına dair cavabdeh tərəfindən qəbul edilmiş qərarın ləğv edilməsini xahiş etmişdir. İddianın əsaslarına görə cavabdeh tərəfindən iddiaçıya “Əmək pensiyaları haqqında” Qanunun 9.3-cü maddəsinə əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmiş, lakin ona təyin olunmuş əmək pensiyası cavabdehin qərarı ilə 2022-ci ilin dekabr ayında dayandırılmışdır. İddiaçı hesab edir ki, cavabdehin həmin qərarı əsassızdır. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5465/2023 saylı xx.xx.2023-cü il tarixli qərardadı ilə işin aidiyyəti üzrə baxılması üçün Gəncə İnzibati Məhkəməsinə göndərilməsi qərara alınmışdır. İddiaçı apellyasiya şikayəti verərək, həmin qərardadın ləğv edilməsini və işə Bakı İnzibati Məhkəməsində baxılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmənin gəldiyi nəticə düzgün olmamış, əsassızdır. Belə ki, iddiaçının qeydiyyat yeri Gəncə şəhəri olsa da iddia ərizəsinə əlavə edilmiş sənədlərə əsasən iddiaçının işlədiyi müəssisə Bakı şəhərində yerləşməsi, eləcə də ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 110.3 kv.m-dən ibarət 3 otaqlı mənzili xx.xx.2020-ci il tarixli satmaq öhdəliyi ilə bağlanmış KM 0384 №-li kirayə müqaviləsinə əsasən Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondundan kirayəyə götürmüşdür. Göründüyü kimi, iddiaçının qeydiyyatda olduğu yer Gəncə şəhəri olsa da o, hazırda Bakı şəhərində yerləşən, "xxxx" Avia Şirkəti“ MMC-də işləyir və gələcəkdə satınalma hüququ saxlanılmaqla, Bakı şəhəri Nizami rayonunda yerləşən mənzili uzun müddətli şəkildə kirayəyə götürərək orada yaşayır. Hazırkı iddia mübahisələndirmə haqqında iddialara aid edildiyindən bu məcəllənin 8.1.2-ci maddəsinin 2-ci cümləsi tətbiq edilməlidir. Həmin normaya diqqət yetirdikdə isə burada aidivyət qaydalarını müəyyən etmək üçün şəxsin, yəni, iddia verənin yaşayış yerinin və ya olduğu yer üzrə məhkəməyə müraciət etmək təsbit olunmuşdur. Məhkəmə kollegiyasının iclası barədə lazımi qaydada məlumat verilmiş iddiaçı məhkəmə iclasında iştirak etməmiş, İPM-in 62.3-cü maddəsinin tələblərini nəzərə alan məhkəmə kollegiyası onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi F.Məmmədova məsəlnin həllini məhkəmənin səlahiyyətlərinə buraxdığını bildirmişdir. İİ. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb belə hesab edir ki, aşağıdakı əsaslara görə iddiaçının apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. İPM-in 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. İddiaçının qeyd olunan iddia tələbindən göründüyü kimi, mübahisləndirmə haqqında iddia vasitəsilə ona təyin olunmuş güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının dayandırılmasına dair cavabdehin qərarının ləğv olunmasını tələb etmişdir. İPM-in 8.1.2-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Azərbaycan Respublikasının xaricdə yerləşən diplomatik nümayəndəlikləri və konsulluqlarının səlahiyyətinə aid olan ərazilərdə Azərbaycan Respublikasına qarşı iddialara müvafiq icra hakimiyyəti orqanının yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur. Qanunun qeyd olunan 8.1.2-ci maddəsinin 2-ci cümləsindən göründüyü kimi, inzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda mübahisələndirmə haqqında iddialara birinci növbədə hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır (eyni qayda məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur). İş üzrə cavabdeh inzibati orqan, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı isə bütün respublika miqyasında güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyinatını mərkəzləşdirilmiş qaydada həyata keçirir. Başqa sözlə, Mərkəzi Filialın səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aiddir. Belə olan halda da işə iddiaçının iddia tələbi üzrə işə onun yaşayış yerinin məhkəməsi tərəfindən baxılmalıdır. Şəxsin yaşayış yeri isə qanunvericiliklə aşağıdakı qaydada müəyyən edilir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə görə Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər (bundan sonra şəxslər) Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Həmin Qanunun 3-cü maddəsinin 1-ci bəndinə görə yaşayış yeri Azərbaycan Respublikası vətəndaşı barədə yalnız Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi ilə müəyyən edilir. Həmin Qanunun 5-ci maddəsinə görə yaşayış yeri üzrə qeydiyyatda olmayan vətəndaşa ilk dəfə Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi verilərkən o, yaşayış yeri üzrə qeydiyyata alınır. “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən isə şəxsiyyət vəsiqəsi Azərbaycan Respublikasının ərazisində Azərbaycan Respublikası vətəndaşının şəxsiyyətini təsdiq edən sənəddir. xx.xx.1965-ci il təvəllüdlü iddiaçının işə əlavə olunmuş AZE seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, yaşayış yeri üzrə ünvan 2 ünvanında qeydiyyatdadır. Beləliklə də, qanunvericiliyin qeyd olunan tələbləri baxımından, iddiaçının yaşayış yeri ünvan 2 ünvanı hesab olunur. Belə olan halda, onun hazırkı mübahisələndirmə haqqında iddiası Gəncə İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edilir. Belə ki, “Məhkəmələr və hakimlər haqqında” Qanunun 43-cü maddəsinin tələbinə əsasən isə inzibati məhkəmə Azərbaycan Respublikasının inzibati ərazi vahidləri təşkil edilir. İnzibati-iqtisadi məhkəmənin təşkili və olduğu yer Məhkəmə-Hüquq Şurasının təklifi nəzərə alınmaqla, Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndinə uyğun olaraq müəyyən olunur, ərazi yurisdiksiyası isə Məhkəmə-Hüquq Şurası tərəfindən müəyyən olunur. Məhkəmə-Hüquq Şurasının “Azərbaycan Respublikası apellyasiya, ağır cinayətlər, hərbi və inzibati məhkəmələrinin ərazi yurisdiksiyası”nın təsdiq edilməsi barədə 14 noyabr 2019cu il tarixli 2 №-li qərarı ilə Gəncə şəhəri – Gəncə İnzibati Məhkəməsinin ərazi yurisdiksiyasına aid edilmişdir. Beləliklə də, hazırkı işin ərazi üzrə məhkəmə aidiyyəti Gəncə İnzibati Məhkəməsinin yurisdiksiyasına aid olduğu sübuta yetirilir. Göründüyü kimi, iddiaçının apellyasiya şikayətinin, onun Bakıda işlədiyini, satınalma hüququ ilə kirayə müqaviləsi üzrə Bakı şəhərində yaşaydığını və İPM-in 8.2.1-ci maddəsinin 2-ci cümləsini əsas gətirərək, işə Bakı İnzibati Məhkəməsində baxılmalı olduğunu mübahisələndirən dəlilləri əsassızdır. Birinci instansiya məhkəməsi də məhz, qeyd olunanlar nəzərə alınmış və işin ərazi aidiyyəti üzrə baxılması X2 aid edilərək həmin məhkəmə yə göndərilməsi qərara alınmışdır. Ona görə də məhkəmə kollegiyası belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsinin qərardadında gəldiyi nəticə qanuni və əsaslı hesab edilməlidir. Bu baxımdan, məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətinin həmin qərardadın əsassız olduğunu mübahisələndirən dəlilləri ilə razılaşmır və yekunda belə nəticəyə gəlir ki, iddiaçının apellyasiya şikayəti təmin edilmədən, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5465/2023 saylı xx.xx.2023-cü il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Göstərilənlərə əsasən və İPM-in 8, 80, 87 və 90-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçının apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5465/2023 saylı xx.xx.2023-cü il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-1723/2023
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1723/2023
06.04.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver