Məhkəmə qərarları › İş №2-1(103)-1724/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1724/2021

02.07.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1724/2021 02.07.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İş № 2-1(103)-1724/21 QƏRARDAD 02 iyul 2021-ci il Bakı şəhəri Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər: Tağızadə Mirzə Nəsib oğlu (sədrlik edən və məruzəçi), X6 və Cəmilova Xəyalə Adil qızından ibarət tərkibdə X7 qızının katibliyi, İddiaçı4, İddiaçı1, İddiaçıların vəkili Vəkil, Üçüncü şəxs X2 vəkili X4 iştirakları ilə, İddiaçı2 və qeyrilərinin cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinə (hazırki Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Komitəsi) qarşı yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (üçüncü şəxs X5) özəlləşdirmənin ləğv edilməsi tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)-185/2020 saylı iş üzrə qəbul etdiyi 29 iyun 2020ci il tarixli qərardadından İddiaçı4 tərəfindən verilmiş apelyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1850/2020 saylı iş üzrə qəbul etdiyi 29 iyun 2020-ci il tarixli qərardadı ilə İddiaçı1 və digərlərinin cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinə (hazırki Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Komitəsi) qarşı (üçüncü şəxs X5) özəlləşdirmənin ləğv edilməsi tələbinə dair iddiası mümkün sayılmamışdır. Qərardaddan İddiaçı4 şikayət verərək qərardadın ləğv edilməsi və iddianın mümkün sayılması barədə yeni qərardad qəbul edilməsini xahiş etmişdir. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, dövlət əmlakının özəlləşdirilməsi prosesi inzibati fəaliyyətdir, dövlət orqanı bu fəaliyyəti həyata keçirərkən özəlləşdirməyə çıxarılacaq dövlət əmlakı haqqında ilk öncə müvafiq inzibati akt - sərəncam qəbul edir, alqı-satqı müqaviləsi həmin sərəncamdan irəli gələn sənəddir. Məhkəmə cavabdehə sorğu ilə müraciət etsə də, cavabdeh həmin inzibati aktı gizlədərək məhkəməyə təqdim etməmişdir. Alqı-satqı müqaviləsini təqdim edərək, mübahisəyə mülki-hüquqi məzmun verməyə çalışmışdır. Məhkəmə isə sənədlərin tam verilməsini tələb etmədən, iddianı mümkün saymamışdır. Birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsi, iddianın mümkün sayılması və mahiyyəti üzrə baxılması üçün birinci instansiya məhkəməsinə göndərilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasının 2-1(103)-448/2021 saylı 17 fevral 2021-ci il tarixli qərardadı ilə İddiaçı4 apelyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır. Qərardan iddiaçı kassasiya şikayəti vermiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-835/2021 saylı, 28 aprel 2021-ci il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasının 2-1(103)-448/2021 saylı 17 fevral 2021ci il tarixli qərardadı ləğv edilmiş, iş təkrar baxılması üçün apelyasiya məhkəməsinə göndərilmişdir. Təkrar apelyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən ididaçı tərəf şikayəti müdafiə edərək qərardadın ləğv edilməsi və iddia tələbinin mümkün sayılması barədə qərardad qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən üçüncü şəxsin vəkili apelyasiya şikayətinə etiraz edərək, birinci instansiya məhkəməsinin qərardadının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə müvafiq qaydada məlumatlandırılmasına baxmayaraq cavabdeh tərəf məhkəmə iclasına gəlməmiş, məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq aşağıdakı nəticəyə gəlir. İşin hallarından görünür ki: Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən X2 adına ünvan 1 ünvanında yerləşən 2137,1 kv.m qeyri-yaşayış sahəsinə dair 14.03.2015-ci il tarixli, ******* nömrəli Çıxarış və həmin çıxarış əsasında eyni tarixli texniki pasport tərtib edilərək verilmişdir. İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5, İddiaçı6, İddiaçı7, İddiaçı8 cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinə qarşı iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, ünvan 2 ünvanında yerləşən “Atıcı” (Oxatan) Pioner düşərgəsinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən X2 adına özəlləşdirilməsinin ləğv edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Mübahisə birinci instansiya və apelyasiya məhkəmələri tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. Təkrar apelyasiya baxışı zamanı Kollegiya işin hallarını, kassasiya məhkəməsinin mövqeyini nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən işin halları kifayət qədər araşdırılmadan yekun nəticəyə gəlinmişdir. Buna görə də məhkəmənin mübahisəli qərardadı ləğv edilərək işin faktiki hallarına uyğun yeni qərardad qəbul edilməlidir. AR İnzibati Prosessual Məcəlləsinin: - 2.1-ci maddəsinə görə qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati-iqtisadi məhkəmələr və inzibati-iqtisadi kollegiyalar tərəfindən həyata keçirilir. - 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. - 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. - 58.1-ci maddəsinə görə sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. - 58.7-ci maddəsinə görə sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. - 60-cı maddəsinə görə inzibati orqanlar məhkəmənin tələb etdiyi sənədləri və ya aktları, habelə zəruri məlumatları təqdim etməyə borcludurlar. Həmin sənədlərin və ya aktların məzmununun açıqlanmasının qanunla qorunan maraqlara ziyan vura biləcəyi hallarda və ya müəyyən fəaliyyətin mahiyyətinə görə, yaxud qanuna əsasən məxfi saxlanılmalı olduğu hallarda məhkəmə həmin sənədlərin və ya aktların, habelə məlumatların qapalı məhkəmə iclasında araşdırılması barədə qərardad qəbul edir. “Dövlət əmlakının özəlləşdirməsi haqqında” AR Qanununun: - 8.1-ci maddəsinə görə Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsi prosesində dövlət əmlakının satıcısı kimi müvafiq icra hakimiyyəti orqanı çıxış edir. - 15.1-ci maddəsinə görə dövlət əmlakının özəlləşdirilməsi haqqında qərar müvafiq icra hakimiyyəti orqanları tərəfindən qəbul edilir. - 15.2-ci maddəsinə əsasən özələşdirmə haqqında qərarda obyektin özəlləşdirilməsinin məqsədəuyğunluğu əsaslandırılır və üsulları göstərilir. Müəyyən səhm zərfinin dövlət mülkiyyətində saxlanılması məqsədəuyğun hesab edildiyi halda, bu barədə həmin qərarda qeyd olunur. - 15.3-cü maddəsinə görə özəlləşdirmə obyekti barədə qərar çıxarılarkən, ölkənin müdafiəsini və dövlətin təhlükəsizliyini təmin etmək baxımından obyektin əhəmiyyəti, ölkənin iqtisadi maraqları, obyektin sahə xüsusiyyətləri və yerli əhəmiyyəti nəzərə alınır. - 15.4-cü maddəsinə müvafiq olaraq dövlət əmlakının özəlləşdirilməsi barədə qərar qəbul edildikdən sonra qanunvericiliyə uyğun olaraq özəlləşdirmə komissiyası yaradılır. Göründüyü kimi özəlləşdirilmə barədə qərarı müvafiq inzibati orqan qəbul etməlidir. Lakin birinci instansiya məhkəməsi hazırkı inzibati mübahisəni həll edərkən həmin Qanunun müddəalarını nəzərə almadan və ümumiyyətlə işin həqiqi hallarının araşdırılmasına çox səthi yanaşmış, bununla da İPM-nin 12.1, 58.7, 68.2-ci maddələrini pozaraq iş üzrə düzgün olmayan məhkəmə aktı qəbul etmişdir. Belə ki, birinci instansiya məhkəməsi özünün qərardadında göstərir ki, “iddiaçı hazırda cavabdeh inzibati orqan DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsinə qarşı iddia qaldırsa da, mübahisə predmeti olan daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüquqlarının qeydiyyatı müvafiq müqavilə əsasında aparıldığından mübahisə publik xarakterli sayıla bilməz. Odur ki, məhkəmənin qənaətinə görə hazırkı mübahisəyə inzibati məhkəmə icraatı qaydasında baxılması qeyri mümkündür.” Bununla əlaqədar olaraq məhkəmə kollegiyasi qeyd etməyi zəruri hesab edir ki, işin halları birinci instansiya məhkəməsi tərəfindən təhrif olunmuş şəkildə təsvir edilmişdir. Belə ki, işin 88-ci səhifəsində yer almış hüquqi sənəd Dövlət əmlakının idarə edilməsi üzrə Dövlət Komitəsi tərəfindən 22.01.2009-cu il tarixdə Y.T.Məmmədovanın adına verilmiş “Dövlət əmlakının hüquqi və fiziki şəxslərə satılmasına dair” şəhadətnamə, işin 89-cu səhifəsində isə olan hüquqi sənəd həmin Komitə tərəfindən 03.04.2009-cu il tarixdə Y.T.Məmmədovaya verilmiş “özəlləşdirilən müəssisə və obyektlərin, habelə fiziki və hüquqi şəxslər tərəfindən inşa edilmiş obyektlərin yerləşdiyi dövlət torpaq sahələrinin satılmasına dair” şəhadətnamə adlanır və sözügedən hər iki sənəd yalnız adıçəkilən Dövlət Komitəsinin sədri tərəfindən imzalanmış, Y.T.Məmmədovanın bir alıcı kimi orada imzası yoxdur. Bu arada qeyd edilməlidir ki, cavabdehin özünün birinci instansiya məhkəməsinə yazdığı 11 dekabr 2019-cu il tarixli etirazında göstərilmişdir ki, həmin Dövlət Komitəsi ilə Y.T.Məmmədova arasında bağlanmış 02.12.2008-ci il tarixli 8875 nömrəli icarə müqaviləsinə əsasən sözügedən qeyri-yaşayış sahəsi sonuncunun icarəsinə verilmişdir, bundan başqa yazılmışdır ki, Dövlət Komitəsi ilə Y.T.Məmmədova arasında bağlanmış 30.12.2008-ci il tarixli 2929 nömrəli “icarəyə verilmiş əmlakın alqı-satqı müqaviləsinə” əsasən yuxarıda qeyd olunan qeyri-yaşayış sahəsi sonuncu tərəfindən satın alınmışdır. Lakin qeyd edilməlidir ki, nə yuxarıda adı çəkilən müqavilələr, nə də ki, torpaq sahəsinin alqı-satqısı haqqında müqavilə iş materiallarında olmamışdır. Bununla əlaqədar xüsusi olaraq qeyd edilməlidir ki, işin 94-cü səhifəsində olan Əmlak Məsələləri Dövlət Komitəsinə birinci instansiya məhkəməsi tərəfindən sözügedən müqavilələrin məhkəməyə təqdim edilməsi tələb edilsə də, buna həmin Dövlət Komitəsi tərəfindən məhkəmənin sorğusuna cavab verilməmiş, yəni alqı-satqı müqavilələri məhkəməyə göndərilməmiş, lakin birinci instansiya məhkəməsi İPM-nin 12.1-ci maddəsini pozaraq, sözügedən alqi-satqı müqavilələri, həmçinin həmin müqavilələrin bağlanmasına əsas olmalı olan Dövlət Komitəsinin özəlləşdirmə haqqında qərarını (sərəncamı) əldə etmədən, onlara baxış keçirmədən, nəticə etibarı ilə də hüquqi qiymət vermədən, tələmtələsik “mübahisə predmeti olan daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüquqlarının qeydiyyatı müvafiq müqavilə əsasında aparıldığından mübahisə publik xarakterli sayıla bilməz”, hazırkı mübahisəyə inzibati məhkəmə icraatı qaydasında baxılması qeyri-mümkün olur kimi qənaətə gəlmiş və 29.06.2020-ci il tarixdə bu barədə qərardad qəbul etmişdir. Apelyasiya şikayətində iddiaçı iddanın mümkün sayılmamasına etitaz etməsinin əsas dəlili kimi, cavabdeh orqanın mübahisəli qeyri-yaşayış sahəsinin üçüncü şəxs tərəfindən özəlləşdirilməsinə əsas olan müvafiq inzibati aktının-sərəncamının olduğu halda məhkəməyə təqdim edilmədiyini, buna görə də məhkəmənin yalnız alqı-satqı müqaviləsinə nəzərən mübahisəli hüquq münasibətini mülki-hüquqi mübahisə kimi qiymətləndirdiyini bildirmiş, həmin aktın məhkəməyə təqdim edilərək, iş materiallarına əlavə edilməli olduğunu bildirmişdir. Təkrar apelyasiya baxışı zamanı əlavə sübutarın təqdim edilməsi məqsədilə məhkəmə kollegiyası AR Əmlak Məsələləri Dövlət Xidmətinə sorğu ünvanlamış və cavabdehin Bakı İnzibati Məhkəməsinə ünvanladığı11.12.2019-cu il tarixli, **********24 nömrəli məktubunda istinad olunan AR Dövlət Əmlakının İdarə edilməsi üzrə Dövlət Komitəsi ilə X5 arasında bağlanmış 02.12.2008-ci il tarixli, 8875 nömrəli icarə müqaviləsi və həmin məktubda qeyd olunan 30.12.2008-ci il tarixli, 2929 nömrəli icarəyə verilmiş əmlakın alqı-satqı müqaviləsinin, həmçinin həmin müqavilələrin bağlanmasına əsas olan Dövlət Komitəsinin özəlləşdirmə haqqında qərarının (sərəncamının) təsdiq edilmiş surətlərinin qısa vaxt ərzində Bakı Apelyasiya Məhkəməsinə göndərilməsi xahiş edilmişdir. 14.06.2021-ci il tarixli, **********30 nömrəli sorğuya cavab məktubuna əlavə olunan sənədlərin təsdiq edilmiş surətlərindən müəyyən edilir ki: AR Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsinin “daşınmaz dövlət əmlakının icarəyə verilməsi haqqında” 02.12.2008-ci il tarixli, 380 nömrəli sərəncamı verilmiş və həmin sərəncam əsasında X1 ilə AR Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi arasında Azərbaycan Dövlət Dəmir yolu, Texniki Qurğular və X3 Trestinin balansında olan Bakı şəhəri, Əzizbəyov rayonu, Buzovna qəsəbəsi ünvanında yerləşən ümumi sahəsi 2137,1 kv.m olan qeyri-yaşayış sahəsinin birincinin icarəsinə verilməsinə dair 02.12.2008-ci il tarixli 8870 nömrəli icarə müqaviləsi bağlanmışdır. AR Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsinin “icarəyə verilmiş dövlət əmlakının özəlləşdirilməsi haqqında” 29.12.2008-ci il tarixli, 408 nömrəli sərəncamı verilmiş və həmin sərəncam əsasında X1 ilə AR Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi arasında Azərbaycan Dövlət Dəmir yolu, Texniki Qurğular və X3 Trestinin balansında olan Bakı şəhəri, Əzizbəyov rayonu, Buzovna qəsəbəsi ünvanında yerləşən ümumi sahəsi 2137,1 kv.m olan qeyri-yaşayış sahəsinin birincinin icarəsinə verilməsinə dair 30.12.2008-ci il tarixli 2929 nömrəli alqı-satqı müqaviləsi bağlanmışdır. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən olunur ki, birinci instansiya məhkəməsinin gəlidyi nəticənin əksinə, hazırki iş üzrə mübahisəli qeyri-yaşayış sahəsinin üçüncü şəxs X2 adına özəlləşdirilməsinin əsasında birbaşa olaraq AR Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi ilə üçüncü şəxs arasında bağlanmış alqı-satqı müqaviləsi deyil, həmin alqı-satqı müqaviləsinin baglanmasına əsas olan müvafiq inzibati orqanın verdiyi 29.12.2008-ci il tarixli, 408 nömrəli sərəncam durur. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli qərarının 5.1ci bəndində göstərilir ki, inzibati mübahisələr inzibati orqanla fiziki və hüquqi şəxslər arasında inzibati aktın qəbul edilməsi, qəbul edilməsindən imtina olunması, ləğv edilməsi, dəyişdirilməsi, etibarsız sayılması, habelə inzibati orqanın faktiki xarakterli hərəkətləri (fəaliyyəti) və s. ilə bağlı yaranan münasibətlərdən irəli gəlir. Bu səbəbdən inzibati orqanların xaricə yönələn və maraqlı şəxsin publik hüquq sahəsindən irəli gələn bu və ya digər hüququn əldə edilməsi, hüququnun tanınması və ya hüquqlarının həyata keçirilməsi ilə bağlı inzibati orqana müraciətinin nəticəsi olaraq, yaxud inzibati orqanın öz təşəbbüsü ilə qəbul etdiyi aktlarının ləğv edilməsi və ya dəyişdirilməsi barədə (mübahisələndirmə haqqında), yaxud həmin aktların etibarsızlığının (qanunsuz) tanınması barədə (müəyyən etmə və tanınma haqqında) iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin qərarın 6.1-ci maddəsinə əsasən, torpaq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən nəzərə alınmalıdır ki, dövlətin və bələdiyyələrin mülkiyyətində olan torpaqların fiziki və hüquqi şəxslərin mülkiyyətinə, istifadəsinə və ya icarəsinə verilməsi dövlət orqanının və ya bələdiyyənin qərarı ilə həyata keçirildiyindən fiziki və hüquqi şəxslərlə hakimiyyət səlahiyyətlərinin subyektləri olan həmin orqanlar arasında onların torpaqla bağlı qərarlarından, hərəkətlərindən (hərəkətsizliklərindən) verilən iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Sadalananlara əsasən məhkəmə kollegiyası hesab edir ki, mövcud hüquq mübahisəsi mülki-hüquqi deyil, inzibati-hüquqi mübahisəyə aiddir və inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli qərarının 1.1, 1.2-ci bəndərinə əsasən, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Həmin qərarın 1.3, 1.4-cü bəndlərinə əsasən, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Həmin qərarın 2.3-cü maddəsinə görə məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 35.1-ci maddəsinin tələbindən də görünür ki, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Bеlə ki, qanunun normasının məzmunundan (tələbindən) görünür ki, qaldırılmış iddianın inzibati məhkəmə icraatı qaydasında baxılması üçün iddianın predmet və subyekt baxımından əsaslandırılması, başqa sözlə, iddianın ona cavab verən şəxsə qarşı qaldırılması, iddiada irəli sürülən tələbin inzibati məhkəmə icraatı qaydasında baxılmalı olub-olmaması (AR İPM-nin 2.2-ci maddəsi), irəli sürülən tələbin inzibati orqanın fəaliyyəti ilə bağlı olub-olmaması, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsi və sair cəhətdən əsaslandırıldığı halda onun inzibati məhkəmə icraatı mümkün sayıla bilər. İş materiallarından müəyyən olunur ki, birinci instansiya məhkəməsinin qərardadından yalnız iddiacı İddiaçı4 apelyasiya şikayəti vermişdir. Digər iddiaçılar apelyasiya şikayəti vermədiklərindən onlara münasibətdə qəradad qüvvəyə minmişdir. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası apelyatora münasibətdə iddianın mümkünlüyünü yoxlayır. Hazırkı halda iddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlərdən biri də iddiaçıların iddia qaldırmaq səlahiyyətinin olmasının, yəni cavabdehin qərar, hərəkət və ya hərəkətsizliyi nəticəsində subyektiv hüquqların pozulmasının əsaslandırılmasıdır. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, İddiaçı4 iddiasında inzibati mübahisəyə əsas ola biləcək halların mövcudluğunu - ünvan 2 ünvanında yerləşən qeyriyaşayış sahəsinə hüquqlarının olmasını, cavabdeh tərəfindən həmin qeyri-yaşayış sahəsinin 3-cü şəxsin adına özəlləşdirilməsi nəticəsində onun subyektiv hüquqlarının pozulmasını əsaslandıra bilməmiş, bu barədə istər iddia ərizəsi, istər apelyasiya şikayətinə hər hansı sübut əlavə edilməmiş, və ya məhkəmə araşdırması zamanı mübahisəli əraziyə subyektiv hüququnun olmasına dair hüquqmüəyyənedici sənədlər təqdim etməmişdir. Əksinə, məhkəmə iclaslarında iştirak edən İddiaçı4 izahatında da bildirmişdir ki, “Dəmir Yolun baş idarəsində mühafizə polisində işləmişəm. Öz müraciətim əsasında, hər hansı sənədləşdirmə olmadan şifahi qaydada mübahisəli ərazidə yerləşdirilmişəm.” Göründüyü kimi iddiaçının hazırkı iddiaya dair subyektiv hüququnun mövcudluğu müəyyən edilmir. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apelyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin 29 iyun 2020-ci il tarixli qərardadı qismən ləğv edilməli, ləğv edilən hissədə iş üzrə iddia tələbinin mümkün sayılmaması barədə yeni qərardad qəbul edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 80, 87 və 89-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçı4 apelyasiya şikayəti qismən təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1850/2020 saylı iş üzrə qəbul etdiyi 29 iyun 2020-ci il il tarixli qərardadı İddiaçı4 aid hissədə ləğv edilsin. Həmin hissədə iş üzrə yeni qərar qəbul edilsin. İddiaçı4 iddiası mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər Sədrlik edən: Mirzə Tağızadə Hakim: İlham Kərimli Hakim: Xəyalə Cəmilova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar