Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1724/2022 16.12.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X6 Hüseynin sədrliyi və məruzəsi ilə, Fuad Fikrət oğlu Babayev və Azər Soltanhəmid oğlu Hüseynovdan ibarət tərkibdə, Aytac Mahir qızı Məmmədlinin katibliyi ilə, İddiaçının vəkili Nümayəndə2 və cavabdehin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı “şəhid adının verilməsinə dair müvafiq arayışın verilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 17 fevral 2022-ci il tarixli, 2-1(112)-1353/202N saylı qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə müraciət edərək, mərhum kiçik gizir X2 Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən şəhid adının verilməsinə dair müvafiq arayışın verilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İddia ərizəsində tələb onunla əsaslandırılmışdır ki, iddiaçının mərhum övladı X4 hərbi xidmətə çağırış üzrə 2003-2004-cü illərdə 776 və 67N saylı xüsusi təyinatlı hərbi hissələrdə həqiqi hərbi xidmət keçmişdir. Hərbi xidmət dövründə nümunəvi xidmət etdiyinə görə mərhum oğluna hərbi hissə komandanlığı tərəfindən 05N saylı xüsusi təyinatlı hərbi hissədə könüllük (ərizə) əsasında kəşfiyyat üzrə tədris kursunun keçməsi təklif edilmiş və oğlu həmin təklifi qəbul edib 8 aylıq kəşfiyyatçı istehkamçı ixtisası üzrə bu kursu müvəffəqiyyətlə bitirərək ona kiçik gizir hərbi rütbəsi verilmişdir. Mərhum oğlu 03 sentyabr 2008-ci ildə hərbi xidmət vəzifələrinin icrası zamanı, yəni qulluq etdiyi 05N saylı hərbi hissəyə qayıdarkən Rusiya Fedarasiyasının vətəndaşı Aslanov Rubil tərəfindən nəqliyyat vasitəsini idarə edərkən yol hərəkəti qaydalarını pozaraq avtomobillə vurulmuş, aldığı ağır bədən xəsarəti nəticəsində hadisə yerində həlak olmuşdur. Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının müvafiq qərarı ilə kiçik gizir X1 aldığı travmanın hərbi travma olduğu, yəni hərbi xidmət vəzifələrini yerinə yetirərkən travmanı aldığı və bunun nəticəsində vəfat etdiyi bildirilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1994-cü il tarixli 10 nömrəli qərarı ilə “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydaları”nın 1.2.6-cı maddəsinə uyğun olaraq, Azərbycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü ilə əlaqədar, Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş digər hadisələrdə, o cümlədən atəşkəs dövründə döyüş şəraitində olan hərbi hissələrdə və ya daxili işlər, dövlət təhlükəsizliyi və xarici kəşfiyyat orqanlarında döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üzrə xidməti vəzifəsinin icrası zamanı həlak olmuş, itkin düşmüş və məhkəmənin qərarına əsasən ölmüş hesab edilmiş şəxslər şəhid hesab edilirlər. Mərhum oğlu X1 xidmət etdiyi 05N saylı xüsusi təyinatlı hərbi hissə müdafiə nazirinin müvafiq saylı əmri ilə, həmçinin, müvafiq Əsasnaməyə uyğun olaraq həmin hərbi hissədə qulluq edən zabit və gizir heyətinə ödənilən təminat xərcliyinin bir neçə əmsal olması ilə əlaqədar olaraq döyüş şəraitində olan və döyüş əməliyyatlarının başlanması anına döyüş tapşırığını yerinə yetirən hərbi hissə olduğuna görə mərhum oğlunun xidməti vəzifələrini icrası zamanı həlak olması ona şəhid statusunun verilməsi üçün əsasdır. Kiçik gizir X4 xidmət etdiyi dövr ərzində vəzifə borclarını və yuxarı komandanlığının əmr və tapşırıqlarını daim yüksək səviyyədə yerinə yetirməyə çalışmış, xidmətdə əldə etdiyi yüksək nailiyyətlərə görə yuxarı komandanlıq tərəfindən vaxtaşırı olaraq intizam qaydasında mükaflandırılmışdır. Mərhum oğlu döyüş tapşırığını yerinə yetirən 05N saylı hərbi hissənin hərbi qulluqçusu olduğuna görə ona hərbi xidmət vəzifələrini yerinə yetirərkən həlak olması ilə əlaqədar şəhid adının verilməsi barədə müvafiq arayışın verilməsi üçün Müdafiə Nazirliyinə ərizə ilə müraciət etsə də, bu barədə iddiaçıya imitina məktubu təqdim edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1994-cü il tarixli 10 nömrəli qərarı ilə təsdiq edilmiş “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydaları”nın 4.1-ci maddəsinin 4-cü abzasında bildirilir ki, Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi, Dövlət Təhlükəsizlik Xidməti, Xarici Kəşfiyyat, Dövlət Sərhəd Xidməti, Xüsusi Dövlət Mühafizə Xidməti və rayon şəhər icra hakimiyyəti orqanları şəhid və şəhid ailəsi hesab edilməsi üçün müraciət və vəsatətləri dərhal qəbul edir, bir aydan gec olmayaraq yuxarıda qeyd edilən qaydalara və bu məsələ ilə bağlı qəbul edilən Azərbaycan Respublikasının müvafiq qanununa əsasən arayış verməlidirlər. Mərhum oğlu X4 05N saylı hərbi hissənin verdiyi xx.xx.2019-cu il tarixli arayışı ilə xx.xx.2005-ci ildən xx.xx.2008-ci ilə kimi hərbi hissədə xidmət etdiyi müddətdə “Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununa əsasən kəşfiyyat subyekti olmuşdur. 05N saylı hərbi hissənin təqdim etdiyi xx.xx.2017-ci il tarixli arayışına əsasən mərhum oğlunun xx.xx.2008-ci il tarixdə xidmət yerinə qayıdarkən hərbi hissənin yaxınlığında baş-beyin qansızması nəticəsində vəfat etdiyi bildirilmişdir. Cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin iddiaya dair yazılı etirazında göstərilmişdir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı hərbi xidmət zamanı həlak olmuş mərhum oğlu kiçik gizir X2 “şəhid adının verilməsi” ilə bağlı arayışın verilməsi vəzifəsinin həvalə edilməsinə dair iddia ərizəsi əsassızdır və təmin edilə bilməz. Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsi tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2021-ci il tarixli 1/m-12272 nömrəli məktubu qanuni və əsaslı olduğundan iddiaçının heç bir hüququ pozulmamışdır. Belə ki, mərhum kiçik gizir B.M.Məmmədovun xidmət etdiyi 05N saylı hərbi hissə döyüş şəraitində olan hərbi hissə olsa da, onun ölümü bilavasitə döyüş tapşırığı və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi ilə əlaqədar olmamışdır. Mərhum kiçik gizir B.M.Məmmədov 03 sentyabr 2008-ci ildə xidmət etdiyi 05N saylı hərbi hissəyə qayıdarkən avtomobil qəzasına uğramış və qəza yerində aldığı ağır kəllə-beyin travmasından həyatını itirmişdir. Həmin vaxt mərhum kiçik gizir B.M.Məmmədov tərəfindən heç bir döyüş tapşırığı yerinə yetirilmədiyi üçün o, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydalarının” təsdiq olunması haqqında 10 nömrəli qərarının 1.2.6.-cı maddəsinə əsasən “şəhid” hesab edilən şəxslər sırasına daxil edilə bilməz. Döyüş tapşırığı və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üzrə xidməti vəzifələrin icrası zamanı həlak olmuş şəxslər “şəhid” hesab edilir. Yəni, xidməti vəzifələrin icrası döyüş tapşırığı və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi ilə əlaqədar olmalıdır. “Döyüş təminatı”nın anlayışı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin 1997-ci il tarixli “Quru qoşunların müvəqqəti döyüş nizamnaməsi”ndə verilmişdir. Həmin nizamnamənin 295-ci maddəsinə əsasən döyüş təminatı düşmənin qəfil basqınına yol verilməsindən, onun qoşunlarımıza zərbələrinin effektivliyinin azaldılmasından, döyüşə mütəşəkkillik və vaxtında başlamaqdan, onu müvəffəqiyyətlə aparmaqdan ötrü qoşunlarımız üçün əlverişli şərait yaratmağa yönəldilmiş tədbirlərin təşkilindən və həyata keçirilməsindən ibarətdir. Taborda (bölükdə) döyüş təminatının kəşfiyyat, kütləvi qırğın silahından mühafizə, maskalanma, mühəndis təminatı, kimya təminatı və mühafizə növləri təşkil olunur. Bakı İnzibati Məhkəməsinin 17 fevral 2022-ci il tarixli, 2-1(112)-1353/202N saylı qərarı ilə iddia rədd edilmişdir. Həmin qərardan iddiaçı apellyasiya şikayəti verərək, qərarın ləğv edilərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti iddia ərizəsi ilə eyni məzmunda əsaslandırılmışdır. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının vəkili iddiaçının oğlu “Şəhid”, ailəsi isə “Şəhid ailəsi” hesab olunması barədə cavabdeh inzibati orqan tərəfindən qərar qəbul olunduğunu və tərəflər arasında mübahisənin olmadığını bildirdi və iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi iş üzrə icraata xitam verilməsini etiraz etmədiyini bildirdi. Məhkəmə kollegiyası tərəfləri dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iş üzrə icraata xitam verilməlidir. Belə ki, apellyasiya baxışı zamanı 2-1(103)-1724/202N saylı, 21 oktyabr 2022-ci il tarixli qərardadla İddiaçı “şəhid adının verilməsinə dair müvafiq arayışın verilməsi”nə dair ərizəsinə cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyi tərəfindən yenidən baxılması üçün 1 (bir) ay müddət təyin edilmiş, cavabdeh inzibati orqan tərəfindən qərardad icra edilərək, İddiaçı mərhum övladı kiçik gizir X4 “Şəhid”, ailəsi isə “Şəhid ailəsi” hesab olunması barədə qərar qəbul olunaraq müvafiq arayış verilmişdir. Göründüyü kimi, hazırkı iddianın verilməsinin əsasını təşkil edən iddiaçının mərhum oğlu kiçik gizir X2 Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən şəhid adının verilməsinə dair müvafiq arayışın verilməsi cavabdeh tərəfindən təmin edildiyindən tərəflər arasında mübahisə mövcud deyildir. İnzibati Prosessual Məcəllənin 67.3-ci maddəsində deyilir ki, bu Məcəllənin 67.2-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş müddət ərzində cavabdeh tərəfindən iddiaçının tələbinin təmin olunduğu və işin mahiyyəti üzrə mübahisənin artıq mövcud olmadığı hallarda məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Beləliklə də qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfindən iddiaçının tələbi təmin olunduğundan, yəni iddiaçının mərhum oğlu kiçik gizir X2 Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən şəhid adının verilməsinə dair müvafiq arayış verildiyindən, bununla əlaqədar tərəflər arasında mübahisə artıq mövcud olmadığından, iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 67.3, 80, 85, 87, 90 və 94cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı “şəhid adının verilməsinə dair müvafiq arayışın verilməsi” tələbinə dair iş üzrə icraata xitam verilsin. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati-iqtisadi kollegiyasına kassasiya şikayəti verə bilər. Sədrlik edən: Aida Hüseyn Hakimlər: Azər Hüseynov Fuad Babayev
Məhkəmə qərarları › İş №2-1(103)-1724/2022
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1724/2022
16.12.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver