Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1724/2023 21.09.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X6 Oruczadənin sədrliyi və məruzəsi ilə, Xəyalə Adil qızı Cəmilova və X3 ibarət tərkibdə, Abbaslı Sücayət Hafiz qızının katibliyi Cavabdehin nümayəndəsi X1, Üçüncü şəxsin nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (üçüncü şəxs Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) “torpaq sahəsinə mülkiyyət hüququnun dövlət reyestrində qeydə alınmaqla dövlət reyestrindən çıxarışın verilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)-736/2022 saylı, 02 dekabr 2022-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq şifahi məhkəmə baxış iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək Bakı şəhəri Səbail Rayon İcra Hakimiyyətinin 15 mart 1995-ci il tarixli 880 nömrəli sərəncamı ilə ona ayrılan və hazırda sahibliyində və istifadəsində olan Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsində yerləşən 600 kv.m torpaq sahəsinə dair faktiki mövcud olan ölçülərinə uyğun olaraq mülkiyyət hüquqlarının dövlət reyestrində qeydə alınmaqla mülkiyyət hüququnu təsdiq edən reyestrdən çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı tərəfindən Səbail rayonu, Badamdar qəsəbəsində yerləşən 26 ildir sahibliyində olan 600 kv.m sahədən ibarət torpaq sahəsinin üzərində hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə əlaqədar 01 fevral 2020-ci il tarixdə cavabdeh təşkilata müraciət olunmuşdur. Cavabdeh təşkilat ərizəyə heç bir münasibət bildirməmişdir. Cavabdeh təşkilatın bu hərəkətsizliyi artıq imtinaya bərabər tutulur. Səbail Rayon İcra Hakimiyyətinin 15 mart 1995-ci il tarixli, 880 saylı sərəncamı ilə iddiaçıya fərdi evin tikintisi üçün 600 kv.m torpaq sahəsi ayrılmışdır. Həmin zamandan etibarən sözügedən torpaq sahəsi daimi olaraq onun sahibliyində və istifadəsindədir. Bugünədək torpaqdan istifadəsinə dair heç bir fiziki və ya hüquqi şəxsin etirazı olmamışdır. Cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin Səbail rayonu, Badamdar qəsəbəsində yerləşən 600 kv.m sahədən ibarət torpaq sahəsinə dair dövlət reyestrindən çıxarışın verilməsindən imtinası ilə bağlı hərəkətləri qanuni və əsaslı olmamışdır. Bu hal isə onun Azərbaycan Respublikası Konstitusiyasında və digər normativ hüquqi aktlarında müəyyən edilmiş hüquqlarının məhdudlaşdırılmasına səbəb olmuşdur. Cavabdeh yazılı etiraz təqdim edərək bildirmişdir ki, İddiaçı Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsində yerləşən torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı xx.xx.2021-ci il tarixli, ********** nömrəli müraciəti ilə əlaqədar aparılan araşdırma zamanı məlum olmuşdur ki, göstərilən torpaq sahəsinin üzərindən 110000 Voltluq yüksək gərginlikli elektrik hava xətti keçir. Həmçinin torpaq sahəsi neft kəmərinin mühafizə zolağında yerləşir. Sənəd üzrə torpaq sahəsinin ölçüsü 600.0 kv.m olsa da, faktiki olaraq 262.0 kv.m təşkil edir. Bu səbəblərdən ərizənin icrası mümkün olmamış, iddiaçının etibarnamə üzrə nümayəndəsinə daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi barədə **********00 saylı, xx.xx.2021-ci il tarixli bildiriş ünvanlanmışdır. İddiaçı Bakı şəhəri, Badamdar qəsəbəsində ayrılmış torpaq sahəsinin özəlləşdirilməsi ilə bağlı xx.xx.2018-ci il tarixli, ********** nömrəli müraciəti zamanı fərqli sahə göstərilmişdir. Belə ki, naturada göstərilmiş torpaq sahəsi İdarənin elektron kadastr baza məlumatlarına əsasən Azərbaycan Milli Elmlər X2 Bağı ilə Badamdar şossesi arasında yerləşən dövlət torpağıdır və X8 məxsus tikili həmin torpaq sahəsində yerləşir. Həmçinin Səbail Rayon İcra Hakimiyyəti başçısının 880 saylı, xx.xx.1995-ci il tarixli torpaq sahəsinin ayrılması barədə sərəncam əsasında tərtib olunan torpaq sahəsinin coğrafi mövqeyini göstərən yerləşmə cizgisi ilə faktiki vəziyyət arasında perimetrik ölçü fərqi və konfiqurasiya dəyişikliyi mövcuddur. Bu səbəblərdən ərizənin icrası mümkün olmamış iddiaçıya **********01 saylı, xx.xx.2018-ci il tarixli məktub ünvanlanmışdır. Elektrik şəbəkələrinin mühafizəsi qaydaları Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 10 iyun tarixli, 103 nömrəli Qərarı ilə təsdiq edilmiş “Gərginliyi 1000 voltadək olan elektrik şəbəkələrinin mühafizəsi qaydaları”nın 3-cü bəndinə əsasən gərginliyi 1000 voltadək olan elektrik şəbəkələrinin mühafizəsi üçün hava elektrik ötürücü xətləri boyunca (binalara ayrılan qollar istisna olmaqla) kənar naqillərin (onların meyl etməmiş vəziyyətində) yer səthinə proyeksiyasının hər tərəfindən 2 m aralı keçən paralel düz xətlərlə məhdudlaşan torpaq sahəsi, o cümlədən hava elektrik ötürücü xətləri altında olan torpaq sahəsi; yeraltı elektrik ötürücü kabel xətləri boyunca, kənar kabellərin hər tərəfindən 1 m aralı, kabel xətləri şəhərlərdə səkilərin altından keçdikdə isə bina və qurğulara doğru 0,6 m aralı və küçənin işlək hissəsinə doğru 1 m aralı paralel düz xətlərlə məhdudlaşan torpaq sahəsi; sualtı elektrik ötürücü kabel xətləri boyunca, kənar kabellərin hər tərəfindən 100 m aralı olan şaquli müstəvilər arasında su səthindən suyun dibinədək su boşluğu sahəsi; b) gərginliyi 1000 voltadək olan elektrik ötürücü xətləri ilə ən yaxın binalar və qurğular, habelə ağaclar və başqa çoxillik bitkilər arasında Azərbaycan Respublikasının Energetika Nazirliyi tərəfindən təsdiq olunmuş “Elektrik qurğularını qurma qazydaları” ilə müəyyən edilmiş minimum yol verilən məsafələr qədər mühafizə zonaları müəyyən edilir. Elektrik şəbəkələrinin mühafizəsi qaydaları Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 10 iyun tarixli, 103 nömrəli Qərarı ilə təsdiq edilmiş “Gərginliyi 1000 voltdan yuxarı olan elektrik şəbəkələrinin mühafizəsi qaydaları” aşağıdakı qaydada müəyyən edilmişdir: Un, kV xətlərin gərginliyi; L, m - məsafələrdir. Un, kV - İ>20, 35, 110, 150, 220, 330-500; L, m - 10, 15, 20, 25, 25, 30. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 62-ci maddəsinə əsasən elektrik, rabitə, nəqliyyat xətləri və sənaye müəssisələrinin sanitariyamühafizə zonaları altındakı torpaq sahələri onların mülkiyyətçilərinin və istifadəçilərinin razılığı ilə yalnız bostan və tərəvəz becərilməsi, habelə örüş və ot çalımı məqsədləri üçün qısamüddətli istifadəyə və icarəyə verilə bilər. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 6.2-ci maddəsinə və Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 46-cı maddəsinə əsasən dövlət obyektlərinin - dağ-mədən sənayesinin, təsdiq edilmiş faydalı qazıntı yataqlarının, vahid energetika sisteminin, magistral boru kəmərlərinin, nəqliyyat, rabitə və müdafiə obyektlərinin, dövlət sərhəd zolaqlarının, mühüm meliorasiya və su təsərrüfatı obyektlərinin yerləşdiyi torpaqlar dövlətin müstəsna mülkiyyətinə aid olan torpaqlardır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Yuxarıda qeyd olunanlara əsasən, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 48.2-ci maddəsini rəhbər tutaraq məhkəmədən iddia tələbinin təmin edilməməsi xahiş edilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-736/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərardadı ilə Azərbaycan Respublikası Dövlət Neft Şirkəti İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “torpaq sahəsinə mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınması və çıxarışın verilməsi” tələbinə dair iş üzrə inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişdir. Üçüncü şəxsin yazılı etirazı məhkəməyə təqdim edilmiş və etirazda bildirilmişdir ki, İddiaçı fərdi evin tikilməsi üçün çıxarışın verilməsinə dair müraciət etdiyi Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsinin ərazisində 600 kv.metr torpaq sahəsi neft-qaz əməliyyatlarının aparılması üçün Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) “Azneft” İB-nin “Bibiheybət” NQÇİ-nin daimi istifadəsinə ayrılmış sənaye təyinatlı ərazilərin hüdudları daxilində yerləşir. İddiaçı iddia etdiyi torpaq sahəsi Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) “Azneft” İB-nin “Bibiheybət” NQÇİ-nin daimi istifadəsinə ayrılmış sənaye təyinatlı ərazilərin hüdudları daxilində yerləşir. Məhkəmə Ekspertiza Mərkəzinin 10/4110 saylı xx.xx.2022-ci il tarixli ekspert rəyindən görünür ki, Bakı şəhəri Səbail Rayon İcra Hakimiyyəti Başçısmm xx.xx.1995-ci il tarixli 880 nömrəli sərəncamı ilə İddiaçı fərdi evin tikintisi üçün ayrılmış və faktiki istifadəsində olan torpaq sahəsi tam ölçüdə ARDNŞ “Bibiheybətneft” NQÇİ-nin ərazisində yerləşir və tam ölçüdə yüksək gərginlik elektrik xəttinin mühafizə zolağında yerləşdiyi müəyyən edilmişdir. Həmin torpaq sahəsi ilə işlək 2556 saylı neft quyusu arasında 75 metr, ləğv olunmuş 2732 saylı neft quyusu ilə 78 metr məsafə vardır. “Texniki təhlükəsizlik haqqında” Azərbaycan Respublikasının xx.xx.1999-cu il tarixli Qanununa və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 10 may 2001-ci il tarixli 94 nömrəli Qərarına əsasən, neft-qaz hasilatı sənayesi əhaliyə və ətraf mühitə təhlükə yarada biləcək potensial təhlükəli obyektlər kateqoriyasına aid edilmişdir. Gələcəkdə iddiaçının və digər insanların həyatına və sağlamlığına təhlükə yaranmaması və bədbəxt hadisələrin baş verməməsi üçün neft-qaz hasilaü ərazilərdə yerləşmə təhlükəlidir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 9-cu maddəsinə əsasən, Azərbaycan Respublikasının hüdudları daxilində yerləşən bütün torpaqlar onun vahid torpaq fondunu təşkil edir. Məqsədli təyinatına və hüquqi rejiminə uyğun olaraq, Azərbaycan Respublikasının torpaqları aşağıdakı kateqoriyalara bölünür: kənd təsərrüfatı təyinatlı torpaqlar; yaşayış məntəqələrinin (şəhərlərin, qəsəbələrin və kənd yaşayış məntəqələrinin) torpaqları; sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaqlar; xüsusi qorunan ərazilərin torpaqları; meşə fondu torpaqları; su fondu torpaqları; ehtiyat fondu torpaqları. Torpaqların kateqoriyalara aid edilməsi və onların bir kateqoriyadan digərinə keçirilməsi müəyyən edilmiş qaydada müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 22.2-ci maddəsinə əsasən, sənaye, rabitə, nəqliyyat, ticarət, ictimai-iaşə və digər istehsal və xidmət obyektlərinin yerləşdirilməsi və fəaliyyəti üçün qanunvericiliklə müəyyən edilmiş qaydada, ayrılan və əldə edilən torpaq sahələri sənaye, nəqliyyat, rabitə və digər təyinatlı torpaqlar sayılır. Əhalinin təhlükəsizliyinin təmin olunması, sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı obyektlərin istismarma lazımi şərait yaradılması üçün onların ətrafında xüsusi (qoruyucu, sanitariya və s.) hüquqi rejimli mühafizə zonaları yaradılır. Telekommunikasiya fəaliyyəti üçün fiziki və hüquqi şəxslərə verilən torpaq sahələrinin, o cümlədən mühafizə zona və zonalarının ölçüsü bu fəaliyyət növü üçün torpaq ayrılması normalarına və layihətexniki sənədlərə müvafiq olaraq müəyyənləşdirilir. Həmin Məcəlləsinin 46.1-ci maddəsinə əsasən, Dövlət mülkiyyətində olan torpaqlara dövlət obyektlərinin - dağmədən sənayesinin, təsdiq edilmiş faydalı qazıntı yataqlarının, vahid energetika sisteminin, magistral boru kəmərlərinin, nəqliyyat, rabitə və müdafiə obyektlərinin, dövlət sərhəd zolaqlarının, mühüm meliorasiya və su təsərrüfatı obyektlərinin yerləşdiyi torpaqlar daxildir. “Torpaq islahatı haqqında” Qanunun 6-cı maddəsinə əsasən, “Dövlət obyektlərinin - dağ-mədən sənayesinin, təsdiq edilmiş faydalı qazmtı yataqlarının, vahid energetika sisteminin, magistral boru kəmərlərinin, nəqliyyat, rabitə və müdafiə obyektlərinin, dövlət sərhəd zolaqlarının, mühüm meliorasiya və su təsərrüfatı obyektlərinin yerləşdiyi torpaqlar; dövlət müəssisə idarə və təşkilatların daimi istifadəsində olan və ya dövlət obyektlərinin tikintisi layihələşdirilmiş torpaqlar dövlət mülkiyyətində saxlanılan torpaqlardır. Göstərilən torpaqlar dövlətin müstəsna mülkiyyətindədir, onlar qanunvericilikdə müəyyən olunmuş qaydada istifadəyə və icarəyə verilə bilər”. “Texniki təhlükəsizlik haqqında” Azərbaycan Respublikasının xx.xx.1999-cu il tarixli Qanununa və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 94 nömrəli Qərarına əsasən, neft-qaz hasilatı sənayesi əhaliyə və ətraf mühitə təhlükə yarada biləcək potensial təhlükəli obyektlər kateqoriyasına aid edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 6 fevral tarixli 31 nömrəli Qərarı ilə təsdiq edilmiş “Təhlükə potensiallı təbiət və texnogen xarakterli hadisələrin baş vermə ehtimalının yüksək olduğu zonalarda mühafizə tədbirlərinin növləri və onların tətbiqi halları”nın təsdiq edilməsi haqqında Qərarın 3.3-cü bəndinə əsasən, əhalinin sağlamlığını, ətraf mühiti və əmlakı dənizdə və quruda neft-qaz əməliyyatları zamanı yarana biləcək qəzalardan mühafizə etmək üçün bu obyektlər ətrafında xüsusi mühafizə zonaları müəyyən edilmişdir. Mancanaq dəzgahı ilə istismar olunan və basqı quyularına yaşayış binalarına, fərdi yaşayış evlərinə, yataqxanalara, ictimai və inzibati binalara, müvəqqəti salınmış qəsəbələrə qədər minimum 150 metr məsafə, ləğv olunmuş quyularla 75 metr məsafə olmalıdır. Önəryıldız Türkiyəyə qarşı (48939/99, §...,xx.xx.2002ci il) işdə həmin Konvensiyanın 2-ci maddəsi (yaşamaq hüququ) işdə Avropa Məhkəməsi bir daha xatırladır ki, Konvensiyanın 2-ci maddəsinin 1-ci bəndinin birinci cümləsi dövlətin üzərinə yalnız qəsdən və ya qanunsuz olaraq həyatdan məhrum etməkdən çəkinmə öhdəliyini qoymur, həm də ümumi anlayışlarla yaşamaq hüququnu təmin edir və bəzi dəqiq müəyyən edilmiş hallarda dövlətin üzərinə öz yurisdiksiyası daxilində olan insanların həyatının qorunması üzrə müvafiq tədbirlər görmək öhdəliyini qoyur (digər qərarlarla yanaşı, bax: L.C.B. Birləşmiş Krallığa qarşı məhkəmə işi üzrə 9 iyun 1998-ci il tarixli qərara, Reports of Judgments and Decisions 1998-İİİ, s. 1403, b.36; Kalvelli və Çiqlio İtaliyaya qarşı, [GC], ərizə №32967/96, b.48, AİHM 2002-İ; Eriksson İtaliyaya qarşı, ərizə №37900/96, 26 oktyabr 1999; habelə Leri və başqaları Fransaya qarşı, ərizə №4461/98, 16 yanvar 2001). (Həmin qərarın 63-cü bəndi) Həyata qarşı ehtimal olunan hər bir təhlükə Konvensiya üzrə dövlət orqanlarının üzərinə həmin riskin qarşısını almaq üçün konkret tədbirlər görmək öhdəliyini qoymasa da, məsələn, əgər müəyyən edilsə ki, dövlət orqanları insanın və ya insanların həyatına qarşı real və birbaşa riskin mövcud olduğu vaxtda həmin riskdən xəbərdar idilər və ya xəbərdar olmağa borclu idilər və səlahiyyətləri çərçivəsində həmin riskin qarşısını ala biləcək tədbirləri görməyiblər, o halda vəziyyət fərqlidir (müvafiq dəyişikliklərə bax: X4rşı məhkəmə işi üzrə xx.xx.1998-ci il tarixli qərara, Reports 1998-Vİİİ, s. 3159, b. 116). Torpaq sahəsinin iddiaçı tərəfindən zəbt edilməsi nəticəsində, həmin torpaq sahəsində tərəfindən neft və qaz hasilatı üzrə fəaliyyətin həyata keçirilməsinə maneçilik yaradılır, neft-qaz əməliyyatlarının aparılması işlərinə, bu da öz növbəsində Azərbaycan Respublikası Hökumətinin, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin xarici investorlar qarşısında qanun əsasmda götürdüyü öhdəliklərinin yerinə yetirilməsinə maneələr yaradır. Bu da öz növbəsində neft və qaz hasilatını aşağı salaraq, dövlətin gəlirlərinin azalmasına səbəb olur. Bu isə ölkənin iqtisadiyyatına mənfi təsir edən amildir, eyni zamanda qanunim aliliyi prinsipinə xələl gətirir. Bu kimi halların artması ayrılıqda kiçik bir məsələ kimi görünə bilər, lakin neft-qaz əməliyyatlarının aparılması üçün Dövlət Neft Şirkətinin qanuni istifadəsinə verilmiş torpaq sahələrinin səlahiyyətləri olmadığı halda müvafiq inzibati aktlarla vətəndaşlara ayrılması hallarının artması, nəticə etibarilə dövlət üçün zərər hesabma başa gəlir. Neft sektoru ölkə iqtisadiyyatında əhəmiyyətli sahə olduğuna görə hər bir dövlət qurumu müvafiq inzibati aktlar qəbul edərkən torpaq sahəsinin təyinatı və hüqiuqi rejimi diqqətlə araşdırılmalı və müvafiq qurumun həmin torpaq sahəsinin ayrılmasına səlahiyyətli olub-olmamasına xüsusi diqqət yetirilməlidir. Qeyd edilənlərə əsasən məhkəmədən, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “torpaq sahəsinə mülkiyyət hüququnun dövlət reyestrində qeydə alınmaqla dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddianın rədd edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-736/2022 saylı, 02 dekabr 2022-ci il tarixli qərarı ilə (hakim A.Əhədova) iddia rədd edilmişdir. Qərardan narazı qalan iddiaçı qanunvericiliklə müəyyən edilmiş qaydada və vaxtda apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın təmin olunmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti iddia ərizəsinə uyğun əsaslandırılmış, əlavə olaraq qeyd edilmişdir ki, məhkəmə mübahisəli torpaq sahəsinə baxış keçirmədən, cavabdehin və üçüncü şəxsin yanlış məlumatlarına əsaslanaraq araşdırılmayan məlumatlara istinad etmiş, eyni zamanda sərəncamı qəbul edən Səbail rayon İcra Hakimiyyətini işə cəlb etmədən qanunsuz və əsassız nəticəyə gəlmişdir. Belə ki, Səbail rayon İcra Hakimiyyətinin 15 mart 1995-ci il tarixli, 880 saylı sərəncamı ilə fərdi evin tikintisi üçün 600 kv.metr torpaq sahəsi ayrılmışdır. Həmin vaxtdan torpaq sahəsi onun qanuni istifadəsindədir. Göstərilən ərazidə olan torpaq sahələri qeydiyyata alınaraq bir çox şəxslərə çıxarış verilmişdir. Lakin, cavabdeh və üçüncü şəxs heç bir tutarlı sübut təqdim etmədən mülahizələrə əsaslanaraq torpaq sahəsini qeydiyyata almaqdan imtina etmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə kollegiyası iclaslarında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinin dəlillərinə etiraz edərək onun təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası iclaslarında iştirak edən üçüncü şəxsin nümayəndəsi və vəkili apellyasiya şikayətinin dəlillərinə etiraz edərək onun təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyasının sonuncu iclasının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, iddiaçı tərəf məhkəmə iclasına gəlməmiş, iddiaçı yazılı ərizə ilə müraciət edərək, iclasın onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə Kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə iddiaçı tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (İPM-85.1), formal baxımdan əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-85.2, 85.3). Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası ilk öncə iddianın mümkünlüyü ilə bağlı aşağıdakıları qeyd edir: İddia mümkün iddiadır. Belə ki, baxılan işdə iddianın ümumi və xüsusi mümkünlük şərtləri mövcuddur. Yəni iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İPM-in 2.2.3-cü maddəsinə inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatında baxılır. İddiaçı subyektiv hüquqa malikdir. Hazırki tələbə cavab verməli orqan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsidir (hazırki Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastr və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi). Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İddia mümkün iddia olsa da, mahiyyəti üzrə əsassız olması nəticəsinə gəlməkdə birinci instansiya məhkəməsi haqlı olmuşdur. Məhkəmə kollegiyası qənaətini əsaslandırmaq üçün mövcud qanunvericiliyin aşağıda qeyd olunan normalarını diqqətə çəkir: “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0-cı maddəsinə görə daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar. Həmin Qanunun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Həmin Qanunun 15.1-ci maddəsinə görə hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu Qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. “Texniki təhlükəsizlik haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinin 1-ci bəndinə görə əhali və ətraf mühit üçün təhlükə yaradan (Əlavə 1-də göstərilən) partlayış-yanğın, radioaktiv və ionlaşdırıcı şüa mənbələrinin, zəhərləyici maddələrin əldə olunması, hazırlanması, emalı, daşınması, istifadə edilməsi və ləğvi ilə məşğul olan istehsal, təchizat, nəqliyyat və sosial təyinatlı obyektlər təhlükə potensiallı obyektlər hesab edilir. Həmin Qanuna edilmiş Əlavə 1-də neft-kimya, neft emalı və qaz təchizatı sahələri təhlükə potensiallı istehsal obyektləri kateqoriyasına aid edilmişdir (bənd 9). Azərbaycan Respublikası Nazirlər Kabinetinin 10 may 2001-ci il tarixli 94 nömrəli Qərarı ilə təsdiq edilmiş “Təhlükə potensiallı obyektlərin Siyahısı”na görə bu Siyahı «Texniki təhlükəsizlik haqqında» Azərbaycan Respublikası Qanununa və «Texniki təhlükəsizlik haqqında» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 2 fevral tarixli 269 nömrəli Fərmanına əsasən hazırlanmışdır və əhali və ətraf mühit üçün təhlükə yaradan radioaktiv və ionlaşdırıcı şüa mənbələrinin, partlayış-yanğın və zəhərləyici maddələrin əldə olunması, hazırlanması, emalı, daşınması, istifadə edilməsi və ləğvi ilə məşğul olan istehsal, təchizat, nəqliyyat və sosial təyinatlı obyektləri müəyyən edir. Siyahının 9-cu bəndinə görə neft-kimya, neft emalı və qaz təchizatı sahələri təhlükə potensiallı istehsal, təchizat, nəqliyyat və sosial təyinatlı obyektlərə aiddir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 6 fevral tarixli 31 nömrəli Qərarı ilə təsdiq edilmiş “Təhlükə potensiallı təbiət və texnogen xarakterli hadisələrin baş vermə ehtimalının yüksək olduğu zonalarda mühafizə tədbirlərinin növləri və onların tətbiqi halları”nın təsdiq edilməsi haqqında Qərarın 3.3-cü bəndinə əsasən, əhalinin sağlamlığını, ətraf mühiti və əmlakı dənizdə və quruda neft-qaz əməliyyatları zamanı yarana biləcək qəzalardan mühafizə etmək üçün bu obyektlər ətrafında xüsusi mühafizə zonaları müəyyən edilmişdir. Mancanaq dəzgahı ilə istismar olunan və basqı quyularına yaşayış binalarına, fərdi yaşayış evlərinə, yataqxanalara, ictimai və inzibati binalara, müvəqqəti salınmış qəsəbələrə qədər minimum 150 metr məsafə, ləğv olunmuş quyularla 75 metr məsafə olmalıdır. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 9-cu maddəsinə əsasən, Azərbaycan Respublikasının hüdudları daxilində yerləşən bütün torpaqlar onun vahid torpaq fondunu təşkil edir. Məqsədli təyinatına və hüquqi rejiminə uyğun olaraq, Azərbaycan Respublikasının torpaqları aşağıdakı kateqoriyalara bölünür: kənd təsərrüfatı təyinatlı torpaqlar; yaşayış məntəqələrinin (şəhərlərin, qəsəbələrin və kənd yaşayış məntəqələrinin) torpaqları; sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaqlar; xüsusi qorunan ərazilərin torpaqları; meşə fondu torpaqları; su fondu torpaqları; ehtiyat fondu torpaqları. Torpaqların kateqoriyalara aid edilməsi və onların bir kateqoriyadan digərinə keçirilməsi müəyyən edilmiş qaydada müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. Akvakultura təsərrüfatlarına məxsus torpaqlar aid olduqları torpaq kateqoriyasında saxlanılır və digər kateqoriyaya keçirilmir. Həmin Məcəllənin 22.1-ci maddəsinə əsasən sənaye, rabitə, nəqliyyat, ticarət, ictimai-iaşə və digər istehsal və xidmət obyektlərinin yerləşdirilməsi və fəaliyyəti üçün qanunvericiliklə müəyyən edilmiş qaydada, ayrılan və əldə edilən torpaq sahələri sənaye, nəqliyyat, rabitə və digər təyinatlı torpaqlar sayılır. Həmin Məcəllənin 22.2-ci maddəsinə görə əhalinin təhlükəsizliyinin təmin olunması, sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı obyektlərin istismarına lazımi şərait yaradılması üçün onların ətrafında xüsusi (qoruyucu, sanitariya və s.) hüquqi rejimli mühafizə zonaları yaradılır. Telekommunikasiya fəaliyyəti üçün fiziki və hüquqi şəxslərə verilən torpaq sahələrinin, o cümlədən mühafizə zona və zonalarının ölçüsü bu fəaliyyət növü üçün torpaq ayrılması normalarına və layihə-texniki sənədlərə müvafiq olaraq müəyyənləşdirilir. Apellyasiya şikayətinin dəlillərinə münasibət: İş materiallarından görünür ki, iddiaçı Səbail Rayon İcra Hakimiyyəti başçısının 15 mart 1995-ci il tarixli 880 nömrəli “Fərdi evin tikintisi üçün Badamdar qəsəbəsində torpaq sahəsinin ayrılması barədə” sərəncamı ilə ona Badamdar qəsəbəsində 600 (altı yüz) kv.m. fərdi ev tikmək üçün torpaq sahəsi ayrıldığını əsas gətirməklə torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının qeydiyyata alınması ilə bağlı cavabdeh orqana müraciət etmiş, cavabdeh iddiaçı tərəfindən naturada göstərilən torpaq sahəsinin neft kəmərinin və yüksək gərginlikli elektrik şəbəkəsinin mühafizə zolağında yerləşdiyini əsas götürməklə müraciətin təminindən imtina etmişdir. Hazırkı tələbində iddiaçı cavabdehin imtinasının qanunsuz olmasını iddia edərək sərəncamla ayrılmış torpaq sahəsindən hazırda faktiki istifadəsində olan torpaq sahəsinin faktiki mövcud olan ölçülərinə uyğun olaraq mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alınmaqla bu barədə reyestrdən çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasını inzibati məhkəmə icraatında mübahisələndirir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticəni əsaslı hesab edir. Belə ki, iş materiallarından görünür ki, Bakı şəhəri Səbail Rayon İcra Hakimiyyətinin Badamdar qəsəbəsi Nümayəndəliyinin xx.xx.2004-cü il tarixli, 34 nömrəli Səbail Rayon İcra Hakimiyyəti başçısının 880 nömrəli, xx.xx.1995-ci il tarixli sərəncamı ilə vətəndaş İddiaçı ayrılmış Badamdar qəsəbəsi, 2 yaşayış massivi, 865 nömrəli 300 kv.m torpaq sahəsinin yerləşmə cizgisi tərtib və imza edilmiş, Səbail RİHB tərəfindən təsdiq edilmişdir. Birinci instansiya məhkəməsində araşdırma zamanı Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı filialının xx.xx.2021-ci il tarixli, BA-01774-2021 nömrəli məktubunda qeyd edilmişdir ki, vətəndaşlara, o cümlədən İddiaçı “Fərdi evin tikintisi üçün Badamdar qəsəbəsində torpaq sahəsinin ayrılması barədə” Səbail Rayon İH-nin arxiv fondu üzrə xx.xx.1995-ci il tarixli 880 saylı sərəncamı Dövlət Arxivinin Bakı filialında mövcuddur. Sərəncama cizgi sənədləri əlavə edilməmişdir. Həmin məktubla göndərilmiş Səbail Rayon İcra Hakimiyyəti başçısının 15 mart 1995ci il tarixli 880 nömrəli “Fərdi evin tikintisi üçün Badamdar qəsəbəsində torpaq sahəsinin ayrılması barədə” sərəncamından təsdiq edilmiş arxiv çıxarışına əsasən Badamdar qəsəbəsində 600 (altı yüz) kv.m. fərdi ev tikmək üçün ... İddiaçı, ... torpaq sahəsi ayrılmışdır. Qeyd: Sərəncama cizgi sənədləri əlavə edilməmişdir. Əsas: Fond-139, siy-1, iş-557, vər-16. Məhkəmənin sorğusuna cavab olaraq Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xx.xx.2022-ci il tarixli, **********87 nömrəli məktubu ilə təqdim edilmiş mütəxəssis rəyində qeyd olunmuşdur ki, iddiaçının iddia etdiyi və naturada göstərdiyi mübahisələndirilən əraziyə baxış keçirilib, naturada koordinarları müəyyən edilməklə ölçülmüşdür. Naturada müəyyən edilmiş koordinatlara əsasən ölçülmüş ərazinin baza məlumatlarını və sair texniki parametrləri əks etdirən sxemlər hazırlanmışdır. - Bakı şəhəri Səbail Rayon İcra Hakimiyyəti Başçısının 15 mart 1995-ci il tarixli 880 nömrəli sərəncamına əlavə olunmuş sxem miqyassız, koordinatsız, hər hansı istinad nöqtəsindən məsafənin göstərilməməsi və ərazinin situasiyası dəyişdiyindən İddiaçı fərdi yaşayış evinin tikintisi üçün ayrılmış torpaq sahəsinin yerini müəyyən etmək mümkün olmamışdır. Lakin iddiaçının iddia etdiyi və naturada göstərdiyi, faktiki istifadəsində olan torpaq sahəsinin koordinatları müəyyən edilərək ölçülmüşdür. Torpaq sahəsinin naturada müəyyən olunmuş koordinatlarına və elektron kadastr məlumat bazasına əsasən, mübahisəli ərazi tam ölçüdə yüksək gərginlikli elektrik xəttinin mühafizə zolağında yerləşir. - Bakı şəhəri Səbail Rayon İcra Hakimiyyəti Başçısının 15 mart 1995-ci il tarixli 880 nömrəli sərəncamı ilə İddiaçı fərdi yaşayış evin tikintisi üçün ayrılmış torpaq sahəsi elektron kadastr məlumat bazasına əsasən tam ölçüdə (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti tərəfindən elektron formada təqdim edilmiş məlumatlara əsasən) Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Bibiheybətneft” NQÇİ-nin ərazisində yerləşir. - Bakı şəhəri Səbail Rayon İcra Hakimiyyəti Başçısının 15 mart 1995-ci il tarixli 880 nömrəli sərəncamı ilə İddiaçı fərdi yaşayış evinin tikintisi üçün ayrılmış və faktiki istifadəsində olan torpaq sahəsinin hər hansı üçüncü şəxsə aid olduğu və ya tikili ilə üstüstə düşməsi barədə elektron kadastr məlumatları bazasında məlumat aşkar olunmamışdır. - Bakı şəhəri Səbail Rayon İcra Hakimiyyəti Başçısının 15 mart 1995-ci il tarixli 880 nömrəli sərəncamı ilə İddiaçı fərdi yaşayış evinin tikintisi üçün ayrılmış və faktiki istifadəsində olan torpaq sahəsinin faktiki ölçüsü 267 kv.m-dir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-736/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərardadının icrası ilə əlaqədar olaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli, 10/4110 nömrəli məktubu ilə göndərilmiş xx.xx.2022-ci il tarixli, 10/4110 nömrəli ekspert rəyinin tədqiqatın nəticəsi hissəsində qeyd edilmişdir ki: - Qərardadın birinci və ikinci sualı üzrə: Rəyin tədqiqat hissəsində göstərilənləri nəzərə alaraq, Bakı şəhəri Səbail Rayon İcra Hakimiyyəti başçısının 15 mart 1995-ci il tarixli 880 nömrəli sərəncamı ilə İddiaçı fərdi evin tikintisi üçün ayrılmış və faktiki istifadəsində olan torpaq sahəsinin tam ölçüdə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Bibiheybətneft” NQÇİ-nin ərazisində yerləşdiyi və tam ölçüdə yüksək gərginlikli elektrik xəttinin mühafizə zolağında yerləşdiyi müəyyən olunur. - Qərardadın üçüncü sualı üzrə: “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xx.xx.2022-ci il tarixli, **********87 nömrəli mütəxəssis rəyinə əsasən, Bakı şəhəri Səbail Rayon İcra Hakimiyyəti Başçısının 15 mart 1995-ci il tarixli 880 nömrəli sərəncamı ilə İddiaçı fərdi yaşayış evinin tikintisi üçün ayrılmış və faktiki istifadəsində olan torpaq sahəsinin hər hansı üçüncü şəxsə aid olduğu və ya tikili ilə üst-üstə düşməsi barədə elektron kadastr məlumatları bazasında məlumat aşkar olunmamışdır - Qərardadın dördüncü sualı üzrə: Mütəxəssis rəyinə əsasən, Bakı şəhəri Səbail Rayon İcra Hakimiyyəti Başçısının 15 mart 1995-ci il tarixli 880 nömrəli sərəncamı ilə İddiaçı fərdi yaşayış evinin tikintisi üçün ayrılmış və faktiki istifadəsində olan torpaq sahəsinin faktiki ölçüsü 267 kv.m təşkil edir. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) xx.xx.2022-ci il tarixli, SOCAR**********30480092X00054 nömrəli məktubunda qeyd edilmişdir ki, qeyd olunan iş üzrə SOCAR-ın nümayəndəsi tərəfindən təqdim olunmuş Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi Bakı Layihə-Tədqiqat İdarəsi tərəfindən tərtib edilmiş yerquruluşu sənədində göstərilən koordinatlar əsasında müvafiq araşdırma aparılmışdır. Müəyyən olunmuşdur ki, sözügedən torpaq sahəsi uzun illər ərzində neftqaz əməliyyatlarının aparılması üçün SOCAR-ın daimi istifadəsinə ayrılmış sənaye təyinatlı ərazilərin hüdudları daxilində olmuş, hal-hazırda “Azneft” İstehsalat Birliyinin istifadəsindədir və bu səbəbdən, həmin torpaqlardan yalnız təyinatı üzrə istifadə oluna bilər. Eyni zamanda müəyyən olunmuşdur ki, torpaq sahəsi 2732 nömrəli işlək neft-qaz quyusunun (mancanaq dəzgahı ilə istismar olunan və basqı quyuları) 78 metrlik məsafəsində mühafizə zonası daxilində yerləşir. Qeyd olunan nəticə göründüyü kimi, iş üzrə ekspert rəyində də öz əksini tapmışdır. Məlum olduğu kimi, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 22.2-ci maddəsinə əsasən əhalinin təhlükəsizliyinin təmin olunması, sənaye, nəqliyyat, rabitə, mühafizə və digər təyinatlı obyektlərin istismarına lazımi şərait yaradılması üçün onların ətrafında xüsusi (qoruyucu, sanitariya və s.) hüquqi rejimli mühafizə zonaları yaradılır. Belə xüsusi hüquqi rejimli mühafizə zonaları müvafiq normativhüquqi aktlarla tənzimlənir. Torpaq Məcəlləsinin 22.5-ci maddəsinə əsasən, sənaye təyinatlı torpaqların istifadəsi qaydaları Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq aktına əsasən həyata keçirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 6 fevral tarixli 31 nömrəli Qərarı ilə təsdiq edilmiş “Təhlükə potensiallı təbiət və texnogen xarakterli hadisələrin baş vermə ehtimalının yüksək olduğu zonalarda mühafizə tədbirlərinin növləri və onların tətbiqi hallan”nda dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 7 iyul 2022-ci il tarixli 259 nömrəli Qərarının 3.3-cü bəndinə aid cədvəli 2-ci bölməsində mancanaq dəzgahı ilə istismar olunan və basqı quyulardan yaşayış binaları, fərdi yaşayış evləri, yataqxanalar, inzibati binalar və müvəqqəti salınmış qəsəbələrə qədər olan minimal məsafə 150 metr müəyyən olunmuşdur. “Torpaq islahatı haqqında” Qanunun 6-cı maddəsinə əsasən, “Dövlət obyektlərinin - dağ-mədən sənayesinin, təsdiq edilmiş faydalı qazıntı yataqlarının, vahid energetika sisteminin, magistral boru kəmərlərinin, nəqliyyat, rabitə və müdafiə obyektlərinin, dövlət sərhəd zolaqlarının, mühüm meliorasiya və su təsərrüfatı obyektlərinin yerləşdiyi torpaqlar; dövlət müəssisə idarə və təşkilatların daimi istifadəsində olan və ya dövlət obyektlərinin tikintisi layihələşdirilmiş torpaqlar dövlət mülkiyyətində saxlanılan torpaqlardır. Göstərilən torpaqlar dövlətin müstəsna mülkiyyətindədir, onlar qanunvericilikdə müəyyən olunmuş qaydada istifadəyə və icarəyə verilə bilər”. Bu maddədən açıq şəkildə və birmənalı olaraq qeyd edilir ki, həmin torpaqlar dövlət mülkiyyətində saxlanır. “Texniki təhlükəsizlik haqqında” Azərbaycan Respublikasının xx.xx.1999-cu il tarixli Qanununa və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 94 nömrəli Qərarına əsasən, neft-qaz hasilatı sənayesi əhaliyə və ətraf mühitə təhlükə yarada biləcək potensial təhlükəli obyektlər kateqoriyasına aid edilmişdir. Hesab edilir ki, iş üzrə cavabdehin torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının qeydiyyatından imtinası əsaslı olmuşdur. Belə ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 28 mart 2017-ci il tarixli qərarına əsasən, torpaq sahəsi üzərində hüquqların dövlət qeydiyyatına alınması üçün təqdim edilən sənədlərdə torpağın kateqoriyası (məqsədli təyinatı) müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş kateqoriyaya uyğun gəlmədikdə, həmin torpaq üzərində hüquqların dövlət qeydiyyatından imtina edilə bilər. Torpaq sahəsi üzərində hüquqlar dövlət qeydiyyatına alınarkən torpağın kateqoriyasının (məqsədli təyinatının) müəyyən edilməməsi aşkar olunduqda, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 14.1-ci maddəsinə uyğun olaraq qeydiyyat dayandırıla bilər. Qeyd olunanlara əsasən, həmçinin istehsalatın və əhalinin təhlükəsizliyinin təmin olunması məqsədilə, iddia tələbinin rədd olunması xahiş edilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin iddiaçıya ünvanladığı xx.xx.2021-ci il tarixli, **********00 nömrəli daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi barədə bildirişdə qeyd olunmuşdur ki, tərəfinizdən göstərilən torpaq sahəsi yüksək gərginlikli elektrik şəbəkəsinin və neft kəmərinin mühafizə zolağında yerləşdiyi müəyyən edilmişdir. Həmçinin torpaq sahəsi ilə bağlı Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4990/2021 nömrəli, xx.xx.2021-ci il tarixli bildirişi idarəyə daxil olmuşdur. Yekun məhkəmə aktı barədə məlumat idarəyə daxil olmamışdır. “Elektrik şəbəkələrinin mühafizəsi” qaydaları Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 10 iyun tarixli, 103 nömrəli Qərarı ilə tənzimlənir. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 6.2-ci maddəsinə və Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 46-cı maddəsinə əsasən dövlət obyektlərinin - dağmədən sənayesinin, təsdiq edilmiş faydalı qazıntı yataqlarının, vahid energetika sisteminin, magistral boru kəmərlərinin, nəqliyyat, rabitə və müdafiə obyektlərinin, dövlət sərhəd zolaqlarının, mühüm meliorasiya və su təsərrüfatı obyektlərinin yerləşdiyi torpaqlar dövlətin müstəsna mülkiyyətinə aid olan torpaqlardır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 21.2- ci maddəsinə əsasən daşınmaz əmlaka dövlət qeydiyyatına alınmış hüquqlar barədə məhkəmədə mübahisə olduqda, bu barədə dövlət reyestrində iddia ərizəsinin məhkəmə icraatına qəbul edilməsi haqqında məhkəmənin arayışı əsasında müvafiq qeydlər edilir. Yuxarıda qeyd olunanlar nəzərə alınaraq, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən hüquqların qeydiyyatından imtina edilmişdir. İş üzrə üçüncü şəxs Dövlət Neft Şirkəti tərəfindən “Azneft” İB-nin “Bibiheybət” NQÇİnin daimi istifadəsində olan torpaq sahələrinin topoqrafik planı, eyni zamanda iddia olunan torpaq sahəsinin də yerləşdiyi “Azneft” İB-nin “Bibiheybət” NQÇİ-nin istifadəsində olan topoqrafik planından çıxarış təqdim edilmişdir. Topoqrafik plandan çıxarışda sözügedən torpaq sahəsinin ətrafında neft qurğularının yeri bilavasitə göstərilmiş və müəyyən edilmişdir ki, sözügedən torpaq sahəsindən 78 m məsafədə 2732 saylı işlək neft quyusu, 75 m məsafədə isə 2556 saylı ləğv olunmuş neft qaz quyusu vardır. Apellyasiya instansiyasında işin obyektiv araşdırılması məqsədilə Badamdar qəsəbəsi, 2-ci yaşayış massivi ünvanında yerləşən torpaq sahələrinin Səbail rayon İcra Hakimiyyətinin balansına qaytarılıb-qaytarılmaması barədə, həmin ərazinin mühafizə zonasına düşüb-düşməməsi barədə, əgər mühafizə zonasına düşürsə, düşən məsafənin nə qədər (neçə metr) olması barədə ətraflı məlumatın, həmçinin torpaq sahəsinin planının təqdim edilməsi ilə bağlı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə sorğu verilmişdir. Sorğuya cavab olaraq təqdim edilmiş 14-2/2-2210/2023 nömrəli 09 iyun 2023-cü il tarixli məlumatda bildirilmişdir ki, Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi Bakı Layihə-Tədqiqat İdarəsi tərəfindən tərtib edilmiş yerquruluşu sənədində göstərilən koordinatlar əsasında müvafiq araşdırma aparılmışdır. Müəyyən olunmuşdur ki, sözügedən torpaq sahəsi uzun illər ərzində neft-qaz əməliyyatlarının aparılması üçün SOCAR-ın daimi istifadəsinə ayrılmış sənaye təyinatlı ərazilərin hüdudları daxilində olmuş, hal-hazırda “Azneft” İstehsalat Birliyinin istifadəsindədir və bu səbəbdən, həmin torpaqlardan yalnız təyinatı üzrə istifadə oluna bilər. Eyni zamanda müəyyən olunmuşdur ki, torpaq sahəsi 2732 nömrəli işlək neft-qaz quyusunun (mancanaq dəzgahı ilə istismar olunan və basqı quyuları) 78 metrlik məsafəsində mühafizə zonası daxilində yerləşir. Qeyd olunan nəticə göründüyü kimi, iş üzrə ekspert rəyində də öz əksini tapmışdır. Göründüyü kimi, torpaq sahəsi ayrılarkən aidiyyəti qurumlar tərəfindən kəmərlərin qanunvericiliklə müəyyən olunmuş yuxarıda göstərilən mühafizə zonası gözlənilməmişdir. Göründüyü kimi, iddiaçının təqdim etdiyi hüquqmüəyyənedici sənədin mövcudluğu işin mübahisəsiz halıdır. Belə ki, Səbail Rayon İcra Hakimiyyəti başçısının 880 nömrəli, xx.xx.1995-ci il tarixli sərəncamı ilə vətəndaşa sözügedən ərazidə torpaq sahəsi ayrılmışdır. Lakin üçüncü şəxsin təqdim etdiyi və iş materiallarına əlavə olunan 15 aprel 1976-cı il tarixə aid olan xəritədən məlumdur ki, Səbail Rayon İcra Hakimiyyəti başçısının 880 nömrəli, xx.xx.1995-ci il tarixli sərəncamının verilməsindən uzun müddət əvvəl mübahisəli ərazi neft-qaz əməliyyatlarının aparılması üçün Bibiheybət NQÇİ-yə verilmişdir. Bu torpaq sahəsi aidiyyəti olaraq yerli icra hakimiyyəti orqanına geri qaytarılmış torpaq sahələrinə aid deyil və hal-hazırda “Azneft” İstehsalat Birliyinin istifadəsindədir və bu səbəbdən, həmin torpaqlardan yalnız təyinatı üzrə istifadə oluna bilər. Beləliklə, birinci instansiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, mübahisəli torpaq sahəsinin Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Azneft” İB-nin “Bibiheybət” NQÇİ-nin istifadəsində olan torpaq sahələrinin hüdudları daxilində yerləşdiyi məlum olmuşdur. Müəyyən edilir ki, iddiaçının iddia etdiyi torpaq sahəsi həm də neft quyularının mühafizə zonasında yerləşdiyindən təhlükəsizlik cəhətdən əliverişsizdir. Bu cür ərazilər əhaliyə və ətraf mühitə təhlükə yarada biləcək potensial təhlükəli obyektlər kateqoriyasına aiddirlər. Belə olan halda yuxarıda sadalanan normalara əsasən mübahisəli torpaq sahəsinə mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alına bilməz. Beləliklə, cavabdehin iddia olunan torpaq sahəsi üzərində hüquqların qeydiyyata alınmasından imtinası “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olmuşdur. Yuxarıda göstərilənlərə əsasən, hazırkı işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin olunmaması ilə əlaqədar gəldiyi nəticə düzgündür, apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunur, şikayət qərarın ləğvinə əsas vermir. Bununla bağlı olaraq şikayət təmin edilməməli, qərar dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Nəticəvi hissə: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 52, 68-69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-736/2022 saylı, 02 dekabr 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aytən Oruczadə Hakimlər: Xəyalə Cəmilova Rəşid Səmədov
Məhkəmə qərarları › İş №2-1(103)-1724/2023
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1724/2023
21.09.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver