Məhkəmə qərarları › İş №2-1(103)-1724/2025

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1724/2025

16.04.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1724/2025 16.04.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X10 Cəmilovanın sədrliyi və məruzəsi ilə, X5 və X9 ibarət tərkibdə, Alıcanlı-Yusifli Sevinc Mahir qızının katibliyi ilə, İddiaçı, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9226/2024 saylı 27 noyabr 2024-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 16 aprel 2025-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı xx.xx.1957-ci il təvəllüdlüdür. H3 № ******* saylı hərbi biletdən görünür ki, o, xx.xx.1976-xx.xx.1978-ci illərdə hərbi xidmətdə olmuşdur. İddiaçıya məxsus xx.xx.1973-cü il tarixli ******* nömrəli əmək kitabçasının surətindən görünür ki, İddiaçı xx.xx.1973- cü ildə kassir vəzifəsinə təyin edilmiş, xx.xx.1976-cı ildə işdən azad edilmiş, xx.xx.1978- ci ildə mexanik vəzifəsinə təyin edilmiş,xx.xx.1979-cu ildə işdən azad edilmiş, xx.xx.1979- cu ildə mexanik təyin edilmiş, xx.xx.1979-cu ildə işdən azad olunmuşdur. xx.xx.1979-cu ildə qaynaqçı vəzifəsinə təyin edilmiş, xx.xx.1981-ci ildə azad edilmiş, xx.xx.1981-ci ildə sürücü təyin edilmiş, xx.xx.1981-ci ildə işdən azad edilmişdir. xx.xx.1982-ci ildə fəhlə qəbul edilmiş, xx.xx.1982ci ildə işdən azad edilmiş, xx.xx.1982-ci ildə qaynaqçı qəbul edilmiş, xx.xx.1983-cü ildə azad edilmiş, xx.xx.1983-cü ildə Sabir adına sovxozda yerləşən mədəni mallar mağazasına müdir təyin edilmiş, xx.xx.1983-cü ildə azad edilmiş, xx.xx.1983-cü ildə satıcı təyin edilmiş, xx.xx.1983-cü ildə azad edilmiş, xx.xx.1983-cü ildə satıcı təyin edilmiş, xx.xx.1983-cü ildə işdən azad edilmiş, xx.xx.1983-cü ildə müdir satıcı təyin edilmiş, xx.xx.1988-ci ildə işdən azad edilmiş, xx.xx.1990-cı ildə qaynaqçı təyin edilmiş, xx.xx.1992-ci ildə azad edilmiş, xx.xx.1993-cü ildə Bakıbaştikinti X2 avtonəqliyyat sahəsinə 4-cü dərəcəli çilingər peşəsi üzrə təyin edilmiş, Bakıbaştikinti İnşaat Konstruksiyaları Zavodu xx.xx.1996-cı ildən etibarən Aydın və X6 adına 4 saylı evtikmə kombinatı adlandırılmış, xx.xx.2006-cı ildə Əmək Məcəlləsinin 68-ci maddəsinin “ç” bəndinə əsasən mülkiyyətçinin dəyişməsi ilə əlaqədar olaraq işdən azad edilmişdir. Milli Arxiv İdarəsi X11 filialının İddiaçı ünvanladığı xx.xx.2023-cü il tarixli, 3-48-11F/- 2 Q284-33-23 nömrəli arayışından görünür ki, iddiaçı 1984-1986-cı illərdə Şamaxı rayonunun Lenin adına sovxoz¸ fəhlə kooperativində işləmişdir. 1984-cü il üzrə yanvarsentyabr ayları ərzində, 1986-cı il üzrə yanvar, aprel-dekabr ayları ərzində əməkhaqqı almışdır. Milli Arxiv İdarəsi X11 filialının İddiaçı ünvanladığı xx.xx.2023-cü il tarixli, 3-48-11F/- 2 Q284-33-23 nömrəli arayışında qeyd olunur ki, “Lenin adına sovxoz fəhlə kooperativinin əməkhaqqı cədvəlləri və şəxsi hesab kitabları tam təhvil verilməmişdir. “ Şirvan” kino qurğularının, Şamaxı “VAZ”-ın, Şamaxı baytarlıq idarəsinin, “Bakıtiikinti” X3 heç bir sənədi X11 filialına təhvil verilməmişdir. Milli Arxiv İdarəsi Dövlət Arxivinin Bakı filialının İddiaçı ünvanladığı xx.xx.2023-cü il tarixli, 3-48-2F/-2 Q07536/2023 nömrəli arayışında qeyd olunur ki, “Bakı Baş Tikiniti İdarəsi 4 saylı Ev Tikmə kombinatının arxiv sənədləri Dövlət Arxivinin Bakı filialına təhvil verilməmişdir. İddiaçı ona yaşa görə pensiya təyin olunması üçün cavabdeh inzibati orqana müraciət etmiş, lakin sonuncu tərəfindən onun tələbinin təmin edilməsindən imtina edilmişdir. Belə ki, iddiaçıya ünvanlanmış “xx.xx.2023-cü il tarixli 3-17- f/2-Q-291253/2023 nömrəli məktubda bildirilmişdir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin 4 saylı Bakı DOST Mərkəzindən daxil olmuş ərizə və ona əlavə edilmiş sənədlərə Mərkəzi Filialda aidiyyəti üzrə baxılmışdır. “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun (bundan sonra - Qanun) 7-ci maddəsinə əsasən müvafiq yaşa çatmış şəxslərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. xx.xx.2020-ci il tarixindən pensiya yaş həddi kişilər üçün 65 yaş müəyyən edilib. Qanunun 1.0.2-ci maddəsinə uyğun olaraq, sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Sözügedən Qanunun 22-1.1-ci maddəsinə uyğun olaraq 2019-cu il yanvarın 1-dən etibarən sığortaolunana yaşa görə əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, onun fərdi hesabının sığorta hissəsində 2018-ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olduqda, 2019-2025-ci illərdə həmin Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinə çatmış sığortaolunana (bu Qanunun 8-ci maddəsinin müddəaları nəzərə alınaraq həmin maddədə göstərilən şəxslər də daxil olmaqla) 2006-cı il yanvarın 1-dək olan sığorta stajı 25 il, 2026-cı ildən etibarən isə hər təqvim ili üçün bir il azaldılmaqla hesablanır. Təqdim etdiyiniz əmək kitabçanızın, hərbi biletinizin surətlərinə və Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Pensiya“ altsistemində olan məlumatlara əsasən ümumi sığorta stajınız (xx.xx.1976-cı il tarixindən xx.xx.1978-ci il tarixinədək hərbi xidmətdə olduğunuz müddət də nəzərə alınmaqla) 15 il 11 ay 9 gün təşkil edir. Eyni zamanda fərdi hesabınızın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı xx.xx.2006-cı il tarixinədək 15 il 3 ay 9 gün sığorta stajınıza uyğun olaraq 12424,63 manat, xx.xx.2018-ci il tarixindən xx.xx.2021-ci il tarixinədək 125,07 manat olmaqla, ümumilikdə 12549,70 manat təşkil edir ki, bu məbləğ pensiya yaşınız tamam olduğu tarixdə qanunvericiliklə tələb olunan 34560,00 manat pensiya kapitalından azdır və əmək pensiyasının minimum məbləğindən (240,00 manat) az olmayan pensiya təminatına imkan vermir. Məlumat üçün bildiririk ki, xx.xx.2023-cü il tarixindən etibarən qanunvericiliklə tələb olunan pensiya kapitalının məbləği 40320 manat, minimum əmək pensiyasının məbləği isə 280 manat müəyyən edilmişdir. Həmçinin bildiririk ki, xx.xx.2006-cı il tarixindən xx.xx.2018ci il tarixinədək fərdi hesabınızın sığorta hissəsində pensiya kapitalı qeydə alınmayıb. Əlavə olaraq bildiririk ki, Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Pensiya” altsistemində olan məlumatlara əsasən xx.xx.2006-cı il tarixindən xx.xx.2006-cı il tarixinədək fərdi hesabınızın sığorta hissəsində pensiya kapitalı qeydə alınmadığı üçün xx.xx.1993-cü il tarixindən xx.xx.2006-cı il tarixinədək olan dövrün sığorta stajınıza daxil edilməsi qanunvericiliklə nəzərdə tutulmayıb. Sözügedən dövr üzrə əmək fəaliyyətinizi təsdiq edən zəruri sənədləri (əmək haqqı cədvəlləri və əmr kitablarından çıxarış) DOST Mərkəzlərinə təqdim etməklə təkrar müraciətiniz əsasında həmin dövrün sığorta stajınıza daxil edilməsinə qanunvericiliyə uyğun olaraq baxılacaqdır. Bildiririk ki, ümumi sığorta stajınız qanunla nəzərdə tutulandan (25 il) az olduğu üçün sizə yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməyib. “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun 7.0.2-ci maddəsinə əsasən əmək qabiliyyəti olmayan şəxsin əmək pensiyası hüququ olmadıqda və işləmədikdə yaşa görə sosial müavinət almaq hüququ vardır. Qeyd olunan maddənin tələblərinə əsasən sizə xx.xx.2022-ci il tarixindən yaşa görə sosial müavinət təyin edilib, xx.xx.2023-cü il tarixindən 220 manata çatdırılıb. Məlumat üçün bildiririk ki, əlavə sənədlər təqdim edəcəyiniz təqdirdə müvafiq qaydada araşdırıldıqdan sonra sığorta stajınız qanunvericiliklə tələb olunan göstəricilərə uyğun gələrsə pensiya təminatı hüququnuza yenidən baxıla bilər. Bu imtinadan narazı qalan İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək onun 1990-1992,1993-2006-ci illərdа "Bakıbaştikinti" lnşaat Konstгuksiyaları Zavodunda işlədiyi illəri sığorta stajı kimi müəyyən edərək ona уаşа görə əmək pensiyasının təyin edilməsi öhdəliуinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Mudafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Mudafiə Fоndunun sosial Ödənişlərin Təyinatı üzrə X7 qoyulması barədə qərаr qəbul edilməsini xahiş etmişdir. Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-2881/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə inzibati iş aidiyyəti üzrə baxılması üçün Bakı İnzibati Məhkəməsinə göndərilmişdir. İddiaçı tərəfindən xx.xx.2024-cü il tarixli məhkəmə iclasında iddia tələbinə dəqiqləşmə barədə ərizə təqdim edilərək, ona xx.xx.2022-ci ildən, yəni 65 yaşdan yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına həvalə edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmiş, məhkəmənin eyni tarixli qərardadı ilə iddia tələbi dəqiqləşdirilmiş şəkildə icraata qəbul edilmişdir. İddiaçının əsaslandırması: İddia onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Mudafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Mudafiə Fоndunun sosial Ödənişlərin Tayinatı üzrə Mərkəzi Filialının 3-17-1/2-Q-291253/202З saylı, 12 dekabr 2023-cü it tarixli məktubu ilə ona yaşa görə pensiyanın təyin edilməsindən imtina edilmişdir. Cavabdehin ona yaşa görə əmək pensiyası təyin etməkdən imtinası qanunsuz və əsassız olmaqla, həm də ədalətsizdir. Belə ki, cavabdeh tərəf imtina məktubunda onun ümumi sığorta stajının 15 il 11 ay 9 gün təşkil edildiyini, lakin xx.xx.1993-cü il tarixindən xx.xx.2006-cı il tarixinədək olan dövrün sığorta stajına daxil edilməsinin qanunvericiliklə nəzərdə tutulmadığını bildirmişdir. İddiaçı xx.xx.1993-cü il tarixdə “Bakıbaştikinti” X2 avtonəqliyyat sahəsinə 4-cü dərəcəli çilingər peşəsi üzrə işə qəbul edilmişdir. xx.xx.2006cı il tarixində mülkiyyətçinin dəyişməsi ilə əlaqədar işdən azad edilmişdir. Bu barədə onun əmək kitabçasında qeydiyyat aparılmışdır. Onun ümumi sığorta stajı 27 il 3 ay 4 gün təşkil edir və yaşa görə əmək pensiyası almaq hüququ vardır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Cavabdehin etirazları: Cavabdeh tərəfindən iddiaya dair yazılı etiraz verilərək bildirilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra - Qanun) 7-ci maddəsinə əsasən müvafiq yaşa çatmış şəxslərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. xx.xx.2020-ci il tarixindən pensiya yaş həddi kişilər üçün 65 yaş müəyyən edilib. Qanunun 1.0.2-ci maddəsinə uyğun olaraq, sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Qanunun 22-1.1ci maddəsinə uyğun olaraq 2019-cu il yanvarın 1-dən etibarən sığortaolunana yaşa görə əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, onun fərdi hesabının sığorta hissəsində 2018-ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olduqda, 2019-2025-ci illərdə həmin Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinə çatmış sığortaolunana (bu Qanunun 8-ci maddəsinin müddəaları nəzərə alınaraq həmin maddədə göstərilən şəxslər də daxil olmaqla) 2006-cı il yanvarın 1-dək olan sığorta stajı 25 il, 2026cı ildən etibarən isə hər təqvim ili üçün bir il azaldılmaqla hesablanır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 15 may 2020-ci il tarixli “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2, 1.0.5 və 20.14cü maddələrinin şərh edilməsinə dair Qərarına müvafiq olaraq pensiya təminatı sisteminin məhz sosial sığorta prinsipləri və qazanılan pensiya hüquqları ilə şəxsin fərdi hesabında qeydə alınan vəsaitlər arasında tarazlaşdırma mexanizmləri əsasında qurulması baxımından “Əmək pensiyaları haqqında” Qanunun 1.0.1, 1.0.2 və 1.0.5-ci maddələrinin tələblərinə görə, sığortaolunanlara pensiya təyin edilərkən və ya təyin edildikdən sonra yenidən hesablanarkən xidmət etdiyi, işlədiyi və (və ya) qulluq keçdiyi dövrdə almadıqları və ya məcburi dövlət sosial sığortasına cəlb edilməyən əmək haqqının, təminat xərcliyinin, dövlət məvacibinin və ya onlara edilən əlavələrin əsas götürülməsi qanunun tələblərinə uyğun deyildir. İddiaçının təqdim etdiyi əmək kitabçasının və hərbi biletin surətlərinə əsasən ümumi sığorta stajı (xx.xx.1976-cı il tarixdən xx.xx.1978-ci il tarixədək hərbi xidmətdə olduğu müddət də nəzərə alınmaqla) 15 il 11 ay 9 gün təşkil edir. Həmçinin bildiririk ki, xx.xx.2006-cı il tarixdən xx.xx.2018-ci il tarixədək fərdi hesabının sığortahissəsində pensiya kapitalı qeydə alınmamışdır. Həmçinin qeydə alınmış pensiya kapitalı xx.xx.2006-cı il tarixədək 15 il 3 ay 9 gün sığorta stajına uyğun olaraq 14181,83 manat, xx.xx.2018-ci il tarixdən xx.xx.2021-ci il tarixədək 142,46 manat olmaqla, ümumilikdə 14324,29 manat təşkil edir ki, bu məbləğ pensiya yaşınn tamam olduğu tarixdə qanunvericiliklə tələb olunan 40320,00 manat pensiya kapitalından azdır və əmək pensiyasının minimum məbləğindən (280,00 manat) az olmayan pensiya təminatına imkan vermir. Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Pensiya” altsistemində olan məlumatlara əsasən xx.xx.2006-cı il tarixdən xx.xx.2006-cı il tarixədək fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmadığı üçün xx.xx.1993-cü il tarixdən xx.xx.2006-ci il tarixədək “Bakıbaştikinti” X2 olan dövrün sığorta stajına daxil edilməsi qanunvericiliklə nəzərdə tutulmamışdır. 2-1(112)- 9226/2024 nömrəli iş üzrə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialına qarşı “yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iddiasının təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş edir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9226/2024 saylı 27 noyabr 2024-cü il tarixli qərarı ilə iddia təmin edilərək, İddiaçı 65 yaşdan, yəni xx.xx.2022-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına həvalə edilməsi qərara alınmışdır. Həmin qərardan narazı qalan cavabdeh tərəfindən apellyasiya şikayəti verilərək, qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmənin əsaslandırmasından görünür ki, işə birinci instansiyası qismində baxmış Bakı İnzibati Məhkəməsi iddiaçının iddia tələbi üzrə işi prosessual maddələrin tələblərinə uyğun olaraq araşdırmamış, proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənmiş, iddia tələbini təmin edərkən sadəcə olaraq cavabdehin dəlillərinin əsassızlığına fokuslanmışdır. İşin araşdırılmış hallarından müəyyən olur ki, məhkəmə iddiaçının iddia tələbinin təmin olunması zamanı yeganə hüquqi əsas kimi onun əmək kitabçasını, daha dəqiq desək orada olan xx.xx.1993-cü il tarixdən xx.xx.2006-ci il tarixədək olan dövr üzrə qeydləri mötəbər hesab edərək həmin dövləri onun iş stajına daxil etmişdir. Hesab edir ki, məhkəmə kollegiyasının iddianı təmin edərkən mübahisəli dövrlərin iddiaçının əmək kitabçasında qeyd olunmasına söykənən mövqeyi formalaşmış təcrübəyə ziddir. Belə ki, formalaşmış təcrübəyə əsasən 2006-cı il 1 yanvar tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajının əmək kitabçasına əsasən müəyyən edilməli olması şərti, iddiaçının da öz tələbinin əsası kimi onun adına tərtib olunmuş əmək kitabçasındakı məlumatlara əsaslanması nəzərə alındıqda, əmək kitabçasındakı məlumatların mötəbərliyi özüözlüyündə şübhə doğurmamalı, əmək pensiyası təyin edilməsi üçün zəruri şərt kimi çıxış edən fakta və ya faktlara dair həqiqi vəziyyəti dəqiq əks etdirməlidir (Azərbaycan Respulikasının Ali Məhkəməsinin xx.xx.2024-cü il 2-1(102)-269/2024 nömrəli qərarı). Hazırkı halda, bilavasitə iddiaçı tərəfindən təqdim olunmuş və məhkəmənin öz təşəbbüsü ilə əldə edilmiş məlumatlar iddiaçıya yaşa görə əmək pensiyasının təyin olunması üçün cavabdeh tərəfindən mübahisələndirilən müddətlərdə onun işləməsi faktını özü-özlüyündə, qeyd-şərtsiz təsdiq etmir. Məhkəmə mübahisəli əmək stajı ilə bağlı cavabdehin dəlillərinin hansı mötəbər sübutlarla təkzib olunduğunu qərarında göstərməli və gəldiyi nəticəni həmin sübutlarla əsaslandırmalı idi. Belə ki, məhkəmə təqdim olunmuş sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmalı, cavabdehin də əsaslandığı şübhələri aradan qaldıran, iş stajına dair qeydlərin mötəbərliyini təsdiq edən sübutlara əsaslanmalıdır. İşin hallarından görünür ki, məhkəmə mübahisəli əmək stajını təsdiq edən dəlilləri öz qərarında göstərməmiş, sadəcə olaraq cavabdehin dəlillərinin təkzib olunmasına yönələn formal mülahizələrinə əsaslanmışdır. Əksinə, məhkəmə icraatı zamanı təqdim edilmiş və məhkəmənin şifahi məhkəmə baxışı iclaslarında səsləndirilmiş müvafiq sorğulara gəlmiş cavablardan görünür ki, mübahisəli dövrlərə aid müəssisələrin sənədləri arxiv idarələrinə təhvil verilməmiş və onlar barədə heç bir məlumat əldə edilməmişdir. Sözügedən mübahisəli hallar iddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsi zamanı onun əmək kitabçasının yeganə hüquqi əsas kimi götürülməsini istisna edir. Hesab edir ki, həmin kitabçanın mötəbərliyini şübhə altına alan kifayət qədər faktlar və sübutlar vardır. Bu halların isə araşdırılması, iş üzrə qanuni və əsaslı qərarın çıxarılması məhkəmənin vəzifəsindən irəli gəlir. Yuxarıda istinad olunmuş qanunvericilik aktlarının qarşılıqlı təhlilindən və iddiaçı tərəfindən təqdim edilmiş sənədlərdən məlum olduğu kimi işin faktiki halları ilə müəyyən olunur ki, iddiaçının hazırki vəziyyətdə qanunvericilikdə tələb olunan (25 il) ümumi stajı mövcud deyil. Tərəflərin izahatları: Cavabdehin nümayəndəsi Nümayəndə apellyasiya şikayətini müdafiə edərək və onun məzmununa uyğun izahat verərək, onun təmin edilməsini və birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək, iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. İddiaçı apellyasiya şikayətinin dəlillərinə etiraz edərək onun təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə, sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. İddianın mümkünlüyü ilə bağlı qeyd olunur ki, iddiaçının hazırki iş üzrə tələbinin təmin olunmasından imtina edən cavabdeh inzibati orqanın imtina məktubunun tarixi xx.xx.2023-cü il tarixdir. İddiaçı hazırki iddia ilə məhkəməyə xx.xx.2024-cü il tarixdə müraciət etmişdir. Azərbaycan Respublikası İPM-nin 38.2-ci, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 73.2-ci maddələrinin tələblərini nəzərə alaraq hesab edir ki, iddia qanunla müəyyən edilmiş müddət daxilində verilmiş hesab olunur və mümkündür. İddianın mahiyyəti ilə bağlı qeyd olunur ki, hazırda İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı tələbi “ona xx.xx.2022-ci ildən, yəni 65 yaşdan yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına həvalə edilməsi barədə qərar qəbul edilməsi” ilə bağlıdır. Qeyd olunan tələblə iddiaçı cavabdeh inzibati orqana müraciət etsə də, sonuncu tərəfindən tələbinin təmin olunmasından imtina edilmişdir. Bundan sonra iddiaçı hazırki iddia ilə məhkəməyə müraciət etmiş və onun iddiası məhkəmə tərəfindən təmin edilmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabilyyətini itirdiyinə, işsizliyə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır.Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Qanunun 7-ci maddəsinin tələbinə əsasən 1 iyul 2020-ci il tarixdən kişilər üçün pensiya yaşı həddi 65 yaşdır. Həmin Qanunun 1.0.2-ci maddəsinə əsasən sosial sığorta stajı (bundan sonra sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Həmin Qanunun 1.0.10-cu maddəsinə əsasən pensiya kapitalı - müvafiq olaraq fərdi hesabın sığorta hissəsində qeydə alınan və fərdi hesabın yığım hissəsində toplanan vəsaitlərin məbləğidir. Həmin Qanunun 21.1-ci maddəsinə görə qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 67-ci maddəsinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Həmin Qanunun 67-ci maddəsinin “v” bəndinə əsasən hərbi (alternativ) xidmət və Müdafiə Nazirliyində qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olmaq, milli təhlükəsizlik, daxili işlər, Dövlət sərhədini mühafizə və Prezidenti mühafizə orqanlarında xidmət müddəti iş stajına daxil edilən əmək fəaliyyətinin növlərinə daxildir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 87.1-ci maddəsinə əsasən işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İddiaçı xx.xx.1957-ci il tarixdə doğulduğundan “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə görə onun iddia tələbində göstərdiyi 65 yaşdan, xx.xx.2022-ci ildən pensiya hüququ yaranmışdır. Bəhs edilən normaya görə iddiaçıya yaşa görə pensiya təyin olunması üçün iki element mövcud olmalıdır: 1) İddiaçının pensiya yaşının tamam olması, 2) İddiaçının 25 il ümumi iş stajının mövcud olması və ya fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı. Hazırki işdə iddiaçı iddiasının əsası kimi istinad etdiyi hallarla bağlı məhkəməyə hərbi biletini və əmək kitabçalarını təqdim etmişdir. Hərbi bilet və əmək kitabçasındakı qeydlərə əsasən iddiaçının xx.xx.2006-cı il tarixədək ümumi iş stajı 28 il 01 ay 12 gün təşkil edir. İş materiallarından müəyyən olunur ki, cavabdeh inzibati orqanın imtinasının əsası iddiaçının ümumi sığorta stajının (xx.xx.1976-cı il tarixdən xx.xx.1978-ci il tarixədək hərbi xidmətdə olduğu müddət də nəzərə alınmaqla) 25 ildən az təşkil etməsi ilə bağlıdır. Belə ki, cavabdeh inzibati orqan iddiaçının xx.xx.1993-cü ildən Bakıbaştikinti X2 (Aydın və X6 adına 4 saylı evtikmə kombinatında) olan əmək fəaliyyəti dövrünü onun ümumi iş stajına hesablamamışdır. “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 69-cu maddəsinə əsasən iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli Qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin: 1-ci bəndinə əsasən əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir; 3-cü bəndinə görə iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 28 aprel tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş ““Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydasıı”nın: 4.1-ci bəndinə əsasən əmək pensiyasının təyin edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı aşağıdakılara əsasən müəyyən edilir: 4.1.1. 2006-cı il yanvarın 1-dək olan dövr üzrə: 1. “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa və bu sahədə münasibətləri tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xüsusiyyətlərindən və müddətindən asılı olmayaraq, müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin iş müddəti əmək fəaliyyəti barədə sənədlərə (əmək kitabçası, o olmadıqda işəgötürənin arayışı və ya dövlət arxivinin arayışı), həmin sənədlərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda Fond tərəfindən işəgötürəndə, dövlət arxivində və Fondda saxlanılan məlumatların üzləşdirilməsi nəticəsində tərtib olunan akta əsasən;(....) 4.1.2. 2006-cı il yanvarın 1-dən sonrakı dövr üzrə – dövlət sosial sığorta sistemində fərdi uçot (bundan sonra – fərdi uçot) məlumatlarına əsasən; 4.1.3. işçinin işəgötürən tərəfindən hesablanmış əməkhaqqına məcburi dövlət sosial sığorta haqqı ödənilən iş müddəti – fərdi uçot məlumatlarına əsasən;(....) Qeyd edilən qanunvericiliyin tələblərindən görünür ki, Əmək pensiyaları haqqında” Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək ümumi iş stajını təsdiq edən əsas sənəd əmək kitabçasıdır. İşçinin əmək fəaliyyəti dövrü onun işə başlaması və işdən çıxması tarixləri arasındakı fərqlə müəyyən edilir. İşə baxan birinci instansiya məhkəməsi iddiaçının ümumi iş stajı ilə bağlı məsələni ətraflı araşdırmışdır. Belə ki, birinci instansiya məhkəməsinin sorğularına cavab olaraq Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinn Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsinin xx.xx.2024-cü il tarixli, **********086200 nömrəli məktubundan görünür ki, “xx.xx.2006-cı il tarixdə dövlət qeydiyyatına alınmış “Aydın və X6 adına 4 nömrəli Evtikmə Kombinatı” Məhdud Məsuliyyətli Cəmiyyətinin nizamnaməsinə əsasən cəmiyyət X1 Birliyinin “Aydın və X6" adına 4 nömrəli Evtikmə Kombinatının bazasında yaradılmış, xx.xx.2022-ci il tarixdə ləğv edilərək kommersiya hüquqi şəxslərinin dövlət reyestrindən çıxarılmışdır. X1 Birliyinin “Aydın və X6" adına 4 nömrəli Evtikmə Kombinatının qeydiyyat qovluğu Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsində aşkar edilməmişdir. Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin xx.xx.2024-cü il tarixli 3-48-DA/2- 379/2024 saylı məktubundan görünür ki, “BakıBaşTikiniti” X3 sənədləri arxivə dövlət mühafizəsinə verilməməsi səbəbindən, İddiaçı barədə axtarış aparılması imkanımız xaricindədir. Əmlak Məsələləri Dövlət Xidmətinin xx.xx.2024-cü il tarixli 3-21-3/2-144470/2024 saylı məktubunda bildirilmişdir ki, Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 10 avqust tarixli 383 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında Dövlət əmlakının özəlləşdirilməsinin İİ Dövlət Proqramı”na uyğun olaraq Əmlak Məsələləri Dövlət Komitəsinin 07 mart 2005-ci il tarixli, 52 nömrəli sərəncamı ilə Bakı şəhər İcra Hakimiyyətinin X1 Birliyinin bazasında “Aydın və X6 adına 4 nömrəli Evtikmə kombinatı” Məhdud Məsuliyyətli Cəmiyyəti yaradılmış və Əmlak Məsələləri Dövlət Xidmətinin xx.xx.2022-ci il tarixli 105 nömrəli sərəncamı ilə ləğv edilmiş, xx.xx.2022-ci il tarixində Dövlət Vergi Xidmətinin **********75 nömrəli bildirişinə uyğun olaraq Azərbaycan Respublikası kommersiya hüquqi şəxslərinin dövlət reyestrindən çıxarılmışdır. Nəzərinizə çatdırırıq ki, səhmdar cəmiyyətin özəlləşdirmə planında səhmləri güzəştlə satın almaq hüququ olan şəxslərin siyahısında İddiaçı adının xx.xx.1993-cü il tarixindən müəssisədə çilingər vəzifəsində işlədiyi qeyd edilmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinn Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsinin xx.xx.2024-cü il tarixli, 3-21-2-2-1/2-15517/2024 nömrəli məktubundan görünür ki,” xx.xx.1996-cı il tarixdə d-1024 nömrə ilə dövlət qeydiyyatına alınmış “Bakı Baştikinti” Tikinti Konstruksiyaları Zavodunun ləğv olunması, təşkilati-hüquqi formasının dəyişməsi, hüquqi varisliyi barədə məlumat aşkar edilməmişdir. Hüquqi şəxsin fəaliyyəti barədə məlumat “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 14.1ci maddəsinə əsasən kommersiya hüquqi şəxslərin dövlət reyestr məlumatlarına aid deyildir.” Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçının əmək fəaliyyəti əmək kitabçasında olan Bakıbaştikinti X2 (Aydın və X6 adına 4 saylı evtikmə kombinatında) işə qəbul və işdən çıxması barədə əmrlərin nömrəsi, tarixi, müəssisənin səlahiyyətli şəxsinin imzası və möhürü ilə təsdiq edilmiş qeydlərlə sübut olunur. Məhkəmə araşdırması zamanı birinci instansiya məhkəməsinin sorğusu ilə əldə edilmiş Əmlak Məsələləri Dövlət Xidmətinin cavabından müəyyən olunur ki, iddiaçının işlədiyi müəssisə “Bakı Baştikinti” Tikinti Konstruksiyaları Zavodu, Bakı şəhər İcra Hakimiyyətinin X1 Birliyi və sonuncunun bazasında “Aydın və X6 adına 4 nömrəli Evtikmə kombinatı” Məhdud Məsuliyyətli Cəmiyyəti yaradılmış və Əmlak Məsələləri Dövlət Xidmətinin xx.xx.2022-ci il tarixli 105 nömrəli sərəncamı ilə ləğv edilmiş, xx.xx.2022-ci il tarixində Dövlət Vergi Xidmətinin **********75 nömrəli bildirişinə uyğun olaraq Azərbaycan Respublikası kommersiya hüquqi şəxslərinin dövlət reyestrindən çıxarılmışdır. Ona görə də birinci instansiya məhkəməsi hesab etmişdir ki, özəlləşmə zamanı müəssisədə fəaliyyət göstərmiş özəlləşdirmə komissiyası tərəfindən emissiya prospektində müəssisənin, onun əmlakının özəlləşməsində güzəştli şərtlərlə iştirak etmək hüququ olan əmək kollektivi üzvlərinin siyahısı tərtib olunmuşdur ki, həmin kollektivin üzvü kimi İddiaçı adının xx.xx.1993-cü il tarixindən müəssisədə çilingər vəzifəsində işlədiyi qeyd edilmişdir. Beləliklə, emissiya prospektində (özəlləşmə planında) iddiaçının adının əmək kollektivinin sırasında göstərilməsi onu deməyə əsas verir ki, iddiaçı həmin müəssisədə çilingər vəzifəsində əmək fəaliyyəti ilə məşğul olmuş, o tutduğu vəzifəyə uyğun ştat vahidi, əmək haqqı və s. ilə təmin olunmuşdur. Əks halda əmək kollektivinin sırasında adı çəkiləməməklə bərabər özəlləşmədə güzəştli şərtlərlə çıxış etmək imkanı tanınmazdı. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçının xx.xx.1993-cü ildən Bakıbaştikinti X2 (Aydın və X6 adına 4 saylı evtikmə kombinatında) olan əmək fəaliyyəti dövrü iddiaçının ümumi stajına hesablamaqla cavabdeh inzibati orqan haqlı olmamışdır. “Əmək pensiyaları haqqında” Qanunun 32.1-ci maddəsinə əsasən yaşa görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında ömürlük təyin edilir. Həmin Qanunun 37.7-ci maddəsinə əsasən keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği bu Qanunun 32.1-1-ci maddəsində göstərilən şərt nəzərə alınmaqla ödənilir. Həmin Qanunun 32.1-1-ci maddəsinə əsasən əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Qeyd olunanlardan görünür ki, iddiaçıya yaşa görə əmək pensiyasının təyin olunmasını istisna edən faktiki şərtlərin mövcudluğunu cavabdeh inzibati orqan sübuta yetirə bilmir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. İnzibati Prosessual Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, iddiaçının iddiasının təmin edilməsi ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı olduğundan cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməməli və Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9226/2024 saylı 27 noyabr 2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9226/2024 saylı 27 noyabr 2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova X12 Elvin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar