Məhkəmə qərarları › İş №2-1(103)-1725/2020

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1725/2020

12.10.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1725/2020 12.10.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Aida Əli qızı Hüseynin sədrliyi və məruzəsi ilə, Valeh Məmməd oğlu Ağayev və Afaq Bayram qızı Nuriyevadan ibarət tərkibdə, Kamran İbrahim oğlu Musayevin katibliyi ilə, İddiaçının nümayəndəsi X1 və cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Cavabdehnə qarşı “iş stajı nəzərə alınmaqla əlilliyə görə pensiya təyin edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2-1(81)-94/2019 saylı qərardadından iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə Bakı Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında, şifahi məhkəmə baxışı qaydasında baxaraq müəyyən etdi: İddiaçı məhkəməyə ərizə ilə müraciət edərək, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Nəsimi rayon şöbəsinə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-2732/2018 saylı, xx xxxx 2018-ci il tarixli qərarı icra edilmədiyi üçün 50.000 manat məbləğində cərimə tətbiq edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2-1(81)-94/2019 saylı qərardadı ilə ərizə təmin edilməmişdir. İddiaçı apelyasiya şikayəti verərək, qərardadın ləğv edilməsini və ərizənin təmin edilməsini xahiş etmişdir. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkməsinin 2-1(81)-2386/2018 saylı xx xxxxxx 2018-ci il tarixli qərarı ilə xx.xx.1988-ci ildən xx.xx.2005-ci il tarixədək əmək fəaliyyətində olduğu dövrün sosial sığorta stajı kimi nəzərə alınmaqla ona xx.xx.2018-ci il tarixindən 3-cü qrup əlilliyə görə əmək pensiyasının təyin edilməsi vəzifəsi cavabdehə həvalə edilmişdir. Həmin qərar icra olunması üçün Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Nəsimi rayon şöbəsinə göndərilmiş, lakin qərar xx xxxxxx 2018-ci il tarixdə cavabdehə göndərilməsinə baxmayaraq 1 il 6 ay ərzində icra olunmamışdır. Cavabdehin nümayəndəsi apelyasiya şikayətinə yazılı etiraz təqdim etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, sözügedən qərarın icrası zamanı inzibati orqana məlum olmuşdur ki, iddiaçıya təyin edilmiş əlillik sonradan etibarsız hesab olunmuş, lakin, bu hallar əvvəlki məhkəmə baxışları zamanı məlum olmadığı üçün məhkəmələr tərəfindən araşdırılmamışdır. Belə ki, İddiaçı əlillik vəziyyəti Daxili İşlər Nazirliyinin Tibb idarəsinin 4110003AADC4 saylı göndərişi əsasında xx.xx.2018-ci il tarixdə qiymətləndirilmiş və “arxa qütbün və ləkənin degenerasiyası, OD-mərkəzi seroz xoriorrtinopatiya. OU-zəif dərəcəli hipermetropiya. H2. OD” xəstəliyi ilə ümumi səbəbdən müddətsiz 3-cü (üç) dərəcə əlilliyin təyini barədə qərar verilmişdir. Lakin, Azərbaycan Respublikası DİN-in Tibb İdarəsinin xx.xx.2018-ci il tarixli, 029-2961-1218 saylı məktubu ilə İddiaçı Azəbaycan Respublikası DİN-ə aidiyyətinin olmadığı və hər hansı bağlılığının olmaması, 4110003AADC4 saylı göndərişi əsassız rəsmiləşdirildiyi və saxta olduğu üçün etibarsız hesab edilmişdir. Bununla əlaqədar, əlillik altsistemində İddiaçı aid qiymətləndirmə də etibarsız hesab edilmişdir. Qeyd olunan xüsusatlar əsasında, Azərbaycan Respublikası İPM-in tələblərinə əsasən DSMF-nin Nəsimi rayon Şöbəsi yeni açılmış hallarla bağlı icraatın təzələnməsi tələbi ilə xx.xx.2020-ci il tarixdə Bakı İnzibati Məhkəməsinə ərizə ilə müraciət etmiş, Bakı İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadı ilə rədd edilmişdir. Bakı İnzibati Məhkəməsinin sözügedən qərarı tam qanuni və əsaslıdır. Həmçinin müəyyən edilmişdir ki, İddiaçı eyni tələb əsasında cavabdehin cərimə edilməsi məqsədilə xx.xx.2019-cu il tarixdə iddia tələbi irəli sürmüşdür. Lakin, onun nümayəndəsi tərəfindən həmin ərizə xx.xx.2019cu il tarixdə geri götürülməklə Bakı İnzibati Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2-1(81)- 94/2019 saylı qərardadı ilə ərizə baxılmadan geri qaytarılaraq icraata xitam verilmişdir. Sözügedən iş üzrə müvafiq məhkəmə qərarının cavabdeh, DSMF-nin Nəsimi rayon şöbəsi tərəfindən icra edilməməsinin səbəbi hüquqa, qanuna hörmətsizlik deyil. Çünki, həmin qərarın icra olunmamasının səbəbi iddianın əsasını təşkil edən, xüsusi hüquqi əhəmiyyətə malik olan, İddiaçı əlillik dərəcəsinin yuxarıda qeyd olunan əsaslar üzrə Azərbaycan Respublikası DİN tərəfindən saxta hesab edilməsidir ki, bu, hüquqa hörmətsizlik yox, əsl hüquq dəyərlərinin qorunması, formal həqiqətin deyil, obyektiv həqiqətin müəyyən edilməsinin təmin edilməsi, ümumi dövlət əmlakının, digər ehtiyacı olan şəxslərin hüquqlarının və mənafelərinin haqlı olaraq qorunmasıdır. Bu səbəbdən, müvafiq iş üzrə cavabdeh DSMF-nin Nəsimi rayon Şöbəsinin qanuni qüvvəyə minmiş məhkəmə qərarının icra edilməməsinə görə cərimə edilməsi tələbi əsassızdır, ərizə rədd edilməlidir. Bundan əlavə, DSMF-də həyata keçirilmiş struktur dəyişiklikləri ilə əlaqədar DSMF-nin Nəsimi rayon Şöbəsinin pul öhdəliklərinin həyata keçirilməsi və icra edilməsi səlahiyyəti yoxdur, həmin səlahiyyət birbaşa DSMF-nin özünə verilmişdir. Bu səbəbdən, DSMF-nin Nəsimi rayon Şöbəsinin sözügedən məhkəmə qərarını icra etmək hüququ olmadığından, həmin qərarın icra edilməməsinə görə cərimə edilməsi tam əsassızdır. Həmçinin, sözügedən iddia tələbi üzrə DSMF X7 adından xx.xx.2020-ci il tarixdə “DSMF X5 3-cü şəxs qismində cəlb edilməsinə dair” tələbi ilə əlaqədar Bakı İnzibati Məhkəməsinə tərəflərindən müvafiq ərizə ilə müraciət edilmişdir. Qeyd olunan xüsusatların nəzərə alınaraq, apelyasiya şikayətinin təmin edilmədən rədd edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X3 apelyasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X4 apelyasiya şikayətinə etirazı müdafiə edərək apelyasiya şikayətininin təmin olunmamasını xahiş etdi və əlavə olaraq izahatında bildirdi ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Cavabdeh səlahiyyəti yoxdur, onu cərimə etmək olmaz. Bu məsələlərdə Dövlət Sosial Müdafiə Fondu X5 Sosial Ödənişlərin Təyinatı İdarəsi məsuldur. Məhkəmə kollegiyası tərəflərin nümayəndələrini dinləyib, işin materiallarını və apelyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apelyasiya şikayəti qismən təmin edilməlidir. İş materiallarından görünür ki, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxx 2018-ci il tarixli, 2-1(81)-2732/2018 saylı qərarı ilə iddia təmin edilmiş, İddiaçı xx.xx.1988ci il tarixdən xx.xx.2005-ci il tarixədək əmək fəaliyyətində olduğu dövrün sosial sığorta stajı kimi nəzərə alınmaqla ona xx.xx.2018-ci il tarixdən 3-cü qrup əlilliyə görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Cavabdehnə həvalə edilməsi qərara alınmışdır. Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxxxxx 2018-ci il tarixli, 2- 1(103)-1904/2018 saylı qərarı ilə cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxxx 2018-ci il tarixli, 2-1(102)-2386/2018 saylı qərarı ilə cavabdehin kassasiya şikayəti təmin edilməmiş, Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxx 2018-ci il tarixli, 2-1(81)-2732/2018 saylı qərarı qanuni qüvvəyə mindikdən sonra xx.xx.2019-cu ildə icra edilməsi üçün cavabdehə göndərilmişdir. Lakin cavabdeh tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2019-cu il tarixli məktubda İddiaçı əlilliyinin Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Tibb idarəsinin xx xxxxxxx 2018-ci il tarixli 029-2961-1218 nömrəli məktubuna əsasən əlillik nümunələrinin araşdırılaraq əlillik altsistemində əlilliyin etibarsız hesab olunması ilə əlaqədar olaraq məhkəmə qərarının tərəflərindən icra edilməməsi, əlilliyin əlillik altsistemində bərpa edildikdən sonra məhkəmə qərarının tərəflərin icra ediləcəyi bildirilmişdir. Daha sonra isə xx.xx.2019-cu ildə məhkəmə tərəfindən icra vərəqəsi verilərək icra edilməsi üçün Bakı şəhəri Nəsimi rayon icra və probasiya şöbəsinə göndərilmişdir. Bundan sonra cavabdeh tərəfindən ərizə ilə məhkəməyə müraciət edilərək Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Tibb idarəsinin xx xxxxxxx 2018-ci il tarixli 029-2961-1218 nömrəli məktubuna əsasən əlillik altsistemində İddiaçı əlilliyinin etibarsız hesab olunması, əlillik altsistemində əlilliyin bərpa edilməsinin onların səlahiyyətləri daxilində olmadığından məhkəmə qərarının tərəflərindən icra edilməsinin mümkün olmaması bildirilmiş, icra sənədinin hansı qaydada icra olunması barədə izah verilməsi xahiş edilmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2-1(81)-94/2019 saylı qərardadı ilə ərizə təmin edilmişdir. Bakı Apelyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2-1(103)-414/2020 saylı qərardadı ilə cavabdeh tərəfindən verilmiş şikayət qismən təmin edilmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2-1(81)-94/2019 saylı qərardadı ləğv edilmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2-1(81)-2732/2018 saylı qərarına izah verilməsi baradə cavabdeh tərəfindən verilmiş ərizə təmin olunmamışdır. Bundan sonra isə cavabdeh tərəfindən yeni açılmış hallarla bağlı icraatın təzələnməsi haqqında ərizə ilə məhkəməyə müraciət edilmiş, Bakı İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2-1(81)-94/2019 saylı qərardadı ilə ərizə rədd edilmişdir. Birinci instansiya məhkəməsi hazırkı ərizəyə münasibətdə qeyd etmişdir ki, qanuni qüvvəyə minmiş məhkəmə qərarının icrası istiqamətində cavabdehin hərəkətsizliyi mövcud olmamış, öhdəliyin icrası cavabdehdən asılı olmayan səbəblərdən təmin edilməmişdir, məhkəmə qərarının icra edilməməsində cavabdehin mövqeyi qərəzli olmamışdır. Əksinə, cavabdeh məhkəmə qərarının icrasında yaranmış maneələrlə əlaqədar ayrı-ayrı ərizələrlə məhkəməyə müraciət etmiş və bununla əlaqədar tərəflər arasında məhkəmə mübahisəsi davam etmişdir. Ərizə əsassızdır və rədd edilməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq aşağıdakıları qeyd edir. Konstitusiyanın 125 və 127-ci maddələrinin mahiyyətinə görə, həmin təminatlar tək hər bir şəxsin məhkəməyə müraciət etmək və işinə baxılması hüquqlarının təmin olunması ilə məhdudlaşmır, həm də işinə qərəzsiz, ədalətli, tərəflərin hüquq bərabərliyi, faktlar və qanun əsasında baxılmasını, o cümlədən qəbul olunmuş qərarın qanunla müəyyən olunmuş hədlər çərçivəsində icrasını tələb edir. Effektiv və real ədalət mühakiməsinin əsas şərtlərindən biri məhkəmə qərarlarının icra olunması ilə bağlıdır. Konstitusiyanın 129-cu maddəsinə əsasən, məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə icraatı qaydasında qəbul olunmuş qərarın icrası nəinki hər bir məhkəmə araşdırmasının ayrılmaz, mühüm hissəsidir, həm də fiziki və hüquqi şəxslərin hüquqlarının dövlət tərəfindən müdafiə olunmasının təminatıdır “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 20-ci maddələsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarında məhkəmə qeyd edir ki, qanuni qüvvəyə minmiş məhkəmə qərarının icrası məhkəmə müdafiəsi hüququnun tərkib hissəsi olmaqla pozulmuş hüquqların bərpa olunmasında xüsusi önəm daşıyır. Belə ki, məhkəmə qərarının vaxtında və düzgün icra olunmaması bütövlükdə məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsini səmərəsiz və qəbul olunmuş qərarı əhəmiyyətsiz edər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qanuni qüvvəyə minmiş məhkəmə aktlarının icrasına dair mövqeyinə görə, son və məcburi qüvvəyə malik olan məhkəmə qərarı tərəflərdən birinin ziyanına olaraq icra edilmədikdə, ədalətli məhkəmə araşdırması xəyali hüquqa çevrilir. Ağlasığmaz haldır ki, tərəflərə verilən ədalətli, açıq və ağlabatan müddətdə məhkəmə araşdırması kimi prosessual təminatları ətraflı təsvir edən Konvensiyanın 6-cı maddəsi məhkəmə qərarlarının icrasını təmin etməmiş olsun. Həmin maddənin yalnız məhkəməyə müraciət etmək hüququ və məhkəmə iclasının aparılmasına aid edilməsi iştirakçı dövlətlərin Konvensiyaya qoşularkən üzərlərinə götürdükləri öhdəliklərlə bağlı qəbuledilməz vəziyyət yarada bilər. Ona görə də hər hansı məhkəmə tərəfindən çıxarılmış qərarın icrası Konvensiyanın 6-cı maddəsinin mənasına görə “məhkəmə araşdırması”nın ayrılmaz tərkib hissəsi hesab edilməlidir (Hornsbi Yunanıstana qarşı iş üzrə xx xxxx 1997-ci il tarixli Qərar). Qeyd edilənlərdən də göründüyü kimi istər daxili, istərsə də beynəlxalq qanunvericilik məhkəmə qərarının hər hansı üzrlü səbəb olmadan icra edilməməsini qadağan etmiş, məhkəmə qərarlarının icrasını məhkəmə icraatının tərkib hissəsi kimi qəbul etməklə qanuni qüvvəyə minmiş və icra edilməmiş məhkəmə qərarının xəyali hüquqa çevrildiyi vurğulanmışdır. Kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsi cavabdehin məhkəmə qərarını özündən asılı olmayan səbəblərdən icra edmədiyini göstərsə də həmin səbəblərin nələrdən ibarət olduğunu əsaslandırmamışdır. Bundan başqa məhkəmə inzibati prosessual qanunvericilikdə nəzərdə tutulmuş prosessual qaydalara əməl etməmişdir. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 116-cı maddəsinə əsasən İPM ilə başqa qaydanın nəzərdə tutulmadığı hallarda, məhkəmə qərarlarının icrası ilə bağlı Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin və “İcra haqqında” Azərbaycan Respublikası Qanununun müvafiq müddəaları tətbiq olunur. Məhkəmə qərarının icrası birinci instansiya məhkəməsi tərəfindən təmin edilir. Həmin Məcəllənin 119-cu maddəsinə əsasən dövlətə, bələdiyyələrə və ya ümumi hüququn başqa subyektlərinə qarşı pul tələbinin icra edilməli olduğu hallarda, tələbkarın ərizəsinə əsasən və ya xidməti vəzifəsinə görə birinci instansiya məhkəməsi icra haqqında qərardad qəbul edir. Məhkəmə qərardadda icra tədbirlərini müəyyən edir və həmin tədbirlərin həyata keçirilməsini səlahiyyətli orqana tapşırır. Səlahiyyətli orqan həmin tapşırığı (icra tədbirlərini) məhkəmə qərarlarının icrası ilə bağlı qüvvədə olan qanunvericiliyə uyğun olaraq yerinə yetirməyə borcludur. İcra haqqında qərardad (sərəncam) qəbul etməzdən əvvəl, məhkəmə müvafiq dövlət orqanına, bələdiyyə orqanına və ya ümumi hüququn başqa subyektinə məcburi icra haqqında yazılı şəkildə xəbərdarlıq edir və icranın həyata keçirilməsi üçün müddət müəyyən edir. Bu müddət 15 gündən çox ola bilməz. Ümumi vəzifələrin (dövlət vəzifələrinin və ya ictimai vəzifələrin) yerinə yetirilməsi üçün zəruri olan və ya özgəninkiləşdirilməsi ümumi maraqlara (mülki dövriyyədə olmasına yol verilməyən (mülki dövriyyədən çıxarılmış) əşyalara münasibətdə icraya yol verilmir. Şikayətin verildiyi hallarda, məhkəmə müvafiq nəzarət orqanının və ya yuxarı inzibati orqanın rəhbərinin, yaxud onların səlahiyyətləndirdiyi nümayəndənin rəyini dinlədikdən sonra qərar qəbul edir. Həmin Məcəllənin 120-ci maddəsinə əsasən İPM-in 33.4-cü, 40-cı, 70-ci, 71-ci və 73cü maddələrində nəzərdə tutulmuş hallarda inzibati orqan tərəfindən məhkəmə qərardadı və ya qərarı ilə onun üzərinə qoyulmuş öhdəliklər (müvəqqəti xarakterli müdafiə ilə bağlı, inzibati aktın qəbul edilməsi və ya qanuna zidd inzibati aktın nəticələrinin aradan qaldırılması ilə bağlı öhdəlikləri) icra edilmədikdə, birinci instansiya məhkəməsi proses iştirakçısının ərizəsinə əsasən və ya xidməti vəzifəsinə görə, inzibati orqana icra üçün müddət müəyyən edir və cərimə tətbiq olunacağı barədə həmin orqana xəbərdarlıq edir. İPM-in 120.1-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş müddətdə inzibati orqan tərəfindən onun üzərinə qoyulmuş öhdəliklər icra olunmadıqda, məhkəmə cərimənin məbləğini müəyyən edə və inzibati orqanı həmin məbləğdə cərimə edə bilər. Məhkəmə bu barədə qərardad qəbul edir. İPM-in 120-ci maddəsində də qeyd edilir ki, inzibati orqan tərəfindən məhkəmə qərarı ilə onun üzərinə qoyulmuş öhdəliklər icra edilmədikdə, birinci instansiya məhkəməsi proses iştirakçısının ərizəsinə əsasən və ya xidməti vəzifəsinə görə, inzibati orqana icra üçün müddət müəyyən edir və cərimə tətbiq olunacağı barədə həmin orqana xəbərdarlıq edilir. Lakin, birinci instansiya məhkəməsi məhkəmə qərarının icrası istiqamətində cavabdehin hərəkətsizliyinin mövcud olmaması ilə bağlı əsaslı nəticəyə gəlməmiş, iddiaçının ərizəsinə əsasən cavabdeh inzibati orqana icra üçün müddət müəyyən etməmiş və cərimə tətbiq olunacağı barədə həmin orqana xəbərdarlıq etməmişdir. Bundan əlavə məhkəmə kollegiyası həmçinin qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu X5 yaradılması ilə bağlı qərara və həmin qərara əsasən təsdiq olunan əsasnamələrə uyğun olaraq Dövlət Sosial Müdafiə Fondu X5 strukturunda olan dəyişikliklərə uyğun olaraq cavabdeh kimi göstərilən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Cavabdeh hazırkı halda məhkəmə qərarını icra etməli olan inzibati orqan olub-olmaması məsələsi də birinci instansiya məhkəməsi tərəfindən araşdırılmamışdır. Beləliklə, məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən belə nəticəyə gəlir ki, iddiaçının apelyasiya şikayəti qismən təmin edilməli, Bakı İnzibati Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2-1(81)-94/2019 saylı qərardadı ləğv edilməli, iş İddiaçı tərəfindən verilmiş ərizəyə yenidən baxılması üçün həmin məhkəməyə göndərilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 80, 87, 89-90, 94-cü maddələrini rəhbər tutaraq, kollegiya qərara aldı: İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti qismən təmin edilsin. Bakı İnzibati Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2-1(81)-94/2019 saylı qərardadı ləğv edilsin. İş İddiaçı tərəfindən verilmiş ərizəyə yenidən baxılması üçün Bakı İnzibati Məhkəməsinə göndərilsin. Qərardaddan onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aida Hüseyn Hakimlər: Valeh Ağayev Afaq Nuriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar