Məhkəmə qərarları › İş №2-1(103)-1726/2021

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1726/2021

19.11.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1726/2021 19.11.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X4 Hüseynin sədrliyi və məruzəsi ilə, Səadət İnayət qızı Bəktaşi və Azər Soltanhəmid oğlu Hüseynovdan ibarət tərkibdə, Aytac Mahir qızı Məmmədlinin katibliyi ilə, İddiaçının nümayəndəsi Vəkil və cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə pensiyanın təyin edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 05 aprel 2021-ci il tarixli, 2-1(112)- 3081/2021 saylı qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtərlə Təyinat İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçıya 23.02.2019-cu il tarixdən 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması vəzifəsinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx xxxxxx 1962-ci ildə doğulmuşdur. Hazırda 58 yaşı var. 1981-1983-cü illərdə hərbi xidmətdə olmuşdur. Əmək fəaliyyətinə 01.02.1980-ci ildə başlamışdır. 01.02.1980-ci ildən 20.04.1981-ci ilədək Tovuz rayonunda kolxozda işləmişdir. 20.04.1981-ci ildən 06.05.1983-cü ilədək hərbi xidmətdə olmuşdur. 01.10.1983-cü ildən “Bakituneltikinti” İdarəsinin 7 nömrəli Tunel Dəstəsinə 3-cü dərəcəli betonçu, 02.01.1985-ci ildən 28.02.1985-ci ilədək 3-cü dərəcə bərkidici, 02.04.1985-ci ildən 18.02.2014-cü ilədək (SSSRİ Nəqliyyat Tikintisi Nazirliyinin Qlavtonnelmetrostroyun Soyuzmetrospetsstroyda) daşyonan peşəsində işləmişdir. İşlədiyi peşə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il tarixli 23 yanvar tarixli 12 nömrəli Qərarına əsasən “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahsı”nın 1.1 bəndinin 1.2.1-ci yarımbəndinin “a” maddəsinə əsasən güzəştli 29 il 14 gün əmək stajı var. O, 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması üçün cavabdehə müraciət etmiş, lakin ona imtina məktubu ilə bildirilmişdir ki, fərdi hesabında sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Hesab edir ki, imtina əsassızdır. Cаvаbdеh iddiаyа dаir еtirаzını təqdim edərək göstərmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) kişilər 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən 1 yanvar 2006-cı il tarixinədək Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericililklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Azərbaycan Respublikasının 6 mart 2007-ci il tarixli 260-İİİQD nömrəli Qanunu ilə qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “b” bəndinə uyğun olaraq, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 2 №-li siyahı üzrə müəyyən edilmiş 25 il ümumi stajı olan və bu stajın ən azı 12 il 6 ayını güzəştli işlərdə çalışan 57 yaşı tamam olmuş kişilərin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. “Əmək pensiyaları haqqında” Qanunun 1.0.8-ci maddəsinə uyğun olaraq fərdi hesabın sığorta hissəsi əmək pensiyasının sığorta hissəsinin hesablanması üçün nəzərə alınan, sığortaolunanlar üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 90 faizinin və xüsusi hesabdakı vəsaitin qeydə alındığı subhesabdır. İddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Belə ki, hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq ona münasibətdə, 43800,00 manat hesablandığı halda, fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 21828,25 manat təşkil edir. Qeyd olunanları nəzərə alaraq ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Sözügedən məsələ ilə əlaqədar məhkəmə təcrübəsində X3 işi ilə bağlı Bakı İnzibati Məhkəməsinin 02.12.2020-ci il tarixli 2-1(112)-5359/2020 nömrəli məhkəmə qərarında göstərilmişdir: “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununda dəyişikliklər edilməsi barədə” 10 mart 2017-ci il tarixli 543-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə 9.1-ci maddədə ”57” rəqəmləri “60” rəqəmləri ilə, “52” rəqəmləri “55” rəqəmləri ilə əvəz edilmiş və həmin maddəyə “çalışmışlarsa” sözündən sonra “və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə” sözləri əlavə edilmişdir. Həmin Qanun 2017ci il iyulun 1-dən qüvvəyə minmişdir. Göründüyü kimi, 01.07.2017-ci il tarixədək, güzəştli şərtlərlə pensiyanın təyin edilməsi üçün yalnız iki şərt (yaş və staj) nəzərdə tutulsa da, yuxarıda qeyd edilən dəyişikliklər qüvvəyə mindikdən sonra (01.07.2017) “pensiya kapitalı” kimi adlanan yeni şərt əlavə edilmişdir. 01.07.2017-ci il tarixdən sonra şəxsin güzəştli şərtlərlə pensiya hüququnun yaranması üçün hər üç şərt (yaş, staj və pensiya kapitalı) mövcud olmalıdır. Qeyd olunanları nəzərə alaraq iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.18-ci maddəsinə görə sığortaolunanlar əmək pensiyasının sığorta hissəsinin hesablanması üçün nəzərə alınan fərdi hesabın sığorta hissəsindəki məbləği Azərbaycan Respublikası Prezdentinin 2017-ci il 12 sentyabr tarixli 1597 nömrəli Fərmanı ilə təsdiq edilmiş qaydada xüsusi hesaba əlavə vəsait ödəyərək artırmaqla əmək pensiyasının minumum məbləğində və ya daha yuxarı məbləğdə pensiya təminatının formalaşdırılması imkanına malikdirlər. Göründüyü kimi, iddiaçı ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün qanunla müəyyən edilmiş 3 şərtdən (yaş, ümümi və güzəştli iş stajı və pensiya kapitalı) birinə malik deyildir. Belə olan halda, Mərkəzi Filialın iddiaçının güzəştli şərtlərlə yaşa gğrə əmək pensiyası təyin olunması barədə ərizəsinə verdiyi imtina məktubu tamamilə əsaslı və qanunauyğun hesab edilməlidir. Bakı İnzibati Məhkəməsinin 05 aprel 2021-ci il tarixli, 2-1(112)-3081/2021 saylı qərarı ilə iddia tələbi təmin edilərək, İddiaçı 23.02.2019-cu il tarixdən (57 yaşdan) güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması öhdəliyinin cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulması qərara alınmışdır. Qərardan narazı qalan cavabdeh iddia ərizəsinə etirazla eyni məzmunlu apellyasiya şikayəti verərək, qərarı ləğv edib iddianın təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclaslarında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi və əlavə olaraq bildirdi ki, yaşı və vəzifəsi uyğundur, sadəcə kapitalı yoxdur. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi. Əsaslandırma hissəsi: Azərbaycan Respublikası İPM-in 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Hazırki işin hallarından görünür ki, iddiaçı xx.xx.1962-ci il tarixdə doğulmuş, O, 01.02.1980-ci ildən 20.04.1981-ci ilədək Tovuz rayonunda kolxozda işləmişdir. 20.04.1981-ci ildən 06.05.1983-cü ilədək hərbi xidmətdə olmuşdur. 01.10.1983-cü ildən “Bakıtuneltikinti” İdarəsinin 7 nömrəli Tunel Dəstəsinə 3-cü dərəcəli betonçu, 02.01.1985-ci ildən 28.02.1985-ci ilədək 3-cü dərəcə bərkidici, 02.04.1985-ci ildən 18.02.2014-cü ilədək (SSSRİ Nəqliyyat Tikintisi Nazirliyinin Qlavtonnelmetrostroyun Soyuzmetrospetsstroyda) daşyonan peşəsində işləmişdir. "xxxx" QSC-nin A/159 nömrəli 24.06.2020-ci il tarixli Arxiv Arayışında göstərilmişdir: “Verilir, xx.xx.1962-ci il təvəllüdlü İddiaçı, ondan ötrü ki, o, həqiqətən 01.10.1983-cü il tarixindən “Bakıtuneltikinti” İdarəsinin 7 NQ-İİ Tunel Dəstəsinə 3-cü dərəcəli betonçu (yerüstü əmək şəraiti ilə) peşəsinə qəbul edilmişdir (Əmr № 218/K, 01.10.1983-cü il), 02.01.1985-ci il tarixindən 3-cü dərəcə ilə bərkidici (yeraltı əmək şəraiti ilə) peşəsinə keçirilmişdir (Əmr № 300/K, 31.12.1985-ci il), 28.02.1985-ci il tarixindən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 36-cı maddəsinin 5-ci bəndinə əsasən işdən azad olunmuşdur (Əmr № 44/K, 10.03.1985-ci il). 02.04.1985-ci il tarixindən SSSRİ Nəqliyyat Tikintisi Nazirliyinin Qlavtonnelmetrostroyun Soyuzmetrospetsstroy İdarəsinə 2-ci dərəcə ilə yardımçı fəhlə peşəsinə qəbul edilmişdir (Əmr № 136, 10.04.1985-ci il), 02.09.1985-ci il tarixindən 2-ci dərəcə ilə daşyonan peşəsinə keçirilmişdir (Əmr № 349, 12.09.1985-ci il), 15.05.1987-ci il tarixindən 3-cü dərəcə verilmişdir (Əmr № 92/K, 20.05.1987-ci il), 26.06.1992-ci il tarixindən Soyuzmetrospetsstroy İdarəsinin Bakı filialına 3-cü dərəcəli daşyonan peşəsinə keçirilmişdir (Əmr №7-K, 31.08.1992-ci il); 18.02.2014-cü il tarixindən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən (öz xahişi ilə) işdən azad edilmişdir (Əmr № 13/K, 18.02.2014-cü il). Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 №-li Qərarına əsasən “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın 1.1 bəndinin 1.2.1. yarımbəndinin “a” maddəsinə əsasən İddiaçı işlədiyi peşələr güzəştli şərtlərlə təqaüdə çıxmağına əsas verir və onun güzəştli şərtlərlə əmək stajı 29 il 14 gün (iyirmi doqquz il on dörd gün) təşkil edir.” İddiaçı hazırkı tələblə cavabdeh orqana müraciət etmiş, lakin cavabdeh inzibati orqanın iddiaçının müraciətini təmin etməkdən imtina etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İ hissəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Həmin maddənin İİİ hissəsinə əsasən isə, hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 1.0.2-ci maddəsinə əsasən sosial sığorta stajı (bundan sonra - sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Həmin Qanunun 21.1-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin, hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsində deyilir ki, bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Hüquq münasibətlərinin yarandığı dövrdə qüvvədə olmuş 23.09.1992-ci il tarixli “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanunun 67-ci maddəsinin 1-ci bəndinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Həmin Qanunun 67-ci maddəsinin 3-cü bəndinin “v” yarımbəndinə əsasən iş stajına bunlardan başqa hərbi (alternativ) xidmət müddəti də daxil edilir. AR Əmək Məcəlləsinin 87-ci maddəsinə görə işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında – işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. İşəgötürən 5 gündən artıq işləyən bütün işçilərin əmək kitabçasında onların işə qəbul edilməsi, başqa daimi işə keçirilməsi, əmək müqaviləsinə xitam verilməsi barədə müvafiq qeydləri yazmalıdır. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 11 dekabr 2017-ci il tarixli 17 saylı qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydalarının 3.1-ci bəndinə əsasən sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı əhatə etdiyi dövr üzrə 2 hissəyə - Qanunun qüvvəyə mindiyi 01.01.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı və Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı dövrlərinə bölünür. Qaydaların 3.2-ci bəndinə görə bu Qanunun qüvvəyə mindiyi günədək sığorta olunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı PAS-a daxil edilmiş məlumatlara əsasən əmək kitabçasına əsasən müəyyən edilir. “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 69-cu maddəsinə əsasən iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. “İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydaları” haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 dekabr tarixli, 186 saylı qərarının 1.1-ci maddəsinə əsasən əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəd hesab edilir. Göründüyü kimi, əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəd hesab edilir. Məhkəmə kollegiyası eyni zamanda qeyd edir ki, iddiaçının 01.02.1980-ci ildən 20.04.1981-ci ilədək Tovuz rayonunda kolxozda işlədiyi illər iş stajına daxil edilməsə belə, iddiaçının təhsil aldığı dövr də daxil olmaqla iş stajı 25 ildən çoxdur. Belə ki, apellyasiya baxışı zamanı iddiaçı tərəfindən diplomun təsdiq olunmuş surəti təqdim olunmuşdur. İş materiallarına əlavə olunmuş iddiaçıya məxsus diplomun surətindən görünür ki, iddiaçı 01 sentyabr 1977-ci ildən 25 iyul 1980-ci ilədək orta texniki peşə məktəbində təhsil alaraq avtomobil təmiri çilingəri peşəsi üzrə tam kursu bitirərək ona 3-cü dərəcəli avtomobil təmiri çilingəri ixtisası verilmişdir. Kollegiya iddiaçının təhsil aldığı dövrün ümumi iş stajına daxil edilməsi ilə bağlı qeyd edilməsini zəruri hesab edir ki, “əmək stajı” və “pensiya hüququ” bir-birindən fərqli anlayışlardır. Pensiya hüququ şəxsin qanunvericilikdə nəzərdə tutulmuş yaş həddinə çatdıqdan sonra yaranan hüququdur, yəni, bu gün qüvvədə olan pensiya hüquq normalarını tənzimləyən qanunvericilik aktında əyani təhsil müddətinin əmək stajına daxil edilməməsi pensiya hüququ yaranmış şəxsə deyil, hazırda əyani təhsil alan şəxsə şamil edilməlidir. Ona görə də “əyani təhsil müddətinin əmək stajına daxil edilməsi” məsələsi həmin təhsil alınan vaxt qüvvədə olan qanunvericiliklə, pensiya hüququ isə bu hüququnun yarandığı vaxt qüvvədə olan qanunvericiliklə tənzimlənir. 1956-cı il 01 oktyabr tarixdə qüvvəyə minmiş “Dövlət pensiyaları haqqında” SSRİ Qanununun 1-ci maddəsinin v) bəndinə əsasən, ali məktəblərdə, orta xüsusi ixtisas məktəblərində, texniki peşə məktəblərində, başqa məktəblərdə və kadr hazırlayan kurslarda oxuyanlar dövlət pensiyası almaq hüququna malikdirlər. SSRİ Nazirlər Sovetinin 04 avqust 1956-cı il tarixli, 1044 saylı qərarı ilə təsdiq edilmiş “Dövlət pensiyalarının təyin edilməsi və ödənilməsi Qaydaları”nın 109-cu maddəsinin «n» bəndində təsbit edilmişdir ki, ali, orta ixtisas, texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti ümumi iş stajına daxil edilir. 23.09.1992-ci il tarixli “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin “E” bəndinə əsasən qanunda nəzərdə tutulmuş başqa şərtlərə əməl etməklə ictimai faydalı əməklə məşğul olan ali məktəblərdə və orta ixtisas peşə məktəblərində, kadrlar hazırlayan kurslarda təhsil alanlar, aspirantlar, klinika ordinatorları, doktorantların əmək pensiyası almaq hüququ vardır. Həmin Qanunun 67-ci maddəsinin İİİ hissəsinin “Ğ” bəndinə əsasən ali, orta ixtisas; texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti iş stajına daxil edilir. Göründüyü kimi, iddiaçının təhsil aldığı zaman təhsil müddətinin onun əmək stajına daxil edilməsi təhsil aldığı dövrün qanunvericiliyində nəzərdə tutulmuşdur. Beləliklə, iş materiallarında olan diplomun, hərbi biletin və əmək kitabçasının notarial qaydada təsdiq edilmiş surətlərindən göründüyü kimi 01 yanvar 2006-cı ilədək iddiaçının hərbi xidmət və təhsil müddəti də nəzərə alınmaqla, 25 ildən artıq ümumi iş stajı mövcud olmuşdur. Məhkəmə kollegiyası iddiaçının güzəştli şərtlərlə iş stajı ilə bağlı aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 11.12.2017ci il tarixli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”na 2 nömrəli əlavənin 2.4, 2.4.1-ci bəndlərinə əsasən Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı təqdim edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23.01.2007-ci il tarixli Qərarı ilə “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı” təsdiq edilmiş və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21.06.1993-cü il tarixli Qərarı qüvvədən düşmüş hesab edilmişdir. Siyahının (23.01.2007-ci il tarixli 12 nömrəli Qərarla təsdiq edilmiş) “1. Dağ-mədən işləri” bölməsinin “1.1.2. Tikintidə, rekonstruksiyada, yenidən texniki təchizatda və əsaslı təmirdə: dağmədən yerlərində, metropolitenlərdə, yeraltı arxlarda, tunellərdə və s. yeraltı qurğularda yeraltı işlər” yarımbölməsinin “a) fəhlələr” bəndində “bərkidicilər” və həmin bölmənin “1.2. Açıq üsulla kömürün, filizin, şistin, ozokeritin, talkın, kaolininin, qrafitin, dolomitin, kvarsitin, əhəng daşının, mergelin, maqnezitin, çöl və plavik şpatının, gipsin, baratların, pyezokvarsın, əqiqin, boritlərin, fosforitin, apatitlərin, kükürdün, almazların, mərmərin, qranitin, andezitin, təbaşirin, qumlardan qiymətli və əlvan metalların, diabazanın, qranodioritin, bazaltın, qumdaşının, kəhrəbanın, slyudanın, azbestin, duz və tərkiblərində 1-2-ci sinif təhlükəli zəhərli maddələr, həmçinin 3-cü sinif təhlükəli zəhərli maddələr olan digər filiz olmayan qazıntıların hasilatı. Şaxtaların, mədənlərin, kəsmələrin, karxanaların, draqların, metropolitenlərin, tunellərin, yeraltı arxların və digər yeraltı qurğuların tikintisi. Torpaqların rekultivasiyası, texniki quyuların qazılması, yeraltı yanğınların, terrikon və süxur laylarında yanğınların profilaktikası və söndürülməsi üzrə dağ-mədən işləri” yarımbölməsinin “1.2.1. Açıqda dağ-mədən işləri və yer səthində işlər” abzasının “a) fəhlələr:” bəndində “daşyonanlar” nəzərdə tutulmuşdur. İddiaçının işlədiyi vəzifələr (“bərkidicilər” və “daşyonanlar”) Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23.01.2007-ci il tarixli 12 nömrəli qərarı ilə təsdiqlənmiş siyahıda konkret göstərilmişdir. İddiaçının 01.01.2006-cı il tarixədək 25 ildən artıq ümumi iş stajına, o cümlədən 12 il 6 aydan artıq güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən iş stajına malik olması işin cavabdeh tərəfindən mübahisələndirilməyən halıdır. Cavabdehin imtina məktubunda və apellyasiya şikayətindəki iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olması ilə bağlı dəlilini əsassız hesab edən məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının pensiya hüququ 01.01.2006-cı il tarixədək yarandığından, bu zaman fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı tələb olunmadığından iddiaçının zəruri pensiya kapitalına malik olmadığına görə pensiya hüququnun yaranmadığı barədə cavabdehin dəlili əsaslı sayıla bilməz. İnzibati Prosessual Məcəllənin 14.3-cü maddəsinə görə inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Bununla əlaqədar məhkəmə kollegiyası qeyd edir ki, hazırkı iddia məcburetmə haqqında iddia deyil, öhdəliklərin icrası haqqında iddialara aid olsa da, cavabdehin imtinası onun hərəkətsizliyində ifadə olunmuşdur. Bu isə mahiyyət etibarilə inzibati aktın qəbulundan imtina edilən zaman göstərilən hərəkətsizliyə bərabərdir. Beləliklə, məcburetmə haqqında iddialarda olduğu kimi öhdəliyin icrası haqqında iddialar üzrə də həmin öhdəliyin icra edilməli olmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının, belə öhdəliyin icrasını istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür ki, hazırkı işdə cavabdeh imtinasını zəruri edən şərtlərin mövcudluğunu sübut edə bilməmişdir. Beləliklə kollegiya qeyd edir ki, iddiaçı 2006-cı ilin yanvar ayının 1-dək 25 ildən çox ümumi iş stajına, o cümlədən 12 il 6 aydan çox “əmək şəraiti zərərli və ağır olan” iş stajına malik olduğundan və onun işlədiyi vəzifə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 nömrəli 23 yanvar 2007-ci il tarixli qərarı ilə təsdiq edilmiş Siyahıda nəzərdə tutulduğundan və iş yerindən iddiaçının işlədiyi vəzifələrə uyğun arayış təqdim edildiyindən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 2017-ci il iyulun 1-dək qüvvədə olan 9.1-ci maddəsinə əsasən onun 57 yaşdan (23.02.2019-cu il tarixdən) güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yaranmışdır. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçı 23.02.2019-cu il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququna malik olduğundan hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlıdır və işə baxan məhkəmə cavabdehin imtinasının qanunsuz olması və iddianın təmin edilməsi barədə düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 87, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, Kollegiya qərara aldı: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 05 aprel 2021-ci il tarixli, 2-1(112)-3081/2021 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aida Hüseyn Hakimlər: Səadət Bəktaşi Azər Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar