Məhkəmə qərarları › İş №2-1(103)-1726/2023

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1726/2023

16.10.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1726/2023 16.10.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Əkbərov Kamran Hüseyn oğlu (sədrlik edən və məruzəçi), Tağızadə Mirzə Nəsib oğlu və X3 ibarət tərkibdə, Məmmədova Leyla Asəf qızının katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı «iddiaçıya ikinci dərəcə əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması» tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-8947/2022 saylı xx.xx.2022-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D I : İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı «cavabdehin imtinasının ləğv edilməsi və iddiaçıya əlilliyin təyin edilməsi» tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, X6 X9 1 nömrəli Poliklinika Şöbəsi tərəfindən **********01 nömrəli müayinə vərəqəsi tərtib edilmiş və həmin vərəqə əsasında 2709003AADT7 nömrəli göndəriş tərtib edilərək 11 aprel 2022-ci il tarixdə Tibbi Sosial Ekspert Komissiyasına təqdim edilmişdir. Bunun əsasında iddiaçı müayinədən keçmişdir. Müayinənin nəticəsində 12 aprel 2022-ci il tarixdə əlilliyin müəyyən edilməsindən imtina barədə qərar qəbul edilmişdir. İmtina Aktında göstərilmişdir ki, göndəriş natamam doldurulmuşdur, əsas diaqnoz və ağırlaşmaları dəqiqləşdirmək üçün xəstəyə ixtisaslı tibb müəssisəsində ətraflı müayinədən keçməsi məsləhətdir. İddiaçı hesab edir ki, aşağıdakı səbəblərə görə əlillik müəyyən edilməsindən imtina aktı qanunsuzdur və bu səbəbdən iddiaçıya əlillik təyin edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. İlk növbədə qeyd edilməlidir ki, 11 aprel 2022-ci il tarixli 2709003AADT7 nömrəli göndəriş tam doldurulduğu halda, Tibbi Sosial Ekspert Komissiyası əsassız olaraq həmin sənədin natamam doldurulmasını göstərmiş, natamamlığın nədən ibarət olmasını təsvir etməmişdir. Halbuki, «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 61-ci maddəsinə əsasən yazılı və ya yazılı formada təsbit olunmuş inzibati akt yazılı şəkildə əsaslandırılmalıdır. Əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən istinad olunan qanunlar və digər normativ hüquqi aktlar göstərilməlidir. Həmin Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. İmtina aktı inzibati orqan hesab edilən Tibbi Sosial Ekspert Komissiyası tərəfindən ümumi hüquq sahəsinə aid olan əlilliklə bağlı məsələni nizama salmaq məqsədilə qəbul edilmiş və ünvanlandığı şəxs kimi mənim üçün hüquqi nəticə yaradan hakimiyyət tədbiri olduğundan inzibati aktı hesab edilir. Bu baxımdan Tibbi Sosial Ekspert Komissiyası tərəfindən inzibati akt hesab edilən İmtina aktı qəbul edilərkən yazılı şəkildə konkret faktiki (natamamlığın nədən ibarət olması) və hüquqi hallara (göndərişin natamam doldurulmasının hansı normaya əsasın əlilliyin müəyyən edilməsindən imtina barədə qərar qəbul edilməsinə səbəb olması) istinadən əsaslandırılmalı idi. İmtina aktından göründüyü kimi, həmin akt heç bir faktiki və hüquqi hallarla əsaslandırılmamışdır. Göndərişin natamam doldurulmasına görə imtina aktının qəbul edilməsi səlahiyyəti və qaydası qanunvericilikdə nəzərdə tutulmamışdır. Qeyd edilənlərlə yanaşı, əlilliyin müəyyən edilməsi barədə qərar qəbul edilməsindən imtina formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması ilə əsaslandırıla bilməzdi. Çünki Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş «Əlilliyin qiymətləndirilməsi Qaydası»nda Tibbi Sosial Ekspert Komissiyası tərəfindən göndəriş natamam doldurulduqda, əlilliyin müəyyən olunmasından imtinaya dair qərar qəbul edilməsi səlahiyyəti və qaydası nəzərdə tutulmamışdır. Əksinə, Qaydanın 2.9-cu bəndinə əsasən göndəriş natamam doldurulduqda, Tibbi Sosial Ekspert Komissiyası yalnız altsistemin xüsusi bölməsində müvafiq qeyd aparmaqla bu barədə bildirişi altsistem vasitəsilə onu rəsmiləşdirmiş tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyasına göndərə bilər. İmtina aktından isə görünür ki, Tibbi Sosial Ekspert Komissiyası bu qayda və səlahiyyətinin ziddinə 11 aprel 2022-ci il tarixli 2709003AADT7 nömrəli göndərişi komissiyaya göndərmək əvəzinə, əsassız və qanunsuz olaraq imtina aktı qəbul etmişdir. «İnzibati icraat haqqında» Qanunun 15.2-ci maddəsinə əsasən də qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Göründüyü kimi, Tibbi Sosial Ekspert Komissiyası nəinki sahəvi normativ sənəd olan «Əlilliyin qiymətləndirilməsi Qaydası»nın tələblərini, həm də «İnzibati icraat haqqında» Qanunun tələblərini kobud şəkildə pozaraq qanunsuz imtina aktı qəbul etmişdir. Əsas diaqnoz və ağırlaşmaları dəqiqləşdirmək üçün əlavə müayinə keçirilməsi məqsədilə imtina aktının qəbul edilməsi qanunsuzdur. Təsvir edilənlərlə yanaşı, qeyd edilməlidir ki, əsas diaqnoz və ağırlaşmaları dəqiqləşdirmək məqsədilə xəstənin ixtisaslı tibb müəssisəsində ətraflı müayinədən keçməsi əsası ilə imtina aktının qəbul edilməsi qayda və səlahiyyəti də qanunvericilikdə, o cümlədən «Əlilliyin qiymətləndirilməsi Qaydası»nda nəzərdə tutulmamışdır. Əksinə, sözügedən Qaydaların məzmunundan aydın olur ki, əlavə müalicəyə ehtiyacın olması məhz əlilliyin təyinatını şərtləndirir. Belə ki, həmin Qaydaların 2.6-cı bəndinə əsasən Tibbi Sosial Ekspert Komissiyasının qərarı qəbul edildikdə, əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə və reabilitasiya vasitələrinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti altsistemə daxil edilir, Tibbi Sosial Ekspert Komissiyasının sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə imzalanır. Göründüyü kimi, əlilliyin qiymətləndirilməsi əlilliyin təyinatı ilə birgə reabilitasiyanı da nəzərdə tutur. Reabilitasiyası dedikdə isə, əlilliyin aradan qaldırılmasına və ya kompensasiyasına yönəldilmiş tibbi, psixoloji, pedaqoji, idman, sosial-iqtisadi və digər tədbirlər sistemi vasitəsilə əlilliyi olan şəxslərin müstəqilliyinin, fiziki, əqli, məişət, sosial və peşə-əmək qabiliyyətinin tamamilə və ya qismən bərpası başa düşülür («Əlilliyi olan şəxslərin hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun tələblərinə görə). Əlavə müalicəyə ehtiyacın olmaması əlilliyin təyinatından imtina üçün əsas ola bilərdi, çünki əlillik məhz sağlamlıq imkanlarının məhdudlaşdırılmasını ifadə edən termindir ki, bu reabilitasiya vasitəsilə aradan qaldırıla bilər. Beləliklə, cavabdehin əsas diaqnoz və ağırlaşmaları dəqiqləşdirmək məqsədilə xəstənin ixtisaslı tibb müəssisəsində ətraflı əlavə müalicəyə ehtiyacının olması barədə qərar qəbul edərək əlillik təyinatından imtinası tamamilə qanunsuz və əsassızdır. İddiaçı tərəf məhkəməyə əlavə ərizə təqdim etmiş və iddianın dəyişdirilərək «iddiaçıya ikinci dərəcə əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması» kimi qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iddianın dəyişdirilməsini qəbul etmişdir. İşin birinci instansiya icraatı zamanı cavabdeh iddiaya dair yazılı etiraz təqdim edərək, iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Etirazda qeyd edilmişdir ki, İddiaçı əlillik vəziyyətinə Bakı 18 nömrəli Şəhər Poliklinikasının 17 oktyabr 2015-ci il tarixli göndərişi əsasında baxılmış və “Səbəbi : Ümumi xəstəlik; X1: İX Sinif - Qan dövranı sistemi xəstəlikləri => İ20-İ25 - Ürəyin işemik xəstəlikləri => İ25 - Ürəyin xroniki işemik xəstəliyi => İ25.2 - Əvvəllər keçirilən miokard infarktı; Diaqnozun mətni: ÜİX. Stabil gərginlik stenokardiyası ll-lll fs.İnfarktdan sonrakı kardioskleroz.Sağ yarımkürədə beyin infarktından s\v.Beyinin xr. işemiyası.Hipertoniya xəstəliyi İİ mər.ÜQDÇ-ğı. İİ dər; Meyar: 2.2. İkinci dərəcə əlillik => 2.2.17. Miokardın infarktından sonrakı hal: nəzərə çarpan koronar çatmamazlıq əlamətləri ilə (üçüncüdördüncü funksional sinif)” səbəbi ilə bir il müddətinə əlillik dərəcəsi verilmişdir. Elektron təyinatla 19 oktyabr 2016-cı il tarixli göndərişi əsasında baxılmış və “Səbəbi : Ümumi xəstəlik; X1: İX Sinif - Qan dövranı sistemi xəstəlikləri => İ20-İ25 - Ürəyin işemik xəstəlikləri => İ25 - Ürəyin xroniki işemik xəstəliyi => İ25.2 - Əvvəllər keçirilən miokard infarktı; Diaqnozun mətni: ÜİX. Stabil gərginlik stenokardiyası lllll fs. İnfarktdan sonrakı kardioskleroz. Sağ yarımkürədə beyin infarktından s\v. Beyinin xr. işemiyası. Hipertoniya xəstəliyi İİ mər. ÜQDÇ-ğı. İİ dər; Meyar: 2.2. İkinci dərəcə əlillik => 2.2.17. Miokardın infarktından sonrakı hal: nəzərə çarpan koronar çatmamazlıq əlamətləri ilə (üçüncü – dördüncü funksional sinif)” səbəbi ilə beş il müddətinə əlillik dərəcəsi verilmişdir. Bakı Nərimanov Tibb Mərkəzinin 1 nömrəli Şəhər Poliklinikasının 8 aprel 2022ci il tarixli göndərişi əsasında təkrarən baxılmış və X1: İX Sinif - Qan dövranı sistemi xəstəlikləri => İ60-İ69 - Serebrovaskulyar xəstəliklər => İ69 - Serebrovaskulyar xəstəliklərin nəticələri => 169.3 - Beyin infarktının nəticələri; Diaqnozun mətni: Əsas diaqnoz 169.3 Beyin infarktının nəticələri, Keçirilmiş insultun davamlı qalıq əlamətləri Ağırlaşma F06.5 Üzvi dissosiativ pozğunluq, . Ağırlaşma G11.2 Gecikmiş beyincik ataksiyası, Koordinator statik pozuntu. Ağırlaşma F06.7 Yüngül koqnitiv pozğunluq, Ağırlaşma G81.1 Spastik hemiplegiya, Sol tərəfli hemiparez; Məzkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Göndərişin natamam doldurulması - Səbəb: Əsas diaqnoz və ağırlaşmalarını dəqiqləşdirmək üçün xəstəyə ixtisaslı tibb müəssisəsində ətraflı müayinədən keçməsi məsləhətdir” səbəbi ilə imtina verilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş «Əlilliyin qiymətləndirilməsi Qaydası»nın və 2020-ci il 16 yanvar tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş «Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası»nın müddəalarına əsasən əlilliyin qiymətləndirilməsi «Əlilliyi olan şəxslərin hüquqları haqqında» Qanunun 3.4-cü maddəsinə uyğun olaraq «Əlilliyin müəyyən olunması meyarları»na əsasən həyata keçirilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş «Hərbi-həkim ekspertizası haqqında Əsasnamə» ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbisosial ekspertiza müayinəsinə göndəriş əsasında aparılır. Göndərişin forması Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə razılaşdırılaraq, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilir. Göndəriş verilməsi üçün əsaslara şəxsin eyni xəstəliklə son 6 ay müddətində fasiləsiz və ya son 12 ay müddətində fasilələrlə ümumilikdə 6 aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması, şəxsdə əqli pozuntuların və anatomik çatışmazlıqların, dərmanlara davamlı vərəm formalarının, İV mərhələ onkoloji xəstəliklərin, V mərhələ xroniki böyrək xəstəliyinin olması (göndəriş bu Qaydanın 1.5.1-ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir), əlillik müddətinin bitməsindən sonra bu Qaydanın yuxarıda qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi, peşə əmək qabiliyyətinin itirilməsi faizinin müəyyən edilməsi və əlilliyi olan şəxsin sağlamlıq vəziyyətində olan dəyişikliklə bağlı Komissiyanın rəyinə əsasən tibbi-sosial ekspertiza müayinəsinə zərurət yaranması aiddir. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal Tibbi Sosial Ekspert Komissiyasına göndərilir. Tibbi Sosial Ekspert Komissiyasının sədri və üzvləri hər biri ayrı-ayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş elektron imza ilə imzalayır. Qərar bu Qaydaya əlavədə müəyyən edilmiş formada qəbul edilir və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə və reabilitasiya vasitələrinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti altsistemə daxil edilir, Tibbi Sosial Ekspert Komissiyasının sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə imzalanır. Göründüyü kimi, İddiaçı sonuncu göndəriş əsasında imtina verilməsinin səbəbi “Göndərişin natamam doldurulması - Səbəb: Əsas diaqnoz və ağırlaşmalarını dəqiqləşdirmək üçün xəstəyə ixtisaslı tibb müəssisəsində ətraflı müayinədən keçməsi məsləhətdir” olmuşdur. Odur ki, iddiaçının ixtisaslı tibb müəssisəsində ətraflı müayinədən keçdikdən sonra əlilliyinin yenidən qiymətləndirilməsi üçün müraciət etməsi məsləhət görülür. Yuxarıda qeyd edilənləri nəzərə alaraq, iddianın təmin edilməməsi barədə müvafiq qərar qəbul edilməsi məhkəmədən xahiş olunur. Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-8947/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı ilə İddia təmin edilmiş və İddiaçı ikinci dərəcə əlilliyin təyin edilməsi öhdəliyi cavabdeh Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulması qərara alınmışdır. Həmin qərardan cavabdeh apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti iddiaya dair yazılı etiraza uyğun tərtib edilmişdir. Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq nümayəndələri məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası İPM-nin 62.3-cü maddəsinə əsasən işə onların iştirakları olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası işdə iştirak edən iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq, hesab edir ki, cavabdehin apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli və iddia rədd edilməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Hazırkı iş üzrə cavabdehin apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün məhkəmə kollegiyası qərarın qanuniliyini tam yoxlayır. Hazırkı iş üzrə birinci instansiya məhkəməsi hesab etmişdir ki, “məhkəmənin qənaətinə görə cavabdehin iddiaçıya əlillik təyin edilməsindən “göndəriş natamam doldurulmuşdur və ətraflı müayinə məsləhətdir” səbəbi ilə imtinası qanuna zidd və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir.” Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin bu mövqeyi ilə razılaşmır. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarının (hazırda qüvvədən düşmüş) 1-ci hissəsi ilə «Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə» təsdiq edilmişdir (1 iyul 2022-ci il tarixədək qüvvədə olmuşdur). Həmin Əsasnamənin 1-ci bəndinə görə: - (1.1) Əlillərə münasibət sahəsində sosial siyasət həyatda və cəmiyyətin inkişafında onların fəal iştirak etməsi imkanlarının genişləndirilməsinə, sosial rifah halının, maddi vəziyyətlərinin yaxşılaşdırılmasına yönəldilmişdir; - (1.2) Əlillik və ya 18 yaşınadək uşaqların sağlamlıq imkanlarının məhdudluğu şəxsin tibbisosial ekspertiza müayinəsindən keçirilərək, «Əlilliyin və uşaqların sağlamlıq imkanları məhdudluğunun qarşısının alınması, əlillərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası və sosial müdafiəsi haqqında» Azərbaycan Respublikasının Qanununa uyğun olaraq anadangəlmə, xəstəlikdən və ya xəsarətdən yaranan əqli və ya fiziki qüsurlar nəticəsində həyat fəaliyyətinin məhdudlaşması haqqında müvafiq qərar çıxarılması yolu ilə müəyyən olunur; - (1.5) Tibbi-sosial ekspert komissiyaları tərəfindən birinci, ikinci və üçüncü dərəcə əlillik və 18 yaşınadək uşaqlara münasibətdə sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunur. Əsasnamənin 2.2-ci bəndinə görə ikinci dərəcə əlillik – xəstəlik, travma və ya anadangəlmə qüsurlar nəticəsində orqanizmin həyat fəaliyyətinin (təhsilalma, ünsiyyət, uyğunlaşma, öz davranışına nəzarətetmə, hərəkətetmə, özünə xidmətetmə, əmək fəaliyyəti) elə kəskin məhdudlaşması və ya əmək fəaliyyətinin mümkün olmaması hallarında təyin edilir ki, həmin xəstənin kənar şəxsin yardım və ya qulluğuna ehtiyacı olmasın. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş «Əlilliyin qiymətləndirilməsi Qaydası»nın 1.1-ci bəndinə görə bu Qayda «Əlilliyi olan şəxslərin hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi ilə bağlı məsələləri tənzimləyir. Qaydanın: - 1.2-ci bəndnə əsasən Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin tibbi-sosial ekspert komissiyaları tərəfindən həyata keçirilir. - 2.4-cü bəndinə əsasən tibbi-sosial ekspert komissiyaları 10 iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, tibbi-sosial ekspert komissiyalarının müraciəti əsasında bu müddət Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən 15 iş gününədək uzadıla bilər. - 3.4-cü bəndinə görə əlilliyin qiymətləndirilməsi barədə qərardan şikayət «İnzibati icraat haqqında» Qanuna və İPM-ə uyğun olaraq, inzibati qaydada və (və ya) məhkəməyə verilir. - 3.5-ci bəndinə görə əlilliyin qiymətləndirilməsini barədə qərarlardan bu Qaydanın 3.4-cü bəndinə uyğun olaraq verilmiş şikayətlərə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən bu Qaydanın tələblərinə riayət edilməklə «İnzibati icraat haqqında» Azərbaycan Respublikasının Qanununa uyğun olaraq baxılır. - 3.7-ci bəndinə əsasən əlilliyin qiymətləndirilməsi barədə tibbi-sosial ekspert komissiyasının qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Agentliyi əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən tibbi-sosial ekspert komissiyasının qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən iddia tələbi təmin edilərkən işin faktiki halları düzgün araşdırılmamış, bu növ işlər üzrə sübut qismində vacib əhəmiyyətə malik olan müvafiq ekspert rəyi alınmamışdır. Bu hal işin hazırkı apellyasiya icraatı zamanı nəzərə alınmış və məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə iş üzrə məhkəmə-tibbi ekspertizası təyin edilmiş və hazırki mübahisə üzrə ədalətli və obyektiv rəy verilməsi üçün ekspertizanın cavabdehin mütəxəssislərinin iştirakı olmadan, müstəqil ekspert tərəfindən aparılmasının zəruriliyi qeyd edilmişdir. Ekspert qarşısında aşağıdakıları suallar qoyulmuşdur: İddiaçı xx.xx.1962-ci ildə Naxçıvan MR-da doğulmuş və Bakı şəhəri, Nərimanov rayonunda qeydiyyatda olan İddiaçı canlı müayinə olunmaqla, iş materiallarında olan əlillik vəziyyətinin tibbisosial ekspert komissiyaları tərəfindən qiymətləndirilməsi üçün müvafiq olaraq Bakı şəhəri X6 X7 1 nömrəli Poliklinika şöbəsi tərəfindən göndərilmiş 08 aprel 2022- ci il tarixli, 2709003AADT7 №-li göndərişdə; 1) Şəxsin səhhətini əks etdirən bütün funksional diaqnostik müayinələrinin nəticələri, xəstəliyin dinamikası, müalicə tədbirləri və onların səmərəliliyi, klinik proqnoz göstərilməklə, onun əmək fəaliyyətinin məhdudlaşdırılması və ya itirilməsi əsaslandırılmışdırmı? 2) Aparılan müayinələrin nəticələri diaqnozda öz əksini tapırmı? 3) Aparılan müayinələrin nəticələri əsasında əldə olunmuş diaqnoza əsasən əlavə reabilitasiya müalicəsinə zərurət vardırmı? 4) Göndəriş tam doldurulmuşdurmu? 5) Qeyd olunan xəstəliklər (diaqnoz) Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli № 413 qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnaməyə görə hazırda əlillik təyinatına əsas verirmi? xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə -Tibbi Ekspertiza və X4” X7 T397/2023 saylı ekspert rəyi məhkəməyə daxil olmuşdur. Rəyin nəticə hissəsində qeyd edilmişdir ki, “1962-ci il təvəllüdlü İddiaçı məhkəmə-tibbi müayinəsinə, adına tərtib edilmiş sənədlərə və qərardad göstərilən suallara uyğun komissiya nəticəyə gəlir: 1-4. Vətəndaş İddiaçı tibbi sənədlərinə əsasən iş materiallarında olan əlillik vəziyyətinin Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən qiymətləndirilməsi üçün adına Bakı şəhəri X5 X7 1 nömrəli Poliklinika Şöbəsində tərtib edilib göndərilmiş xx.xx.2022-ci il tarixli 2709003AADT7 nömrəli göndəriş tam doldurulmuş və qeyd edilmiş “Əsas diaqnoz: İ69.3-Beyin infarktının nəticələri, Keçirilmiş insultun qalıq əlamətləri. Ağırlaşma: F06.5- Üzvi dissosiativ pozğunluq . G11.2- Gecikmiş beyincik ataksiyası.Kordinator statik pozuntu. F06.5- Yüngül koqnutiv pozğunluq. G81.1- Spastik hemiplegiya, Sol tərəfli hemiparez” diaqnoz xəstənin anamnestik, kliniki,laborator-instrumental müayinələri əsasında qoyulmuş, müalicə tədbirləri xəstəliyinin dinamikasına uyğun aparıldığından onların proqnozu və səmərəliliyi qənaətbəxş olmuş və buna görə də əmək qabliyyəti itirilməmiş hesab edilmişdir. İddiaçı xəstəlikləri tam reabilitasiya olunmurlar, lakin kəskinləşərkən müvafiq ixtisas sahəsi üzrə həkimdə vəziyyətinin ağırlığından asılı olaraq ambulator, ya da stasionar müalicəyə cəlb oluna bilərlər.

5. Əlilliklə əlaqədar sualın həlli məhkəmə tibb ekspertlərinin deyil, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 11 saylı Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi qaydasının” 1-ci bəndinə görə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibb-Sosial Ekspertiza və X2-Sosial ekspertlərinin səlahiyyətlərinə aiddir. “ Məhkəmə kollegiyası qeyd edir ki, təqdim edilmiş ekspert rəyindən görünür ki, iddiaçı müvafiq olaraq əyani müayinədən keçmiş və əmək qabiliyyətinin itirilməmiş olduğunu müəyyən edilmişdir. Göründüyü kimi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 saylı qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”si cavabdehə verilmiş səlahiyyətin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmuş, cavabdehin imtinası qanunauyğun olmuş və iddiaçının qanunla qorunan hüquqlarını pozmamışdır (AR İPM-73.1), imtina cavabdeh inzibati orqanın güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur (“İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsi). Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək hesab edir ki, hazırkı mübahisəyə baxılarkən birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları düzgün araşdırılmamış, sübutlara düzgün hüquqi qiymət verilməmiş, maddi hüquq normalarının tətbiqində səhvə yol verilmiş və düzgün nəticəyə gəlinməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Ona görə də qeyd edilənlərə əsasən məhkəmə kollegiyası yekunda belə qənaətə gəlir ki, apellyasiya şikayəti əsaslı olduğundan təmin olunmalı, Bakı İnzibati Məhkəməsinin 2- 1(112)- 8947/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı ləğv edilməli, iddia tələbi əsassız olduğundan rədd edilməlidir. Şərh olunanları nəzərə alaraq, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90, 94 və 99-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D I : Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin apellyasiya şikayəti təmin edilsin. Hazırkı iş üzrə Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-8947/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı ləğv edilsin. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı «iddiaçıya ikinci dərəcə əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması» tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar