Məhkəmə qərarları › İş №2-1(103)-1726/2024

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1726/2024

03.07.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1726/2024 03.07.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinə qarşı "yeni məlumat vərəqinin göndərilməsi" tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X6 Cəmilovanın sədrliyi və məruzəsi ilə, X2 və X5 ibarət tərkibdə, Pərvin Adil qızı İbrahimovanın katibliyi ilə, İddiaçı, Cavabdehin nümayəndəsi X1, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinə qarşı “məlumat vərəqəsinin göndərilməsi” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin qəbul etdiyi 2-1(112)-11401/2023 saylı 07 noyabr 2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 03 iyul 2024-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının xx.xx.2022-ci il tarixli Əmək pensiyasının təyin olunması haqqında məktubu ilə bildirilmişdir ki, İddiaçı 338,68 manat məbləğində yaşa görə əmək pensiyası təyin edilib. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının xx.xx.2023-cü il tarixli 3-17-1/2-R-6042/2023 nömrəli Pensiya məbləğinin Hesablanması haqqında məktubu ilə bildirilmişdir ki, vaxtilə sonuncu xidmət etdiyi orqan tərəfindən Mərkəzi Filiala daxil olmuş məlumat vərəqinə əsasən cəmi xidmət illəri 26 il 9 ay 25 gün (24 il 3 ay 17 gün təqvimi, 2 il 6 ay 8 gün güzəştli), sonuncu xidmət keçdiyi vəzifəyə uyğun vəzifə maaşı 685,00 manat, rütbə maaşı 150,00 manat, xidmət illərinə görə vəzifə və rütbə maaşı 30 faizi miqdarında əlavə 250,50 manat, məharət dərəcəsinə görə vəzifə maaşı 15 faizi miqdarında əlavə 102,75 manat, xüsusi xidmətə görə vəzifə maaşı 10 faizi miqdarında digər növ əlavə-68,50 manat və ərzaq payı əvəzinə kompensasiya 64,00 manat olmaqla, cəmi təminat xərcliyi 1320,75 manat təşkil edib. Mərkəzi Filial tərəfindən ona 20 sentyabr 2022-ci il tarixindən “Əmək pensiyaları haqqında'’ Qanunun 20.14.1-ci maddəsinin tələblərinə uyğun qaydada 26 il 9 ay 25 gün xidmət müddəti üçün təminat xərcliyinin (1320,75 manat) 63,50 (20 ilə görə 50 faiz, 6 ilə görə 12 faiz, 9 aya görə 1,50 faiz) faizi- 838,68 manat məbləğində hərbi qulluqçu kimi güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilərək ödənilir. İddiaçı hazırkı tələblə cavabdeh Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinə müraciət etmiş və cavabdeh inzibati orqan tərəfindən xx.xx.2023-ci il tarixli 10/N-13 saylı imtina məktubu ilə bildirilmişdir ki, Azərbaycan Respublikasının Prezidentinin 23 dekabr 2021-ci il tarixli 1516 nömrəli Fərmanına əsasən 2021-ci ildə Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin həqiqi hərbi xidmət hərbi qulluqçularının aylıq vəzifə maaşlarına bir sıra əlavələrin müəyyən edildiyini nəzərə alaraq, Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin həmin əlavələrin şamil olunmadığı həqiqi hərbi xidmət hərbi qulluqçularının (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla) aylıq vəzifə maaşlarına həmin maaşın 20 faizi məbləğində əlavə müəyyən edilmişdir. Qeyd olunanları nəzərə alaraq İddiaçı xidmət etdiyi hərbi hissəyə N faiz həcmində aylıq əlavələr şamil olunduğu üçün Azərbaycan Respublikasının 23 dekabr 2021- ci il tarixli 1516 nömrəli Fərmanına əsasən 20 faiz əlavənin şamil olunması imkan xaricindədir. Bundan sonra İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin imtinasının əsassız hesab edərək xx.xx.2000-ci il tarixdən xx.xx.2022-ci il tarixədək Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarında xidməti nəzərə alınaraq xx.xx.2022-ci il tarixdən iddiaçıya ödənilməmiş təqaüdünün yenidən hesablanaraq ödənilməsi üçün məlumat vərəqinin üçüncü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına təqdim edilməsinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Sosial Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Sonradan iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, İddiaçı hərbi qulluqçu kimi güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edildiyi xx.xx.2022-ci tarixdən Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin xx.xx.2021-ci il tarixli əmrinə uygun olaraq vəzifə maaşına 100% əlavə nəzərə alınmaqla yeni məlumat vərəqinin Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına göndərilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinə həvalə edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmiş, ərizə icraata qəbul edilmişdir. Məhkəmənin qərardadına əsasən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb olunmuşdur. İddiaçının əsaslandırması: İddia onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.2000-ci il tarixdən xx.xx.2022-ci il tarixədək AR Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarında xüsusi şərtlərlə ağır şəraitdə zabit kimi xidmət göstərmişdir. İddiaçıya təxris olundugu 20 sentyabr 2022-ci il tarixdən "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 20.14.1-ci maddəsinə əsasən 26 il 9 ay 25 gün xidmət müddəti nəzərə alınmaqla təminat xərcliyinin 63,50 faizi məbləğində hərbi qulluqçu kimi güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. “Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin həqiqi hərbi xidmət hərbi qulluqçularının ayliq pul təminatının və dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vazifə (tarif) maaşlarının artırılması haqqında" Azərbaycan Respublikası Prezidentinin 23 dekabr 2021-ci il tarixli Fərmanına əsasən 2021-ci ildə Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin həqiqi hərbi xidmət hərbi qulluqçularının aylıq vəzifə maaşlarına bir sıra əlavələrin müəyyən edildiyini nəzərə alaraq, Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin həmin əlavələrin şamil olunmadığı həqiqi hərbi xidmət hərbi qulluqçularının (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları stisna olmaqla) aylıq vəzifə maaşlarına həmin maaşın 20 faizi məbləğində əlavə müəyyən edilmişdir. Buna görə üçüncü şəxs AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına müraciət etmiş, lakin ona xx.xx.2023-cü il tarixli bildirişlə bildirmişdir ki, məlumat vərəqinə əsasən cəmi xidmət illəri 26 il 9 ay 25 gün (24 il 3 ay 17 gün təqvimi, 2 il 6 ay 8 gün güzəştli), sonuncu xidmət keçdiyi vəzifəyə uyğun vəzifə maaşı 685,00 manat, rütbə maaşı 150,00 manat, xidmət illərinə görə vəzifə və rütbə maaşının 30 faizi miqdarında əlavə 250,50 manat, məharət dərəcəsinə görə vəzifə maaşının 15 faizi miqdarında əlavə 102,75 manat, xüsusi xidmətə görə vəzifə maaşının 10 faizi miqdarında digər növ əlavə - 68,50 manat və ərzaq payı əvəzinə kompensasiya 64,00 manat olmaqla cəmi təminat xərcliyi 1320,75 manat təşkil edib. Mərkəzi Filial tərəfindən ona 20 sentyabr 2022-ci il tarixindən “Əmək pensiyaları haqqında" Qanunun 20.14.1-ci maddəsinin tələblərinə uyğun qaydada 26 il 9 ay 25 gün xidmət müddəti üçün təminat xərcliyinin (1320,75 manat) 63,50 (20 ilə görə 50 faiz, 6 ilə görə 12 faiz, 9 aya görə 1,50 faiz) faizi-838,68 manat məbləğində hərbi qulluqçu kimi güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilərək ödənilir. Həmin bildirişdən sonra iddiaçı cavabdeh AR Dövlət Sərhəd Xidmətinə müraciət edərək, Azərbaycan Respublikası Prezidentinin 23 dekabr 2021-ci il tarixli Fərmanının müddəalarının ona şamil olunmaqla, əmək pensiyasının yenidən hesablanması üçün yeni məlumat vərəqinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına təqdim edilməsini xahiş etmiş, lakin cavabdehin xx.xx.2023-cü il tarixli imtina məktubu ilə ona bildirmişdir ki, xidmət etdiyi hərbi hissəyə N faiz həcmində aylıq əlavələr şamil olunduğu üçün Azərbaycan Respublikasının 23 dekabr 2021-ci il tarixli 1516 nömrəli Fərmanına əsasən ona 20 faiz əlavənin şamil olunması imkan xaricindədir. Hesab edir ki, cavabdehin imtinası əsassızdır. Cavabdehin etirazları: İş üzrə cavabdeh tərəfindən iddiaya dair yazılı etiraz verilərək bildirilmişdir ki, iddiaçı DSX-nin sabiq hərbi qulluqçusu İddiaçı iddiası əsassızdır və təmin olunmamalıdır. İddiaçı DSX-nin sabiq hərbi qulluqçusu İddiaçı xx.xx.2022-ci il tarixli əmr əsasında X7 Diviziyasında rabitə bölməsinin rəisi vəzifəsindən azad edilməklə, Dövlət Sərhəd Xidmətində həqiqi hərbi xidmətdən Silahlı Qüvvələrin ehtiyatına buraxılmışdır. Belə ki, cavabdeh Dövlət Sərhəd Xidmətinə qarşı irəli sürülmüş iddia tələbi maliyyə sahəsi üzrə fəaliyyət sferasını təşkil etdiyi üçün münasibət bildirilməsi məqsədilə Dövlət Sərhəd Xidmətinin Maliyyə-Plan İdarəsinə göndərilmişdir. Qoşmaya əlavə olunmuş Dövlət Sərhəd Xidmətinin Maliyyə-Plan İdarəsinin 20 may 2023-cü il tarixli cavab məktubunun məzmununda iş üzrə əhəmiyyət kəsb edən aşağıda qeyd olunan nüanslar göstərilmişdir: “Azərbaycan Respublikası Nazirlər Kabinetinin tapşırığına əsasən Azərbaycan- Ermənistan dövlət sərhədində və işğaldan azad olunmuş ərazilərdə hərbi xidmət keçən hərbi qulluqçuların hərbi xidmətkeçmə və qulluq şəraitinin xüsusiyyətləri, real və potensial təhdidlər o cümlədən, sosial-məişət şəraitinin tam qurulması və digər zəruri infrastrukturun olmaması nəzərə alınaraq, qeyd olunan ərazilərdə hərbi xidmət keçən hərbi qulluqçuların vəzifə maaşlarına N faiz həcmində aylıq əlavələr şamil olunmuşdur. Azərbaycan Respublikasının Prezidentinin 23 dekabr 2021-ci il tarixli 1516 nömrəli Fərmanına əsasən (fərman qoşmaya əlavə olunur) 01 yanvar 2022-ci il tarixdən Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin həqiqi hərbi xidmət hərbi qulluqçularına aylıq vəzifə maaşlarına bir sıra əlavələrin müəyyən edildiyini nəzərə alaraq, Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin həmin əlavələrin şamil olunmadığı həqiqi hərbi xidmət hərbi qulluqçularının aylıq vəzifə maaşlarına həmin maaşın 20 faizi məbləğində əlavə müəyyən edilmişdir. Qeyd olunanları nəzərə alaraq bildiririk ki, iddiaçı X3 xidmət etdiyi hərbi hissəyə N faiz həcmində aylıq əlavələr şamil olunduğu üçün Azərbaycan Respublikasının Prezidentinin 23 dekabr 2021-ci il tarixli 1516 nömrəli Fərmanına əsasən 20 faiz əlavənin şamil olunması imkan xaricindədir. Qoşmaya əlavə olunmuş xx.xx.2021-ci il tarixli 063 №-li əmrdə X7 Diviziyasında xidmət edən hərbi qulluqçuların vəzifə maaşlarına N faiz həcmində əlavələrin edilməsi qeyd olunmuşdur. Yuxarıda qeyd olunanları və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsini rəhbər tutaraq, iddiaçı X3 Dövlət Sərhəd Xidmətinə qarşı olan iddiasının əsassız olduğunu nəzərə alaraq, iddiasının təmin edilməməsi məhkəmədən xahiş edilmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Bakı İnzibati Məhkəməsinin 2-1(112)-11401/2023 saylı 07 noyabr 2023-cü il tarixli qərarı ilə iddia tələbi təmin olunaraq, İddiaçı hərbi qulluqçu kimi güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edildiyi xx.xx.2022-ci tarixdən Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin xx.xx.2021-ci il tarixli əmrinə uygun olaraq vəzifə maaşına 100% əlavə nəzərə alınmaqla yeni məlumat vərəqinin Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına göndərilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinə həvalə edilməsi qərara alınmışdır. Həmin qərardan narazı qalan cavabdeh tərəfindən apellyasiya şikayəti verilərək qərarın ləğv edilməsi və iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayətinin məzmunu iddaya dair etiraz məktubunun məzmunu ilə eynilik təşkil etməklə əlavə olaraq bildirilmişdir ki, məhkəmə maddi və prosessual hüquq normalarını pozaraq sübutları tam və hərtərəfli araşdırıb qiymətləndirmədən işin hallarına uyğun olmayan əsassız qərar qəbul etmişdir. Məhkəmə cavabdeh Dövlət Sərhəd Xidməti tərəfindən təqdim edilən sübutların yoxlanılması ilə bağlı üzərinə düşən vəzifələri icra etməmiş, işin faktiki halları üzrə heç bir araşdırma aparmamışdır. İnzibati mübahisə üzrə təqdim edilmiş sübutlar məhkəmə tərəfindən obyektiv qiymətləndirilməmişdir. Birinci instansiya məhkəməsinin qərarında göstərilmiş nəticələr işin hallarına uyğun gəlmir. Belə ki, cavabdeh Dövlət Sərhəd Xidməti tərəfindən təqdim edilmiş sənədlər araşdırılmadan və əsaslandırılmadan rədd edilmişdir. Tərəflərin izahatları: Cavabdehin nümayəndəsi X4 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsi, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi və iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini müdafiə edərək və onun məzmununa uyğun izahat verərək şikayətin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. xx.xx.2024-ci il tarixdə keçirilmiş məhkəmə iclasında üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmiş Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üçüncü şəxs statusu ləğv edilərək, Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-11401/2023 saylı 07 noyabr 2023-cü il tarixli qərarından Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayətinin qeyri-mümkün hesab edilməsi və şikayətin qəbulundan imtina edilməsi qərara alınmışdır. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə, sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. İddianın mümkünlüyü ilə bağlı qeyd olunur ki, iddiaçı hazırki tələblə bağlı cavabdeh inzibati orqana müraciət etsə də, sonuncu tərəfindən xx.xx.2023-cü il tarixli məktubla onun tələbinin təmin olunmasından imtina edilmişdir. Bundan sonra iddiaçı xx.xx.2023-cü il tarixdə iddia ilə məhkəməyə müraciət etmişdir. İddiaçı tərəfindən imtina məktubunun nə vaxt alınmasını müəyyən etmək olmur. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-nin 38.2-ci, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 73.2-ci maddələrinin tələblərini nəzərə alaraq hesab edir ki, iddia qanunla müəyyən edilmiş müddət daxilində verildiyi üçün mümkündür. İddianın mahiyyəti ilə bağlı qeyd olunur ki, iddiaçı barəsində vaxtilə sonuncu xidmət etdiyi orqan tərəfindən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına göndərilmiş məlumat vərəqinə əsasən cəmi xidmət illəri 26 il 9 ay 25 gün (24 il 3 ay 17 gün təqvimi, 2 il 6 ay 8 gün güzəştli), sonuncu xidmət keçdiyi vəzifəyə uyğun vəzifə maaşı 685,00 manat, rütbə maaşı 150,00 manat, xidmət illərinə görə vəzifə və rütbə maaşı 30 faizi miqdarında əlavə 250,50 manat, məharət dərəcəsinə görə vəzifə maaşı 15 faizi miqdarında əlavə 102,75 manat, xüsusi xidmətə görə vəzifə maaşı 10 faizi miqdarında digər növ əlavə-68,50 manat və ərzaq payı əvəzinə kompensasiya 64,00 manat olmaqla, cəmi təminat xərcliyinin 1320,75 manat təşkil etdiyi göstərilmişdir. Mərkəzi Filial tərəfindən iddiaçıya 20 sentyabr 2022-ci il tarixindən “Əmək pensiyaları haqqında'’ Qanunun 20.14.1-ci maddəsinin tələblərinə uyğun qaydada 26 il 9 ay 25 gün xidmət müddəti üçün təminat xərcliyinin (1320,75 manat) 63,50 (20 ilə görə 50 faiz, 6 ilə görə 12 faiz, 9 aya görə 1,50 faiz) faizi- 838,68 manat məbləğində hərbi qulluqçu kimi güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir və ödənilir. Lakin iddiaçı Azərbaycan Respublikasının Prezidentinin 23 dekabr 2021-ci il tarixli 1516 nömrəli Fərmanına əsasən 2021-ci ildə Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin həqiqi hərbi xidmət hərbi qulluqçularının aylıq vəzifə maaşlarına bir sıra əlavələrin müəyyən edildiyini, Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin həmin əlavələrin şamil olunmadığı həqiqi hərbi xidmət hərbi qulluqçularının (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla) aylıq vəzifə maaşlarına həmin maaşın 20 faizi məbləğində əlavə müəyyən edildiyini nəzərə alaraq hesab edir ki, ona münasibətdə də aylıq əlavələrin şamil olunması ilə barəsində yeni məlumat vərəqi müvafiq quruma göndərilməlidir. Hazırda iddiaçı hərbi qulluqçu kimi ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edildiyi xx.xx.2022-ci tarixdən Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin xx.xx.2021-ci il tarixli əmrinə uygun olaraq vəzifə maaşına 100% əlavə nəzərə alınmaqla yeni məlumat vərəqinin verilməsini tələb edir. İş üzrə birinci instansiya məhkəməsi tərəfindən iddiaçının iddiası təmin edilmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. “Hərbi qulluqçuların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanunun 1-ci maddəsinin 1-ci abzasında qeyd olunmuşdur ki, Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanlarının, başqa hərbi birləşmələrin zabit heyəti, gizirləri, miçmanları və müddətindən artıq xidmət hərbi qulluqçuları, müvafiq icra hakimiyyəti orqanlarının sıravi və rəis heyəti bu Qanunla müəyyən edilmiş müddət ərzində hərbi xidmət və orqanlarda xidmət etdikdə ömürlük pensiya hüququna malik olurlar. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən: 1.0.3. hərbi qulluqçular — Azərbaycan Respublikası Silahlı Qüvvələrində və hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) xidmət edən hərbi rütbəli şəxslərdir; 1.0.5. təminat xərcliyi (pul təminatı) — hərbi qulluqçuların hərbi xidmətdən buraxıldığı günə (sərəncamdan ehtiyata və ya istefaya buraxılarkən sərəncama götürüldüyü günə) aldıqları miqdarda (sonrakı artımlar da nəzərə alınmaqla) aylıq vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, ərzaq payı əvəzinə verilən pul kompensasiyasından, vəzifə maaşından hesablanan digər əlavələrdən (büdcədənkənar vəsaitlər hesabına hesablanan əlavələr və digər ödənişlər istisna olmaqla), artımlardan ibarət olan məbləğdir. 3.1. Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası təminatı hüququna malikdirlər. 3.3. Bu qanunun 1.0.3-cü maddəsində nəzərdə tutulan şəxslərin pensiya təminatı ilə bağlı müddəalar bu qanunun 1.0.4-cü maddəsində nəzərdə tutulan şəxslərə də şamil edilir. 9.5. Aşağıdakı hərbi qulluqçuların (hərbi rütbələrdən məhrum edilmiş hərbi qulluqçular, müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla) hərbi qulluqçu kimi yaşa görə əmək pensiyası hüququ vardır: 9.5.1. hərbi xidmətdən buraxılanadək 20 təqvim ili və daha çox hərbi xidmət etmiş hərbi qulluqçular;. 22.4. Hərbi xidmət müddətinin və təminat xərcliyinin hesablanması və bu barədə məlumatların təqdim olunması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 499 nömrəli 22 dekabr 2006-cı il tarixli Fərmanının 2.3-cü bəndinə əsasən həmin Qanunun 1.0.3-cü maddəsində "müvafiq icra hakimiyyəti orqanları" dedikdə, Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Prokurorluğu, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti nəzərdə tutulur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 27 avqust tarixli 135 nömrəli qərarı ilə təsdiq edilmiş “Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması” Qaydaların 1-ci bəndinə əsasən bu Qaydalar “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 22.4-cü maddəsinə uyğun olaraq hazırlanmışdır və həmin Qanunun 1.0.3-cü maddəsində nəzərdə tutulmuş hərbi qulluqçulara - Azərbaycan Respublikasının Silahlı Qüvvələrində, Azərbaycan Respublikasının Müdafiə Nazirliyində, Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Nazirliyində, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyində, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyində, Azərbaycan Respublikasının Prokurorluğunda, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətində, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidmətində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə xidmət edən hərbi rütbəli şəxslərə və 1.0.4-cü maddəsində nəzərdə tutulmuş xüsusi rütbəli şəxslərə - Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi, Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Dövlət Feldyeger Xidməti orqanlarında xidmət edən xüsusi rütbəli şəxslərə əmək pensiyasının təyin edilməsi üçün təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların həmin orqanlar tərəfindən Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fonduna təqdim olunması qaydalarını müəyyən edir. Həmin Qaydaların 2-ci hissəsinə görə «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 1.0.5-ci maddəsinə əsasən bu Qaydaların 1-ci bəndində nəzərdə tutulmuş hərbi qulluqçuların və xüsusi rütbəli şəxslərin təminat xərcliyi (pul təminatı) - hərbi qulluqçuların hərbi xidmətdən buraxıldığı günə aldıqları miqdarda (sonrakı artımlar da nəzərə alınmaqla) aylıq vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, ərzaq payı əvəzinə verilən pul kompensasiyasından, vəzifə maaşından hesablanan digər əlavələrdən və artımlardan ibarət olan məbləğdir. Qanunvericiliyin qeyd edilən tələblərindən aydın görünür ki, hərbi qulluqçulara yaşa görə əmək pensiyası xidmət etdiyi orqanın tərtib etdiyi məlumat vərəqinə əsasən xidmətdən buraxıldığı günə aldıqları təminat xərcliyindən hesablanır. Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin xx.xx.2021-ci il tarixli əmrindən və əmrinə əlavə çıxarışlardan görünür ki, Azərbaycan - Ermənistan dövlət sərhədində hərbi xidmət keçən hərbi qulluqçuların vəzifə maaşına N faiz həcmində aylıq əlavələr müəyyən edilmişdir. Azərbaycan Respublikasının Prezidentinin 23 dekabr 2021-ci il tarixli 1516 nömrəli Fərmanına əsasən 2021-ci ildə Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin həqiqi hərbi xidmət hərbi qulluqçularının aylıq vəzifə maaşlarına bir sıra əlavələrin müəyyən edildiyini nəzərə alaraq, Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin həmin əlavələrin şamil olunmadığı həqiqi hərbi xidmət hərbi qulluqçularının (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla) aylıq vəzifə maaşlarına həmin maaşın 20 faizi məbləğində əlavə müəyyən edilmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2, 1.0.5 və 20.14-cü maddələrinin şərh edilməsinə dair” 15 may 2020-ci il tarixli qərarında Konstitusiya Məhkəməsinin Plenumu “Əmək pensiyaları haqqında” Qanunda öz əksini tapmış “əmək pensiyası” anlayışı ilə bağlı olan 1.0.1-ci maddəsindəki “əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları”, “təminat xərcliyi”, 1.0.5-ci maddəsindəki “xidmətdən buraxıldığı günə aldıqları”, “sosial sığorta stajı”, 1.0.2-ci maddəsindəki “məcburi dövlət sosial sığorta haqqı ödəmək şərtilə”, həmçinin Əmək Məcəlləsinin 154-cü maddəsinin 1-ci hissəsindəki “işçinin gördüyü işə görə ödənilən” müddəalarına xüsusi diqqət yetirərək belə nəticəyə gəlmişdir ki, Qanunun 20-ci maddəsinin “əmək haqqındakı sonrakı artımlar”, “təminat xərcliyindəki sonrakı artımlar” “dövlət məvacibindəki sonrakı artımlar” müddəaları şəxsin vaxtilə aldığı əmək haqqının, təminat xərcliyinin və dövlət məvacibinin tərkib hissələrinə daxil olmuş və verilmiş ödənclərdəki artımları nəzərdə tutur...Buna görə, şəxsin əmək pensiyasının hesablanması və ya yenidən hesablanması zamanı o vəsaitlər (və vəsaitlərdəki artımlar) nəzərə alınır ki, həmin şəxs: - “Əmək pensiyaları haqqında” Qanunun 1.0.1 və 1.0.5-ci maddələrinə uyğun olaraq bu vəsaitləri müvafiq olaraq pensiya təyin ediləndən əvvəl (əmək haqqı və dövlət məvacibinə münasibətdə) və ya xidmətdən buraxıldığı günə (təminat xərcliyinə münasibətdə) almış olsun; - “Əmək pensiyaları haqqında” Qanunun 1.0.2-ci maddəsinə görə həmin vəsaitlərdən sosial sığorta haqqı ödəmiş olsun...Beləliklə, göstərilənlərdən aydın olur ki, sığortaolunanın əmək pensiyası ona pensiya təyin olunduqdan əvvəl aldığı əməkhaqqı və digər gəlirlərin kompensasiyası məqsədilə verilən pul ödənişidir”. İşin birinci instansiya məhkəməsində icraatı zamanı cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş məxfi sənədlərə baxış keçirilərək iddiaçının Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Qubadlı” əlahiddə sərhəd diviziyasında hərbi xidmət keçməsi müəyyən edilmişdir. Xidmət etdiyi dövrdə aldığı əmək haqqısına da Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin xx.xx.2021-ci il tarixli əmrinə uygun olaraq aylıq vəzifə maaşına 100% əlavə hesablanmışdır. Lakin, pensiya təyinatı zamanı cavabdeh tərəfindən pensiya təyinatı qurumuna göndərilən məlumat vərəqəsində təminat xərcliyində vəzifə maaşına həmin 100% əlavə hesablanmamışdır. Odur ki, birinci instansiya məhkəməsinin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2, 1.0.5, və 20.14-cü maddələrinin şərh edilməsinə dair 15 may 2020-ci il tarixli Qərarında göstərilən hüquqi mövqeyə uygun iddiaçıya pensiya təyinatı zamanı cavabdeh tərəfindən pensiya təyinatı qurumuna göndərilən məlumat vərəqəsində təminat xərcliyində vəzifə maaşına həmin 100% əlavə hesablanmasına dair qənaəti düzgün olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatlarını, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Qeyd olunanlarla bağlı məhkəmə kollegiyası hesab edir ki, cavabdeh inzibati orqan tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin 2-1(112)-11401/2023 saylı 07 noyabr 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-11401/2023 saylı 07 noyabr 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova Hakimlər Rəşid Səmədov Elvin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar