Məhkəmə qərarları › İş №2-1(103)-1727/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1727/2021

30.06.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1727/2021 30.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X3 Cəmilovanın sədrliyi və məruzəsi ilə, Mirzə Nəsib oğlu Tağızadədən və Azər Soltanhəmid oğlu Hüseynovdan ibarət tərkibdə, Alıcanlı-Yusifli Sevinc Mahir qızının katibliyi ilə, Ərizəçinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı AR ƏƏSMN yanında DSMF-nun Bakı şəhəri Xəzər rayon şöbəsinə qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-1397/2018 saylı iş üzrə icraatın yeni açılmış hallar üzrə təzələnməsi barədə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının ərizəsinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(82)-1397/2018 saylı 11 mart 2021-ci il tarixli qərardadından Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayətinə 30 iyun 2021-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Xəzər rayon şöbəsinə qarşı iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-iqtisadi Məhkəməsinə müraciət edərək, ona 14.04.2019-cu il tarixdən yəni 52 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1 (82)-1397/2018 saylı 06 mart 2018ci il tarixli qərarı ilə iddia tələbi təmin edilərək, İddiaçı 14.04.2009-cu ildən – 52 yaşı tamam olan tarixdən həmin tarixdə qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun şərtləri əsasında 2004-2005-ci illərin orta aylıq əmək haqqı əsas götürülərək 1 nömrəli siyahı üzrə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması qərar alınmışdır. Qərardan narazı qalan cavabdeh tərəfindən apellyasiya şikayəti verilərək 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1 (82)-1397/2018 saylı 06 mart 2018-ci il tarixli qərarının ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 2-1(103)-1164/2018 saylı 30 may 2018-ci il tarixli qərarı ilə apelyasiya şikayətinin təmin edilməməsi və 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-1397/2018 saylı 06 mart 2018-ci il tarixli qərarının dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxmış Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-1893/ 2018 saylı 14 noyabr 2018-ci il tarixli qərarı ilə kassasiya şikayətinin təmin edilməməsi və Bakı Apellyasiya Məhkəməsinin 2- 1(103)-1164/2018 saylı, 30 may 2018-ci il tarixli qərarının dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Məhkəmə qərarı qanuni qüvvəyə mindiyi üçün 28.09.2020-ci il tarixdə icra vərəqəsi verilmiş və icra olunması üçün Binəqədi rayon İcra və Probasiya şöbəsinə göndərilmişdir. 03.11.2020-ci il tarixdə Binəqədi rayon İcra və Probasiya şöbəsindən icraata başlamaq haqqında 22.10.2020-ci il tarixli qərar məhkəməyə daxil olmuşdur. 04 fevral 2021-ci il tarixində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı ərizə verərək, 2 saylı Bakı İnzibati-iqtisadi Məhkəməsinin 2-1 (82)- 1397/2018 saylı 06 mart 2018-ci il tarixli qərarının ləğv edilməsi və iş üzrə yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair qərar çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdı ki, pensiya işində olan sənədlərə əsasən məlum olmuşdur ki, 2017-ci ilin sentyabr ayınadək ünvan 3 ünvanında qeydiyyatda olmuş, 2017-ci ilin sentyabr ayının 28-dən Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, X5 ünvanında qeydiyyata alınmış və 2020-ci ilin sentyabr ayının 2-dən isə əvvəlki - Bak şəhəri, ünvan 5 ünvanında qeydiyyata alınmış xx.xx.1957-ci il təvəllüdlü İddiaçı adından yazıldığı ehtimal olunan imzası olmayan 23.06.2017-ci il tarixli ərizəsi ünvan aidiyyəti üzrə Fondun Bakı şəhəri Xəzər rayon şöbəsinə ünvanlanmış, Fondun Xəzər rayon şöbəsində daxilolma ştampı vurulmayan ərizədə “yaşa görə əmək pensiyası təyin edəsiniz” xahiş edilmişdir. Lakin vətəndaşın ərizəsində güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi göstərilməməsinə baxmayaraq şöbənin vətəndaşa ünvanlanmış 29.09.2017-ci il tarixli 11/03-800 nömrəli cavab məktubunda 52 yaşında" güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinin mümkün olmadığı barədə məlumat verilmişdir. Həmin məktubu əsas göstərməklə vətəndaş iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət etmişdir. Vətəndaş İddiaçı adından imzası olmayan və rekvizitləri tam doldurulmayan ərizə ilə şöbəyə müraciəti şöbənin müdiri tərəfindən 23.06.2018-ci il tarixdə dərkənar qoyulmaqla şöbənin Pensiya üzrə komissiyasının 08.01.2019-cu il tarixli 571 nömrəli qərarı ilə hərbi bilet və əmək kitabçası üzrə 2006-cı ilədək hesablanmış 30 il 2 ay sosial sığorta stajı nəzərə alınmaqla şöbəyə daxil olmuş məhkəmə qərarları və 4 nömrəli Texnoloji Nəqliyyat Departamentinin və 4 nömrəli İxtisaslaşdırılmış Tikinti Quraşdırma Filialı tərəfindən İddiaçı adına tərtib edilmiş 2004-2005-ci illərin əməkhaqqı cədvəlinə əsasən Qanunun 9.1-ci maddəsinin şərtləri ilə 1 nömrəli Siyahıya istinad etməklə 52 yaşının tamam olduğu 14.04.2009-cu il tarixdən 587,03 manat məbləğində güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. 14.04.2009-cu il tarixdən təyin edilmiş əmək pensiyasının aylıq məbləği müvafiq dövrlər üzrə pensiyaların baza hissəsinin artırılması ilə və istehlak qiymətləri indeksinin illik səviyyəsinə uyğun indeksləşdirilməklə 01.01.2019-cu il tarixdən 911,63 manat məbləğində ödənişinə başlanılmışdır. Bununla belə, əmək kitabçasındakı qeydlərə əsasən pensiyanın təyin edilməsi barədə qərarın rəsmiləşdirildiyi 2018-ci il tarixədək İddiaçı 9 il əvvəl, yəni 2009- cu ildən güzəştli şərtlərlə pensiya hüququ yaranmışdırsa, onun pensiya təyinatı üçün aidiyyəti qurumlara müracət etməməsi və ya hansısa səbəblərdən güzəştli şərtlərlə pensiya təyin edilməməsi onun 52 yaşdan güzəştli şərtlərlə pensiya hüququnun yaranmaması, müvafiq qanunvericiliyin qayda və şərtlərinə zidd olması kimi səciyyələndirmək olar. İddiaçı əmək pensiyası təyin edildikdən sonra əmək fəaliyyətini davam etdirdiyi üçün Qanunun 37.3.1-ci maddəsinə əsasən 6 illik pensiya kapitalı əsasında şöbəyə 01.02.2019-cu il tarixdə kompüterdə yazılmaqla imzası olmayan ərizəsinə əsasən 01.03.2019-cu il tarixdən pensiyasının məbləği yenidən hesablanaraq 911,63 manatdan 1271,73 manata çatdırılaraq ödənişə göndərilmişdir. 14.04.2009-cu ildən 31.12.2018-ci ilədək olan dövr üzrə 83195,81 manat ötən dövrlər üçün fərq məbləği hesablanmışdır. Həmin fərq məbləğindən 01.01.2019 - 31.12.2019-cu il aralığı üzrə 12 ay ərzində 8532,84 manat aylıq pensiyanın üzərinə əlavə olunmaqla ödənilmiş, 30.12.2019-cu il tarixdə isə ötən dövrlər üçün hesablanmış fərq məbləğinin 74662,97 manat qalıq hissəsi birdəfəlik vətəndaşın plastik kart hesabına köçürülmüşdür. Qeyd olunanları nəzərə alaraq, İddiaçı iddiasına dair 2 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinin 06.03.2018-ci il tarixli 2-1(82)-1397/2018 nömrəli qərarının ləğv edilməsi və iş üzrə yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair qərar çıxarılması xahiş edilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(82)-1397/2018 saylı 11 mart 2021-ci il tarixli qərardadı ilə ərizənin rədd edilməsi qərara alınmışdır. Həmin qərardaddan narazı qalan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən apellyasiya şikayəti verilərək, Bakı İnzibati Məhkəməsinin 2- 1(82)-1397/2018 saylı 11 mart 2021-ci il tarixli qərardadının ləğv edilməsi və iddia ərizəsinin icraata qəbul edilərək təmin edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya şikayəti yeni açılmış hallar barədə ərizənin məzmununa uyğun əsaslandırılmışdır. Apellyasiya baxışı zamanı DSMF-nun XŞTMF-nın nümayəndəsi X2 apellyasiya şikayətini müdafiə edərək və onun məzmununa uyğun izahat verərək apellyasiya şikayətinin təmin edilməsini və birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini məhkəmədən xahiş etdi. Həmin tarixdə keçirilmiş məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmış iddiaçı məhkəmə iclasında iştirakını təmin etməmişdir. 23.06.2021-ci il tarixdə iddiaçı tərəfindən məhkəməyə daxil olmuş ərizədə məhkəmə iclasının onun iştirakı olmadan baxılması xahiş edilmişdir. İnzibati məhkəmə icraatının iştirakçısı hazırki işə iddiaçının iştirakı olmadan baxılmasına etiraz etməmişdi Bununla bağlı məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq hazırki işə İddiaçı iştirakı olmadan baxılması və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. 19.06.2021-ci il tarixdə iddiaçı tərəfindən məhkəməyə daxil olmuş apellyasiya şikayətinə etirazdan qeyd edilmişdir ki, o, əmək pensiyasını 2020-ci ilin fevral ayına qədər almışdır. Bundan sonra ona verilən əmək pensiyası qanunsuz şəkildə dayandırılmışdır. Qəbul edilmiş qərarın cavabdeh orqan tərəfindən icra edilmədiyi üçün cərimə tətbiq edilməsi ilə bağlı məhkəməyə vəsatətlə müraciət etmişdir. İşə birinci instansiya qaydasında baxmış məhkəmə cavabdeh tərəfindən ilkin inzibati məhkəmə icraatı zamanı iddiaçının hüququ barəsində məhkəmənin gəldiyi nəticəyə əhəmiyyətli dərəcədə təsir edə bilən faktların göstərilməməsinə, eləcə də məhkəməyə heç bir sübutun təqdim edilməməsinə əsaslanaraq ərizənin rədd edilməsi qənaətinə gəlmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətini nəzərdən keçirərək, ərizəçinin nümayəndəsinin izahatını dinləyərək hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə düzgün olmuşdur. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinə əsasən qanuni qüvvəyə minmiş məhkəmə qərarının qəbul edilməsi ilə başa çatmış inzibati məhkəmə icraatı, sonradan yeni sübutların və ya halların aşkar olunduğu və həmin sübutların və ya halların ərizəçidən asılı olmayan səbəblərdən ilkin icraat zamanı təqdim olunmadığı təqdirdə, proses iştirakçılarından birinin yeni açılmış hallarla bağlı ərizəsinə əsasən təzələnə bilər. Yeni açılmış hallarla bağlı icraatın təzələnməsi barədə ərizəyə qərarına qarşı ərizə verilmiş məhkəmə tərəfindən baxılır. Yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair ərizədə mübahisə edilən məhkəmə qərarı haqqında məlumat, icraatın təzələnməsi üçün əsaslar, məhkəmə qərarının mübahisə edilən hissəsi və ya həcmi barədə məlumat və ərizənin bu Məcəllənin 103.1-ci və 103.2-ci maddələrində nəzərdə tutulmuş müddətdə verildiyini təsdiq edən sübutetmə vasitələri haqqında məlumat göstərilməlidir. Ərizəyə yeni sübutlar və hallar barədə sənədlərin, habelə başqa müvafiq sənədlərin əsli və ya surəti əlavə olunur. Məhkəmə icraatın təzələnməsi üçün ərizədə göstərilmiş əsaslarla bağlıdır. İcraatın təzələnməsi üçün məhkəmə bu Məcəllənin 100-cü maddəsində nəzərdə tutulmuş əsaslardan hər hansı birinin mövcud olduğunu müəyyən etdiyi hallarda, ərizənin təmin edilməsi və yeni açılmış hallarla bağlı icraatın təzələnməsi haqqında qərardad qəbul edir. İcraatın təzələnməsi üçün bu Məcəllənin 100-cü maddəsində nəzərdə tutulmuş əsaslardan hər hansı birinin mövcud olmadığı hallarda, ərizənin rədd edilməsi haqqında məhkəmə tərəfindən qərardad qəbul edilir (100, 103,104,106). Hazırki işdə “yeni açılmış hallarla bağlı icraatın təzələnməsi” barədə ərizənin məzmunundan görünür ki, həmin ərizədə “yeni açılmış hallar”ın əsası kimi göstərilən hal işin icraatının təzələnməsi üçün əsas verə biləcək yeni açılmış hal kimi qəbul edilə bilməz. Hazırki iş üzrə verilmiş ərizədə istinad edilən hal sonradan sübutların və ya halların aşkar olunması ilə bağlı deyildir. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, ərizədəki dəlillər qanunvericiliyin tələblərinə görə qanuni qüvvədə olan məhkəmə qərarının yeni açılmış hal üzrə icraat qaydasında ləğv edilməsi üçün əsas yaratmır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, “yeni açılmış hallar” barədə ərizədə göstərilən hallar işin icraatının təzələnməsi üçün əsas verə biləcək yeni açılmış hallar kimi qəbul edilə bilməz. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin 11.03.2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 80, 87, 90, 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(82)-1397/2018 saylı 11 mart 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova Hakimlər Mirzə Tağızadə Azər Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar