Məhkəmə qərarları › İş №2-1(103)-1727/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1727/2022

26.05.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1727/2022 26.05.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X6 Hüseynin sədrliyi və məruzəsi ilə, İlham Əziz oğlu Kərimli və Azər Soltanhəmid oğlu Hüseynovdan ibarət tərkibdə, Aytac Mahir qızı Məmmədlinin katibliyi ilə, İddiaçının nümayəndəsi X3 və cavabdehin vəkili Nümayəndə iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Vəkillər X1rşı (üçüncü şəxs Bakı şəhəri 13 saylı Vəkil Bürosunda vəkillik fəaliyyəti göstərən vəkil X5) “Cavabdeh cavabının qanunsuz hesab edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 15 mart 2022-ci il tarixli, 2-1(112)-5380/2022 saylı qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 26 may 2022-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında, şifahi məhkəmə baxışı qaydasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Vəkillər X1rşı (üçüncü şəxs Bakı şəhəri 13 saylı Vəkil Bürosunda vəkillik fəaliyyəti göstərən vəkil X5) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh cavabının qanunsuz hesab edilməsi, Bakı şəhəri, 13 saylı Vəkillər Bürosunda vəkil kimi fəaliyyət göstərən X4 intizam məsuliyyətinə cəlb edilməsinin cavabdehin üzərinə öhdəlik qoyulmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Bakı şəhəri 13 saylı Vəkil Bürosunda vəkillik fəaliyyəti göstərən vəkil X4 intizam məsuliyyətinə cəlb olunması barədə Azərbaycan Respublikası Vəkillər X2 şikayət etmiş, cavabdeh şikayətə cavab olaraq bildirmişdir ki, qəbul edilmiş qərara əsasən ərizəsində qeyd edilən məlumatların araşdırılması Rəyasət Heyyətinin səlahiyyətinə aid olmadığından məsələyə hüquqi qiymət verilməsi mümkün olmamışdır. Hesab edir ki, Rəyasət Heyyətinin cavabı qanunsuzdur və əsassızdır, cavabda nəyə əsaslandığı göstərilməmiş, fərziyyə və subyektiv mülahizələrlə məsələyə məlum tərzdə münasibət bildirilmişdir. Bakı İnzibati Məhkəməsinin 15 mart 2022-ci il tarixli, 2-1(112)-5380/2022 saylı qərardadı ilə iddia mümkün sayılmamışdır. İddiaçı apellyasiya şikayəti verərək qərardadın ləğv edilməsini və hazırkı işə mahiyyəti üzrə baxılması üçün Bakı İnzibati Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin vəkili apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi. 3-cü şəxsə məhkəmə iclasının vaxtı və yeri barədə məhkəmə bildirişi göndərilsə də məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq 3-cü şəxsin iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iddiaçının nümayəndəsini və cavabdehin vəkilini dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq və işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə öncə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Eyni zamanda, nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Tərəflər iddianı mümkün hesab etsələr belə, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər. Belə ki, İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın şikayəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qanunun tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Həmin maddənin tələbinə əsasən inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorununan maraqlarının güman və ehtimal edilən pozulması zamanı deyil, konkret hüquqların pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir. Lakin hazırkı iddianın mümkünlüyü üçün qanunla müəyyən edilən zəruri şərtlərin mövcudluğu müəyyən olunmur. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maaddəsinə əsasən bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanunun 2.0.1-ci maddəsinə əsasən inzibati orqan – Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli 10 aprel 2015-ci il tarixli Qərarında qeyd edilmişdir ki, “...Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. (1.3-cü bənd); Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. (1.4-cü bənd); Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. (2.1-ci bənd); Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini...yoxlamalıdırlar (2.3-cü bənd); İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır (6.1). İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun (6.2). İddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər (7). Bir neçə tələbdən ibarət olan və bir neçə cavabdehə qarşı verilən iddianın mümkünlük şərtləri hər bir tələbə və cavabdehə münasibətdə yoxlanılmalı, tələblərdən birinin digərindən asılılığı nəzərə alınmaqla ilkin baxılmalı olan tələb üzrə mümkünlük şərtlərinə riayət edildiyi müəyyən olunduqda, iddiaya həmin hissədə baxılmalı, digər hissədə (hissələrdə) iddia mümkün sayılmamalıdır (10.1). İnzibati məhkəmə icraatı inzibati hüquq münasibətləri ilə bağlı mübahisələr üzrə aparılır (11). İnzibati mübahisələrin predmetini inzibati orqanlar tərəfindən ümumi publik hüquq sahəsində qəbul edilmiş və ya qəbul edilməsi arzu edilən inzibati aktlar, habelə inzibati orqanların fiziki və hüquqi şəxslərə münasibətdə faktiki xarakterli hərəkətləri (hərəkətsizliyi) təşkil edir. İşə baxan məhkəmələr icraatın bütün mərhələlərində iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcud olub-olmadığını yoxlamalıdırlar ki, həmin şərtlərdən biri də iddiaçının inzibati orqanın hərəkət və ya hərəkətsizliyi nəticəsində subyektiv hüquqların pozulmasının əsaslandırılmasıdır. “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 21-ci maddəsinə əsasən İ. Vəkillər tərəfindən peşə vəzifələrinin həyata keçirilməsi ilə bağlı yol verilən intizam pozuntularına dair şikayətlərə və müraciətlərə baxılması və onların intizam məsuliyyətinə cəlb edilməsi ilə əlaqədar məsələlərin həll olunması üçün Vəkillər Kollegiyasının nəzdində Vəkillərin İntizam Komissiyası yaradılır. İİ. Vəkillərin İntizam Komissiyası bu Qanuna və onun əsasında Vəkillər Kollegiyasının Ümumi yığıncağı tərəfindən qəbul edilən Əsasnaməyə müvafiq olaraq fəaliyyət göstərir. Həmin Qanunun 22-ci maddəsinə əsasən İ. Vəkil peşə borcunu həyata keçirərkən bu qanunun və digər qanunvericilik aktlarının tələblərinin, vəkillərin davranış qaydaları haqqında Əsasnamənin, o cümlədən vəkil etikası normalarının pozulması halları aşkar olunduqda, o, intizam məsuliyyətinə cəlb edilir. İİ. Vəkil yalnız vəkillərin İntizam Komissiyasının rəyinə əsasən Vəkillər Kollegiyasının Rəyasət Heyəti tərəfindən intizam məsuliyyətinə cəlb edilir. İş materiallarından görünür ki, cavabdehin iddiaçıya ünvanladıgı ərizəyə baxılması barədə 15.01.2022-ci il tarixli məktubunda bildirilmişdir ki, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvu, Bakı şəhəri 13 saylı Vəkil Bürösunda fəaliyyət göstərən vəkil X4 barəsində Vəkillər X2 daxıl olmuş müraciətinə Vəkillərin İntizam Komissiyasında araşdırılaraq müvafiq rəy verilmiş və həmin rəyə Rəyasət Heyətinin iclasında baxılmış, qəbul edilmiş qərara əsasən, ərizədə qeyd edilən məlumatların araşdırılması Rəyasət Heyətinin səlahiyyətinə aid olmadığından, məsələyə hüquqi qiymət verilməsi mümkün olmamışdır. Cavabdehin 14.07.2021-ci il tarixli məktubundan göründüyü kimi Vəkillər Kollegiyasının Rəyasət Heyətinin 13.07.2021-ci iİ tarixli iclasında Bakı şəhəri 13 saylı Vəkil Bürösunda fəaliyyət göstərən vəkil X4 vəkillik fəaliyyətinin 6 ay müddətinə dayandırılması barəsində qərar qəbul edilmişdir. Bu səbəbdən vəkil V.H.Səfərli 13.07.2021-ci iİ tarixdən 13.01 2022-ci iİ tarixinə qədər məhkəmə və istintaq orqanlarında vəkillik fəaliyyəti ilə məşğul ola bilməz. İddia ərizəsinin məzmununa görə iddiaçı onun müraciətinə münasibətdə cavabdehin hərəkətsizliyindən şikayətlənir. “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikası Qanununun 3.0.1 və 3.0.6-cı maddələrinə əsasən müraciət edən şəxs dedikdə, fiziki və ya hüquqi şəxs; müraciətə baxan subyekt dedikdə isə, fiziki və hüquqi şəxslərin müraciətlərinə baxmaq və qərar qəbul etmək səlahiyyəti olan dövlət və bələdiyyə orqanları, dövlət və ya bələdiyyə mülkiyyətində olan və ya paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə və ya bələdiyyəyə məxsus olan hüquqi şəxslər və büdcə təşkilatları başa düşülür. Həmin Qanunun 5.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Konstitusiya qanunlarında, başqa qanunlarda, onların əsasında qəbul edilmiş digər normativ hüquqi aktlarda, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə başqa qayda nəzərdə tutulmayıbsa, bu Qanunun müddəaları vətəndaşların bütün müraciətlərinə şamil edilir. Sözügedən Qanunun tələblərinə görə müraciətə baxan subyektlər və onların vəzifəli şəxsləri bu Qanunla müəyyən edilmiş qaydada verilən yazılı müraciətləri mütləq qəbul etməli, qeydiyyata almalı və onlara baxılmasını təmin etməlidirlər. Bu Qanunun tələblərinə uyğun olaraq verilən müraciəti qəbul etməkdən imtina qadağandır (7.1). Müraciətdə göstərilən məsələyə baxıldıqda və bu barədə vətəndaşa (kollektiv müraciətlərdə - müraciət edən şəxslərdən birinə) əsaslandırılmış cavab verildikdə müraciət baxılmış hesab olunur. (7.5). Müraciətin baxılmamış saxlanılması, qismən təmin edilməsi və ya rədd edilməsi barədə qərar qəbul olunduqda, müraciət edənə cavab məktubunda həmin qərardan şikayət verilməsi qaydası izah edilir (7.8). Bu Qanunun 9.2-ci, 9.6-cı və 10.2-10.4-cü maddələrində göstərilən hallar istisna olmaqla, vətəndaşların müraciətlərinə ən geci 15 iş günü, əlavə öyrənilmə və yoxlanılma tələb edən müraciətlərə isə ən geci 30 iş günü müddətində baxılır (10.1). Əgər məlumatın verilməsi barədə müraciətə yuxarıda göstərilən müddətlərdə baxılması nəticəsində lazım olan məlumat öz əhəmiyyətini itirə bilərsə, həmin müraciətə dərhal, bu mümkün olmadıqda, müraciətin daxil olduğu andan 24 saat keçənədək baxılmalıdır (10.4). Bu Qanunun 10.1-10.3-cü maddələrində göstərilən müddətlərin axımı müraciətin müraciətə baxan subyektə daxil olduğu gündən başlanır (10.5). Müraciətə baxan subyektlər və onların vəzifəli şəxsləri Azərbaycan Respublikasının Konstitusiyası və qanunları ilə müəyyən edilən və təminat verilən qaydada vətəndaşların yazılı və şifahi formada təkliflər vermək, ərizə ilə müraciət etmək, vəzifəli şəxslərin qanunazidd hərəkətlərindən (hərəkətsizliyindən) şikayət etmək hüquqlarının sərbəst həyata keçirilməsi üçün şərait yaradılmasını təmin etməlidirlər (12.1). Müraciətə baxan subyektlər və onların vəzifəli şəxsləri vətəndaşların təkliflərini, ərizə və şikayətlərini qəbul etməli, onlara bu Qanunla müəyyən olunmuş qaydada və müddətlərdə baxmalı və cavab verməlidirlər (12.2). Müraciətə baxan subyektlərin vəzifəli şəxsləri vətəndaşların müraciətlərinə baxarkən müraciətə obyektiv, hərtərəfli və vaxtında baxılmasını təmin etməlidirlər; məsələnin mahiyyətini öyrənməli və onun həlli üçün lazımi sənədləri tələb etməlidirlər; müraciətə baxılmasının nəticəsi haqqında vətəndaşlara yazılı formada məlumat verməli, müraciət təmin edilmədikdə bunun səbəblərini göstərməli, şikayət vermək qaydasını izah etməlidirlər; müraciətlər barəsində əsaslandırılmış qərarların qəbul edilməsini və bu qərarların vaxtında və düzgün yerinə yetirilməsini təmin etməlidirlər (12.3.1-12.3.4). Müraciətinə baxılan vətəndaşın bir sıra, o cümlədən müraciət barəsində qəbul edilmiş qərarla razılaşmadıqda həmin qərardan inzibati və (və ya) məhkəmə qaydasında şikayət vermək hüququ vardır (14.0.8). “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununda da öz əksini tapmışdır. Belə ki, həmin Qanuna görə hər bir şəxsin onun hüquq və qanuni maraqlarına bilavasitə aid olan məsələlərlə bağlı inzibati orqana müraciət etmək, vəsatət vermək və ya inzibati orqandan məlumat əldə etmək hüququ vardır. Fiziki və ya hüquqi şəxsin ərizəsi inzibati icraatın başlanılması üçün əsaslardan biri kimi müəyyən edilmişdir (20.1, 28.1.1). Səlahiyyətli inzibati orqanda ərizənin və ya müraciətin qeydiyyata alındığı vaxtdan ən geci 30 gün müddətində həmin inzibati orqan inzibati aktın qəbul edilməsi və ya onun qəbul edilməsindən imtina olunması haqqında qərar qəbul edir (52.1). Maraqlı şəxsin ərizəsi üzrə bu Qanunun 52-ci maddəsində müəyyən edilmiş müddət ərzində inzibati orqan tərəfindən inzibati aktın qəbul olunmadığı hallarda maraqlı şəxs məhkəməyə müraciət edə bilər (66). Maraqlı şəxslər hüquqlarını və ya qanunla qorunan maraqlarını müdafiə etmək məqsədilə inzibati aktdan və ya inzibati aktın qəbul edilməsindən imtinadan şikayət vermək hüququna malikdirlər. Şəxsin müraciətinin məqsədi inzibati aktın qəbulu ilə bağlı olmadığı hallarda inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən də bu fəslin qaydalarına uyğun olaraq şikayət verilə bilər (71.1, 71.2). Qeyd olunan maddi hüquq normalarının tələblərinin hazırki iş üzrə tərəflər arasında yaranmış hüquq münasibətinə tətbiqi nəticəsində müəyyən olunur ki, cavabdeh orqan iş üzrə iddiaçının göndərdiyi şikayət ərizəsinə qanunvericiliklə müəyyən edilmiş qaydada və müddətdə baxaraq cavab vermişdir. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, qanunverici digər ümumi mümkünlük şərtləri ilə yanaşı iddianın xüsusi mümkünlük şərtini - iddiaçının kifayət qədər marağının olmasını müəyyən etmişdir. Ümumi mümkünlük şərtlərinə əlavə olaraq imperativ xüsusi şərt birlikdə mövcud olduğu halda iddia mümkün sayıla bilər. Nəzərə alınmalıdır ki, maraq intensiv olmalı, iddiaçı iddia ilə geniş mənada mənfəət (hüquqi, iqtisadi və ya ideya xarakterli) güdməli, iddianın mahiyyəti üzrə təmin edilməsi iddiaçı üçün maddi və ya qeyrimaddi nəticə yaratmalıdır. Əgər iddiaçı heç bir nəticə əldə etmək məqsədi olmadan iddia qaldırırsa, bu iddia hüquqi müdafiəyə ehtiyac olmadığı üçün yolverilməzdir (mümkün deyildir). İddiaçının marağı məhkəmə qərarı qəbul edilən anda da onun üçün əhəmiyyətli olmalıdır. Keçmişdə mövcud olmuş və məhkəmə qərarı qəbul edilən anda heç bir əhəmiyyət daşımayan maraq əsaslandırılmış maraq kimi qəbul edilə bilməz. Subyektiv hüququn pozulması haqqında şərt də məhz bunda ehtiva olunur. Hazırki iş üzrə mübahisəli münasibətə dair cavabdeh orqanın hüquqi mövqeyini ehtiva edən iradə ifadəsinin (hərəkəti və ya hərəkətsizliyi) mövcud olması iddiaçı tərəfindən əsaslandırılmır, iddia hüquqi müdafiəyə ehtiyac olmadığı üçün yolverilməzdir (mümkün deyildir). Beləliklə, məhkəmə kollegiyası göstərilənlərə əsasən belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi iddianın mümkün sayılmamasına dair düzgün nəticəyə gəldiyindən iddiaçının apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 85, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 15 mart 2022-ci il tarixli, 2-1(112)-5380/2022 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verə bilər. Sədrlik edən Aida Hüseyn Hakimlər Azər Hüseynov İlham Kərimli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar