Məhkəmə qərarları › İş №2-1(103)-1727/2024

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1727/2024

27.06.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1727/2024 27.06.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), Oruczadə Aytən Pənah qızı, Abbasova Günel Məhərrəm qızından ibarət tərkibdə, iddiaçının nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Təhsildə X1rşı “diplom üzrə ixtisasının tanınması və ekvivalentlik haqqında şəhadətnamənin tanınması tələbinə dair” inzibati mübahisə üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-12553/2023 saylı xx.xx.2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İ. İddiaçı cavabdeh Təhsildə X1rşı iddia ərizəsi,sonradan isə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək cavabdehin imtina qərarının ləğv edilməsi və X2 Cəmiyyəti Millenium Tədris Universiteti tərəfindən ona verilmiş xx.xx.2022-ci il tarixli 000243 nömrəli bakalavr diplomu üzrə ixtisasın tanınması və ekvivalentliyinin müəyyən edilərək müvafiq şəhadətnaənin verilməsi öhdəlyiinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini aşağıdakılarla əsaslandırmışdır: Azərbaycan Respublikasının iştirakçısı olduğu «Avropa regionunda ali təhsil sahəsində ixtisasların tanınması haqqında» Konvensiyaya əsasən diplomun tanınması üçün iki mühüm şərt var. Birincisi, xarici vətəndaşa ixtisasverən təhsil müəsisəsinin öz ölkəsində akkreditasiya olunması, yəni qanuni ali məktəbolması, ikinci şərtisə tələbənin həmin məktəbdə həqiqi oxuyaraq diplomu almasıdır.. Əgər bu şərtlər ödənilibsə, diplomun tanınmaması əsassızdır. Çünki, «Təhsil haqqında» Qanunun 13-cü maddəsinə əsasən təhsilalma formalarından biri də distant forma olaraq göstərilmişdir. Buna görə də imtinanın bu əsasa görə verilməsi qanunun tələblərinə ziddir. Cavabdeh məhkəməyə ünvanladığı iddia ərizəsinə dair etirazında iddianı qəbul etməmiş, rədd olunmasını məhkəmədən xahiş etmişdir. Etiraz aşağıdakılarla əsaslandırmışdır: «… İddiaçı təhsil aldığı ölkədə 2018/2019 tədris ilində 4 gün, 2019-2020 tədris ilində (İ semestr) getməyib;, (İİ semestr pandemiya dövrü) 2020/2021 və 2021/2022-də getməyib (pandemiya dövrü). Ərizəçinin təhsil aldığı ölkədə olduğu müddət onun diplom əlavəsində göstərilən tədris yükünün yerinə yetrilməsi üçün kifayət deyil…» Bakı İnzibati Məhkəməsinin 2-1(112)-12553/2023 saylı xx.xx.2023-cü il tarixli qərarı ilə iddia təmin edilmiş, Təhsildə Keyfiyyət Təminatı Agentliyinə 14 iyul 2023-cü il tarixli NA00013447 nömrəli» Xarici dövlətin ali təhsilə aid kvalifikasiyasının tanınmasından imtina edilməsi barədə qərarı ləğv edilmiş və X2 Cəmiyyəti Millenium Tədris Universiteti tərəfindən İddiaçı verilmiş xx.xx.2022-ci il tarixli 000423 nömrəli bakalavr diplomu üzrə ixtisasın tanınması və ekvivalentliyinin müəyyən edilərək müvafiq şəhadətnaənin verilməsi vəzifəsi Təhsildə Keyfiyyət Təminatı Agentliyinə həvalə edilsin. Cavabdeh apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin həmin qərarının ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti İPM-in 85-ci maddəsinin tələblərinə uyğun verilmişdir, apellyasiya icraatı mümkündür. Apellyasiya şikayəti aşağıdakılarla əsaslandırılmışdır: “…Birinci instansiya məhkəməsi iddiaçının 8 yarım il üzrə onun təhsil aldığı xarici ali təhsil müəssisəsindən aldığı diplom əlavəsinə uyğun olaraq əyani təhsilalma forması tədris prosesində iştirakını bütünlüklə pandemiya dövründəki vəziyyətlə şərtləndirmişdir. Məhkəmə ilk 3 tədris semestri üzrə iddiaçının niyə dərslərdə əyani iştirak etməli olduğu halda ümumiyyətlə, Gürcüstanda cəmi, 4 gün olmasını onun təqdim etdiyi tədris prosesində distant texnologiyaların tətbiqiilə bağlı arayışa bağlamışdır ki, cavabdeh qurumun inzibati icraat zamanı təqdim edilməyən həmin sənədin həqiqiliyinin araşdırılması ilə bağlı xx.xx.2023-cü il tarixli vəsatətinəfbununla bağlı sənəd həm elektron sistemə yüklənilməsinə,həm işgüzar qaydada Hakimin katibinə məlumat verilməsinə rəğmən) məhəl qoymadan tələsik işi yekunlaşdıraraq iddianı təmin etmiş, öz qərarında da bu arayışa istinad etmişdir. Məhkəmə işi üzrə hazırlıq icraat iclasında möhtərəm hakim iddiaçıdan pandemiya dövrünə dair də dərslərdə distant təşkil olunduğuna dair sənədlərin və ya e-mailin təqdim edilməsini istəsə də iddiaçının vəkili xarici ali təhsil müəssisəsinin bağlandığı üçün bu cür sənədlərin əldə edilməsini mümkünsüz olduğunu qeyd etmişdir. Məhkəmə də öz qərarında Mülki Prosesual Məcəlləsindən istinad etdiyi müvafiq bəndlə hazırlıq iclası zamanı tələb etdiyi arayışın təqdiminə ehtiyac olmadığını əsaslandırmağa çalışmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 24 iyun tarixli, 117 nömrəli qərarı ilə təsdiq edilmiş “Bakalavriat (əsas (baza ali) tibb təhsili) təhsilinin məzmunu və təşkili Qaydaları”nın 2.8-ci bəndinə əsasən əyani təhsil forması üzrə tədris ilinin müddəti 40 həftədir. Hər semestr 20 həftədən (o cümlədən 5 həftə imtahan sessiyası) ibarətdir, bu da Qaydaların nəzərdə tutduğu tələ bə (normativ müddətin ən az yarısı) əsasən əyani təhsilalma formasında tədris olunan programlar üzrə hər təhsil ili üzrə tələbələrin minimum 4 ay müddətində dərslərdə əyani qaydada iştirak etmək üçün xarici ali təhsil aldıqları ölkədə olmasını zəruri edir. İddiaçı əyani təhsil aldığı proqram üzrə heç bir il üzrə minimum tələb olan 4 aylıq müddətə qarşılıq sadəcə bir ildə 4 gün dərslərdə iştirak üçün xarici ölkədə olmuşdur, Ancaq maraqlıdır ki bu statistika Birinci instansiya məhkəməsində işin iddiaçının xeyrinə yekunlaşması üçün kifayət sayılmışdır. İddiaçının ona tanınma haqqında şəhadətnamələrin verilməsi ilə bağlı məcburetmə tələbinin halhazırda qüvvədə olan normativ aktlarla həm normativ olaraq, habelə İnzibati Prosessual Məcəlləsinin diskresion səlahiyyətlərlə bağlı müddəalarına ziddi olduğu üçün prosessual olaraq da əsassız və uyğunsuz olduğu aşkardır…» Məhkəmə kollegiyasının 16 may 2024-cü il tarixli iclasında iştirak edən cavabdehin nümayəndəsi X3 apellyasiya şikayətinə uyğun izahat verərək, təmin olunmasını, iddiaçının nümayəndəsi Vəkil isə onunla razılamamış, məhkəməyə iddiaçının təhsil aldığı universitetin onun distan texnologiyalarla təhsil alması barədə arayışın təqdim olunduğunu bildirərək, birinci instansiya məhkəməsinin qərarının qüvvəsində saxlanılmasını məhkəmədən xahiş etmişdir. İİ. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdırıb belə hesab edir ki, aşağıdakı əsaslara görə cavabdehin apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. İş materiallarından görünür ki, iddiaçı 2019-2022-ci illərdə əyanı təhsilalma formasında X4 Universiteti MMC-də «Bakalavr-Biznes Administrasiyası ixtisası üzrə təhsil almış və ona həmin universitet tərəfindən xx.xx.2022-ci il tarixli 000423 nömrəli bakalavr diplomu verilmiş və 5 oktyabr 1961-ci il Haaqa Konvensiyasına müvafiq olaraq həmin diplom Gürcüstan Ədliyyə Nazirliyinin LEPL İctimai Xidmət Agentliyi tərəfindən xx.xx.2022ci il tarixdə təsdiq (Apostil) edilmişdir. İşin mübahisələndirilməyən hallarından göründüyü kimi, iddiaçı təhsil aldıdğı dövrün birinci tədris ilində 4 gün müddətində təhsil aldığı ölkəyə getməyə müvəffəq olmuş, növbəti üç tədris ili (2020, 2021 və 2022-ci illər) bütün dünyada, o cümlədən respublikaı ərazisində cərəyan edən «COVİD-19» pandemiya dövrünə təsadüf etmişdir. Bununla yanaşı, iddiaçının təhsil aldığı həmin Millenium Tədris Universitetinin azərbaycan dilinə tərcümə tərcümə edilmiş və notarius tərəfindən təsdiq olunmuş xx.xx.2022-ci il tarixli 02/1137 nömrəli arayışında təsbit olunur ki, iddiaçı oxuduğu illər ərzində bakalavr səviyyəsi üzrə biznesin idarə edilməsi ixtisası üzrə distant texnologiyalarla əyani təhsil almışdır. Azərbaycan Respublikasının xx.xx.1997-ci il, 367-İQ №-li Qanunu ilə təsdiq edilmiş «1997-ci ildə aprelin 11-də Lissabon şəhərində imzalanmış «Avropa regionunda ali təhsil sahəsində ixtisasların tanınması haqqında» Konvensiyanın Vİ.1-ci maddəsində isə nəzərədə tutur ki, Razılığı gələn Tərəf ixtisasın tanınmasından o halda imtina oluna bilər ki, ali təhsil ixtisaslarının tanınmasında əhəmiyyətli fərqlər aşkar edilmiş olsun. Konkret halda isə belə fərqlərin mövcudluğu müəyyən olunmur. Belə ki, iddiaçı xarici ölkədə səviyyəsi üzrə bakalar - biznesin idarə edilməsi ixtisası üzrə əyani təhsilalma formasında təhsil alımış, bu təhsialma forması isə “Təhsil haqqında” Azərbaycan Respublikasının 13.1.1-ci maddəsi də nəzərdə tutur. Onun distant texnologiyalarla əyani təhsil almasına gəldikdə isə bunun səbəbi hamıya bəlli olan pandemiyadan irəli gəldiyi işin mübahisəsiz halıdır. Belə olan halda, iddiaçının ölkə ərazsini tərk etmədən, iddiaçının distant texnologiyalardan istifadə etməklə, əyani təhsilini davam etdirməsi ilə bağlı qanunvericilikdə hər hansı bir qadağa yoxdur və həmin zaman çərçivəsində bu metodan ümumdünya çərçivəsində istfadə olunduğu mübahisə doğurmur. Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 3 fevral tarixli 34 nömrəli Qərarı (iddiaçının müraciətinə baxılan zaman qüvvədə olmuş, xx.xx.2023-cü il tarixdə qüvvədə düşmüş) və Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 18 avqust tarixli Fərmanı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması” Qaydalarının eyni məzmunlu olmaqla Qaydaların 4.1-ci bəndində tanınmaya dar ümumi tələblər qeyd edilmişdir. Həmin tələblər aşağıdakılardır: 4.1.1. müvafiq kvalifikasiyaya dair sənədin əldə olunduğu təhsil müəssisəsinin fəaliyyət göstərdiyi ölkədə səlahiyyətli keyfiyyət təminatı qurumu tərəfindən akkreditasiyadan keçməsi və dövlət lisenziyasının olması; 4.1.2. müvafiq kvalifikasiyaya dair sənədin autentik (həqiqi) olması; 4.1.3. müvafiq kvalifikasiyanın verildiyi ölkənin kvalifikasiyalar çərçivəsində yerinin göstərilməsi; 4.1.4. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 18 iyul tarixli 311 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ömürboyu təhsil üzrə Milli Kvalifikasiyalar Çərçivəsi” (bundan sonra – Milli Kvalifikasiyalar Çərçivəsi) üzrə orta ixtisas təhsili, bakalavriat (əsas (baza ali) tibb təhsili) və magistratura səviyyələrinə uyğun kvalifikasiyalara münasibətdə ərizəçinin hər bir tədris ili ərzində müvafiq kvalifikasiya üzrə nəzərdə tutulmuş təhsilin normativ müddətinin ən azı yarısı qədər təhsil aldığı ölkənin ərazisində olması (tibb və səhiyyə ixtisasları üzrə təhsilin normativ müddətində təhsil aldığı ölkənin ərazisində olması); 4.1.5. Milli Kvalifikasiyalar Çərçivəsi üzrə orta ixtisas təhsili, bakalavriat (əsas (baza ali) tibb təhsili) və magistratura səviyyələrinə uyğun kvalifikasiyalara münasibətdə tədris müddətinin ən azı üçdə ikisində ənənəvi təlim metodlarına əsaslanan formal təhsilin əldə olunması (tibb və səhiyyə ixtisasları üzrə təhsilin normativ müddətində ənənəvi təlim metodlarına əsaslanan formal təhsilin əldə olunması). Qaydaların 3.10-cü bəndinə görə, aşağıdakı hallarda kvalifikasiyanın tanınmasından imtina edilir: 3.10.1. bu Qaydaların 4.1-ci bəndində nəzərdə tutulan ümumi tələblərə riayət olunmadıqda; Cavabdeh iddiaçının müraciətini təmin etməkdən imtina edərkən Qaydaların 4.1.4-cü və 4.1.5-ci bəndlərinə istinad edir. 4.1.4-cü bəndə görə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 18 iyul tarixli 311 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ömürboyu təhsil üzrə Milli Kvalifikasiyalar Çərçivəsi” üzrə orta ixtisas təhsili, bakalavriat (əsas (baza ali) tibb təhsili) və magistratura səviyyələrinə uyğun kvalifikasiyalara münasibətdə ərizəçinin hər bir tədris ili ərzində müvafiq kvalifikasiya üzrə nəzərdə tutulmuş təhsilin normativ müddətinin ən azı yarısı qədər təhsil aldığı ölkənin ərazisində olmalıdır. (tibb və səhiyyə ixtisasları üzrə təhsilin normativ müddətində təhsil aldığı ölkənin ərazisində olması). Milli Kvalifikasiyalar Çərçivəsində müvafiq kvalifikasiya üzrə nəzərdə tutulmuş təhsilin normativ müddəti nəzərdə tutulmadığından cavabdeh Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2010-cu il tarixli, 75 nömrəli qərarı ilə təsdiq edilmiş “Ali təhsil pilləsinin dövlət standartı və proqramı”nın 8.7.5-ci yarımbəndlərinə istinad edir. Qeyd edilən qərarın 8.7-ci bəndinə əsasən ali təhsil müəssisələri tələbələrinin tədris yükünün ümumi həcmi və normaları aşağıdakı kimi müəyyənləşdirilir: ...; 8.7.5. Əyani təhsil forması üzrə tədris ilinin müddəti 40 həftədir. Hər semestr 20 həftədən (o cümlədən 5 həftə imtahan sessiyası) ibarətdir. Nazirlər Kabinetinin istinad edilən 75 № li qərarının 8.9-cü bəndi isə nəzərədə tutur ki, əlavə ali təhsil, distant təhsil və digər xüsusi təhsilalma formaları üçün müvafiq təhsil proqramları tətbiq edilir Göründüyü kimi, təhsilin normativ müddətlərinə istisna hal kimi, əlavə ali təhsil, distant təhsil və digər xüsusi təhsilalma formaları üçün müvafiq təhsil proqramları tətbiq edilməsi imkanı nəzərdə tutulmuş, iddiaçı da məhz həmin imkanlardan istifadə edərək təhsil üzrə ali təhsil proqramını mənimsəmiş və bu barədə ona həmin təhsil müəssisəsi tərəfindən təhsili başa vurmasına dair diplom verilmişdir. Tədris ilinin birici ilində iddiaçının cəmi, 4 gün getməsinə gəldikdə isə onun sonrakı illərdə distant texnologiyalarla təhsilini davam etdirdiyi dövr birinci ildə yarana biləcək çatışmazlıqları aradan qaldırması üçün yetərli olduğu şübhə doğurmur. Təhsil aldığı unversitetin qeyd olunan arayışında məhz həmin üsuldan istifadə etməklə təhsilini başa vurduğu təsdiq olunur. Ümumiyyətlə, cavabdehinbunun əksini, o cümlədən, təhsil aldığı həmin universitetin sözügedən arayışının, habelə, iddia edilən diplomun və onun “Apestil” sənədinin həqiqiliyini təkzib edə bilən mötəbər sübutları da mövcud deyildir. “İnzibati icraat haqqında” Qanunun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Qeyd olunanlar onu deməyə əsas verir ki, cavabdeh tərəfindən iddiaçının diplom üzrə ixtisasının tanaraq ekvivalentlik şəhadətnaməsindən verilməsindən imtina olunması tamamilə əsassızdır, onun qanunla qorunan hüquqlarını pozur. İPM-in 73.1-ci maddəsinin tələbindən də görünür ki, inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Beləliklə də, göstərilənləri nəzərə alan məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərarı ilə iddianın təmin edilməsini mahiyyəti üzrə düzgün nəticə kimi qiymətləndirir. Ona görə də cavabdehin apellyasiya şikayətinin məhkəmə tərəfindən işin hərtərəfli araşdırılmadığını, maddi və prosessual hüquq normalarının pozulması ilə əsassız qərar qəbul edildiyini mübahisələndirən dəlilləri ilə razılaşmır və yekunda belə qənaətə gəlir ki, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-12553/2023 saylı xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Qeyd edilənlərə əsasən və İPM-in 69, 87, 89, 90, 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Cavabdehin apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-12553/2023 saylı xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar