Məhkəmə qərarları › İş №2-1(103)-1728/2022

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1728/2022

21.09.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1728/2022 21.09.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Həmidov Həmid Üzeyir oğlu (sədrlik edən və məruzəçi), İbrahimli İbrahim Adil oğlundan və Yusifov Cahangir Afər oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X2, İddiaçı işirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Nizami Rayon Polis İdarəsinə qarşı (3-cü şəxslər X8 və X9 cəlb edilməklə) qeydiyyatdan çıxarılma tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2135/2022 saylı, 17 yanvar 2022-ci il tarixli qərarından 3-cü şəxslər tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı cavabdeh Bakı şəhəri Nizami Rayon Polis İdarəsinə ərizə ilə müraciət edərək, X3 və X4 mülkiyyətindəki mənzildən qeydiyyatdan çıxarılmasını xahiş etmişdir. Cavabdeh 087-11484M-3221 nömrəli, xx.xx.2021-ci il tarixli məktubla iddiaçının tələbini təmin etməkdən imtina etmiş və bildirmişdir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən şəxs yaşayış yeri üzrə yaşayış yerini dəyişdikdə-yeni yaşayış yeri üzrə qeydiyyata almaması barədə müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; başqa ölkədə yaşayış yeri seçdikdə-müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; azadlıqdan məhrum edildikdə-məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında; yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdəməhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında qeydiyyatdan çıxarılır. Qeyd olunanları nəzərə alaraq X9 və X3 ünvan 1 ünvanından qeydiyyatdan çıxarılması üçün aidiyyəti üzrə məhkəmə orqanına müraciət etmək tövsiyyə olunmuşdur. Bundan sonra iddiaçı xx.xx.2021-ci il tarixdə cavabdehlər X5 və X6 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər X8 və X4 Bakı şəhəri, Nizami rayonu, E.Süleymanov küçəsi, 2561/67-ci məhəllədə yerləşən 117 saylı mənzildən qeydiyyatdan çıxarılması barədə qəbul edilməsini xahiş etmişdir. İddiaçı xx.xx.2021-ci il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək cavabdehlərin əsl cavabdeh Bakı şəhəri Nizami Rayon Polis İdarəsi ilə əvəz olunmasını xahiş etmiş və iddia tələbini dəqiqləşdirmiş, məhkəmənin xx.xx.2021-ci il tarixli qərardadı ilə ərizə təmin edilmiş, iş üzrə cavabdehlər X8 və X9 əsl cavabdeh Bakı şəhəri Nizami Rayon Polis İdarəsi ilə əvəz edilmiş, X8 və X9 inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xüsusi mülkiyyətində olan hazırda yaşadığı və qeydiyyatda olduğu Bakı şəhəri, E.Süleymanov küçəsi 2561/67-ci məhəllə mənzil 117-ni xx.xx.2019-cu ildə Daşınmaz Əmlakın Dövlət Reysteri Xidmətində qeydiyyatdan keçirmiş, ona hüquqların dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reysterindən **********-05301-093154 reyestr nömrəsi ilə çıxarış verilmişdir. 2020ci ilin əvvəllərində iddiaçı “T-FİNANS" LTD MMC şirkətinə işə girmişdir. Şirkətin direktoru X9 və icraçı direktoru X1 şəhərində qeydiyyatda idilər. Onlar iddiaçıya Gəncə şəhərinə gedib gəlməyin çətinlik törətdiyini, tezliklə Bakıda ev almağı fikirləşdiklərini, onları bir-iki aylığa qeydiyyata saldırsa, şirkətin işləri üçün tez-tez Gəncəyə gedib-gəlməkdən azad olacaqlarını demişlər. İddiaçı onların çətinlik çəkməsini istəməmiş, onları xüsusi mülkiyyətində olan mənzilə qeydiyyata salmışdır. Qeyd edilən şəxslər bir gün də olsun iddiaçının mənzilində yaşamamışlar. Qeydiyyat formal xarakter daşımışdır. Lakin müxtəlif idarələrdən, yerli və inzibati məhkəmələrdən, apellyasiya və Ali məhkəmədən gələn məktublar və bildirişlər, X10 Xidmətindən, müxtəlif kredit təşkilatlarından gələn xəbərdarlıq məktubları iddiaçı və ailəsini narahat etməyə başlamış, həm də onların iddiaçıya vəd etdikləri müddət artıq keçmişdir. Odur ki, iddiaçı dəfələrlə onlara zəng edərək qeydiyyatdan çıxmağı xatırlatmışdır, lakin üçüncü şəxslər qeydiyyatda qalmaqda davam edirlər və könüllü olaraq qeydiyyatdan çıxmamışdırlar. Cavabdeh tərəfindən məhkəməyə göndərilmiş xx.xx.2021-ci il tarixli 25928-1221 saylı məktubla çıxarılacaq qətnamə icraya yönəldildikdən sonra tərəfindən icra olunacağını bildirmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2135/2022 saylı, 17 yanvar 2022-ci il tarixli qərarı ilə iddia tələbi təmin edilmiş, xx.xx.1978-ci il təvəllüdlü X3 və xx.xx.1947-ci il təvəllüdlü X4 Bakı şəhəri, Nizami rayonu, E.Süleymanov küçəsi, 2561- 67-ci məhəllədə yerləşən 117 saylı mənzil (yeni qaydalarla: AZ1118, ünvan 3) üzrə qeydiyyatdan çıxarılması öhdəliyi cavabdeh Bakı şəhəri Nizami Rayon Polis İdarəsinin üzərinə qoyulması qərara alınmışdır. Qərardan narazı qalan 3-cü şəxslər X8 və X9 tərəfindən apellyasiya şikayəti verilmiş və bildirilmişdir ki, iddiaçının razılığı ilə həmin ünvana qeydiyyata düşməklə istifadə hüququ əldə etmişlər. ünvan 2onra özlərinə məxsus mənzilə qeydiyyata düşərək iddiaçıya məxsus mənzildən qeydiyyatdan çıxacaqları barədə aralarında razılaşma olmuşdur. Lakin, iddiaçı aralarındaki razılaşmanı pozaraq, əsassız iddia tələbi irəli sürmüşdür. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi. Cavabdeh və üçüncü şəxslər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq nümayəndələri məhkəmə iclasına gəlməmişdir. AR İPM-nin 62.3-cü maddəsinə əsasən işə onların nümayəndələrinin iştirakları olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. İş materiallarında olan xx.xx.2019-cu il tarixli, ********** qeydiyyat nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Bakı şəhəri, Nizami rayonu, E.Süleymanov küçəsi, 2561-67-ci məhəllədə yerləşən 117 saylı mənzil (yeni qaydalarla: AZ1118, ünvan 3) iddiaçının mülkiyyətindədir. İddiaçı xx.xx.2020-ci il tarixdə ərizə ilə 5 saylı Bakı “ASAN xidmət” mərkəzində fəaliyyət göstərən Şəxsiyyət vəsqiqələrinin verilməsi və dəyişdirilməsi xidmətinə müraciət edərək X3 və X4 ona məxsus ünvan 3 ünvanına yaşayış yeri üzrə qeydiyyata alınmasına etiraz etməmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin 018-16721-1221 nömrəli, xx.xx.2021-ci il tarixli məktubundan görünür ki, iddiaçının həmin ərizəsinə əsasən xx.xx.1947-ci il təvəllüdlü X9 və xx.xx.1978-ci il təvəllüdlü X8 xx.xx.2020-ci il tarixdə ünvan 4 ünvanına yaşayış yeri üzrə qeydiyyata alınaraq şəxsiyyət vəsiqələri ilə təmin edilmişlər. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin yaşayış yeri üzrə qeydiyyat haqqında ******* saylı xx.xx.2021-ci il tarixli Arayışından görünür ki, X8 və X9 həmin mənzildə qeydiyyatdadırlar. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2021-ci il tarixli, **********63 saylı məktubundan görünür ki, Bakı şəhəri, Nizami rayonu, E.Süleymanov küçəsi, 2561/67-ci məhəllədə yerləşən 117 saylı mənzilə dair X8 və X4 istifadə hüquqlarının qeydiyyata alınmasına dair məlumat aşkar edilməmişdir. "xxxx" MMC-nin 02 nömrəli, xx.xx.2022-ci il tarixli Arayışından görünür ki, Bakı şəhəri, Nizami rayonu, E.Süleymanov küçəsi, 2561/67-ci məhəllədə yerləşən 117 saylı mənzildə iddiaçı, onun arvadı X7 və qızı X11 yaşayırlar. Birinci instansiya məhkəməsi qərarını onunla əsaslandırmışdır ki, iddiaçı 2020-ci il tarixdə üçüncü şəxslərin mübahisəli ünvana qeydiyyata alınmalarına razılıq ərizəsi vermiş, üçüncü şəxslər iddiaçının ailə üzvləri olmamış, həmin mənzilə heç bir hüquq əldə etməmişlər və hazırda mübahisəli mənzildə yaşamadıqlarından iddia tələbi təmin edilməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mahiyyət etibarı ilə düzgün hüquqi qənaətə gəldiyini hesab edir və öz mövqeyini aşağıdakı hüquq normalarına istinad edərək əsaslandırır. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin birinci hissəsinə əsasən, müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan aşağıdakı hallarda çıxarılır: 1) yaşayış yerini dəyişdikdə — yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 2) başqa ölkədə yaşayış yeri seçdikdə — müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 3) ömürlük azadlıqdan məhrum edildikdə — məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında; 4) öldükdə və ya məhkəmə qətnaməsi ilə ölmüş elan edildikdə — ölüm aktının qeydə alınması haqqında müvafiq dövlət orqanının məlumatı əsasında; 5) yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında; 6) qeydiyyata alınma üçün əsas olmuş sənədlərin və ya məlumatların həqiqətə uyğun olmadığı və ya qeydiyyat məsələsi həll edilərkən vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətə yol verildiyi aşkar edildikdə — məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında. Məhkəmə kollegiyası qeyd edir ki, qanunverici şəxsin qeydiyyatdan çıxarılması üçün əsasların siyahısını konkret olaraq müəyyən etmişdir ki, bu əsaslardan biri də şəxsin yaşayış sahəsindən çıxarılması və ya yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi barədə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinin mövcudluğudur. Yaşayış sahəsindən çıxarılma barədə qətnamə məhkəmələr tərəfindən şəxsin yaşayış sahəsindən istifadə hüququnun olmaması müəyyən edildikdə qəbul edilir. Belə ki, yaşayış sahəsinin mülkiyyətçisi həmin yaşayış sahəsi üzrə qeydiyyatda olub orada yaşayan şəxsin qeydiyyatdan çıxarılması üçün məhkəmədə sonuncunun yaşayış sahəsindən çıxarılması haqqında iddia qaldırmalıdır. Bu halda şəxsin yaşayış sahəsindən çıxarılması haqqında məhkəmə qətnaməsi şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması üçün əsas kimi çıxış edir. Yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi barədə qətnamələr şəxsin yaşayış sahəsindən istifadə hüququ mövcud olduğu hallarda belə iddialara baxılması ilə əlaqədardır. Lakin əgər şəxsin həmin yaşayış sahəsinə istifadə hüququ yoxdursa, aydındır ki, istifadə hüququna xitam verilmə barədə qətnamə, şəxs həmin yaşayış sahəsində yaşamırsa, onun yaşayış sahəsindən çıxarılmasına dair qətnamə mövcud olmayacaqdır. Məhz yaranmış bu problemlərin həlli məqsədilə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu 24 sentyabr 2020-ci il tarixdə “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair” Qərar qəbul etmiş və qərara almışdır ki:

1. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu və “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin mənası baxımından şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitə olmaqla məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir.

2. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin mənasına görə mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilməlidir.

3. Yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər. Həmin qərarında Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, “mükiyyətçiyə məxsus yaşayış sahəsinə qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsindən istifadə hüququ olmayan və orada faktiki yaşamayan şəxslərin qeydiyyatdan çıxarılması məsələsi ilə əlaqədar Konstitusiya Məhkəməsinin Plenumu qeyd etməyi zəruri hesab edir ki, bu hallarda qeydiyyatda olan şəxslərin mülkiyyətçinin ərizəsi əsasında inzibati orqan tərəfindən qeydiyyatdan çıxarılması məsələsi qanunvericilikdə birmənalı qaydada tənzimlənməsə də, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin birinci hissəsinin 1-ci bəndinin mənasına görə bu mümkün hesab edilməlidir. Belə ki, qeyd edilən norma məhz şəxsin yaşayış yerini dəyişdiyi halda müvafiq icra hakimiyyəti orqanının məlumatı əsasında onun əvvəlki yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmasını müəyyən edir. Qanunun bu normasında nəzərdə tutulmuş “şəxsin yaşayış yerini dəyişməsi” ifadəsi “şəxsin həmin yaşayış sahəsində yaşamaması” mənasını da ehtiva edir... Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci, 5-ci və 12-ci maddələrinin şərh edilməsinə dair 2012-ci il 21 dekabr tarixli Qərarında qeyd olunmuşdur ki, mülkiyyət hüququnun məhdudlaşdırılması qanunçuluğun tələbinə cavab verməli, başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi məqsədilə tətbiq edilməli, mütənasib olmalı və bu konstitusion hüququn mahiyyətini dəyişməməlidir. Bu cür məhdudiyyətin mümkünlüyü və onun xarakteri layiqli həyat səviyyəsi də daxil olmaqla konstitusion əhəmiyyətli dəyərlərin müdafiəsi ilə şərtləndirilməlidir... Belə ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunda əsas müddəa kimi təsbit edilən yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola biləcəyi nəzərə alınmaqla yaşayış sahəsinə münasibətdə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında müvafiq icra hakimiyyəti orqanı (inzibati orqan) tərəfindən qeydiyyatdan çıxarılması təmin olunmalıdır. Əks halda məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər. Konstitusiya Məhkəməsinin Plenumu bir daha qeyd edir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun “şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması” adlı 9-cu maddəsində yaşayış sahəsinə hər hansı əmlak hüquqları əldə etməyən şəxslərin vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi əsasında qeydiyyatdan çıxarılması imkanının birmənalı şəkildə nəzərdə tutulmaması həmin qanunvericilik normasının hüquqi müəyyənlik prinsipinin tələblərinə cavab vermədiyini göstərməklə yanaşı, Konstitusiyanın 149-cu maddəsinin İ hissəsi ilə də uzlaşmır. Konstitusiyanın qeyd olunan maddəsinə görə, normativ hüquqi aktlar hüquqa və haqq-ədalətə (bərabər mənafelərə bərabər münasibətə) əsaslanmalıdır.” Beləliklə, Konstitusiya Məhkəməsinin bu qərarına əsasən mülkiyyətçinin ərizəsi ilə digər şəxsin qeydiyyatdan çıxarılması üçün aşağıdakı şərtlər mövcud olmalıdır: 1. şəxs həmin yaşayış sahəsinə hər hansı əmlak hüququ əldə etməməlidir; 2. şəxs həmin yaşayış sahəsində faktiki olaraq yaşamamalıdır. Məhkəmə kollegiyası qeyd edir ki, istinad olunan bütün şərtlər hazırkı işdə mövcuddur. Belə ki, iddiaçı 2020-ci il tarixdə üçüncü şəxslərin mübahisəli ünvana qeydiyyata alınmalarına razılıq ərizəsi vermiş, üçüncü şəxslər iddiaçının ailə üzvləri olmamış, həmin mənzilə heç bir hüquq əldə etməmişlər və hazırda mübahisəli mənzildə yaşamırlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157-ci maddəsinə əsasən, mülkiyyətçi öz əmlakını istənilən qanunsuz müdaxilədən və qəsdlərdən qorumağa haqlıdır. Məhkəmə kollegiyası hesab edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 24 sentyabr 2020-ci il tarixdə “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair” Qərarı ilə müəyyən edilən hallar hazırkı iş üzrə mövcud olduğundan iddia tələbinin təmin olunması barədə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək hesab edir ki, hazırkı mübahisəyə baxılarkən birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları düzgün araşdırılmış, sübutlara düzgün hüquqi qiymət verilmiş, maddi hüquq normalarının tətbiqində səhvə yol verilməmiş və düzgün nəticəyə gəlinmişdir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73.1 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə

qəraraaldı:

Apellyasiya şikayəti təmin edilməsin. Hazırkı iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2135/2022 saylı, 17 yanvar 2022-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan, təqdim edildiyi gündən 1 (bir) ay müddətində Azərbycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına (Bakı şəh.Yusif Səfərov küç.14, 1193-cü məh. AZ1025) Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar