Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1728/2024 11.07.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), X3 və Abbasova Günel Məhərrəm qızından ibarət tərkibdə, iddiaçının prosessual hüquq varisinin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “torpaq sahəsi üzərində mülkiyyət hüququn reyestrdə qeydiyyata alınıb çıxarış verilməsi tələbinə dair” inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-15426/2023 saylı xx.xx.2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İ. İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı öhdəliyin icrası haqqında iddia (İPM m.34.1) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyəti Başçısının 2217 saylı xx.xx.2000-ci il tarixli sərəncamı əsasında onun mülkiyyətinə verilən ünvan 1 ünvanında yerləşən 600 kv.m. torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınaraq, mülkiyyət hüququnu təsdiq edən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini aşağıdakılarla əsaslandırmışdır: “...Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyəti Başçısının 2217 saylı xx.xx.2000-ci il tarixli sərəncamı əsasında və sərəncama əlavə edilmiş eskizə əsasən ona Bakı şəhəri, Binəqədi rayonu, 9-cu mkr-n, Mir Cəlal küçəsində torpaq sahəsi ayrılmışdır. Həmin torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınaraq, çıxarışın verilməsi üçün cavabdehə müraciət etmiş, lakin müraciətindən əsassız olaraq imtina olunaraq əsası kimi qeyd edilmişdir ki, sərəncamda soyadı “Məhəmmədov” kimi qeyd edilmişdir. Eyni zamanda, torpağın koordinat cədvəlləri cavabdehdə yoxdur. Qeyd edir ki, artıq Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyəti tərəfindən soyadla bağlı olan yalnışlıqlar aradan qaldırılmış və səhvin düzəldilməsi öz həllini tapmışdır. Digər tərəfdən müvafiq sərəncamın surəti də Azərbaycan Respublikası Milli Arxivindən əldə olunaraq təqdim olunmuşdur. Belə ki, torpaq sahəsi qanuni əsaslarla Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyəti Başçısının 2217 saylı, xx.xx.2000-ci il tarixli sərəncamı əsasında, İcra hakimiyyətinə aid olan torpaq sahələrinin hüdudları daxilində ayrılmışdır. Hesab edir ki, cavabdehin imtinası qanunsuz və əsassızdır...” Cavabdeh iddia ərizəsinə etirazında iddianın rədd olunmasını məhkəmədən xahiş etmişdir. Etiraz aşağıdakılarla əsaslandırılmışdır: “...Sərəncamın icrası ilə əlaqədar aparılmış araşdırma nəticəsində məlum olmuşdur ki, təqdim edilən sənədlərdə soyadda “Məmmədov”, “Məhəmmədov” kimi uyğunsuzluq aşkar edilmiş və təqdim edilən yerləşmə cizgisi səlahiyyətli şəxs tərəfindən təsdiq edilməmişdir. İdarənin mütəxəssisləri tərəfindən xx.xx.2022-ci il tarixdə göstərilən torpaq sahəsinə yerli baxış zamanı məlum olmuşdur ki, torpaq sahəsinin bir tərəfindən 24-27m məsafədə elektrik stansiyası mövcuddur və torpaq sahəsinin faktiki ölçüsü 591 kv.m. təşkil edir. Bundan əlavə, elektron kadastr məlumatlarına əsasən torpaq sahəsinin yerləşmə cizgisi ilə faktiki vəziyyəti arasında konfiqurasiya və perimetrik ölçü fərqləri mövcuddur. Həmçinin, yaşayış binası ilə yolun kənarında qalan ümumi istifadədə və dövlət mülkiyyəti olan yaşıllıq ərazisində yerləşir. Yaranmış zərurətlə əlaqədar olaraq aidiyyəti quruma göndərilmiş sorğuya cavab olaraq Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən xx.xx.2023 tarixli, 3-14-26/2-028/2023 nömrəli məktubla bildirilmişdir ki, sözügedən ərazidə ümumilikdə 45 ədəd ağac müəyyən olunmuş və “Yaşıllıqların mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanunun tələblərinə uyğun olaraq həmin yaşıllıqların qorunub muhafizə edilməsi məqsədəmüvafiq hesab edilir. Elektrik şəbəkələrinin mühafizəsi qaydaları Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 10 iyun tarixli, 103 nömrəli qərarı ilə tənzimlənir. “Ara məsafəsi ilə bağlı müfəssəl qaydaları haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 11 mart 2014-cü il tarixli, 72 nömrəli qərarının 9-cu bəndinə əsasən binanın divar hündürlüyünün 0.6 hissəsi ara məsafələrinin hesablanması zamanı nəzərə alınmalıdır...” Bakı İnzibati Məhkəməsinin 2-1(112)-15426/2023 saylı xx.xx.2023-cü il tarixli qərarı ilə iddia təmin edilmiş və Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyəti Başçısının 2217 saylı xx.xx.2000-ci il tarixli sərəncamı əsasında İddiaçı ayrılmış ünvan 2 ünvanında yerləşən 600 kv.m. torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınaraq, bu barədə daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulmuşdur. Cavabdeh apellyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (“İPM”) 85-ci maddəsinin tələblərinə uyğun verilmişdir, apellyasiya icraatı mümkündür. Apellyasiya şikayəti aşağıdakılarla əsaslandırılmışdır: “…İdarənin mütəxəssisləri tərəfindən göstərilən torpaq sahəsinə yerli baxış zamanı məlum olmuşdur ki, torpaq sahəsində hasarlanma və mərzçəkmə işləri aparılmamışdır. Eyni zamanda torpaq sahəsi yaşayış binasının yaxınlığında yerləşməklə yanaşı bir tərəfində isə 24m-27m məsafədə elektrik stansiyası mövcuddur. Elektron kadastr məlumatlarına əsasən torpaq sahəsinin yerləşmə cizgisi ilə faktiki vəziyyəti arasında konfiqurasiya və perimetrik ölçü fərqləri mövcuddur. Həmçinin, torpaq sahəsi yaşayış binası ilə yolun kənarında qalan ümumi istifadədə və dövlət mülkiyyəti olan yaşıllıq ərazisində yerləşir. Həmçinin, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylıRegional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən xx.xx.2023 tarixli, 3-14-26/2- 028/2023 nömrəli məktubla bildirilmişdir ki, sözügedən ərazidə ümumilikdə 45 ədəd ağac müəyyən olunmuş və “Yaşıllıqların mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanunun tələblərinə uyğun olaraq həmin yaşıllıqların qorunub muhafizə edilməsi məqsədə müvafiq hesab edilir. Təqdim edilən Binəqədi RİH başçısının xx.xx.2000-ci il tarixli sərəncamında hüquq sahibinin soyadı “Məhəmmədov” qeyd ediləsə də, şəxsiyyət vəsiqəsində “Məmmədov” kimi qeyd edilmişdir. Eyni zamanda iddiaçı tərəfindən təqdim edilən yerləşmə cizgisi səlahiyyətli şəxs tərəfindən təsdiq edilməmişdir. Bakı İnzibati Məhkəməsi tərəfindən torpaq sahəsinin həqiqi yeri müəyyən edilməmiş və torpaq sahəsinin qanuni əsaslarla ayrılıb-ayrılmaması ilə bağlı araşdırma aparılmamışdır...” İş apellyasiya məhkəməsinin icraatına daxıl olduqdan sonra iddiaçı 09 aprel 2024-cü il tarixdə vəfat etmiş və onun vəfatı ilə əlaqədar Bakı Apellyyaiya Məhkəməsini xx.xx.2024cü il tarixli qərardadı ilə mərhum iddiaçının həyat yoldaşı X1 onun prosessual hüquq varisi qismində tanınaraq işə cəlb oluşmuşdur. Məhkəmə kollegiysının iclasları barədə məlumat verilmiş cavabdeh (nümayəndəsi) məhkəmə iclasına gəlməmiş, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (“İPM”) 62-ci maddəsinin tələblərini nəzərə alan məhkəmə kollegiyası onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyasının iclaslarında iştirak edən iddiaçının prosessual hüquq varisinin nümayəndəsi vəkil V.Tumaşov iddia ərizəsinə uyğun izahat verərək cababdehin apellyasiya şikayətini əsassız hesab edərək, birinci instansiya məhkəməsinin qərarının qüvvədə saxlanılmasını məhkəmədən xahiş etmişdir. ІІ. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb belə hesab edir ki, aşağıdakı əsaslara görə cavabdehin apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İddiaçnın tələbindən göründüyü kimi, öhdəliyin icrası haqqında iddia vasitəsilə Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyəti Başçısının 2217 saylı xx.xx.2000-ci il tarixli sərəncamı əsasında onun mülkiyyətinə verilən ünvan 1 ünvanında yerləşən 600 kv.m. torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınaraq, mülkiyyət hüququnu təsdiq edən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını tələb etmişdir. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 8.0-cı maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; ...; 8.0.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, su tutarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; ...; Həmin Qanunun 10.2-ci maddəsinə görə hüquqların dövlət qeydiyyatı üçün qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: 10.2.1. hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri; 10.2.2. torpaq sahəsinin planı və ölçüsü; ...; İşin sübut qismində işə əlavə olunmuş sənədlərə əsasən müəyyən olunan faktiki halları aşağıdakılardan ibarətdir: 1) Məhkəmə sorğusuna əsasən Azərbycan Respublikası Dövlət Arxivinin Bakı Filialının xx.xx.2023-cü il tarixli 3-48- 2F/2-07920/2023-cü il tarixli məktubu ilə məhkəməyə təqdim edilmiş Binəqədi rayon İH-nin arxiv fondu üzrə xx.xx.2000-ci il tarixli, 2217 saylı sərəncamın təsdiq edilmiş surətinə əsasən İddiaçı Binəqədi rayonu ərazisində fərdi yaşayış evinin tikintisi üçün 600 kv.m. torpaq sahəsi ayrılmışdır. 2) Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyətinin memarı tərəfindən sözügedən sərəncama əsasən ünvan 3, 103 saylı binanın qarşısında iddiaçının istifadəsinə ayrılmış sahənin yerləşmə cizgisi tərtib olunub təsdiq edilmişdir. 3) Cavabdeh idarənin iddiaçının sonuncu müraciəti ilə əlaqədar tərtib olunmuş xx.xx.2022-ci il tarixli daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən müayinə (baxış) aktına əsasən ünvan 3 ünvanında yerləşən torpaq sahəsi sənəd üzrə 600.0 kv.m, faktiki isə 591.0 kv.m. təşkil edir. Torpaq sahəsinin sərhədləri və qonşuluqları – faktiki göstərilən torpaq sahəsi, çox bucaqlı olmaqla bir tərəfdən yer səthi səviyyəsində, digər tərəfləri isə 0.2 m. hündürlükdə səki daşı ilə sərhədlənib. İcazəsiz tikililər – tikili yoxdur (Qeyd: faktiki olaraq göstərilən torpaq sahəsi Mir Cəlal küçəsi kənarı ərazidə, 9 mərtəbəli yaşayış binasından 12.3 m. məsafədə yaşıllıq ərazidə yerləşməklə, üzərində çoxlu sayda şam ağacları mövcüddur. Faktiki olaraq göstərilən torpaq sahəsinin bir tərəfindən 24.0 - 27.0 m məsafədə elektrik stansiyası mövcuddur. Faktiki olaraq göstərilən torpaq sahəsinin koodinatları baxılması üçün akta əlavə olunur.) “ Birinci və ikinci sırada adıçəkilən sənədlərə əsasən müəyyən olunuan hallar onu deməyə əsas verir ki, iddiaçı Binəqədi rayonu, Mir Cəlal küçəsi, 103 saylı binanın qarşısında yerləşən 600 kv m torpaq sahəsi qanuni əsaslarla yerli icra hakimiyytinin sərəncamı əsasında torpağın yerləşdiyi yeri müəyyən etməyə imkan verən cizgisi tərtib olunub təsdiq olunmaqla, iddiaçının istifadəsinə verilmiş və həmin sərəncam kimsə tərəfindən mübahisələndirilməmiş, hal-hazırda qüvvədədir və bu hallar mübahisəsisdir. Cavabdeh orqanın üçüncü sırada, adıçıkilən müayinə aktından isə göründüyü kimi, torpaq sahəsinin faktiki ölçüsü 591 kv.m təşkil edir, yəni, iddiaçı tərəfindən artıq torpaq sahəsi zəbt olunmamışdır. Coxbucaqlı konfiqurasiyaya malik həmin sahə 2 m hündurluyündə səkidaşı ilə hasarlanmışdır, yəni, sərəhdləri bəlli olan bir torpaq sahəsidir və içərisində də tikili olmayan, şam ağacları olan boş bir sahədir. Sözügedən sərəncamın qəbul olunduğu vaxt qüvvədə olmuş (keçmiş) “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin 13-cü maddəsinin 1-ci hissəsinə əsasən icra hakimiyyəti başçısı səlahiyyətləri daxilində sərəncamlar və əmrlər verir. Həmin Əsasnamənin 31-ci maddəsinin 1-ci hissəsinə əsasən mənzil-kommunal təsərrüfatı, ticarətin və əhali üçün digər xidmətlərin təşkil edilməsi sahələrində rayon, şəhər və şəhər rayonu icra hakimiyyəti başçısının səlahiyyətlərivardır: 1) rayonun, şəhərin və şəhər rayonunun planlaşdırılması sxemlərinin və layihələrinin hazırlanmasını təşkil etmək və onları təsdiq etmək, həyata keçirilməsini təşkil etmək, rayon və şəhərlərin ərazisində aparılan tikintilərin layihələrini və titul siyahılarını qanunvericiliklə müəyyən edilmiş qaydada təsdiq etmək, sosial-məişət və mənzil tikinti obyektlərinin qəbul edilməsi üzrə dövlət komissiyaları yaratmaq və onların istifadəyə verilməsi haqqında aktları qəbul etmək; 2) müvafiq ərazidə öz vəsaitləri və ya pay qaydasında iştirak əsasında sosial və istehsal infrastruktur obyektlərinin tikintisini və təmirini təşkil etmək, həmin obyektlərin tikintisinin sifarişçisi kimi çıxış etmək; Sözügedən Əsasnaməninin və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun qeyd olunan tələbləri baxımından, tədqiq olunan sübutlarla müəyyən olunan hallar onu deməyə əsas verir ki, mübahisəli torpaq sahəsinin iddiaçının adına mülkiyyət hüququ ilə daşınmaz əmlakın dövlət reyestrində qeyd alınmasını zəruri edən faktiki şərtlər sübuta yetirilir O ki qaldı, həmin torpaq sahəsi daxilində şam ağaclarının olmasına, həmin ağaclar kənar sahədə yox, məhz iddiaçının istifadəsinə verilmiş torpaq sahəsinin hüduduları daxilində yerləşir və nə qədər ki, həmin ağacların iddiaçı tərəfindən salınmadığı və ona məxsus olmadığı cavabdeh tərəfindən sübuta yetirilməyib, sonuncunun həmin səbəbə söykənən dəlilləri qeydiyyatdan imtina üçün əsas ola bilməz. Göstərilən torpaq sahəsinin bir tərəfindən 24-27 m məsafədə elektrik stansiyası yerləşdiyini əsas tutaraq, cavabdehin hər vəchlə qeydiyyatdan imtina üçün səbəb kimi qeyd etdiyi digər bir dəlili də həmçinin, qeydiyyatdan imtinaya əsas ola bilməz. Birincisi ona görə ki, iddiaçı həmin sahəni özbaşına tutmamış, Binəqədi rayon İcra Hakimiyyətinin sərəncamı əsasında ona ayrılmışdır. Cavabdeh orqan həmin sərəncamın qanunsuz olmasını mübahsələndirməkdə heç subyektiv hüquqa da malik deyil. Bu hüquqa həmin sərəncam verilərkən qüvvədə olmuş qanunvericiliyə müvafiq olaraq Bakı Şəhər İcra Hakimiyyəti başçısına məxsusdur ki, bu sonuncunun da belə bir inzibati aktı mövcud deyildir. Belə ki, keçmiş “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin 7-ci maddəsinin 3-cü hissəsinin 4-cü bəndi nəzərədə tuturdu ki, şəhər rayonlarının icra hakimiyyəti başçılarının aktları Azərbaycan Respublikası qanunvericiliyinə zidd olduqda onları ləğv edə bilər. Cavabdehin apellyasiya şikayətində qeydiyyatdan imtinanın əsaslı olduğunu yeritməyə çalışan dəlillərdən biri də, Binəqədi RİH başçısının xx.xx.2000-ci il tarixli sərəncamında hüquq sahibinin soyadı “Məhəmmədov” qeyd edilməsi, şəxsiyyət vəsiqəsində “Məmmədov” kimi yazıldığını mübahisələndirən formal xarakterli dəlilləri ilə əlaqədar isə birincisi, qeyd olunmalıdır ki, işə əlavə olunmuş arxiv arayışında həmin sərəncamın mətnində iddiaçının soyadı “Məhəmmədov” yazılsa, həmin arayışın arxa üzündə Binəqədi İH-nin “Məhəmmədov” soyadı “Məmmədov” kimi oxunsun” kimi qeydi mövcuddur. Binəqədi RİHB-nın müavininin işə əlavə olunmuş 18 sentyabr 2023-cü il tarixli məktubunda da sərəncamda müvafiq düzəliş aparıldığı təsdiq olunur. Bundan əlavə, sərəncamın mətnindəki iddiaçının soyadında mövcud olan yanlışlıq olması, Binəqədi rayon İH-nin memarı tərəfindən tərtib olunub təsdiq olunan torpaq sahəsinin yerləşmə cizgisindən də aydın görünür. Belə ki, həmin cizginin tərtib olunduğu şəxs kimi , “vət. İddiaçı” təsbit olunmuşdur. Cavabdeh apellyasiya şikayətinin sonuncu dəlillində isə mübahisələndirir ki, iddiaçı tərəfindən təqdim edilən yerləşmə cizgisi səlahiyyətli şəxs tərəfindən təsdiq edilməmişdir. Bununla əlaqədar məhkəmə kollgiyası qeyd edir ki, birincisi, işdə Binəqədi rayon İH-nin memarı tərəfindən iddiaçının adına tərtib olunub təsdiq olunmuş yerləşmə cizgisi mövcuddur. İkincisi, cavabdehin mübahisəlndirdiyi cizginin özü də sərəncamı qəbul edən yerli icra hakimiyyəti orqanın alt qürumu - M.Ə.Rəsulzadə qəsəbəsi inzibati ərazi üzrə nümayəndəsi tərəfindən tərtib olunub təsdiq olunmuşdur. Beləliklə də, mübahisəli torpaq sahəsinə dair iddiaçının mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasını zəruri edən faktiki şərtlər mövcud olduğu halda, cavabdeh tərəfindən qeyd olunan dəlillər əəsas gətirilərək qeydiyyatdan imtina etməsinin əsassız olduğu öz təsdiqini tapır ki, belə olan halda da, cavabdeh tərəfindən onun qanunla qorunan hüquqları pozulur. İPM-in 73.1-ci maddəsininin tələbindən isə görünür ki, aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Qeyd olunanları nəzərə alan məhkəmə kollegiyası, birinci instansiya məhkəməsinin qərarı ilə iddianın təmin olunmasını mahiyyəti üzrə düzgün nəticə kimi qiymətləndirir. Bu baxımdan, məhkəmə kollegiyası, cavabdehin apellyasiya şikayətinin birinci instansiya məhkəməsinin qərarının əsassız olduğunu mübahisələndirən dəlilləri ilə razılaşmır və yekunda belə qənaətə gəlir ki, onun apellyasiya şikayəti təmin edilmədən, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-15426/2023 saylı xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Şərh olunanlara əsasən və İPM-in 82, 87, 89, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Cavabdehin apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-15426/2023 saylı xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-1728/2024
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1728/2024
11.07.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver