Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1729/2020 21.10.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehlər Bakı şəhər Prokurorluğuna və Azərbaycan Respublikası Baş Prokurorluğuna qarşı “cavabdehin hərəkətsizliyinə son qoyulması” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Xəyalə Adil qızı Cəmilovanın sədrliyi və məruzəsi ilə, Vidadi Məmməd oğlu Məmmədovdan və Elmira Eyvaz qızı Nağıyevadan ibarət tərkibdə, X2-Yusiflinin katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Bakı şəhər Prokurorluğuna və Azərbaycan Respublikası Baş Prokurorluğuna qarşı “cavabdehin hərəkətsizliyinə son qoyulması” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4907/2020 saylı xx xxxx 2020-ci il tarixli qərardadından iddiaçıtərəfindən verilmiş apellyasiya şikayətinə xx xxxxxxx 2020-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı cavabdehlər Bakı şəhər Prokurorluğuna və Azərbaycan Respublikası Baş Prokurorluğuna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin hərəkətsizliyinə son qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhərində “Ağ şəhər” layihəsinin həyata keçirilməsi zamanı xx.xx.2014-cü ildə onun mülkiyyətində olan obyektin sökülməsi ilə əlaqədar 228000 manat pul vəsaitinin kompensasiya şəklində ona ödənilməsi üçün Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən Bakı şəhər Xətai rayon İcra Hakimiyyətinin hesabına köçürülmüşdür. Guya həmin vəsaitin ¾ hissəsi söküntünün ünvanında heç bir mülkiyyyət sahibi olmayan, yaşamayan, onun tanımadığı şəxslərə ödənilmişdir. Ona isə həmin vəsaitdən ancaq 64850 manat pul vəsaitinin verilməsi nəzərdə tutulmuşdur. Xətai rayon İcra Hakmiyyəti ilə onun arasında heç bir razılaşma olmadan, bildiriş və müqavilə imzalanmadan qeyri-qanuni olaraq obyekti dağıdılmışdır. Ona verilməli olan pul məbləği 9 aydan sonra verilmişdir. O, obyekti dağıdılmamışdan qabaq, həm də bu il prokurorluq, polis və məhkəmə orqanlarına müraciət etsə də, müraciətinin nəticəsi olmamışdır. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4907/2020 saylı xx xxxx 2020-ci il tarixli qərardadı ilə iddianın mümkün sayılmaması qərara alınmışdır. Həmin qərardaddan narazı qalan İddiaçı tərəfindən apellyasiya şikayəti verilərək, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4907/2020 saylı xx xxxx 2020-ci il tarixli qərardadının ləğv edilməsi xahiş edilmişdir. Apellyasiya şikayətinin dəlilləri Apellyasiya şikayəti onunla əsaslandırılmışdı ki, qərardadla razı deyildir. Belə ki, Prokurorluq haqqında Azərbaycan Respublikası Qanununa əsasən prokurorluq orqanlarının işçilərnin hərəkət (hərəkətsizliyindən) və aktlarından şikayət verilə bilər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “X1” haqqında xx.xx.2007-ci il tarixli 136 saylı Qərarına əsasən Azərbaycan Respublikasının Mərkəzi İcra Hakimiyyəti orqanları inzibati orqan kimi müəyyən edilmişdir. Tərəflərin izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı iddia ərizəsinin və apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək apellyasiya şikayətinin təmin edilməsini və birinci instansiya məhkəməsinin qərardadının ləğv edilərək işin mahiyyəti üzrə baxılması üçün birinci instansiya məhkəməsinə göndərilməsini xahiş etmişdir. Cavabdehlər Bakı şəhər Prokurorluğu və Azərbaycan Respublikası Baş Prokurorluğu məhkəmə iclasında nümayəndələrinin iştirakını təmin etməmişlər. İnzibati məhkəmə icraatının iştirakçısı hazırki işə cavabdehlərin nümayəndələrinin iştirakı olmadan baxılmasına etiraz etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq hazırki işə cavabdehlər Bakı şəhər Prokurorluğunun və Azərbaycan Respublikası Baş Prokurorluğunun nümayəndəsinin iştirakı olmadan baxılması və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İş materiallarından görünür ki, iddiaçının iddiası cavabdehlər Bakı şəhər Prokurorluğu və Azərbaycan Respublikası Baş Prokurorluğuna qarşı həmin orqanların hərəkətsizliyinə son qoyulması barədə olmuşdur. İşə birinci instanisiya qaydasında baxmış məhkəmə Azərbaycan Respublikası Nazirlər Kabinetinin “X1”nın təsdiq edilməsi haqqında xx.xx.2007-ci il tarixli 136 saylı Qərarında Bakı şəhər Prokurorluğunun və Azərbaycan Respublikası Baş Prokurorluğunun inzibati orqan kimi müəyyən edilməməsinə və inzibati orqan olmayan cavabdehlərlə iddiaçı arasında hər hansı inzibati hüquq münasibətinin movcud olmamasına əsaslanaraq iddianı mümkün saymamışdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın mümkün sayılmaması barədə gəldiyi nəticə düzgün olmamışdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli xx xxxxx 2015-ci il tarixli Qərarında qeyd edilmişdir ki, “...Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. (1.3-cü bənd); Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. (1.4-cü bənd); Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. (2.1-ci bənd); Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini...yoxlamalıdırlar (2.3-cü bənd); İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır (6.1). İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun (6.2). İddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər (7). Bir neçə tələbdən ibarət olan və bir neçə cavabdehə qarşı verilən iddianın mümkünlük şərtləri hər bir tələbə və cavabdehə münasibətdə yoxlanılmalı, tələblərdən birinin digərindən asılılığı nəzərə alınmaqla ilkin baxılmalı olan tələb üzrə mümkünlük şərtlərinə riayət edildiyi müəyyən olunduqda, iddiaya həmin hissədə baxılmalı, digər hissədə (hissələrdə) iddia mümkün sayılmamalıdır (10.1). İnzibati məhkəmə icraatı inzibati hüquq münasibətləri ilə bağlı mübahisələr üzrə aparılır (11). Hazırki işdən müəyyən olunur ki, iddiaçının tələbi iki cavabdehə qarşı verilsə də, həmin tələb hər cavabdehə münasibətdə əsaslandırılmamış, keçirilmiş məhkəmə iclasında isə iddiaçı iştirak etmədiyi üçün dinlənilməmiş və nəticədə hansı cavabdehdən nəyi tələb etdiyi məsələsi aydınlaşdırılmamışdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 1.1-ci maddəsinə əsasən bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Göründüyü kimi, sözügedən Qanun inzibati orqanlar və ya qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş fiziki və ya hüquqi şəxslər tərəfindən publik hüquq sahəsində həyata keçirilən inzibati fəaliyyətə tətbiq edilir. Həmin Qanunun 2.0.1-ci maddəsinə əsasən inzibati orqan - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir. Qeyd olunan normaların tələblərinə və müvafiq Plenum qərarındakı hüquqi mövqelərə görə işə baxan məhkəmələr icraatın bütün mərhələlərində iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcud olub-olmadığını yoxlamalıdırlar ki, həmin şərtlərdən biri də iddiaçının inzibati orqanın hərəkət və ya hərəkətsizliyi nəticəsində subyektiv hüquqların pozulmasının əsaslandırılmasıdır. Belə ki, inzibati məhkəmə icraatı inzibati hüquq münasibətləri ilə bağlı mübahisələr üzrə aparılır. İnzibati mübahisələrin predmetini inzibati orqanlar tərəfindən qəbul edilmiş və ya qəbul edilməsi arzu edilən inzibati aktlar, habelə inzibati orqanların fiziki və hüquqi şəxslərə münasibətdə faktiki xarakterli hərəkətləri (hərəkətsizliyi) təşkil edir. Beləliklə, inzibati məhkəmə icraatı qaydasında iddia iddiaçının publik hüquqdan irəli gələn subyektiv hüquqlarının müdafiəsi məqsədilə qaldırılır və iddianın mümkün sayılması üçün mübahisəli münasibətə dair cavabdeh orqanın cavabdehliyi, onun hüquqi mövqeyini ehtiva edən iradə ifadəsi (inzibati akt, faktiki hərəkəti və ya hərəkətsizliyi) mövcud olmalıdır. Başqa sözlə, iddiaçı ilk növbədə qanundan irəli gələn hüquq və mənafelərin mövcudluğunu, cavabdehin qərar, hərəkət və hərəkətsizliyinin isə onun həmin hüquq və mənafelərinə toxunduğunu sübut etməlidir. İddia ərizəsinin məzmununa görə iddiaçı onun müraciətlərinə münasibətdə cavabdehlərin hərəkətsizliyindən şikayətlənir. Birinci instansiya məhkəməsi isə cavabdehlərin adının X1nda olmamasına istinad edərək, iddiaçının müraciətinə münasibətdə tərəflər arasında inzibati hüquq münasibətlərinin mövcud olub-olmadığını yoxlamadan belə iddianın qeyri-mümkün olması nəticəsinə gəlmişdir. Halbuki yuxarıda qeyd olunan maddi hüquq normalarının hazırki mübahisəyə tətbiqi zamanı aydın olur ki, cavabdehlərin adının X1nda olması mütləq deyil, əsas məsələ orqanın inzibati akt qəbul etmək səlahiyyətinin olması ilə bağlıdır. “İnzibati icraat haqqında” Qanunun 3-cü maddəsinə görə bu Qanunun müddəaları Azərbaycan Respublikasının qanunvericiliyi ilə inzibati orqan kimi müəyyən (təsnif) edilmiş orqanların fəaliyyətinə şamil olunur. Bununla yanaşı, bu Qanunun inzibati orqanların cinayət təqibi üzrə cinayət-prosessual fəaliyyətinə və inzibati xətalara dair işlər üzrə fəaliyyətinə şamil olunmadığı göstərilir. Həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli xx xxxxx 2015-ci il tarixli Qərarında qeyd edilmişdir ki, mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır. Birinci instansiya məhkəməsi tərəflər arasında ümumiyyətlə inzibati hüquq münasibətlərinin mövcud olub-olmadığını araşdırmamış, iddiaçıya hüquqi yardım göstərməklə bağlı xidməti vəzifəsini sonadək yerinə yetirə bilməmiş və nəticədə qərardadında mövqeyini kifayət qədər əsaslandırmamışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Hazırki işdən görünür ki, məhkəmə iddiaçının iddiası ilə bağlı xx.xx.2020-ci il tarixə şifahi məhkəmə baxışı təyin etmiş, həmin tarixə təyin olunmuş məhkəmə iclasından SMS xəbərdarlığın AZEMİS vasitəsilə göndərilməsi barədə Bildirişə (i.v. 5) əsasən iddiaçı məlumatlı olmuşdur. xx.xx.2020-ci il tarixli məktubla iddiaçıya müvafiq hüquqi yardım göstərilsə də, həmin məktub rabitə orqanı tərəfindən “bina sökülüb” səbəbindən geri qaytarılmış və buna görə də iddiaçı ona hansı məzmunda hüquqi yardımın göstərilməsindən xəbərsiz olmuşdur. Belə olan halda məhkəmə xx.xx.2020-ci il tarixin ölkə ərazisində koronovirus infeksiyasına (COVİD-19) qarşı mübarizənin təşkil edilməsi ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən tətbiq edilmiş karantin rejimi dövrünə düşdüyünü nəzərə alıb, iddiaçının məhkəmədə iştirak etməmə səbəblərini araşdırıb, işə onun iştirakı ilə baxılıb, ona hüquqi yardımın göstərilməsinin və dinlənilmə hüququnun təmin edilməsi məqsədilə işə baxılmasını təxirə salmalı olduğu halda, bunu etməmiş və iddiaçının iddiasını tez-tələsik qeyri-mümkün saymışdır. Halbuki Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən mübahisəyə şifahi məhkəmə baxışı (şifahi dinləmələr) qaydasında baxılır. Tərəflərin razılığı ilə məhkəmə mübahisəni şifahi məhkəmə baxışı (şifahi dinləmələr) keçirmədən də həll edə bilər. Mübahisəni mahiyyəti üzrə həll etməyən məhkəmə qərardadları şifahi məhkəmə baxışı keçirilmədən də qəbul edilə bilər (16.1, 16.2, 16.3). Belə olan halda birinci instansiya məhkəməsi xx.xx.2020-ci il tarixə təyin etdiyi şifahi məhkəmə baxışının keçirilməsinin mümkünlüyünü Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun yuxarıda göstərilən mövqeyinə uyğun olaraq, İPM-nin 16.2-ci maddəsinə əsasən iddiaçının şifahi məhkəmə baxışının keçirilməsinə razı olmadığı, belə ki, belə razılıqla bağlı hər hansı məktubun məhkəməyə daxil olmadığı baxımından yoxlamalı idi. Buna görə də məhkəmə kollegiyası hazırki iddianın “Nazirlər Kabinetinin “X1”nın təsdiq edilməsi haqqında xx.xx.2007-ci il tarixli 136 saylı Qərarında Bakı şəhər Prokurorluğunun və Azərbaycan Respublikası Baş Prokurorluğunun inzibati orqan kimi müəyyən edilməməsi və buna görə də inzibati orqan olmayan cavabdehlərlə iddiaçı arasında hər hansı inzibati hüquq münasibətinin movcud olmaması ilə bağlı” mümkün sayılmamasına dair birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır və hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən qərardad qəbul edilərkən, Azərbaycan Respublikası İPM-nin 35-ci maddəsinin tələbləri pozulmuşdur. Beləliklə, məhkəmə kollegiyası işin yuxarıda qeyd olunan hallarını nəzərə alaraq belə qənaətə gəlir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin iş üzrə qəbul etdiyi qərardad ləğv edilməli və iş sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün həmin məhkəməyə göndərilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.7.2-ci bəndinə əsasən inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4907/2020 saylı xx xxxx 2020-ci il tarixli qərardadı ləğv edilsin. İş sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün həmin məhkəməyə göndərilsin. Sədrlik edən Xəyalə Cəmilova Hakimlər Vidadi Məmmədov Elmira Nağıyeva
Məhkəmə qərarları › İş №2-1(103)-1729/2020
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1729/2020
21.10.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver