Məhkəmə qərarları › İş №2-1(103)-1729/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1729/2021

15.09.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1729/2021 15.09.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı “torpaq sahələrinin naturada plan sxeminin hazırlanması və torpaq sahəsinin yerində ölçülərək təqdim edilməsinin cavabdehə həvalə edilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X3 Cəmilovanın sədrliyi və məruzəsi ilə, Mirzə Nəsib oğlu Tağızadədən və Aida Əli qızı Hüseyndən ibarət tərkibdə, X2-Yusiflinin katibliyi, İddiaçı və digər İddiaçı2 nümayəndəsi İddiaçı1, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı “torpaq sahələrinin naturada plan sxeminin hazırlanması və torpaq sahəsinin yerində ölçülərək təqdim edilməsinin cavabdehə həvalə edilməsi” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-715/2021 saylı 02 mart 2021-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 15 sentyabr 2021-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Əzizbəyov rayon XDS İK-nin 22 saylı 18.11.1991-ci il tarixli qərarı ilə onların hər birinə ayrılmış 750 kv.m. olan 3/979 və 3/981 saylı torpaq sahələrinin naturada plan sxeminin hazırlanmasının, torpaq sahəsinin yerində ölçülərək onlara təqdim edilməsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-715/2021 saylı 02 mart 2021-ci il tarixli qərarı ilə iddianın qismən təmin edilərək, Əzizbəyov rayon X5 İcraiyyə Komitəsinin 22 nömrəli 18 noyabr 1991-ci il tarixli qərarı ilə İddiaçı1 ayrılmış Mərdəkan qəsəbəsində 3/979 nömrəli sahədə 750 kv.m torpaq sahəsinin və Əzizbəyov rayon X5 İcraiyyə Komitəsinin 18 noyabr 1991-ci il tarixli 22 nömrəli qərarı ilə İddiaçı2 ayrılmış Mərdəkan qəsəbəsində 3/981 nömrəli sahədə 750 kv.m. torpaq sahəsinin planı və ölçü sxeminin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması və iddianın digər hissədə təmin edilməməsi qərara alınmışdır. Həmin qərardan narazı qalan Bakı şəhəri Cavabdeh apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-715/2021 saylı 02 mart 2021-ci il tarixli qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qərar əsassız olduğundan rədd olunmalıdır. Belə ki, iddiaçılara evin tikintisi üçün ayrılmış qərarda qərarın çıxarıldığı tarixdən bir il ərzində başlanılması və üç il müddətində qurtarması nəzərdə tutulmuşdur. Lakin iddiaçılar həmin müddətlər ərzində torpaq sahəsindən təyinatı üzrə istifadə etməmiş və həmin sahədə fərdi yaşayış evi inşa etməmişlər. Torpaq sahəsinin ayrılması barədə qərar 1991-ci ildə qəbul edildiyindən mübahisə həmin dövrdə qüvvədə olmuş Torpaq Məcəlləsinin normalarına istinad edilməklə həll edilməli idi. İddiaçılarda 1991-ci il tarixdən istifadələrində olduğunu iddia etdikləri torpaq sahəsinin məhz Əzizbəyov rayon XDS İK-nin 18.11.1991-ci il tarixli qərarı əsasında onlara ayrılmış torpaq sahəsi olmasına dair mötəbər sübut mövcud deyildir. Həmin qərar əsasında torpaqayırma prosesi qanunla nəzərdə tutulmuş qaydada tamamlanmadığından və torpaq sahəsindən iddiaçılar tərəfindən nəzərdə tutulmuş müddət ərzində təyinatı üzrə istifadə edilmədiyindən həmin qərarın hazırda hüquqi qüvvəsi yoxdur. Eyni zamanda Cavabdeh üzərinə əvvəllər XDS İK-si tərəfindən ayrılmış torpaq sahələrinin yerini və koordinatlarını müəyyənləşdirmək, o cümlədən həmin sahələrə dair cizgilər, xəritələr, çıxarışlar vermək öhdəliyinin qoyulması qanunla nəzərdə tutulmamışdır. Tərəflərin izahatları: Cavabdehin nümayəndəsi X4 apellyasiya şikayətini müdafiə edərək və onun məzmununa uyğun izahat verərək onun təmin edilməsini və birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddianın təmin edilməməsini xahiş etmişdir. İddiaçı və digər İddiaçı2 nümayəndəsi İddiaçı1 apellyasiya şikayətinin dəlillərinə etiraz edərək onun təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İş materiallarından müəyyən olunur ki, iddiaçılar İddiaçı1 və İddiaçı2 Əzizbəyov rayon X5 İcraiyyə Komitəsinin “Vətəndaşlara fərdi ev tikmək üçün torpaq sahəsinin ayrılması haqqında” 18 noyabr 1991-ci il tarixli 22 nömrəli qərarı ilə müvafiq olaraq Mərdəkan qəsəbəsində 3/979 və 3/981 saylı torpaq sahəsində fərdi ev tikmək üçün 750 kv.m. torpaq sahəsinin ayrılması qərara alınmışdır. Şağan qəsəbə nümayəndəliyinin 16 saylı mart 2005-ci il tarixli məktubundan görünür ki, həqiqətən İddiaçı1 və İddiaçı2 XDS-nin İcraiyyə Komitəsinin qərarı ilə torpaq sahəsi ayrılmış, lakin həmin ərazi Məhəmməd Vəliyev adlı şəxs tərəfindən zəbt edilmişdir. İddiaçı1 tərəfindən 3/979 saylı torpaq sahəsi üçün 2000, 2001, 2002, 2003 və 2004cü illər üzrə torpaq vergisi ödənilmişdir. DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinin 06.11.2020-ci il tarixli məktubundan görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 3/979 və 3/981 saylı torpaq sahələrinin dövlət reyestrində qeydiyyatdan keçməsi haqqında məlumat İdarənin arxivində aşkar edilməmişdir. Hazırda iddiaçılar onlara ayrılmış torpaq sahələrinin ətrafında çoxsaylı tikinti və hasarlama işləri aparıldığından onlara məxsus torpaq sahəsinin harada yerləşməsini müəyyən etməkdə çətinliklər yarandığına əsaslanaraq Əzizbəyov rayon X5 İcraiyyə Komitəsinin 18 noyabr 1991-ci il tarixli 22 nömrəli qərarı ilə hər birinə ayrılmış torpaq sahəsinin naturada plan sxeminin hazırlanmasını və torpaq sahəsinin yerində ölçülərək onlara təqdim edilməsinin cavabdehə həvalə olunmasını tələb edirlər. Apellyasiya şikayətinin məzmunundan və apellyasiya baxışı zamanı İddiaçı1 izahatından aydın oldu ki, iş üzrə iddiaçıların hüquqi marağı Əzizbəyov rayon XDS İK-nin 22 saylı 18.11.1991-ci il tarixli qərarı ilə onların hər birinə ayrılmış torpaq sahələrinin naturada onlara təqdim edilməsindən və həmin torpaq sahələrinin plan sxeminin hazırlanmasına nail olmaqdan ibarətdir. Azərbaycan Respublikası Torpaq Məcəlləsini 65-ci maddəsinə əsasən torpaq sahəsinin yerquruluşu planı torpaq sahəsinin müəyyən miqyasda tərtib edilmiş və planaalma aparılan anda özündə ərazinin bütün vəziyyətini (bitki örtüyü, çaylar, yollar və digər obyektlər), şərti işarələr və nişanələr vasitəsilə əks etdirən xəritədir. Torpaq ayrılması üçün sahə seçildikdə həmin sahənin istifadəyə və icarəyə verilməsi (satılması) barədə müvafiq qərar qəbul edilənə qədər onun sərhədləri yerdə (naturada) və xəritədə müəyyən edilir. Həmin maddənin 28.10.2008-ci il tarixədək qüvvədə olan 3-cü bəndinə görə torpaq sahəsinin istifadəyə və ya icarəyə verilməsi (satılması) barədə müvafiq qərar qəbul edildikdən sonra həmin sahənin sərhədləri yerdə (naturada) müəyyən edilir. Torpaq sahələrinin sərhədlərinin yerdə (naturada) müəyyən edilməsi yerquruluşu qaydasında aparılır. Həmin Məcəllənin 65-ci maddəsinin 5-ci bəndinə görə torpaq sahəsinin planı və ölçüsünün hazırlanması, onun sərhədlərinin yerə (naturaya) keçirilməsi yerquruluşu işlərinin aparılmasına hüququ olan təşkilatlar tərəfindən həyata keçirilir və yerdə yoxlandıqdan sonra müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. “Azərbaycan Respublikasının 1999-cu il 25 iyun tarixli Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 176 saylı 4 avqust 1999-cu il tarixli Fərmanının 2.2-ci bəndinə görə Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 65-ci maddəsinin 5-ci bəndində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi (əvvəlki Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi) həyata keçirir. Hazırki işdə birinci instansiya məhkəməsi torpaq sahəsinin ayrılması barədə sözügedən qərarların ləğv edilməməsinə, etibarsız sayılmamasına, hazırda qüvvədə olmasına istinad edərək iddianın qismən təmin olunması, iddiaçılara ayrılmış hər iki torpaq sahəsinin planı və ölçü sxeminin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması, iddianın digər hissədə təmin olunmaması qənaətinə gəlmişdir. Halbuki yuxarıda da qeyd olunduğu kimi, torpaq sahəsi seçildikdən sonra onun sərhədləri yerdə (naturada) və xəritədə müəyyən edilir, torpaq sahəsinin ayrılması barədə qərar qəbul edilir, lakin həmin torpaq sahəsinin plan və ölçüsünün hazırlanması vəzifəsi müvafiq icra hakimiyyəti orqanının səlahiyyətinə aid edilməmişdir. Qanunun tələbinə görə belə sənədin təsdiq olunması əvvəllər Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi, hazırda isə Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən həyata keçirilir. İş üzrə iddiaçılara müvafiq torpaq sahələri Əzizbəyov rayon XDS İK-nin 22 saylı 18.11.1991-ci il tarixli qərarı ilə ayrılarkən həmin torpaq sahələrinin sərhədlərinin yerində (naturada) və xəritədə müəyyən edilmədiyi (bu barədə torpaq sahəslərinin ayrıc aktı və s. iş materiallarında mövcud deyildir) aydın olur, ona görə də iddiaçılar ayrılmış torpaq sahələrinin yerində naturada ölçülərək onlara təqdim edilməsini cavabdehdən tələb edirlər. Həmin tələbi təmin etməyən birinci instansiya məhkəməsi torpaq sahəsinin plan və ölçü sənədinin hazırlanması vəzifəsini cavabdeh icra hakimiyyəti orqanının üzərinə qoyarkən bu vəzifənin qanunla cavabdeh inzibat orqanın səlahiyyətinə aid edilmədiyini nəzərə almamışdır. Həmçinin iddiaçıların iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəsindən görünür ki, (i.v. 41) onların sonuncu tələbi ayrılmış torpaq sahələrinin naturada plan sxeminin hazırlanması və yerində ölçülərək onlara təqdim edilməsindən ibarət olmuşdur. Birinci instansiya məhkəməsi isə iddiaçıların qeyd olunan ərizədəki hüquqi marağının nədən ibarət olduğunu dəqiqləşdirməmiş, torpaq sahələrinin ayrılan zaman onun sərhədlərinin yerində müəyyən edilib-edilmədiyini, naturada sərhədlərin yerə keçirilib-keçirilmədiyini araşdırmadan ərizədəki tələbdən fərqli olaraq torpaq sahələrinin plan və ölçü sxeminin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını qərara almışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmçinin məhkəmə kollegiyası onu da qeyd edir ki, işə birinci instansiya məhkəməsi tərəfindən yenidən baxılarkən iddiaçıların onlara ayrılmış torpaq sahələri ilə bağlı məhkəmə mübahisələrinin mövcudluğu, həmin məhkəmə mübahisələrinin nəticəsi ilə hazırki iddia tələbi arasında əlaqənin olub-olmaması, yekun məhkəmə qərarı çıxarıldığı halda bu işin həll edilməsinə onun təsiri və ən başlıcası iddianın mümkünlük məsələsi müzakirə edilməli, torpaq sahələrinin yerində ölçülərək iddiaçılara təhvil verilməsinin hazırki vəziyyətdə qeyri-mümkünlüyünün əsasları araşdırılmalıdır. Buna görə də cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin iş üzrə qəbul etdiyi 02.03.2021-ci il tarixli qərarı ləğv edilməli və iş sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün həmin məhkəməyə göndərilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.7.1-ci bəndinə əsasən inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 80, 87, 90, 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Bakı şəhəri Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-715/2021 saylı 02 mart 2021-ci il tarixli qərarı ləğv edilsin. İş sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün həmin məhkəməyə göndərilsin. Sədrlik edən Xəyalə Cəmilova Hakimlər Mirzə Tağızadə Aida Hüseyn

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar