Məhkəmə qərarları › İş №2-1(103)-1729/2022

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1729/2022

22.09.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1729/2022 22.09.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), Həmidov Həmid Üzeyir oğlu və Məmmədov Vidadi Məmməd oğlundan ibarət tərkibdə, iddiaçının iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı «əlillik dərəcəsinin təyin edilməsinə dair» inzibati üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 3029/2022 saylı xx.xx.2022-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İ. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, ona ikinci dərəcəli əlillik təyin edilməsinin cavabdeh inzibati orqanın üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddianın əsaslarına görə ona 2015-ci ildən ikinci dərəcə əlilliyinə görə pensiya təyin olunmuşdur. xx.xx.2016-cı il tarixli təyinata əsəsən keçirilmiş müayinə nəticəsində isə onunun xəstəlik diaqnozu «stabil gərginlik stenokardiyası infarktdan sonrakı kardioskleroz, şuntlamadan s/v, hipertoniya xəstəliyi İİ mər. QDÇ İİ» olmaqla, xx.xx.2021-ci il tarixədək İİ dərəcəli əlillik dərəcəsi müəyyən olunmuşdur. İİ dərəcə ilə müəyyən olunmuş əlilliyinin yenidən təyinatı ilə əlaqədar olaraq bütün xəstəlik kağızlarını, 2014-cü ildən indiyədək keçirilmiş həkim müayinəsinə dair və xəstəliyi ilə əlaqədar müalicə alması barədə bütün epikrizlər həmçinin xəstəliyi ilə əlaqədar Azərbaycan Respublikası Səhiyyə Nazirliyi akad.C.Abdullayev adına ET.Kardiologiya İnstitutunda müayinədən keçmiş və xx.xx.2021ci il tarixli müayinəyə dair xəstəlik kağızı və 919 №-li ambulator kitabçadan çıxarış yenidən cavabdeh orqana təqdim olunmuş, buna baxmayaraq sonuncu müraciətin icrasından imtina etmişdir. İmtinanın səbəbi olaraq bildirilmişdir ki, dövlət səhiyyə müəssisəsi tərəfindən rəsmiləşdirilmiş göndəriş natamam doldurulmuş, həmçinin ona ETKİ da ixtisaslı müayinə məsləhət görülmüşdür. Sözügedən müayinəyə dair sənədlərin də cavabdeh orqana təqdim olunmasına baxmayaraq, cavabdeh orqan bir daha eyni məzmunlu imtina məktubunu göndərrilərək bildirilmişdir ki, dövlət səhiyyə müəssisəsi tərəfindən rəsmiləşdirilmiş göndəriş natamam doldurulmuş, əsas diaqnozun ağırlıq dərəcəsini və yardımçı müayinələri dəqiqləşdirilməsi üçün onun ETKİ-da müayinə olunmağına ehtiyac vardır. Bu məqsədlə imtina məktubuna əsasən yenidən xəstəliyi ilə əlaqədar hərtərəfli müayinədən, o cümlədən əlavə müayinədən də keçmişdir. Bu faktı təsdiq edən xx.xx.2021-ci il tarixli müayinəyə dair epikrizi və xəstəlik kağızının surətlərini iddia ərizəsinə əlavə edərək həmin sənədlər də cavabdeh orqana təqdim olunmasına baxmayaraq, cavabdeh yenə də eyni məzmunlu imtina vermişdir. Sonuncu imtina ona 5 oktyabr 2021-ci il tarixdə gəlmişdir. Beləliklə də cavabdeh orqan əsassız olaraq süründürməçiliyə yol vermiş və əsassız olaraq ona İİ dərəcə əlilliyin təyin olunmasından imtina edilmişdir. Cavabdeh idda əriəzsinə etirazında iddianı qəbul etməmiş rədd olunmasını məhkəmədən xahiş etmiş və bunu onunla əsaslandırmışdır ki, iddiaçıya aidiyyəti tibb müəssisəsində əlavə bərpa müalicə etdirməsi, tam reabilitasiya olmadığı halda, əlillik dərəcəsinin verilməsi üçün yenidən müraciət etməsi tövsiyə edilir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3029/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı ilə iddia təmin edilmiş və İddiaçı xəstəliyi nəzərə alınaraq ikinci dərəcəli əlillik təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulmuşdur. Cavabdeh apellyasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti Azərbaycan Respubikasının İnzibati Prosessual Məcəlləsinin (“İPM”) 85-ci madəsinin tələblərinə uyğun verilmişdir, apellyasiya icraatı mümkündür. Apellyasiya şikayəti Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”nın 1.4 və 1.5-ci və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə»nin 1.3-cü bəndlərinə istinadən onunla əsaslandırılmışdır ki, iddiaçıya əlilliyin təyin edilməsindən imtina oluması istiqamətində Agentlik tərəfindən hər hansı qanuna zidd hərəkətə və ya hərəkətsizliyə yol verilməməsinə, o cümlədən, “İnzibati icraat haqqında” Qanunun tələblərinin pozulmamasına, qeyd olunan Əsasnaməyə uyğun qiymətləndirmə aparılmasına baxmayaraq məhkəmə qanunsuz olaraq iddianı təmn etməklə maddi və prosessual hüquq normalarını pozmuşdur. 14 iyun 2022-ci il tarixdə keçirilən məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi G.Musayeva apellyasiya şikayətini dəlillərinə uyğun müdafiə edərək, təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə kollegiyasının iclaslarında iştirak edən İddiaçı cavabdehin apellyasiya şikayətinə etiraz edərək, lazımi müalicələri keçməsinə dair bütün lazımi sənədləri verməsinə baxmayaraq, cavabdeh hər dəfə göndərişin natamam doldurulmasını və ya əlavə müalicəyə ehtiyacı olması adı ilə əsassız olaraq əlillik dərəcəsi verilməsindən imtina etdiyini bildirərək, birinci instansiya məhkəməsinin qərarını qüvvəsində saxlanılmasını məhkəmədən xahiş etmişdir. İİ. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdırıb, hesab edir ki, aşağıdakı əsaslara görə cavabdehin apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İPM-in 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını məhkəmədən tələb edə bilər. İş materiallarından (i.v.46) görünür ki iddiaçının sonuncu müəyinəsi xx.xx.2021-ci il tarixdə keçirilərək ona əlillik dərəcəsi verilməsindən imtina olunmuş, xx.xx.2021-ci il tarixində iddiaçı məcburetmə haqqında iddia vasitəsilə həmin imtinanı mübahisələndirərək, ona ikinci dərəcəli əlillik təyin edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsini tələb etmiş, birinci instansiya məhkəməsi tərəfindən onun iddia tələbi təmin olunmuşdur. Cavabdehin apellyasiya şikayətində mübahisələndirilir ki, iddiaçıya əlilliyin təyin edilməsindən imtina oluması istiqamətində Agentlik tərəfindən hər hansı qanunazidd hərəkətə və hərəkətsizliyə yol verilməmiş, qanunvericiliyə uyğun qiymətləndirmə aparmışdır. Məhkəmə kollegiyası aşağıdakılara görə cavabdehin apellyasiya şikayətinin qeyd olunan dəlilləri ilə razılaşmır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli, 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi” Qaydası ilə nəzərdə tutulur ki: 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (bundan sonra – Agentlik) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. 2.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. 2.2. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. 2.3. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. 2.4. TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər...” İş materialları üzrə iddiaçının iddia ərizəsinə və ona əlavə edilmiş sənədlərə, cavabdehin iddia ərizəsinə dair yazılı etirazına və ona əlavə edilmiş «Əlillik» altsistemindən elektron çıxarışlara və s. müəyyən olunur ki, iddiaçının ilkin əlilliyi Bakı 7 nömrəli Şəhər Poliklinikasının xx.xx.2015-ci il tarixli 0170003AABPW saylı göndərişi əsasında müayinə edilərək ona “Ürək qapaqlarının qüsurları və ya miokardda baş vermiş dəyişikliklər nəticəsində qan dövranının davamlı olaraq ikinci-üçüncü dərəcəli çatmamazlığı” səbəbi ilə bir il müddətinə əlillik dərəcəsi verilmişdir (Meyar: 22; 2.2.1). Daha sonra, elektron təyinatla həmin Poliklinikanın xx.xx.2016-cı il tarixli göndəriş əsasında da eyni xəstəlik səbəbi ilə cavabdeh tərəfindən iddiaçının beş il müddətinə 2-ci dərəcəli əlillik dərəcəsi müəyyən edilmişdir. Beş illik müddət bitdikdən sonra, növbəti müayinə cavabdeh tərəfindən Poliklinikasının xx.xx.2021-ci il tarixli, 0170003AAEEH saylı göndərişi əsasında keçirilmiş və iddiaçıya «göndərişin natamam doldurulması və əsas diaqnozun ağırlıq dərəcəsini və yardımçı müayinələri dəqiqləşdirmək üçün xəstənin ETKİ-də müayinə və müalicə olunmasına ehtiyacı var» səbəbi ilə imtina verilmişdir. Həmin iradların aradan qaldırılması istiqamətində iddiaçının əməli hərəkətlərindən sonra enidən Poliklinikanın xx.xx.2021-ci il tarixli 0170003AAEGW saylı göndərişi əsasında cavabdeh tərəfindən qiymətləndirilmə aparılmış və «göndərişin natamam doldurulması və xəstəyə ETKİ-də ixtisaslı müayinə məsləhət görüldü» səbəbi ilə əlillik təyinatından imtina edilmişdir. Hazırkı mübahisənin araşdırma predmetini təşkil edən sonuncu müayinə isə Poliklinikanın xx.xx.2021-ci il tarixli, 0170003AAELV saylı göndərişi əsasında keçirilmiş və cavabdehin xx.xx.2021-ci il tarixli qərarı ilə iddiaçıya: -Ümumi xəstəlik; X1: İX Sinif- Qan dövranı sistemi xəstəlikləri => İ20-İ25 - Ürəyin işemik xəstəlikləri => İ20 - Stenokardiya [döş inağı] => 120.1 - Sənədlər əsasında təsdiqlənmiş spazm ilə gedən stenokardiya; Diaqnozun mətni: Sənədlərlə təsdiqlənmiş spazm ilə müşayiət olunan stenokardiya, ÜİX gərginlik stenokardiyası İİİ f/s, Əvvəllər keçirilən miokard infarktı, İnfarktdan sonrakı kardioskleroz (2014) Arterial şunt ilə bağlı mexaniki mənşəli ağırlaşma, AKŞx3 əməliyyatından sonrakı vəziyyət (2015) Durğunluq ürək çatmamazlığı, Ürək çatmamazlığı İİİ f/s.(LVEF-37%); Məzkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Əlavə müalicəyə ehtiyacın olması - Səbəb: İxtisaslaşdırılmış əlavə müayinə və müalicəyə ehtiyac var.” səbəbi ilə imtina verilmişdir. Qeyd olunanlardan göründüyü kimi, 2021-ci ildə beş illik əlillik müddəti bitdikdən sonra səhiyyə müəssisəsinin göndərişi əsasında yenidən iddiaçının xəstəliyi, müayinəsi və müalicəsi ilə bağlı olan tibbi göstəricilər də daxil edilməklə, üç dəfə poliklinika tərəfindən 088 nömrəli Göndəriş doldurulub cavabdeh orqana göndərilsə də, sonuncu tərəfindən hər dəfə müxtəlif səbəblərlə iddiaçıya əlillik təyin edilməsindən imtina olunmuşdur. Belə ki, ilk öncə göndərişin “natamam doldurulmuası”, sonradan isə “natamam doldurulması və əlavə müalicəyə ehtiyacı olması”, daha sonra isə “ixtisaslaşmış əlavə müalicəyə ehtiyacı olması” kimi müxtəlif variantlarda əlillik təyinatından imtina olunmuşdur. Halbuki, iddiaçıya 2015-ci ildə bir il, 2016-cı ildə isə beş il müddətinə İİ dərəcəli əllik dərəcəsi təyin olunarkən, onun xəstəlik diaqnozu eyni olmuş, sonuncu müayinə zamanı da “infarkt” keçirmiş iddiaçının müvafiq müalicələr almasına baxmayaraq, həmin xəstəliyi aşkar surətdə öz ağırlığı və yanaşı xəstəlikləri ilə davam etmişdir. Qeyd olunmalıdır ki, hər üç (2015, 2016, 2021) halda, cavabdeh tərəfindən Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli 413 saylı Qərarı ilə təsdiq olunmuş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamə əldə rəhbər tutulumasına baxmayraq, növbəti müayinə zamanı eyni hala münasibətdə fərqli qərar qəbul olunmuşdur. Halbuki, “İnzibati icraat haqqında” Qanunun 12.2-ci maddəsinə əsasən inzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. Həmin Qanunun 13.1-ci maddəsinə əsasən inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Həmin Qanunun 13.2-ci maddəsinə əsasən inzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. Məhkəmə kollegiyası, hər bir halda, cavabdehin sonuncu dəfə iddiaçıya “ixtisaslaşmış müalicəyə ehtiyacının olması” səbəbi ilə əlillik dərəcəsi verilməsindən imtinasını əsassızdır. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli, 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibb-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi” Qaydasının 1.2-ci bəndinə əsasən şəxsə göndəriş maddi-texniki bazası, kadr potensialı, ixtisaslaşması, əhaliyə xidmətin əlçatanlığı nəzərə alınmaqla, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Azərbaycan Respublikasının Nazirlər Kabineti ilə razılaşdırmaqla, birgə müəyyən etdiyi siyahıda göstərilən tibb müəssisələrinin həkim-məsləhət komissiyaları (bundan sonra – Komissiya) və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən verilir. Həmin Qaydanın 1.5-ci bəndinə əsasən göndəriş verilməsi üçün əsas olaraq aşağıdakılardır: 1.5.1. şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması; 1.5.2. şəxsdə əqli pozuntuların və anatomik çatışmazlıqların, dərmanlara davamlı vərəm formalarının, İV mərhələ onkoloji xəstəliklərin, V mərhələ xroniki böyrək xəstəliyinin olması (göndəriş bu Qaydanın 1.5.1-ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir); 1.5.3. əlillik müddətinin bitməsindən sonra bu Qaydanın 1.5.1-ci və 1.5.2-ci yarımbəndlərində qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi; 1.5.4. peşə əmək qabiliyyətinin itirilməsi faizinin müəyyən edilməsi; 1.5.5. əlilliyi olan şəxsin sağlamlıq vəziyyətində olan dəyişikliklə bağlı Komissiyanın rəyinə əsasən tibbi-sosial ekspertiza müayinəsinə zərurət yaranması. Konkret halda, cavabdeh tərəfindən “Qayda”nın 1.5.3-cü bəndinin tələbi nəzərə alınmamış, buna göz yumulmuşdur. Belə ki, “Qayda”nın qeyd olunan tələbində tam aydınlığı ilə qeyd olunur ki, əlillik müddətinin bitməsindən sonra şəxsin xəstəliyi (pozuntu və ya çatışmazlıq) davam edirsə, bu əsas da şəxsə əlillik təyinatı üçün göndəriş verilməsi üçün əsasdır. Bu halın mövcudluğu isə iş materialları ilə öz təsdiqini tapır. Belə ki, işə əlavə olunmuş 088 formalı Göndərişdə mövcud olan həkim müayinələri barədə qeydlərə, eləcə də, işdə olan Akad..C.Abdullayev adına ET Kardiologiya İnstitutunun xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il tarixli həkim müayinələrinin nəticələrinə, cavabdehin xx.xx.2021-ci il tarixli, xxxxxxx0006 №-li aktına (və sair) əsasən müəyyən olunur ki, beş illik əlillik müddəti bitdikdən sonra xx.xx.2021-ci il tarixdə keçirilən növbəti müəyinəyə qədər iddiaçının xəstəliyi üzrə təkrarlanmış, ağırlaşma və yanaşı xəstəlikləri nəinki azalmış, əksinə artmışdır. O cümlədən: Əsas diaqnoz: “İ20.1 Sənədlərlə təsdiqlənmiş spazm ilə müşayiət olunan stenokardiya, ÜİX gərginlik stenokardiyası İİİ f/s; Ağırlaşma: İ25.2 Əvvəllər keçirilən miokard infarktı, İnfarktdan sonrakı kardioskleroz (2014); T82.2 Arterial şunt ilə bağlı mexaniki mənşəli ağırlaşma, AKŞx3 əməliyyatından sonrakı vəziyyət (2015); İ50.0 Durğunluq ürək çatmamazlığı, Ürək çatmamazlığı İİİ f/s.(LVEF-37%). Yanakı xəstəliklər: K40.9 Birtərəfli və ya dəqiqləşdirilməmiş qasıq yırtığı, keçməməzlik və ya qanqrena olmadan, Sağtərəfli qasıq yırtığı; 111.0 [Durğunluq] ürək çatmamazlığı ilə müşayiət olunan, əsasən ürəyin zədələnməsi ilə hipertenziv [hipertoniya] xəstəlik [-yi], Hipertoniya xəstəliyi İİİ mərhələ; F45.3 Vegetativ sinir sisteminin somatoform disfunksiyası”; K40.9 Birtərəfli və ya dəqiqləşdirilməmiş qasıq yırtığı, keçməməzlik və ya qanqrena olmadan Sağtərəfli qasıq yırtığı.” Qeyd olunanlar onu deməyə əsas verir ki, əvvəlki əlillik dövrü bitdikdən sonra iddiaçının orqanizminin funksiyaları bərpa olunmamış, tam və səmərəli fəaliyyətinə mane olan sabit fiziki pozuntuları davam etmişdir. “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibb-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi” “Qayda”sının qeyd olunan 1.5.3-cü bəndin də məhz nəzərədə tutur ki, lillik müddətinin bitməsindən sonra bu Qaydanın 1.5.1-ci yarımbəndə qeyd olunan pozuntu (yəni, orqanizminin funksiyalarının bərpa olunmaması və onun tam və səmərəli fəaliyyətinə mane olan sabit fiziki pozuntuları davam etməsi) əlillik təyinatı üçün göndəriş verilməsini zəruri edən əsaslardan biridir. İddiaçının xx.xx.2021-ci il tarixdə növbəti müayinəsi zamanı qüvvədə olan Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli 413 saylı Qərarı ilə təsdiq olunmuş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnaməsinin 2.2-ci bəndinə əsasən isə ikinci dərəcə əlillik aşağıdakı hallarda təyin edilir: 2.2.1. ürək qüsurları və ya miokardda baş vermiş dərin dəyişikliklər nəticəsində qan dövranının davamlı olaraq ikinci dərəcə çatışmazlığı (İ01-İ09, 111.0, İ13-İ13.2, İ20-İ25, İ30-İ31.9, İ33)... ; Qeyd olunanlardan göründüyü kimi, cavabdeh orqanun “TSEK” Komissiyası tərəfindən formal əsaslarla iddiaçının ixtisaslı müalicəyə ehtiyacı olması səbəbi ilə, ona İİ dərəcəli əlillik verilməsindən imtina olunmasının əsassız olduğu və iddiaçının qanunla qorunan hüquqlarını pozduğu sübuta yetirilir. ”İnzibati icraat haqqında” Qanunun 24.2-ci maddəsinin tələbinə görə inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Həmin Qanunun 58.1-ci maddəsinə əsasən isə inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər hüquq normalarına uyğun olmalıdır. Birinci instansiya məhkəməsi tərəfindən də araşdırma zamanı İddiaçı barəsində tərtib edilmiş xx.xx.2021-ci il tarixli, 0170003AAELV №-li, TQS № 088 göndərişdə sonuncunun kifayət qədər müayinə və müalicələrdə olmasının qeyd edilməsi, həmçinin iddiaçıya təyin edilmiş diaqnozun ona ikinci dərəcəli əlillik təyin edilməsi üçün meyarlara uyğun olması müəyyən edilmiş və məhkəmə hesab etmişdir ki, İddiaçı “Sənədlərlə təsdiqlənmiş spazm ilə müşayiət olunan stenokardiya ÜİX gərginlik stenokardiyası İİİ f/s. Əvvəllər keçirilən miokard infarktı, İnfarktdan sonrakı kardioskleroz (2014). Durğunluq ürək çatmamazlığı, Ürək çatmamazlığı İİİ f/s.(LVEF-37%)” diaqnozu ilə xəstə olduğundan və həmin diaqnoz ikinci dərəcəli əlillik təyin edilməsi üçün meyarlara uyğun olduğundan cavabdeh inzibati orqan tərəfindən əlilliyin növbəti müddətə təyin olunmasından imtina edilməsi iddiaçının qanunla qorunan hüquqlarını pozmuş və işin konkret halı nəzərə alınmaqla iddiaçının vəziyyətinə mütənasib olmamışdır...” Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi həmin nəticəni faktlar nöqteyi nəzərindan mahiyyəti üzrə düzgün nəticə kimi qiymətləndirir İPM-in 73.1-ci maddəsinin tələbindən də görünür ki, inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Beləliklə də məhkəmə kollegiyası, cavabdehin apellyasiya şikayətinin birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulması ilə qanunsuz qərar qəbul edildiyini mübahisələndirən dəlilləri ilə razılaşmır və yekunda belə qənaətə gəlir ki, onun apellyasiya şikayəti təmin edilmədən, Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-3029/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Qeyd edilənlərə əsasən və İPM-in 68, 69, 82, 87, 89, 90, 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası q ə r a r a a l d ı: Cavabdehin apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3029/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Cahangir Yusifov Hakimlər: Həmid Həmidov Vidadi Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar