Məhkəmə qərarları › İş №2-1(103)-1729/2023

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1729/2023

31.05.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1729/2023 31.05.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X2 Aktiv oğlunun sədrliyi və məruzəsilə, Yusifov Cahangir Afər oğlu və Məmmədova Şərafət Asif qızından ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil və cavabdehin nümayəndələri X3 və X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti İdxal-İxrac Əməliyyatları üzrə Nəzarət Baş İdarəsinə qarşı “qərarların ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3278/2022 nömrəli, 11 noyabr 2022-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında şifahi məhkəmə baxışı qaydasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası m ü ə y y ə n e t d i: İddiaçı MMC cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti İdxal-İxrac Əməliyatları üzrə Nəzarət Baş İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı barəsində qəbul edilmiş 29 dekabr 2020-ci il tarixli **********5531 saylı və **********5529 saylı “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında“ qərarların ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3278/2022 nömrəli, 11 noyabr 2022-ci il tarixli qərarı ilə iddia təmin edilmiş, iddiaçı barəsində cavabdeh vergi orqanı tərəfindən qəbul edilmiş 29 dekabr 2020-ci il tarixli **********5531 saylı və **********5529 saylı “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarların ləğv edilməsi qərara alınmışdır. Həmin qərardan cavabdeh apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Dövlət Vergi Xidmətinin İdxal-İxrac Əməliyyatları üzrə Nəzarət Baş İdarəsinin “Operativ vergi nəzarətinin keçirilməsi haqqında” xx.xx.2020-ci il tarixli **********349 nömrəli və “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında qərara əlavələr (dəyişikliklər) edilməsi haqqında” xx.xx.2021-ci il tarixli **********4475 nömrəli qərarları əsasında "xxxx" MMC-nin sahibkarlıq fəaliyyəti göstərdiyi oblektlərdə “Malların Vergi Məcəlləsinin 58.8-ci maddəsində göstərilən sənədlər əsasında alınmasına, malların elektron qaimə-faktura əsasında təqdim edilməsinə, habelə malların əvvəlcədən sifariş edilmədən təqdim edilməsi üçün malların təsərrüfat subyektindən (obyektindən) nəqliyyat vasitələrinə yüklənməsi üçün təsərrüfatdaxili yerdəyişmə qaimə-fakturasının tərtib edilməsinə nəzarət edilməsi” məsələləri üzrə xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək (xx.xx.2021-ci il tarixi daxil olmaqla) operativ vergi nəzarəti həyata keçirilmişdir. Operativ vergi nəzarətinin həyata keçirilməsi zamanı xx.xx.2020-ci il tarixdə Cəmiyyətin fəaliyyət göstərdiyi Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan-Xocahəsən yolunun cənub-şərq hissəsində yerləşən anbarda həyata keçirilmiş operativ vergi nəzarəti tədbiri zamanı 19.606,0 manat dəyərində malların alış sənədinin olmadığı və 1.460.727,16 manat dəyərində malların elektron qaimə-faktura verilmədən satışı faktları aşkar edilərək, nəticələri xx.xx.2020-ci il tarixli DVX seriyalı 001516 nömrəli və 001542 nömrəli aktlarla rəsmiləşdirilmişdir. Aktlar "xxxx" MMC-nin rəhbəri tərəfindən imzalanmış və aktların bir nüsxəsi ona təqdim edilmişdir. Tərtib edilmiş DVX seriyalı 001516 və 001542 nömrəli aktlar əsasında vergi orqanı tərəfindən “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2020-ci il tarixli **********5519 və **********5531 nömrəli qərarlar qəbul olunaraq, vergi ödəyicisinə 1.960,6 və 146.072,73 manat məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir. Bundan əlavə, xx.xx.2020-ci il tarixdə operativ vergi nəzarətinin həyata keçirilməsi zamanı Cəmiyyətin fəaliyyət göstərdiyi ünvan 1 ünvanında yerləşən obyektdə həyata keçirilmiş operativ vergi nəzarəti tədbiri zamanı 921.502,0 manat dəyərində malların elektron qaimə-faktura verilmədən satışı faktı aşkar edilərək, nəticəsi xx.xx.2020ci il tarixli DVX seriyalı 001543 nömrəli aktla rəsmiləşdirilmişdir. Qeyd olunan akt da cəmiyyətin rəhbəri tərəfindən imzalanmış və aktın bir nüsxəsi ona təqdim edilmişdir. Tərtib edilmiş DVX seriyalı 001543 nömrəli akt əsasında vergi orqanı tərəfindən “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2020-ci il tarixli **********5529 nömrəli qərar qəbul olunaraq, vergi ödəyicisinə 92.150,20 məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir. Əlavə olaraq, nəzarət tədbiri zamanı Cəmiyyətin rəhbəri təqdim etdiyi izahatlarında 19.606,0 manat dəyərində malların elektron-qaimə faktura olmadan alındığını, 1.460.727,16 manat və 921.502,0 dəyərində malların ayrı-ayrı vergi ödəyicilərinə topdan qaydada nəzarət-kassa aparatı vasitəsi ilə satdığını, bununla bağlı sənəd təqdim edə bilmədiyini bildirmişdir. Qeyd olunanlardan göründüyü kimi, "xxxx" MMC-nin rəhbəri Hüseynov Rüfət malların elektron qaimə-faktura tərtib etmədən ümumilikdə 2.382.229,16 manat (1.460.727,16 manat və 921.502,0 manat) məbləğində malların satılması faktını etiraf etmişdir. Məlum olduğu kimi, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən 31 mart 2020-ci il tarixli qəbulda kölgə iqtisadiyyatının miqyasının azaldılması istiqamətində aparılan işlərin davam etdirilməsi, sahibkarlıq subyektlərinin şəffaf şəkildə fəaliyyət göstərməsi, habelə qanunsuz sahibkarlıqla mübarizənin gücləndirilməsi ilə bağlı İqtisadiyyat Nazirliyinin qarşısında mühüm vəzifələr qoymuşdur. İqtisadiyyat Nazirliyi vergi qanunvericiliyinin təkmilləşdirilməsi ilə yanaşı, vergi inzibatçılığının təkmilləşdirilməsi yolu ilə də kölgə iqtisadiyyatının miqyasının daha da daraldılması istiqamətində mütəmadi tədbirlər həyata keçirir və bu tədbirlər əsas etibarilə sahibkarlıq subyektlərinin şəffaf şəkildə fəaliyyət göstərməsinə və habelə qanunsuz sahibkarlıqla mübarizənin gücləndirilməsinə hesablanmışdır. Dövlət vergi orqanlarının apardıqları təhlillər nəticəsində yeni nəsil nəzarət kassa-aparatı quraşdırılmış pərakəndə ticarət fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən nəzarət kassa-aparatına bir çek üzrə yüksək məbləğlərin, yəni fiziki şəxs olan istehlakçının istehlak edə biləcəyi ağlabatan məbləğdən yuxarı həddə pul vəsaitlərinin mədaxil olunması halları aşkar olunmuşdur. Sözügedən hallar vergi orqanının risk qiymətləndirilməsinə əsasən faktiki olaraq topdan qaydada satılan və elektron qaiməfaktura ilə rəsmiləşdirilməli olan əməliyyatın pərakəndə satış kimi rəsmiləşdirilməklə əqdin faktiki mahiyyətinin pərdələnməsi kimi qiymətləndirilir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 3 aprel tarixli 94 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında ticarət, ictimai iaşə, məişət və digər növ xidmət Qaydaları"na əsasən topdansatış - şəxsi, ailə, məişət və digər bu kimi istehlak təyinatı istisna olmaqla, sahibkarlıq fəaliyyəti məqsədi ilə malların satışını həyata keçirən ticarət fəaliyyəti, pərakəndə satış - bilavasitə sahibkarlıq fəaliyyəti ilə bağlı olmayan, yalnız şəxsi, ailə, məişət və digər bu kimi məqsədlər üçün malların satışını həyata keçirən ticarət fəaliyyətidir. Bunlardan əlavə, vergi qanunvericiliyinə əsasən pərakəndə satış malların alıcıya satışının (təqdim edilməsinin) son istehlak məqsədi ilə və yalnız bu Məcəllədə müəyyən edilmiş qaydada qəbz və ya nəzarət-kassa aparatının çeki (sahibkarlıq fəaliyyətini həyata keçirən hüquqi və fiziki şəxslərin tələbi ilə elektron-qaimə faktura) təqdim edilməklə həyata keçirilməsi üzrə ticarət fəaliyyəti, topdansatış isə malların alıcıya satışının (təqdim edilməsinin) onun sahibkarlıq fəaliyyəti məqsədləri üçün və yalnız bu Məcəllədə müəyyən edilmiş qaydada elektron-qaimə faktura təqdim edilməklə həyata keçirilməsi üzrə ticarət fəaliyyətidir. Beləliklə, iri həcmli mal partiyalarının fiziki şəxslərə nəzarət kassa-aparatının çeki ilə rəsmiləşdirilməklə satılması faktiki olaraq topdan qaydada digər sahibkarlıq subyektlərinə və ya qanunsuz sahibkarlara sənəd verilmədən (elektron qaimə-faktura tərtib edilmədən) malların satışı əməliyyatının pərdələnməsidir və birbaşa “kölgə iqtisadiyyatı”nı yaradan əsas amillərdəndir. Faktiki olaraq topdan qaydada satılan malların pərakəndə ticarət kimi rəsmiləşdirilməsi nəticəsində həmin mal partiyaları “qara bazara” paylanır və vergi orqanı tərəfindən bu mal partiyasının hərəkətinin izlənməsi və sonrakı satış dövriyyəsindən vergilərin hesablanması mümkün olmur və dövlət büdcəsi əsaslı itkilərə məruz qalır. Qeyd olunanları nəzərə alaraq vergi orqanları tərəfindən qeyd olunan hallar aşkar olunduğu halda malları “pərakəndə satış” adı altında rəsmiləşdirən vergi ödəyicilərinə Vergi Məcəlləsinin 58.13-cü maddəsində nəzərdə tutulan maliyyə sanksiyasının tətbiq edilməsi qanuni və əsaslı hesab edilir. Belə ki, əsas məqsədi vergi üstünlüyü əldə etmək olan vergidən yayınma sxemi aşkar etdikdə faktiki iqtisadi göstərici əsas götürülməklə vergilərin, faizlərin, maliyyə sanksiyalarının və inzibati cərimələrin hesablanmasını təmin etmək dövlət vergi orqanlarının Vergi Məcəlləsi ilə müəyyən olunmuş hüququdur. Vergi ödəyicisi tərəfindən 2019-cu il üzrə təqdim edilmiş mənfəət vergisi bəyannaməsində 2.024.725,76 manat dəyərində mal qalığının olduğu qeyd edilmiş, eyni zamanda 2020-ci il ərzində 4.330.242,0 manat (ƏDV-siz) dəyərində mal idxal edilmiş və qaimə-faktura əsasında 3.391,44 manat dəyərində mal (iş və ya xidmət) alınmışdır. Həmçinin, vergi ödəyicisi tərəfindən 2020-ci il ərzində təqdim edilmiş ƏDV bəyannamələrinə əsasən 5.106.055,0 manat dövriyyə göstərilmiş və elektron qaiməfaktura əsasında 22.262,14 manat dəyərində mal satışı həyata keçirilmişdir. İş materiallarında mövcud olan nəzarət-kassa aparatı barədə baza məlumatlarına əsasən 5106 çek üzrə 4.395.853,2 manat nəzarət-kassa aparatına mədaxil olunduğu (1 çek üzrə orta hesabla 860,91 manat), seçmə üsulu ilə nəzarət-kassa aparatının çeklərinə əsasən (nümunə: xx.xx.2020-ci il tarixli 11640,0 manatlıq 93 nömrəli çek üzrə vahidinin qiyməti 8 manat olmaqla 1455 ədəd tesero markalı divar kağızı, xx.xx.2020-ci il tarixli 6282,0 manatlıq 103 nömrəli çek üzrə vahidinin qiyməti 18 manat olmaqla 349 ədəd tesero markalı divar kağızı, xx.xx.2020-ci il tarixli 23976,0 manatlıq 111 nömrəli çek üzrə vahidinin qiyməti 27 manat olmaqla 888 ədəd tesero markalı divar kağızı, xx.xx.2020-ci il tarixli 4004,0 manatlıq 128 nömrəli çek üzrə vahidinin qiyməti 11 manat olmaqla 364 ədəd tesero markalı divar kağızı) fiziki şəxs olan istehlakçının istehlak edə biləcəyi ağlabatan məbləğdən və miqdardan yuxarı həddə pul vəsaitlərinin nəzarət-kassa aparatına mədaxil olunduğu və qeyd olunan çeklərin günün eyni vaxtlarında və qısa vaxt aralığında kassaya vurulması halları aşkar olunmuşdur. Həmçinin iş materiallarında mövcud olan geri qaytarılmış ƏDV məbləğlərinə dair məlumatlara asasan nəzarət-kassa aparatına madaxil olunmuş 4759 sayda çekin cəmi 173 şaxs arasında (1 şəxsə orta hesabla 27 çek) bölüşdürülməsi halları aşkar olunmuşdur. İş materiallarında mövcud olan geri qaytarılmış ƏDV məbləğlərinə dair məlumatlara nəzər yetirilsə, görünər ki, nəzarət kassa aparatına ümumi dəyəri 149.863,02 manat olan 308 sayda, ümumi dəyəri 123.879,00 manat olan 215 sayda, ümumi dəyəri 82.847,00 manat olan 215 sayda, ümumi dəyəri 81.135,00 manat olan 95 sayda, ümumi dəyəri 61.120,30 manat olan 83 sayda, ümumi dəyəri 42.755,00 manat olan 82 sayda, ümumi dəyəri 59.985,70 manat olan 79 sayda çek eyni şəxslərə verilmişdir. Göründüyü kimi, iddiaçının 3.590.766,02 manat məbləğində malı 173 şəxsə 4759 çek vasitəsilə pərakəndə qaydada satması qeyri-mümkündür. Sübuta ehtiyacı olmayan haldır ki, malları bu cür (iri həcmdə, iri partiyalarla) sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslər müraciət edərək topdan alır. Göründüyü kimi, vergi ödəyicisinin fərqli şəxslərə pul vəsaitlərinin nəzarət-kassa aparatına eyni vaxtlarda, qısa vaxt aralığında pərakəndə qaydada mal satması qeyri- mümkündür. Reallıqda ay ərzində yalnız bir neçə halda, məsələn 3-4 halda mümkündür ki, hər hansı bir şəxs anbara müraciət edərək pərakəndə qaydada öz şəxsi istehlakı üçün mal alsın. Subuta ehtiyacı olmayan haldır ki, anbardan malları yalnız sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslər müraciət edərək topdan alır. Sözügedən hal faktiki olaraq topdan qaydada satılan və elektron qaimə-faktura ilə rəsmiləşdirilməli olan əməliyyatın pərakəndə satış kimi rəsmiləşdirilməklə əqdin faktiki mahiyyətinin pərdələnməsi kimi qiymətləndirilir. Vergi ödəyicisinin sahibkarlıq fəaliyyəti və onun hərəkətləri işgüzar adət ilə xarakterizə edilir. Mülki Məcəllənin 10.1-ci maddəsində qeyd edilir ki, sahibkarlıq fəaliyyətinin hər hansı sahəsində təşəkkül tapan və geniş tətbiq edilən, qanunvericilikdə nəzərdə tutulmayan davranış qaydası, hansısa aktda qeyd edilibedilmədiyindən asılı olmayaraq, işgüzar adət sayılır. Beləliklə sahibkarlıq fəaliyyətinin müəyyən edilməsi şəxsin mənfəət götürmək məqsədi ilə, habelə onun sahibkarlıq faəliyyəti olması geniş tətbiq edilən davranış qaydası ilə müəyyən edilir. Adətən sahibkarlıq fəaliyyətinin xüsusiyyəti kimi malların pərakəndə deyil, əmtəə partiyası ilə alqısatqısının həyata keçirilməsidir. Bu baxımdan sahibkarın fəaliyyət göstərməsi üçün əmtəə partiyası ilə mal alması onun fəaliyyətinin işgüzar adətidir. Göründüyü kimi pərakəndə qaydada alınan mallar deyil, iri əmtəə partiyaları ilə malların alınması sahibkarlığın işgüzar adəti hesab edilir və belə mal alan həmin əmlakdan istifadə edib mənfəət əldə etmək məqsədindədir. Mülki Məcəllənin 324.5-ci maddəsində qeyd edilir ki, iradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Lakin vergi ödəyicisində normal alış həcmlərindən çox iri həcmli alışlar həyata keçirilir ki, məhz bu da bu alışın pərakəndə ticarət sahəsində formalaşmış işgüzar adət və ağlabatanlıqla eynilik təşkil etmir. Əksinə, sahibkarlıq subyektlərinin işgüzar adəti ilə eynilik təşkil edir. Bu baxımdan malların alınması əqdi üzrə əməliyyatın pərakəndə satış çərçivəsində olub-olmaması Mülki Məcəllənin 324-cü maddəsinə uyğun olaraq hərfi mənaya görə (yəni NKA çeki ilə rəsmiləşdirildiyinə görə pərakəndə satışdır deməyə əsas vermir) deyil, ağlabatan mühakimə ilə olmalıdır. Həmçinin, Dövlət Vergi Xidmətinin məlumat bazasında İddiaçı MMC-nin operativ vergi nəzarəti keçirilən dövrdə əsas fəaliyyət növü ******* - “Malların saxlanması və anbarlara yığılması” üzrə fəaliyyət olaraq qeyd edilmişdir. Həmçinin operativ vergi nəzarəti zamanı vergi ödəyicisinin təsərrüfat subyektlərinin (obyektlərinin) (Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan-Xocahəsən yolunun cənub-şərq hissəsində yerləşən anbar və ünvan 1 ünvanda yerləşən obyekt) əsas fəaliyyət növü 52101 kodu ilə - “Malların saxlanması və anbarlara yığılması” üzrə fəaliyyət olaraq qeyd edilmişdir. Göründüyü kimi, iddiaçı tərəfindən elektron qaimə-faktura təqdim edilməli olduğu halda malların elektron qaimə-faktura verilmədən təqdim edilməsinə, habelə malların əvvəlcədən sifariş edilmədən təqdim edilməsi üçün malların təsərrüfat subyektindən (obyektindən) nəqliyyat vasitələrinə yüklənməsi üçün təsərrüfatdaxili yerdəyişmə qaimə-fakturasının tərtib edilmədən verilməsinə görə Vergi Məcəlləsinin 58.13-cü maddəsinə əsasən qanun pozuntusuna yol verdiyi üçün barəsində “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2020-ci il tarixli **********5531 və **********5529 nömrəli qərarlar qəbul edilmişdir. Yuxarıda qeyd olunanlara əsasən bildiririk ki, işə baxan birinci instansiya məhkəməsi mübahisənin ədalətli həlli üçün zəruri olan mühüm xüsusatları nəzərdən qaçırmış, məhkəmə baxışı zamanı qanunvericiliyin tələblərini tam araşdırmamış, maddi və prosessual hüquq normalarını yanlış tətbiq etməklə iddia tələbinin təmin olunması üzrə əsaslı olmayan qərar qəbul etmişdir. Yoxlamanın təyin edilməsi üçün əsas Vergi Məcəlləsinin 50.2.2-ci maddəsi ilə müəyyən olunmuş vergi orqanları tərəfindən mənbəyi bəlli mənbələrdən əldə olunan məlumatlar göstərilmişdir ki, qeyd olunan məlumatlar (gömrük bəyannamələri, NKA-nın hesabatları və elektron qaimə-fakturalar barədə hesabatlar) vergi orqanlarının baza məlumatlarında olan sənədlər və hesabatlardır ki, həmin sənədlər də məhkəməyə təqdim edilmişdir. Həmçinin iş materiallarında olan sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən çıxarışlarda yoxlamanın təyin edilməsi üçün əsas “Vergi Məcəlləsinin 50.2.2-ci maddəsi ilə müəyyən olunmuş vergi orqanları tərəfindən mənbəyi bəlli mənbələrdən əldə olunan məlumatlar”-ın olması qeyd olunmuşdur. Operativ vergi nəzarəti tədbirinin keçirilməsi barədə qərarda isə göstərilməli olan məlumatlar Vergi Məcəlləsinin 50.3-cü maddəsi ilə müəyyən olunmuşdur. Həmin normaya görə, operativ vergi nəzarətinin həyata keçirilməsi barədə qərarda vergi ödəyicilərinin yerləşdiyi ərazi, habelə operativ vergi nəzarəti ilə əhatə olunmalı olan məsələ (məsələlər), operativ vergi nəzarətinin müddəti və operativ vergi nəzarətini həyata keçirən vergi orqanının vəzifəli şəxsi (şəxsləri) göstərilir. Qeyd olunan maddənin imperativ xarakterli nomra olduğunu nəzərə alaraq hesab edirlər ki, qanunverici orqan birmənalı şəkildə qərarda göstərilməli olan məlumatların dairəsini müəyyən etmişdir. Digər tərəfdən qərarda hüquqi əsas kimi Vergi Məcəlləsinin 50-ci maddəsinə istinad olunmuş və həmin norma əsas tutularaq qərar qəbul edilmişdir. Nəticə etibarı ilə, qərarda Vergi Məcəlləsinin 50.2-ci maddəsinə qeyd olunan əsasların biri və ya bir neçəsi olduğu təqdirdə qərarda göstərilməli məlumat olması kimi imperativ göstəriş yoxdur. Həmçinin məhkəmə qərarda bildirir ki. “Verqi orqanının 3 il ərzində verqiləri, faizləri və maliyyə sanksiyaları hesablamaq və yenidən hesablamaq hüququ yalnız yoxlamalar çərçivəsində, yəni kameral və va səyyar vergi yoxlamaları zamanı verilmişdir. Başqa sözlə, operativ verqi nəzarəti tədbiri zamanı verqi orqanının əvvəlki dövrlərə qörə maliyyə sanksiyası hesablamaq hüququ verqi qanunvericiliyi ilə nəzərdə tutulmamışdır. Sözüqedən normaların təhlilindən belə qənaətə gəlmək olur ki, operativ vergi nəzarəti tədbiri zamanı vergi orqanı yalnız həmin anda verqi ödəyicisi barəsində keçirtdiyi nəzarət tədbiri çərçivəsində aşkar etdiyi qanun pozuntusuna görə maliyyə sanksiyası tətbiq edə bilər. Məlum olduğu kimi, Vergi Məcəlləsinin 23.1.1-ci maddəsinə əsasən həmin Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək vergi orqanlarının hüquqlarına aiddir. Operativ vergi nəzarətinin həyata keçirilməsi zamanı nəzarət olunan əməliyyatlar və hallar xüsusi olaraq hər hansı bir müddətlə məhdudlaşdırılmamışdır. Operativ vergi nəzarətinin keçirilməsi üçün əsasları müəyyən edən Vergi Məcəlləsinin 50.2-ci maddəsi bir daha buna dəlalət edir. Belə ki, vergi orqanı vergi ödəyicisi tərəfindən qanunvericiliyin pozulması barədə kifayət qədər əsaslar aşkar etdikdə operativ vergi nəzarəti həyata keçirərək həmin pozuntunun həqiqətən də baş verib-vermədiyini müəyyən etmək üçün operativ vergi nəzarəti keçirir. Yəni, hər bir halda operativ vergi nəzarətinin məqsədi təkcə cari fəaliyyəti yoxlamaq yox, həmçinin artıq baş vermiş qanun pozuntusu faktını aşkar edərək şəxsi məsuliyyətə cəlb etməkdən ibarətdr. Bu baxımdan nəzarət tədbirlərinin şamil olunduğu əməliyyatlar və hallarla bağlı yeganə müddət məhdudiyyəti Vergi Məcəlləsinin 56.1-ci maddəsində müəyyən olunmuşdur. Belə ki, Vergi Məcəlləsinin 56.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası Vergi Məcəlləsinin tələblərinin (məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları istisna olmaqla) pozulması anından 3 il (xaricdə əldə olunan gəlirlər üzrə xarici dövlətlərin səlahiyyətli orqanlarından müvafiq məlumatlar daxil olduğu hallarda həmin gəlirlər üzrə 5 il, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə uyğun olaraq təyin edilən vergi yoxlamalarında isə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə müvafiq olaraq cinayət məsuliyyətinə cəlb etmə müddəti) keçmişdirsə, şəxs həmin hüquq pozuntusunun törədilməsinə görə məsuliyyətə cəlb edilə bilməz və vergi öhdəlikləri yarana bilməz. Vergi qanunvericiliyində operativ vergi nəzarəti zamanı tədbir görülməsi üçün aşkar olunan hər hansı hüquqpozuntusuna dair tələb kimi həmin pozuntunun yoxlama keçirilən müddət ərzində baş verməsi tələb olunmur. OVN-nin əhatə etdiyi məsələlərin siyahısına nəzər saldıqda bir daha aydın olur ki, nəzarətin bu forması yalnız cari fəaliyyətlə məhdudlaşmır. Konkret şəxslərə münasibətdə bir təqvim ayı ərzində nağd hesablaşmaların aparılması üçün yuxarı hədd müəyyən edilmişdir. Bu qaydaya əməl edilib-edilməməsi vəziyyətinə operativ vergi nəzarəti həyata keçirmək üçün hər bir halda bir təqvim ayı ərzində baş vermiş əməliyyatlar əhatə olunmalıdır. Göründüyü kimi qanunvericilik birbaşa olaraq OVN vasitəsilə keçmiş zaman kəsiyində baş vermiş əməliyyatların təftiş edilməsinə imkan verir. Eyni nümunələri VM-nin 50.1.9-cu, 50.1.13-cü və digər maddələrinin timsalında davam etdirmək mümkündür. Məhkəmə heç bir halda operativ vergi nəzarətinin məhz nəzarət həyata keçirilən dövrdə aşkar olunan nöqsanların, hüquq pozuntularının müəyyən edilməsindən ibarət olduğunu hüquqi cəhətdən əsaslandırmamış, operativ vergi nəzarətinin mahiyyətini isə ona xələl gətiriləcək şəkildə təhrif etmiş və məhdudlaşdırıcı təfsir etmişdir. Məhkəmə operativ vergi nəzarətinin mahiyyətinə qanunvericiliyin tələb etdiyi şəkildə deyil, şəxsi mülahizələrinə əsasən və gəldiyi nəticəyə xidmət edəcək şəkildə anlayış vermişdir. Məhkəmə tərəfin irəli sürdüyü hər hansı bir dəlilini, arqumentini və faktını rədd edərkən həmin dəlilin rədd səbəblərini əsaslandırılmış şəkildə və ona konkret hüquq norması tətbiq etməklə əsaslandırmalıdır. Lakin bu iş üzrə məhkəmə heç bir əsaslandırma aparmadan, bəzən hətta qanunvericilikdə konkret tənzimləmə olduğu halda qanunun tələblərinə zidd anlayış verməklə qəbul etdiyi məhkəmə aktını əsaslandırmağa çalışmışdır. Bu isə məhkəmə qərarının şübhə altına alınması üçün konkret əsaslar yaradır. Məhkəmə işin faktiki hallarını düzgün müəyyən etməyərək dəlil olaraq ifadə etmişdir ki, “Qanunverici, topdansatış fəaliyyəti ilə məşğul olan sahibkara pərakəndə satiş fəaliyyətini qadağan etmir". Halbuki bu şəkildə olan qadağanın ifadə edilməsi cavabdeh üçün söhbət mövzusu olmamışdır. Məhkəmə kollegiyası qeyd olunan maddi hüquq normalarını iş üzrə tətbiq edərək, hər iki fəaliyyətlə məşğul olmağın icazəli olmasını sübut etmək üçün istifadə etmişdir. Halbuki cavabdeh bu dəlili təkzib edəcək hər hansı dəlil irəli sürməmişdir. Cavabdeh yalnız Nazirlər Kabinetinin 2014-cü il 3 aprel tarixli 94 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında ticarət, ictimai iaşə, məişət və digər növ xidmət Qaydaları”nın 5.1-ci bəndinə istinad etmişdir ki, həmin bəndə əsasən də topdansatış ticarəti ilə məşğul olan ticarət obyektlərində malların pərakəndə satışı qadağandır. Həmin normaya əsasən topdansatış ticarəti ilə məşğul olan ticarət obyektlərində malların pərakəndə satışı qadağandır. Sözügedən norma topdansatış ticarəti ilə məşğulolan ticarət obyektlərində pərakəndə satışı qadağan edir. Qeyd olunan normanın məzmunu ilə məhkəmə kollegiyasının dəlili tamamilə fərqlidir. Bu baxımdan hesab edirik ki, məhkəmə kollegiyası cavabdehin dəlillərini normanın məzmununa zidd şəkildə təhrif etmişdir. Bu baxımdan, iddiaçının dəlilləri sadəcə topdansatış fəaliyyətini pərdələmək üçün istifadə edilmişdir. Həmçinin, məhkəmənin qəbul etdiyi qərarında özünün müəyyən etdiyi halı, yəni iddiaçının rəsmi fəaliyyətinin topdansatış ticarət fəaliyyəti olması halını və yuxarıda qeyd olunan arqumentləri nəzərə almaqla hesab edirlər ki, iddiaçının təqdim etdiyi arqument və dəlillər ziddiyyətlidir. Məhkəmə isə bu ziddiyyətlərin aydınlaşdırılması istiqamətində hər hansı bir addım atmadan işin formal hallarına əsasən iddianı qanunsuz və əsassız olaraq təmin etmişdir. Belə ki, məhkəmə və inzibati mübahisənin hər iki tərəfi üçün işin mübahisəsiz halı ondan ibarətdir ki, iddiaçının əsas fəaliyyəti məhz topdansatış ticarət fəaliyyətidir. Nəticə etibarı ilə, məhkəmə cavabdehin dəlillərini təhrif edərək yanlış maddi hüquq normalarını inzibati mübahisə üzrə tətbiq etmişdir. Məhkəmə inzibati məhkəmə icraatının vacib prinsipi olan və İnzibati Prosessual Məcəlləsinin 12-ci maddəsində nəzərdə tutulan işin hallarının araşdırılması prinsipinə əsasən məhkəmə vəzifəsinə görə iş üzrə obyektiv həqiqəti müəyyən etmək öhdəliyini daşıyır. Yəni, iş materiallarında iddiaçı tərəfindən təqdim edilmiş malların son istehlak məqsədləri üçün təqdim edildiyi heç bir sübutla təsdiq edilməmişdir. Təbii ki, bütün dövriyyə üzrə məbləğlərin NKA-ya mədaxil edilməsi topdansatış ticarət fəaliyyətinin pərdələnməsi məqsədilə tətbiq edilmişdir. Digər tərəfdən də NKA-nın obyektdə quraşdırılması heç bir vergi ödəyicisinə qanunvericiliyin tələbini pozaraq topdansatış əməliyyatlarını nəzarət kassa aparatı çeki ilə rəsmiləşdirilməsi hüququnu vermir. Bu, qanunvericiliyin tələbidir və obyektdə kassa aparatının mövcudluğu qanunun tələbindən üstün deyil, yaxud qanunun tələbinin icrasını istisna etmir. Habelə obyektdə NKA-nın mövcudluğu həmin vergi ödəyicisinin fəaliyyət növünün pərakəndə satış fəaliyyətindən ibarət olmasını təsdiq etmir. Məhkəmə üzərinə düşən vəzifələri icra etməmiş, iş materiallarında olan sübutları qiymətləndirməmiş, gəldiyi nəticəyə əsas olmuş işin faktiki halları barədə heç bir məlumat verməmişdir. İşin faktiki hallarını düzgün müəyyən etməyən məhkəmə iş materiallarında olan və bir-birini təkzib etməyən heç bir sübuta söykənmədən qeyd olunan nəticəyə gəlməsi anlaşılan və ağlabatan deyildir. Şəxsin topdansatış ticarət fəaliyyəti ilə məşğul olması sübut olunduğu üçün onun mallar təqdim edilən zaman elektron qaimə-faktura təqdim etməsi Vergi Məcəlləsinin 16.1.11-6 maddəsi ilə vəzifə olaraq müəyyən edilmişdir. Maliyyə sanksiyası tətbiq edilən məbləğin pərakəndə ticarət fəaliyyətinin nəticəsi olduğunu sübut edə bilməyən, yəni müəyyən edə bilməyən məhkəmə işin faktiki hallarını təhrif etmiş və nəticədə yanlış qənaət ifadə etmişdir. Yuxarıda qeyd olunan şəkildə iddiaçının izahatı və təqdim edilmiş sənədlər arasında kifayət qədər ziddiyət olduğu halda bu ziddiyyətlərin aydınlaşdırılması üçün heç bir addım atmamış, bütünlüklə sübutetmə yükünü cavabdehin üzərinə qoymuşdur. Məhkəmə iddiaçının satdığı malların alıcısı olduğu şəxlərin müəyyən edilməsi vəzifəsini cavabdehin üzərinə qoymuş, həmin vəzifənin icra ediməməsi üzrə nəticəni isə iddiaçının xeyrinə şərh etmişdir. Halbuki məhkəmənin inzibati məhkəmə icraatının prinsiplərindən doğan obyektiv həqiqəti müəyyən etmək vəzifəsi vardır ki, bu vəzifə də birmənalı şəkildə alıcı olan şəxslərin müəyyən edilməsi vəzifəsini məhkəmənin üzərinə qoymuşdur. Lakin məhkəmə məhkəmə icraatı boyu ancaq cavabdehin vəzifələri üzərindən prosesi təşkil etmiş və bu şəkildə də nəticəyə gəlmişdir. Halbuki cavabdehin öz vəzifələrini yerinə yetirməsi ilə bağlı kifayət qədər dəlillər irəli sürülmüşdür. Məhkəmə gəldiyi nəticəni əsaslandırmaq üçün istinad etdiyi hər hansı bir sübut haqqında məlumat verməmiş, yəni hansı sübutlar əsasında sözügedən nəticəyə gəldiyi məlum deyildir. Cavabdeh tərəfindən təqdim olunmuş dəlillərin isə rədd edilmə əsaslarını qəbul etdiyi qərarında ehtimallara söykənərək münasibət bildirmişdir ki, bu da tərəfin məhkəmə qərarının şübhə doğurmamaq hüququnu pozmuşdur. Yuxarıda qeyd edildiyi kimi, məhkəmə iş materiallarında olan sübutları araşdırmamış, cavabdehin dəlilləri üzrə münasibət bildirməmişdir. Məhkəmə inzibati mübahisə üzrə inzibati məhkəmə icraatı çərçivəsində obyektiv həqiqəti müəyyən etməli olduğu halda, heç bir araşdırma aparmadan inzibati məhkəmə icraatının prinsiplərinə zidd olan sübutların üstünlüyü prinsipindən yararlanmışdır ki, bu sübutetmə standartı da mülki məhkəmə icraatının prinsiplərinə uyğun gəlməkdədir. Belə ki, məhkəmə inzibati məhkəmə icraatının vacib və sahəvi prinsipi olan işin hallarının araşdırılması prinsipinin mahiyyətinə uyğun olan mütləq həqiqətin müəyyən edilməsi üzrə ağlabatan bütün səyləri göstərməli olduğu halda göstərməmiş, iş üzrə tətbiq edilməli olan əsaslı şübhədən kənar sübutetmə standartını tətbiq etməmiş və nəticədə obyektiv həqiqət müəyyən edilməmiş qalmışdır. Məhkəmə qəbul etdiyi qərarı bütünlüklə şübhələr və ehtimallar əsasında qəbul etmişdir. Belə olan halda məhkəmə qərarının şübhə altına alınması üçün birmənalı əsas yaranmışdır. Məhkəmə tərəfindən qeyd olunan prosessual hüquq normalarının tətbiq edilməməsi nəticə etibarı ilə milli qanunvericiliyin yuxarıda qeyd olunan normalarının və beynəlxalq hüquqi sənədlərin tələblərinin kobud şəkildə pozulması ilə müşayət olunmuşdur. Məhkəmə qərarının əsası kimi istinad olunanlar və gətirilən dəlillər həm işin faktiki hallarına, həm də qanunvericiliyin tələblərinə uyğun olmadığından qərar tamamilə əsassızdır və ləğv olunmalıdır. Göstərilənlərə əsasən qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməməsinə dair qərar qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X3 apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini məhkəmədən xahiş etmişdir. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən cavabdehin digər nümayəndəsi X4 apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini məhkəmədən xahiş etmişdir. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkii Vəkil apellyasiya şikayətinin təmin edilməməsi, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Baxılan iş üzrə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərarının qanuniliyini tam yoxlayır. Məhkəmə kollegiyası proses iştirakçılarının izahatlarını dinləyərək, işin materiallarını yoxlayaraq, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan Dövlət Vergi Xidmətinin İdxal-İxrac Əməliyyatları üzrə Nəzarət Baş İdarəsinin xx.xx.2020-ci il tarixli **********4349 saylı və həmin qərara əlavələr (dəyişikliklər) edilməsi haqqında xx.xx.2020-ci il tarixli **********4475 saylı qərarları ilə iddiaçı "xxxx" MMC-yə məxsus Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan-Xocəsən yolunun cənub-şərq hissəsində yerləşən obyektdə və xx.xx.2020-ci il tarixli **********4348 saylı qərarı ilə iddiaçı "xxxx" MMC-yə məxsus ünvan 1 ünvanda yerləşən obyektdə malların Vergi Məcəlləsinin 58.8-ci maddəsində göstərilən sənədlər əsasında alınmasına, malların elektron qaimə-faktura əsasında təqdim edilməsinə, habelə malların əvvəlcədən sifariş edilmədən təqdim edilməsi üçün malların təsərrüfat subyektindən (obyektindən) nəqliyyat vasitələrinə yüklənməsi üçün təsərrüfatdaxili yerdəyişmə qaimə-fakturasının tərtib edilməsinə nəzarət edilməsi məsələsi(ləri) üzrə xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək (xx.xx.2021-ci il tarixi daxil olmaqla) operativ vergi nəzarət tədbirinin keçirilməsi qərara alınmışdır. İş materiallarında olan xx.xx.2020-ci il tarixli Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən çıxarışlara əsasən, "xxxx" MMC-yə məxsus Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan-Xocəsən yolunun cənub-şərq hissəsində yerləşən və ünvan 1 ünvanda yerləşən obyektlərdə plandankənar operativ vergi nəzarətinin həyata keçirilməsi nəzərdə tutulmuş, yoxlamanın predmetini və hüquqi əslaslarını malların Vergi Məcəlləsinin 58.8-ci maddəsində göstərilən sənədlər əsasında alınmasına, malların elektron qaimə-faktura əsasında təqdim edilməsinə, habelə malların əvvəlcədən sifariş edilmədən təqdim edilməsi üçün malların təsərrüfat subyektindən (obyektindən) nəqliyyat vasitələrinə yüklənməsi üçün təsərrüfatdaxili yerdəyişmə qaimə-fakturasının tərtib edilməsinə nəzarət edilməsi təşkil edir. Yoxlama müddəti - xx.xx.2020-xx.xx.2021, Yoxlanılan dövr - Cari fəaliyyət. İş materiallarında olan "Vergi ödəyicisinə məxsus pul vəsaitinin uçotdan gizlədilməsi və ya uçota alınmaması və ona məxsus malların Vergi Məcəlləsi ilə müəyyən edilən elektron qaiməfaktura əsasında alınmasına və ya mədaxilinə, malların elektron qaiməfaktura əsasında təqdim edilməsinə, habelə əvvəlcədən sifariş edilmədən təqdim edilməsi üçün malların təsərrüfat subyektindən (obyektindən) nəqliyyat vasitələrinə yüklənməsi üçün təsərrüftdaxili yerdəyişmə qaimə-fakturasının tərtib edilməsinə nəzarət edilməsi məsələsi üzrə keçirilmiş operativ vergi nəzarətinin nəticəsi haqqında" xx.xx.2020-ci il tarixli DVX seriyalı 001542 və 001543 nömrəli aktlardan görünür ki, iddiaçıya məxsus obyektlərdə operativ nəzarət tədbiri zamanı nəzarət-kassa aparatının yaddaşına daxil edilmiş müvafiq obyektlərdə 1.460.727,26 manat və 921.502,00 manat dəyəri olan malların elektron qaimə-faktura təqdim edilmədən satılması qeyd edilmiş və Vergi Məcəlləsinin 58.13-cü maddəsinə əsasən müvafiq olaraq 146.072,72 manat və 92.150,20 manat maliyyə sanksiyasının tətbiq edilməsi təklif olunmuşdur. İş materiallarında olan 29 dekabr 2020-ci il tarixli **********5531 saylı və **********5529 saylı “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarlarla "xxxx" MMC-yə Vergi Məcəlləsinin 58.13cü maddəsinə əsasən müvafiq olaraq 146.072,73 manat və 92.150,20 manat məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin: 13.2.62-ci maddəsinə əsasən pərakəndə satış - malların alıcıya satışının (təqdim edilməsinin) son istehlak məqsədi ilə və yalnız bu Məcəllədə müəyyən edilmiş qaydada qəbz və ya nəzarət-kassa aparatının çeki təqdim edilməklə həyata keçirilməsi üzrə ticarət fəaliyyətidir. 13.2.63-cü maddəsinə əsasən topdansatış - malların alıcıya satışının (təqdim edilməsinin) onun sahibkarlıq fəaliyyəti məqsədləri üçün və yalnız bu Məcəllədə müəyyən edilmiş qaydada elektron-qaimə faktura təqdim edilməklə həyata keçirilməsi üzrə ticarət fəaliyyətidir. 23.1.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək vergi orqanlarının hüququdur. 24.1.1-ci və 24.1.2-ci maddələrinə əsasən vergi orqanları vergilərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət etməyə; vergi qanunvericiliyinə tam və dəqiq riayət etməyə; vergi ödəyicilərinin hüquqlarını və qanuni mənafelərini gözləməyə və müdafiə etməyə borcludurlar. 50.1-ci maddəsinə əsasən operativ vergi nəzarəti sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərin gəlir götürmək üçün istifadə etdikləri, yaxud vergi tutulan obyektlərin və ya əmtəə-material ehtiyatlarının saxlanılması ilə bağlı olan anbar, ticarət və bu qəbildən olan digər binalarında (ərazilərində) (yaşayış binaları (sahələri) istisna olmaqla), nəqliyyat vasitələrində (sahibkarlıq fəaliyyəti ücün istifadə edilməyən şəxsi nəqliyyat vasitələri istisna olmaqla) həyata keçirilən və aşağıdakı məsələləri əhatə edən vergi nəzarəti formasıdır. 50.2-ci maddəsinə əsasən operativ vergi nəzarətinin həyata kecirilməsi ücün əsaslar aşağıdakılardır: 50.2.1. vergi orqanı tərəfindən kecirilən səyyar vergi yoxlaması zamanı aşkar edilmiş faktlar; 50.2.2. vergi orqanları tərəfindən mənbəyi bəlli mənbələrdən əldə etdikləri məlumatlar; 50.2.3. vergi ödəyicisi tərəfindən vergi qanunvericiliyinin pozulması hallarının aradan qaldırılması barədə vergi orqanlarının tələblərini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə; 50.2.4. vergi orqanlarının bu Məcəllənin 50.1-ci maddədə göstərilən məsələlər barədə qanunvericiliyin sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslər tərəfindən pozulması barədə kifayət qədər əsası olduqda; 50.2.5. vergi ödəyicisi riskli vergi ödəyicisi olduğu halda. 50.3-cü maddəsinə əsasən operativ vergi nəzarəti vergi orqanının əsaslandırılmış qərarına əsasən həyata keçirilir. Həmin qərarda vergi ödəyicilərinin yerləşdiyi ərazi, habelə operativ vergi nəzarəti ilə əhatə olunmalı olan məsələ (məsələlər), operativ vergi nəzarətinin müddəti və operativ vergi nəzarətini həyata keçirən vergi orqanının vəzifəli şəxsi (şəxsləri) göstərilir. 50.4-cü maddəsinə əsasən operativ vergi nəzarəti vergi ödəyicisinə əvvəlcədən xəbərdarlıq edilmədən başlanır və vergi ödəyicilərinin faktiki iş vaxtı həyata keçirilir. Operativ vergi nəzarətini həyata keçirən vergi orqanının vəzifəli şəxsi nəzarətə başladıqdan sonra bu Məcəllənin 50.3-cü maddəsində nəzərdə tutulmuş vergi orqanının qərarını vergi ödəyicisinə dərhal təqdim etməlidir. 58.13-cü maddəsinə əsasən bu Məcəlləyə əsasən elektron qaimə-faktura təqdim edilməli olduğu halda malların elektron qaimə-faktura verilmədən təqdim edilməsinə, topdansatış ticarət və istehsal obyektlərindən, habelə anbarlardan malların pərakəndə satış qaydasında rəsmiləşdirməklə təqdim edilməsinə (elektron ticarət qaydasında satılan malların sifariş edilərək pərakəndə satış ticarət obyektlərinə məxsus anbarlardan təqdim edilməsi istisna olmaqla), habelə malların əvvəlcədən sifariş edilmədən təqdim edilməsi üçün malların təsərrüfat subyektindən (obyektindən) nəqliyyat vasitələrinə yüklənməsi üçün təsərrüfatdaxili yerdəyişmə qaimə-fakturasının tərtib edilmədən verilməsinə görə – malları təqdim edən şəxsə təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə təqdim edilmiş malların satış qiymətinin 10 faizi, ikinci dəfə yol verdikdə 20 faizi, üç və daha çox dəfə yol verdikdə 40 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir. Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 19 aprel tarixli 1341 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Pərakəndə ticarət fəaliyyəti sahəsində vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması Qaydası”nın: 1.1-ci bəndinə əsasən bu Qayda Azərbaycan Respublikası Vergi Məcəlləsinin 130.1- 1-ci maddəsinə əsasən hazırlanmışdır və pərakəndə ticarət fəaliyyəti sahəsində vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması ilə bağlı münasibətləri tənzimləyir. 1.2-ci bəndinə əsasən bu Qaydanın məqsədi pərakəndə ticarət sahəsində fəaliyyət göstərən vergiödəyicilərinin gəlirlərinin və xərclərinin müəyyən edilməsi ilə bağlı malların mədaxilinin və məxaricinin sənədləşdirilməsini, habelə bu sahədə şəffaflığın, uçot və hesabatlılığın artırılmasını təmin etməkdən ibarətdir. 1.3-cü bəndinə əsasən bu Qaydada istifadə olunan əsas anlayışlar aşağıdakı mənaları ifadə edir: 1.3.1. pərakəndə satış – malların alıcıya satışının (təqdim edilməsinin) son istehlak məqsədilə və yalnız Azərbaycan Respublikasının Vergi Məcəlləsində müəyyən edilmiş qaydada qəbz və ya nəzarət-kassa aparatının çeki təqdim edilməklə həyata keçirilməsi üzrə ticarət fəaliyyəti (xx.xx.2023-cü ilədək olan redaksiyası - 1.3.1. pərakəndə satış – malların alıcıya son istehlak məqsədilə və yalnız qəbz və ya nəzarət-kassa aparatının çeki (sahibkarlıq fəaliyyətini həyata keçirən hüquqi və fiziki şəxslərə onların tələbi ilə elektron qaimə-faktura) təqdim edilməklə satışının (təqdim edilməsinin) həyata keçirildiyi ticarət fəaliyyəti). 4.1-ci bəndinə əsasən pərakəndə ticarət fəaliyyəti göstərən təsərrüfat subyektlərində (obyektlərdə) malların təqdim edilməsi (satışı) nəzarət-kassa aparatı və POS-terminal tətbiq edilməklə həyata keçirilir. Belə təsərrüfat subyektlərində (obyektlərdə) malların təqdim edilməsi (satışı) zamanı alıcıya (istehlakçıya) nəzarət-kassa aparatının çeki (sahibkarlıq fəaliyyətini həyata keçirən hüquqi və fiziki şəxslərin tələbi ilə elektron qaiməfaktura) verilir. Malların dəyəri nağdsız qaydada (POS-terminal vasitəsilə) ödənildikdə, alıcıya (istehlakçıya) nəzarət-kassa aparatının çeki (sahibkarlıq fəaliyyətini həyata keçirən hüquqi və fiziki şəxslərin tələbi ilə elektron qaimə-faktura) ilə yanaşı, POS-terminaldan çıxarış verilir. 4.2-ci bəndinə əsasən vergiödəyicisinin təsərrüfat subyektində (obyektdə) mallar pərakəndə və topdansatış qaydasında təqdim edildikdə, bu fəaliyyətlər üzrə malların mədaxilinin və məxaricinin (satışının) uçotu ayrılıqda aparılır. 4.3-ci bəndinə əsasən pərakəndə ticarət fəaliyyəti ilə məşğul olan vergiödəyicisinin anbarlarında olan malların ticarət obyektlərinə verilməsi “Malların təsərrüfatdaxili yerdəyişməsi qaimə-fakturası” ilə sənədləşdirilir. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh vergi orqanı iddiaçıya münasibətdə operativ vergi nəzarətinin həyata keçirilməsi qərarına gəlmiş və bu barədə “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” xx.xx.2020-ci il tarixli qərarlar qəbul etmişdir. Lakin həmin qərarlarda Vergi Məcəlləsinin 50.2-ci maddəsində (operativ vergi nəzarətinin həyata kecirilməsi ücün əsaslar) qeyd edilən hər hansı əsasa istinad edilməmişdir, bununla da cavabdeh tərəfindən operativ vergi nəzarətinin həyata keçirilməsini zəruri edən şərtlərin mövcudluğu qanunvericiliyin tələblərinə uyğun olaraq əsaslandırılmamışdır. Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında qərar qəbul edərkən vergi orqanının sadəcə qanunun konkret normasına istinad etməsi yetərli sayıla bilməz, Vergi Məcəlləsinin 50.3-cü maddəsinin tələblərindən də göründüyü kimi, operativ vergi nəzarəti vergi orqanının əsaslandırılmış qərarına əsasən həyata keçirilir. Bu hal cavabdeh tərəfindən Vergi Məcəlləsinin 50.3-cü maddəsinin birinci cümləsindən və “İnzibati icraat haqqında” Qanunun 61-ci maddəsinin tələblərindən irəli gələn əsaslandırma öhdəliyinin pozulması kimi qiymətləndirilməlidir. Bundan başqa, parakəndə və topdansatış ticarət fəaliyyətləri üzrə vergi tutulan əməliyyatın məbləğ həddi vergi qanunvericiliyində nəzərdə tutulmamışdır. Hazırkı halda parakəndə satış növü ilə məşğul olan təsərrüfat subyektində bir malın eyni vaxtda toplu halında satılmasını topdansatış ticarət fəaliyyəti kimi qəbul edilməsi üçün cavabdeh tərəfindən mötəbər sübutlar məhkəməyə təqdim edilməmişdir, bununla bağlı cavabdehin dəlilləri əsassızdır. Cavabdeh vergi orqanı iddiaçı tərəfindən nəzarət kassa aparatı vasitəsilə pərakəndə ticarət qaydasında satılmış malların əslində topdansatış qaydasında satılmasını iddia etsə də, bu halı məhkəmə araşdırması zamanı sübuta yetirə bilməmişdir. Vergi qanunvericiliyi ilə topdansatış və pərakəndə satış üzrə vergi tutulan əməliyyatın məbləğ həddi, başqa sözlə hədd meyarı müəyyən edilməmişdir. Belə olan halda vergi orqanı tərəfindən iddiaçının nəzarət kassa aparatına bir əməliyyat çərçivəsində böyük miqdarda məbləği mədaxil etməsinin topdansatış kimi qiymətləndirməsi, başqa sözlə ona məxsus olan malları elektron qaimə faktura əsasında təqdim etməli olması kimi qiymətləndirilməsi əsassız sayılmalıdır. Cavabdeh qəbul etdiyi inzibati aktla iddiaçını vergi məsuliyyətinə cəlb edərkən Vergi Məcəlləsinin 58.13-cü maddəsinə istinad etmişdir. Parakəndə ticarət satışını həyata keçirən iddiaçı malların satışı zamanı elektron qaiməfaktura təqdim etmək vəzifəsi daşımamış və hər hansı alıcının (sahibkarın) elektron qaimə-faktura tələb etməsi işdə olan sənədlərlə təsdiq olunmur. Cavabdeh iddiaçı tərəfindən malların alıcıya satışının son istehlak məqsədi üçün deyil, sahibkarlıq fəaliyyəti məqsədləri üçün həyata keçirildiyini bildirsə də bunu sübut edəcək dəlilləri, o cümlədən malları satış məqsədilə alan vergi ödəyiciləri, eləcə də onlar tərəfindən iddiaçıdan elektron qaimə faktura tələb edildiyi halda, iddiaçı tərəfindən onlara elektron-qaimə faktura təqdim edilməməsi barədə vergi orqanına daxil olmuş hər hansı şikayət və müraciət barədə məlumatı məhkəməyə təqdim edə bilməmişdir. Eyni zamanda o da qeyd olunmalıdır ki, qanunvericilik vergi sahəsində yoxlama adı altında kameral və səyyar vergi yoxlamalarını müəyyən etmiş, operativ vergi nəzarət tədbirini isə yoxlama kimi deyil, Vergi Məcəlləsinin 50.1-ci maddəsinə nəzərdə tutulmuş məsələlərə əməl edib-edilməməsinə vergi nəzarət forması kimi təsbit etmişdir. Vergi qanunvericiliyi ilə yoxlama dedikdə operativ vergi nəzarət tədbiri deyil, yalnız kameral və səyyar vergi yoxlamalar başa düşülməlidir. Vergi qanunvericiliyində vergi orqanına 3 il ərzində vergiləri, faizləri və maliyyə sanksiyaları hesablamaq və yenidən hesablamaq hüququ yalnız yoxlamalar çərçivəsində, yəni kameral və ya səyyar vergi yoxlamaları zamanı verilmişdir. Operativ vergi nəzarət tədbiri zamanı isə vergi orqanının əvvəlki dövrlərə görə maliyyə sanksiyasını hesablamaq hüququ vergi qanunvericiliyi ilə nəzərdə tutulmamışdır. Vergi Məcəlləsinin tələblərinə əsasən operativ vergi nəzarət tədbiri zamanı vergi orqanı yalnız həmin anda vergi ödəyicisi barəsində keçirtdiyi nəzarət tədbiri çərçivəsində aşkar etdiyi qanun pozuntusa görə maliyyə sanksiyası tətbiq edə bilər. Hazırki iş üzrə Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən çıxarışlardan da görünür ki, səyyar vergi yoxlamalardan fərqli olaraq “yoxlanılan dövr” qarşısında əvvəlki tarix dövrləri deyil, məhz “cari fəaliyyət” sözləri göstərilmişdir ki, bu da bir daha operativ vergi nəzarət tədbiri zamanı yalnız həmin anda keçirilən tədbir zamanı aşkar edilmiş pozuntuların rəsmiləşdirilməsini ehtiva edir. Lakin vergi orqanı qeyd olunan normaların tələblərinə zidd olaraq və maddi hüquq normalarını düzgün tətbiq etməyərək iddiaçının fəaliyyət göstərdiyi təsərrüfat obyektlərində keçirdiyi operativ vergi nəzarət tədbirləri zamanı sonuncunun xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək, təxminən 12 aylıq dövr ərzində nəzarət-kassa aparatına mədaxil edilən ümumi məbləğin cəminə Vergi Məcəlləsinin 58.13-cü maddəsinə əsasən maliyyə sanksiyası tətbiq etməklə vergi qanunvericiliyinin tələblərini kobud surətdə pozmuşdur. Cavabdeh mübahisələndirilən qərarın qəbul olunmasına əsas olmuş keçirilmiş yoxlamanın nəticələrinə dair tərtib olunmuş aktda qeyd olunan satış həcmini operativ vergi nəzarəti tədbiri zamanı müəyyən etməmiş, əvvəlki dövrlərdə aparılan satış əməliyyatlarının topdansatış ticarət qaydasında iddiaçı ilə ayrı-ayrı vergi ödəyiciləri arasında həyata keçirildiyini ehtimal etmişdir. Cavabdeh tərəfindən operativ vergi nəzarəti tədbiri həyata keçirilən vaxtda iddiaçı tərəfindən malların elektron qaimə-faktura ilə digər vergi ödəyicisinə satılması halı müəyyən olunmamışdır. Qeyd olunduğu kimi, vergi ödəyicisinin əvvəlki fəaliyyət dövrünün yoxlanılması yalnız kameral və səyyar vergi yoxlamaları ilə (Vergi Məcəlləsinin 36, 83-cü maddələri), cari (faktiki) fəaliyyəti isə operativ vergi nəzarəti tədbiri ilə həyata keçirilir. Cavabdeh isə iddaçının cari fəaliyyətini deyil, tədbirindən əvvəlki dövrü operativ vergi nəzarəti tədbiri ilə əhatə etməklə vergi qanunvericiliyinin tələblərinə zidd olmaqla faktiki olaraq səyyar vergi yoxlaması aparmışdır. Dövlət Vergi Xidmətinin məlumat bazasında iddiaçının əsas fəaliyyət növünün malların saxlanılması və anbarlara yığılması üzrə fəaliyyət olaraq qeyd edilməsi barədə cavabdehin dəlilinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, vergi ödəyicisinin vergi orqanında malların saxlanması və anbarlara yığılması üzrə fəaliyyət göstərən şəxs kimi uçota alınması onun başqa fəaliyyət növü (və ya növləri) ilə məşğul olmasını istisna etmir. Belə ki, iddiaçının operativ vergi nəzarət tədbirinin keçirildiyi 21 dekabr 2020-ci il tarixədək vergi orqanların uçot-baza məlumatlarında əsas fəaliyyəti 5210101-MALLARİN SAXLANMASİ VƏ ANBARLARA YİĞİLMASİ ÜZRƏ FƏALİYYƏT qeyd edilsə də, əlavə fəaliyyət növləri kimi isə 4644001-DİVAR KAĞİZLARİNİN TOPDAN SATİŞİ fəaliyyəti qeyd edilmişdir. Göründüyü kimi, iddiaçının əsas fəaliyyəti malların saxlanması və anbarlara yığılması olsa da, əlavə fəaliyyətində isə həmçinin topdan satış fəaliyyəti də mövcuddur. Bu isə iddiaçının yalnız malların saxlanması və anbarlara yığılması fəaliyyəti ilə deyil, bir neçə fəaliyyət növü ilə məşğul olmasına dəlalət edir. Həmçinin, iddiaçı operativ vergi nəzarət tədbirləri keçirildiyi təssərüfat obyektlərində nəzarət-kassa aparaatının quraşdırılması ilə bağlı müraciət etmiş və cavabdeh vergi orqanı həmin nəzarət-kassa aparatlarını qeydiyyata almışdır. Təssərüfat obyektlərinə nəzarət-kassa aparatının quraşdırılması bir daha təsdiq edir ki, iddiaçıya operativ vergi nəzarət tədbirlərin keçirildiyi obyektlərdə cavabdeh vergi orqanı tərəfindən heç bir etiraz edilməmiş və razılıq verilmiş, bununla da iddiaçının pərakəndə satış fəaliyyəti də qəbul edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 16 iyun tarixli 1460 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Topdansatış ticarət fəaliyyəti sahəsində vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması Qaydası”-nın 3.12-ci bəndinə əsasən vergi ödəyicisi topdansatış ticarətlə yanaşı, digər fəaliyyət növləri həyata keçirdikdə, alınmış malları təyinatına uyğun olaraq ayrıca uçota almalıdır. Həmçinin Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 19 aprel tarixli 1341 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Pərakəndə ticarət fəaliyyəti sahəsində vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması Qaydası”nın 4.2-ci bəndinə əsasən vergiödəyicisinin təsərrüfat subyektində (obyektdə) mallar pərakəndə və topdansatış qaydasında təqdim edildikdə, bu fəaliyyətlər üzrə malların mədaxilinin və məxaricinin (satışının) uçotu ayrılıqda aparılır. Göstərilən qaydaların tələblərindən də görünür ki, vergi ödəyicisinin topdansatışla yanaşı digər fəaliyyət növləri ilə də məşğul olmasına qanunvericilik qadağan etmir və yalnız belə olan halda həmin fəaliyyət növləri üzrə malların mədaxili və məxaricinin uçotunu ayrılıqda aparılmasını təsbit edir. Bu hal isə bir daha cavabdehin topdansatışla məşğul olan vergi ödəyicisinin eyni zamanda pərakəndə satış fəaliyyəti ilə məşğul olmasının qadağan olmasına dair dəlilinin əsassız olduğunu təsdiq edir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 53.3-cü maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. Qeyd olunanlardan göründüyü kimi, vergi orqanları vergi ödəyicisinin vergi qanunvericiliyinin tələblərinin pozulmasını iddia edirsə konkret dəlillərə əsaslanmalı, ehtimal və şübhələrə istinad olunmamalıdır. Hazırki mübahisədə isə cavabdeh maliyyə sanksiyasının tətbiq olunduğu məbləğin iddiaçının topdansatış ticarət fəaliyyəti nəticəsində yarandığını hər hansı sənədlə sübuta yetirə bilməmişdir. Beləliklə, sadalanan qanunvericilik normalarına əsasən və iş materiallarına əlavə edilmiş sübutlara məcmu halda hüquqi qiymət verərək məhkəmə hesab edir ki, mübahisələndirilən qərarlar qəbul edilərkən cavabdeh tərəfindən qanunvericiliyin tələbləri pozulmuşdur. Məhkəmə kollegiyası göstərilənləri nəzərə alaraq qeyd edir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qəbul etdiyi qərarın ləğvi üçün əsas hesab edilə bilməz. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, qərar dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti İdxal-İxrac Əməliyyatları üzrə Nəzarət Baş İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3278/2022 nömrəli, 11 noyabr 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan, tam formada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar