Məhkəmə qərarları › İş №2-1(103)-173/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-173/2022

27.04.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-173/2022 27.04.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “kompensasiyanın ödənilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X4 Cəmilovanın sədrliyi və məruzəsi ilə, Mirzə Nəsib oğlu Tağızadədən və Aytən Pənah qızı Oruczadədən ibarət tərkibdə, X3-Yusiflinin katibliyi ilə, İddiaçının vəkili Vəkil, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “kompensassiyanın ödənilməsi” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-959/2020 saylı 05 iyun 2020-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 27 aprel 2022-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən qanuni qüvvəyə minmiş məhkəmə qərarının icra olunmasında, yəni nəticə etibarı ilə üzərinə düşən vəzifə öhdəliklərinin tam yerinə yetirilməsində (pensiyanın yenidən hesablamaması, fərqin müəyyən edilməsi, yeni pensiya məbləğinin müəyyən edilməməsi və s.) göstərdiyi hərəkətsizliyi, eyni zamanda, “X2 “Koller” Kollektivində 05.12.1987-ci il tarixdən 03.10.1993-cü il tarixədək işlədiyi dövrü sosial sığorta stajına daxil edilməklə 01.01.2006-cı il tarixdən başlayaraq pensiyanın yenidən hesablandıqda yeni pensiya məbləğinin -ay üzrə, eləcə də illər üzrə nə qədər təşkil edir?» sorğusuna cavab olaraq təhrif olunmuş məlumatlar verməklə qərarın tam icra olunmamasına, o cümlədən pensiyanın yenidən hesablandıqda heç bir fərq məbləğinin yaranmamasına yönəlmiş hərəkətlərinin qanunsuz hesab edilməsi və bu cür hərəkətlərə son qoyulması; cavabdehin qanunsuz hərəkətləri və hərəkətsizliyi nəticəsində vurulmuş maddi ziyana görə 3 000 manat və mənəvi ziyana görə 2 000 manat kompensasiya ödənilməsi barədə qərar çıxarılması; cavabdeh Dövlət Sosial Müdafiə Fondunun 1 saylı Bakı Ərazi şöbəsinin müdiri Bədəlov Firdovsi hərəkətlərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306-cı və 308-ci maddəsində nəzərdə tutulmuş əməllərin törədilməsinə əsaslı şübhələr olduğu üçün onun barəsində xüsusi qərardad çıxarmaqla, prokurora xəbər verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, 1938-ci il təvəllüdlüdür və hazırda 81 yaşı var. Ona 07.07.1999-cu ildə yaşa görə pensiya təyin edilmiş və həmin dövrdə qüvvədə olan qanunvericiliyin tələblərinə uyğun olaraq əmək fəaliyyətini davam etdirdiyinə görə hesablanmış pensiya məbləğinin 50%-i miqdarında vəsait almışdır. 2017-ci ilin sentyabr ayından başlayaraq əmək fəaliyyətini tam dayandırdı və pensiyanın yenidən hesablanması və yaranmış fərq məbləğinin birdəfəlik ödənilməsi ilə əlaqədar Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Səbail rayon şöbəsinə müraciət etmişdir. Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondu Bakı şəhəri üzrə Hüquqi Şəxslərlə iş Departamentinin «Məcburi dövlət sosial sığorta haqqı barədə» 88\04\26-2994 saylı 27 may 2008-ci il tarixli Arayışı və əmək kitabçasından çıxarışı da əlavə etmişdir. Lakin, X5 Səbail rayon şöbəsi onun rəsmi müraciətinə 1708\173 saylı, 31.05.2018-ci il tarixli məktubla cavab verərək, ona təyin edilmiş pensiyanın yenidən hesablanmasından imtina etmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2- 1 (81)- 155/2019 saylı 08 yanvar 2019-cu il tarixli qərarı ilə ona “Koller” Kollektivində 05.12.1987-ci il tarixdən 03.10.1993-cü il tarixədək işlədiyi dövrü sosial sığorta stajına daxil edilməklə 1999-cu il tarixdən başlayaraq pensiyanın yenidən hesablanması və yaranmış fərq məbləğinin ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması qərara alınmış, Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-825/2019 saylı 10.04.2019-cu il tarixli qərarı ilə cavabdehin apellyasiya şikayəti qismən təmin edilmiş, 08.01.2019-cu il tarixli qərar 1999-cu il tarixdən başlayaraq pensiyanın yenidən hesablanması və yaranmış fərq məbləğinin ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması hissəsində dəyişdirilmiş,” 1999-cu il tarixdən başlayaraq” sözləri “iddiaçının müraciət etdiyi vaxtdan – 31.07.2017-ci il tarixdən - əvvəlki üç il üçün” sözləri ilə əvəz edilmiş, qərar qalan hissədə dəyişdirilmədən saxlanılmış, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1 (102)- 2190/2019 saylı 07 avqust 2019-cu il tarixli qərarı ilə İddiaçı kassasiya şikayəti qismən təmin edilmiş, cavabdehin kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 10 aprel 2019-cu il tarixli qərarı dəyişdirilərək, həmin qərarda “iddiaçının müraciət etdiyi vaxtdan – 31.07.2017-ci il tarixdən - əvvəlki üç il üçün” sözlərinin “01.01.2006-il tarixdən” sözləri ilə əvəz edilməsi və qərarın qalan hissədə dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Məhkəmə qərarı icra olunması üçün 2- 1(81)-115/2019 saylı 20.11.2019-cu il tarixli məktubla Dövlət Sosial Müdafiə Fondunun 1 saylı Bakı Ərazi şöbəsinə göndərilmiş və qərarın 07.08.2019-cu il tarixdən qüvvəyə mindiyi, eyni zamanda qərarın icra olunması barədə məhkəməyə rəsmi məlumat verilməsi xahiş edilmişdir. Cavabdehin ona ünvanladığı ********** saylı 20.11.2019-cu il tarixli məktubda Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(102)- 2190/2019 saylı 07 avqust 2019-cu il tarixli Qərarına əsasən 5 il 9 ay 28 günün sığorta stajına əlavə olunması qeyd edilmişdir. 01.01.2006-cı il tarixdən əlavə olunmuş sığorta stajı əsasında pensiyanın məbləğini yenidən hesablayarkən heç bir dəyişiklik nəzərə alınmamışdır. Belə ki, pensiya hesablanan zaman mövcud iş stajı orta əmək haqqının maksimal faizini (85%-i) təşkil etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-959/2020 saylı 05 iyun 2020-ci il tarixli qərarı ilə iddianın təmin edilməməsi qərara alınmışdır. Eyni zamanda məhkəmənin həmin tarixli qərardadı ilə “cavabdehin qanunsuz hərəkətləri və hərəkətsizliyi nəticəsində vurulmuş maddi ziyana görə 3000 manat və mənəvi ziyana görə 2000 manat kompensasiya ödənilməsi barədə qərar çıxarılması; cavabdeh Dövlət Sosial Müdafiə Fondunun 1 saylı Bakı Ərazi şöbəsinin müdiri Bədəlov Firdovsi hərəkətlərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306-cı və 308-ci maddəsində nəzərdə tutulmuş əməllərin törədilməsinə əsaslı şübhələr olduğu üçün onun barəsində xüsusi qərardad çıxarmaqla, prokurora xəbər verilməsi” hissəsində mümkün sayılmaması qərara alınmışdır. Birinci instansiya məhkəməsi belə nəticəyə gələrkən “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 17, 78-ci maddələrinə, “Əmək pensiyayaları haqqında” 06 noyabr 2007-ci il tarixli Qanunun 26.2-ci maddəsinə əlavə olunmuş qeydə, həmin Qanuna 17 may 2011-ci il tarixli dəyişikliklərlə edilən əlavələrə, yəni 26.3-1, 26.3-2, 26.3-3-cü maddələrinə, həmçinin həmin Qanunun 21.1, 29.2, 37.3-1-ci maddələrinə, İPM-nin 58.7, 68.1-ci maddələrinə istinad etməklə belə hesab etmişdir ki, iddiaçının iddiası əsassızdır. Qərardan narazı qalan İddiaçı tərəfindən apellyasiya şikayəti verilərək, qərarın ləğv və iddia tələbinin təmin olunması barədə yeni qərar qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya şikayətinin dəlilləri Apellyasiya şikayəti iddia ərizəsinin məzmununa uyğun əsaslandırılmış, əlavə olaraq göstərilmişdir ki, iş materiallarında göstərilən sübutlar birinci instansiya məhkəməsi tərəfindən bütünlükdə və hərtərəfli araşdırılmamışdır. İddiaçı “Koller” kooperativində işləmiş, həmin kooperativdən əmək haqqı almış və müvafiq olaraq məcburi dövlət sığorta haqqları ödənilmişdir. Pensiyanın hesablanması üçün orta aylıq əmək haqqına tətbiq edilən məhdudiyyət aradan qaldırıldıqdan sonra təqdim edilən əmək haqqı arayışına əsasən 01.01.2008-ci il tarixdən pensiya yenidən hesablanmış və baza hissəsi 75 manat, sığorta hissəsi 466,65 manat olmaqla, 541,65 manata çatdırılaraq, cavabdehin təqdim etdiyi dəlillər əsassız hesab edilmişdir. Tərəflər arasında baş vermiş məhkəmə mübahisəsi zamanı işin hallarına və faktlara, eləcə də tərəflər arasında yaranmış hüquq münasibətlərinə hüquqi qiymət verilmiş və məhkəmə qərarı qanuni qüvvəsini almışdır. Apellyasiya və Kassasiya instansiya məhkəmələrinin gəldiyi nəticə: Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-112/2021 saylı 17 mart 2021-ci il tarixli qərardadı ilə apelyasiya şikayətinin qismən təmin edilərək, 2-1(112)- 959/2020 saylı 05 iyun 2020-ci il tarixli qərarın ləğv edilməsi və iddianın mümkün sayılmaması qərara alınmışdır. Apelyasiya instansiyası məhkəməsi həmin nəticəyə gələrkən İPM-nin 1.1, 35.1, 82-ci maddələrinə, “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsinin 10 aprel 2015-ci il tarixli 5 saylı qərarına əsaslanmaqla belə hesab etmişdir ki, iddiaçının hazırkı iddia tələbi üzrə hər üç instansiya məhkəməsinin qanuni qüvvəyə minmiş qərarları mövcuddur. Hazırkı iddia tələbində qaldırılan məsələ yeni bir məhkəmə mübahisəsi deyil, qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının icrası prosesi ilə bağlı tərəflər arasında yaranmış mübahisədir. Cavabdeh inzibati orqan da öz növbəsində müraciətə imtina xarakterli deyil, mübahisənin icra mərhələsinə aid olduğundan cavab məktubu ünvanlamışdır. Ona görə də hazırkı iddia tələbi mümkün hesab edilməməlidir. İddiaçı tərəfindən verilmiş kasasiya şikayətinə əsasən işə baxmış Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(103)-1067/2021 saylı 09 iyun 2021-ci il tarixli qərarı ilə kasasiya şikayətinin təmin edilərək, Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-112/2021 saylı 17 mart 2021-ci il tarixli qərardadının ləğv edilməsi və işin baxılması üçün apelyasiya məhkəməsinə göndərilməsi qərara alınmışdır. Tərəflərin izahatları İddiaçının vəkili Vəkil iddia ərizəsini və apellyasiya şikayətini müdafiə edərək onun təmin edilməsini və birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini xahiş etmiş, ekspert rəyinin isə məhkəmə tərəfindən qəbul edilməsinə etiraz etməmişdir. Cavabdehin nümayəndəsi Nümayəndə apellyasiya şikayətinin dəlillərinə etiraz edərək onun təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmiş, ekspert rəyinə isə etiraz edərək iş üzrə təkrar ekspertizanın keçirilməsini xahiş etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. İş materiallarından görünür ki, xx.xx.1938-ci il təvəllüdlü İddiaçı 07.07.1999-cu il tarixdən yaşa görə əmək pensiyası alır. Pensiya təyin olunduğu vaxt ona qüvvədə olan “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci, 17-ci və 78-ci maddələrinin tələbləri əsasında pensiya təyin olunmuşdur. Qanuna edilmiş yuxarıda qeyd edilən dəyişikliyə əsasən iddiaçının pensiyasında 01.01.2008-ci ildə tam orta aylıq əmək haqqı nəzərə alınmaqla yenidən hesablanmış, pensiyasının sığorta hissəsi 25,32 manatdan 466,65 manata qaldırılmış (570,21- 51=519,21x85%=441,33+25,32=466,65) və nəticədə pensiyasının məbləği 85,32 manatdan 541,65 manata qaldırılmışdır. 01.07.2011-ci il tarixdən İddiaçı pensiyasını 01.01.2006-cı ilədək mövcud olan 44 il 10 ay sığorta stajı əsasında yenidən hesablayarkən yenidən hesablanmış pensiya məbləği ((44 il 10 ay) x 1,94 = 86,98 + 85 = 171,98) mövcud pensiyanın məbləğindən (689,78) az olduğundan “Əmək pensiyaları haqqında” Qanunun 26.3-3-cü maddəsinin tələbinə uyğun olaraq daha yüksək pensiya məbləği əsas götürülmüşdür. X1 198 saylı 03 mart 2020-ci il tarixli ekspert rəyindən görünür ki, İddiaçı “Koller” Koperativində işlədiyi dövr üzrə yaranmış əmək haqqı və mükafatlandırmalar nəzərə alınmaqla, pensiya və müavinətlər üzrə mütəxəssisin müəyyən etdiyi 1609.40 manat orta əmək haqqı indekləşdirilrməklə 01.01.2006-cı il tarixdən 31.12.2019-cu il tarixədək pensiyanın hesablanmasında yaranan fərq 239220.16 manat müəyyən edilmişdir. Pensiyaçının uçot vərəqində mövcud olan pensiyanın baza hissəsi, elmi dərəcəyə görə ödənilən məbləğ və yığım hissəsi nəzərə alınmaqla 01.01.2020-ci il tarixdən İddiaçı pensiya məbləği 4189.78 (3003.80X16.6%+110.00+120.00+457.35) manat müəyyən edilmişdir. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 9/4212 saylı 04.12.2020-ci il tarixli ekspert rəyindən görünür ki, İddiaçı «Koller» kooperativində işlədiyi dövr üzrə 05.12.1987-ci il tarixdən 03.10.1993-cü il tarixinədək aldığı əmək haqqı məbləğlərə müvafiq olaraq ödənilmiş məcburi dövlət sosial sığorta haqqları nəzərə alınaraq, 01.01.2006-cı il tarixdən 31.12.2019-cu il tarixinədək yenidən hesablandıqda ödənilmiş məbləğ ilə hazırkı tədqiqatla hesablanmış pensiya məbləği arasında artım fərqi yaranır və pensiyanın aylıq məbləği 3502,43 manat məbləğində müəyyən edilir. İş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)- 1067/2021 saylı 09 iyun 2021-ci il tarixli qərarında göstərilmişdir ki, iddiaçı kassasiya şikayətində xüsusi olaraq qeyd etmişdir ki, iddiaçının apelyasiya məhkəməsinə təqdim etdiyi iddianın dəyişdirilməsi barədə ərizəsi (İPM-nin 54.1-ci maddəsi) ümumiyyətlə məhkəmə baxışı predmeti olmamış, yəni apelyasiya məhkəməsi sözügedən ərizəyə, bu ərizə sanki məhkəməyə verilməmiş kimi ona baxmamış və nəticə etibarı ilə hüquqi qiymət verməmişdir ki, bu da iddiaçının həmin dəlilinin əsaslı olması anlamına gəlir. Halbuki işin 248-249-cu səhifələrində iddiaçı tərəfindən İPM-nin 54.1-ci maddəsinə əsasən iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə mövcud olmaqla, işə 17 mart 2021-ci il tarixində baxılması haqqında məhkəmə iclasının protokolundan (iş səh.251) göründüyü kimi, iddiaçının vəkili və nümayəndəsi Vəkil iddia tələbinin dəqiqləşdirilməsi barədə həmin ərizəni apellyasiya məhkəməsinə təqdim etmişdir. Lakin apelyasiya instansiyası məhkəməsi sözügedən ərizəni məhkəməyə təqdim edilməmiş kimi hərəkət edərək, ona ümumiyyətlə baxmamış və iş üzrə qəbul etdiyi 17.03.2021-ci il tarixli qərardadında bu barədə heç nə yazmamış, hər hansı bir araşdırma aparmamış və hüquqi qiymət verməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96-cı maddəsinə müvafiq olaraq mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apellyasiya instansiyası məhkəmələri üçün məcburidir. Bununla bağlı işə apellyasiya qaydasında yenidən baxılarkən iddiaçının nümayəndəsi və vəkilinə hüquqi yardım göstərilərək ona iddia tələbinin dəqiqləşdirilməsi barədə verdiyi ərizəyə əlavəsinin olub-olmadığı soruşularkən, sonuncu bu barədə yeni ərizə təqdim edərək cavabdehin üzərinə düşən vəzifə öhdəliklərini yerinə yetirilməsində, yəni iddiaçının “Koller” Kollektivində işlədiyi dövrü nəzərə alınmaqla pensiyanın yenidən hesablanması zamanı fərqin müəyyən edilməsində, yəni pensiya məbləğinin qanunamüvafiq müəyyən edilməsində və s. göstərdiyi hərəkətsizliyin qanunsuz hesab edilməsi və həmin hərəkətsizliyə son qoyulmasının, eyni zamanda onun “Koller” Kooperativində işlədiyi dövrü nəzərə alınmaqla pensiyanın 01.01.2006-cı il tarixdən başlayaraq yenidən hesablandıqda yeni pensiya məbləğinin ay üzrə, eləcə də illər üzrə müəyyən edilməsi sorğusuna təhrif olunmuş cavabın verilməsi, “Koller” Kooperativində işlədiyi dövrü nəzərə alınmaqla pensiyanın 01.01.2006-cı il tarixdən başlayaraq yenidən hesablandıqda heç bir fərq məbləğinin müəyyən edilməməsi hərəkətlərinin qanunsuz hesab edilməsi, bu cür hərəkətlərə son qoyulmasının, onun “Koller” Kooperativində işlədiyi dövrü nəzərə alınmaqla pensiyanın 01.01.2006-cı il tarixdən başlayaraq yenidən hesablandıqda artım fərq məbləği əsasında yeni pensiya məbləğinin ay üzrə, eləcə də illər üzrə müəyyən edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Həmin ərizə məhkəmə kollegiyası tərəfindən qəbul edilmişdir. Bundan sonra məhkəmənin 2-1(103)-2116/2021 saylı 01.12.2021-ci il tarixli qərardadı ilə iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş və ekspert qarşısında iş materiallarında olan sənədlər əsasında iddiaçıya ilk dəfə yaşa görə əmək pensiyası təyin edilərkən orta aylıq əmək haqqının neçə faizinin əsas götürülməsi, bu zaman orta aylıq əmək haqqına məhdudiyyətin nəzərə alınıb-alınmamasını, iddiaçının “Koller” Kooperativində işlədiyi dövr nəzərə alınmaqla, həmin dövrün ümumən aldığı əmək haqqı məbləğləri ilə birlikdə (toplam) pensiyanın 01.01.2006-cı il tarixdən başlayaraq, yenidən hesablandıqda yeni pensiya məbləğinin ay üzrə, eləcə də illər üzrə nə qədər təşkil etməsinin, eləcə də yenidən hesablanmış pensiya məbləği ilə cavabdeh tərəfindən hesablanmış pensiya məbləği arasında artım fərq məbləğinin aylar və illər üzrə nə qədər təşkil etməsinin müəyyən edilməsi ilə bağlı suallar qoyulmuşdur. 11 mart 2022-ci il tarixdə məhkəməyə daxil olmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 9/9533 saylı 24 fevral 2022-ci il tarixli ekspert rəyindən görünür ki, (birinci sual üzrə) rəyin tədqiqat hissəsində göstərildiyi kimi, İddiaçı ilk dəfə yaşa görə əmək pensiyası, həmin dövrdə qüvvədə olan 23.09.1992-ci il tarixli “Vətəndaşların pensiya təminatı haqqında” Azərbycan Respublikasının Qanununa əsasən 07.07.1999-cu il tarixdə təyin edilmiş və onun orta aylıq əmək haqqının 60% faizi əsas götürülmüşdür. Lakin, ona pensiya almaq hüququ verən təhsil müəsisəsindən başqa işə keçdiyindən xidmət illərinə görə pensiyanın 50% faizi ödənilmişdir. Bu zaman, orta əmək haqqına məhdudiyyət, yəni respublika üzrə pensiya hesablanması üçün təsdiq olunan orta əmək haqqına üçqat məbləğindən artıq olmayan orta aylıq əmək haqqı nəzərə alınmışdır. (İkincu sual üzrə) İddiaçı “Koller” Kooperativində işlədiyi dövr nəzərə alınmaqla, həmin dövrün ümumən aldığı əmək haqqı məbləğləri ilə birlikdə (toplam) pensiyanın 01.01.2006-cı il tarixdən başlayaraq, yenidən hesablandıqda yeni pensiya ay üzrə, eləcə də illər üzrə hesablamaların hansı qaydada olması cədvəldə göstərilmişdir. (3-cü sual üzrə) İddiaçı yenidən hesablanmış pensiya məbləği ilə cavabdeh tərəfindən hesablanmış pensiya məbləği arasında fərqın olması (artım məbləği) cədvəldə göstərilmişdir. Yəni, İddiaçı yenidən hesablanmış pensiya məbləği ilə cavabdeh tərəfindən hesablanmış pensiya məbləği arasında fərq (artım məbləği) 2006 - cı il üzrə fərqin olmadığını nəzərə alaraq, 2008-2019-cu illər üzrə cədvəl məlumatlarından da göründüyü kimi, aylar və illər üzrə ayrı-ayrılıqda qeyd edilmişdir. İnzibati iş ekspert rəyinin verilməsi ilə bağlı məhkəmə icraatına qayıtdıqdan sonra iddiaçının nümayəndəsi və vəkili tərəfindən hüquqi marağına münasib olan iddia tələbinin dəqiqləşdirilməsi barədə yeni ərizə verilməmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq, tərəflərin nümayəndələrinin izahatlarını dinləyərək və iddiaçının nümayəndəsi vəkili tərəfindən sonuncu dəfə verilmiş iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəni nəzərdən keçirdikdən sonra belə hesab edir ki, birinci instansiya məhkəməsinin işi mahiyyəti üzrə araşdıraraq sonda gəldiyi nəticə qanuni və əsaslı olmamışdır. Belə ki, əvvəla, iddiaçının sonuncu dəfə apellyasiya baxışı zamanı verdiyi iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə birinci instansiya məhkəməsinin icraatı dövründə araşdırılan iddia ərizəsindəki tələblə demək olar ki, eynilik təşkil edir. Həmin dəqiqləşdirilmiş ərizənin məzmunundan görünür ki, hazırki hüquqi mübahisə Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)- 2190/2019 saylı 07.08.2019-cu il tarixli qərarının icrasından doğur. Belə ki, Ali Məhkəmənin İnzibati İqtisadi Kollegiyasının 2- 1(102)-2190/2019 saylı 07.08.2019-cu il tarixli qərarı ilə İddiaçı “Koller” kooperativində 05.12.1987-03.10.1993-cü illərdə işlədiyi dövrün sosial sığorta stajına daxil edilməklə 01.01.2006-cı il tarixdən başlayaraq pensiyasının yenidən hesablanması və yaranmış fərq məbləğinin ödənilməsi vəzifəsinin cavabdeh şöbənin üzərinə qoyulması qərara alınmışdır. Qeyd olunan məhkəmə qərarı əsasında icra icraatına başlanılmışdır. İddiaçı və onun vəkili Vəkil Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyasının 07.08.2019-cu il tarixli, 2-1(102)- 2190/2019 saylı qərarının icrası ilə bağlı 1 saylı Bakı Ərazi şöbəsinə müraciət emişlər. Tərəf və onun vəkilinin sorğularına cavab olaraq bildirilmişdir ki, icrası tələb olunan məhkəmə qərarına əsasən İddiaçı “Koller” kooperativində 05.12.1987-ci il tarixdən 03.10.1993-cü il tarixədək işlədiyi dövr onun iş stajına əlavə olunmuşdur. 01.01.2006-cı il tarixədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinə əsasən əlavə olunan 5 il 9 ay 28 gün iş stajı nəzərə alınmaqla İddiaçı pensiyasını yenidən hesablayarkən onun pensiyasının məbləğində heç bir dəyişiklik qeydə alınmamışdır. Bundan sonra iddiaçı hazırki işdə olan iddia ilə məhkəməyə müraciət etmiş və sonuncu tələbi də apellyasiya baxışı zamanı verilmiş ərizədəki kimi olmuşdur. Göründüyü kimi, iddiaçının tələbləri inzibati məhkəmə icraatının nəticəsi olaraq qəbul edilmiş məhkəmə qərarının icrası ilə bağlı cavabdeh inzibati orqanın iddiaçıya pensiya məbləğini yenidən hesablayarkən pensiyasının məbləğində heç bir dəyişikliyin qeydə alınmamasına görə yaranmış narazılıqla əlaqədardır. Belə olan halda birinci instansiya məhkəməsi iddiaçının tələbindəki hüquqi marağının nədən ibarət olduğunu düzgün müəyyən etməli və həmin hüquqi marağına münasibətdə qaldırılmış məsələnin müstəqil predmet olaraq iddia icraatı çərçivəsində araşdırılmasının mümkünlüyünü yoxlamalı idi. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli 10 aprel 2015-ci il tarixli Qərarında qeyd edilmişdir ki, “...Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. (1.3-cü bənd); Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. (1.4-cü bənd); Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. (2.1-ci bənd); Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPMdə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini...yoxlamalıdırlar (2.3-cü bənd); İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxırıldığı anda mövcud olmalıdırlar. (8.6-cı bənd). Məcəllənin qeyd olunan norması, prosessual qanunvericiliyin iddianın verilməsi ilə bağlı müəyyən etdiyi tələblər baxımından belə təfsirə malikdir ki, inzibati icraat qaydasında baxılan istənilən iddia inzibati icraat qaydalarına müvafiq olan iddia növünə uyğun olmalı, subyektiv hüququ olan şəxs tərəfindən, qanunla müəyyən edilən iddia müddətləri daxilində və müvafiq cavabdehlik daşıyan inzibati orqana qarşı qaldırılmalı, hüquq və azadlıqların pozuntusu sübutlar da əlavə olunmaqla əsaslandırmalıdır ki, onun məhkəmə icraatı mümkün sayılsın. Tərəflər də sözügedən qərarın icrası ilə bağlı icra icraatının başlanmasını etiraf etmişlər. Apellyasiya baxışı zamanı təqdim edilmiş iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizədə iddiaçının tələbləri kassasiya instansiya məhkəməsinin qəbul etdiyi qərarın icrası ilə bağlı hesablamaların cavabdeh inzibati orqan tərəfindən düzgün aparılmadığı və icra icraatı çərçivəsində edilmiş hərəkətlərin mübahisələndirilməsinə yönəldiyi üçün Kollegiya hesab edir ki, belə tələblərə ayrıca iddia predmeti kimi inzibati məhkəmə icraatı qaydasında baxıla bilməz. «İcra haqqında» Qanunun 26-cı maddəsinə əsasən icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət icra qurumunun rəhbəri və məhkəmə tərəfindən öz səlahiyyətləri daxilində həyata keçirilir. MPM-də olduğu kimi, «İcra haqqında» Qanunda da bu mövqedən çıxış edilərək qətnamənin icrasının təmin edilməsi və icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət məqsədilə icra məmurunun icra sənədini vermiş məhkəməyə müraciət etməsi müəyyən edilmişdir. Məsələn, «İcra haqqında» Qanunun 14.1-ci maddəsinə əsasən icra sənədində göstərilmiş tələblər aydın olmadıqda, icra məmuru həmin icra sənədinin verilməsi üçün əsas olmuş qərarın, habelə qanuna əsasən icra sənədi sayılan sənədin izah olunması barədə müvafiq məhkəməyə və ya digər orqana ərizə ilə müraciət etmək hüququna malikdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 116.1-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qaydanın nəzərdə tutulmadığı hallarda, məhkəmə qərarlarının icrası ilə bağlı Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin və “İcra haqqında” Azərbaycan Respublikası Qanununun müvafiq müddəaları tətbiq olunur. Həmin Məcəllənin 118-ci maddəsinə əsasən icranın dövlətin, bələdiyyənin və ya ümumi hüququn başqa subyektlərinin xeyrinə həyata keçirilməli olduğu hallarda məhkəmə qərarının icrası ilə bağlı “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun Vİİİ fəslində nəzərdə tutulmuş qaydalar tətbiq olunur. İcranın “İnzibati icraat haqqında” Azərbaycan Respublikası qanununda nəzərdə tutulmuş qaydada həyata keçirildiyi hallarda, birinci instansiya məhkəməsində mübahisə ilə bağlı işə baxan hakim və ya məhkəmə tərkibinə sədrlik edən hakim icra orqanı sayılır. Hakim icranın və ya ayrı-ayrı icra hərəkətlərinin həyata keçirilməsi məqsədilə, icra orqanı qismində müvafiq inzibati orqanı və ya məhkəmə icraçısını cəlb edə bilər. İcra ilə bağlı borcluya tətbiq edilməli olan mümkün məcburi icra tədbirləri yalnız hakim tərəfindən müəyyən edilir. Hakim icranın məcburi qaydada həyata keçirilməsinə nəzarət etməlidir. Göründüyü kimi, qanunverici icra icraatı mərhələsində hüququn müdafiəsi üçün vasitə kimi ayrıca iddianın qaldırılmasını istisna etmişdir. Burada inzibati iddia olmayan şikayət nəzərdə tutulur. Məhkəmə qərarının icrası məhkəmə müdafiəsi hüququnun tərkib hissəsi və davamı kimi qəbul edildiyindən, məhkəmə qərarının icrası ilə bağlı icra məmurunun qərar və hərəkətlərindən (hərəkətsizliyindən) şikayətlərə olduğu kimi, icra orqanı qismində inzibati orqana qarşı tələblərə də məhz icra sənədini vermiş və icraya nəzarət edən məhkəmə tərəfindən baxılmalıdır. Sözügedən şikayətlərə bu qaydada baxılmasının təmin edilməsi ədalət mühakiməsinin səmərəliliyinin təmin edilməsi və prosessual qənaətə nail olunması baxımından da önəmlidir. Eyni zamanda, «İcra haqqında» Qanun məcəllələşdirilmiş prosessual normativ hüquqi aktlardan fərqli olaraq məhkəmə aidiyyəti qaydalarını müəyyən edə bilməz. Ümumi prinsipə görə işlər üzrə məhkəmə aidiyyəti qaydaları müvafiq sahələrə (mülki prosessual, cinayət prosessual, inzibati prosessual, habelə inzibati xətalar haqqında qanunvericiliyə) aid prosessual qanunvericiliklə tənzimlənir. Ona görə də, hazırkı halda icra orqanı qismində inzibati orqanın hərəkətlərindən (hərəkətsizliyindən) şikayətlərə dair işlərin məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı nəzərə alınmalı olan normativ-hüquqi akt kimi «İcra haqqında» Qanun deyil, Mülki Prosessual və İnzibati Prosessual Məcəllələr çıxış edir. İcra orqanı olaraq inzibati orqanın icra sənədinin icra olunması ilə bağlı qərarı, hərəkəti və hərəkətsizliyi ilə bağlı mübahisələrə inzibati iddia kimi baxıla bilməsi üçün ilk növbədə münasibətlərin inzibati hüquqla bağlı yaranması tələb olunur. Eləcə də, qaldırılmış iddia da İPM-in 2.2-ci maddəsində nəzərdə tutulan iddia növlərindən hansısa birinə aid edilməlidir. Sözügedən fəaliyyət zahirən inzibati hüquq sahəsinə aid fəaliyyət kimi görünsə də, icra sənədinin icra olunması ilə bağlı inzibati orqan tərəfindən həyata keçirilən fəaliyyətə və bu zaman qəbul edilən qərarlara (hərəkətlərə və ya hərəkətsizliyə) məhkəmə müdafiəsi hüququnun reallaşdırılmasının tərkib hissəsi və davamı kimi yanaşılmalıdır. Qanunvericilik isə icra icraatının gedişində icra sənədinin icrası ilə bağlı yaranan mübahisələrə baxılmasının xüsusi qaydasını müəyyən etmişdir. MPM-in 228-232-ci maddələrindəki tənzimləmələr də bunu təsdiq edir. Apellyasiya şikayətinin dəlillərinə münasibətdə isə qeyd edilməlidir ki, həmin dəlillər yuxarıda qeyd olunanlarla bağlı iddiaçıların iddia tələbinə mahiyyəti üzrə baxılması üçün əsas vermir. Qeyd olunanlarla bağlı Kollegiya hesab edir ki, işə birinci instansiya qaydasında baxmış məhkəmə yuxarıda sadalanan halları araşdırmadan, iddianın mümkünlük şərtlərinin ödənilib-ödənilmədiyini tam yoxlamadan verilmiş tələbə mahiyyəti üzrə baxmaqda haqlı olmamışdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayəti qismən təmin edilməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-959/2020 saylı 05 iyun 2020-ci il tarixli qərarı ləğv edilməli və iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 80, 87, 90, 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-959/2020 saylı 05 iyun 2020-ci il tarixli qərarı ləğv edilsin. İddia mümkün sayılmasın. Qərardaddan onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova Hakimlər Mirzə Tağızadə Aytən Oruczadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar