Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1730/2020 05.10.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Məmmədov Vidadi Məmməd oğlu (sədrlik edən və məruzəçi), Nağıyeva Elmira Eyvaz qızı və Qurbanov Raqib Əliddin oğlundan ibarət tərkibdə İddiaçı cavabdeh Bakı Şəhəri Xətai Rayon İcra Hakimiyyətinə qarşı kompensasiyanın ödənilməsi öhdəliyinin qoyulması tələbinə dair iddia ərizəsi ilə bağlı Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4908/2020 nömrəli iş üzrə xx xxxx 2020-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdehə qarşı məhkəməyə müraciət edərək, cavabdehin qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə ona ödənilməli olan məbləği vaxtında ödəmədiyinə görə ümumilikdə 9.000 manat pul vəsaitinin ona ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadı ilə iddia mümkün sayılmamışdır. Qərardadla razılaşmayan iddiaçı ondan apellyasiya şikayəti verərək, ləğv edilib, işin yenidən icraata qəbul edilib baxılması və ya aidiyyəti üzrə göndərilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası iş materiallarını Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - İPM) tələblərinə müvafiq qaydada araşdıraraq, aşağıdakıları qeyd edir. Şikayət mümkündür. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərardadının təqdim olunduğu gündən 10 gün ərzində verilmişdir (İPM-85.1), formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-85.2, 85.3). Şikayət qərardadın ləğvi tələbinə dair hissədə əsaslıdır. İlk olaraq, İPM-in 1.2-ci maddəsinə görə, bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM) müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” xx.xx.2011-ci il tarixli Qərarına əsasən, apellyasiya instansiyası məhkəməsi prosessual hüquq normalarına riayət olunub-olunmamasını apellyasiya şikayətinin obyektindən və predmetindən asılı olmayaraq yoxlayır. Birinci instansiya məhkəməsinin qərardadının əsaslarına görə, “... 2 saylı Bakı İnzibati İqtisadi Məhkəməsinin 2-1(82)-709/2018 saylı xx xxxx 2018-ci il tarixli icra vərəqi əsasında iddianın qismən təmin olunması, ünvan 1 ünvanında yerləşən 81,77 kvadrat metr yaşayış sahəsi və 55,0 kvadrat metr yarımçıq tikilinin sökülməsinə görə 77.837 (yetmiş yeddi min səkkiz yüz otuz yeddi) manat məbləğində kompensasiyanın cavabdeh Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyətindən tutularaq İddiaçı ödənilməsi barədə Bakı şəhəri Xətai rayon İcra və Probasiya Şöbəsinin xx xxxxxx 2019-cu il tarixli Qərarına əsasən icra sənədi üzrə icraata başlanılmışdır. Hazırda iddia tələbiBakı şəhəri Xətai rayon İcra və Probasiya Şöbəsinin xx xxxxxx 2019-cu il tarixli, 2-1(82)-709/2018-022 saylı icra sənədinin icrası ilə bağlı olduğundan məhkəmə iddiaçıya izah edir ki, həmin icra sənədinin icrası ilə bağlı Bakı şəhəri Xətai rayon İcra və Probasiya Şöbəsinin hərəkətlərindən aidiyyəti üzrə ümumi məhkəməyə şikayət verə bilər.” Məhkəmə kollegiyası qərardadın əsasları ilə razılaşmır. Belə ki, iddiaçı qanuni qüvvəyə minmiş məhkəmə qərarını icra edən inzibati orqanın hərəkət və ya qərarlarından şikayət etmir. O, qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə ona ödənilməli olan məbləği vaxtında ödəmədiyinə görə cavabdehdən kompensasiya tələb edir. İddiaçının qanuni qüvvəyə minmiş məhkəmə qərarını icra edən inzibati orqanın hərəkət və ya qərarlarından şikayət etdiyi fərz olunsa, o halda birinci instansiya məhkəməsinin qərardadı yenə əsassız olacaqdı. Çünki, bu halda şikayətə, icra vərəqəsi 2-1(82)-709/2018 nömrəli inzibati iş üzrə inzibati məhkəmə tərəfindən verildiyindən, artıq formalaşmış məhkəmə təcrübəsinə görə Bakı İnzibati Məhkəməsində baxılmalı idi. Göründüyü kimi, birinci instansiya məhkəməsinin qərardadı ilə iddiaçının məhkəmə müdafiəsi hüququ pozulmuşdur. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən: İ. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir; İİ. Hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın; İİİ. Hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır; İV. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. İPM-in 1.2-ci maddəsindən göndərişlə MPM-in 4.1-ci maddəsinə görə, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Beləliklə, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin prosessual hüquq normalarının pozulması ilə qəbul etdiyi qanunsuz qərardad ləğv edilməli, inzibati iş həmin məhkəməyə göndərilməli, apellyasiya şikayəti təmin edilməlidir (İPM-87.6). Göstərilənlərə əsasən və İPM-in 68 və 80-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4908/2020 nömrəli iş üzrə xx xxxx 2020-ci il tarixli qərardadı ləğv edilsin, inzibati iş həmin məhkəməyə göndərilsin. İddiaçı apellyasiya şikayəti təmin edilsin. HAKİMLƏR Vidadi Məmmədov Elmira Nağıyeva Raqib Qurbanov
Məhkəmə qərarları › İş №2-1(103)-1730/2020
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1730/2020
05.10.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver