Məhkəmə qərarları › İş №2-1(103)-1731/2022

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1731/2022

22.06.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1731/2022 22.06.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “ona 65 yaşının tamam olduğu xx.xx.2021-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X5 Cəmilovanın sədrliyi və məruzəsi ilə, Mirzə Nəsib oğlu Tağızadədən və Aytən Pənah qızı Oruczadədən ibarət tərkibdə, Alıcanlı-Yusifli Sevinc Mahir qızının katibliyi ilə, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “ona 65 yaşının tamam olduğu xx.xx.2021-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-10769/2021 saylı 27 dekabr 2021-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 22 iyun 2022-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı xx.xx.1956-cı il təvəlldülüdür. BE seriyalı 041944 saylı xx.xx.1986-cı il tarixli hərbi biletin surətindən görünür ki, İddiaçı xx.xx.1974-cü ildən xx.xx.1976-cı ilədək SSRİ Silahlı Qüvvələrində həqiqi hərbi xidmət keçmişdir. JB seriyalı 029003 saylı xx.xx.1982-ci il tarixli diplomdan görünür ki, İddiaçı 1977-ci ildə Dadaş Bünyadzadə adına X4 İnstitutuna daxil olmuş 1982-ci ildə əmtəəşünaslıq və sənaye malları ticarətinin təşkili ixtisası üzrə tam kursu bitirmişdir. İddiaçı məxsus xx.xx.1976-cı il tarixli əmək kitabçasının surətindən görünür ki, o, Bakı soyuducu kombinatına işə qəbul olananadək 1974-cı ilin may ayından 1976-cı ilin may ayınadək Sovet Ordu sıralarında qulluq etmiş, xx.xx.1976-cı ildə Bakı soyuducu kombinatına təchizat və satış şöbəsinə əmtəəşünas vəzifəsinə təyin edilmiş, xx.xx.1979cu ildə Quru buz və maye karbon qazı anbarına anbardar vəzifəsinə keçirilmiş, xx.xx.1980-cı ildə Təchizat və satış şöbəsinə əmtəəşünas vəzifəsinə keçirilmiş, xx.xx.1981-ci ildə Təchizat və satış şöbəsinə yük və baqajın təhvil-təslimçisi vəzifəsinə keçirilmiş, xx.xx.1982-ci ildə Təchizat və satış şöbəsinə əmtəəşünas vəzifəsinə keçirilmiş, xx.xx.1984-cü ildə Maddi təminat və satış şöbəsinə müvəqqəti rəis vəzifəsinə keçirilmiş, xx.xx.1992-ci ildə Təminat üzrə təchizat və satış şöbəsinə əmtəəşünas vəzifəsinə keçirilmiş, xx.xx.1992-ci ildə Maddi texniki təchizat şöbəsinə rəis vəzifəsinə keçirilmiş, xx.xx.1997-ci ildə Bakı Soyuducu Kombinatı "xxxx" X11 Cəmiyyətinə çevrilmiş, xx.xx.2000ci ildə əmək haqqı ödənilməmək şərti ilə öz hesabına məzuniyyətə buraxılmışdır, xx.xx.2001-ci ildə "xxxx" X11 Cəmiyyəti "xxxx" X11 Cəmiyyəti adlandırılmışdır, xx.xx.2004cü ildə öz xahişi ilə işdən azad edilmiş, xx.xx.2004-cü ildə “Engender Health-Aquire Azerbaijan” təşkilatına Maliyyə-administrator köməkçisi vəzifəsinə qəbul edilmiş, xx.xx.2009-cu ildə Layihənin başa çatması ilə əlaqədar işdən azad olmuşdur. İddiaçı onun yaşa görə əmək pensiyasına çıxmaq hüququnun olduğuna istinad edərək bu barədə cavabdeh inzibati orqana müraciət etmiş, lakin sonuncu tərəfindən onun tələbinin təmin olunmasından imtina edilmişdir. Belə ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2021-ci il tarixli məktubun surətində qeyd olunur: Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin 1 saylı Bakı "DOST” mərkəzindən daxil olmuş xx.xx.2021-ci il tarixli ərizənizə və ona əlavə edilmiş sənədlərə aidiyyəti üzrə Mərkəzi Filialda baxılmışdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən müvafiq yaşa çatmış şəxslərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Hazırda kişilərin pensiya yaşı 65 yaş müəyyən edilmişdir. Məlumat üçün bildiririk ki, təqdim etdiyiniz xx.xx.1976-cı il tarixində tərtib edilmiş əmək kitabçanızda qeyd olunmuş xx.xx.1992-ci il tarixindən xx.xx.2001-ci il tarixinədək "xxxx" ATSC-dəki və xx.xx.2004-cü il tarixindən xx.xx.2006-cı il tarixinədək “X2” filialındakı əmək fəaliyyəti dövrünüzün araşdırılması zərurəti yaranmışdır. Qeyd olunanlara əsasən sözügedən araşdırma nəticələndikdən sonra yaşa görə əmək pensiyası hüququnuza yenidən baxıla bilər. Bundan başqa cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış **********3 saylı xx.xx.2021-ci il tarixli imtina məktubunda qeyd edilmişdir ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin 1 saylı Bakı “DOST” Mərkəzindən daxil olmuş ərizənizə və ona əlavə olunmuş sənədlərə aidiyyəti üzrə Mərkəzi Filialda baxılmışdır. "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən müvafiq yaşa çatmış şəxslərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Hazırda kişilərin pensiya yaşı 65 yaş müəyyən olunmuşdur. Sözügedən Qanunun 1.0.2-ci maddəsinə əsasən sosial sığorta stajı əmək pensiyası huququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Təqdim edilmiş xx.xx.1976-cı il tarixində tərtib edilmiş əmək kitabçasına və hərbi biletin surətinə əsasən onun ümumi sığorta stajı 17 il 7 ay olmaqla qanunla tələb olunan müddətdən (25 ildən) azdır və fərdi hesabın sığorta hissəsində qeydə alınmış 13.399,73 manat pensiya kapitalı tələb olunan pensiya kapitalından (28.800 manatdan) az olduğu üçün əmək pensiyasının minimum məbləğindən (200 manatdan) az olmayan pensiya təminatına imkan vermir. xx.xx.2006-cı il tarixindən xx.xx.2018-ci il tarixinədək fərdi hesabın sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. Azərbaycan Respublikasının Milli Arxiv İdarəsinin xx.xx.2021-ci il tarixli 21/1099 saylı məktubuna əsasən onun xx.xx.1976-cı il tarixindən xx.xx.2004-cü il tarixinədək işlədiyi Ş.Babayev adına Dondurma Kombinatı ATSC arxiv sənədlərini Dövlət Arxivinə və X7 filialına təhvil verməmişdir. Bu səbəblə sözügedən dövrlərin sığorta stajına əlavə edilməsi qanunauyğun hesab edilmir. Qeyd olunanlara əsasən ona yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından düzgün hesab edilmir. “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun 7.0.2-ci maddəsinə əsasən yaşa görə müavinət əmək qabiliyyəti olmayan şəxsin əmək pensiyası hüququ olmadıqda və işləmədikdə təyin edilir. Qeyd olunan maddənin tələblərinə əsasən Sizə xx.xx.2021-ci il tarixindən 130 manat məbləğində yaşa görə sosial müavinət təyin edilmişdir. Həmin imina məktubundan narazı qalan İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı hazırki iddia ilə məhkəməyə müraciət edərək, “ona 65 yaşının tamam olduğu xx.xx.2021-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçının əsaslandırması: İddia onunla əsaslandırılmışdır ki, o, xx.xx.1974-xx.xx.1976-cı illər ərzində SSRİ ordu sıralarında hərbi xidmətdə olmuş, 1977-ci ildən 1982-ci il tarixədək Azərbaycan Xalq Təsərrüfatı İnsitutunun “əmtəəşünaslıq və sənaye malları ticarətinin təşkili fakültəsində” təhsil almışdır. xx.xx.1976-cı ildən xx.xx.2004-cü ilədək “Ş.Babayev adına Dondurma Kombinatı” ATSC-də əmtəəşünas, xx.xx.1997—ci ildən xx.xx.2004-cü ilədək Bakı Soyuducu Kombinatı "xxxx" ASC-də əmtəəşünas, xx.xx.2004-cü ildən xx.xx.2009-cu ilədək “Engender health-aquire Azerbaijan” əmək təşkilatında administrator köməkçisi vəzifəsində işləmişdir. Hərbi xidmət, təhsil aldığı dövrlər də nəzərə alınmaqla onun 30 ilə yaxın əmək stajı vardır. Bununla bağlı o, yaşa görə pensiyaya çıxmaq üçün cavabdeh inzibati orqana müraciət etsə də, onun tələbinin təmin edilməsindən imtina olunmuşdur. Cavabdehin imtinası əsassızdır. Əvvəla, hərbi xidmət, təhsil aldığı dövrlər də nəzərə alınmaqla onun 30 ilə yaxın əmək stajı vardır, əmək kitabçası və digər hüquqmüəyyənedici sənədlərdə stajı öz əksini tapmışdır. İkincisi, fərdi hesabının sığorta hissəsində qeydə alınmış 13.399,73 manat pensiya kapitalı tələb olunan pensiya kapitalından (28,800 manat) az olması əsası absurtdur. Belə ki, pensiya kapitalının yığılması və yaxud ödənilməsi onun iradəsindən asılı deyildir. Üçüncüsü, xx.xx.1976-cı ildən xx.xx.2004-cü ilədək işlədiyi “Ş.Babayev adına Dondurma Kombinatı” ATSC-nin arxiv sənədlərinin Dövlət Arxivinə və Dövlət Arxivinin Bakı filialına təhvil verilməməsi isə onun öhdəliyi deyildir. Sözügedən staj əmək kitabçasında öz əksini tapmışdır. Cavabdehin etirazları: Cavabdeh tərəfindən iddiaya dair yazılı etiraz verilərək bildirilmişdir ki, iddiaçının əmək kitabçası araşdırılarkən onun əmək kitabçasının birinci səhifəsində pozuntular aşkarlanmışdır. Belə ki, əmək kitabçasının birinci səhifəsi ilk işəgötürənin möhürü ilə təsdiq edilməmişdir. Azərbaycan Respublikasi Nazirlər Kabinetinin 26 dekabr 1996-cı il tarixli 186 nömrəli Qərarı ilə təsdiq edilmiş “İşçilərin əmək kitabçasının forması və onun tərtibi Qaydalarının” 3.2-ci bəndinə əsasən işəgötürənlər tərəfindən əmək kitabçasında işçinin soyadı, adı, atasının adı (işçinin soyadı, adı və atasının adı ixtisar olunmadan yazılır), doğulduğu gün, ay, il, təhsili (o cümlədən başa çatdırılmamış tam orta, orta ixtisas və ali təhsil), peşəsi, ixtisası təsdiqedici sənədlərə əsasən aparılır. Həmin Qaydaların 3.11-ci bəndinə əsasən əmək kitabçası işəgötürən və ya işəgötürənin müəyyən etdiyi məsul şəxs tərəfindən imzalanır. Əmək kitabçası ilk dəfə hansı işverən tərəfindən doldurulursa, onun da möhürü ilə təsdiq edilir. Hüquqi şəxs yaratmadan, sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs işçinin əmək kitabçasında aparılmış qeydləri imzası ilə təsdiq edir. Bununla yanaşı, şəxsin əmək kitabçasındakı qeydə əsasən xx.xx.2000-ci ildə əmək haqqı ödənilməmək şərti ilə öz hesabına məzuniyyətə buraxılmışdır. Şəxsin məzuniyyətdə neçə müddət olduğu və hansı tarixdə qayıtması barədə hər hansı bir məlumat yoxdur. Bütün bunlara əsasən iddiaçının kifayət qədər sosial siğorta stajı mövcud olmadığından yaşa görə əmək pensiyası təyin edilməmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən şəxsə yaşa görə pensiya təyin edilməsindən imtina vermə əsaslarından biri kimi xx.xx.2006-cı il tarixdən onun fərdi hesabının siğorta hissəsində qeydə alınmış pensiya kapitalının kifayət etməməsi qeyd edilmişdir. Belə ki, X8 (PAS) əsasən iddiaçının 1992-ci ilə qədər və 1992- 2006-cı illər arası pensiya kapitalı olmamış, eynilə 2006-cı ildən sonra da pensiya kapitalı olmamışdır. Halbuki lazım olan pensiya kapitalı 28800 manatdır. X10 (PAS) əmək pensiyası alan vətəndaşların qeydiyyatının, sığorta və yığım hissələri üzrə pensiya kapitalının uçotunun, pensiyaların təyininin, yenidən hesablanmasının və ödənilməsinin elektron qaydada həyata keçirilməsi üçün nəzərdə tutulmuşdur. Belə ki, şəxsin xx.xx.2004xx.xx.2009-cu il tarixlərində “Engender health-aquire Azerbaijan” əmək təşkilatında adminstrator köməkçisi vəzifəsində işlədiyi müddət əmək kitabçasında qeyd edilsə də, xx.xx.2006-cı il tarixdən xx.xx.2018-ci il tarixinədək fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmadığı üçün həmin illəri şəxsin sosial sığorta stajına daxil etmək mümkün deyildir. Odur ki, şəxsin həm sosial siğorta stajı, həm də pensiya kapitalı yoxdur. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Bakı İnzibati Məhkəməsinin 2-1(112)-10769/2021 saylı 27 dekabr 2021-ci il tarixli qərarı ilə iddia təmin edilərək, İddiaçı 65 yaşının tamam olduğu xx.xx.2021-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehn üzərinə qoyulması qərara alınmışdır. Həmin qərardan narazı qalan cavabdeh tərəfindən apellyasiya şikayəti verilərək, qərarın ləğv edilməsi və iddianın rədd edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti iddiaya dair yazılı etirazla eynilik təşkil edir. Əlavə olaraq göstərilmişdir ki, məhkəmə əsassız olaraq iddianın təmin edilməsi barədə qərar qəbul etmişdir. Tərəflərin izahatları: Cavabdehin nümayəndəsi X3 apellyasiya şikayətini müdafiə edərək və onun məzmununa uyğun izahat verərək onun təmin edilməsini və birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddianın təmin edilməməsini xahiş etmişdir. İddiaçı apellyasiya şikayətinin dəlillərinə etiraz edərək onun təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə, sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. İddianın mümkünlüyü ilə bağlı qeyd olunur ki, iddiaçının hazırki iş üzrə tələbinin təmin olunmasından imtina edən cavabdeh inzibati orqanın imtina məktubunun tarixi xx.xx.2021-ci il tarixdir. İddiaçı isə hazırki iddia ilə məhkəməyə xx.xx.2021-ci il tarixdə müraciət etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-nin 38.2-ci, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 73.2-ci maddələrinin tələblərini nəzərə alaraq hesab edir ki, iddia qanunla müəyyən edilmiş müddət daxilində verildiyi üçün mümkündür. İddianın mahiyyəti ilə bağlı qeyd olunur ki, hazırda İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı tələbi “ona 65 yaşının tamam olduğu xx.xx.2021-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi” ilə bağlıdır. Qeyd olunan tələblə iddiaçı cavabdeh inzibati orqana müraciət etsə də, sonuncu tərəfindən onun sığorta stajının 25 ildən az yəni 17 il 7 ay olması və pensiya kapitalının kifayət qədər olmaması əsası ilə tələbinin təmin olunmasından imtina edilmişdir. Bundan sonra iddiaçı hazırki iddia ilə məhkəməyə müraciət etmiş və onun iddiası məhkəmə tərəfindən təmin edilmişdir. İşə birinci instansiya qaydasında baxmış məhkəmə iddiaçının hərbi xidmət və soyuducu kombinatında işlədiyi dövrlər də nəzərə alınmaqla ümumi iş stajının 25 ildən artıq, yəni 25 il 5 ay 25 gün olmasına istinad edərək iddia tələbinin təmin olunması qənaətinə gəlmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabilyyətini itirdiyinə, işsizliyə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Həmin Qanunun 1.0.2-ci maddəsinə əsasən sosial sığorta stajı (bundan sonra sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Həmin Qanunun 1.0.10-cu maddəsinə əsasən pensiya kapitalı - müvafiq olaraq fərdi hesabın sığorta hissəsində qeydə alınan və fərdi hesabın yığım hissəsində toplanan vəsaitlərin məbləğidir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 87.1-ci maddəsinə əsasən işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında — işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. Qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsinin 1-2-ci hissəsinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Həmin Qanunun 67-ci maddəsinin 8-ci hissəsinə əsasən əmək (sosial sığorta) pensiyasının təyin edilməsi üçün qanunla müəyyən edilmiş hallar istisna olmaqla 1 yanvar 2002-ci il tarixdən əmək stajına məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi əmək fəaliyyəti müddəti daxildir. 1 yanvar 2002-ci ilədək əmək fəaliyyəti göstərən şəxslərə pensiya təyin olunması üçün əmək stajı bu maddənin birinci-yeddinci hissələrinə müvafiq olaraq hesablanır. Həmin Qanunun 69-cu maddəsində təsbit edilmişdir ki, iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 1-ci bəndinə əsasən əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Həmin Əsasnamənin 3-cü bəndinə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. İddiaçı xx.xx.1956-cı ildə doğulduğundan “Əmək pensiyaları haqqında” Qanunun 7ci maddəsinə görə onun iddia tələbində göstərdiyi 65 yaşdan pensiya hüququ yaranmışdır. Bəhs edilən normaya görə iddiaçıya yaşa görə pensiya təyin olunması üçün iki element mövcud olmalıdır: 1) İddiaçının pensiya yaşının tamam olması, 2) İddiaçının 25 il ümumi iş stajının mövcud olması və ya fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı. Hazırki işdə iddiaçı iddiasının əsası kimi istinad etdiyi hallarla bağlı məhkəməyə hərbi biletini, təhsil barədə sənədi (diplomu) əmək kitabçasını və arayışını təqdim etmişdir. İddiaçıya məxsus hərbi biletin və diplomun surətlərindən görünür ki, İddiaçı müvafiq xx.xx.1974-cü ildən xx.xx.1976-cı ilədək SSRİ Silahlı Qüvvələrində həqiqi hərbi xidmət keçmiş, 1977-ci ildən 1982-ci ilədək Dadaş Bünyadzadə adına X4 İnstitutunda təhsil almışdır. Həmin dövrdə qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsinin “v” bəndinə əsasən hərbi (alternativ) xidmət və Müdafiə Nazirliyində qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olmaq, milli təhlükəsizlik, daxili işlər, Dövlət sərhədini mühafizə və Prezidenti mühafizə orqanlarında xidmət müddəti iş stajına daxil edilən əmək fəaliyyətinin növlərinə daxildir. Həmin Qanunun 67-ci maddəsinin üçüncü bəndinin “ğ” yarımbəndinə əsasən ali, orta ixtisas; texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti işçinin iş stajına daxil edilir. Bununla yanaşı, qanunvericiliyin yuxarıda bəhs edilən normalarından görünür ki, “Əmək pensiyaları haqqında” Qanun qüvvəyə mindikdən sonra əldə edilən sosial sığorta stajı müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödənildikdə və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusuna əsasən əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınır. “Vətəndaşların pensiya təminatı haqqında” “Qanunun qüvvədə olduğu dövrdə sığortaolunanların sığorta stajını əhatə etdiyi dövr onun ümumi iş stajı ilə müəyyən edilir. İddiaçı məxsus xx.xx.1976-cı il tarixli əmək kitabçasının surətindən görünür ki, o, xx.xx.1976-cı ildə Bakı soyuducu kombinatına təchizat və satış şöbəsinə əmtəəşünas vəzifəsinə təyin edilmiş, xx.xx.1979-cu ildə Quru buz və maye karbon qazı anbarına anbardar vəzifəsinə keçirilmiş, xx.xx.1980-cı ildə Təchizat və satış şöbəsinə əmtəəşünas vəzifəsinə keçirilmiş, xx.xx.1981-ci ildə Təchizat və satış şöbəsinə yük və baqajın təhviltəslimçisi vəzifəsinə keçirilmiş, xx.xx.1982-ci ildə Təchizat və satış şöbəsinə əmtəəşünas vəzifəsinə keçirilmiş, xx.xx.1984-cü ildə Maddi təminat və satış şöbəsinə müvəqqəti rəis vəzifəsinə keçirilmiş, xx.xx.1992-ci ildə Təminat üzrə təchizat və satış şöbəsinə əmtəəşünas vəzifəsinə keçirilmiş, xx.xx.1992-ci ildə Maddi texniki təchizat şöbəsinə rəis vəzifəsinə keçirilmiş, xx.xx.1997-ci ildə Bakı Soyuducu Kombinatı "xxxx" X11 Cəmiyyətinə çevrilmiş, xx.xx.2000-ci ildə əmək haqqı ödənilməmək şərti ilə öz hesabına məzuniyyətə buraxılmışdır, xx.xx.2001-ci ildə "xxxx" X11 Cəmiyyəti "xxxx" X11 Cəmiyyəti adlandırılmışdır, xx.xx.2004-cü ildə öz xahişi ilə işdən azad edilmiş, xx.xx.2004-cü ildə “Engender Health-Aquire Azerbaijan” təşkilatına Maliyyə-administrator köməkçisi vəzifəsinə qəbul edilmiş, xx.xx.2009-cu ildə Layihənin başa çatması ilə əlaqədar işdən azad olmuşdur. İddiaçının 1976-2004-cü illərdə işləməsi barədə qeydlər əmək kitabçasında öz təsdiqini tapsa da, cavabdeh bu qeydlərin həqiqətə uyğun olmadığını sübut edən heç bir halın olmadığı halda 1976-2004-cü illər üzrə olan dövrü qəbul etmir, yeganə dəlil olaraq həmin dövrdə işlədiyi müəssisənin arxiv sənədlərinin Arxivə təhvil verilmədiyinə istinad edir. Beləliklə, hazırda cavabdeh inzibati orqan iddiaçının ümumi iş stajının 25 ildən az olması, pensiya kapitalının kifayət qədər olmaması, eləcə də onun işlədiyi müəssisənin arxiv sənədlərinin təhvil verilməməsi səbəbindən xx.xx.1976-cı il tarixindən xx.xx.2004-cü il tarixinədək Ş.Babayev adına Dondurma Kombinatı ATSC-də işlədiyi dövrlərdə sosial sığorta stajının araşdırılmasının mümkün olmaması və buna görə də pensiya hüququnun yaranmaması qənaətindədir. İşdə olan "xxxx" X11 Cəmiyyətinin xx.xx.2005-ci il tarixli arayışının surətindən görünür ki, İddiaçı 1976-cı ildən işlədiyi Bakı Soyuducu Kombinatı Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin 25 aprel 1997-ci il tarixli 2008 saylı şəhadətnaməsi ilə "xxxx" X11 Cəmiyyətinə çevrilmişdir. Tam özəlləşmədən sonra "xxxx" ATSC-nin adı dəyişilərək Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin 29 iyun 2001-ci il tarixli S-129 saylı şəhadətnaməsi ilə "xxxx" X11 Cəmiyyəti adlandırılmışdır. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xx.xx.2021-ci il tarixli məktubundan görünür ki, dövlət reyestrində "xxxx" X11 Cəmiyyətinin (VÖEN: **********) xx.xx.2001-ci il tarixdə S-129 nömrə ilə dövlət qeydiyyatından keçməsi, təsisçilərinin ümumi yığıncağının qərarına əsasən xx.xx.2014-cü il tarixdə ləğv edilməsi barədə məlumat mövcuddur. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin xx.xx.2021-ci il tarixli məktubundan görünür ki, “Azərbaycan Respublikasında 1995-1998-ci illərdə dövlət mülkiyyətinin özəlləşdirilməsinin Dövlət Proqramı”na uyğun olaraq, ləğv edilmiş "xxxx" Dövlət Şirkətinin Bakı soyuducu kombinatının bazasında keçmiş Dövlət Əmlak Komitəsinin xx.xx.1997-ci il tarixli, 144 nömrəli sərəncamı ilə "xxxx" Açıq Səhmdar Cəmiyyəti yaradılmış və cəmiyyətin səhmlərinin özəlləşdirilməsi xx.xx.2001ci il tarixində tam başa çatdırılmışdır. Eyni zamanda Azərbaycan Respublikasının Mülki Məcəlləsinə və qüvvədə olan digər qanunvericilik aktlarına əsasən, "xxxx" Açıq Səhmdar Cəmiyyəti müstəqil təsərrüfat subyekti olmaqla, cəmiyyətin maliyyə-təsərrüfat fəaliyyətindən irəli gələn məsələlər müəssisə tərəfindən sərbəst şəkildə həyata keçirilir. Beləliklə, sadalanan hallardan görünür ki, iddiaçının işlədiyi müəssisə həmin dövrdə mövcud olmuşdur. Cavabdehin istinad etdiyi hal- iddiaçının işlədiyi müəssisənin arxiv sənədlərinin təhvil verilməməsi barədə gətirdiyi dəlillə bağlı qeyd olunmalıdır ki, arxiv sənədlərinin saxlanılması və onun təhvil verilməsi iddiaçının deyil, işlədiyi müəssisənin rəhbərliyinin səlahiyyətində olmuşdur. Həmin səlahiyyətə uyğun sənədlərin Arxivə təhvil verilmə vəzifəsinin lazımınca icra olunmaması isə iddiaçının təqsiri deyil və buna görə də yaranan məsuliyyət iddiaçının üzərinə qoyula bilməz. Digər tərəfdən qeyd olunmalıdır ki, cavabdeh inzibati orqan apellyasiya şikayətində iddiaçının xx.xx.2000-ci ildən əmək haqqı ödənilməmək şərti ilə öz hesabına məzuniyyətə buraxıldığı barədə əmək kitabçasında müvafiq qeyd aparılsa da, onun məzuniyyətdə neçə müddət olması və hansı tarixdə qayıtması barədə hər hansı məlumatın əmək kitabçasında olmadığını bildirir. Bu barədə məhkəmə kollegiyası qeyd edir ki, əvvəla iddiaçının öz hesabına məzuniyyətə buraxıldığı dövr xx.xx.2006-cı il tarixədək olan dövrə (2000) təsadüf etdiyi üçün həmin dövrlər üzrə iddiaçının əmək pensiya təminatı hüququna əsasən işlədiyi dövrlər “qazanılmış hüquq” konsepsiyası baxımından onun stajına daxil edilir. Həmçinin nəzərə alınmalıdır ki, Əmək Məcəlləsinin 111-ci maddəsinə əsasən məzuniyyətdə olduğu müddət ərzində işçinin iş yeri, vəzifəsi (peşəsi) və bu Məcəllədə nəzərdə tutulmuş hallarda orta əmək haqqı saxlanılır, habelə işəgötürənin təşəbbüsü ilə əmək müqaviləsinin pozulması və işçinin intizam məsuliyyətinə cəlb edilməsi yolverilməzdir. Bu müddət işçinin əmək stajına, həmçinin ixtisası üzrə stajına daxil edilir. Bundan əlavə cavabdehin apellyasiya şikayətində iddiaçının əmək kitabçasının birinci səhifəsinin ilk işəgötürənin möhürü ilə təsdiq olunmadığı qeyd olunur. Bu barədə Kollegiya qeyd edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 dekabr tarixli 186 saylı qərarı ilə təsdiq edilmiş “İşçilərin əmək kitabçasının forması və onun tərtibi Qaydalarının 3.2-ci bəndinə əsasən işəgötürənlər tərəfindən əmək kitabçasında aşağıdakı qeydlər aparılır: (-). İşçinin işə götürülməsi, bir işdən başqa işə keçirilməsi və işdən azad edilməsi haqqında məlumat tarixi (gün, ay, il) göstərilməklə bu qeydləri aparmağa əsas verən əmək müqaviləsinə, əmrə, sərəncama (tarixi və nömrəsi göstərilməklə, uyğun aparılır. “İş haqqında məlumat” bölməsinin 3-cü qrafasında başlıq formasında işəgötürənin tam adı yazılır. Bu başlıq altında 1-ci qrafada daxil edilən yazılışın sıra nömrəsi, 2-ci qrafada isə işçinin qəbul edildiyi tarix göstərilir. 3-cü qrafada işin adı, peşəsi, yaxud vəzifəsi, həmçinin vahid tarif cədvəli üzrə əməyin ödənilməsi dərəcəsi konkret göstərilməklə hansı sexə, şöbəyə, bölməyə, sahəyə, peşə və ya vəzifəyə təyin edilməsi yazılır. İşçinin qəbul edildiyi işin, peşənin, yaxud vəzifənin adı haqqında qeyd fəhlə peşələri və qulluqçu vəzifələri üzrə ümumrespublika təsnifatına və müvafiq sahələr üzrə fəhlə peşələrinin və qulluqçu vəzifələrinin vahid tarif ixtisas sorğu kitabçalarına və digər müvafiq sənədlərə əsasən aparılır. İşəgötürən hüquqi şəxsin adı dəyişdirildikdə, fəhlə və qulluqçuya yeni dərəcə verildikdə, ştat cədvəlində; vəzifələrdə, əmək şəraitinin şərtlərində dəyişikliklər aparıldıqda əmək kitabçasında dəyişikliklər işəgötürənin əmrinə (sərəncamına) müvafiq aparılır. Həmin Qaydaların 4.1-ci bəndinə əsasən işçinin əmək kitabçasında işdən çıxmaq səbəbi qüvvədə olan qanunvericiliyin müddəalarına uyğun göstərilməlidir. İşəgötürənin və ya onun müəyyən etdiyi məsul şəxsin imzası və həmin müəssisənin, təşkilatın, idarənin möhürü ilə, fiziki şəxs olduqda isə tək imzası ilə təsdiq edilir. Göründüyü kimi, adı çəkilən Qaydalara əsasən əmək kitabçasında işçinin işə daxil olması barədə əmrlərdən qeydlər aparılarkən işəgötürən tərəfindən bu qeydlərlə bağlı həm də müəssisənin möhürünün vurulması tələb olunmur, belə möhürlə yalnız işçinin işdən çıxma ilə bağlı aparılan qeydlərin təsdiq olunması nəzərdə tutulmuşdur. Cavabdehin göstərdiyi-“əmək kitabçasının ilk səhifəsi”ndə isə iddiaçının yalnız işə qəbul və başqa vəzifələrə keçirilməsi ilə bağlı qeydlər öz əksini tapmışdır ki, belə qeydlərin də mütləq işəgötürənin möhürü ilə də təsdiq olunması tələb olunmur. Digər tərəfdən, Kollegiya qeyd edir ki, iddiaçıya məxsus əmək kitabçasından görünür ki, iddiaçının əmək kitabçasının ilk səhifələrində onun işə qəbul olunması, keçirildiyi vəzifələr və işlədiyi müəssisənin adının dəyişdirilməsi ilə bağlı qeydlər əksini tapmışdır. Bu, onu deməyə əsas verir ki, iddiaçının işlədiyi müəssisənin bir neçə dəfə adı dəyişdirilsə də, işçinin başqa vəzifəyə keçirilməsi qeyd olunsa da, faktiki olaraq iddiaçının bir müəssisədə işləməsi davamlı olmuşdur. Buna görə də hər dəfə müəssisənin adının və işçinin keçirildiyi vəzifələrin dəyişdirilməsi ilə bağlı qeydlərin müəssisənin həm də möhürü ilə təsdiqinə lüzum olmamışdır, başqa sözlə, belə tələb qanunla müəyyən olunmamışdır. Yalnız işçinin işdən azad olunması barədə əmri əmək kitabçasına qeyd olunaraq sonuncu işəgötürən tərəfindən bu qeyd düzgün olaraq həm də möhürlə təsdiqlənmişdir. Odur ki, iddiaçının əmək kitabçasının ilk səhifələrinin işəgötürənin möhürü ilə təsdiq olunması həm qanunvericiliyə əsasən tələb olunmur, həm də belə möhür vurulmalı olsaydı belə, bu vəzifə işəgötürənə aid edildiyi üçün, onun yerinə yetirilməsi iddiaçının üzərinə qoyula bilməz, yaxud da iddiaçı buna görə heç bir məsulyyət daşımadığı üçün həmin halın özü də işçinin bu müəssisədə işləməsi faktını şübhə altına ala bilməz. Nəzərə alınmalıdır ki, əmək kitabçasının ilk səhifələrində qeyd olunan- iddiaçının işlədiyi müəssisə tərəfindən onun həqiqətən də həmin dövrdə adı çəkilən və sonradan adı dəyişdirilən və özəlləşdirilmiş müəssisədə həmin dövrlərdə işləməsi faktı sonuncu işəgötürən müəssisə tərəfindən verilmiş arayışla təsdiq olunur. Beləliklə, iş üzrə iddiaçının əmək kitabçasının, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin məktublarının məzmunundan aydın olur ki, iddiaçının xx.xx.1976-cı il tarixindən xx.xx.2004-cü illərdə işlədiyi müəssisə mövcud olmuşdur. Buna görə də iddiaçının 1976-2004-cü illər üzrə iş stajını sübut edən əsas sənəd- əmək kitabçası təqdim olunan digər sənədlərlə birlikdə qiymətləndirilərək həmin dövrdə iş yeri olan müəssisənin fəaliyyət göstərməsi, iddiaçının da həmin müəssisədə işləməsi faktı təsdiq olunduğu üçün həmin dövr ona pensiya təyin edilməsi üçün iş stajına daxil edilməlidir. Məhkəmə kollegiyası onu da qeyd etməyi zəruri hesab edir ki, cavabdeh inzibati orqan iddiaçının mübahisəli dövrdə- xx.xx.1976-xx.xx.2004-cü illərdə işlədiyi müəssisənin arxiv sənədlərinin olmamasına görə həmin illərdəki stajı qəbul etməsə də, iddiaçının həmin müəssisədə işlədiyi sonrakı illərdəki iş stajını qəbul etmiş, belə olan halda istinad etdiyi imtinanın əsasını təşkil edən dəlili əsaslandıra bilməmişdir. Halbuki “İnzibati icraat haqqında” Qanunun 12.2-ci maddəsinə əsasən inzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. Qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 23.2-ci maddəsinə əsasən 1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı ümumi qaydada sığorta stajına daxil edilir. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı xx.xx.2006-cı il tarixədək qüvvədə olan qanunun tələbinə görə əmək kitabçasında qeyd olunan xx.xx.1976-cı il tarixdən xx.xx.2004-cü il tarixədək olan dövr üzrə stajdan irəli gələn hüquqlarının (hazırkı halda, sosial təminat hüququnun) tanınmasını tələb etmək haqqına sahibdir. Həmin münasibətləri tənzimləyən sonrakı qanunvericilik aktlarında (hazırkı halda 2006-cı il yanvarın 1-dən qüvvəyə minmiş “Əmək pensiyaları haqqında” Qanunda) iddiaçının hüquqlarını aradan qaldıran və ya bu hüquqları məhdudlaşdıran müddəalar ona münasibətdə tətbiq oluna və iddiaçının artıq bunadək qazanmış olduğu hüququnun (sosial təminat tədbirinin tətbiqinin zəruri şərti kimi çıxış edən iş stajına malik olma hüququnun) aradan qalxmasına səbəb ola bilməz. Odur ki, iddiaçının xx.xx.1976-cı il tarixdən xx.xx.2004-cü il tarixədək işlədiyi müddət onun stajına daxil edilməlidir. Belə olan halda iddiaçıya yaşa görə əmək pensiyasının təyin olunması üçün tələb olunan iki şərtdən biri- 25 ildən az olmayan ümumi sığorta stajına malik olması şərti ödənildiyi üçün digər şərtə- “fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi” şərtinin yoxlanılmasına ehtiyac qalmır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Hazırki işdə iddiaçıya yaşa görə əmək pensiyasının təyin olunmasını istisna edən faktiki şərtlərin mövcudluğunu cavabdeh inzibati orqan sübuta yetirə bilmir. Beləliklə, məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya şikayətinin dəlilləri bu qərarın əsaslandırıcı hissəsində göstərilənlərlə bağlı əsassızdır, buna görə də təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. Qeyd olunanlara əsasən cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməməli və Bakı İnzibati Məhkəməsinin 2-1(112)-10769/2021 saylı 27 dekabr 2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-10769/2021 saylı 27 dekabr 2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova Hakimlər Mirzə Tağızadə Aytən Oruczadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar