Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1731/2024 02.05.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), Talışınski Fuad Şəmsəddin oğlu və X2 ibarət tərkibdə, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “pensiyanın yenidən hesablanması tələbinə dair” inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-11513/2023 nömrəli xx.xx.2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İ. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi, sonradan isə iddianın dəqiqləşdirilməsi barədə ərizə ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək cavabdehin onun pensiyasının yenidən hesablanması barədə xx.xx.2022-ci il tarixli **********8 nömrəli qərarının ləğv edilməsi və iddiaçıya əmək pensiyası təyin edildikdən sonra 6 il və daha çox işləyərək fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalına əsasən onun əmək pensiyasının, qulluq stajına görə əmək pensiyasına əlavələrin məbləği azaldılmamaqla yenidən hesablanması öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-11513/2023 nömrəli iş üzrə xx.xx.2023-cü il tarixli qərarı ilə iddia tələbi təmin edilmişdir. Cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin həmin qərarının ləğv edilməsini və iddianın rədd olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. İşin apellyasiya icraatı zamanı, hazırkı məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi T.Hətəmova ərizə ilə məhkəməyə müraciət edərək, mübahisənin məhkəmədən kənar qaydada həll edildiyini və iddia tələbinin təmin edildiyini, iş üzrə mübahisənin artıq mövcud olmadığını bildirərək Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin («İPM») 67.2 və 67.3-cü maddəsinə əsasən iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə kollegiyasının iclası barədə xəbərdar edilmiş iddiaçı (nümayəndəsi) məhkəmə iclasına gəlməmiş, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəllənin («İPM») 62-ci maddəsinin tələblərini nəzərə alan məhkəmə kollegiyası işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İİ. Məhkəmə kollegiyası cavabdehin nümayəndəsini dinləyib, təqdim etdiyi sənədləri iş materialları ilə birlikdə araşdırıb belə hesab edir ki, ərizəsi təmin olunmalı, birinci instansiya məhkəməsinin qərarı ləğv olunaraq iş üzrə icraata xitam verilməlidir. Belə ki, cavabdehin iş üzrə icraata xitam verilməsi barədə ərizəsinə əlavə edilmiş əmək pensiyasının yenidən hesablanması barədə 3-17-1/3-7-3200/2024 saylı xx.xx.2024-cü il tarixli qərarına əsasən müəyyən olunur ki, iddiaçının əmək pensiyası onun fərdi hesabında yığılmış pensiya kapitalına görə yenidən hesablanraq xx.xx.2024-cü il tarixdən 3026,61 manata çatdırılmış, bununla da tərəflər arasındakı mövcud mübahisə məhkəmədən kənar qaydada öz həlillini tapmışdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin («İPM») 39.3-cü maddəsinə əsasən məhkəmə tərəfindən müəyyən olunmuş müddət ərzində inzibati akt qəbul edildikdə və ya şikayət təmin olunduqda iş üzrə icraata xitam verilir. Eyni zamanda, 67.1-ci maddəsinin tələbinə görə mübahisə ilə bağlı məhkəmənin yekun qərarı qəbul edilənədək cavabdeh (inzibati orqan) iddiaçının tələbinin təmin olunduğu yeni inzibati akt qəbul etməyə və ya qanunda nəzərdə tutulmuş başqa tədbir görməyə haqlıdır. Həmin Məcəllənin 67.2-ci maddəsinə əsasən sədrlik edən hakim iddiaçının tələbinin təmin olunduğu yeni inzibati aktın qəbul edilməsi və ya qanunda nəzərdə tutulmuş başqa tədbirin görülməsi, habelə bu barədə məhkəməyə müvafiq məlumatın verilməsi üçün cavabdehə müddət təyin edə bilər. Həmin Məcəllənin 67.3-cü maddəsinə əsasən bu Məcəllənin 67.2-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş müddət ərzində cavabdeh tərəfindən iddiaçının tələbinin təmin olunduğu və işin mahiyyəti üzrə mübahisənin artıq mövcud olmadığı hallarda məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Beləliklə də, qeyd olunanları nəzərə alan məhkəmə kollegiyası belə hesab edir ki, cavabdehin ərizəsinin təmin olunması, birinci instansiya məhkəməsinin qərarının ləğv olunması və iş üzrə icraata xitam verilməsi barədə qərardad çıxarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və İPM-in 80, 83, 89, 90-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Cavabdehin icraata xitam verilməsi barədə ərizəsi təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-11513/2023 nömrəli iş üzrə xx.xx.2023-cü il tarixli qərarı ləğv edilsin. İş üzrə icraata xitam verilsin. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin (Bakı şəhəri Y.Səfərov küçəsi,14, 1193-cü məhəllə) İnzibati kollegiyasına kassasiya şikayəti verə bilərlər.
Məhkəmə qərarları › İş №2-1(103)-1731/2024
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1731/2024
02.05.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver