Məhkəmə qərarları › İş №2-1(103)-1732/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1732/2021

14.06.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1732/2021 14.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Tağızadə Mirzə Nəsib oğlu (sədrlik edən və məruzəçi), Cəmilova Xəyalə Adil qızı və Hüseynov Azər Səltanhəmid oğlundan ibarət tərkibdə Orucova Aysu Əli qızının katibliyi, İddiaçının vəkili X3, İddiaçının nümayəndəsi X2, Üçüncü şəxsin vəkili X1 iştirakları ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (üçüncü şəxs “xxxx” MTK) mənzilə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsi tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2167/2021 saylı, 18 fevral 2021-ci il tarixli qərardadından üçüncü şəxs tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi,540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “xxxx” MMC-dən aldığı Bakı şəhəri, Nəsimi rayonu, D.Əliyeva küçəsində 1 saylı çoxmənzilli yaşayış binasının Vİ mərtəbəsində yerləşən ümumi sahəsi 140,6 kv.metr olan 3 otaqlı 15 saylı mənzili onun adına mülkiyyət hüququ üzrə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 15.11.2018-ci il tarixli, 2-1(81)- 4536/2018 saylı qərarı ilə iddia təmin edilərək, Bakı şəhəri, Nəsimi rayonu, D.Əliyeva küçəsində 1 saylı çoxmənzilli yaşayış binasının Vİ mərtəbəsində yerləşən ümumi sahəsi 140,6 kv.metr olan 3 otaqlı 15 saylı mənzilin İddiaçı adına mülkiyyət hüququ üzrə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla reyestrdən çıxarışın verilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi qərara alınmışdır. Həmin qərar, ondan qanunla müəyyən edilmiş müddət ərzində şikayət verilmədiyindən qanuni qüvvəyə minmişdir. “xxxx” Mənzil Tikinti Kooperativi Bakı İnzibati Məhkəməsinə ərizə ilə müraciət edərək, inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilməsi və inzibati məhkəmə icraatının təzələnməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 15.10.2020-ci il tarixli, 2-1(81)-4536/2018 saylı qərardadı ilə “xxxx” MTK-nın ərizəsi təmin edilmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2- 1(81)-4536/2018 saylı 15 noyabr 2018-ci il tarixli qərarı ləğv edilmiş və “xxxx” MTK hazırkı inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişdir. Üçüncü şəxs “xxxx” Mənzil Tikinti Kooperativi ərizə ilə müraciət edərək hazırkı iş baxılıb yekun nəticə qəbul edilib, qanuni qüvvəsini alana qədər Bakı şəhəri, Nəsimi rayonu, D.Əliyeva küçəsi, məhəllə 717, inşa edilmiş çoxmənzilli yaşayış binasının 6-cı mərtəbəsində yerləşən ümumi sahəsi 140,6 kv.m. olan 3 otaqlı 15 saylı mənzilin üzərinə həbs qoyulması və həmin iş üzrə icraata dönüş barədə qərardad qəbul edilməsi xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 18.02.2021-ci il tarixli, 2-1(112)-2167/2021 saylı qərardadı ilə ərizə təmin edilməmişdir. Qərardaddan narazı qalan üçüncü şəxs apelyasiya şikayəti verərək qərardadın ləğv edilməsini xahiş etmişdir. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, “xxxx” MTK və “xxxx“ MMC ilə 05 mart 2006-cı il tarixli müştərək fəaliyyət üçün razılaşdırılma müqaviləsinin 3.1.14-cü bəndində görünür ki, mənzillərin satılması üçün alıcılarla bağlanan müqavilə “xxxx” MTK tərəfindən bağlanılır. İddiaçı çıxarışın verilməsi ilə bağlı cavabdehə müraciət etdiyi zaman həmin bina istismara təhvil verilməmişdir. Hazırkı vəziyyətdə mübahisəli mənzilin üzərində həmin iş baxılıb yekun nəticə qanuni qüvvəsini alana qədər müvəqqəti xarakterli tədbirlər, yəni həbs qoyulması zəruridir və işin icraatına dönüş verilməlidir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdeh tərəf məhkəməyə gəlməmiş, məhkəmə kollegiyası onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən üçüncü şəxsin vəkili izahat verərək apelyasiya şikayətinin təmin edilməsini, mübahisəli mənzilin üzərinə həbs qoyulmasını və həmin iş üzrə icraata dönüş verilməsi barədə qərardad verilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddiaçı tərəf apelyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərardadının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Kollegiya işin hallarını, şikayətin dəlillərini araşdıraraq aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 40.1-ci maddəsinə əsasən maraqlı şəxs inzibati aktın (bu Məcəllənin 131.2-ci maddəsinin ikinci cümləsində nəzərdə tutulmuş inzibati akt istisna olmaqla) icrasının dayandırılması barədə və ya iddianın təmin edilməsinə (iddiaçının hüquqlarının qorunmasına) yönəlmiş digər təminat tədbirlərinin görülməsi (bundan sonra - müvəqqəti xarakterli müdafiə) barədə məhkəməyə ərizə ilə müraciət edə bilər. Həmin Məcəllənin 40.3-cü maddəsinə görə məhkəmə müvəqqəti xarakterli müdafiə tədbiri qismində cavabdehin üzərinə müəyyən hərəkətləri etmək və ya müəyyən hərəkətləri etməkdən çəkinmək, yaxud müəyyən hərəkətlərə dözmək barədə vəzifə qoya bilər. Qanuni əsaslar olduğu hallarda məhkəmə üçüncü şəxslərin də üzərinə belə vəzifələr qoya bilər. AR İPM-in 1.2-ci maddəsinə görə Bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra - inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. AR MPM-nin 158.1-ci maddəsinə əsasən iddianı təmin etmək üçün aşağıdakı tədbirlər görülə bilər: 158.1.1. cavabdehdə və ya digər şəxslərdə olan cavabdehə məxsus əmlak üzərinə həbs qoymaq. Birinci instansiya məhkəməsi mübahisəli əmlakın üzərinə həbs qoyulması ilə bağlı ərizənin təmin edilməməsinə dair mövqeyini əsaslandırarkən qeyd etmişdir ki, ”digər tərəfdən mövcud qanunvericilik normaları daha dəqiq desək, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” AR Qanununun 14-cü maddəsi hüquq barəsində mübahisə barədə məhkəmədən müvafiq məlumatın daxil olduğu halda qeydiyyatın dayandırılmasını nəzərdə tutur. Eyni zamanda üçüncü şəxsin ərizəsində göstərilən mənzil üzərində həbs qoyulması mülkiyyətçinin istifadə və sahiblik hüquqlarının həyata keçirilməsinə mane ola bilər. Həmin əmlakın üzərində sərəncam verilməsinə qadağan qoyulmasına isə adətən onun başqa şəxsin adına özgəninkiləşdirilməsini ehtiva etdiyindən və hazırkı mübahisə başa çatanadək (bu barədə cavabdeh kimi DƏDRX 1 saylı Ərazi İdarəsi məlumatlıdır) hər hansı qeydiyyat aparılması qanunla dayandırıldığından zərurət yaranmır”. Birinci instansiya məhkəməsinin istinad etdiyi qanunun məzmunundan da açıq aydın görünür ki, mübahisə barəsində məhkəmədən müvafiq məlumatın daxil olduğu halda hər hansı qeydiyyatın dayandırılması DƏDRX-nin müfaviq qurumunun vəzifəsidir. Lakin birinci instansiya məhkəməsi bu halda DƏDRX-nin müfaviq qurumunun öz vəzifəsini ( vəzifəsinin icrasına səhlənkar yanaşması, diqqətsizlik etməsi və sair səbəbdən) icra etməməsi ehtimalını nəzərə almamışdır. Eyni zamanda, məhkəmə kollegiyası onu da qeyd etməyi zəruri hesab edir ki, müvəqqəti xarakterli tədbir görülərkən işin faktiki hallarından asılı olaraq, işdə iştirak edən üçüncü şəxs statusunda olan şəxslərin də qanunla qorunan mənafeləri nəzərə alınmalıdır. Həm də müvəqqəti xarakterli müdafiə tədbirinin məqsədi gələcəkdə məhkəmənin qərarının icrasında baş verə biləcək hər hansı bir çətinliyi aradan qaldırmaqdır. Qərarın gələcəkdə icrasının çətinləşməsi və ya qeyri-mümkün olması mübahisəli əmlakın özgəninkiləşdirməsi ilə əlaqəli olar bilər. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, əmlak üzərinə həbs qoyulmasına dair təmin tədbiri daha geniş anlayış olub mülkiyyətçinin sahiblik və istifadə hüququndan müvəqqəti olsa da məhrum etdiyindən, müvəqqəti xarakterli müdafiə tədbirinə dair ərizə qismən təmin edilərək, mübahisəli mənzilin üzərində sərəncam verilməsinə qadağa qoyulmalıdır. Kollegiya bu nəticəyə gələrkən qərarın icrasını çətinləşməsinin və ya qeyri-mümkün olmasının qarşısını almaqla yanaşı, görüləcək tədbirin məhkəmə mübahisəsinin davam edəcəyi müddət ərzində mülkiyyətçinin istifadə və sahiblik hüquqlarının həyata keçirilməsinə də mane olmayacağını nəzərə alır. İcraya dönüş hissəsində ərizənin təmin edilməməsi ilə bağlı məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq bildirir ki, iddia tələbində göstərilən məsələ mahiyyətcə yaşayış sahəsinə dair daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatın ləğvini ehtiva edir ki, bu da inzibati məhkəmə icraatı qaydasında ayrıca iddia tələbi ilə mübahisələndirilə bilər. AR İPM-in 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Həmin Məcəllənin 87-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apelyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı həbsin qoyulmasının rədd edilməsi hissəsində ləğv olunmalı, ərizə həmin hissədə qismən təmin olunaraq Bakı şəhəri, Nəsimi rayonu, D.Əliyeva küçəsi, məhəllə 717, inşa edilmiş çoxmənzilli yaşayış binasının 6-cı mərtəbəsində yerləşən ümumi sahəsi 140,6 kv.m. olan 3 otaqlı 15 saylı mənzilin özgəninkiləşdirilməsi qadağan edilməli və qərardad qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 87, 89, 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Üçüncü şəxs “xxxx” MTK tərəfindən verilmiş apelyasiya şikayəti qismən təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2167/2021 saylı, 18 fevral 2021-ci il tarixli qərardadı həbsin qoyulmasının rədd edilməsi hissəsində ləğv olunsun, ərizə həmin hissədə qismən təmin olunaraq Bakı şəhəri, Nəsimi rayonu, D.Əliyeva küçəsi, məhəllə 717, inşa edilmiş çoxmənzilli yaşayış binasının 6-cı mərtəbəsində yerləşən ümumi sahəsi 140,6 kv.m. olan 3 otaqlı 15 saylı mənzilin özgəninkiləşdirilməsi qadağan edilsin. Qərardad qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qərardaddan təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Mirzə Tağızadə Hakim: Xəyalə Cəmilova Hakim: Azər Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar