Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1732/2022 11.11.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X10 Hüseynin sədrliyi və məruzəsi ilə, Azər Soltanhəmid oğlu Hüseynov və Səadət İnayət qızı Bəktaşidən ibarət tərkibdə, Aytac Mahir qızı Məmmədlinin katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə qarşı “müharibə veteranı adının və vəsiqəsinin verilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 24 dekabr 2021-ci il tarixli, 2-1(112)- 7662/2021 saylı qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin xx.xx.1992-ci il tarixli 157 №-li sərəncamına əsasən, 6 №-li X7 baş həkimi Rumiya Sultanovanın göstərişi ilə sürücü işlədiyi UAZ-452 markalı, 10-97AQU nömrəli maşınla xx.xx.1992-ci il tarixində 10 gün müddətində Tər-Tər rayonu Ağdərə-Çıldıran döyüş zonasında səyyar hospital tərkibində hərbiçilərə sürücü xidmətləri göstərmişdir. Orada olduğu müddətdə o, başından zərbə almış, ayaqüstü mikroinfarkt keçirtmiş, dəfələrlə ölümlə üz-üzə gələrək, döyüş yerindən yaralı və həlak olmuş döyüşçüləri maşını ilə təhlükəsiz Ağdərə və Tər-Tər hospitalına aparmışdır. Bir sözlə, ona hərbiçilər tərəfindən verilən tapşırıqları layiqincə yerinə yetirmişdir. Bununla əlaqədar olaraq ona “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsi üçün cavabdehə müraciət etsə də, müraciətinin təmin edilməsindən imtina edilmişdir. Cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən məhkəməyə təqdim olunmuş etirazda göstərilmişdir ki, qanunvericilik normalarının tələblərinə əsasən, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən şəxsin müharibə veteranı hesab edilməsi üçün yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılarla birgə döyüşlərdə iştirakı sübut edən sənədlər təqdim edilməlidir. Döyüşlərdə iştirakı sübut edən sənədlər dedikdə - silahların təhkim edilməsi barədə əmrlərdən çıxarışlar, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, əmrlərdən çıxarışlar, döyüşlərdə iştirakı sübut edən başqa sənədlər nəzərdə tutulur. Həmçinin, könüllü özünümüdafiə dəstəsi hərbiləşdirilmiş birləşmə olmaqla silahla təchiz olunmuş qaydada döyüş əməliyyatlarında iştirak etmiş olmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “X1 şikayətinə əsasən, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının xx.xx.2006-cı il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2007-ci il tarixli Qərarında göstərilmişdir ki, müharibə veteranı adının verilməsi ilə bağlı mübahisələr məhkəmələrdə həll olunarkən hər bir halda şəxsin döyüş zonasında hansısa obyektiv və ya subyektiv səbəbdən olması və bu halda hansı şəxs qismində çıxış etməsi ilə yanaşı, onun Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirakının sübuta yetirilməsi vacibdir. Məhkəmə baxışı zamanı hər hansı bir şəxsin məhz döyüş əməliyyatlarının hərbi terminologiyada qəbul olunmuş anlayışına və məzmununa aid edilə biləcək əməllərdə iştirakı tədqiq olunmalıdır. İddiaçı özünümüdafiə dəstələrinin tərkibində Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirakını sübut edən sənədlər olmadığından, iddia tələbi təmin edilə bilməz. Bakı İnzibati Məhkəməsinin 24 dekabr 2021-ci il tarixli, 2-1(112)-7662/2021 saylı qərarı ilə iddia rədd edilmişdir. Qərardan narazı qalan iddiaçı iddia ərizəsi ilə eyni məzmunlu apellyasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddia ərizəsinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasında iştirak edən iddiaçı apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmağına baxmayaraq cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma hissəsi: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 24 dekabr 2021-ci il tarixli, 2-1(112)-7662/2021 saylı qərarı dəyişdirilmədən saxlanılmalıdır. Tələbdən də göründüyü kimi iddiaçı ona müharibə veteranı adı və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun: 3-cü maddəsinə əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranları sayılırlar; “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanununun 3-cu maddəsinə görə vətəndaşlar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə çağırıldıqları, könüllü qaydada və ya bağlaşma üzrə Silahlı Qüvvələrdə xidmətə daxil olduqları, toplanışlara çağırıldıqları, hərbi təhsil müəssisələrinə daxil olduqları kündən hərbi qulluqçu statusu əldə edir və Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmətdən buraxıldıqları, hərbi hissənin siyahılarından çıxarıldıqları, hərbi təhsil müəssisələrindən çıxarıldıqları və ya kənar edildikləri, toplanışı başa çatdırdıqları gündən bu statusu itirirlər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il 22 sentyabr tarixli, 216 nömrəli Qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə”nin 1-ci bəndinin 8-ci yarımbəndinə əsasən müharibə veteranı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1988-ci il fevralın 1-dən 1994-cü il mayın 12-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində – Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin 1994-cü il 12 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara – müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilir. Həmin Əsasnamənin qeyd hissəsində göstərilmişdir ki, bu qayda Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibi bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş, “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin birinci hissəsinin üçüncü abzasında göstərilmiş şəxslərə şamil olunmur. Həmin Əsasnamənin sözügedən bəndinin 10-cu yarımbəndində göstərilmişdiur ki, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən onun yaratdığı müvafiq komissiyanın rəyinə əsasən verilir. Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2021-ci il tarixli məktubda qeyd edilir: Azərbaycan Respublikası Müdafiə Nazirliyinə daxil olmuş ərizənizə cavab olaraq bildiririk ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 216 nömrəli 22 sentyabr 1995-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnaməyə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş hərbi qulluqçulara “Müharibə veteranı” adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) şəxsin hal-hazırda xidmət keçdiyi (qulluq etdiyi), əvvəllər ehtiyata və istefaya buraxılmış şəxslərə isə sonuncu xidmət keçdiyi (qulluq etdiyi) yerdən asılı olaraq, aidiyyəti üzrə müvafiq Qurum tərəfindən onun yaratdığı müvafiq komissiyanın rəyinə əsasən verilməsi nəzərdə tutulub. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə “Müharibə veteranı” adı və vəsiqəsi (o cümlədən, onun dublikatı) Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən yaratdığı müvafiq komissiyanın rəyinə əsasən verilməsi nəzərdə tutulmuşdur. Yuxarıda qeyd olunanları nəzərə alaraq, hərbi qulluqçu statusuna malik olmadığınıza görə Sizə “Müharibə veteranı” adı və vəsiqəsi verilməsi üçün aidiyyəti üzrə Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən yaratdığı müvafiq komissiyaya müraciət etməyiniz məqsədəuyğundur Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2021-ci il tarixli məktubda qeyd edilir: Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə daxil olmuş “müharibə veteranı” statusunun verilməsinə dair ərizə və sənədlərinizə baxılmışdır. Belə ki, təqdim etdiyiniz sənədlərdən məlum olur ki, Siz xx.xx.1994-cü il tarixdə N saylı hərbi hissəyə döyüş tapşırığını yerinə yetirmək məqsədilə deyil, Bakı şəhər Baş Səhiyyə İdarəsinin X4 sürücüsü kimi sanitar köməklik göstərilməsi məqsədilə döyüş bölgəsinə ezam olunmusunuz. Bildiririk ki, “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamənin və müvafiq vəsiqələrin nümunəsinin, eskizinin və təsvirinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il 22 sentyabr tarixli 216 nömrəli qərarına əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1988-ci il fevralın 1-dən 1994-cü il mayın 12-dək erməni millətçi dəstələrinə qarşı aparılan döyüş əməliyyatlarında iştirak etmiş şəxslərə və hərbi qulluqçulara - müvafiq dövlət və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında müharibə veteranı adı verilir. Bu səbəbdən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan döyüş əməliyyatlarında iştirak etməyinizə dair təsdiqedici hüquqi sənədlər olmadığı üçün Sizə “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsi mövcud qanunvericiliyin tələblərinə əsasən mümkün deyil. İcbari Tibbi Sığorta üzrə X9 Ərazi Bölmələrini İdarəetmə Birliyi 6 nömrəli X8 tərəfindən Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə ünvanlanmış xx.xx.2021-ci il tarixli 50 saylı məktubundan görünür ki, vətəndaş İddiaçı Rüfət oğlu xx.xx.1992-ci il tarixdən 6 saylı UKX-na “UAZ-452” markalı maşına sürücü vəzifəsinə qəbul edilmişdir (Əmr № 61 §3- xx.xx.1992-ci il). Həqiqətən o, 10 gün müddətinə cəbhə xəttinə ezam olunub və bununla əlaqədar ona ƏKŞ-nın xx.xx.1992-ci il tarixli, 26 №-li Protokoluna əsasən 2500.00 (iki min beş yüz) manat məbləğində maddi yardım edilib (Əmr № 72 §1- xx.xx.1992-ci il). Bakı şəhəri Baş Səhiyyə İdarəsi 6 nömrəli X5 xx.xx.1992-ci il tarixli 72 §1 nömrəli əmrindən çıxarışdan görünür ki, İddiaçı - xəstəxananın sürücüsünə ailə vəziyyəti ilə əlaqədar və cəbhə xəttinə ezam olunduğu üçün iki min beş yüz manat məbləğində maddi yardım edilməsi əmr edilmişdir. Əsas: ƏKŞ-nın 26№-li xx.xx.1992-ci il tarixli Protokolu. Bakı şəhər İcraiyyə Komitəsinin Bakı şəhəri Baş Səhiyyə İdarəsi 6 nömrəli X6 xx.xx.1998-ci il tarixli 87 nömrəli arayışından görünür ki, İddiaçı Rüfət oğlu həqiqətən Azərbaycan Respublikası Səhiyyə Nazirinin göstərişi və Respublikada yaranmış müharibə vəziyyəti ilə əlaqədar olaraq Tərtər rayonunun əhalisinə və hərbçilərə tibbi xidmət göstərmək məqsədi ilə xx.xx.1992-ci il tarixdən 10 gün müddətinə həmin rayona ezam edilmişdir. İcbari Tibbi Sığorta üzrə X9 Ərazi Bölmələrini İdarəetmə Birliyi Bakı şəhər Baş Səhiyyə İdarəsi 6 nömrəli X8 tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2021-ci il tarixli 185 saylı məktubdan görünür ki, vətəndaş İddiaçı Rüfət oğlu xx.xx.1992-ci il tarixdən 6 saylı UKX-na “UAZ-452” markalı maşına sürücü vəzifəsinə qəbul edilib (Əmr № 61 §3xx.xx.1992-ci il). Həqiqətən o, 10 gün müddətinə cəbhə xəttinə ezam olunub və bununla əlaqədar ona ƏKŞ-nın xx.xx.1992-ci il tarixli, 26 №-li Protokoluna əsasən 2500.00 (iki min beş yüz) manat məbləğində maddi yardım edilib (Əmr № 72 §1- xx.xx.1992-ci il). Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçı ona «Müharibə Veteranı» adı və vəsiqəsinin verilməsini tələb edir. Lakin iş materiallarında olan sənədlər əsasında iddiaçının Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etməsi öz təsdiqini tapmadı. Halbuki Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr 1995-ci il tarixli 216 saylı qərarı ilə təsdiq edilmiş «Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə»nin tələblərinə əsasən müharibə veteranı adı şəxsin döyüşlərdə iştirakını sübut edən sənədlər təqdim edildiyi halda verilir. İddiaçı onun döyüşlərdə iştirakını təsdiq edən sübutları məhkəməyə təqdim edə bilmədi. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr 1995-ci il tarixli, 216 nömrəli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin 1-ci bəndində döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş hərbi qulluqçulara “Müharibə veteranı” adının verilməsi nəzərdə tutulmuşdur. Bakı şəhər İcraiyyə Komitəsinin Bakı şəhəri Baş Səhiyyə İdarəsi 6 nömrəli X6 xx.xx.1998-ci il tarixli 87 nömrəli arayışında İddiaçı Rüfət oğlunun Azərbaycan Respublikası Səhiyyə Nazirinin göstərişi və Respublikada yaranmış müharibə vəziyyəti ilə əlaqədar olaraq Tərtər rayonunun əhalisinə və hərbçilərə tibbi xidmət göstərmək məqsədi ilə xx.xx.1992-ci il tarixdən 10 gün müddətinə həmin rayona ezam edildiyi qeyd olunsa da, məhz hansı hərbi hissəyə ezam olunması, döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi ilə əlaqədar ezam olunması müəyyən olunmur. Hazırkı halda iddiaçının ezamiyyətinin məqsədinin döyüş tapşırığının və döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi ilə bağlı olmamışdır. Bundan başqa, apellyasiya baxışı zamanı şahid qismində dindirlmiş X3 ifadə verərək bildirmişdir ki, 1992-cilin avqustunda dedilər ki, cəbhəyə getmək lazımdır, özü sonradan Qarabağda qaldı, hərbi hissədə işlədi. Ağdərəyə iddiaçı ilə birlikdə getməmişlər, başqa maşınlarda getmişlər, iddiaçını orda görmüşdür. N saylı hərbi hissədə olanda veteran vəsiqəsini verdilər. 2000-ci ildə vəsiqəni verdilər. Bununla bağlı qeyd edilməlidir ki, X2 veteran vəsiqəsinin verilməsi ilə bağlı cavabdehin hərəkəti Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin tələbinə zidd hal kimi qiymətləndirilməməlidir. İddiaçı döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi ilə əlaqədar ezam olunması müəyyən olunmamış, bundan başqa şahid qismində dindirilmiş X3 daha sonra hərbi hissədə qalaraq işləməyə davam etmişdir. Belə olan halda eyni statusda olan şəxsə cavabdeh tərəfindən fərqli yanaşmaya yol verilməsi təsdiqini tapmır. İddiaçı bununla əlaqədar sübutları məhkəməyə təqdim edə bilməmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Hazırkı iddia tələbi üzrə inzibati aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının, belə şərtlərin mövcudluğunu istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı halda iddiaçı ona müharibə veteranı adı verilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübuta yetirə bilməmiş, cavabdeh iddiaçıya imtina cavabı verməkdə haqlı olmuşdur. Bu səbəbdən də iddianı əsassız sayaraq təmin etməyən birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Beləliklə də kollegiya iddiaçının apellyasiya şikayətinin dəlillərini formal mülahizələr kimi qəbul edərək hesab edir ki, bu dəlillər qanuni məhkəmə qərarının ləğvi üçün əsas ola bilməz. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Sadalanan xüsusatlara və istinad olunan hüquq normalarına əsaslanan məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 87, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, Kollegiya qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 24 dekabr 2021-ci il tarixli, 2-1(112)-7662/2021 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Aida Hüseyn Hakimlər Azər Hüseynov Səadət Bəktaşi
Məhkəmə qərarları › İş №2-1(103)-1732/2022
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1732/2022
11.11.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver