Məhkəmə qərarları › İş №2-1(103)-1732/2024

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1732/2024

23.04.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1732/2024 23.04.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (üçüncü şəxslər X15 və X17) iş üzrə QƏRARİ (Açar sözlər: « bağ sahəsinə dair hüququn ölmüş şəxsə məxsus olmasına dair arayışın verilməsi ») Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası, hakimlər Şərafət Asif qızı Məmmədova (sədrlik edən və məruzəçi), X2 və X6 ibarət tərkibdə, Aytac Mahir qızı Məmmədlinin katibliyi, İddiaçının nümayəndəsi X7, Cavabdehin nümayəndəsi X5 iştirakları ilə, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9620/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Bakı şəhər İcra Hakimiyyətinin xx.xx.1998-ci il tarixli 253 saylı qərarına əsasən X10 (Zeynalovnaya) Bakı şəhəri Sabunçu rayonu Pirşağı bağlar sahəsində, 218 saylı BTK nəzdində, ümumi sahəsi 0,12 hektar olan 176 “C” saylı bağ sahəsi ayrılmışdır.

2. Həmin bağ sahəsinə dair X10 X4 və İstismarı Birliyi tərəfindən 7 saylı order verilmişdir.

3. X16 xx.xx.1998-ci il tarixdə vəfat etmişdir.

4. 29 saylı notariat kontorunun xüsusi notariusu tərəfindən verilmiş xx.xx.2012-ci il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnaməyə” əsasən X8 vərəsələri İddiaçı (bundan sonra – iddiaçı) və X11r.

5. İddiaçı həmin bağ sahəsinə mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması, torpaq sahəsinin plan ölçüsünün tərtib edilməsi və daşınmaz əmlakının dövlət reyestrindən çıxarışın verilməsi barədə ərizə ilə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra – cavabdeh) müraciət etmişdir.

6. Cavabdeh xx.xx.2013-cü il tarixli cavab məktubunda qeyd etmişdir ki, təqdim edilmiş sənədlərdə bağ sahəsi 0,12 ha olduğu halda, əlavə 877,0 kv. metr torpaq sahəsi istifadə edilməkdədir. Torpaq sahəsinə dair heç bir hüquqmüəyyənedici sənəd təqdim edilməmişdir.

7. İddiaçının xx.xx.2022-ci il tarixli təkrar müraciətinə, cavabdeh xx.xx.2022-ci il tarixli məktubunda qeyd etmişdir ki, Bakı şəhər İcraiyyə Komitəsinin xx.xx.1991-ci il tarixli 13/585 N-li qərarı ilə 218 №-li BTK nəzdində X1 adına B/S nömrəli order əsasında Pirşağı qəsəbəsində 0,12 ha torpaq sahəsi olan 176 "S” saylı bağ sahəsi ayrılmış, daha sonra X14 və ailə üzvlərinin sözügedən bağ sahəsinin X9 adına keçirilməsi ilə bağlı notarial qaydada təsdiq edilmiş xx.xx.1998-ci il tarixli ərizə ilə X12 müraciət etmişlər, lakin X8 adına Pirşağı qəsəbəsində 176 "S” saylı bağ sahəsinin ayrılmasına dair sənəd (order) İdarənin arxivində aşkar edilməmişdir.

İş üzrə qəbul edilmiş məhkəmə aktı

a) Birinci instansiya məhkəməsində icraat

8. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhər İcra Hakimiyyətinin xx.xx.1998-ci il tarixli 253 saylı qərarına əsasən Bakı şəhər İcra Hakimiyyəti Aparatının X4 və İstismarı Birliyinin 7 saylı orderi ilə mərhum anası X10 (Zeynalovnaya) Bakı şəhəri Sabunçu rayonu Pirşağı bağlar sahəsində 218 saylı BTK nəzdində ayrılmış ümumi sahəsi 0,12 hektar olan 176 “C” saylı bağ torpaq sahəsinin xüsusi mülkiyyət hüququ ilə mərhum X10 (Zeynalovna) məxsus olması barədə arayışın (çıxarışın) verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

9. İşin yuxarıda sadalanan hallarına istinad edilərək iddia tələbi onunla əsaslandırılmışdır ki, bağ sahəsi 1998-ci il tarixdən anasının, anası vəfat etdikdən sonra isə onun istifadəsindədir. İmtina əsassızdır və onun hüquqlarını pozur. İmtina məktubunda qeyd edilən göstərilənlər formal xarakter daşıyır.

10. Cavabdeh iddiaya yazılı etiraz təqdim etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, təqdim edilmiş sənədlərdə bağ sahəsi 1200.0 kv.m faktiki isə 2085.0 kv.m təşkil edir. İdarənin arxiv əsaslarında bağ sahəsinə dair orderin arxiv nüsxəsi aşkar olunmadı. Bundan başqa idarənin arxiv məlumatlarına əsasən eyni BTK nəzdində eyni bağ nömrəsi ilə digər fiziki şəxsin adına (X18) order mövcuddur. Eyni zamanda elektron kadastr məlumatlarına əsasən “176 s” saylı bağ sahəsinin nömrəsi bağların bölgüsünə dair sxematik xəritədə qeyd edilməmişdir və sahənin bir hissəsi elektrik xəttinin mühafizə zolağında yerləşir. Bundan əlavə, idarənin mütəxəssisləri tərəfindən göstərilən sahəyə yerli baxış zamanı göstərilən bağ sahəsi ümumi hasar daxilində yerləşməsi və 1415 kv.m hissə tikililərlə ayrılmışdır. Qalan 670 kv.m sahənin faktiki yola giriş-çıxışı olmadığı məlum olmuşdur.

11. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9620/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə iddianın təmin edilməsi qərara alınmışdır.

12. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, cavabdeh inzibati icraat apararaq iddiaçının tələbini təmin etmək əvəzinə formal əsaslara istinad edir və inzibati icraatda aradan qaldırıla bilən nöqsanları özü edə biləcəyi təqdirdə (məhkəmənin etdiyi kimi üçüncü şəxsi cəlb edib məsələni aydınlaşdırmaq və s.), iddiaçının tələbinin təmin olunmasına qarşı yönəlmiş bütün dəlilləri etiraz məktubunda sadalayaraq, hər hansı bir yolla iddia tələbinin rədd edilməsinə nail olmağa çalışır.

b) Apellyasiya instansiya məhkəməsində icraat

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

13. Qərardan cavabdeh apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 9620/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarının ləğv edilməsini və iddiaçının iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

c) Apellyasiya şikayətinin dəlilləri

14. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, idarənin arxiv əsaslarında bağ sahəsinə dair orderin arxiv nüsxəsi aşkar olunmadı. Bundan başqa idarənin arxiv məlumatlarına əsasən eyni BTK nəzdində eyni bağ nömrəsi ilə digər fiziki şəxsin adına (X18) order mövcüddur.Elektron kadastr məlumatlarına əsasən “176 s” saylı bağ sahəsinin nömrəsi bağların bölgüsünə dair sxematik xəritədə qeyd edilməmişdir və sahənin bir hissəsi elektrik xəttinin mühafizə zolağında yerləşir. Bundan əlavə, idarənin mütəxəssisləri tərəfindən sahəyə keçirilən yerli baxış zamanı müəyyən edilmişdir ki, göstərilən bağ sahəsi ümumi hasar daxilində yerləşir, təqdim edilmiş sənədlərdə bağ sahəsi 1200.0 kv.m, faktiki isə 2085.0 kv.m təşkil edir və 1415 kv.m hissə tikililərlə ayrılmışdır. Qalan 670 kv.m sahənin faktiki yola giriş-çıxışı olmadığı məlum olmuşdur.Bakı İnzibati Məhkəməsi iddiaçı tərəfindən təqdim edilən sənədlərin İdarənin arxivində aşkar edilməməsini nəzərə almamış, bununla bağlı ətraflı araşdırılma aparılmamışdır.

ç)Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

15. Apellyasiya şikayətinə yazılı etiraz daxil olmamışdır.

d) Proses iştirakçılarının izahatları

16. Məhkəmə Kollegiyasının iclasında cavabdehin nümayəndəsi apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir.

17. Məhkəmə Kollegiyasının iclasında iddiaçının nümayəndəsi apellyasiya şikayətinin təmin olunmamasını xahiş etmişdir.

Tətbiq edilən hüquq

18. “İnzibati İcraat Haqqında” Azərbaycan Respublikası Qanununun: - 2.0.6-cı maddəsinə əsasən inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir; - 15.1-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır; - 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur; 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz;

19. «Torpaq islahatı haqqında» Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. 10-cu maddəsinə əsasən həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Kollektiv bağlar özəlləşdirilərkən torpaq sahəsi bağçılığın hər üzvünün mülkiyyətinə verilir. Dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların torpaqları hər bir icarəçinin, kooperativ bağların torpaqları hər bir kooperativ üzvünün mülkiyyətinə verilir. Bağ sahələrinin torpaqları özəlləşdirilərkən onların üzərindəki tikililər, ağaclar və digər obyektlər əvəzsiz olaraq bağ sahiblərinin xüsusi mülkiyyətinə keçir. Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaq ayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Torpaq üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında çıxarış vətəndaşların ərizələri və həmin torpaqlardan istifadənin qanuniliyini təsdiq edən sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrini aparan dövlət orqanı tərəfindən verilir.

20. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. 8.0.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslardan biri hesab olunur. 12.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. 22.2-ci maddəsinə əsasən müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir.

21. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 139.1-ci maddəsinə görə mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır; - 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti) tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir; - 139-1.1.8-ci maddəsinə əsasən “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslardan biri hesab olunur.

22. Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli, 534 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Vətəndaşların qanuni istifadəsindəki (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi haqqında» Əsasnamənin 1-ci bəndinə əsasən vətəndaşların qanuni istifadəsində və ya icarəsində olan (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqlar əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir.

23. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi

Maddə 68.1- məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2-məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: Maddə 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; Maddə 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə; Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 94.1 Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.

Apellyasiya baxışının hədləri

24. Apellyasiya şikayətində qərar tam mübahisələndirildiyindən birinci instansiya məhkəməsinin aktı bütövlükdə yoxlanılır.

25. Qanunun tələbinə görə, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

26. Əvvəla məhkəmə Kollegiyası qeyd edir ki, hazırkı iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə və ərazi aidiyyəti baxımından düzgün verilmiş və inzibati-prosessual qanunvericiliyə əsasən öhdəliyin icrası haqqında iddia növünə aiddir. (İPM-nin 1.1, 2.1 və 3.1-ci maddələrinə əsasən)

27. İşin faktiki halları və apellyasiya şikayətinin dəlillərinə münasibətdə isə məhkəmə Kollegiyası tətbiq edilən hüquq normalarına əsaslanaraq qeyd edir ki, Kollegiya birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır.

28. İşin hallarına görə, Bakı şəhər İcra Hakimiyyətinin xx.xx.1998-ci il tarixli 253 saylı qərarına əsasən X10 (Zeynalovnaya) Bakı şəhəri Sabunçu rayonu Pirşağı bağlar sahəsində 218 saylı BTK nəzdində ümumi sahəsi 0,12 hektar olan 176 “C” saylı bağ sahəsi ayrılmışdır.

29. Həmin bağ sahəsinə dair X10 X4 və İstismarı Birliyi tərəfindən 7 saylı order verilmişdir.

30. F.Hacıyeva həmin bağ sahəsinə dair mülkiyyət hüququnu qeydə aldırmadan ölmüşdür. İddiaçı həmin bağ sahəsinin mərhum anasına məxsus olması barədə arayış verilməsini xahiş edir.

31. Cavabdeh iddiaçının müraciətinin təmin edilməsindən imtina etmişdir. Məhkəmə iddiaçının iddia tələbini aşağıda göstərilənlərə görə əsaslı hesab edir.

32. İddia tələbinin qanuni əsasını Mülki Məcəllənin 139-1.1. və 139-1.1.7-ci və «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 8.0 və 8.0.7-ci maddələri təşkil edir.(Bu Qərarın 20-21-ci bəndləri)

33. İddiaçı həmin normada göstərilən hüquqmüəyyənedici sənəd kimi mərhum anasının adına olan İcra Hakimiyyətinin Sərəncamını və X13 və İstismarı Birliyinin orderini təqdim edir.

34. Qeyd edilən normaların məzmununa əsasən, mərhum F.Hacıyeva mübahisələndirilən bağ sahəsini özəlləşdirmək hüququ olsa da, o, bu hüququnu realizə etmədən vəfat etmişdir.

35. Məhkəmə Kollegiyası qeyd edir ki, şəxsin vəfat etməsi onun mülkiyyət hüquqlarının xitamına səbəb olmur, əksinə qanun və ya vəsiyyət üzrə vərəsəsinə ötürülür.(“Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 22.2-ci maddəsinə əsasən.)

36. Həmçinin, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 5 oktyabr 2015-ci il tarixli, 319 nömrəli qərarı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın təsvirinə, bu əmlak üzərində dövlət reyestrində qeydə alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayışın verilməsi haqqında Təlimat”ın (2 nömrəli əlavənin) 7.2-ci bəndinə əsasən Qanunun 8-ci maddəsində göstərilmiş əsaslara görə daşınmaz əmlak üzərində sahiblik və ya istifadə hüququ əldə etmiş şəxs bu əmlak barədə məlumatın dövlət reyestrinə daxil edilməsi və (və ya) onun üzərində hüquqların dövlət qeydiyyatına alınması üçün zəruri sənədlərlə ərazi idarəsinə müraciət etmədən öldükdə, həmin sənədlər onun notarius tərəfindən müəyyən edilən qanun və ya vəsiyyət üzrə vərəsələri tərəfindən təqdim edildikdə, bu Təlimatın 7.1-ci bəndində göstərilən qaydada elektron çıxarış tərtib edilir.

37. Həmin Təlimatın 7.1-ci bəndinə görə, Qanunun 8-ci maddəsində göstərilmiş əsaslara görə daşınmaz əmlak üzərində sahiblik və ya istifadə hüququ əldə etmiş şəxs ərazi idarəsinə müraciət etdiyi halda, daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması barədə reyestrdən çıxarış (bundan sonra - çıxarış) almadan vəfat etdikdə, onun notarius tərəfindən müəyyən edilən qanun və ya vəsiyyət üzrə vərəsələrinin müraciəti əsasında vəfat etmiş şəxsin adına elektron çıxarış tərtib edilir.

38. Cavabdehin imtinasının (etirazının) və apellyasiya şikayətinin dəlilləri aşağıdakılardan ibarətdir: 1) təqdim edilmiş sənədlərdə bağ sahəsi 1200.0 kv.m, faktiki isə 2085.0 kv.m təşkil edir; 2) iddiaçı torpaq sahəsinə dair heç bir hüquqmüəyyənedici sənəd təqdim etməmişdir; 3) idarənin arxivində bağ sahəsinə dair orderin arxiv nüsxəsi aşkar olunmadı; 4) idarənin arxiv məlumatlarına əsasən eyni BTK nəzdində eyni bağ nömrəsi ilə digər fiziki şəxsin adına (X18) order mövcuddur; 5) elektron kadastr məlumatlarına əsasən “176 s” saylı bağ sahəsinin nömrəsi bağların bölgüsünə dair sxematik xəritədə qeyd edilməmişdir; 6) sahənin bir hissəsi elektrik xəttinin mühafizə zolağında yerləşir; 7) bağ sahəsi ümumi hasar daxilində yerləşir və 1415 kv.m hissə tikililərlə ayrılmaışdır. Qalan 670 kv.m sahənin faktiki yola giriş-çıxışı olmadığı məlum olmuşdur.

39. Məhkəmə Kollegiyası aşağıda qeyd edilənlərə əsasən cavabdehin dəlillərini əsassız hesab edir. Belə ki, 1-ci halla bağlı məhkəmə Kollegiyası qeyd edir ki, iddiaçı iddia tələbində faktiki istifadəsində olan torpaq sahəsinə deyil, sənəd üzrə ona ayrılmış 0,12 ha torpaq sahəsinə dair tələb irəli sürmüşdür.

40. 2-ci halla bağlı məhkəmə Kollegiyası qeyd edir ki, yuxarıda qeyd edildiyi kimi iddiaçı qeyd edilən normalarda sadalanmış hüquqmüəyyənedici sənəd kimi həm İcra Hakimiyyətinin Sərəncamını, həm də, Bağlar Təsərrüfatının orderini təqdim etmişdir. Həmin sənədlər, ləğv olunmamış, hər hansı səbəbdən qüvvədən düşməmişdir.

41. Beləliklə, göstərilənlərə əsasən məhkəmə Kollegiyası hesab edir ki, iddiaçı qanunvericiliklə nəzərdə tutulan hüquqmüəyyənedici sənədə malik olmuş, buna görə də istifadəsində olan bağ sahəsinə yaranmış hüququnu qeydə aldırmaq (ölmüş şəxsə məxsus olması barədə arayış almaq) hüququna malik olmuşdur.

42. 3-cü halla bağlı məhkəmə Kollegiyası qeyd edir ki, order təqdim edilməsəydi belə, iddiaçının təqdim etdiyi Sərəncam özü-özlüyündə bağ sahəsinə dair hüququn qeydə alınması üçün əsasdır. Çünki Sərəncamda iddiaçının mərhum anasına ayrılmış BTKnın və bağ sahəsinin nömrəsi göstərilmişdir (218 № li BTK, 176 C № li bağ). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Açıq Səhmdar Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 9 fevral 2016-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2016-cı il tarixli Qərarında “Daşınmaz əmlakın dövlət reyestri haqqında” AR Qanununun 10.2-ci maddəsi şərh edilərək, göstərilmişdir ki, “… Qanunun 10.2.1-ci maddəsində vurğulanır ki, hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan birinin olması kifayətdir. Bu normanın mətninə və məzmununa görə, Qanunun 8-ci maddəsində təsbit olunmuş əsaslardan (sənədlərdən) hər hansı biri təqdim olunduqda, qeydiyyat orqanı əlavə olaraq digər əsaslardan (sənədlərdən) başqasının da təqdim olunmasını tələb etməyə haqlı deyil.” Göründüyü kimi, qanunvericiliyin tələbi ondan ibarətdir ki, daşınmaz əmlakla bağlı mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması üçün normativ-hüquqi aktlarla nəzərdə tutulan əsaslardan biri qeydiyyat orqanına mütləq təqdim olunmalıdır, hansı ki, hazırkı halda iddiaçı həmin sənədi cavabdehə təqdim etmişdir. Digər tərəfdən iddiaçı həmin orderin əslini məhkəməyə təqdim etmişdir. Orderin sürətinin idarənin arxivində olmaması iddiaçının təqsiri deyil. Məhkəmə tərəfindən BTK-nın arxiv qovluğu tələb edilmişdir. Təqdim edilmiş sənədlərdən müəyyən edilmişdir ki, 218 № li BTK-nın nəzdində olan 176 C № li bağ sahəsi ilkin olaraq Bakı şəhər İcraiyyə Komitəsinin xx.xx.1991-ci il tarixli, 13/585 nörməli qərarı ilə X3 ayrılmışdır. Sonradan onun və ailə üzvlərinin ərizələrinə əsasən həmin bağ sahəsi iddiaçının mərhum anasının adına keçirilmişdir. Qeyd edilən sənədlər cavabdeh tərəfindən təqdim edilmiş BTK-nın arxiv qovluğunda mövcuddur. İddiaçı bağ sahəsinin anasına ayrılmasına dair Sərəncam və Order təqdim edir. Göründüyü kimi, bağ sahəsinin F.Hacıyevaya ayrılmasına dair arxiv sənədləri mövcuddur. Təqdim edilən orderin mötəbərliliyini şübhə altına alacaq hallar müəyyən edilmir.

43. 4-cü halla bağlı məhkəmə Kollegiyası qeyd edir ki, İdarənin arxiv qovluğundan eyni bağ sahəsinə dair Kamil Mehtiyevin adına da order mövcuddur. Lakin sonuncu öldüyündən onun oğlu Yaşar Mehtiyev üçüncü şəxs qismində işə cəlb edilmişdir. Üçüncü şəxs məhkəmə iclasında verdiyi izahatında bağ sahəsinin harada yerləşməsini bilmədiyini, atasının vaxtilə bağlar idarəsində işlədiyini və atasının bir neçə yerdə bağının olmasını bildirmişdir. Hazırkı işin mübahisələndirilməyən halıdır ki, iddia olunan bağ sahəsi iddiaçının faktiki sahiblik və istifadəsindədir və həmin torpaq sahəsində fərdi yaşayış evi inşa edərək orada ailə üzvləri ilə birlikdə yaşayır. Üçüncü şəxs isə ümumiyyətlə bağ sahəsinin yerini bilmir və istifadəsində olmamışdır. Ona görə də, eyni bağ sahəsinə dair üçüncü şəxsin də adına orderin olması, iddiaçının həmin bağ sahəsinə mülkiyyət hüququnun reallaşdırması üçün mane olmamalıdır. Məhkəmə qeyd edir ki, fərz edək ki, eyni situasiyada bağın yerini bilməyən şəxs iddiaçı kimi təkcə orderlə məhkəmədə iddia qaldıraraq bağ sahəsinə mülkiyyət hüququnun qeydə alınması tələbini irəli sürür. Belə olan halda iddia tələbinin təmin edilməsi üçün əsas olmayacaqdır. Çünki torpaq sahəsinin ayrılması təkcə hüquqmüəyyənedici sənədlərə malik olmaqla deyil, həmçinin torpaq sahəsinin yerinin müəyyən edilməsi və naturada ayrılması ilə həyata keçirilməlidir.

44. 5-ci halla bağlı məhkəmə Kollegiyası qeyd edir ki, cavabdeh çaşdırıcı imtina və etiraz əsasları göstərərək məhkəmənin “176 s” saylı bağ sahəsinə dair araşdırma aparması, həmin bağ sahəsi ilə bağlı sorğular verməsinə, işin əsassız olaraq yubanmasına səbəb olmuşdur. Halbuki iddiaçının hüquqmüəyyənedici sənədləri və iddia etdiyi bağ sahəsi “176 s” saylı bağ sahəsi deyil, “176 c” saylı bağ sahəsidir. Bakı şəhər İcra Hakimiyyətindən məhkəməyə təqdim edilmiş Sərəncamın həmin səhifəsinin çıxarışından görünür ki, bağ sahəsinin nömrəsi “176 s” deyil, “176 c”-dir.

45. 6-cı halla bağlı məhkəmə Kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 10 iyun tarixli, 103 nömrəli qərarı ilə təsdiq edilmiş “Gərginliyi 1000 voltdan yuxarı olan elektrik şəbəkələrinin mühafizəsi Qaydaları”na əsasən: - bənd 6. Elektrik şəbəkələrinin mühafizə zonalarına daxil olan torpaq sahələri torpaq mülkiyyətçisinin və yaxud istifadəçisinin istifadəsində qalır və onlar tərəfindən bu Qaydaların tələblərinə riayət edilməklə, kənd təsərrüfatı və digər işlərin aparılması məqsədi ilə istifadə oluna bilər. - bənd 7. Torpaq mülkiyyətçisi və yaxud istifadəçisi tərəfindən hava elektrik ötürücü xətlərinin mühafizə zonalarında həmin xətlərin istismarçılarını qabaqcadan xəbərdar etməklə kənd təsərrüfatı, suvarma və digər işlər aparılır. - bənd 12. Elektrik şəbəkələrinin mühafizə zonalarında həmin şəbəkələrin istismarçılarının və yaxud mülkiyyətçilərinin rəsmi razılığı olmadan aşağıda göstərilən işlərin yerinə yetirilməsi qadağandır: a) binaların və qurğuların tikintisi, quraşdırılması, təmiri, yenidən qurulması və sökülməsi;

46. Göründüyü kimi, qanunverici elektrik şəbəkələrinin mühafizə zonalarına daxil olan torpaq sahələrinin mülkiyyətə verilməsi ilə bağlı deyil, həmin torpaq sahəsində görülən işlərlə bağlı məhdudiyyətlər nəzərdə tutmuş, bu zaman həmin işlərin görülməsini şəbəkələrin istismarçılarının və yaxud mülkiyyətçilərinin rəsmi razılığından asılı etmişdir.

47. Qeyd edilən hal, iddiaçının müraciətini təmin etməkdən imtina edilməsi üçün əsas deyildir.

48. 7-ci halla bağlı məhkəmə qeyd edir ki, cavabdeh həmin imtina əsasının iddiaçının tələbinin təmin olunmasına nə üçün mane olduğunu göstərməmiş, faktiki halları sadalayaraq iddia tələbinin rədd olunması xahiş edilmişdir. Torpaq sahəsinin faktiki tikililərə ayrılması, ümumi hasar daxilində yerləşməsi, yola giriş-çıxışının olmaması iddiaçının tələbini təmin etməkdən imtina üçün əsaslar deyil. İddiaçı tikililərə deyil, 0,12 ha torpaq sahəsinə dair iddia verib. Digər tərəfdən torpaq sahəsinin yola giriş-çıxışın olmaması mülkiyyət hüququ əldə edildikdən sonra həll edilməli olan məsələlərdir. Göstərilən hallar mülkiyyətçinin başqa torpaq sahəsində servitut almaq yolu ilə və digər yollarla aradan qaldırıla bilən məsələlərdir.

49. Qeyd edilənlərə əsasən məhkəmə Kollegiyası cavabdehin imtinasını və şikayətin dəlilləri kimi istinad etdiyi halları əsassız hesab edir.

50. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qəbul etdiyi qərarın ləğvi üçün əsas hesab edilə bilməz. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir.

51. Beləliklə, cavabdehin apellyasiya şikayətinin dəlilləri əsaslı olmamışdır.

52. Lakin məhkəmə Kollegiyası “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 22.2-ci maddəsinə əsasən (müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir.) hesab edir ki, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9620/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə cavabdehin üzərinə öhdəlik qoyulması qərara alınarkən “mülkiyyət hüquqlarının X10 (Zeynalovnaya) məxsus olmasına dair arayışın verilməsi” kimi nəticə həmin maddənin məzmununa uyğun olmamışdır.

53. Göstərilənlərə əsasən məhkəmə Kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayəti təmin edilməməli və Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9620/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı “mülkiyyət hüquqlarının X10 (Zeynalovnaya) məxsus olmasına dair” hissə istisna olmaqla dəyişdirilmədən saxlanılmalıdır.

54. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68.1-ci, 68.2-ci, 68.3-cü, 87.6-cı, 87.8-ci, 94.1.-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası

qərara aldı:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9620/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı “mülkiyyət hüquqlarının X10 (Zeynalovnaya) məxsus olmasına dair” hissə istisna olmaqla dəyişdirilmədən saxlanılsın. Qərardan, Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar