Məhkəmə qərarları › İş №2-1(103)-1733/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1733/2021

02.09.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1733/2021 02.09.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X10 Hüseynin sədrliyi və məruzəsi ilə, Səadət İnayət qızı Bəktaşi və Mirzə Nəsib oğlu Tağızadədən ibarət tərkibdə, Kamran İbrahim oğlu Musayevin katibliyi ilə, İddiaçı, cavabdehin nümayəndələri X1, X6, üçüncü şəxsin nümayəndəsi X7 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsinə qarşı (üçüncü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı) “təqaüdün artırılması, maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 16 aprel 2021-ci il tarixli, 2-1(112)-1515/2021 saylı qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 02 sentyabr 2021-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında, şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsinə qarşı (üçüncü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsinin yanvar 2016-cı il tarixindən 28.01.2017-ci ilə qədər müddətini eyni ilə həmin bu tarixdən 2019-cu ilin 28 yanvarına qədər olan tarixə qədər onun ümumi iş stajı sayılmasına və təqaüdün artırılması, eyni zamanda 36 (otuz altı) ayda ona verilməli olan əmək haqqının təxminən 20.000 (iyirmi min) manat maddi ziyanın, mənəvi ziyanın isə 6000 (altı min) manat verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, dünyaya gələndə mərhum atası X3 polis zabiti idi. Ailələrində böyük qardaşı Ramiz polis işində xidmət etmişdir. O, ordudan tərxis olunduqdan bir müddət sonra polisdə xidmət etməyi, asayişi qorumaq, xalqımıza xidmət etmək istəmişdir. Həm də polis forması onun üçün də əziz və müqəddəsdir. Beləliklə, o, 18.06.1998-ci il tarixdən polis serjant rütbəsində Bakı şəhəri, Yasamal rayon Mühafizə Polis İdarəsində xidmətə başlamışdır. 12 il Yasamal rayon Mühafizə Polis İdarəsində xidmətdən sonra onu Suraxanı rayon Mühafizə Polis İdarəsinə keçirməklə xidmətini davam etmişdir. Xidmət etdiyi illər ərzində rəislərindən təşəkkürnamələr, pul mükafatları almışdır. O, 30.12.2015-ci il tarixinə kimi xidmət etmişdir. Xidməti təqaüdə çıxmasına 5 ay qalmış qərəzli formada onu xidmətdən xaric etmişlər. Lakin DİN-in yeni daxili əsasnaməsinə əsasən DİOda buraxılmış nöqsanlara görə əsasnamədə 6 bənddən ibarət tədbir göstəricisi vardır: 1.Məzəmmət; 2.Xəbərdalıq; 3.Töhmət; 4. Şiddətli töhmət; 5. İşdən çıxarılması ilə sonuncu xəbərdarlıq; 6. İşdən xaric etmə. Ona tətbiq edilən töhmət, şiddətli töhmət verməklə işdən xaric etmişlər. Özləri öz qəbul etdikləri əsasnaməni pozmuşlar. Beləliklə o, qəbula yazılaraq 28.01.2017-ci il tarixində nazir general polkovnik Ramil Usubovun qəbulunda olmuşdur. Nazir onun ailə vəziyyətini nəzərə alaraq işini bərpa etmişdir. Bundan öncə o, 1 saylı İnzibati-lqtisad Məhkəməsinə ərizə ilə müraciət etmişdir. Lakin DİN-nin qəbuluna yazıldıqdan sonra məhkəmədən ərizəsini geri götürmüşdür. DİN onu xidmətə bərpa etmiş, lakin Bakı şəhər Baş Mühafizə İdarəsində onun bərpa əmri verilməmşdir. Bir çox bəhanələr gətirərək, onun işini yubatmışlar. DİN Daxili Təhqiqatlar İdarəsinin rəisi general mayor Sahib Mirzəyev 16.02.2017-ci il tarixində ona ünvanlanmış 023-4555İ-3217 nömrəli qəbul edilmiş qərarın surətini ona göndərmişdir. Qərarda bildirilmişdir ki, DİO-da yenidən qəbul olunmasına köməklik göstərilməsi barədə DİN-nin rəhbərliyində olarkən, onun təqdim etdiyi müraciətinə baxılmış, faktiki fasilə nəzərə alınmadan DİO-da xidmətə yenidən qəbul olunması mümkün hesab edilmişdir. 28.01.2017-ci il tarixdən işinə bərpa qərarı vermişdir. Şəxsən nazir onun yanında göstəriş vermişdir ki, işə bərpa edilsin. DİN-nin Daxili Təhqiqat İdarəsinin rəisi 15.02.2017-ci il tarixində qəbul etmiş qərarın surətini 16.02.2017-ci il tarixində ona göndərmişdir. Nə üçün 28.01.2017-ci il və DİN-nin Daxili Təhqiqat İdarəsinin rəisinin 15.02.2017-ci il tarixində qəbul etdiyi qərar 28.01.2019-cu ilə qədər uzadılmışdır? Bu iki il müddətində o, DİN-nə dəfələrlə ərizə, teleqramlar göndərmiş, 2016-cı ilin yanvar ayından 28.01.2017-ci ilə qədər işsiz qalmışdır. Ailəsi, uşaqları ac-yalavac qalmışlar. Lakin qohum-qardaşlarının köməkliyi ilə xilas olmuşdur. Yanvar 2017-ci ildən 2019-cu ilə qədər nə üçün əmri verilməmişdir? Yalnız 28.01.2019-cu il tarixində DİN-nin Baş Mühafizə İdarə rəisi polis general mayoru Yaşar Əliyev 219s/h-038-19 nömrəli əmrlə onu Xəzər rayon Mühafizə Polis İdarəsinə polis nəfəri kimi vəzifəsinə təyin etmişdir. Beləliklə, o 3 (üç) il işsiz qalmışdır. Bütün bunlar qanun pozuntularıdır. 25.07.2019-cu il tarixdən o, təqaüdə çıxarılmaması ilə əlaqədar DİN-nin Baş Mühafizə İdarəsi 1074ş/h-038-19 saylı əmri ilə istefada olan polis serjantı sayılmaqla xidmətdən öz arzusu ilə xaric olunmuşdur. Lakin təqaüdə çıxarkən buraxılmış 3 (üç) il stajı kimi qeyd edilməmişdir. Təqaüdü məvacibi çox az olmuşdur. Təqaüdə çıxarkən məvacibi 295 manat olmuşdur. Bu isə 20 il xidmət edən polis nəfəri üçün ən az olan məvacibdir. O, bununla bağlı DİN-in Baş Mühafizə İdarəsinin rəisinə ərizə ilə 06.03.2020-ci il tarixində müraciət etmişdir. DİN-in Baş Mühafizə İdarəsinin verdiyi cavab onu qane etmədiyi üçün, o, məhkəməyə iddia ərizəsi ilə müraciət etməli olmuşdur. Bakı İnzibati Məhkəməsinin 16 aprel 2021-ci il tarixli, 2-1(112)-1515/2021 saylı qərardadı ilə iddia mümkün sayılmamışdır. İddiaçı apellyasiya şikayəti verərək, qərardadın ləğv edilməsini və işin yenidən Bakı İnzibati Məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, onun AR DİN-in Baş Mühafizə İdarəsinə qarşı qaldırdlığı iddia “xidmətə bərpa olunduğu zaman buraxılmış müddətin iş stajına hesablanmaqla təqaüdün artırılması, vurulmuş maddi və mənəvi ziyanın ödənilməsinə” dair olmuşdur. İlk iddia ərizəsini 28.01.2020-ci il tarixdə vermiş, lakin sədrlik edən hakim iddia ərizəsini geri götürüb, cavabdeh inzibati orqana müraciət etdikdən sonra, cavab qane etməzsə iddia ərizəsi ilə müraciət etməsini bildirdikdən sonra iddia ərizəsini geri götürmüşdür. 06.03.2020-ci il tarixdə AR DİN-in Baş Mühafizə İdarəsinin rəisinə ərizə ilə müraciət etmiş, etiraz cavabı verildikdən sonra həmin cavaba əsasən yenidən iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. DİN-in 28.01.2017-ci il tarixli əmrin icraatına 2 (iki) ildən sonra, yəni 28.01.2019-cu il tarixində DİN Baş Mühafizə İdarəsi onu xidmətə qəbul etmişdir. Sual olunur, səbəb nə olmuşdur ki, AR DİN-in əmri 2 (iki) il icra olunmayıb. Bəs bu 2 (iki) il buraxılmış müddət məcburi buraxılmış iş stajı deyilmi? “Buraxılmış müddətin aylıq məvaciblərin verilməsi” sözündə 3 illik aylıq məvaciblər insana vurulmuş maddi ziyan deyilmi. Məhkəmə iclasında 3-cü şəxsin iştirakı ümumiyyətlə yersizdir. Çünki təqaüd təyin olunub və o son 3 (üç) il məcburi işsiz qaldığı üçün iddia ərizəsini vermişdir. Yalnız məcburi buraxılmış iş stajı məhkəmə qərarında öz əksini tapdıqdan sonra cavabdeh orqan məlumat vərəqini Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə göndərməlidir. Tərəflərin izahatları: Məhkəmə iclasında iştirak edən İddiaçı apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi və izahatında bildirdi ki, 2017-ci ildə işə bərpa edilmiş, bəraət alıb işə qayıtmışdır. Maddi və mənəvi ziyanın ödənilməsi ilə bağlı əvvəl cavabdehə müraciət etmişdir. Məhkəmə tərəfindən ona yalnız cavabdehin dəyişdirilməsi barədə təklif verilmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X8 apellyasiya şikayətinə etirazı müdafiə edərək apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi və izahatında bildirdi ki, istər iddiaçının iddia ərizəsindən, istərsə də Bakı İnzibati Məhkəməsinin qərardadından görünür ki, iddiaçı 2016-cı ilin yanvar ayından 28 yanvar 2019-cu ilə qədər olan müddətin onun ümumi iş stajına sayılmasını, təqaüdün artırılmasını tələb edir və cavabdeh qismində DİN-in Baş Mühafizə İdarəsini göstərir. Lakin pensiya təyin edən orqan DİN-in Baş Mühafizə İdarəsi deyil, DSMF-nin Xüsusi Şərtlərlə Təyinat İdarəsidir. Bakı İnzibati Məhkəməsinin müvafiq qərardadında göstərildiyi kimi əmək pensiyalarının yenidən hesablanması üçün DİN-in Baş Mühafizə İdarəsi tərəfindən DSMF-nin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına məlumat vərəqəsi göndərilməlidir. Lakin iddiaçının belə bir tələbi yoxdur. Bundan əlavə, iddia tələbinin “maddi və mənəvi ziyanın ödənilməsi hissəsi ilə əlaqədar iddiaçı DİN-in Baş Mühafizə İdarəsinə məhkəməyə müraciət etməmişdən qabaq həmin tələblə əlaqədar müraciət etməmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X2 apellyasiya şikayətinə etirazı müdafiə edərək apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən üçüncü şəxsin nümayəndəsi X9 apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi və izahatında bildirdi ki, vətəndaşın şəxsi işi Baş Mühafizə İdarəsində deyil. Məlumat vərəqəsinin göndərilməsi Maliyyə Plan İdarəsi tərəfindən həyata keçirilə bilər. Tələb düzgün deyil. Vətəndaş yeni məlumat vərəqəsinin təqdim edilməsini tələb edə bilər. Əsaslandırıcı hissə: Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq, işdə iştirak edən şəxsin izahatını dinləyərək və işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Bakı İnzibati Məhkəməsinin 16 aprel 2021-ci il tarixli, 2-1(112)-1515/2021 saylı qərardadı ləğv edilməli, iş sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün həmin məhkəməyə göndərilməlidir. Birinci instansiya məhkəməsi iddianı mümkünsüz hesab etmiş və qərardadını belə əsaslandırmışdır ki, iddiaçı 2016-cı ilin yanvar ayından 28 yanvar 2019-cu ilə qədər olan müddətin onun ümumi iş stajı sayılması və təqaüdün artırılmasını tələb edir. Lakin iddia ərizəsində cavabdeh qismində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsi göstərilmişdir. Halbuki əmək pensiyalarının yenidən hesablanması Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən həyata keçirilir. Bunun üçün isə Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına iddaçının xidmət keçdiyi orqan tərəfindən yeni məlumatlar (tələb olunan iş stajı və s.) göstərilməklə yeni məlumat vərəqi verilməlidir. Məhkəmə kollegiyası aşağıdakılara əsasən hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə düzgün olmamışdır. İş materiallarında olan pensiya işinin surətindən görünür ki, İddiaçı DSMF Xüsusi Şərtlərlə Təyinat İdarəsinin Əmək pensiyasının təyin edilməsi haqqında 07.10.2019-cu il tarixli qərarı ilə 26.07.2019-cu ildən yaşa görə əmək pensiyası təyin edilmişdir. Həmin pensiya işində olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fonduna göndərilmiş İddiaçı barəsində 16.08.2019cu il tarixli Əmək pensiyası təminatı üçün hərbi qulluqçu (xüsusi rütbəli şəxs) haqqında DSMF-yə təqdim olunan Məlumat vərəqinin surətindən görünür ki, İddiaçı 25.07.2019-cu il tarixdə öz arzusu ilə istefaya buraxılmış, onun təqvim xidmət illəri 20 il 1 gün, güzəştli xidmət illəri yoxdur, cəmi iş stajı və xidmət illəri 20 il 1 gün təşkil edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27 avqust 2007-ci il tarixli 135 saylı qərarı ilə təsdiq edilmiş “Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması Qaydaları”nın 1-ci bəndinə əsasən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.3-cü maddəsində nəzərdə tutulmuş hərbi qulluqçulara - Azərbaycan Respublikasının Silahlı Qüvvələrində, Azərbaycan Respublikasının Müdafiə Nazirliyində, Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Nazirliyində, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyində, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyində, Azərbaycan Respublikasının Prokurorluğunda, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətində, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidmətində və Azərbaycan Respublikasının qanunvericiliyi ilə yaradılmış digər silahlı birləşmələrdə xidmət edən hərbi rütbəli şəxslərə və 1.0.4-cü maddəsində nəzərdə tutulmuş xüsusi rütbəli şəxslərə - Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi, Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Dövlət Feldyeger Xidməti orqanlarında xidmət edən xüsusi rütbəli şəxslərə əmək pensiyasının təyin edilməsi üçün təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların həmin orqanlar tərəfindən Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fonduna təqdim olunması qaydalarını müəyyən edir. Həmin Qaydaların 4-cü bəndinə əsasən hərbi qulluqçular və xüsusi rütbəli şəxslər sırasından olan əmək pensiyaçılarının pensiyalarının yenidən hesablanması (və ya pensiyalarına əlavə edilməsi) məqsədi ilə bu Qaydaların 1-ci bəndində nəzərdə tutulmuş şəxslərin təminat xərcliyində baş verən artımlar barədə məlumatlar həmin bənddə göstərilən orqanlar tərəfindən 5 iş günü ərzində Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fonduna təqdim olunur. İddiaçı iddia ərizəsinin tələb hissəsində 2016-cı ilin yanvar ayından 28 yanvar 2019-cu ilə qədər olan müddətin onun ümumi iş stajına sayılmasını, təqaüdün artırılmasını xahiş etsə də, iddia ərizəsinin məzmunundan göründüyü kimi o, yaşa görə əmək pensiyası təyin edilən zaman işdən çıxarıldığı dövrdən işə bərpa olunduğu tarixədək olan dövrdə almadığı əmək haqqının da nəzərə alınmasını istəyir. Birinci instansiya məhkəməsi iddiaçıya onun hüquqi marağını nəzərə almaqla tələbinin düzgün qoyulması istiqamətində yardım etməli idi. İddiaçının hüquqi marağı da əmək pensiyasının yenidən hesablaması üçün qeyd etdiyi müddət nəzərə alınmaqla yeni məlumat vərəqəsinin verilməsinə nail olmaqdır. Belə olan halda, onun tələbi də məhz bu hüquqi marağı uyğun formalaşdırılmalıdır. Həmçinin kollegiya qeyd edir ki, məhkəmə iclasında iştirak edən iddiaçı maddi və mənəvi zərərin ödənilməsi tələbi ilə də cavabdehə müraciət etdiyini bildirmiş, bu barədə müraciətin olub-olmaması birinci instansiya məhkəməsi tərəfindən yenidən araşdırılmalıdır. Belə olan halda məhkəmə tərəfindən iddianın mümkün sayılmaması barədə qərardad qəbul edilməsini məhkəmə kollegiyası prosessual hüquq pozuntusu kimi qiymətləndirir və hesab edir ki, göstərilən qaydaların məhkəmələr tərəfindən pozulması son nəticədə məhkəməyə müraciət etmək hüququnun qeyri-mütənasib şəkildə məhdudlaşdırılmasına gətirib çıxara bilər. İnzibati Prosessual Məcəllənin 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. AR İnzibati-Prosessual Məcəllənin 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Həmin Məcəllənin 48.1-ci maddəsinə əsasən sədrlik edən hakim bütün formal xətaların aradan qaldırılmasına, qeyri-müəyyən ifadələrin aydınlaşdırılmasına, işin mahiyyəti üzrə vəsatətlərin verilməsinə, natamam faktiki məlumatların tamamlanmasına, prosesin sonrakı mərhələlərində işin hallarının tam müəyyənləşdirilməsi və obyektiv qiymətləndirilməsi üçün əhəmiyyət kəsb edən bütün yazılı izahatların təqdim olunmasına yardım etməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən Azərbaycan Respublikası İPM-nin 12, 13 və 48-ci maddələrində müəyyən edilmiş “İşin hallarının araşdırılması prinsipi”, “Məhkəmənin yardım etmək vəzifəsi” ilə bağlı tələblər pozulmuşdur”. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.7.2-ci bəndinə əsasən inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli, iş sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün həmin məhkəməyə göndərilməlidir. Nəticəvi hissə: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 85, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 16 aprel 2021-ci il tarixli, 2-1(112)-1515/2021 saylı qərardadı ləğv edilsin. İş sonrakı prosessual hərəkətlərin həyata keçirilməsi üçün Bakı İnzibati Məhkəməsinə göndərilsin. Sədrlik edən Aida Hüseyn Hakimlər Mirzə Tağızadə Səadət Bəktaşi

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar