Məhkəmə qərarları › İş №2-1(103)-1733/2024

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1733/2024

19.04.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1733/2024 19.04.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Tağızadə Mirzə Nəsib oğlunun sədrliyi (məruzəçi) ilə, Əkbərov Kamran Hüseyn oğlu və Səlimova Səadət Rəşid qızından ibarət tərkibdə, Mirzəyeva Ayşəm Lehsan qızının katibliyi Cavabdehin nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fonduna qarşı “pul məbləğinin ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-2991/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi : İddiaçı cavabdeh Sosial Xidmətlər Agentliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 20 Yanvar Şəhidi “X5 ilə rəsmi nigahda olmuş arvadı İddiaçı Mixayılovnanın mərhumun ölümündən sonra 1996-cı ildə hazıradək ödənilmiş 200 AZN pul məbləğinin əvvəlki nigahından anadan olmuş qızı X1 ödənilmiş pul məbləğindən 100 AZN hesablanılmaqla 324 ay üçün, cəmi 32400 AZN alınıb İddiaçı Mixayılovnaya ödənilməsi vəzifəsinin AR ƏƏSMN-nin tabeliyində Sosial Xidmətlər Agentliyinin Bakı filialının vəzifəli şəxsinin üzərinə qoyulmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh AR ƏƏSMN-nin tabeliyində, Sosial Xidmətlər Agentliyinin Bakı filialının 25 avqust 2023-cü il tarixli, məktubu ilə “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında “AR Qanununun 1-ci maddəsi ilə maddi ehtiyacı olan vətəndaş qismində 1996-cı ilin yanvar ayından “20 Yanvar Şəhidi “ailəsi üzvü üçün ayrılmış 200 manat pul məbləğinin 100 manatı mərhumun birinci nigahından anadan olmuş 1-ci qrup əlil qızı X1, digər 100 manat məbləğ isə ona verilməsi üçün 27 il üçün nəzərdə tutulmuş 324 x 100 = 32400 AZN pulun ödənilməsinin təmin edilməsinə dair verdiyi ərizə təmin edilməyərək, imtina edilmişdir. Ərizəyə əlavə etdiyi hüquqmüəyyənedici sənədlərdən müəyyən olunur ki, 21 noyabr 1978-ci ildə, Bakı şəhəri Xətai rayonu qeydiyyat şöbəsində dövlət qeydiyyatına alınmaqla X5 ilə nigaha daxil olub. 11 il müddətində əri ilə Bakı şəhərində birgə yaşayıb, eyni təsərrüfat aparıb. Birgə rəsmi nigahlarından xx xxxxxx 1981-ci ildə Nümayəndə1 Məmmədəli oğlu anadan olub. X2 1990-cı ilin 20 Yanvar faciəsi zamanı həlak olmuş və Azərbaycan Respublikası Prezidentinin 31 mart 1998-ci il tarixli, 695 saylı “20 Yanvar Şəhidi fəxri adının təsis edilməsi haqqında “Fərmanına uyğun olaraq ona “20 Yanvar Şəhidi “fəxri adı verilmişdir. “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında “03 sentyabr 1993-cü il tarixli Azərbaycan Respublikasının Qanununda göstərilən güzəşt və imtiyazdan istifadə etmək hüququndan yararlanmağı qanunla müəyyən edilib. 15 iyun 1996-cı ildə oğlu ilə birlikdə İsrail dövlətinə köçüb Təl-Əviv şəhərində yaşayıblar. Hazırda ağır xəstədir, “20 Yanvar“ şəhid ailəsi üçün təsis edilmiş Azərbaycan Respublikası Prezidentinin təqaüdündən başqa müstəqil qazancı da yoxdur. Oğlunun davamlı qazancı və təqaüdü ilə maddi ehtiyaclarını ödəmək mümkün deyildir. Şəhid ailəsinin üzvləri olmaqla dövlət hesabına maddi ehtiyacı üçün 32.400 AZN pulun ödənilməsinin təmin edilməsinə ciddi ehtiyacı var. Bakı İnzibati Məhkəməsinin hazırkı iş üzrə xx.xx.2023-cü il tarixli qərardadı ilə əsl olmayan cavabdeh Sosial Xidmətlər Agentliyi əsl cavabdeh Dövlət Sosial Müdafiə Fondu ilə əvəz edilmişdir Daha sonra Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2991/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadı ilə iddia mümkün sayılmamışdır. İddiaçı həmin qərardaddan apellyasiya şikayəti verərək qərardadın qanunsuz və əsassız olduğundan ləğv edilərək yenidən baxılması üçün birinci instansiya məhkəməsinə göndərilməsini xahiş edilmişdir. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçının iddia ərizəsində göstərilən xüsusatlara dair rəsmi məlumatı olmadığı səbəbindən iddia tələbi səhvən hesablanıb. Buna səbəb uzun müddət yəni, 1996-cı ildən 2021-ci il ərzindəki 25 il müddətində o, Azərbaycan Respublikasından kənarda xarici dövlətdə yaşamağa məcbur olmuşdur. Həmin 25 il ərzində “ 20 Yanvar Şəhidi “ ailə üzvü kimi ona ödənilməli hər ildə 200 manat birdəfəlik müavinət olan maddi yardımı iradəsindən asılı olmayaraq əldə edə bilməmişdir. Həmin birdəfəlik müavinətin hamısını, yəni ona verilməli 100 manat məbləğdə daxil olmaqla cəmi 200 manatı 25 il ərzində davamlı olaraq mərhum X2nun birinci nigahından olan qızı X4 rəsmi qaydada alıb. Məhkəmə nəzərdən qaçırmışdır ki, sözügedən birdəfəlik 200 manat məbləğində maddi yardım təqaüd deyil, müavinətdir və ildə bir dəfə ödənilir . Prezident təqaüdü isə hər ay ödənilir və hətta həmin təqaüdün yarısını, yəni 150 manat hissəsinin ona ödənilməsi də məhkəmə aktı ilə təmin edilməmişdir .Bu səbəbdən məhkəmə səhv nəticəyə gəlmiş eyni tərəf, eyni predmet və eyni əsas kimi iddia tələbinə yanaşmaqla prosessual hüququnu pozmuşdur. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apelyasiya şikayətinin əsassız olduğunu, qərardadın dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi. Kollegiya məhkəmənin mövqeyilə razılaşmır, işin hallarını nəzərə alaraq hesab edir ki, prosessual hüquq normaları düzgün tətbiq edilmədiyindən birinci instansiya məhkəməsinin mübahisələndirilən qərardadı ləğv edilərək iş baxılması üçün həmin məhkəməyə göndərilməlidir. Belə ki, məhkəmə öz mövqeyini əsaslandırarkən qeyd etmişdir ki, “ hazırkı tələbdə iddiaçı “1996-cı il tarixdən 20 Yanvar şəhid ailəsi üçün nəzərdə tutulmuş Prezident təqaüdünün ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” şəklində ifadə edilsə də, faktiki olaraq iddiaçının nail olmaq istədiyi hüquqi nəticə ona 20 Yanvar şəhid ailəsi üçün nəzərdə tutulmuş Prezident təqaüdünün təyin edilməsidir və həmin hüquqi nəticəyə uyğun olaraq artıq bir dəfə inzibati məhkəmə araşdırması aparılaraq yekun məhkəmə aktı qəbul edilmiş iddia tələbi təmin edilməmişdir. Göründüyü kimi hazırkı iddia ərizəsində qeyd olunan “20 Yanvar şəhid ailəsi üçün nəzərdə tutulmuş Prezident təqaüdünün ödənilməsi” tələbinə münasibətdə qanuni qüvvəyə minmiş məhkəmə qərarları mövcuddur. Buna görə hazırkı hüquqi mübahisənin yenidən inzibati məhkəmə icraatı çərçivəsində araşdırılması mümkün deyildir. Belə ki, iddia tələbi ilə bağlı qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburi olduğundan inzibati məhkəmə icraatı çərçivəsində həmin qərar ilə müəyyən edilmiş hallara yenidən baxıla bilməz. Qeyd olunan maddələrdə təsbit olunmuş halları müəyyən etdikdə məhkəmələr verilmiş iddianı mümkün saymamalıdırlar.” Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin həmin qənaətini işin faktiki hallarına uyğun hesab etmir. Belə ki, iş materiallarından görünür ki, İddiaçı əvvəllər cavabdeh Fonda qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək ona ”2006-cı il tarixdən 20 Yanvar şəhid ailəsi üçün nəzərdə tutulmuş Prezident təqaüdünün ödənilməsi”nin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. Göründüyü kimi, iddiaçının əvvəllər məhkəməyə müraciət etdiyi və məhkəmənin nəzərdə tutduğu həmin mürcaiətdəki tələb “2006-cı il tarixdən 20 Yanvar şəhid ailəsi üçün nəzərdə tutulmuş Prezident təqaüdünün ödənilməsi” ilə bağlı olmuşdur. Lakin iş materiallarında olan iddia ərizəsindən və iddiaçının nümayəndəsinin iradə ifadəsindən isə görünür ki, iddiaçının hazırkı iddia tələbi 20 yanvar şəhidləri üçün nəzərdə tutulmuş Prezident təqüdünün ödənilməsi ilə deyil , şəhid ailələrinə ildə bir dəfə verilən müavinətlə bağlı olmuşdur. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi izahatında belə bir müavinətin olduğunu və müvafiq əmr əsasında ildə bir dəfə ödənilməli olduğunu bildirmişdir. Birinci instansiya məhkəməsi iddiaçının nail olmaq istədiyi hüquqi nəticənin ona 20 Yanvar şəhid ailəsi üçün nəzərdə tutulmuş Prezident təqaüdünün təyin edilməsi ilə bağlı olduğunu qeyd etsədə, hansı əsasla belə qənaətə gəldiyini əsaslandırmamışdır. Kollegiya onuda qeyd edir ki, iddia ərizəsində iddiaçının iddia tələbi aydın ifadə edilməsədə, İPM-nin 13-cü maddəsinin tələbinə görə, məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Beləliklə, qeyd olunanlardan görünür ki, birinci instansiya məhkəməsi tərəfindən İPMin 12.1, 13 və 58.7-ci maddələrinin tələbləri tərəfindən təmin olunmamışdır. Birinci instansiyası məhkəməsinin qərarı prosessual normaların tələblərinin pozulması ilə qəbul edildiyindən ləğv edilməli, iş təkrar baxılması və həmin normaların tələblərinin təmin olunması üçün həmin məhkəməyə göndərilməlidir. Odur ki, qeyd edilən hallar birinci instansiya məhkəməsi tərəfindən ətraflı araşdırılmalı, daha sonra araşdırmanın nəticəsinə uyğun qərar qəbul edilməlidir. AR İPM-nin 82-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Həmin Məcəllənin 87.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə. Nəzərə alınmalıdır ki, məhkəmə fəaliyyətində qanunçuluq prinsipi bütün məhkəmə aktlarının və aparılmış prosessual hərəkətlərin qanunun tələblərinə tamamilə uyğun həyata keçirilməsini nəzərdə tutur. Məhkəmələr maddi hüquq normalarını düzgün tətbiq etməyə və prosessual hərəkətləri qanunun qaydalarına uyğun həyata keçirməyə borcludurlar. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apelyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin mübahisələndirilən qərardadı ləğv edilməli, inzibati iş sonrakı prosessual hərəkətlərin edilməsi üçün həmin məhkəməyə göndərilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 82, 87 və 89-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Apelyasiya şikayəti qismən təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2991/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadı ləğv edilsin. İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fonduna qarşı “pul məbləğinin ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş sonrakı prosessual hərəkətlərin edilməsi üçün həmin məhkəməyə göndərilsin. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar