Məhkəmə qərarları › İş №2-1(103)-1734/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1734/2022

24.06.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1734/2022 24.06.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Hüseynov Azər Soltanhəmid oğlunun sədrliyi ilə (məruzəçi); Bəktaşi Səadət İnayət qızı və Aida Hüseyn Əli qızından ibarət tərkibdə; Aslanova Gülnar Faiq qızının katibliyi, iddiaçı “R.N. X1 Biznes” MMC-nin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 11301/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi,540-cı məhəllə) şifahi məhkəmə baxışı qaydasında məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı “R.N. X1 Biznes” MMC cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin hərəkətlərinin qanunsuz hesab edilməsi və 04 oktyabr 2021-ci il tarixli **********150306 nömrəli qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin 04 oktyabr 2021-ci il tarixli **********150306 nömrəli qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-11301/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarı ilə iddia tələbi təmin edilmişdir. Qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-11301/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarının ləğv edilməsini, iddianın təmin olunmamasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə qanunvericiliyə uyğun həyata keçirilən səyyar vergi yoxlaması barədə qərarın sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən keçmədiyinə əsassız olaraq istinad etmiş və vergi orqanı tərəfindən əldə edilən mənbəyi bəlli olan məlumat əsasında vergi ödəyicisinin gəlirlərinin və ya vergitutma obyektinin gizlədilməsinin (azaldılmasının) əlamətləri müəyyən edilməklə növbədənkənar vergi yoxlamasının keçirilməsini araşdırmamışdır. Əvvəlki məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi R.Əlizadə iş materiallarına uyğun izahat verərək şikayətinin təmin edilməməsini, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-11301/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarının qüvvədə saxlanılmasını xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi E.Seyidov apellyasiya şikayətinə uyöun izahat verərək şikayətin təmin olunmasını, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-11301/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarının ləğv edilməsini, iddia təlbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası məhkəmə iclasında iştirak edən şəxslərin izahatlarını dinləyib, apellyasiya şikayətlərinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli və iddia mümkün sayılmamalıdır. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Səyyar vergi yoxlamasının keçirilməsi haqqında” xx.xx.2021-ci il tarixli **********150306 nömrəli qərarının təsdiq edilmiş surətindən görünür ki, “R.N. X1 Biznes” Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN **********) üzrə Vergi Məcəlləsinin 38.3.5-ci maddəsinə əsasən vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi vəziyyətinin düzgünlüyünün yoxlanılması və cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə sahəsində nəzarətin həyata keçirilməsi məqsədi ilə aşağıda göstərilən vergi dövrləri üzrə növbədənkənar səyyar vergi yoxlamasının təyin edilməsi qərara alınmışdır. Yoxlama ilə əhatə olunan vergi dövrü: İyul 2020-ci - Avqust 2021-ci illərdir.. İş materiallarında olan xx.xx.2021-ci il tarixli (yoxlama kodu: KY2********) Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən çıxarışın təsdiq edilmiş surətindən görünür: yoxlayıcı orqanın adı: İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti; yoxlanılan sahibkarlıq fəaliyyəti subyektinin adı: “R.N. X1 Biznes” Məhdud Məsuliyyətli Cəmiyyəti; yoxlanılan sahibkarlıq fəaliyyəti subyektinin VÖEN-i: **********); yoxlamanın müddəti (başlama, sona çatma tarixi) xx.xx.2021- xx.xx.2021; yoxlanılan dövr xx.xx.2020-xx.xx.2021; yoxlamanın predmeti və hüquqi əsaslar: Vergi qanunvericiliyinə əməl olunması (Operativ vergi nəzarəti istisna olmaqla) [Azərbaycan Respublikasının Vergi Məcəlləsi, Məcəllə, Azərbaycan Respublikasının Milli Məclisi,xx.xx.2000. Maddə 38]; yoxlamanın növü: növbədənkənar səyyar vergi yoxlaması; yoxlamanın tipi: plandankənar (növbədənkənar); plandankənar (növbədənkənar) yoxlamanın təyin ediilməsi üçün əsas: Vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı məlumat əsasında vergi ödəyicisinin gəlirlərinin və ya vergitutma obyektinin gizlədilməsinin (azaldılmasının) əlamətlərinin müəyyən edilməsi, Vergi Məcəlləsi, maddə 38.3.5; Yoxlamanın müddətinin artırılması: xx.xx.2021 tarixindən xx.xx.2021 tarixinədək (43 gün müddətinə) artırılmışdır. Əsas: Yoxlamanın obyektiv və dolğun keçirilməsi üçün sənədlərin ətraflı öyrənilməsinə, əldə edilmiş məlumatların, eləcə də bütün qarşılıqlı əməliyyatların, işlərin, xidmətlərin yerinə yetirilməsi və təhvil-təslimi ilə bağlı sənədlərin araşdırılmasına əlavə vaxt tələb olunması. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin prosessual qanunvericiliyin tələblərini pozmaqla icraatına qəbul etdiyi iddia ərizəsi üzrə çıxardığı qərar qanuni və əsaslı hesab edilə bilməz. Buna görə də həmin qərar ləğv edilməklə iddia mümkün hesab edilməməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qanunvericiliyin qeyd olunan normalarından göründüyü kimi inzibati icraat zamanı iddiaçı öz hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda iddia mümkün sayılır. Azərbaycan Respublikası İPM-nin 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı nallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikası MPM-nin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Yuxarıda qeyd olunan normalara görə şəxs pozulmuş hüquqlarının, qanunla qorunan maraqlarının qorunması məqsədi ilə məhkəməyə müraciət edə bilər. Lakin, iddiaçı qanunvericiliyə zidd olaraq, onun üçün heç bir öhdəlik yaratmayan, yəni hüquqlarına və qanunla qorunan maraqlarına toxunmayan məsələlərlə bağlı məhkəməyə müraciət etmişdir. Belə ki, səyyar vergi yoxlamasının keçirilməsi vergi orqanının Vergi Məcəlləsinin 36. 38- ci maddələri ilə müəyyən edilmiş diskresion səlahiyyətinə aid edilir və həmin qərarın qəbulu vergi ödəyicisi üçün hər hansı hüquqi nəticə yaratmır. Səyyar vergi yoxlamasının keçirilməs nəticəsində Vergi Məcəlləsinin 49.1-ci maddəsi ilə qəbul edilmiş qərar vergi ödəyici üçım hüquqi nəticə yaradır. Həmçinin səyyar vergi yoxlamasının keçirilməsi haqqında qərar vergi orqanın qanunvericiliklə müəyyən edilmiş səlahiyyəti olub, vergi ödəyicisi üçün hər hansı hüquqi nəticə yaratmadığından inzibati akt hesab edilmir. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianını mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə öncə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərinin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Eyni zamanda, nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Tərəflər iddianı mümkün hesab etsələr belə, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər. Belə ki, İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli 5 saylı Qərarının 9-cu maddəsində məhkəmələrin diqqətinə çatdırılmışdır ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarının 2.3-cü bəndinə əsasən məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPMdə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Yuxarıda qeyd edilənlərə əsasən kollegiya hesab edir ki, iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəllənin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35, 87, 89-90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, Kollegiya Qərara aldı: Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin olunsun. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-11301/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarı ləğv edilsin. İddiaçı “R.N. X1 Biznes” MMC-nin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına (Bakı şəhəri Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar