Məhkəmə qərarları › İş №2-1(103)-1734/2023

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1734/2023

31.03.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1734/2023 31.03.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Əkbərov Kamran Hüseyn oğlu (sədrlik edən və məruzəçi), Yusifov Cahangir Afər oğlu və Tağızadə Mirzə Nəsib oğlundan ibarət tərkibdə, Həsənzadə Səbuhi Mehdi oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi Şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “mənzilin iddiaçının adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq texniki pasportun tərtib edilməsi və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 21 iyul 2022-ci il tarixli, 2-1(112)-8235/2022 nömrəli qərarından maraqlı şəxs "xxxx" MTK tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlük məsələsinə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D I : İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Azərbaycan Respublikası Bаkı İnzibаti Məhkəməsinə müraciət edərək, Bakı şəhəri, Xətai rayonu, İlqar Zülfüqarov və Sadıqcan küçələrinin kəsişməsində, 2942A saylı məhəllədə inşa edilən yaşayış binasının “B” blokunun 7-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 135.56 kv.m. olan 3 otaqlı 80 nömrəli mənzilinin İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması, həmin mənzil sahəsinə dair mövcud vəziyyətdə texniki pasportun tərtib edilməsi və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Bakı şəhər Ərazi İdarəsinə həvalə olun barədə qərar qəbul edilməsini xahiş etmişdir. Sonradan iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək, Bakı şəhəri, Xətai rayonu, İlqar Zülfüqarov və Sadıqcan küçələrinin kəsişməsində, 2942A saylı məhəllədə inşa edilən yaşayış binasının “B” blokunun 7-ci mərtəbəsində yerləşən 80 nömrəli mənzilin İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq texniki pasportun tərtib edilməsi və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Bakı şəhər Ərazi İdarəsinə həvalə olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respubikası Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8235/2022 saylı 21 iyul 2022-ci il tarixli qərardadı əsasında iddia tələbinin dəyişdirilməsi barədə ərizə icraata qəbul edilmişdir Bakı İnzibati Məhkəməsinin 21 iyul 2022-ci il tarixli, 2-1(112)-8235/2022 nömrəli qərarı ilə İddiaçı iddia tələbi təmin edilmiş və Bakı şəhəri, Xətai rayonu, İlqar Zülfüqarov və Sadıqcan küçələrinin kəsişməsində, 2942A saylı məhəllədə inşa edilən yaşayış binasının “B” blokunun 7-ci mərtəbəsində yerləşən 80 nömrəli mənzilin İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq texniki pasportun tərtib edilməsi və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi Şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması qərara alınmışdır. Qərardan apellyasiya şikayəti verilməmiş, qərar qanuni qüvvəyə minmiş və müvafiq çıxarış verilmişdir. xx.xx.2023-cü il tarixdə maraqlı şəxs "xxxx" MTK Bakı İnzibati Məhkəməsinin 21 iyul 2022ci il tarixli, 2-1(112)-8235/2022 nömrəli qərarından apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Tərəflər və maraqlı şəxs məhkəmə baxışının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, nümayəndələrinin məhkəmə iclasında iştiraklarını təmin etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq şifahi məhkəmə baxışı ilə bağlı iclasa çağırılan tərəflərin nümayəndələrinin iştirakları olmadan işə baxılması və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iclasında iştirak edən iddiaçının vəkili və nümayəndəsi apellyasiya şikayətinin mümkün sayılmamasını xahiş etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətini və işin materiallarını araşdıraraq belə qənaətə gəlir ki, aşağıdakı əsaslara görə apellyasiya şikayəti qeyri-mümkün hesab edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiyanın mümkünlüyü əsaslarını yoxlayır. Həmin Məcəllənin 87.4-cü maddəsinə əsasən apellyasiyanın mümkünlüyü ilə bağlı məhkəmə qərardad çıxarır. Apellyasiyanın mümkün sayılmaması barədə qərardad qəbul edilməmişdən əvvəl proses iştirakçılarının dinlənilmə hüququ təmin edilməlidir. İnzibati Prosessual Məcəllənin qeyd edilən göstərişini nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə uyğun verilməsinin əsasları yoxlanılmalıdır. Məhkəmə kollegiyası qeyd edir ki, hazırkı iş üzrə "xxxx" MTK Bakı İnzibati Məhkəməsinin 21 iyul 2022-ci il tarixli, 2-1(112)-8235/2022 nömrəli qərarını mübahisələndirsə də, iş materiallarından müəyyən edilir ki, "xxxx" MTK üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilməmişdir. Azərbaycan Respublikası İPM-nin 81.2-ci maddəsinə əsasən inzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. Həmin Məcəllənin 27.1-ci maddəsinə əsasən aşağıdakılar inzibati məhkəmə icraatının iştirakçıları sayılırlar: 27.0.1. iddiaçı (və ya bu Məcəllənin 132-ci maddəsinə uyğun olaraq ərizəçi); 27.0.2. cavabdeh; 27.0.3. inzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər. İş materiallarından göründüyü kimi hazırkı inzibati iş üzrə tərəflər İddiaçı və cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi Şəxsin 1 saylı Bakı Ərazi İdarəsi olmuş, hazırda şikayətçi qismində çıxış edən "xxxx" MTK inzibati məhkəmə icraatının iştirakçısı qismində tanınmağından, onun hal-hazırda məhkəmə qərarından apellyasiya şikayəti vermək hüququ mövcud olmamışdır. Beləliklə işin yuxarıda qeyd olunan halları ilə müəyyən olunur ki, hazırkı mərhələdə şikayətçi "xxxx" MTK -nın birinci instansiya məhkəməsinin qərarını mübahisələndirmək hüququ mövcud olmadığından apellyasiya şikayəti mümkün sayılmamışdır. İnzibati Prosessual Məcəllənin 87.3-cü maddəsinə əsasən apellyasiya mümkün sayılmadıqda apellyasiya instansiyası məhkəməsi şikayəti qəbul etməkdən imtina edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D I : Maraqlı şəxs "xxxx" MTK –nın Bakı İnzibati Məhkəməsinin 21 iyul 2022-ci il tarixli, 2-1(112)- 8235/2022 nömrəli qərarından verdiyi apellyasiya şikayəti qeyri-mümkün hesab edilsin, şikayətin apellyasiya qaydasında icraata qəbulundan imtina edilsin. Apellyasiya şikayəti və ona əlavə olunmuş sənədlər maraqlı şəxsə qaytarılsın. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri Y.Səfərov küçəsi 14,1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar