Məhkəmə qərarları › İş №2-1(103)-1735/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1735/2021

16.06.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1735/2021 16.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Nağıyeva Elmira Eyvaz qızı (sədrlik edən və məruzəçi), Həmidov Həmid Üzeyir oğlu və Yusifov Cahangir Afər oğlundan ibarət tərkibdə, Əliyeva Ayşəm Lehsan qızının katibliyi ilə, İddiaçı MMC-nin (VÖEN **********, hüquqi ünvan-AZ1100, Bakı şəhəri, Yasamal rayonu, H.ünvan 1çi-X7, dövlət qeydiyyatına alındığı tarix-05.10.2010-cu il, reyestrdən son dəfə verilmiş çıxarışın tarixi-08.10.2014-cü il) cavabdeh Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyətinə qarşı (Üçüncü şəxslər X4, Azərbaycan Respublikası Prezidentinin Administrasiyası) “cavabdehin müraciətə cavab verməsindən imtinasının qanunsuz hesab edilməsi və müraciətə cavab verilməsi vəzifəsinin onun üzərinə qoyulması” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 07 aprel 2021-ci il tarixli, 2-1(112)-3614/2021 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: İddiaçı 14.01.2021-ci il tarixdə cavabdeh Bakı şəhəri Xətai rayon İcra Hakimiyyətinə qarşı Azərbaycan Respublikası Prezidentinin Administrasiyası və X4 üçüncü şəxslər qismində inzibati məhkəmə icraatına cəlb edilməklə, iddia qaldıraraq, “Bakı şəhəri Xətai rayon İcra Hakimiyyətinin qanunsuz hərəkətləri barədə” 17 sentyabr 2020-ci il tarixli 630/20 saylı məktubuna cavab verməməsinin qanunsuz və əsassız hesab edilməsi; 17 sentyabr 2020-ci il tarixli 630/20 saylı məktuba cavab verməsi vəzifəsinin cavabdehə həvalə olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsində göstərmişdir ki, 17 sentyabr 2020-ci il tarixli, 636/20 saylı məktubla müraciət edərək nümayəndəsi olduğu X2 məxsus olan ünvan 2 ünvanında yerləşən yataqxananın 315-ci otağının söküntüsü nəticəsində X1 ayrı mənzillə təmin edilməyinə və ya ona kompensasiya ödənilməsinə göstəriş verilməsini xahiş etmişdir. “Bakı şəhəri Xətai rayon İcra Hakimiyyətinin qanunsuz hərəkətləri barədə” 17 sentyabr 2020-ci il tarixli 636/20 saylı məktub 22 sentyabr 2020-ci il tarixdə Bakı şəhəri Xətai rayon İcra Hakimiyyətinə daxil olub. Lakin cavabdeh Bakı şəhəri Xətai rayon İcra Hakimiyyəti İddiaçı MMC-nin “Bakı şəhəri Xətai rayon İcra Hakimiyyətinin qanunsuz hərəkətləri barədə” 17 sentyabr 2020-ci il tarixli, 636/20 saylı məktubuna cavab verilməsini təmin etməmişdir. Bundan əlavə 17 sentyabr 2020-ci il tarixli 636/20 saylı məktubla müraciət edərək nümayəndəsi olduğu X2 məxsus olan ünvan 2 ünvanında yerləşən yataqxananın 315-ci otağının söküntüsü nəticəsində X1 ayrı mənzillə təmin edilməyinə və ya ona kompensasiya ödənilməsinə göstəriş verilməsini xahiş etmişdir. “Bakı şəhəri Xətai rayon İcra Hakimiyyətinin qanunsuz hərəkətləri barədə” 17 sentyabr 2020-ci il tarixli 636/20 saylı məktub 22 sentyabr 2020-ci il tarixdə Bakı şəhəri Xətai rayon İcra Hakimiyyətinə daxil olub. Lakin cavabdeh Bakı şəhəri Xətai rayon İcra Hakimiyyəti İddiaçı MMC-nin “Bakı şəhəri Xətai rayon İcra Hakimiyyətinin qanunsuz hərəkətləri barədə” 17 sentyabr 2020-ci il tarixli, 636/20 saylı məktubuna cavab verilməsini təmin etməmişdir. Bakı İnzibati Məhkəməsinin 07 aprel 2021-ci il tarixli, 2-1(112)-3614/2021 nömrəli qərardadı ilə (hakim N.Abıyev) İddiaçı cavabdeh Bakı şəhər Xətai rayon İcra Hakimiyyətinə qarşı Azərbaycan Respublikası Prezidentinin Administrasiyası və X4 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməklə, cavabdehin müraciətə cavab verməsindən imtinasının qanunsuz hesab edilməsi və müraciətə cavab verilməsi vəzifəsinin onun üzərinə qoyulması tələbinə dair iddiası mümkün sayılmamışdır. Qərardaddan narazı qalan iddiaçı 19.05.2021-ci il tarixdə apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 07 aprel 2021-ci il tarixli, 2-1(112)-3614/2021 nömrəli qərardadının ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti iddia ərizəsinə uyğun tərtib edilmişdir. İddiaçı, cavabdeh və üçüncü şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsələr də, nümayəndələri məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq şifahi məhkəmə baxışı ilə bağlı iclasa çağırılan iddiaçının, cavabdehin və üçüncü şəxslərin nümayəndələrinin iştirakları olmadan işə baxılması və iş üzrə müvafiq qərarın qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd edilən normanın tələbinə əsasən, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə öncə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərinin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Eyni zamanda, nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Tərəflər iddianı mümkün hesab etsələr belə, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər. Məhkəmə kollegiyası hesab edir ki, inzibati icraat qaydasında baxılan iddia müvafiq iddia növünə uyğun olmalı, subyektiv hüququ olan şəxs tərəfindən qaldırılmalı və qanunla üzərinə məsuliyyət qoyulan inzibati orqana qarşı verilməli və iddiaçı iddia ərizəsində qanunla qorunan hüquq və azadlıqlarının pozulmasını əsaslandıraraq müvafiq sübutları əlavə etməlidir ki, iddianın məhkəmə icraatı mümkün sayılsın. Hazırkı iş üzrə iddiaçının iddia ərizəsində qeyd etdiyi 17 sentyabr 2020-ci il tarixli 630/20 saylı məktubu X2 məxsus olan ünvan 2 ünvanında yerləşən yataqxananın 315-ci otağının söküntüsü nəticəsində X1 ayrı mənzillə təmin edilməyinə və ya ona kompensasiya ödənilməsi ilə bağlı olmuşdur. Məhkəmə Kollegiyası qeyd edir ki, hazırkı iddia tələbi X1 ayrı mənzillə təmin edilməsi və ona kompensasiya ödənilməsi ilə bağlı olsa da, iddia tələbi İddiaçı tərəfindən qaldırılmışdır. Məhkəmə kollegiyası qeyd edir ki, hazırkı iş üzrə iddiaçı cavabdeh inzibati orqana hüquqlarının müdafiəsi üçün müraciət etdiyi şəxsin - X1 hüquqlarını qanuni əsaslarla təmsil etməsi barədə iş materiallarında heç bir sənəd (etibarnamə, order) əlavə etməmişdir. Eyni zamanda məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, birinci instansiya məhkəməsi öz qərardadında iddiaçının şəxsin hüquqlarını qanuni əsaslarla təmsil etməsi barədə məhkəməyə heç bir sənəd (etibarnamə, order) təqdim etmədiyini qeyd etsə də, iş materiallarında 9-cu səhifədə X3 tərəfindən X6 verilmiş AR-İ seriyalı, 737801 nömrəli, 22.02.2019-cu il tarixli etibarnamə (etibarnamə Bakı şəhəri 20 saylı notariat ofisinin xüsusi notariusu X5 tərəfindən təsdiq edilmişdir) mövcuddur, lakin sözügedən etibarnamədə X3 tərəfindən X6 verilən səlahiyyətlərin siyahısında məhkəmədə təmsil etmək səlahiyyəti mövcud deyildir. Eyni zamanda məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya şikayəti İddiaçı MMCnin möhürü ilə təsdiq edilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı iş üzrə iddia tələbi subyektiv hüququ olan şəxs tərəfindən qaldırılmadığından birinci instansiya məhkəməsinin iddia tələbinin mümkün sayılmaması barədə gəldiyi nəticə düzgündür. Beləliklə, hazırkı işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın mümkün sayılmaması ilə bağlı gəldiyi nəticə maddi və prosessual hüquq normalarının tətbiqi baxımından qanuni və əsaslı, apellyasiya şikayətinin dəlilləri isə əsassızdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-in 82, 87, 90 və 94cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçı MMC-nin apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 07 aprel 2021-ci il tarixli, 2-1(112)-3614/2021 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin inzibati kollegiyasına (Bakı şəhəri, Yusif Səfərov küç, 14) kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar