Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1735/2022 20.05.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Tağızadə Mirzə Nəsib oğlu (sədrlik edən və məruzəçi), Cəmilova Xəyalə Adil qızı və Oruczadə Aytən Pənah qızından ibarət tərkibdə Orucova Aysu Əli qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi X2, Üçüncü şəxsin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə (Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 1 saylı Bakı Ərazi İdarəsi) qarşı (üçüncü şəxs: "xxxx" MTK) “çıxarışın verilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(81)-4404/2017 saylı, 06 may 2021-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinin mümkünlüyünə Bakı Apellyasiya Məhkəməsinin binasında şifahi məhkəmə baxışı qaydasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə (hazırda Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi, bundan sonra İdarə) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış binasının və həmin binanın yerləşdiyi 705,7 kv.m. torpaq sahəsinin onun adına vahid əmlak kimi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bu barədə hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən müvafiq vahid çıxarışın verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-4404/2017 saylı, 08.08.2017-cı il tarixli qərarı ilə iddia tələbi təmin edilmiş, ünvan 2 ünvanında yerləşən qeyri-yaşayış binasının və həmin binanın yerləşdiyi 705,7 kvm. torpaq sahəsinin İddiaçı adına vahid əmlak kimi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bu barədə hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən müvafiq vahid çıxarışın verilməsi vəzifəsi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhəri Ərazi İdarəsinə həvalə edilmişdir. "xxxx" Mənzil Tikinti Kooperativi 16.02.2021-ci il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-4404/2017 saylı, 08.08.2017-ci il tarixli qərarının ləğv edərək onun üçüncü şəxs kimi məhkəmə iclasına cəlb edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(81)-4404/2017 №-li, 06.05.2021-ci il tarixli qərardadı ilə "xxxx" Mənzil Tikinti Kooperativinin ərizəsi təmin edilmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-4404/2017 nömrəli, 08.08.2017-ci il tarixli qərarı ləğv edilmiş, iş üzrə icraat təzələnmiş və "xxxx" Mənzil Tikinti Kooperativi inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1466/2022 saylı, 27.01.2022-ci il tarixli qərarı ilə iddia tələbi rədd edilmişdir. Bundan sonra, iddiaçı Bakı İnzibati Məhkəməsinin 2-1(81)-4404/2017 №-li, 06.05.2021-ci il tarixli qərardadından apelyasiya şikayəti verərək, qərardadın ləğv edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı tərəf apelyasiya şikayətini müdafiə edərək, təmin edilməsini və qərardadın ləğv edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh tərəf apelyasiya şikayətinin həllini məhkəmənin mülahizəsinə buraxdığını bildirdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən üçüncü şəxs apelyasiya şikayətini əsassız hesab edərək təmin edilməməsini, qərardadın qüvvədə saxlanılmasını xahiş etdi. Kollegiya apelyasiya şikayətini müvafiq qaydada iş materialları ilə birlikdə araşdıraraq aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.2-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi apelyasiyanın mümkünlüyü əsaslarını yoxlayır. AR İnzibati Prosessual Məcəllənin: 28.1. İş üzrə məhkəmə qərarı qanuni qüvvəyə minənə qədər və ya iş yuxarı instansiya məhkəməsinin icraatında olduğu müddətdə, məhkəmə qərarının digər şəxslərin qanunla qorunan maraqlarına toxunacağı hallarda, məhkəmə xidməti vəzifəsinə uyğun olaraq öz təşəbbüsü ilə və ya həmin şəxslərin vəsatəti əsasında onları üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edə bilər. Məhkəmə qərarının qəbul edildiyi, lakin qanuni qüvvəyə minmədiyi dövrdə məhkəmə üçüncü şəxslərin icraata cəlb edilməli olduğu qənaətinə gəldikdə, həmin məhkəmə qərarının ləğv edilməsi və işə mahiyyəti üzrə baxılmasının təzələnməsi barədə qərardad qəbul edir. 28.2. Mübahisə edilən hüquq münasibətində üçüncü şəxsin iştirakının xarakteri inzibati məhkəmə icraatının tərəfləri və həmin üçüncü şəxs barəsində vahid qərarın qəbul olunmasını şərtləndirdiyi hallarda, həmin şəxs iştirakçı kimi inzibati məhkəmə icraatına mütləq cəlb edilməlidir (zəruri cəlbetmə). 28.3. Üçüncü şəxslərin inzibati məhkəmə icraatına cəlb edilməsi barədə məhkəmə qərardadı inzibati prosesin bütün iştirakçılarına təqdim olunmalıdır. Qərardadda məhkəmə tərəfindən baxılan işin halları və cəlbetmənin səbəbləri göstərilməlidir. 28.4. İnzibati məhkəmə icraatına cəlbetmə barədə məhkəmə qərardadından şikayət verilə bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 01/2022 saylı, 17 fevral 2022-ci il tarixli “İnzibati məhkəmə icraatına üçüncü şəxslərin cəlb edilməsi və onların hüquqi müdafiə vasitələrindən istifadə hüquqlarına dair” qərardadında qeyd edilmişdir ki, “... Zəruri cəlbetmə halının mövcudluğu üçün üçüncü şəxsin mübahisəli hüquq münasibətində bilavasitə iştirakı tələb olunur. Çünki İPM-in 28.2-ci maddəsinin tələblərinə əsasən zəruri cəlbedilən mübahisəli hüquq münasibətinin bilavasitə iştirakçısı olmalıdır. Bundan başqa, çıxarılacaq məhkəmə qərarı həm icraatın tərəflərinə, həm də üçüncü şəxsə münasibətdə vahid qərarın qəbul edilməsini şərtləndirməlidir. ... qanuni qüvvəyə minmiş məhkəmə qərarının ləğv edilməsi və işə mahiyyəti üzrə baxılmasının təzələnməsi yalnız zəruri cəlbetmə qaydasında üçüncü şəxslərin icraata cəlb edilməli olduğu hal müəyyən edildikdə yol veriləndir. ... İPM-in 28.4-cü maddəsinə əsasən inzibati məhkəmə icraatına cəlbetmə barədə qərardaddan şikayət verilə bilməz.” “Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 28-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 aprel 2017-ci il tarixli qərarında göstərilmişdir ki, “Zəruri cəlbetmə o zaman mövcud olur ki, qəbul ediləcək məhkəmə qərarı tək inzibati məhkəmə icraatının tərəfləri barəsində deyil, həmçinin üçüncü şəxsə münasibətdə də hüquqi qüvvəyə malik olsun. Əgər məhkəmə qərarını üçüncü şəxsin hüquqlarına müdaxilə etmədən (başqa şəxs üçün hüquq və vəzifələrin yaradılması, təsdiq və ya müəyyən olunması, dəyişdirilməsi və ya ləğv edilməsi) qəbul etmək mümkün deyilsə, həmin şəxs mütləq məhkəmə icraatına cəlb edilməli və bu, zəruri cəlbetmə kimi qiymətləndirilməlidir. Bu hal bir qayda olaraq o zaman mövcud olur ki, üçüncü şəxsin mübahisəli hüquq münasibətlərində birbaşa iştirakı olsun və münasibətin hüquqi taleyi həll edildiyi zaman qəbul edilmiş qərar onun maraqlarına təsir etsin. Bu halda həmin şəxs üçüncü şəxs qismində, yəni iştirakı zəruri olan üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməlidir”. Birinci instansiya məhkəməsi "xxxx" Mənzil Tikinti Kooperativi inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilməsi barədə yekun nəticəsini onunla əsaslandırmışdır ki, “... ünvan 3 ünvanındakı qeyri-yaşayış binasının yerləşdiyi torpaq sahəsi Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyəti başçısının 105 №-li, 19.04.2017-ci il tarixli sərəncamına əsasən "xxxx" Mənzil Tikinti Kooperativinə 49 illik icarə əsasında istifadəyə verilmiş torpaq sahələrinin daxilində yerləşir.” İşdən aydın olduğu kimi, hazırki mübahisənin mahiyyəti üzrə zəruri cəlbetməni şərtləndirən hallar mövcud olmuş, artıq qəbul edilmiş yekun məhkəmə aktının "xxxx" MTKnın hüquq və maraqlarına birbaşa müdaxilə etməsi müəyyən edilmiş və bu əsasla 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-4404/2017 nömrəli, 08.08.2017-ci il tarixli qərarı ləğv edilmiş, iş üzrə icraat təzələnmiş və "xxxx" Mənzil Tikinti Kooperativi zəruri cəlbetmə qaydasında inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişdir. Kollegiya ilk öncə qeyd edir ki, AR İPM-in 28.4-cü maddəsinin dispozisiyasından da göründüyü kimi, inzibati məhkəmə icraatına cəlbetmə barədə qərardaddan şikayət verilə bilməməsi imperativ qaydada müəyyənləşdirilmiş, qərardadın “qanuni qüvvəsini almış qərarın ləğvi və iş üzrə icraatın təzələnməsi” hissəsindən şikayət verilə bilməsi imkanı isə ümumiyyətlə prosessual qanunvericilikdə nəzərdə tutulmamışdır. “Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 28-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 aprel 2017-ci il tarixli qərarındakı hüquqi mövqeyə görə, “... qanuni qüvvəyə minmiş məhkəmə qərarının ləğv edilməsi və işə mahiyyəti üzrə baxılmasının təzələnməsi yalnız zəruri cəlbetmə qaydasında üçüncü şəxslərin icraata cəlb edilməli olduğu hal müəyyən edildikdə yol veriləndir.” Konstitusiya Məhkəməsinin qeyd edilən mövqeyindən də aydın olduğu kimi, hazırki iş üzrə qanuni qüvvəsini almış məhkəmə aktının ləğvi və iş üzrə icraatın təzələnməsi, üçüncü şəxsin məhkəmə icraatına cəlb edilməsi zərurətindən irəli gələn prosessual qaydadır. Yuxarıda qeyd edilənləri nəzərə alan məhkəmə kollegiyası bildirir ki, nə qədər ki, qanuni qüvvəyə minmiş məhkəmə qərarının ləğv edilməsi və işə mahiyyəti üzrə baxılmasının təzələnməsi, üçüncü şəxsin icraata zəruri cəlb edilməsindən irəli gələn prosessual hal olmuşdur, mübahisələndirilən qərardadın təkcə “"xxxx" MTK-nın inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilməsi” hissəsindən deyil, həmçinin, “1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-4404/2017 nömrəli, 08.08.2017-ci il tarixli qərarının ləğv edilməsi, iş üzrə icraat təzələnməsi” hissələrindən, yəni ümumilikdə həmin qərardaddan apelyasiya şikayəti verilməsi mümkün hesab edilməməlidir. Eyni zamanda, kollegiya bildirir ki, qanunvericilikdə belə bir imkan mövcud olsaydı olsa belə, iş materiallarından görünür ki, iddiaçının mübahisələndirdiyi Bakı İnzibati Məhkəməsinin 2-1(81)-4404/2017 №-li, 06.05.2021-ci il tarixli qərardadı 07.06.2021-ci il tarixdə İddiaçı Rəhimağa qızının ünvanına göndərilmiş, lakin apelyasiya şikayəti Bakı İnzibati Məhkəməsinə 29.03.2022-ci ildə daxil olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.3-cü maddəsinə əsasən apelyasiya mümkün sayılmadıqda apelyasiya instansiyası məhkəməsi şikayəti qəbul etməkdən imtina edir. Həmin Məcəllənin 87.4-cü maddəsinə görə apelyasiyanın mümkünlüyü ilə bağlı məhkəmə qərardad çıxarır. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə hesab edir ki, İddiaçı Bakı İnzibati Məhkəməsinin 2-1(81)-4404/2017 saylı, 06 may 2021-ci il tarixli qərardadından verdiyi apelyasiya şikayəti qeyri-mümkün hesab edilməli və apelyasiya şikayətinin qəbulundan imtina edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 87, 89, 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə (Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 1 saylı Bakı Ərazi İdarəsi) qarşı (üçüncü şəxs: "xxxx" MTK) “çıxarışın verilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(81)-4404/2017 saylı, 06 may 2021-ci il tarixli qərardadından İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti qeyri-mümkün hesab edilsin və apelyasiya şikayətinin qəbulundan imtina edilsin. Qərardaddan təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Mirzə Tağızadə Hakimlər: Xəyalə Cəmilova Aytən Oruczadə
Məhkəmə qərarları › İş №2-1(103)-1735/2022
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1735/2022
20.05.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver