Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1736/2020 12.10.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Aida Əli qızı Hüseyn sədrliyi və məruzəsi ilə, Valeh Məmməd oğlu Ağayev və Afaq Bayram qızı Nuriyevadan ibarət tərkibdə, Kamran İbrahim oğlu Musayevin katibliyi ilə, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı “X2” X4 cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Vergilər Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “xx.xx.2020-ci il tarixli **********6 saylı sərəncamın ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2-1(112)-3623/2020 saylı qərardadından cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə xx xxxxxxx 2020-ci il tarixdə Bakı Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında, şifahi məhkəmə baxışı qaydasında baxaraq müəyyən etdi: İddiaçı “X2” X5 cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Vergilər Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı cavabdehin xx.xx.2020-ci il tarixli **********6 saylı sərəncamının ləğv edilməsi tələbinə dair iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Həmçinin, iddiaçı xx.xx.2020-ci il tarixdə “Mübahisə üzrə məhkəmə aktı qanuni qüvvəyə minənədək “X2” X4in “xxxxxxxxxxxx” ASC-nin 2 saylı Nəsimi filialındakı AZ71AİİB******************** saylı hesabından “vergi borcunun 105 faiz həcmində pul vəsaitinin milli və ya xarici valyutada cari və digər hesablarında məxaric əməliyyatları dondurulması istisna olmaqla mübahisələndirilən vergi borcu ilə bağlı olan pul vəsaitlərinin tutulması, silinməsi və ya alınması ilə bağlı həmin hesablara sərəncamların qoyulması, eləcə də əmlakların siyahıya alınması İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə xx.xx.2020-ci il tarixli, **********9AS nömrəli Sərəncamının ləğv edilməsi öhdəliyinin Azərbaycan Respublikası Vergilər Nazirliyinin Lokal Gəlirlər Baş İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsi”nə dair müvəqqəti xarakterli müdafiə tədbiri barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Bakı İnzibati Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2-1(112)-3623/2020 saylı qərardadı ilə ərizə təmin edilmişdir. Cavabdeh həmin qərardaddan apelyasiya şikayəti verərək qərardadın ləğv edilməsini və ərizəçinin müvvəqqəti xarakterli müdafiə tədbiri barədə ərizənin təmin edilməməsi haqqında qərardad qəbul edilməsini xahiş etmişdir. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə qərardadında iddianın uğurlu olmasına dəlalət edən hər hansı sübuta, formalaşmış məhkəmə təcrübəsinə istinad etməmiş, ümumiyyətlə qeyd edilən məsələ üzrə araşdırma aparmamışdır. İşin faktiki hallarını araşdırmadan, iddianın uğurluluq ehtimalının mövcud olmadığını nəzərə almadan, ilkin məhkəmə araşdırması aparmaqla ərizəçinin maddi tələbinin mövcud olması ehtimalını müəyyən etmədən yalnız özünün və iddiaçının subyektiv mülahizələri əsasında müvəqqəti xarakterli müdafiə tədbiri barədə qərardad qəbul etmişdir.Vergi Məcəlləsinin 23.1.6-cı maddəsinə əsasən vergi orqanları müəyyən edilmiş müddətlərdə ödənilməmiş vergilərin, faizlərin, maliyyə sanksiyalarının və inzibati cərimələrin qanunla müəyyən edilmiş qaydada dövlət büdcəsinə ödənilməsini təmin edir. Həmin Məcəllənin 23.1.7-ci maddəsinə görə vergi orqanları vergi ödəyicilərinin hesablaşma, valyuta və ya digər hesablarından qanunvericiliyə müvafiq olaraq hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının dövlət büdcəsinə alınması üçün banklara və ya digər kredit təşkilatlarına icra (ödəniş) sənədi olan sərəncam vermək, inzibati cərimələrin alınmasını təşkil etməkdir. Göründüyü kimi qəbul edilmiş qərardadla vergi orqanlarının birbaşa səlahiyyətlərinə müdaxilə edilmişdir. Eyni zamanda Vergi Məcəlləsinin göstərişi bundan ibarətdir ki, (VM 16.1.11-2-ci maddəsi), vergi orqanı tərəfindən kameral və səyyar vergi yoxlamaları zamanı hesablanmış və ya yenidən hesablanmış vergilər, faizlər, habelə tətbiq edilmiş maliyyə sanksiyalarından verilmiş şikayətə məhkəmədə baxıldığı dövrdə və həmin şikayət üzrə məhkəmənin çıxardığı qərar qanuni qüvvəyə minənədək (vergi ödəyicisinin həmin vəsaitləri öz razılığı ilə ödədiyi hallar istisna olmaqla) əlavə hesablanmış məbləğin 105 faizi həcmində pul vəsaitinin milli və ya xarici valyutada cari və digər hesablarında məxaric əməliyyatları üzrə dondurulmasını təmin etmək vergi ödəyicisinin birbaşa və istisnasız vəzifələrinə aid edilmişdir. Məcəllənin 63.2-ci maddəsinin tələbi bundan ibarətdir ki, vergi ödəyicisi ona hesablanmış verginin məbləği ilə razı olmadığı halda, verginin ödənilməsini dayandırmadan bilavasitə vergi nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanına və ya məhkəməyə şikayət verə bilər. Vergi Məcəllənin 65.2-ci maddəsinə əsasən isə, bu Məcəllənin 65.2.1.1 və 65.2.1.4-cü maddələrində nəzərdə tutulan hallar istisna olmaqla digər hallarda vergi orqanının hesabladığı və ya yenidən hesabladığı vergilər, faizlər və ya tətbiq etdiyi maliyyə sanksiyaları üzrə vergi orqanı vergi ödəyicisinin milli və ya xarici valyutada cari və ya digər hesablarında borc məbləğinin 105 faizi həcmində pul vəsaitinin məxaric əməliyyatları üzrə dondurulması haqqında kredit təşkilatına və ya bank əməliyyatları aparan şəxsə icra sənədi olan sərəncam verir. Göründüyü kimi, borclu vergi ödəyicisinin borclarının dövlət büdcəsinə alınması ilə bağlı onun hesablaşma hesabına sərəncamların qoyulması vergi orqanının hüquqlarına, şikayətə məhkəmədə baxıldığı dövrdə hesablanmış məbləğin 105 faizi həcmində pul vəsaitinin bank hesabında dondurulması tələbi isə vergi ödəyicisinin vəzifələrinə aid edilmişdir.Lakin məhkəmənin hazırkı qərardadı ilə cavabdeh qanunla müəyyən edilmiş hüquqlarından məhrum olmuş, iddiaçını isə müəyyən edilmiş vəzifələrindən azad etmişdir.Əlavə olaraq qeyd etmək zəruridir ki, birinci instansiya məhkəməsi ərizəçi tərəfindən verilmiş müvəqqəti xarakterli müdafiə tədbirinin tətbiq edilməsi barədə ərizəyə baxarkən cavabdeh tərəfin iştirakını təmin etməyərək və cavabdehə ərizə ilə əlaqədar mülahizə imkanı yaratmayaraq İnzibati Prosessual Məcəllənin 11.2, 80.3, 68.2-ci maddələrinin tələblərini pozmuşdur. Məhkəmə iclasında cavabdehin nümayəndəsi şikayəti müdafiə edərək təmin edilməsini xahiş etdi. İddiaçı məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunsa da, nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası cavabdehin nümayəndəsinin izahatını dinləyib, iş materiallarını və apelyasiya şikayətinin dəlillərini araşdıraraq və işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. İnzibati Prosessual Məcəllənin 40.1-ci maddəsinə əsasən maraqlı şəxs inzibati aktın icrasının dayandırılması barədə və ya iddianın təmin edilməsinə (ərizəçinin hüquqlarının qorunmasına) yönəlmiş digər təminat tədbirləri barədə məhkəməyə ərizə ilə müraciət edə bilər. Həmin Məcəllənin 40.2-ci maddəsinə əsasən ərizə məhkəmədə iddia qaldırılanadək və ya iddia ilə eyni vaxtda, yaxud məhkəmə icraatının gedişində verilə bilər. Həmin Məcəllənin 40.3-cü maddəsinə əsasən məhkəmə müvəqqəti xarakterli müdafiə tədbiri qismində cavabdehin üzərinə müəyyən hərəkətləri etmək və ya müəyyən hərəkətləri etməkdən çəkinmək, yaxud müəyyən hərəkətlərə dözmək barədə vəzifə qoya bilər. Qanuni əsaslar olduğu hallarda məhkəmə üçüncü şəxslərin də üzərinə belə vəzifələr qoya bilər. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən işin faktiki və hüquqi hallarının ilkin araşdırılması nəticəsində iddianın böyük ehtimalla uğurlu olacağı qənaətinə gəldiyi hallarda məhkəmə, iddiaçının vəsatəti əsasında inzibati aktın (bu Məcəllənin 131.2-ci maddəsinin ikinci cümləsində nəzərdə tutulmuş inzibati akt istisna olmaqla) icrasının dayandırılması barədə qərardad qəbul edə bilər. İddianın uğurluluq ehtimalının aydın olmadığı hallarda, məhkəmə ziddiyyətli maraqların hərtərəfli qiymətləndirilməsindən sonra qərardad qəbul etməlidir. Məhkəmə həmçinin inzibati aktın icrasının müəyyən şərtlərlə dayandırılması barədə də qərardad qəbul edə bilər. Həmin Məcəllənin 41.4-cü maddəsinə əsasən inzibati aktın icrası, müvəqqəti xarakterli müdafiə barədə müvafiq qərardad qəbul edildiyi hallarda, iddia ilə bağlı işə mahiyyəti üzrə baxılıb qurtaranadək dayandırılır. Həmin Məcəllənin 43.1-ci maddəsinə əsasən məhkəmə tərəfindən müvəqqəti xarakterli müdafiə barədə qərardadın qəbul edilməsi üçün aşağıdakılar əsas sayılır: (maddə 43.1.1) mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin (iddiaçının) hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya xeyli dərəcədə çətinləşəcəyi səbəbindən ilkin tənzimləmənin zəruri olması, (maddə 43.1.2) ilkin məhkəmə araşdırılması zamanı ərizəçinin maddi tələbinin mövcud olması ehtimalının müəyyən edilməsi. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 65.1-ci maddəsinə əsasən vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə vergi orqanı bu Məcəlləyə müvafiq olaraq hesablanmış və ya yenidən hesablanmış vergilərin, faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının 5 gün müddətində ödənilməsinə dair vergi ödəyicisinə bildiriş göndərir. Həmin Məcəllənin 65.2-ci maddəsinə əsasən Vergi Məcəlləsinin 65.2.1.1-ci və 65.2.1.4-cü maddələrində nəzərdə tutulan hallar istisna olmaqla digər hallarda vergi orqanının hesabladığı və ya yenidən hesabladığı vergilər, faizlər və ya tətbiq etdiyi maliyyə sanksiyaları üzrə vergi orqanı, vergi ödəyicisinin milli və ya xarici valyutada cari və ya digər hesablarında borc məbləğinin 105 faizi həcmində pul vəsaitinin məxaric əməliyyatları üzrə dondurulması haqqında kredit təşkilatına və ya bank əməliyyatları aparan şəxsə icra sənədi olan sərəncam verir. Maddənin tələbləri belə izah olunur ki, vergi ödəyicisi tərəfindən müvafiq hesablaşma ilə bağlı məhkəməyə şikayət verildikdə, kredit təşkilatı və ya bank əməliyyatları aparan şəxs vergi orqanı tərəfindən verilmiş sərəncamı yalnız məhkəmənin qanuni qüvvəyə minmiş qərarı olduqda həmin qərara uyğun olaraq icra etməlidir. Tətbiq edilməsi zəruri hesab olunan tədbirlə iddiaçının hüquqlarının qorunması ilə dövlət büdcəsinə ödənişlərin həyata keçirilməsi arasında tarazlığı apararkən, iddiaçının hüquqlarının qorunması daha üstün hesab edilməlidir. Çünki əgər iddia təmin edilməzsə, cavabdeh qanunvericiliklə ona verilmiş imkanlardan istifadə etməklə müvafiq məbləğlərin alınmasını təmin edə bilər. Lakin mübahisələndirilən məbləğlərlə bağlı məhkəmə araşdırmasının mövcudluğu anında cavabdeh tərəfindən borc məbləğlərinin alınması iddiaçının məhkəmə müdafiəsi hüququnu əhəmiyyətsiz edir. Həmin Məcəllənin 16.1.11-2-ci maddəsinə əsasən vergi orqanı tərəfindən kameral və səyyar vergi yoxlamaları zamanı hesablanmış və ya yenidən hesablanmış vergilər, faizlər, habelə tətbiq edilmiş maliyyə sanksiyalarından verilmiş şikayətə məhkəmədə baxıldığı dövrdə və həmin şikayət üzrə məhkəmənin çıxardığı qərar qanuni qüvvəyə minənədək (vergi ödəyicisinin həmin vəsaitləri öz razılığı ilə ödədiyi hallar istisna olmaqla) əlavə hesablanmış məbləğin 105 faizi həcmində pul vəsaitinin milli və ya xarici valyutada cari və digər hesablarında məxaric əməliyyatları üzrə dondurulmasını təmin etmək vergi ödəyicisinin vəzifələrinə aid edilmişdir. Göründüyü kimi vergi orqanı tərəfindən vergi ödəyicisinə hesablanmış vergi borcları məhkəmə mübahisəsinin predmetidirsə, mübahisəyə baxıldığı dövrdə vergi ödəyicisinin özü əlavə hesablanmış məbləğin (əgər həmin məbləği könüllü olaraq ödəməmişdirsə) 105 faizi həcmində pul vəsaitinin milli və ya xarici valyutada cari və digər hesablarında məxaric əməliyyatları üzrə dondurulmasını təmin etməlidir. Vergi ödəyicisinin həmin vəzifəsi müqabilində isə vergi orqanının bu cür hüququ müəyyən edilmişdir. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, hazırkı halda iddianın uğurluluq ehtimalı aydın deyildir. Ziddiyyətli maraqlar qiymətləndirildikdə isə, qeyd olunmalıdır ki, işin faktiki halları üzrə ziddiyyətli maraqların mövcudluğu da ortaya çıxmamışdır. Lakin mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçiyə münasibətdə qurumun maddi vəziyyətinin xeyli dəyişəcəyi səbəbindən ilkin tənzimləmə zəruridir. Nəzərə alınmalıdır ki, dondurma sərəncamının qoyulması vəsaitin hesabdan silinməsi ilə nəticələnmədiyindən iddiaçı üçün itkilər yaratmır, eyni zamanda həmin vəsaitin iddiaçı tərəfindən hesabdan kənarlaşdırılmayacağına dair cavabdehə təminat verir. Bu baxımdan iddiaçının hesabına məxaric əməliyyatları üzrə dondurma sərəncamının qoyulması ziddiyyətli maraqların tarazlığını təmin edir və həmin sərəncamın qoyulması qadağan edilə bilməz. Eyni zamanda həmin növ sərəncam istisna olmaqla, vergi orqanının mübahisəli qərarlarının icrasına yönələn digər hərəkətlər iddiaçının vəsaitinin onun hesabından silinməsi ilə nəticələnə, yaxud onun hesabına pul vəsaitinin daxil olmasına mane ola bilər ki, qərarın onun xeyrinə olacağı təqdirdə, iddiaçının hüquqlarının qorunması mümkün olmaya və ya xeyli dərəcədə çətinləşə bilər. Buna görə də həmin hərəkətlərin edilməsi cavabdehə qadağan edilməlidir. Apelyasiya şikayətində bildirilmiş dəlilə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, Vergi Məcəlləsinin 65.2-ci maddəsində vergi üzrə borcların alınması qaydasında vergi orqanına münasibətdə, habelə 16.1.11-2-ci maddədə vergi ödəyicisinə münasibətdə məhkəmə mübahisə predmetini təşkil edən məbləğlə bağlı hesablanmış məbləğin 105 faizi həcmində pul vəsaitinin milli və ya xarici valyutada cari və digər hesablarında məxaric əməliyyatları üzrə dondurulmasının təmin edilməsi nəzərdə tutulmuşdur. Vergi orqanının bu hüququnun təmin edilməsi iddianın təmin olunmadığı təqdirdə dövlət büdcəsinə müvafiq vəsaitin ödənilməsinə yönəldilmiş hərəkət kimi qiymətləndirilməli və bununla da iddiaçının hüquqularının qorunması, eyni zamanda həm iddiaçının, həm də vergi orqanının öz vəzifələrinin icrasının yerinə yetirilməsini mümkün edəcəkdir. Bu müddəalara əsaslanmaqla birinci instansiya məhkəməsi tərəfindən mübahisələndirilən məbləğin 105 faizi həcmində məxaric əməliyyatları üzrə dondurulması istisna olmaqla müvəqqəti xarakterli müdafiə tədbiri kimi digər sərəncamların qoyulması vergi orqanına qadağan edilmişdir. Apelyasiya şikayətinin digər dəlilləri də qərardadın ləğvi üçün əsas təşkil etmir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi iddiaçının ərizəsinin təmin edilməsi barədə düzgün nəticəyə gəldiyindən, iş üzrə qəbul edilmiş qərardad dəyişdirilmədən saxlanmalı və apelyasiya şikayəti təmin edilməməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 40, 41 və 80-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Apelyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2-1(112)-3623/2020 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verə bilər. Sədrlik edən: Aida Hüseyn Hakimlər: Valeh Ağayev Afaq Nuriyeva
Məhkəmə qərarları › İş №2-1(103)-1736/2020
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1736/2020
12.10.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver