Məhkəmə qərarları › İş №2-1(103)-1736/2021

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1736/2021

12.10.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1736/2021 12.10.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyası Sədrlik edən və məruzəçi-hakim Bəktaşi Səadət İnayət qızı, hakimlər Hüseynov Azər Soltanhəmid oğlu və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Hərbi Prokurorluğuna qarşı «yeni məlumat vərəqəsinin aidiyyəti orqana göndərilməsi» tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1431/2021 saylı 09.03.2021-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə Bakı Apelyasiya Məhkəməsinin binasında, şifahi məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Hərbi Prokurorluğuna qarşı iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, Azərbaycan Respublikası Hərbi Prokurorluğu tərəfindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə göndərilmiş məlumat vərəqəsinin yenidən yazılaraq, onun 02 fevral 1994-cü il tarixdən 29 fevral 2004-cü il tarixədək hərbi vəzifədə işlədiyi 10 il 27 gün mülki iş stajının hərbi xidmət kimi hesablanmaqla yeni məlumat vərəqəsinin tərtib edilərək həmin İdarəyə göndərilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsində qeyd etmişdir ki, o, 5 iyul 1983-cü il tarixdən 01 oktyabr 1983cü il tarixədək “Sahil” restoranında fəhlə, 24 noyabr 1983-cü il tarixdən 26 aprel 1984-cü il tarixədək “Bakı” Univermağında satıcı, 15 fevral 1985-ci il tarixdən 17 mart 1992-ci il tarixədək “Moskva” Univermağında fəhlə, satıcı və şöbə müdiri, 30 mart 1992-ci il tarixdən 27 yanvar 1993-cü il tarixədək X2 mağazalarında mağaza müdiri, 28 yanvar 1993-cü il tarixdən 01 fevral 1994-cü il tarixədək Hüquq-axtarış Kooperativində inspektor vəzifələrində işləmişdir. 1992 – 1996-cı illərdə Bakı Dövlət Universitetinin hüquq fakültəsində təhsil almışdır. Azərbaycan Respublikası Hərbi prokurorunun 02 fevral 1994-cü il tarixli 025 nömrəli əmri ilə Azərbaycan Respublikası Hərbi Prokurorluğuna işə qəbul olunaraq, Respublika Daxili Qoşunların icrasına nəzarət üzrə hərbi prokurorluğunun dəftərxana müdiri vəzifəsinə təyin edilmişdir. Azərbaycan Respublikası Hərbi prokurorunun 02 fevral 1996-cı il tarixli 202 nömrəli əmri ilə Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Kadrlar şöbəsinin müfəttişi, 16 fevral 2001-ci il tarixli 74 nömrəli əmri ilə Analitik-İnformasiya şöbəsinin müfəttişi, 20 aprel 2001-ci il tarixli 75 nömrəli əmri ilə Təşkilat-analitik şöbəsinin müfəttişi, 29 iyun 2004-cü il tarixli 70 nömrəli əmri ilə Müraciətlərə baxılması şöbəsinin böyük müfəttişi, 01 mart 2005-ci il tarixli 20 nömrəli əmri ilə Respublika Hərbi Prokurorluğunun rəhbərliyi yanında mütəxəssis (kadr işi üzrə), 30 mart 2009-cu il tarixli 25 nömrəli əmri ilə Kadrlar şöbəsinin baş mütəxəssisi (kadrlarla iş üzrə), 30 iyun 2015-ci il tarixli 69 nömrəli əmri ilə Kadrlar və hüquqi təminat şöbəsinin baş mütəxəssisi (kadrlarla iş üzrə), 28 dekabr 2015-ci il tarixli 174 nömrəli əmri ilə Kadrlar və hüquqi təminat şöbəsinin baş məsul icraçısı (kadrlarla iş üzrə) vəzifələrində xidmət etmişdir. Azərbaycan Respublikası Müdafiə nazirinin 1 mart 1994-cü il tarixli 64/t nömrəli əmri ilə ehtiyatda olan leytenant hərbi rütbəsi verilmiş, 29 fevral 2004-cü il tarixli 0119 nömrəli əmri ilə ehtiyatda olan leytenant hərbi rütbəsində Azərbaycan Respublikası Silahlı Qüvvələrinə həqiqi hərbi xidmətə qəbul olunaraq leytenant hərbi rütbəsində Azərbaycan Respublikası Hərbi prokurorunun sərəncamına göndərilmişdir. Azərbaycan Respublikası Hərbi prokurorunun 14 iyun 2004-cü il tarixli 04 nömrəli əmri ilə baş leytenant, 3 yanvar 2005-ci il tarixli 01 nömrəli əmri ilə kapitan, 4 dekabr 2008-ci il tarixli 34 nömrəli əmri ilə mayor hərbi rütbəsi almışdır. Azərbaycan Respublikası Hərbi prokurorunun 5 iyun 2020-ci il tarixli 87 nömrəli əmri ilə 1 iyun 2020-ci il tarixdən öz arzusu ilə tutduğu vəzifədən azad edilib prokurorluq orqanlarından xaric edilməklə, ehtiyatda olmağın son yaş həddinə çatdığına görə istefaya buraxılmışdır. O, cavabdehə ərizə ilə müraciət edərək 2 fevral 1994-cü il tarixdən 29 fevral 2004-cü il tarixədək hərbi vəzifədə mülki işçi kimi işlədiyi müddəti hərbi xidmət müddətinə əlavə olunmasını xahiş etmişdir. Cavabdeh tərəfindən göndərilmiş 7 avqust 2020-ci il tarixli hp-10/607 nömrəli məktubda qeyd edilmişdir ki, «Hərbi qulluqçuların statusu haqqında» Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin tələblərinə əsasən vətəndaşlar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Silahlı qüvvələrinə çağırıldıqları, könüllü qaydada və ya bağlaşma üzrə Silahlı qüvvələrdə xidmətə daxil olduqları, toplanışa çağırıldıqları, hərbi tədris müəssisələrinə daxil olduqları gündən hərbi qulluqçu statusu əldə edir, «Hərbi Xidmətkeçmə haqqında» Əsasnamənin 16-cı maddəsinin «d» bəndinin 2-ci abzasında zabit vəzifəsində olan (təyin olunan) hərbi qulluqçular üçün - ilk zabit hərbi rütbəsi verilməsi əmr imza edilən gün onun xidmət ilinin başlanğıcı hesab edilir. Göstərilənlərə və «Hərbi vəzifə və hərbi xidmət haqqında» Azərbaycan Respublikası Qanununun müddəalarına, «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 1.0.3-cü maddəsinə əsaslanaraq, Azərbaycan Respublikası Hərbi Prokurorluğu tərəfindən AR ƏƏSM Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə göndərilmiş məlumat vərəqəsinin yenidən yazılaraq, onun 02 fevral 1994-cü il tarixdən 29 fevral 2004-cü il tarixədək hərbi vəzifədə işlədiyi 10 il 27 gün mülki iş stajının hərbi xidmət kimi hesablanmaqla yeni məlumat vərəqəsinin tərtib edilərək həmin İdarəyə göndərilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılması məhkəmədən xahiş olunur. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1431/2021 saylı 09.03.2021-ci il tarixli qərarı ilə iddia təmin edilməmişdir. (hakim: R.Kərimli) Həmin qərardan iddiaçı apelyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı apelyasiya şikayətində qeyd etmişdir ki, 1994-cü ildə mövcud olmuş qanunvericiliyin tələblərinə görə hərbi prokurorluq orqanları əməkdaşlarına hərbi rütbələrin verilməsi Azərbaycan Respublikası hərbi prokurorunun təqdimatı ilə Azərbaycan Respublikası Müdafiə Nazirinin əmrinə əsasən həyat keçirilirdi və hərbi prokurorun şəxsi heyəti Silahlı Qüvvələrin ştat sayına daxil edilirdi, onlar həqiqi hərbi xidmətdə olan şəxs hesab olunurdu. Həmçinin həmin vaxt onun hərbi xidmətə çağırılmağı ilə bağlı heç bir etirazı olmamışdır. O, həmin dövrdə faktiki olaraq hərbi xidmət vəzifələrini yerinə yetirmiş və onun vaxtında hərbi xidmətə çağırılmamağı hüquqlarının pozulması ilə nəticələnmişdir. O, 02.02.1994-cü ildə hərbi təşkilat hesab edilən hərbi prokurorluq orqanlarına vəzifəyə təyin olunaraq 10 il ərzində faktiki olaraq hərbi rütbəli şəxslərlə birlikdə eyni vəzifələri yerinə yetirmiş, eyni məsuliyyəti daşımış və hərbi xidmətə çağırılmaqdan imtina etməmişdir. Vəzifəli şəxslərin səhlənkarlığı nəticəsində vaxtında hərbi xidmətə çağırılmağı təmin edilməmişdir. Həmin dövrün hərbi xidmət dövrü hesab olunmasının məhkəmə qaydasında həll edilməsindən başqa digər vasitə yoxdur. Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanlarının hərbi qulluqçuları üçün həqiqi hərbi xidmətdə olmanın başlanğıcı onların vəzifəyə təyin olunması günü hesab olunur. Bildirmək istəyir ki, onun 01.06.2020-ci il tarixdə yaşa görə tərxis olunanda 37 il 06 ay iş stajı olmuşdur. Bakı İnzibati Məhkəməsi belə qənaətə gəlmişdir ki, 02.02.1994-cü il tarixdən 29.02.2004-cü il tarixə kimi hərbi prokurorluq orqanlarında hərbi rütbə daşıması tələb olunmayan vəzifələrdə (dəftərxana rəisi, kadrlar şöbəsinin müfəttişi və s.) işlədiyim müddət hərbi qulluqçu kimi hərbi xidmət müddətinə daxil edilə bilməz. Çünki həmin vəzifələrdə işlədiyi dövrdə o, hərbi qulluqçu statusuna malik olmamışdır. Lakin bu tam qərəzli bir mövqedir. O, 02.02.1994-cü il tarixdən 29.02.2004-cü il tarixə kimi hərbi prokurorluq orqanlarında hərbi rütbə daşıması tələb olunan vəzifələrdə (dəftərxana rəisi, kadrlar şöbəsinin müfəttişi və s.) xidmət etmişdir. Məlumat üçün bildirir ki, 1992-ci ildə Respublika Hərbi Prokurorluğu yaranan gündən dəftərxana rəislərinin ştat kateqoriyaları, yəni hərbi vəzifələri hərbi rütbə olmuşdur. Eyni zamanda Kadrlar üzrə müfəttişdə hərbi vəzifə olmuşdur və.s. Hərbi vəzifəyə təyin olunanda onun hərbi xidmətə qəbul edilməməyinin günahı onda deyil. Halbuki, o, vəzifəyə təyin olunandan sonra leytenant hərbi rütbəsində olmuşdur. Hərbi vəzifəyə təyin olunanda onu hərbi xidmətə qəbul etməli idilər. Apelyasiya baxışı zamanı İddiaçı apelyasiya şikayətində göstərilənlərə uyğun izahat verərək onun təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddianın təmin edilməsi haqqında qərar qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Apelyasiya baxışı zamanı cavabdehin nümayəndəsi X3 apelyasiya şikayətinə etiraz edərək onun təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyası iş üzrə tərəflərin izahatını dinləyərək, iş materiallarını və apelyasiya şikayətinin dəlillərini araşdıraraq və işdə olan sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İşdən görünür ki, iddiaçı Azərbaycan Respublikası Hərbi Prokurorluğu tərəfindən AR ƏƏSM Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə göndərilmiş məlumat vərəqəsinin yenidən yazılaraq, onun 02 fevral 1994-cü il tarixdən 29 fevral 2004-cü il tarixədək hərbi vəzifədə işlədiyi 10 il 27 gün mülki iş stajının hərbi xidmət kimi hesablanmaqla yeni məlumat vərəqəsinin tərtib edilərək həmin İdarəyə göndərilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsi iddia tələbini təmin etməmiş və qeyd etmişdir ki, hazırkı iş üzrə tərəflərin mübahisələndirdiyi hal Azərbaycan Respublikası Hərbi Prokurorluğunun sabiq əməkdaşı kimi İddiaçı 02 fevral 1994-cü il tarixdən 29 fevral 2004-cü il tarixədək hərbi prokurorluq orqanlarında müvafiq vəzifədə mülki işçi olaraq işlədiyi müddətin hərbi qulluqçunun xidmət dövrü kimi nəzərə alınmaqla məlumat vərəqəsində əks olunmasıdır. Məhkəmənin mövqeyi isə belə olmuşdur ki, İddiaçı 02 fevral 1994-cü il tarixdən 29 fevral 2004-cü il tarixədək hərbi prokurorluq orqanlarında hərbi rütbə daşıması tələb olunmayan vəzifələrdə (dəftərxana rəisi, Kadrlar şöbəsinin müfəttişi və s.) işlədiyi müddət onun hərbi qulluqçu kimi hərbi xidmət müddətinə daxil edilə bilməz. Çünki, həmin vəzifələrdə işlədiyi dövrdə o, hərbi qulluqçu statusuna malik olmamışdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı olmuşdur. Belə ki, «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 1.0.5-ci maddəsinə əsasən təminat xərcliyi (pul təminatı) – hərbi qulluqçuların hərbi xidmətdən buraxıldığı günə (sərəncamdan ehtiyata və ya istefaya buraxılarkən sərəncama götürüldüyü günə) aldıqları miqdarda (sonrakı artımlar da nəzərə alınmaqla) aylıq vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, ərzaq payı əvəzinə verilən pul kompensasiyasından, vəzifə maaşından hesablanan digər əlavələrdən (büdcədənkənar vəsaitlər hesabına hesablanan əlavələr və digər ödənişlər istisna olmaqla), artımlardan ibarət olan məbləğdir. «Hərbi vəzifə və hərbi xidmət haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.1ci maddəsinə görə hərbi vəzifə – qanunvericiliklə nəzərdə tutulmuş qaydada Azərbaycan Respublikası vətəndaşlarının hərbi qeydiyyatı, çağırışaqədərki hazırlığı, hərbi xidmətə çağırışı, çağırış üzrə və könüllü hərbi xidmətkeçməsi, ehtiyatda olması, toplanışlara çağırışı və toplanış keçməsi, səfərbərlik üzrə vəzifələrin yerinə yetirilməsidir. Həmin Qanunun 2.0.2-ci maddəsinə görə hərbi xidmət – dövlət qulluğunun xüsusi növü olmaqla Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) qanunvericiliklə nəzərdə tutulmuş qaydada və müddətlərdə Azərbaycan Respublikası vətəndaşlarının, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin həyata keçirdikləri xidməti fəaliyyətdir. Həmin Qanunun 2.0.9-cu maddəsinə görə hərbi qulluqçular – həqiqi hərbi xidmətdə olan şəxslər. Həqiqi hərbi xidmətə çağırılmış və ya könüllü daxil olmuş şəxs hərbi qeydiyyatdan çıxarılaraq xidmət etdiyi müvafiq icra hakimiyyəti orqanında xüsusi qeydiyyata alınırlar. Həmin Qanunun 24-cü maddəsinə görə hərbi xidmət həqiqi hərbi xidmətdən və ehtiyatda xidmətdən ibarətdir. «Hərbi qulluqçuların statusu haqqında» Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə görə vətəndaşlar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə çağırıldıqları, könüllü qaydada və ya bağlaşma üzrə Silahlı Qüvvələrdə xidmətə daxil olduqları, toplanışlara çağırıldıqları, hərbi təhsil müəssisələrinə daxil olduqları kündən hərbi qulluqçu statusu əldə edir və Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmətdən buraxıldıqları, hərbi hissənin siyahılarından çıxarıldıqları, hərbi təhsil müəssisələrindən çıxarıldıqları və ya kənar edildikləri, toplanışı başa çatdırdıqları gündən bu statusu itirirlər. «Hərbi xidmətkeçmə haqqında» Əsasnamənin 16-cı maddəsinə əsasən həqiqi hərbi xidmətin başlanğıcı aşağıdakı günlər sayılır: d) zabitlərin həqiqi hərbi xidmətində: hərbi təhsil müəssisəsini qurtarmış kursantlar üçün – ilk zabit hərbi rütbəsi verilməsi haqqında əmr imza edilən gün, zabit vəzifəsində olan (təyin olunan) hərbi qulluqçular üçün – ilk zabit hərbi rütbəsi verilməsi haqqında əmr imza edilən gün, ilk zabit hərbi rütbəsi verilməklə zabit vəzifəsinə təyin olunmuş ehtiyatda olan zabitlər, hərbi vəzifəlilər və hərbi uçotda olmayan qadınlar üçün – hərbi komissarlığın sərəncamında göstərilmiş xidmət yerinə gedilən gün, ali və orta ixtisas hərbi təhsil müəssisəsini bilavasitə qurtardıqdan sonra hərbi xidmətə çağırılan (qəbul olunan) ehtiyat zabitləri üçün hərbi komissarlıq tərəfindən göstərilmiş məzuniyyətə gedilən gün. Həmin maddədə həmçinin göstərilmişdir ki, Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanlarının hərbi qulluqçuları üçün həqiqi hərbi xidmətdə olmanın başlanğıcı onların vəzifəyə təyin olunması günü hesab olunur. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının hərbi xidmətə başlaması anı iddia ərizəsində əks olunduğu kimi 02 fevral 1994-cü il tarixdən deyil, 29 fevral 2004-cü il tarixdən, yəni ona “leytenant” hərbi rütbəsi verilməklə könüllülük əsasında Azərbaycan Respublikası Silahlı Qüvvələrinə hərbi xidmətə qəbul edildiyi tarix götürülməlidir. Bundan başqa Azərbaycan Respublikasının 1997-ci il 3 oktyabr tarixli, 377-İQ nömrəli Qanunu ilə təsdiq edilmiş «Hərbi xidmətkeçmə haqqında» Əsasnamənin 72-ci maddənin tələbinə əsasən hərbi qulluqçuların tutmalı olduqları vəzifələrə istisna hal kimi, bu sahədə iş təcrübəsi və hazırlıq səviyyəsi olan müvafiq ixtisaslı mülki mütəxəssislər müvəqqəti təyin edilə bilərlər. Məhz iddiaçı da hərbi vəzifəyə qanununun bu tələbinə əsasən mülki şəxs kimi təyin edilmişdir. Lakin o, könüllülük prinsipi ilə ehtiyatdan hərbi xidmətə çağırılmalı olduğu halda belə bir müraciət etmədiyindən hərbi xidmətə qəbul edilməmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27 avqust 2007-ci il tarixli 135 nömrəli qərarı ilə «Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması Qaydaları»nın 1-ci bəndinə görə bu Qaydalar «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 22.4-cü maddəsinə uyğun olaraq hazırlanmışdır və həmin Qanunun 1.0.3-cü maddəsində nəzərdə tutulmuş hərbi qulluqçulara – Azərbaycan Respublikası Təhlükəsizlik Şurasının katibinin xidmətində, Müdafiə Nazirliyində, Daxili İşlər Nazirliyində, Ədliyyə Nazirliyində, Fövqəladə Hallar Nazirliyində, Hərbi Prokurorluğunda, Dövlət Təhlükəsizliyi Xidmətində, Xarici Kəşfiyyat Xidmətində, Dövlət Sərhəd Xidmətində, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində, Xüsusi Dövlət Mühafizə Xidmətində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə xidmət edən hərbi rütbəli şəxslərə və 1.0.4-cü maddəsində nəzərdə tutulmuş xüsusi rütbəli şəxslərə – Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Dövlət Gömrük Komitəsi orqanlarında xidmət edən xüsusi rütbəli şəxslərə əmək pensiyasının təyin edilməsi üçün təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların həmin orqanlar tərəfindən DSMF-yə təqdim olunması qaydalarını müəyyən edir. Qaydaların 2-ci bəndinə əsasən «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 1.0.5-ci maddəsinə əsasən bu Qaydaların 1-ci bəndində nəzərdə tutulmuş hərbi qulluqçuların və xüsusi rütbəli şəxslərin təminat xərcliyi (pul təminatı) – hərbi qulluqçuların hərbi xidmətdən buraxıldığı günə (sərəncamdan ehtiyata və ya istefaya buraxılarkən sərəncama götürüldüyü günə) aldıqları miqdarda (sonrakı artımlar da nəzərə alınmaqla) aylıq vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, ərzaq payı əvəzinə verilən pul kompensasiyasından, vəzifə maaşından hesablanan digər əlavələrdən (büdcədənkənar vəsaitlər hesabına hesablanan əlavələr və digər ödənişlər istisna olmaqla) və artımlardan ibarət olan məbləğdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Zabit heyətinə mənsub şəxslərə, gizirlərə, miçmanlara, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına, daxili işlər, ədliyyə, gömrük, miqrasiya, fövqəladə hallar orqanlarının rəis və sıravi heyətinə mənsub şəxslərə və onların ailələrinə pensiya təyin edilib verilməsi üçün uzun müddət xidmət vaxtının hesablanması qaydası haqqında” 23 noyabr 1992-ci il tarixli 631 nömrəli Qərarının 1-ci hissəsinin on ikinci abzasına əsasən Azərbaycan Respublikasının Hərbi Prokurorluğunda zabit heyətinə mənsub şəxslərə pensiya təyin edilməsi üçün uzun müddət xidmət hərbi xidmətə təyin olunma günündən hesablanır. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, iddiaçı 02 fevral 1994-cü il tarixdən 29 fevral 2004-cü il tarixədək hərbi prokurorluq orqanlarında işlədiyi dövrdə o, hərbi qulluqçu statusuna malik olmadığından həmin müddətin hərbi xidmət kimi hesablanmaqla yeni məlumat vərəqəsinin tərtib edilərək aidiyyəti orqana göndərilməsi tələbi əsassızdır. Apelyasiya şikayətinin dəlillərinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı istefaya buraxılandan sonra onun hərbi xidmət illəri cavabdeh tərəfindən düzgün hesablandığından apelyasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Öhdəliyin icrası haqqında iddialara baxılması zamanı nəzərə alınmalıdır ki, məhkəmələr cavabdehin imtinasında istinad edilən halların əsaslarına formal yanaşaraq inzibati orqanın üzərinə qanunsuz öhdəlik qoymalı deyillər. Nəzərə alınmalıdır ki, məcburetmə və ya öhdəliyin icrası haqqında iddialar üzrə mübahisələr həll olunarkən məhkəmə cavabdeh inzibati orqanın imtinasının qanuni və ya əsaslı olub-olmadığının müəyyən edilməsindən daha çox, iddiaçının mövcud hüquqi vəziyyətin dəyişdirilməsinə (arzuladığı inzibati aktın qəbul edilməsinə və ya öhdəliyin icrasına) nə dərəcədə haqqı çatdığını müəyyən etməlidir. Hazırkı işdə də ilk növbədə iddiaçı özünün belə bir tələb hüququna malik olduğunu, cavabdehin isə məhz tələb olunan məzmunda iddiaçı qarşısında öhdəlik daşıdığını əsaslandırmalıdır. Məhkəmə araşdırması ilə müəyyən edilmişdir ki, sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi cavabdeh tərəfindən iddiaçının ondan tələb etdiyi inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin yerinə yetirilməməsinə əsas olmuş halların qanuniliyi, yəni cavabdehin imtinasını zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilir. Hazırkı inzibati işə apelyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin edilməməsi ilə əlaqədar gəldiyi nəticə düzgündür, şikayətin dəlilləri qərarın ləğvinə əsas vermir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Azərbaycan Respublikası İPM-nin 87.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Həmin Məcəllənin 87.8-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Sadalanan xüsusatlara və istinad olunan hüquq normalarına əsaslanan məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qərarı qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, iddiaçının apelyasiya şikayəti təmin edilməməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 69, 87.6, 89 və 94.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçı apelyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1431/2021 saylı 09.03.2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qüvvəyə minir. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə ondan Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar