Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1737/2021 10.09.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Nağıyeva Elmira Eyvaz qızından (sədrlik edən və məruzəçi), Həmidov Həmid Üzeyir oğlundan və Yusifov Cahangir Afər oğlundan ibarət tərkibdə, Əliyeva Ayşəm Lehsan qızının katibliyi ilə, İddiaçı (xx.xx.1960-cı il tarixdə ünvan 1 ünvanında qeydiyyatdadır) cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı (üçüncü şəxs Bakı şəhəri Baş Səhiyyə İdarəsinin 16 saylı Şəhər Poliklinikası) “əlilliyin səbəbinin dəyişdirilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 29 mart 2021-ci il tarixli, 2-1(112)-413/2021 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı 02.12.2019-cu il tarixdə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinə qarşı iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, iddiaçıya təyin olunmuş əlillik dərəcəsinin səbəb əlaqəsinin dəyişdirilərək “Xəstəlikdir, Çernobıl AES-də qəza ilə əlaqədar hərbi xidmət vəzifələrinin icrası zamanı alınmışdır” kimi qeyd olunması öhdəliyinin cavabdehə həvalə edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı 1987-ci il tarixdə hərbi toplanışda olduğu zaman Çernobıl faciəsinin nəticələrinin aradan qaldırılması üçün işlərə cəlb olunmuşdur. Həmin vaxtı aldığı güclü şüalanma nəticəsində İİ qrup əlil olmuşdu və buna dair cavabdeh tərəfindən ona Arayış verilmişdir. Sonradan əlilliyin səbəb əlaqəsinin dəyişdirilməsi üçün AR Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasına müraciət etmişdir. Komissiya tərəfindən müraciətinə baxılmış və 1426 N-İi 28.09.2018-ci il tarixli qərarla əlilliyinin səbəb əlaqəsi dəyişdirilərək «Xəstəlikdir, Çernobıl AES-də qəza ilə əlaqədar Hərbi Xidmət Vəzifələrini icrası zamanı alınmışdır» kimi qeyd olunmuşdur. Sonradan qeydiyyatda olduğu 16 Nömrəli şəhər Poliklinikası tərəfindən əlilliyinin səbəb əlaqəsinin dəyişdirilməsi ilə bağlı olaraq yeni Forma 88 tərtib olunmuş və elektron qaydada cavabdehə ünvanlanmışdır. Lakin, hər dəfəsində cavabdeh tərəfindən əlilliyin səbəb əlaqəsinin dəyişdirilməsindən imtina edilmişdir. Hesab edir ki, cavabdehin hərəkətləri əsassızdır. 15.09.2020-ci il tarixdə iddiaçının “İddiaçı təyin olunmuş əlillik dərəcəsinin səbəb əlaqəsinin 28.09.2018-ci il tarixdən, yəni Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının qərarı qəbul edilən tarixdən “xəstəlikdir, Çernobıl AES-də qəza ilə əlaqədar hərbi xidmət vəzifələrini icrası zamanı alınmış” kimi qeyd olunması vəzifəsinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulması barədə qərar qəbul edilməsi”nə dair iddia tələbinin dəqiqləşdirilməsi ərizəsi icraata qəbul edilmişdir. Bakı İnzibati Məhkəməsinin 29 mart 2021-ci il tarixli, 2-1(112)-413/2021 nömrəli qərarı ilə (hakim E.Əliyev) iddia təmin edilmiş, İddiaçı təyin edilmiş əlilliyinin səbəb əlaqəsinin 28.09.2018-ci il tarixdən, yəni Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının qərarı qəbul edilən tarixdən “Çernobıl AES-də hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar alınmışdır” kimi qeyd olunması öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulması qərara alınmışdır. Cavabdeh apellyasiya şikayəti verərək, həmin qərarın ləğv olunması və iddianın təmin edilməməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı əlillik vəziyyəti səhiyyə müəssisəsinin 0085003AAC54 saylı göndərişi əsasında 02.08.2019-cu il tarixdə qiymətləndirilmiş və göndərişin natamam doldurulması barədə qərar verilmişdir. Belə ki, Qiymətləndirməyə əsas verən 0085003AAC54 saylı göndərişdə xəstəliyin başladığı vaxtdan dinamikası və aparılan müalicələr barədə məlumatlar qeyd edilməmiş, xəstəliyin qeyd edilmiş ağırlaşmaları isə əlilliyin təyininə əsas vermir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 26 dekabr 2017-ci il tarixli, 19-1 nömrəli qərarı ilə təsdiq edilmiş “Ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçulara hərbi xidmətlə əlaqədar əlillik səbəblərinin müəyyən olunması barədə Təlimat”ın 3.1. bəndinə görə “Şəxsə hərbi xidmətlə əlaqədar əlillik hərbi xidmətdə aldığı xəsarət, xəstəlik ayrı-ayrı götürüldükdə ən azı üçüncü dərəcə əlillik təyin etmək üçün əsas vermiş olduqda müəyyən edilir." İddiaçı Çernobıl AES-də hərbi xidmətdə aldığı və Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının 28.09.2018-ci il tarixli 1426 saylı qərarı ilə “Xəstəlikdir, Çernobıl AES-də qəza ilə əlaqədar hərbi xidmət vəzifələrinin icrası zamanı alınmışdır” səbəb əlaqəsi müəyyənləşdirilmiş “Toksiki ensefalopatiya, postradiasion ensefalopatiya” diaqnozu xəstəlik əlilliyin təyininə əsas vermir Səhiyyə müəssisəsinin 0085003AAC1U və 0085003AAC54 saylı göndərişlərində qeyd edilmiş "Toksiki ensefalopatiya, postradiasion ensefalopatiya xəstəliyi, ağırlaşma kimi isə “Vegetativ (avtonom) sinir sisteminin pozğunluqları, tez-tez baş verən vazovegetativ krizlər. Nevrasteniya,Kəskin ifadəli asteno-nevrotik sindrom” diaqnozda əlilliyin təyininə əsas vermədiyindən əlillik təyinatı aparılmamışdır. Ona görə İddiaçı əlillik səbəbinin dəyişdirilməsi ilə bağlı Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidməti və tabeli tibbi-sosial ekspert komissiyaları tərəfindən hər hansı qanunazidd hərəkətə və ya hərəkətsizliyə yol verilməmişdir. İddiaçı səhiyyə müəssisə tərəfindən ətraflı müayinə edildikdən sonra, xəstəliyin əlilliyin təyininə əsas verən ağırlaşmaları aşkar edildiyi halda yeni göndəriş rəsmiləşdirilərsə, əlillik vəziyyəti şəxsin iştirakı olmadan qiymətləndirilib müvafiq qərar veriləcəkdir. Tərəflər və üçüncü şəxs məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq, nümayəndələri məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-nin 62.3-cü maddəsinə əsasən işə onların nümayəndələrinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Əvvəlki məhkəmə kollegiyası iclasında iştirak edən iddiaçının nümayəndəsi X3 və iddiaçının nümayəndəsi və vəkili X1 apellyasiya şikayətinə etiraz edərək, onun təmin edilməməsini xahiş etdilər. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birgə araşdırıb belə hesab edir ki, cavabdehin apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə birinci instansiya məhkəməsi tərəfindən tədqiq edilmiş yazılı sübutlarla müəyyən edilir ki, Bakı şəhəri Binəqədi rayonu TSEK-in 17.03.1994-cü il tarixli 53 №-li aktı ilə İddiaçı "Kəskin nəzərə çarpan astenonevrotik sindrom, tez- tez təkrarlanan vegetativ damar krizlərilə, qalxanvari vəzin İİ dərəcə hiperplaziyası diaqnozu” ilə Peşə xəstəliyi kimi tövsiyyə olan müddətsiz ikinci qrup Çernobıl əlillliyi təyin edilmişdir. Daha sonra iddiaçı 16 saylı poliklinikaya Çernobıl Əlili kimi əlillik səbəbinin dəyişdirilməsi məqsədilə 21.07.2015ci il tarixdə müraciət etmiş və ona Respublika İdarələrarası Ekspert Şurasına göndəriş verilmişdir. Göndərişə əsasən 08.04.2016-cı il tarixli Ekspert Rəyinə görə “Postradiasion toksiki ensefolopatiya kəskin ifadə olunan asteno- nevrotik vəziyyət ” diaqnozu ilə xəstəlik Çernobıl AES-də baş vermiş qəzanın ləğvi zamanı şüalanma ilə əlaqələndirilmişdir. İddiaçı 2016-cı ildən bu xəstəliyinə görə müvafiq vaxtlarda Rusiya Federasiyasında, Ukrayna Respublikasında, AR Respublika Əlillərinin Bərpa Mərkəzində, X2 stasionar- reabilitasion müalicələr almışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının 28.09.2018-ci il tarixli 1426 nömrəli qərarında göstərilmişdir ki: “Bakı ş. Yasamal RHK tərəfindən 1986-cı ildə hərbi toplanışa çağırılmış vətəndaş İddiaçı 1987-ci ildə Çernobıl faciəsinin nəticələrinin aradan qaldırılması üzrə iş dövründə aldığı, hərbi xidmət vəzifələrinin icrası ilə əlaqələndirilə bilən və 08.04.2016-cı ildə Xəstəliklərin səbəbinin və əliliyin peşə xarakterinin Çernobıl AES-də baş vermiş qəzanın ləğvi işləri ilə əlaqələndirilməsi üzrə Respublika İdarələrarası Ekspert Şurası tərəfindən təyin edilmiş xəstəlik - diaqnoz “Postradiasion toksiki ensefalopatiya. Kəskin ifadə olunmuş astenonevrotik vəziyyət” (Azərbaycan Respublikası SHXÇDX-nin Bakı şəhəri Yasamal rayon idarəsinin 03.08.2018-ci il tarixli 1347 nömrəli göndərişi, 31.07.2018-ci il tarixli 378 nömrəli arayışı, Xəstəliklərin səbəbinin və əliliyin peşə xarakterinin Çernobıl AES-də baş vermiş qəzanın ləğvi işləri ilə əlaqələndirilməsi üzrə Respublika İdarələrarası Ekspert Şurası tərəfindən verilmiş 08.04.2016-cı il tarixli ekspert rəyi, MN MHHK-nın həkim mütəxəssisinin rəyi ilə təsdiq edilir),“ XƏSTƏLİKDİR, ÇERNOBİL AES-də qəza ilə əlaqədar HƏRBİ XİDMƏT VƏZİFƏLƏRİNİN (XİDMƏTİ VƏZİFƏLƏRİN) İCRASİ ZAMANİ ALİNMİŞDİR””. Daha sonra 16 saylı Şəhər Poliklinikası əlillik səbəbinə yenidən baxılmaq məqsədilə İddiaçı barəsində 0085003AA54 №-li F-88 yazılaraq TSEK-ə göndərilmişdir. İş materiallarına əlavə edilmiş 16 saylı Şəhər Poliklinikasının 204 nömrəli 12.06.2020-ci il tarixli məktubunda göstərilmişdir: “Əlavə stasionar və ambulator müayinə müalicələrdən sonra 20.07.2019-cu il tarixdə əvvəlki nöqsanları tam aradan qaldırmaqla yenə əlillik səbəbinə yenidən baxılmaq məqsədilə 0085003AA54 №-li F-88 yazılaraq TSEK-in sərəncamına göndərilmişdir. Yenə TSEK-in imtina qərarı alındı imtinanın səbəbləri: 1) Natamam doldurma; 2) Xəstəlik 1989-cu ildən başlasa da 2018-ci ilə qədər müalicələr qeyd edilməyib; 3) Əsas diaqnoz və ağırlaşmalar səthi yazılıb. İmtina səbəblərini araşdıraraq diqqətinizə çatdırmağı özümüzə borc bilirik: 1) Xəstə 16 saylı poliklinika ərazisinə 2015- ci ildə qeydə alınıb. Ona qədər aldığı müayinə və müalicələr haqqında bizə tibbi sənədlər təqdim etməyib. 2) Hesab edirik ki, F- 88 standartlara uyğun tərtib edilmiş, bütün müasir laborator- diaqnostik və paraklinik müayinələr aparılmış və F88- də fiksə olunmuşdur. 3) TSEK-ə göndəriş zamanı xəstəliyin əsas diaqnozu, ağırlaşmaları və yanaşı xəstəlikləri ətraflı olaraq xəstəliklərin Beynəlxalq Təsrifatı- 10 bütün tələblərinə əməl olunmaqla yazılmışdır. 4) Hesab edirik ki, bütün sadalanan arqumentlər, eləcə də MN MHHK- nın mövcud qərarı, iddiaçının xəstəliyinin səbəbini xidməti vəzifələrin icrası kimi tövsiyə edilməsi üçün əsas verir.” Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 1.5-ci yarımbəndinə əsasən şəxsin əlilliyi aşağıdakı səbəblərdən birinə əsasən müəyyən edilir: 1.5.2. xüsusi səbəblərdən: 1.5.2.1. Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar; 1.5.2.2. 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar; 1.5.2.3. hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar; 1.5.2.4. Çernobıl AES-də hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar. Həmin Qaydanın 2.1-ci bəndinə əsasən şəxsin əlilliyinin qiymətləndirilməsi tibbisosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbisosial ekspertiza müayinəsinə göndəriş əsasında aparılır. Həmin Qaydanın 3.1.1-ci bəndinə əsasən əlillik müəyyən edildikdən sonra bu Qaydanın 1.5-ci bəndində nəzərdə tutulmuş digər səbəb müəyyən olunduqda əlillik səbəbi Xidmət tərəfindən dəyişdirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin 2.2-ci bəndinə əsasən ikinci dərəcə əlillik xəstəlik, travma və ya anadangəlmə qüsurlar nəticəsində orqanizmin həyat fəaliyyətinin (təhsilalma, ünsiyyət, uyğunlaşma, öz davranışına nəzarətetmə, hərəkətetmə, özünə xidmətetmə, əmək fəaliyyəti) elə kəskin məhdudlaşması və ya əmək fəaliyyətinin mümkün olmaması hallarında təyin edilir ki, həmin xəstənin kənar şəxsin yardım və ya qulluğuna ehtiyacı olmasın. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 16 mart tarixli 484 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi haqqında Əsasnamə”nin 3.1.2-ci bəndinə əsasən, əlilliyin və reabilitasiya imkanlarının qiymətləndirilməsi əsasında şəxsin əlillik dərəcəsi, onun müddəti, səbəbi və əlilliyin baş vermə vaxtı barədə tibbi-sosial ekspert komissiyaları tərəfindən qərar qəbul edilməsini təmin etmək bu Əsasnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq Agentliyin vəzifəsidir. Məhkəmə Kollegiyası hesab edir ki, İddiaçı 1987-ci ildə Çernobıl AES-də hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməsi və nəticədə müvafiq xəsarət alması iş materialları ilə öz təsdiqini tapdığından və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli Qərarında əlilliyin təyin edilməsi üçün xüsusi səbəblərin sırasında “Çernobıl AES-də hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar” səbəbi birbaşa nəzərdə tutulduğundan, birinci instansiya məhkəməsinin iddia tələbinin təmin olunması barədə gəldiyi nəticə düzgün olmuşdur. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək hesab edir ki, hazırkı mübahisəyə baxılarkən birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları düzgün araşdırılmış, sübutlara düzgün hüquqi qiymət verilmiş, maddi hüquq normalarının tətbiqində səhvə yol verilməmiş və düzgün nəticəyə gəlinmişdir. Azərbaycan Respublikası İPM-in 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Həmin Məcəllənin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayəti əsassız olduğu üçün təmin edilməməli və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İPM-in 87, 89, 90, 94, 99-cu maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı : Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 29 mart 2021-ci il tarixli, 2-1(112)-413/2021 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarının motivasiyası və prosessual xərclərlə bağlı kassasiya şikayətinə yol verilmir.
Məhkəmə qərarları › İş №2-1(103)-1737/2021
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1737/2021
10.09.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver