Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1737/2022 10.06.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Tağızadə Mirzə Nəsib oğlu (sədrlik edən və məruzəçi), Cəmilova Xəyalə Adil qızı və Oruczadə Aytən Pənah qızından ibarət tərkibdə Orucova Aysu Əli qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “əmək pensiyasının bərpa olunması və ödənilməmiş ayların əmək pensiyasının ödənilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6334/2021 saylı, 30 dekabr 2021-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında şifahi məhkəmə baxışı qaydasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək əmək pensiyasının bərpa olunması və 2020-ci ilin ödənilməmiş 6 ayının və 2021-ci ilin müvafiq aylarının əmək pensiyasının ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6334/2021 saylı, 30 dekabr 2021-ci il tarixli qərarı ilə iddia tələbi təmin edilmiş, İddiaçı güzəştli şərtlərlə yaşa görə təyin edilmiş əmək pensiyasının 04.02.2021-ci il tarixdən ödənilməsinin bərpa edilməsi və 2020-ci ilin 06 ayının (iyul, avqust, sentyabr, oktyabr, noyabr, dekabr ayları) əmək pensiyasının ödənilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilmişdir. Qərardan narazı qalan cavabdeh apelyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etmiş və apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, iddiaçıya pensiya təyinatı aparılarkən əsas götürülmüş halların pensiya qanunvericiliyinin tələblərinə uyğunluğunun Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Daxili nəzarət və audit şöbəsi tərəfindən araşdırılması məqsədilə adıçəkilən şəxsə əmək pensiyasının ödənişi 04.02.2021-ci il tarixdən dayandırılmışdır. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi şikayəti müdafiə edərək, qərarın ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı tərəf apelyasiya şikayətini əsassız hesab edərək, qərarın dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyərək, iş materiallarını apelyasiya şikayətinin dəlilləri ilə araşdıraraq hesab edir ki, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar(faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Cavabdehin apelyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün kollegiya qərarın qanuniliyini tam yoxlayır. İşin hallarından aydındır ki, İddiaçı təyin edilmiş əmək pensiyası ödənişi dayandırılmış, iddiaçı pensiya ödənişinin ödənilməsi ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiəsi Fondunun Xüsusi Şərtlərlə Təyinatı üzrə X2 Əli Bəndəli oğluna ünvanladığı 12.03.2021-ci il tarixli, **********0 nömrəli güzəştli şərtlərlə əmək pensiyasının dayandırılması haqqında məktubda bildirilmişdir ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən mütəmadi olaraq aparılan araşdırmalar nəticəsində vətəndaşların pensiya hüquqlarının təsbiti ilə bağlı əsaslı şübhələr yarandıqda, həmçinin əmək pensiyası və əmək pensiyasına əlavələrin verilməsi şərtlərinə uyğun olmayan hallar aşkar edildikdə təyin edilmiş əmək pensiyasının ödənişi “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 37.8.3-cü maddəsinin tələblərinə uyğun olaraq dayandırılır. Bununla əlaqədar nəzərinizə çatdırılır ki, sizə vaxtilə əmək pensiyası təyinatı aparılarkən əsas götürülmüş halların pensiya qanunvericiliyinin tələblərinə uyğunluğu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən araşdırılır. Sizin əmək pensiyanızın bərpa edilməsi məsələsinə araşdırmanın nəticəsi barədə müvafiq məlumatlar Mərkəzi Filiala daxil olduqdan sonra baxılacaqdır. Bugünədək araşdırmanın nəticəsi barədə Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filiala hər hansı məlumat daxil olmamışdır. İş materiallarına əlavə edilmiş X3 sisteminin çıxarışından görünür ki, İddiaçı aylıq pensiya məbləği: 1971,0132 manat, keçmiş dövr məbləği: 1517,42 manat, ödəniş məbləği: 3488,4332 manat, sonuncu əməliyyat tarixi: 27.02.2021-ci il, Nazirliyin Daxili Nəzarət və Audit Şöbəsi tərəfindən dayandırılmışdır, dayandırılma tarixi: 04.02.2021-ci il. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən məhkəməyə ünvanlanmış 08 oktyabr 2021-ci il tarixli, **********5 nömrəli məktubunda bildirilmişdir ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və tabeliyində olan Dövlət Sosial Müdafiə Fondu tərəfindən mütəmadi olaraq aparılan araşdırmalar nəticəsində vətəndaşların pensiya hüquqlarının təsbiti ilə bağlı əsaslı şübhələr yarandıqda, həmçinin əmək pensiyası və əmək pensiyasına əlavələrin verilməsi şərtlərinə uyğun olmayan hallar aşkar edildikdə təyin edilmiş əmək pensiyasının ödənişi “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 37.8.3-cü maddəsinin tələblərinə uyğun qaydada dayandırılır. Bununla əlaqədar olaraq, İddiaçı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı əsas götürülmüş müvafiq sənədlərin düzgünlüyünə şübhələr olduğundan və pensiya işininin araşdırılmasına zərurət yarandığından pensiya ödənişi 04.02.2021-ci il tarixindən dayandırılmışdır. Araşdırma nəticəsində hər hansı qanunvericiliyə zidd hal aşkar edilməyəcəyi təqdirdə əmək pensiyasının ödənişi bərpa olunacaq, dayandırılma müddətində ödənilməmiş pensiya məbləği müvafiq kart hesabına köçürüləcəkdir. Mübahisəli məsələ birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. Kollegiya birinci instansiya məhkəməsinin mövqeyilə razılaşır. Azərbaycan Respublikasının Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsinə əsasən hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. 38-ci maddəsinin İ hissəsinə əsasən, hər kəsin sosial təminat hüququ vardır. 60-cı maddəsinin İ hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir, İİ hissəsinə əsasən hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın. İşin birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş hallarından görünür ki, İddiaçı Dövlət Sosial Müdafiə Fondunun Suraxanı rayon şöbəsinin 18.05.2015-ci il tarixli, 456 nömrəli qərarı ilə 01.04.2015-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-5099/2017 saylı, 24 noyabr 2017-ci il tarixli qərarı ilə iddiaçıya 01.04.2008-ci il tarixdən (50 yaş) güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının həmin dövrdə qüvvədə olan qanunvericiliyə müvafiq olaraq 2004-2005-ci illərin orta aylıq əmək haqqı əsas götürülməklə yenidən hesablanması və yaranmış fərqin birdəfəlik ödənilməsi vəzifəsi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Suraxanı rayon şöbəsinin üzərinə qoyulmuş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2- 1(103)-492/2018 saylı, 24 aprel 2018-ci il tarixli qərarı və Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(102)-1878/2018 saylı, 11 dekabr 2018-ci il tarixli qərarı ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-5099/2017 saylı, 24 noyabr 2017-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmış, 2 saylı Bakı İnzibatiİqtisadi Məhkəməsinin 2-1(82)-5099/18 saylı iş üzrə qərarı qanuni qüvvəsini almış, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Suraxanı rayon şöbəsi tərəfindən icra olunmuşdur. 04.02.2021-ci il tarixdən isə araşdırma aparılması əsası ilə pensiya ödənişi dayandırılmışdır. “İnzibati icraat haqqında” AR Qanunun: 2.0.6. inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyət; 2.0.8. qarşılıqlı etimad - inzibati orqanla fiziki və ya hüquqi şəxs arasındakı qarşılıqlı münasibətlərdə müəyyən qanuni hərəkətlərə və ya inzibati praktikaya əsaslanan inam; 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. 21.1. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. 21.2. Qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə bocludur. 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Hazırki mübahisə üzrə isə iş materiallarından müəyyən edilir ki, 18.05.2015-ci il tarixdən İddiaçı güzəştli şərtlərlə pensiya təyin edilməsinə dair 456 saylı qərar qəbul edilmiş, sonradan iddiaçı orqanın müvafiq qurumu tərəfindən araşdırma aparılması əsası ilə iddiaçının pensiya ödənişi 04.02.2021-ci il tarixdən dayandırılmışdır. İşdən göründüyü kimi, apelyasiya baxışı zamanı cavabdehə pensiya təyin edilməsinə dair keçmiş tarixdə qəbul edilmiş və qüvvəsini saxlayan inzibati aktın ləğvinə dair inzibati orqan tərəfindən şərh edilən qanunvericiliyin tələblərinə uyğun inzibati icraat aparılması müəyyən edilmir. Belə ki, daxili araşdırma aparılması əsası ilə iddiaçıya inzibati akt sasında təyin edilmiş pensiya ödənişi dayandırılmış, iddiaçıya isə yalnız bundan sonra dayandırılma barədə bildirilmiş, lakin hər hansı əsaslı məlumat verilməmişdir. Vətəndaş xeyrinə olan inzibati akta dair aparılmış inzibati icraatın gedişi haqqında məlumatlı olmamış, maraqlı şəxs qismində cəlb edilməmişdir. “İnzibati icraat haqqında” AR Qanunun: 64.1. İnzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. 64.2. İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. 64.3. İnzibati orqan inzibati aktın geri çağırılması, ləğv olunması, dəyişdirilməsi və ya qüvvədən düşmüş hesab olunması barədə maraqlı şəxslərə məlumat verməyə borcludur. Kollegiya vurğulayır ki, inzibati orqan tərəfindən iddiaçıya 08.05.2017-ci il tarixdən pensiya təyin edilməsi inzibati akt əsasında həyata keçirilmişdir. Həmin inzibati akt isə hazırda qüvvədə olmaqla, hər hansı qaydada mübahisələndirilməmiş və ya ləğvinə dair məhkəmə qərarı və ya digər inzibati akt qəbul edilməmişdir. Eyni zamanda iş materiallarında olan X3 Sistemdən çıxarışa əsasən, iddiaçıya pensiya ödənişinin 04.02.2021-ci il tarixdən dayandırılmış olduğu görünsə də, pensiya ödənişinin dayandırılmasına dair inzibati aktın qəbul edilməsi də müəyyən edilmir. Göründüyü kimi, iddiaçıya güzəzəştli şərtlərlə pensiya ödənişinin dayandırılmasına əsas olan inzibati hüquqi akt mövcud deyildir. Digər tərəfdən, qeyd edilir ki, məhkəmə əlverişli inzibati aktın icrasının dayandırılması və nəticələrinin aradan qaldırılması ilə bağlı mübahisənin mahiyyəti üzrə qərar qəbul edərkən “İnzibati icraat haqqında” Qanunun 67-ci maddəsinin, xüsusən 67.5- 67.13-ci maddələrinin tələblərinə, şəxsin həmin qanunda təsbit edilmiş etimad hüququnun olmasına qiymət verməlidir. Bu zaman həmçinin nəzərə alınmalıdır ki, 67.5-ci maddənin tələbinə görə, şəxsin özünün əlverişli hüquqi mövqeyinə olan etimadı qanunla qorunur. “İnzibati icraat haqqında” AR Qanunun: 67.1. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. 67.2. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. 67.5. ... Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. 67.6. Maraqlı şəxs aşağıdakı hallarda etimadın qorunması hüququna istinad edə bilməz: 67.6.1. rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.2. səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.3. inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda. Kollegiya qeyd edir ki, xüsusən birdəfəlik və ya mütəmadi pul ödəmələri və ya əşyanın verilməsi ilə bağlı hallarda, şəxsin etimadının qanunla qorunub-qorunmadığı yuxarıda qeyd edilən maddələrin müddəaları baxımından yoxlanılmalıdır. Bu zaman həm də şəxsin etimad hüququna istinad etməsini istisna edən şərtlərin mövcudluğu da məhkəmələr tərəfindən xidməti vəzifəsinə görə yoxlanılmalıdır. Hazırki iş materiallarından görünür ki, 67.6-cı maddəsində nəzərdə tutulan (rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə inzibati aktın qəbul edilməsinə nail olma; səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə inzibati aktın qəbul edilməsi; inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda) halların mövcud olması apelyasiya baxışı zamanı məhkəmə araşdırması nəticəsində müəyyən edilməmiş və bu halları əsaslandıran hər hansı dəlil cavabdeh tərəfindən məhkəməyə təqdim edilməmişdir. Kollegiya bildirir ki, birdəfəlik və ya mütəmadi pul ödəmələrinin inzibati orqanın təqsiri üzündən baş verdiyi və şəxsin təqsirli davranışına bağlı olmadığı hallarda, inzibati icraat hüququnun müddəaları baxımından şəxsin əmlak vəziyyəti qorunmağa layiqdir. Bu zaman həmçinin şəxsin ona ödənilmiş pul vəsaitlərinin ödənişi dayandırılarsa əhəmiyyətli ziyana məruz qalacağı hallarda həmin şəxsin etimad hüququnun qanunla qorunduğu da nəzərə alınmalıdır. Başqa cür yanaşma, şəxsin vicdansız və təqsirli davranışına bağlı olmadığı hallarda, sosial təminat sahəsində qanunun düzgün tətbiqinə məsuliyyət daşıyan inzibati orqanın yanlış hərəkətinin məsuliyyətinin və səhv hesablamanın neqativ hüquqi nəticələrinin yükünün həmin şəxsin üzərinə qoyulması demək olardı. Cavabdeh orqan tərəfindən iddiaçıya təyin edilmiş pensiya ödənişinin dayandırılmasını zəruri edən əsas qismində yalnız onun müvafiq dövrə aid olan əmək fəaliyyəti üzrə əmək haqqı almamış olmasına dair mülahizə xarakterli məlumat göstərilmişdir. Bu isə müvafiq əlverişli akt ləğv və ya etibarsız hesab edilmədən, onun icrasının dayandırılmasına və vətəndaşın xeyrinə ödənilmiş pensiya məbləğinin tələb edilməsinə əsas ola bilməz. Göründüyü kimi inzibati orqan yuxarıda sadalanan tələbləri nəzərə almamış, daxili araşdırma əsasında qanunsuzluğa yol verildiyini bildirdiyi əlverişli inzibati aktı ləğvetmədən, icrasını dayandırmış, həmçinin qanunsuz əlverişli aktın icrasının dayandırılmasına dair lazımi qaydada inzibati icraat aparmamışdır. Nəticədə qanuni qüvvəsini saxlamaqda olan, şəxsin etimad hüququnun qorunduğu aktın icrası qaydasında edilən pensiya ödənişi qanunsuz olaraq dayandırılmışdır. Eyni zamanda, kollegiya vurğulayır ki, iddiaçıya ilkin pensiya təyinatı aparılmasından sonra qanuni qüvvəyə minmiş məhkəmə qərarları ilə pensiyanın yenidən hesablanması və yaranmış fərqin birdəfəlik ödənilməsi vəzifəsi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Suraxanı rayon şöbəsinin üzərinə qoyulmuş və cavabdeh tərəfindən icra edilmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 129-cu maddəsinə əsasən, məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. AR İPM-in 1.2-ci maddəsinə əsasən, bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra - inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 78-ci maddəsinə əsasən mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir. Kollegiya bildirir ki, iddiaçıya güzəştli şərtlərlə pensiya təyinatı aparılmasından sonra qanuni qüvvəyə minmiş və hələ də qüvvədə olan məhkəmə qərarları əsasında pensiyanın yenidən hesablanması və ödənilməsi icra edilmişdir. Qanunvericiliyə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş qərarı məcburi olaraq hökmən icra olunmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, hazırki mübahisə üzrə iddiaçıya ilkin pensiya təyinatı aparılmasına dair qüvvədə olan inzibati aktın mövcudluğundan əlavə, pensiyasının yenidən hesablanmsı və ödənilməsi icrası məcburi olan qanuni qüvvəyə minmiş məhkəmə qərarı əsasında həyata keçirilmişdir. Cavabdeh orqanın iddiaçıya məhkəmə qərarı əsasında yenidən hesablanmış pensiya ödənişini məhkəmə qərarının icrasının əksinə olaraq dayandırması, AR Konstitusiyası və digər sadalanan qanunvericiliklə müəyyən edilmiş məhkəmə qərarlarının qanuni qüvvəsini müəyyən edən normaların tələblərinə ziddir. Kollegiya qeyd edir ki, iddiaçıya pensiya ödənişinin dayandırılması üçün əsas olan halların mövcud olmasına dair sübutlar cavabdeh tərəfindən məhkəməyə təqdim edilməmiş, apelyasiya şikayətinə əlavə edilməmiş, sadəcə araşdırılma aparıldığı üçün qanunsuz olaraq pensiya ödənişi dayandırılmışdır. Cavabdeh orqanın İddiaçı pensiya ödənişinin dayandırılmasına dair hərəkəti onun hüquqlarını və qanunuvericiliyin tələblərini pozmuş olduğundan, qanunsuz hesab edilməlidir. Yuxarıda sadalananlara məcmu halda qiymət verən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən prosessual hüquq normalarının tələblərinə əməl edilərək, maddi hüquq normaları işin hallarına düzgün tətbiq edildiyindən, cavabdehin apelyasiya şikayəti isə mülahizə xarakterli olmaqla, hər hansı mötəbər dəillə əsaslandırılmadığından məhkəmənin mübahisələndirilən qərarının ləğvi üçün əsaslar müəyyən edilməmişdir. Azərbaycan Respublikası İPM-nin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. Hazırkı işə apelyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, cavabdehin apelyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, birinci instansiya məhkəməsinin mübahisələndirilən qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Odur ki, məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, qərara aldı: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialınının apelyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Мəhkəməsinin 2-1(112)-6334/2021 saylı, 30 dekabr 2021-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Кollegiyasına (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Mirzə Tağızadə Hakimlər: Xəyalə Cəmilova Aytən Oruczadə
Məhkəmə qərarları › İş №2-1(103)-1737/2022
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1737/2022
10.06.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver