Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1737/2025 23.04.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Nəbizadə Nigar Xeyrulla qızı (sədrlik edən və məruzəçi), Əkbərov Kamran Hüseyn oğlu və X1 ibarət tərkibdə, İsayeva Sevinc Ehtiram qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" X4 1 saylı Bakı Ərazi İdarəsinə qarşı Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyəti başçısının 246 saylı xx.xx.2000-ci il tarixli sərəncamı ilə Nizami rayonu ərazisində fərdi yaşayış evi tikmək üçün iddiaçıya ayrılmış 600 kv.m. torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla reyestrdən çıxarışın və plan-ölçü sənədinin verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 27 noyabr 2024-cü il tarixli, 2-1(112)-657/2024 saylı qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" X4 1 saylı Bakı Ərazi İdarəsinə qarşı Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyəti başçısının 246 saylı xx.xx.2000-ci il tarixli sərəncamı ilə Nizami rayonu ərazisində fərdi yaşayış evi tikmək üçün iddiaçıya ayrılmış 600 kv.m. torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla reyestrdən çıxarışın və plan-ölçü sənədinin verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi tələbinə dair iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2000-ci il tarixli, 246 saylı sərəncamına əsasən iddiaçıya fərdi yaşayış evinin tikintisi üçün 600 kv.m. torpaq sahəsi ayrılmışdır. Həmin vaxtdan torpaq sahəsi iddiaçının istifadəsindədir. İddiaçının qonşularla və kənar şəxslərlə torpaq sahəsinə dair hər hansı bir mübahisəsi mövcud deyil. İddiaçının tələbinə cavab olaraq cavabdehin ünvanladığı cavab məktubunda qeyd edilmişdir ki, təqdim edilmiş yerləşmə cizgisində dəqiq istinad, məsafə və perimetrik ölçülər qeyd edilmədiyi üçün sənədlə sahəni müəyyənləşdirmək mümkün olmamışdır. Bundan əlavə, şərti olaraq göstərilən torpaq sahəsinin bir hissəsi məhəllədaxili yol olmaqla yaşayış evlərinin tikintisi üçün nəzərdə tutulmayan sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlıdır. İddiaçı hesab edir ki, cavabdehin imtinası əsassızdır və onun hüquqlarını pozur. Sözügedən torpaq sahəsi şərti olaraq göstərilməyib, dəqiq olaraq torpağın harada yerləşməsi məlumdur. İddiaçıya məxsus torpaq sahəsi məhəllədaxili yola, yaşayış evlərinin tikintisi üçün nəzərdə tutulmayan sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaq kateqoriyasına düşmür. Ətrafda çoxsaylı tikilən evlər mövcuddur. Göründüyü kimi, cavabdeh müraciətindən formal əsaslarla imtina etmişdir. Cavabdeh iddia tələbinə yazılı etirazını məhkəməyə təqdim etmiş və etiraz onunla əsaslandırılmışdır ki, təqdim edilmiş yerləşmə cizgisində dəqiq istinad, məsafə və perimetrik ölçülər qeyd olunmadığı üçün sənəd üzrə sahəni dəqiqləşdirmək mümkün olmamışdır. Bundan əlavə, şərti olaraq göstərdiyi torpaq sahəsinin bir hissəsi məhəllədaxili yol olmaqla yaşayış evlərinin tikintisi üçün nəzərdə tutulmayan sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlıdır. Bu səbəblərdən ərizənin icrası tərəflərindən mümkün olmamışdır. Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(112)-657/2024 saylı qərarı ilə (hakim A.A.Abdullayeva) iddia tələbinin təmin edilməsi, Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2000-ci il tarixli, 246 saylı sərəncamı ilə Nizami rayonu ərazisində fərdi yaşayış evi tikmək üçün İddiaçı ayrılmış 600 kv.m torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla reyestrdən çıxarışın və plan-ölçü sənədinin verilməsi öhdəliyinin cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi qərara alınmışdır. Qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmiş və apellyasiya şikayəti etirazın məzmununa uyğun əsaslandırılmışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil izahatında məhkəməyə bildirdi ki, cavabdeh inzibati orqanın iddiaçının tələbindən imtinasının əsası kimi sözügedən torpaq sahəsinin bir hissəsinin məhəllədaxili yol olmaqla yaşayış evlərinin tikintisi üçün nəzərdə tutulmayan sənaye, nəqliyyat, rabitə və digər təyinatlı torpaq sahəsi olduğu bildirilir. Lakin birinci instansiya məhkəməsində aparılan icraat zamanı məsələ ilə bağlı olaraq geniş şəkildə araşdırma aparılmış, ekspertiza keçirilmişdir. Nəticədə məlum olmuşdur ki, iddiaçıya məxsus olan torpaq sahəsinin ətrafı da tamamilə yaşayış sahələridir və iddiaçıya məxsus olan torpaq sahəsi məhəllədaxili yola düşmür. Bu səbəbdən iddia təmin olunmuşdur. İddianın əsasını da məhz “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.1-ci maddəsinin tələbləri təşkil edir. Həmin maddəyə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin əsaslarından biri kimi müvafiq icra hakimiyyəti orqanı tərəfindən daşınmaz əmlakın özgəninkiləşdirilməsinə dair sərəncam nəzərdə tutulur. Müvafiq sənəd və onun təsdiq edilmiş surəti məhkəməyə təqdim olunmuşdur. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunvericilikdə nəzərdə tutulmuş qaydada məlumatlandırılmış cavabdeh nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş, məhkəmə kollegiyası qanunvericiliyin tələblərini nəzərə alaraq, işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq, işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti əsassızdır, birinci instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Belə ki, iş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş sənədlərdən aşağıdakılar müəyyən edilir: - Bakı şəhər Nizami rayon İcra Hakimiyyəti başçısının 246 nömrəli xx.xx.2000-ci il tarixli sərəncamına əsasən Bakı şəhər sakini İddiaçı Nizami rayonu ərazisində fərdi yaşayış evi tikmək üçün 600 kv.m. torpaq sahəsi ayrılmışdır. Torpaq sahəsinin yerləşmə cizgisi təsdiq edilmişdir. - Məhkəmənin sorğusuna əsasən Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialı tərəfindən verilmiş 05 aprel 2023-cü il tarixli 3-48-2F/2-02191/2023 nömrəli məktubla bildirilmişdir ki, Nizami rayon İH-nin arxiv fondu üzrə 2000-ci il tarixli 246 saylı sərəncamı Dövlət Arxivinin Bakı Filialında xx.xx.2000-ci il tarixli deyil, xx.xx.2000-ci il tarixli kimi qeydiyyatdadır. Lakin, həmin sərəncamda İddiaçı barəsində heç bir məlumat yoxdur. Srəncamın və ona əlavə edilmiş sənədlərin təsdiq edilmiş ksero surətləri məhkəməyə təqdim edilmişdir. - Məhkəmənin sorğusuna əsasən “X3 və Ekspertiza Mərkəzi” MMC tərəfindən 84 nömrəli 26 aprel 2024-cü il tarixli məktubla təqdim edilmiş mütəxəssis rəyinə əsasən müəyyən edilmişdir ki, iddia olunan torpaq sahəsi sxemə uyğundur, dövlət mülkiyyətinə aid olmaqla, yaşayış məntəqələrinin torpaqlarına aiddir, həmin torpaq sahəsi yaşıllıq sahəsinin mühafizə zonasına düşmür, həmçinin torpaq sahəsinin hər hansı bir hissəsi məhəllədaxili yola düşmür. - Məhkəmənin sorğusuna əsasən Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialı tərəfindən verilmiş 03 may 2023-cü il tarixli 3-48-2F/2-961/2024 nömrəli məktubla bildirilmişdir ki, Nizami rayon İH-nin arxiv fondu üzrə 2000-ci ilə dair qəbul edilmiş sərəncamların qeydiyyat kitabları Dövlət Arxivinin Bakı Filialında mövcuddur. Lakin, may 2000-oktyabr 2000-ci il dövrü üzrə qəbul edilmiş sərəncamların qeydiyyatı kitabı 2 saxlama vahidindən (qovluqda) ibarət olmaqla vərəq sayı (66 vərəq) çoxluq təşkil etdiyindən həmin qeydiyyat kitablarının ksero surətlərinin təqdim olunması imkan xaricindədir. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən təqdim edilmiş 10/5872 nömrəli 16 oktyabr 2024-cü il tarixli ekspert rəyinə əsasən müəyyən edilmişdir ki, Bakı şəhəri Nizami rayon İcra Hakimiyyəti başçısının 246 saylı xx.xx.2000-ci il tarixli sərəncamı ilə vətəndaş İddiaçı ayrılmış 600 kv.m. torpaq sahəsi yaşayış məntəqələrinin torpaqlarına aiddir, torpaq sahəsi hər hansı yaşıllıq sahəsinin mühafizəsi zonasına düşmür, həmçinin torpaq sahəsinin hər hansı bir hissəsi məhəllədaxili yola düşmür. Beləliklə, iş materiallarından göründüyü kimi, Bakı şəhər Nizami rayon İcra Hakimiyyəti başçısının 246 nömrəli xx.xx.2000-ci il tarixli sərəncamına əsasən Bakı şəhər sakini İddiaçı Nizami rayonu ərazisində fərdi yaşayış evi tikmək üçün 600 kv.m. torpaq sahəsi ayrılmışdır. Torpaq sahəsinin yerləşmə cizgisi təsdiq edilmişdir. İddiaçı həmin torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı cavabdehə müraciət etsə də, cavabdeh tərəfindən iddiaçının müraciətinin təmin edilməsindən təqdim edilmiş yerləşmə cizgisində dəqiq istinad, məsafə və perimetrik ölçülərün qeyd olunmadığı üçün sənəd üzrə sahəni dəqiqləşdirməyin mümkün olmamasına, bundan əlavə, şərti olaraq göstərdiyi torpaq sahəsinin bir hissəsinin məhəllədaxili yol olmaqla yaşayış evlərinin tikintisi üçün nəzərdə tutulmayan sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı olmasına istinad edilməklə imtina edilmişdir. Cavabdeh tərəfindən iddiaçıya torpaq sahəsinin ayrılması barədə sərəncam mübahisələndirilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ və daşınmaz əmlaka hüquqlar dövlət qeydiyyatına alınmalıdırlar. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Mülki Məcəllənin 139.3-cü maddəsinə görə, daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Mülki Məcəllənin 146.2-ci madəsinə müvafiq olaraq, daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. Mülki Məcəllənin 157.1-ci maddəsinə əsasən, mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə görə, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanunun 8-ci maddəsinə müvafiq olaraq, daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: ... qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar ... Həmin Qanunun 12.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Həmin Qanunun 15-ci maddəsinə görə, hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda Qanunun 15.1.1-ci maddəsinə əsasən, dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanunun normalarına əsasən qeydiyyata alınmalı deyildirsə hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilə bilər. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 4 may tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamə”nin 2.0.1-ci və 3.0.11-ci bəndlərinə əsasən, dövlət reyestrində daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatının həyata keçirilməsini təmin etmək Xidmətin fəaliyyət istiqamətlərinə, hüquqların dövlət qeydiyyatını rəsmiləşdirmək məqsədi ilə dövlət reyestrindən çıxarış vermək Xidmətin vəzifələrinə aid edilmişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə müvafiq olaraq, qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya digər öhdəliklərin qoyulması qadağandır. Qanunla birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul edilməsindən imtina üçün əsas ola bilməz. Həmin Qanunun 19.1-ci maddəsinə görə, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Yuxarıda qeyd olunan maddənin kontekstində məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, iddiaçıya torpaq sahəsinin ayrılması barədə sərəncamının arxiv surəti Dövlət Arxivinin Bakı Filialında mövcud olmasa da, sərəncamın əsli (və ya qanunvericilikdə nəzərdə tutulmuş qaydada təsdiq edilmiş surəti) iddiaçıda olduğu təqdirdə, onun həqiqətə uyğun olmadığı sübuta yetirilmədiyi müddətcə, Filialın arxivində nüsxəsinin olmaması əsası mübahisənin iddiaçının ziyanına təfsir edilməsi ilə nəticələnə bilməz. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 oktyabr 2010-cu il tarixli Qərarında göstərilir ki, Azərbaycan Respublikası qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatının nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının və mübahisə edilməsinin qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır. Bu baxımdan qeyd olunan sahədə dövlət orqanlarına həvalə edilmiş səlahiyyətlərin həyata keçirilməsi nəticəsində hər hansı fiziki və ya hüquqi şəxsin hüquqlarının, o cümlədən mülkiyyət hüquqlarının tam həcmdə reallaşdırılmasının əsassız olaraq məhdudlaşdırılmasının yolverilməzliyi də xüsusi əhəmiyyət kəsb edir. Birinci instansiyası məhkəməsi tərəfindən işə baxılarkən imtinanın əsaslarının yoxlanılması əsası ilə ekspertiza keçirilib qərarda ekspert rəyinə istinad edilərək, “ ... iş üzrə əldə edilmiş mütəxəssis və ekspert rəylərinə əsasən müəyyən edilmişdir ki, Bakı şəhəri Nizami rayon İcra Hakimiyyəti başçısının 246 saylı xx.xx.2000-ci il tarixli sərəncamı ilə İddiaçı ayrılmış 600 kv.m torpaq sahəsi yaşayış məntəqələrinin torpaqlarına aiddir, torpaq sahəsi hər hansı yaşıllıq sahəsinin mühafizəsi zonasına düşmür, həmçinin torpaq sahəsinin hər hansı bir hissəsi məhəllədaxili yola düşmür” göstərilsə də, cavabdeh iki abzasdan ibarət olan apellyasiya şikayətində yenə də eyni dəlillərə istinad etdiyindən, məhkəmə kollegiyası həmin dəlilləri cavablandırmağı zəruri hesab etmir. Bundan əlavə qeyd edilməlidir ki, Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 07 mart 2016-cı il tarixli, 818 nömrəli Fərmanının 2.3-cü bəndində göstərilmişdir ki, torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib edilməsi zamanı fiziki və hüquqi şəxslərin mülkiyyətindəki və qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqlarda və torpaq islahatı zamanı verilmiş pay torpaqlarında hüquqi və texniki sənədlərdəki məkan göstəriciləri ilə torpaqlardan faktiki istifadə vəziyyətinin məkan göstəriciləri arasında mövcud olan uyğunsuzluqların (sərhəd, yerləşmə və konfiqurasiya fərqlərinin) Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 43-cü maddəsinə uyğun olaraq yerquruluşu qaydasında aradan qaldırılmasını aşağıdakı tələblərə riayət etməklə həyata keçirsin: ... 2.3.5. ərazi vahidləri üzrə layihələrin, torpaqla bağlı normativ hüquqi aktların tələblərinə zidd olmadığı və digər şəxslərin hüquqlarının pozulmadığı hallarda, torpaqların faktiki istifadə vəziyyəti əsas götürülməklə tərtib edilməsi. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2015-ci il tarixli, 516 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamə”nin 3.0.29-cu maddəsində isə təsbit edilmişdir ki, vətəndaşların qanuni istifadəsindəki yaşayış evlərinin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqların onların mülkiyyətinə verilməsini yerquruluşu işlərini aparmaqla və normativ hüquqi aktlarda müəyyən edilmiş qaydada torpaq istifadəçiliyində mövcud olan uyğunsuzluqlar aradan qaldırılmaqla rəsmiləşdirmək Xidmətin vəzifəsidir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 24-cü maddəsinə əsasən, inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İinzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Məhkəmə kollegiyası fikrini ümumiləşdirərək qeyd edir ki, Azərbaycan Respublikasının qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatı nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır. Bu baxımdan qeyd olunan sahədə dövlət orqanlarına həvalə edilmiş səlahiyyətlərin həyata keçirilməsi nəticəsində hər bir fiziki və ya hüquqi şəxsin hüquqlarının, o cümlədən mülkiyyət hüquqlarının tam həcmdə reallaşdırılmasının əsassız olaraq məhdudlaşdırılmasının yolverilməzliyi də xüsusi əhəmiyyət kəsb edir. Beləliklə, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayətinin dəlilləri formal xarakter daşımaqla, işin halları və qanunvericiliklə təkzib olunur, şikayət qərarın ləğvinə əsas vermir. Bununla bağlı olaraq şikayət təmin edilməməli, qərar dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İnzibati Prosessual Məcəllənin 68.2-ci maddəsinə görə, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İnzibati Prosessual Məcəllənin 87.6-cı maddəsinə müvafiq olaraq, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, Kollegiya QƏRARA ALDİ: Cavabdeh "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" X4 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(112)-657/2024 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan qərarın tam formada təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər Sədrlik edən: Nigar Nəbizadə Hakimlər: Kamran Əkbərov Fərrux Qasımov
Məhkəmə qərarları › İş №2-1(103)-1737/2025
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1737/2025
23.04.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver