Məhkəmə qərarları › İş №2-1(103)-1739/2020

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1739/2020

30.11.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1739/2020 30.11.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Məmmədov Vidadi Məmməd oğlu (sədrlik edən və məruzəçi), Nağıyeva Elmira Eyvaz qızı və Yusifov Cahangir Afər oğlundan ibarət tərkibdə, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi şərtlərlə təyinat üzrə Mərkəzi filialının nümayəndəsi X1 iştirakı ilə İddiaçı əmək pensiyasının yenidən hesablanması vəzifəsinin həvalə edilməsi tələbinə dair iddia ərizəsi ilə bağlı Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3111/2020 nömrəli iş üzrə xx xxxxxx 2020-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdehə qarşı məhkəməyə müraciət edərək, xx.xx.2001-ci ildən xx.xx.2001-ci ilədək Bakı “Radioquraşdırma” İstehsalat Birliyinin Hərbiləşdirilmiş Mühafizə Dəstəsində 1-ci dərəcəli atıcı, xx.xx.2001-ci ildən xx.xx.2004-cü ilədək Hərbiləşdirilmiş Mühafizə Dəstəsində 8-ci dərəcəli atıcı və xx.xx.2004-cü ildən xx.xx.2007-ci ilədək Hərbiləşdirilmiş Mühafizə Dəstəsində 3-cü dərəcəli atıcı peşəsində işlədiyi dövrlərin sosial sığorta stajına daxil edilərək, əmək pensiyasının yenidən hesablanması vəzifəsinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-790/2019 nömrəli iş üzrə xx.xx.2019-cu il tarixli qərarı ilə iddia təmin edilmişdir. Qərarla razılaşmayan cavabdeh ondan apellyasiya şikayəti verərək, ləğv edilib, iddianın rədd olunmasını xahiş etmişdir. Bakı Apelyasiya Məhkəməsi İİK-nın 2-1(103)-2416/2019 nömrəli iş üzrə xx.xx.2019cu il tarixli qərardadı ilə cavabdehin apellyasiya şikayəti qismən təmin edilərək, xx.xx.2019-cu il tarixli qərar ləğv edilmiş, inzibati iş yenidən baxılması üçün 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə göndərilmişdir. İşə yenidən birinci instansiya məhkəməsində baxılarkən iddiaçı iddianın dəyişdirilməsi barədə ərizə təqdim edərək, xx.xx.2001-ci ildən xx.xx.2001-ci ilə qədər Bakı “Radioquraşdırma” İB-nin Hərbiləşdirilmiş Mühafizə Dəstəsində 1-ci dərəcəli atıcı, xx.xx.2001-ci ildən xx.xx.2004-cü ilə qədər Hərbiləşdirilmiş Mühafizə dəstəsində 8-ci dərəcəli atıcı və xx.xx.2004-cü ildən xx.xx.2007-ci ilə qədər Hərbiləşdirilmiş Mühafizə dəstəsində 3-cü dərəcəli atıcı peşəsində işlədiyi dövrlərin sosial sığorta stajına daxil edilərək ona “Bakı Radioquraşdırma” İB-nin Hərbiləşdirilmiş Hərbi Dəstəsində işlədiyi dövrdə aldığı əmək haqqı nəzərə alınmaqla əmək pensiyasının yenidən hesablanması vəzifəsinin cavabdehə həvalə edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı ilə iddia təmin edilmişdir. Qərarla razılaşmayan cavabdeh ondan apellyasiya şikayəti verərək, ləğv edilib, iddianın rədd olunmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlillərinə görə, “Əmək pensiyaları haqqında” AR Qanununa uyğun olaraq əmək pensiyası alan şəxslərin pensiya məbləğləri iki cür müəyyənləşdirilir: fərdi hesabın sığorta hissəsində yığılan pensiya kapitalından hesablanan məbləğ; güzəştli şərtlərlə əmək pensiyası hüququ olan şəxslərə dövlət büdcəsi hesabına vəzifə maaşına müvafiq əmsallar tətbiq edilməklə hesablanan əlavələrlə birlikdə müəyyən edilən məbləğ. İddiaçının ərizəsinə əsasən cavabdeh tərəfindən iddiaçı tərəfindən təqdim edilən əmək haqqı arayışlarına uyğun olaraq, həmin dövrdə qüvvədə olmuş qanunvericiliyin tələblərinə istinad edilərək, əmək pensiyası təyin edilmişdir. İddiaçı iş yerindən tələb olunan əmək haqqı arayışlarını təqdim edə bilmədiyindən, həmin dövr sosial sığorta stajına daxil edilməmişdir. Belə ki, DSMF Xətai rayon şöbəsi iddiaçının ərizəsinə rədd cavabı verməmiş, əksinə, iddia etdiyi dövrlərə aid əmək haqqı arayışı tələb edilmişdir. İddiaçı sözügedən arayışları təqdim edə bilmədiyindən, digər dövrlərdəki təqdim etdiyi əmək haqqı cədvəlinə uyğun olaraq əmək pensiyası düzgün olaraq təyin edilmişdir. İşə apellyasiya qaydasında baxılarkən cavabdehin nümayəndəsi apellyasiya şikayətinə uyğun izahat vermişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - İPM) 82-ci maddəsinin tələblərinə müvafiq qaydada iş materialları ilə birlikdə araşdıraraq, aşağıdakıları qeyd edir. Şikayət mümkündür. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (İPM-85.1), formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-85.2, 85.3). Şikayət mahiyyətcə qismən əsaslıdır. İşdə olan, iddiaçıya məxsus İT-İ ******* nömrəli əmək kitabçasının notarial təsdiqli surətindən müəyyən olunur ki, iddiaçı xx.xx.2001-ci ildə Bakı “Radio quraşdırma” İB Hərbiləşdirilmiş Mühafizə Dəstəsinə 1-ci dərəcəli atıcı vəzifəsinə işə qəbul edilmiş, xx.xx.2001-ci il tarixdə Hərbiləşdirilmiş Mühafizə Dəstəsinə 8-ci dərəcəli bölmə komandiri keçirilmiş, xx.xx.2004-cü ildə Hərbiləşdirilmiş Mühafizə Dəstəsinə 3-cü dərəcəli atıcı keçirilmiş, xx.xx.2007-ci il tarixdə AR Əmək Məcəlləsinin 69-cu maddəsinə uyğun olaraq öz xahişi ilə işdən azad edilmişdir. İddiaçının pensiya işinin təsdiq edilmiş surətinə görə, DSMF Xətai rayon şöbəsinin pensiya və pensiyalara əlavə olunan müavinət təyin edən komissiyanın xx.xx.2007-ci il tarixli qərarı ilə iddiaçıya “Vətəndaşların pensiya təminatı haqqında” AR Qanununun 9,5 və 10-cu maddələrinə müvafiq olaraq 2-ci siyahı üzrə xx.xx.2007-ci il tarixdən 129,93 manat məbləğdə ömürlük pensiya təyin edilmişdir. “xxxx” ASC “xxxx” MMC tərəfindən verilmiş xx.xx.2006-cı il tarixli 15-05-104a nömrəli güzəştli arayışda göstərilmişdir ki, iddiaçı İstehsalat-təmir müəssisəsində xx.xx.1993-cü il tarixdən xx.xx.2002-ci ilə kimi qazan avadanlıqlarının təmiri üzrə çilingər peşəsində işləmişdir. xx.xx.2002-ci il tarixdən arayış verilən günədək “xxxx” MMC-nin qazan avadanlıqlarının təmiri üzrə peşəsində işləmişdir. DSMF tərəfindən verilmiş Məcburi dövlət sosial sığorta haqqı barədə arayışa əsasən iddiaçı üçün 2002-ci ilin iyun ayından 2006-cı ilin 31 dekabrınadək olan dövrdə DSMF-yə qazanılmış 6.690,56 manat gəlirdən 177,29 manat məcburi dövlət sosial sığorta haqqı ödənilmişdir. Pensiyanın hesablanması cədvəlində faktiki orta aylıq əmək haqqı və pensiya hesablanan orta aylıq əmək haqqı 127,7 manat qeyd olunmuşdur. DSMF Xətai rayon şöbəsi tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2018-ci il tarixli **********74 nömrəli məktubda iddiaçının ərizəsinə cavab olaraq bildirilmişdir ki, ərizədə qeyd etdiyi ikinci iş yeri haqqında heç bir arayış təqdim edilmədiyindən əmək pensiyasının yenidən hesablanması mümkün olmamışdır. Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyi “Üfüq” İB “Radioquraşdırma” zavodu tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli 65/02k nömrəli arayışda göstərilmişdir ki, iddiaçı Bakı “Radioquraşdırma” İB-də indiki “Üfüq” İB-nin “Radioquraşdırma” zavodunda işləyib: xx.xx.2001-ci il tarixdən 195/k nömrəli xx.xx.2001-ci il tarixli əmrlə Hərbiləşdirilmiş mühafizə dəstəsinə atıcı peşəsinə işə qəbul edilmiş, xx.xx.2007-ci il tarixdə 03 nömrəli xx.xx.2007-ci il tarixli əmrlə AR Əmək Məcəlləsinin 69-cu maddəsinə əsasən öz xahişi ilə işdən azad edilmişdir. Arayışa əlavə olunmuş xx.xx.2019-cu il tarixli 18/50 nömrəli arayışlardan (təqaüd üçün nəzərə alınmış əmək haqqı barədə) müəyyən olunur ki, iddiaçıya müvafiq olaraq 2004 və 2005-ci illər üzrə cəmi 6.731.244 AZM məbləğdə, 2006cı ilin yanvar, fevral, mart, aprel, may, iyul, avqust, sentyabr, oktyabr, noyabr dekabr ayları üzrə cəmi 601,56 manat məbləğdə əmək haqqı ödənilmişdir. Cavabdehin məhkəmə kollegiyasına təqdim etdiyi xx.xx.2020-ci il tarixli **********4 nömrəli arayışa əsasən, iddiaçının xx.xx.2006-cı il tarixdən hazırkı dövrədək fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı 6.349,69 manat təşkil edir. xx.xx.2006-cı il tarixdən qüvvəyə minmiş “Əmək pensiyaları haqqında” Qanunun 25-ci maddəsinə əsasən, sığorta stajı müvafiq icra hakimiyyəti orqanı tərəfindən məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi barədə verilən sənədlə təsdiq olunur. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2006-cı il tarixli 377 nömrəli Fərmanının 2.3-cü bəndi ilə müəyyən edilmişdir ki, həmin Qanunun 25-ci maddəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi həyata keçirir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının xx.xx.2017-ci il tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın: 3.1-ci bəndinə əsasən, sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq aşağıdakılardan ibarətdir: 3.1.1. Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; 3.1.2. Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı; 3.2-ci bəndinə görə, 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı aşağıdakı sənədlər üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir: 3.2.1. əmək kitabçası; 3.6-cı bəndinə əsasən, Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı sığortaolunanın fərdi uçot məlumatları əsasında müəyyən olunur. İstinad olunan qanunvericilik normalarının təhlili göstərir ki, birinci instansiya məhkəməsi iddianı “xx.xx.2001-ci ildən xx.xx.2001-ci ilə qədər Bakı “Radioquraşdırma” İBnin Hərbiləşdirilmiş Mühafizə Dəstəsində 1-ci dərəcəli atıcı, xx.xx.2001-ci ildən xx.xx.2004cü ilə qədər Hərbiləşdirilmiş Mühafizə dəstəsində 8-ci dərəcəli atıcı və xx.xx.2004-cü ildən xx.xx.2007-ci ilə qədər Hərbiləşdirilmiş Mühafizə dəstəsində 3-cü dərəcəli atıcı peşəsində işlədiyi dövrlərin sosial sığorta stajına daxil edilərək ona ... əmək pensiyasının yenidən hesablanması vəzifəsinin cavabdehə həvalə edilməsi” hissədə təmin etməklə düzgün nəticəyə gəlmişdir. Belə ki, iddiaçının pensiyasının yenidən hesablanmasını istədiyi müddətin həm xx.xx.2006-cı il tarixədək, həm də ondan sonrakı dövrü onun əmək kitabçası, iddiaçının pensiya işində olan DSMF tərəfindən verilmiş Məcburi dövlət sosial sığorta haqqı barədə arayış, “Üfüq” İB “Radioquraşdırma” zavodunun arayışı və cavabdehin məhkəmə kollegiyasına təqdim etdiyi arayışla təsdiq olunur. Lakin həmin məhkəmə iddianı “... “Bakı Radioquraşdırma” İB-nin Hərbiləşdirilmiş Hərbi Dəstəsində işlədiyi dövrdə aldığı əmək haqqı nəzərə alınmaqla ...” hissədə təmin etməklə qanunun tələblərini pozmuşdur. Belə ki, 2006-cı ildən qüvvədə olan pensiya qanunvericiliyi əmək haqqına deyil, sosial sığorta stajına əsaslanır. Bu mənada məhkəmə kollegiyası apellyasiya şikayəti ilə qismən razılaşır. Beləliklə, məhkəmə kollegiyasının araşdırması ilə sabit olur ki, ilkin sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi iddiaçının əmək pensiyasının təyin edilməsi ilə bağlı arzuladığı inzibati aktın cavabdeh tərəfindən qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilir, bu inzibati aktın cavabdeh tərəfindən qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğu iş materialları ilə təsdiq olunmur (İPM-14.3), “Əmək pensiyaları haqqında” Qanun və “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları” ilə cavabdehə verilmiş səlahiyyətin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunur, cavabdehin imtinası qanunauyğun olmamış və iddiaçının hüquqlarını pozmuşdur (İPM-73.1), imtina mövcud inzibati praktikaya zidd olmaqla, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmamışdır (“İnzibati icraat haqqında” AR Qanununun 13.2 və 17-ci maddələri). Hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası işin yuxarıda qeyd olunan hallarına məcmu şəkildə hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin olunması ilə əlaqədar gəldiyi nəticə əsasən düzgün olsa da, onun qəbul etdiyi qərar müzakirə edilən qaydada dəyişdirilməli, apellyasiya şikayəti qismən təmin edilməlidir (İPM-87.6). Göstərilənlərə əsasən və İPM-in 68, 69, 87 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3111/2020 nömrəli iş üzrə xx xxxxxx 2020-ci il tarixli qərarı dəyişdirilsin. Qərarın nəticə hissəsindən “Bakı “Radioquraşdırma” İstehsalat Birliyinin Hərbiləşdirilmiş Mühafizə Dəstəsində işlədiyi dövrdə aldığı əmək haqqı nəzərə alınmaqla,” sözləri çıxarılsın. Qərar qalan hissədə dəyişdirilmədən qüvvədə saxlanılsın. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi şərtlərlə təyinat üzrə Mərkəzi filialının apellyasiya şikayəti qismən təmin edilsin. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətdə Bakı Apellyasiya Məhkəməsi (AZ1073 Bakı şəhəri Z.Xəlilov küçəsi 540-cı məhəllə) vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ1025 Bakı şəhəri Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. HAKİMLƏR Vidadi Məmmədov Elmira Nağıyeva Cahangir Yusifov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar