Məhkəmə qərarları › İş №2-1(103)-1739/2022

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1739/2022

08.07.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1739/2022 08.07.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyası Sədrlik edən və məruzəçi-hakim Bəktaşi Səadət İnayət qızı, hakimlər Hüseynov Azər Soltanhəmid oğlu və Baxışova Vüsalə Ələkbər qızından ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi, iddiaçının nümayəndəsi X4 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı «vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərarın ləğv edilməsi» tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 26 noyabr 2021-ci il tarixli, 2-1(112)-5230/2021 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə Bakı Apelyasiya Məhkəməsinin binasında, şifahi məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı MMC cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin **********0479 nömrəli 12 fevral 2021-ci il tarixli qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən İddiaçı MMC barəsində tərtib olunmuş 29 dekabr 2020-ci il tarixli DVX seriyalı 004041 nömrəli akta əsasən vergi qanunvericiliyinin pozulması haqqında 12 fevral 2021-ci il tarixli **********0479 nömrəli qərar qəbul edilmiş və MMC 6,000 manat məbləğində vergi məsuliyyətinə cəlb olumuşdur. İddiaçı çıxarılmış qərarı aşağıda qeyd edilənlərə əsasən ədalətsiz, qeyri-qanuni və qeyri-obyektiv hesab edir. Belə ki, məlum ağır pandemiya şəraitində vətəndaşların dərman məhsulları ilə təchizatı ilə məşğul olan apteklərin fəaliyyətinə böyük ehtiyac duyulur. Belə bir dövrdə apteklər barədə bəzən ədalətsiz və qeyri-obyektiv surətdə vergi yoxlamalarının aparılması nəticəsində cərimələnməsi ölkə sahibkarlığının xüsusilə də əczaçılıq fəaliyyətinin inkişafına ağır zərbələr vurur. Belə hallarda biri də İddiaçı MMC-nin 29 dekabr 2020-ci il tarixdə ona məxsus Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti 95 ünvanında, 1-ci mərtəbədə fəaliyyət göstərən Aptek 584-də həyata keçirilən operativ vergi nəzarəti tədbiri zamanı baş vermişdir. 29 dekabr 2020-ci il tarixdə Aptek 584-də müştəri tərəfindən tibbi maska alınan zaman məhsula görə ödəniş qiyməti 2 manat olduğundan, müştəri tərəfdən 100 manat pul aptek satıcısına təqdim edilmiş, satıcı da öz növbəsində məhsula görə məbləği çıxıb müştəriyə qalıq pulu qaytarmaq məqsədilə bütöv pulu xırdalamaq ərəfəsində olmuşdur. Bu zaman vergi əməkdaşı kassaya çek vurulmadığını əsas gətirərək AR Vergi Məcəlləsinin 58.7-ci maddəsinə əsasən vergi sanksiyası barədə müvafiq akt tərtib etmişdir. İddiaçı hesab edir ki, barəsində qəbul edilən vergi sanksiyası qeyri-qanuni, əsassız və qeyri-obyektivdir. Belə ki, 1) aptek satıcısı satılan məhsula görə müştəri tərəfindən ödənilən 100 manat bütöv pula qalıq kiçik (xırda) pul axtaran zaman hələ pulun qalığını müştəriyə qaytarmamış həmin məbləği kassaya vurub müştəriyə çeki təqdim edə bilməzdi; 2) vergi əməkdaşı o zaman kassaya çekin vurulmadığını iddia edə bilərdi ki, qalıq pul müştəriyə qaytarılmış olsun və o, apteki tərk etmiş olsun; 3) müştəri ilə satıcı arasında alqı-satqı prosesi hələ davam etməkdə idi, çünki, satıcı xırda pulu qaytaranadək müştəri əlavə olaraq digər məhsul da ala bilərdi; 4) ehtimal ola bilərdi ki, bütöv pula qalıq tapmaq qeyri-mümkün olması səbəbindən aptek satıcısı ilə müştəri arasında alqı-satqı baş tutmamış da olsun. İddiaçı barəsində Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən **********0479 nömrəli 12 fevral 2021-ci il tarixli qərar qəbul olunarkən yuxarıda qeyd edilən obyektiv hallar nəzərə alınmamış və hadisənin mahiyyətinə hərtərəfli, tam və obyektiv surətdə diqqət yetirilməmişdir. Bununla da hesab edilir ki, vergi qanunvericiliyinin tələbləri pozulmuşdur. Bakı İnzibati Məhkəməsinin 26 noyabr 2021-ci il tarixli, 2-1(112)-5230/2021 nömrəli qərarı ilə iddia təmin edilmişdir. (hakim: R.Kərimli) Həmin qərardan cavabdeh apelyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Cavabdeh apelyasiya şikayətində qeyd etmişdir ki, Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2020-ci il tarixli **********5419 nömrəli qərarına əsasən "xxxx" MMC üzrə nağd pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması məqsədilə operativ vergi nəzarəti tədbiri keçirilmişdir. xx.xx.2020-ci il tarixdə Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti 95, 1-ci mərtəbə ünvanında yerləşən aptekdə müşahidə zamanı müştəri tərəfindən alınmış tibbi maskaya görə ödənilmiş 2 manat pul vəsaiti üçün nəzarət-kassa aparatı çeki vurulmamışdır. Vergi orqanının əməkdaşları tərəfindən həmin məbləğ saat 15:39-da 53 saylı çeklə nəzarət-kassa aparatına bərpa olundu. Belə ki, Vergi Məcəlləsinin 58.7-ci maddəsinə əsasən vergi ödəyicisi kimi vergi orqanında uçotda olmayan şəxslərlə (əhali ilə) pul hesablaşmalarının aparılması qaydalarının pozulmasına görə vergi ödəyicisinə təqvim ili ərzində belə hallara üç və daha çox dəfə yol verildikdə 6000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir. Belə olan halda isə vergi orqanı tərəfindən xx.xx.2020-ci il tarixli DVX seriyalı 004041 nömrəli AKT tərtib olunaraq, vergi ödəyicisi tərəfindən Vergi Məcəlləsinin 16.1.9-ci maddəsinin və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 1 avqust tarixli 338 nömrəli Qərarı ilə təsdiq edilmiş “Nəzarət-kassa aparatlarının istismarı Qaydaları”nın 8.3.16-cı bəndinin tələblərini pozulduğuna görə müəssisəyə Vergi Məcəlləsinin 58.7-ci maddəsinə əsasən 6000 manat məbləğində maliyyə sanksiyasının tətbiq edilməsi təklif edilmişdir. Vergi orqanı tərəfindən tərtib edilmiş sözügedən AKT əsasında “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi barədə xx.xx.2021-ci il tarixli **********0479 saylı qərar qəbul edilmişdir. Məhkəmə qərarında qeyd edilmişdir ki, Vergi Məcəlləsinin 50.1.7-ci maddəsinə əsasən operativ vergi nəzarəti Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi məsələlərini əhatə edən vergi nəzarəti formasıdır. Halbuki mübahisələndirən qərar Vergi Məcəlləsinin 50.1.3-cü maddəsinə əsasən həyata keçirilən operativ vergi nəzarəti tədbirinin nəticələri üzrə çıxarılmışdır. Göründüyü kimi məhkəmə qərarında qanunvericiliyin müddəalarına düzgün istinad edilməmişdir. Vergi Məcəlləsinin 94.0.2-ci maddəsinə əsasən vergi orqanının hesablamalarının səhv olduğunu sübut etmək vəzifəsi vergi ödəyicisinin üzərinə düşür. Buna baxmayaraq vergi orqanı tərəfindən həyata keçirilmiş operativ vergi nəzarəti tədbiri zamanı qanunvericiliyin pozulmasına dair müvafiq sənədlər məhkəməyə təqdim edilmişdir. Eyni zamanda qeyd edilir ki, məhkəmə qərarında istinad edilməsinə ehtiyac olmayan kifayət qədər qanunvericiliyin müddəaları əks olunmuşdur ki, bu da iddianın təmin edilməsi üçün əsasların azlığından irəli gəlir. Məhkəmə qərarında əsasız olaraq Vergi Məcəlləsinin 53.3-cü maddəsinə istinad etmiş, Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələrin olmasına istinad etmişdir. Halbuki həyata keçirilən operativ vergi nəzarəti tədbiri müvafiq aktla rəsmiləşdirilmiş və müvafiq qanun pozuntusu sözügedən aktda ətraflı əks etdirilmişdir. Göründüyü kimi məhkəmə qərarında qanunvericiliyin müddəaları düzgün tətbiq edilməmiş, sadəcə qanunvericiliyin müddəaları sadalanmış, işin faktiki halları araşdırılmamışdır. İddiaçı hal-hazırda mübahisə predmetini təşkil edən, vergi orqanı tərəfindən qəbul edilən **********0479 nömrəli xx.xx.2021-ci il tarixli qərarı xx.xx.2021-ci il tarixdə oxumuş, lakin həmin qərardan mübahisələndirilməsi üçün 30 günlük iddia müddətini ötürmüşdür və bu da öz növbəsində hazırki iddianın qaldırılması üçün müddətə dair mümkünlük şərtlərinin ödənilməməsi ilə nəticələnmişdir. Bununla əlaqədar müvafiq sənədlər məhkəməyə təqdim edilmişdir. Belə ki Vergi Məcəlləsinin 70.2-1.3-cü maddəsinə əsasən sənədlər elektron üsulla elektron kabinetə göndərildikdə - elektron üsulla göndərildiyi gündən 3 iş günü keçdikdən sonra lazımi qaydada çatdırılmış sayılır. Eyni zamanda bildirilir ki, tərəflər arasında yazışmalar birmənalı olaraq elektron qaydada həyata keçirilir və bu onu deməyə əsas verir ki, iddiaçı ona göndərilmiş qərardan məlumatlı olmuşdur (xx.xx.2021-ci il tarixdə). Bununla yanaşı məhkəmə qərarında 23 mart 2021-ci il tarixdə iddia ərizəsinin məhkəməyə təqdim olunması qeyd edilsə də, elektron məhkəmə portalında iddia ərizəsinin xx.xx.2021-ci il tarixdə təhvil alındı qeyd edilmişdir. Məhkəmə qanunvericiliyə uyğun həyata keçirilən operativ vergi nəzarəti zamanı nəzarət-kassa aparatına vurulmamış çekin mövcudluğunu, onun nəzarət-kassa aparatına bərpa edilməsi və həyata keçirilən operativ vergi nəzarəti tədbiri ilə çekin bərpa edilmə tarixlərində müvafiq uyğunluqların olmasını nəzərə almamış, sadəcə aidiyyəti olmayan müddəalara istinad etməklə iddianı təmin etmişdir. Apelyasiya baxışı zamanı əvvəlki məhkəmə iclasında çıxış edən cavabdehin nümayəndəsi X8 apelyasiya şikayətini müdafiə edərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Apelyasiya baxışı zamanı iddiaçının nümayəndəsi X7 apelyasiya şikayətinə etiraz edərək onun təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyası iş üzrə tərəflərin izahatını dinləyərək, iş materiallarını və apelyasiya şikayətinin dəlillərini araşdıraraq və işdə olan sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İş materiallarında olan Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən qəbul edilmiş “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” 29 dekabr 2020-ci il tarixli **********5419 nömrəli qərarından görünür ki, İddiaçı MMC olan obyektdə nağd pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması məsələləri üzrə xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək (xx.xx.2021 tarixi daxil olmaqla) operativ vergi nəzarəti keçirilməsi qərara alınmışdır. İş materiallarında olan “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 12 fevral 2021-ci il tarixli **********0479 saylı qərardan görünür ki, İddiaçı MMC Vergi Məcəlləsinin 58.7.3-cü maddəsinə əsasən əhali ilə pul hesablaşmalarının aparılması qaydalarının pozulması təqvim ili ərzində üç və daha çox dəfə yol verildiyinə görə 6000 manat məbləğində vergi məsuliyyətinə cəlb edilmişdir. Hazırda iddiaçı cavabdehin **********0479 nömrəli 12 fevral 2021-ci il tarixli qərarının ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsi iddia tələbini təmin etmiş və mövqeyini onunla əsaslandırmışdır ki, hazırkı məhkəmə icraatında tədqiq olunmuş sübutlarla, o cümlədən şahid ifadələrinə əsasən iddiaçının təsərrüfat subyektində “mal alışı” ilə bağlı əhali ilə pul hesablaşmalarının aparılması qaydalarının pozulması faktı öz təsdiqini tapmır. Məhkəmə icraatında hər iki tərəfin, o cümlədən iddianın növünə görə sübutetmə yükü daşıyan cavabdeh inzibati orqanın yeganə əsas sübut kimi istinad etdikləri şahid ifadələri, habelə cavabdeh inzibati orqanın başqa dəlil və sübutunun olmaması ilə belə faktın inkarına olan bütün şübhələr də aradan qalxmış olur. Qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 1.3-cü maddəsinə görə bu Məcəllə ilə müəyyən olunan anlayışlar və qaydalar vergitutma məqsədi ilə müəyyən edilir və müstəsna olaraq bu Məcəllə və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktlar ilə tənzimlənən vergitutma və vergi nəzarəti ilə bağlı münasibətlər hüdudlarında tətbiq olunur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “«İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 82-ci maddəsinin və Azərbaycan Respublikası Vergi Məcəlləsinin 52 və 90.1-ci maddələrinin şərh edilməsinə dair” 13 sentyabr 2011-ci il tarixli qərarında hesab etmişdir ki, məhkəmənin ünvanladığı müraciətlə əlaqədar olaraq ilk növbədə vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətin müəyyən edilməsi əsaslarına aydınlıq gətirilməlidir. Vergi qanunvericiliyinin pozulması dedikdə, Vergi Məcəlləsində nəzərdə tutulmuş qaydada məsuliyyətə səbəb olan, təqsirli olaraq törədilmiş qeyri-hüquqi əməl başa düşülür, bu əməl özünü həm hərəkətdə, həm də təqsirli şəxsin hərəkətsizliyində göstərir. Bununla belə qeyd olunmalıdır ki, şəxsin vergi qanunvericiliyini pozmasına görə məsuliyyətə cəlb edilməsi qanunda nəzərdə tutulmuş qaydada həyata keçirilməli və onun Konstitusiyada və digər qanunlarda təsbit olunmuş hüquq və azadlıqlarını pozmamalıdır. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 49.3 və 49.6-cı maddələrinin şərh edilməsi haqqında” 06 avqust 2002-cı il tarixli qərarında qeyd olunur ki, vergi ödəmək vəzifəsində cəmiyyətin ümumi maraqları əks olunub. Dövlət təkcə vergi ödəyicilərinin deyil, həm də cəmiyyətin digər üzvlərinin hüquqlarını və qanuni maraqlarını müdafiə etmək məqsədi ilə vergi münasibətlərinin tənzimlənməsi üzrə tədbirlər görmək hüququna malikdir və belə tədbirlər həyata keçirilməlidir. Buna görə də vergi tutulması vergi ödəyicisinin mülkiyyətindən əsassız məhrum edilməsi kimi yox, konstitusiya vəzifələrindən irəli gələn əmlakın müəyyən hissəsinin qanuni götürülməsi kimi qiymətləndirilməlidir. Yuxarıda qeyd olunanları da nəzərə alaraq məhkəmə qeyd etmişdir ki, hazırkı işin hallarına görə vergi ödəyicisi kimi İddiaçı MMC-nin (onun vəzifəli şəxslərinin) hərəkətlərində vergi qanunvericiliyinin pozulması qismində təqsirli olaraq qeyri-hüquqi əməlin olması inzibati orqanın subyektiv mövqeyi və məntiqi reallıqla uzlaşmayan bir hal kimi qiymətləndirilməlidir. Qanunla təsbit edilmiş vergi nəzarəti forması olaraq operativ vergi nəzarətinin və onun hüquqi nəticələrinin məqsədi kimi vergi ödəyicilərinin fəaliyyəti üzrə vergi qanunvericiliyinə əməl olunmasında şübhəli məqamların doğurduğu ehtimala əsaslanan halın müəyyənləşdirilməsi çıxış etmir. Bu hərəkətə görə sanksiyalaşdırma inkar olunmaz pozuntu faktlarına əsaslanmalıdır. Halbuki, hazırkı iş üzrə cavabdeh inzibati orqanının mübahisələndirilən qərarı vergi ödəyicisinin şübhə doğuran və nisbətən ehtimal olunan hərəkətlərinə münasibətdə qəbul olunmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı olmuşdur. Vergi Məcəlləsinin 50-ci maddəsinə əsasən operativ vergi nəzarəti sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərin gəlir götürmək üçün istifadə etdikləri, yaxud vergi tutulan obyektlərin və ya əmtəə-material ehtiyatlarının saxlanılması ilə bağlı olan anbar, ticarət və bu qəbildən olan digər binalarında (ərazilərində) (yaşayış binaları (sahələri) istisna olmaqla), nəqliyyat vasitələrində (sahibkarlıq fəaliyyəti üçün istifadə edilməyən şəxsi nəqliyyat vasitələri istisna olmaqla) həyata keçirilən vergi nəzarəti formasıdır (maddə 50.1). Həmin Məcəllənin 50.1.1-50.1.14-cü maddələrinə əsasən operativ nəzarət tədbiri aşağıdakı qeyd olunan halların aşkar edilməsi üçün həyata keçirilir: 50.1.1 bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada vergi orqanlarında uçota durmayan, bu Məcəllənin 33.2-ci maddəsinə uyğun olaraq təsərrüfat subyekti (obyekti) vergi orqanlarında uçotda olmayan və ya bu Məcəllənin 221.4.7-ci maddəsinə əsasən "Fərqlənmə nişanı"nı almayan vergi ödəyicilərinin aşkar edilməsi; 50.1.2. aksiz markaları ilə markalanmalı və məcburi nişanlama ilə nişanlanmalı olan malların, habelə dini təyinatlı ədəbiyyatın (kağız və elektron daşıyıcılarında), audio və video materialların, mal və məmulatların və dini məzmunlu başqa məlumat materiallarının markalanmadan və ya saxta markaları ilə markalanmaqla satılması, satış məqsədi ilə saxlanılması və ya istehsal binasının hüdudlarından kənara çıxarılması faktlarının aşkar edilməsi; 50.1.2-1. nəzarət markalarının qəsdən məhv edilməsi, saxtalaşdırılması, qeyri-qanuni yolla hazırlanması, istifadəsi və satışının qarşısının alınması sahəsində nəzarət edilməsi; 50.1.3. əhali ilə pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması; 50.1.4. valyuta sərvətlərinin ödəniş vasitəsi kimi qəbul edilməsi və valyuta sərvətlərinin ticarət, iaşə və xidmət müəssisələrində qanunvericiliklə müəyyən edilmiş qaydalar pozulmaqla alınıb-satılması və ya dəyişdirilməsi faktlarının aşkar edilməsi; 50.1.6. xüsusi razılıq (lisenziya) tələb olunan fəaliyyət növləri ilə belə razılıq (lisenziya) olmadan məşğul olan şəxslərin aşkar edilməsi; 50.1.7. Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi; 50.1.8. istehsal həcminin və ya satış dövriyyəsinin müəyyənləşdirilməsi və dəqiqləşdirilməsi; 50.1.9. aksiz markaları ilə markalanmalı və məcburi nişanlama ilə nişanlanmalı olan malların Azərbaycan Respublikasının ərazisində dövriyyəsinin tənzimlənməsi ilə bağlı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydalara əməl olunmasına nəzarət edilməsi; 50.1.10. bu Məcəllənin 221.8-ci maddəsinə əsasən “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi haqqında qəbz” almayan vergi ödəyicilərinin aşkar edilməsi; 50.1.11. nağdsız hesablaşmaların həyata keçirilməsi ilə bağlı qanunla müəyyən olunmuş tələblərə əməl olunmasına nəzarət edilməsi; 50.1.12. pul vəsaitinin uçotdan gizlədilməsi və ya uçota alınmaması hallarına nəzarət edilməsi; 50.1.13. malların bu Məcəllənin 58.8-ci maddəsində göstərilən sənədlər əsasında alınmasına, malların elektron qaimə-faktura əsasında təqdim edilməsinə, habelə malların əvvəlcədən sifariş edilmədən təqdim edilməsi üçün malların təsərrüfat subyektindən (obyektindən) nəqliyyat vasitələrinə yüklənməsi üçün təsərrüfatdaxili yerdəyişmə qaiməfakturasının tərtib edilməsinə nəzarət edilməsi; 50.1.14. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinə uyğun olaraq POS-terminalların quraşdırılması məcburi olan obyektlərdə POS-terminalların quraşdırılması hallarına nəzarət edilməsi və POS-terminallar quraşdırılmış obyektlərdə nağdsız ödənişlərin qəbulundan imtina hallarının müəyyən edilməsi. Həmin Məcəllənin 50.2-ci maddəsinə əsasən operativ vergi nəzarətinin həyata keçirilməsi üçün əsaslar aşağıdakılardır: 50.2.1. vergi orqanı tərəfindən keçirilən səyyar vergi yoxlaması zamanı aşkar edilmiş faktlar; 50.2.2. vergi orqanları tərəfindən mənbəyi bəlli mənbələrdən əldə etdikləri məlumatlar; 50.2.3. vergi ödəyicisi tərəfindən vergi qanunvericiliyinin pozulması hallarının aradan qaldırılması barədə vergi orqanlarının tələblərini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə; 50.2.4. vergi orqanlarının bu Məcəllənin 50.1-ci maddədə göstərilən məsələlər barədə qanunvericiliyin sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslər tərəfindən pozulması barədə kifayət qədər əsası olduqda; 50.2.5. vergi ödəyicisi riskli vergi ödəyicisi olduğu halda. 50.3. Operativ vergi nəzarəti vergi orqanının əsaslandırılmış qərarına əsasən həyata keçirilir. Həmin qərarda vergi ödəyicilərinin yerləşdiyi ərazi, habelə operativ vergi nəzarəti ilə əhatə olunmalı olan məsələ (məsələlər), operativ vergi nəzarətinin müddəti və operativ vergi nəzarətini həyata keçirən vergi orqanının vəzifəli şəxsi (şəxsləri) göstərilir. 50.4. Operativ vergi nəzarəti vergi ödəyicisinə əvvəlcədən xəbərdarlıq edilmədən başlanır və vergi ödəyicilərinin faktiki iş vaxtı həyata keçirilir. Operativ vergi nəzarətini həyata keçirən vergi orqanının vəzifəli şəxsi nəzarətə başladıqdan sonra bu Məcəllənin 50.3-cü maddəsində nəzərdə tutulmuş vergi orqanının qərarını vergi ödəyicisinə dərhal təqdim etməlidir. Həmin Məcəllənin 50.6-cı maddəsinə görə operativ vergi nəzarətinin nəticələri üzrə vergi orqanının vəzifəli şəxsləri tərəfindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada akt tərtib edilir. Operativ vergi nəzarəti tədbirlərinin keçirilməsi zamanı bu Məcəllənin 39 – 43-cü və 46 – 49-cu maddələrinin müddəaları tətbiq edilir. Həmin Məcəllənin 58.7.3-cü maddəsinə görə bu Məcəllənin 13.2.63-cü maddəsində nəzərdə tutulmuş ticarət fəaliyyətinin həyata keçirilməsi halı istisna olmaqla, vergi ödəyicisi kimi vergi orqanında uçotda olmayan şəxslərlə (əhali ilə) pul hesablaşmalarının aparılması qaydalarının pozulmasına, yəni nəzarət-kassa aparatları və ya ciddi hesabat blankları tətbiq edilmədən (nəzarət-kassa aparatları quraşdırılmadan, qanunvericiliklə müəyyən edilmiş formalara uyğun ciddi hesabat blankları olmadan və ya nağd ödənilmiş məbləği mədaxil etmədən), vergi orqanlarında qeydiyyatdan keçirilməmiş və ya texniki tələblərə cavab verməyən, o cümlədən bu Məcəllənin 50.8-ci maddəsində sadalanan tələblərə cavab verməyən çek təqdim edən nəzarət-kassa aparatlarından istifadə etməklə, qanunvericiliklə müəyyən olunmuş ciddi hesabat blanklarından istifadə etmədən və ya müəyyən olunmuş qaydada təsdiq olunmuş formalara uyğun olmayan ciddi hesabat blanklarından istifadə etməklə əhali ilə pul hesablaşmalarının aparılmasına, POSterminalların quraşdırılması məcburi olan obyektlərdə POS-terminalların quraşdırılmaması və POS-terminallar quraşdırılmış obyektlərdə nağdsız ödənişlərin qəbulundan imtina edilməsinə və ya alıcıya təqdim edilməli olan çekin, bankların valyuta mübadilə şöbələri tərəfindən müştəriyə təqdim edilməli olan bank çıxarışlarının və ya digər ciddi hesabat blanklarının verilməməsinə və ya ödənilmiş məbləğdən aşağı məbləğ göstərilməklə verilməsinə, nəzarət-kassa aparatlarından istifadə edilməsi dayandırıldıqda əhali ilə pul hesablaşmalarının qeydiyyatının aparılması qaydalarının pozulmasına görə vergi ödəyicisinə təqvim ili ərzində belə hallara üç və daha çox dəfə yol verildikdə 6.000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir. İş materialları ilə müəyyən olunur ki, vergi orqanının 29 dekabr 2020-ci il tarixli qərarı ilə vergi ödəyicisi kimi hazırkı İddiaçı MMC-nin təsərrüfat subyekti olan “Aptek 584”də (Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti, 95 ünvanında 1-ci mərtbədə) operativ vergi nəzarəti keçirilmiş və tədbirin nəticələri 29 dekabr 2020-ci il tarixli aktla rəsmiləşdirilmişdir. Həmin akt əsasında 12 fevral 2021-ci il tarixli **********0479 nömrəli qərar qəbul edilmişdir. Sözügedən aktla vergi orqanı əməkdaşları iddiaçının müvafiq ünvandakı fəaliyyəti üzrə pul hesablaşmalarının aparılması qaydalarının pozulması, yəni nəzarət-kassa aparatları və ya ciddi hesabat blankları tətbiq edilmədən əhali ilə pul hesablaşmalarının aparılması faktının (təqvim ili ərzində iki dəfədən artıq) aşkar olunduğu rəsmiləşdirilmişdir. 12 fevral 2021-ci il tarixli **********0479 nömrəli qərarla vergi ödəyicisi kimi hazırkı İddiaçı MMC-yə AR Vergi Məcəlləsinin 58.7.3-cü maddəsi rəhbər tutularaq 6.000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir. Halbuki, apelyasiya baxışı zamanı şahid qismində ifadə vermiş X2 və X1 ifadələrindən göründüyü kimi cavabdeh orqan tərəfindən operativ vergi nəzarəti həyata keçirilərkən iddiaçının müvafiq ünvandakı fəaliyyəti üzrə pul hesablaşmalarının aparılması qaydalarının pozulması, yəni nəzarət-kassa aparatları və ya ciddi hesabat blankları tətbiq edilmədən əhali ilə pul hesablaşmalarının aparılması faktı özlüyündə şübhə doğurur, eyni zamanda operativ vergi nəzarəti həyata keçirilərkən qanunvericiliyin tələblərinin pozulması ilə aparılmasını ehtiva edir. Belə ki, məhkəmə iclasında şahid qismində ifadə vermiş X2 bildirmişdir ki, xəzinədar olaraq işləyir və kassanın arxasında əyləşir. Həmin gün iki nəfər şəxs əczaçılara yaxınlaşaraq maska istədi. Daha sonra ona yaxınlaşaraq 100 manatlıq əskinaz təqdim etdilər. O, alıcıdan daha kiçik məbləğlı əskinazlarının olub-olmadığını soruşmuş, lakin alıcı olmadığını bildirmişdir. Sonra alıcı yenidən əczaçıya yaxınlaşaraq yodla pambıq istəmiş və yenidən kassaya yaxınlaşmışdır. Bir qayda olaraq, alış-veriş zamanı əczaçı çek yazır və çeki müştəriyə təqdim edir. Müştəri isə çeki və ödənişi xəzinədara təqdim etdikdən sonra, xəzinədar tərəfindən kassaya vurulmuş ödəniş barədə çeklə vitrinə yaxınlaşır və məhsulu götürür. Hazırki halda həmin vaxt mallar həmin vaxt vitrində əczaçıların yanında idi. Həmin 2 şəxs ona təkrar yaxınlaşaraq özlərini təqdim etdilər. O, isə hələ pulun qalığını tapa bilmədiyini, buna görə də çekin vurulmadığını bildirmişdir. Alıcıların hər ikisi vergi orqanının əməkdaşı idi. Onlardan biri danışır, digəri isə onun yanında dayanmışdı. Aldıqları məhsullar 2 maska, yod və pambıq olmuşdur. Lakin heç biri müştəriyə təqdim edilməmişdir. Məhkəmə iclasında şahid qismində ifadə vermiş X3 bildirmişdir ki, o, əczaçı olaraq işləyir. Həmin gün iki nəfər aptekə daxil olmuş və maska istədiklərini bildirmişlər. Daha sonra kassaya yaxınlaşdılar və 2 maska üçün ödəniş 40 qəpik məbləğində idi. Onlar kassaya 100 manat təqdim etdilər. Xəzinədar bildirdi ki, qalıq qaytarmaq üçün kassada xırda yoxdur. Bu vaxt maska şüşənin arxasında vitrində idi. Yəni müştəriyə təqdim edilməmişdi. Həmin şəxslər yenidən ona yaxınlaşıb yod verməyini xahiş etdilər. Bundan sonra isə özlərini təqdim edərək çek vurulmadığını bildirdilər. Bildirir ki, məhsul alıcıya təqdim edildikdən və qalıq geri qaytarıldıqdan sonra çek vurulmalıdır. Apelyasiya baxışı zamanı cavabdehin nümayəndəsi izahatında sədrlik edənin “Vergi orqanının əməkdaşının həm alıcı, həm də nəzarətçi kimi çıxış etməsini necə qiymətləndirmək olar?” sualına cavab olaraq bildirmişdir ki, operativ nəzarət tədbirlərinin aparılmasına dair Qaydalarda müştəri qismində kənar bir şəxsin və ya əməkdaşın iştirak edib-etməməsi vurğulanmır. Operativ nəzarəti həyata keçirən əməkdaşların müştəri qismində iştirakının qadağan edilməsi Qaydalarda öz əksini tapmır. Yəni əməkdaşın orada iştirak etməsinə məhdudiyyət qoyulması nəzərdə tutulmur. Operativ nəzarət tədbirlərinin hər birində əməkdaşlar özləri iştirak edir, kənar şəxslər cəlb olunmur. Qeyd olunmalıdır ki, vergilərin düzgün hesablanması vergi orqanlarının vəzifəsidir. Vergi yoxlamaları keçirildikdə, vergi orqanları və onların vəzifəli şəxsləri düzgün qərar qəbul edilməsi üçün əhəmiyyətli olan bütün halları, o cümlədən vergi ödəyicisi üçün əlverişli olan halları aydınlaşdırmalıdırlar. Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. Vergi qanunvericiliyi ilə bağlı hüquqpozuntusu hadisəsi olmadıqda, şəxs vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilə bilməz. (Vergi Məcəlləsinin 24.0, 24.1, 36.2,53.3 və 54.0.1-ci maddələri) İstinad olunan normalardan göründüyü kimi əksi sübut olunmayanadək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Bu zaman konkret sübutlar, dəlillərə istinad olunmalı, başqa sözlə vergi orqanı ehtimallara, fərziyələrə əsasən vergi ödəyicisini məsuliyyətə cəlb edə bilməz. Bundan başqa məhkəmə kollegiyası qeyd edir ki, apelyasiya araşdırması zamanı şahid ifadələrindən həm də cavabdehin nümayəndəsinin etirafından müəyyən olunur ki, operativ vergi nəzarəti həyata keçirilərkən vergi orqanın işçilərindən biri alıcı, digəri isə müşahidəçi qismində iştirak etmişdir. Halbuki, Vergi Məcəlləsinin 23.1.11-ci maddəsinə əsasən nəzarət qaydasında mal alqısını həyata keçirtmək vergi orqanının hüququdur. Lakin bu hüquq «Əməliyyat-axtarış fəaliyyəti haqqında» Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuş hallarda və qaydada nəzarət qaydasında həyata keçirilə bilər. Lakin “Əməliyyat-axtarış fəaliyyəti” haqqında qanunun 5-ci maddəsinə görə əməliyyat-axtarış fəaliyyətinin subyektləri əməliyyat-axtarış fəaliyyətini Azərbaycan Respublikasının cinayət-prosessual qanunvericiliyində nəzərdə tutulmuş təhqiqat orqanları, korrupsiya ilə bağlı cinayətlər üzrə isə korrupsiyaya qarşı mübarizə sahəsində ixtisaslaşmış prokurorluq orqanı həyata keçirir. “Əməliyyat-axtarış fəaliyyəti” Qanununun 5-ci maddəsi subyektləri və onların fəaliyyət həddini tənzimlədiyindən eyni zamanda Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentindən başqa digər vergi orqanları təhqiqat aparmadığından yerli vergi orqanlarının nəzarət qaydasında mal alışını həyata keçirmək səlahiyyəti yoxdur. Göründüyü kimi operativ vergi nəzarəti həyata keçirilərkən vergi orqanının əməkdaşının alıcı kimi çıxış etməsi qanunvericiliyin yuxarıda qeyd olunan tələblərinin pozulmasına səbəb olmuşdur. Məhkəmə kollegiyası qeyd edir ki, İPM-nin 14.1-ci maddəsi baxımından, mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Belə ki, inzibati qanunvericiliyin tələbi baxımından vergi orqanının inzibati icraat zamanı (bu halda kameral vergi yoxlamasının aparılması və müvafiq qərar qəbul edilməsi zamanı) işin hallarını obyektiv araşdırmaq hüququ vardır (“İnzibati icraat haqqında" Qanunun 24-cü maddəsi). Nəzərə alınmalıdır ki, inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir, inzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Təqdim olunmuş sübutlar isə yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur, inzibati orqan sübutlara iş üçün əhəmiyyət kəsb edən bütün faktiki və hüquqi hallara müvafiq olaraq qiymət verir (“inzibati icraat haqqında” Qanunun 47.1-ci maddəsi). Azərbaycan Respublikası Konstitusiyasının 73-cu maddəsinin İİ hissəsinə əsasən heç kəs qanunla nəzərdə tutulmuş əsaslar olmadan və qanunda göstərilmiş həcmdən əlavə vergilər və başqa dövlət ödənişləri ödəməyə məcbur edilə bilməz. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 3.8-ci maddəsinə əsasən heç bir şəxsin üzərinə bu Məcəllə ilə müəyyən edilən vergilərin xüsusiyyətlərinə malik olan və bu Məcəllə ilə müəyyən edilməyən, yaxud bu Məcəllə ilə müəyyən edilən qaydalardan fərqli olaraq müəyyən edilən vergilər ödəmək vəzifəsi qoyula bilməz. Həmin Məcəllənin 49.5-ci maddəsinə görə vergi orqanının vəzifəli şəxsləri tərəfindən bu maddənin tələblərinin gözlənilməməsi vergi orqanının qərarının yuxarı vergi orqanı və məhkəmə tərəfindən ləğv edilməsi üçün əsasdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 67.2-ci maddəsinə əsasən qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Cavabdeh apelyasiya şikayətində qeyd etmişdir ki, “vergi orqanı tərəfindən qəbul edilən **********0479 nömrəli xx.xx.2021-ci il tarixli qərarı xx.xx.2021-ci il tarixdə oxumuş, lakin həmin qərardan mübahisələndirilməsi üçün 30 günlük iddia müddətini ötürmüşdür və bu da öz növbəsində hazırki iddianın qaldırılması üçün müddətə dair mümkünlük şərtlərinin ödənilməməsi ilə nəticələnmişdir.”. Məhkəmə kollegiyası iddianın qaldırılması üçün müddətin ötürülməsi barədə cavabdehin apelyasiya şikayətinin dəlilinə münasibətdə qeyd edir ki, İnzibati Prosessual Məcəlləsinin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. Vergi Məcəlləsinin 70.2-ci maddəsinə əsasən Vergi orqanının vergi ödəyicisinə göndərdiyi hər hansı qərar, akt, bildiriş, tələbnamə, məktub və ya digər sənədlər (onların surətləri) adı göstərilməklə vergi orqanının rəhbəri (onun müavini) tərəfindən imzalanmalı və möhürlə təsdiq edilməlidir. Elektron üsulla göndərilən sənədlərin möhürlə təsdiq edilməsi tələb olunmur. Həmin Məcəllənin 70.2-1-ci maddəsinə görə sənədlər (onların surətləri) vergi orqanı tərəfindən vergi ödəyicisinə aşağıdakı formalardan birinə uyğun göndərildikdə (verildikdə), lazımi qaydada çatdırılmış sayılır: (70.2-1.1) vergi ödəyicisinə (onun səlahiyyətli nümayəndəsinə) şəxsən verildikdə – şəxsən verildiyi gün, (70.2-1.2) poçt rabitəsi vasitəsilə vergi ödəyicisi olan hüquqi şəxsin dövlət qeydiyyatı haqqında sənədlərində və ya vergi ödəyicisi olan fiziki şəxsin uçot sənədlərində sonuncu ünvan kimi qeyd olunmuş ünvanına göndərildikdə – poçta təqdim edildiyi gündən 5 iş günü keçdikdən sonra (70.2-1.3) elektron üsulla elektron kabinetinə göndərildikdə – elektron üsulla göndərildiyi gündən 3 iş günü keçdikdən sonra. «Elektron imza və elektron sənəd haqqında» Azərbaycan Respublikası Qanununun 1.1.4-cü maddəsinə görə elektron imza – digər verilənlərə əlavə edilən və ya onlarla məntiqi əlaqəli olan, imza sahibini identikləşdirməyə imkan verən verilənlər, 1.1.15-ci maddəsinə görə elektron sənəd – informasiya sistemində istifadə üçün elektron formada təqdim edilən və elektron imza ilə təsdiq olunmuş sənəd hesab olunur. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 62.1-ci maddəsinə əsasən, inzibati orqan inzibati aktın qəbul edilməsi haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə rəsmi məlumat verməyə borcludur. Rəsmi məlumat inzibati aktın maraqlı şəxslərə birbaşa elan edilməsi, təqdim olunması və ya dərc edilməsi yolu ilə verilir. Həmin Qanunun 62.2-ci maddəsinə əsasən, poçt rabitəsi vasitəsi ilə ölkə daxilində göndərilmiş inzibati akt, onun poçta təqdim edildiyi gündən 5 gün keçdikdən sonra, elektron üsulla göndərilmiş inzibati akt isə göndərildiyi gündən 3 gün keçdikdən sonra maraqlı şəxsə təqdim olunmuş sayılır. Həmin Qanunun 62.3-ci maddəsinə əsasən, bu Qanunun 62.2-ci maddəsində nəzərdə tutulmuş qayda maraqlı şəxsin inzibati aktı almadığı və ya gec aldığı hallara şamil olunmur. Maraqlı şəxs inzibati aktı almadığını və ya gec aldığını iddia etdiyi hallarda, aktın ona təqdim olunması faktını və müddətini sübut etmə vəzifəsi inzibati orqanın üzərinə düşür. Sadalanmış müddəanın mənasından bəlli olur ki, inzibati orqan inzibati aktı elektron üsulla (elektron imza ilə) göndərmək səlahiyyətinə malikdir, lakin mübahisə olduğu halda aktın təqdim edilməsi faktını və müddətini sübut etməlidir. İşdən görünür ki, iddiaçı cavabdehin **********0479 nömrəli 12 fevral 2021-ci il tarixli qərarını mübahisələndirir, lakin cavabdeh orqan tərəfindən mübahisələndirilən inzibati aktın iddiaçıya lazımi qaydada çatdırılması müəyyən olunmur. Belə ki, cavabdeh orqan tərəfindən inzibati aktın iddiaçıya Vergi Məcəlləsinin 70-ci maddəsində müəyyən edilmiş qaydada, yəni nümayəndəsinə şəxsən verilmə, ünvana çatdırılma və ya elektron üsulla (elektron imza ilə) elektron kabinetə göndərilmə ilə təqdim olunmasına dair hər hansı sübut məhkəməyə təqdim edilməmişdir. Halbuki, iş materiallarında olan SS712933281AZ poçt izlənməsinə dair məlumata əsasən mübahisələndirilən qərar iddiaçı tərəfindən rəsmi surətdə xx.xx.2021-ci il tarixdə qəbul olunmuşdur. Məhkəməyə şikayət müddətinin bitməsinin sonuncu günü qeyri-iş gününə düşdüyündən (Mülki Prosessual Məcəllənin 129.2-ci maddəsinə əsasən müddətin son günü qeyri-iş gününə düşərsə, ondan sonrakı iş günü müddətin qurtarma günü hesab olunur) və xx.xx.2021-ci il tarix qeyri-iş günündən sonrakı ilk iş günü hesab oldunduğundan iş materiallarında olan 608503 saylı poçt qaiməsinə əsasən də iddiaçı tərəfindən inzibati aktdan məhkəməyə şikayət xx.xx.2021-ci il tarixdə göndərilmiş və həmin tarixdə də məhkəməyə daxil olmuşdur. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tərəfindən inzibati aktın mübahisələndirilməsi üçün qanunvericilikdə müəyyən edilmiş müddət ötürülməmişdir. Hazırkı inzibati işə apelyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, cavabdehin cavabdehin **********0479 nömrəli 12 fevral 2021-ci il tarixli qərarın ləğv edilməsi barədə birinci instansiya məhkəməsinin gəldiyi qənaəti əsaslı olmuşdur, şikayətin dəlilləri qərarın ləğvinə əsas vermir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Həmin Məcəllənin 87.8-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Sadalanan xüsusatlara və istinad olunan hüquq normalarına əsaslanan məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qərarı qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, cavabdehin apelyasiya şikayəti təmin edilməməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35, 80, 87.6, 89 və 94.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Cavabdehin apelyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 26 noyabr 2021-ci il tarixli, 2-1(112)-5230/2021 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qüvvəyə minir. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə ondan Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar