Məhkəmə qərarları › İş №2-1(103)-174/2021

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-174/2021

23.02.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-174/2021 23.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Ağayev Valeh Məmməd oğlunun sədrliyi və məruzəsi ilə, Nuriyeva Afaq Bayram qızı və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, İsmayılzadə Rəhim Fərman oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “diplomun tanınması” tələbinə dair inzibati iş üzrə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2-1(82)-1621/2019 saylı qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında (Bakı şəhəri Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şifahi məhkəmə iclasında apellyasiya qaydasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Rusiya Federasiyasının (Miçurink Dövlət Aqrar Universitetinin) Dövlət İmtahan Komissiyasının xx xxxx 2018-ci il tarixli qərarı ilə iddiaçıya verilmiş 14615 qeydiyyat nömrəli bakalavr diplomunun Azərbaycan Respublikası ərazisində tanınması və ekvivalentliyi haqqında şəhadətnamənin verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1988-ci il tarixdə Zaqatala Rayonunun Aşağı Tala kəndində anadan olmuşdur. 2013-cü ildə “Rusiya Dövlət Universiteti”-nə daxil olaraq 2018-ci ildə “X1 Dövlət Aqrar Universiteti”nin “hüquqşünaslıq” ixtisası üzrə bitirmişdir. Dövlət İmtahan Komissiyasının xx xxxx 2018-ci il tarixli qərarı ilə iddiaçıya 14615 qeydiyyat nömrəli Bakalavr Diplomu verilmişdir. Həmin təhsil müəssisələri haqqında vahid dövlət elektron bazada qeydiyyata alınmışdır. X3 ixtisasının Azərbaycan Respublikası ərazisində tanınması və ekvivalentliyinin müəyyən edilməsi məqsədilə xx.xx.2018-ci il tarixdə cavabdehə ərizə ilə müraciət etmişdir. xx.xx.2019-cu il tarixdə Elektron ünvan poçtuna elektron formada cavab məktubu gəlmişdir. Həmin cavab məktubunda iddiaçının aldığı ixtisasın ölkə ərazisində tanınması mümkün hesab edilməmişdir. Hesab edir ki, cavabdeh təşkilatın imtinası qanunsuz və əsassızdır. Diplomunun tanınmasında heç bir məhdudiyyət olmadığı halda tanınmaması iddiaçının hüquqlarının pozulması ilə nəticələnmişdir. Əgər iddiaçı X1 Dövlət Aqrar Universitetinin tədris normativi yükünü yerinə yetirə bilməsəydi, onda Dövlət imtahanını verə bilməzdi və nəticədə də X1 Dövlət Aqrar Universitetinin rəhbərliyi tərəfindən ona xx.xx.2018-ci ildə ali təhsil haqqında (bakalavr) diplomu verilməzdi. Qeyd edir ki, iddiaçı X1 Dövlət Aqrar Universitetində qiyabi təhsil almışdır və vaxtlı-vaxtında Rusiya Federasiyasına gedərək Universitetin təhsil normasına uyğun dərslərdə iştirak etmişdir. Ona görə də tələb olunan müddətin qarşılığında həmin ölkədə nəzərdə tutulmuş müddət ərzində olmuş və diploma əlavədə qeyd olunan tədris yükünü tam yerinə yetirmişdir. Maraqlı məqamlardan biri də odur ki, təhsil verən müəssisə X1 Dövlət Aqrar Universiteti onun tədris yükünü yerinə yetirdiyini bildirmişdir, Azərbaycan Respublikası Təhsil Nazirliyinin Akkreditasiya və Nostrifikasiya İdarəsi isə X1 Dövlət Aqrar Universitetinin yerinə qanunsuz qərar qəbul edərək bildirmişdir ki, guya o tədris yükünü yerinə yetirə bilməmişdir. Ölkədən ən çox təhsil almaq üçün üz tutulan Rusiyanın 58 ali təhsil müəsisələrinin diplomunu Təhsil Nazirliyi tanıyır. X1 Dövlət Aqrar Universiteti də həmçinin Təhsil Nazirliyi tərəfindən tanınır. Qeyd edilənlərə əsasən hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-1621/2020 saylı, xx xxxx 2019-cu il tarixli qərarı ilə iddia təmin edilərək iddiaçı Rusiya Federasiyasının (Miçurinsk Dövlət Aqrar Universitetinin) Dövlət İmtahan Komissiyasının xx xxxx 2018-ci il tarixli qərarı ilə İddiaçı verilmiş 14615 qeydiyyat nömrəli bakalavr diplomunun Azərbaycan Respublikası ərazisində tanınması və ekvivalentliyi haqqında şəhadətnamənin verilməsi vəzifəsi Azərbaycan Respublikası Təhsil Nazirliyinə həvalə edilmişdir. Cavabdeh apellyasiya şikayəti verərək məhkəmənin həmin qərarının ləğv edilməsi və iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, X1 Dövlət Aqrar Universitetinin normativi üzrə orada təhsil almaq üçün tələb olunan müddətin qarşılığında vətəndaş həmin ölkədə qısa müddət ərzində olduğundan diploma əlavədə qeyd olunmuş tədris yükünü yerinə yetirməsi qeyri-mümkündür. Qeyd olunanlar əsasında iddiaçının adına X1 Dövlət Aqrar Universiteti tərəfindən verilmiş diplom üzrə ixtisası ölkə ərazisində tanınması mövcud qanunvericiliyin tələbinə ziddir. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2020-ci il tarixli,2- 1(103)-64/20 nömrəli qərarı ilə apelyasiya şikayətinin təmin edilməməsi, birinci instansiya məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarının dəyişdirilmədən saxlanılmasıqərara alınmışdır. Qərardan narazı qalan cavabdeh kassasiya şikayəti verərək, Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2020-ci il tarixli,2-1(103)-64/20 nömrəli qərarının ləğv edilməsi, iddianın təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası 2-1(102)-1745/2020 saylı, xx.xx.2020-ci il tarixli qərarı ilə cavabdehin kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx xxxx 2020-ci il tarixli, 21(103)- 64/2020 nömrəli qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmiş, cavabdehin kassasiya şikayəti qalan hissədə təmin edilməmişdir. Növbəti apellyasiya baxışı zamanı iddiaçı iş materiallarına uyğun izahat verərək apellyasiya şikayətinin təmin olunmamasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdeh (onun nümayəndəsi) məhkəmə iclasında iştirak etməmiş və səbəbinin üzürlü olması barədə əvvəlcədən məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə kollegiyası iclasa çağırılan şəxsin iştirakı olmadan işə baxılması və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün kollegiya birinci instansiya məhkəməsinin qərarının qanuniliyini tam yoxlayır. Məhkəmə kollegiyası iddiaçının nümayəndəsinin izahatını dinləyib, işin materiallarını yoxlayaraq, apellyasiya şikayətinin dəlillərini araşdıraraq, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İşdə olan sənədlərin surətlərindən müəyyən edilmişdir ki, Ali Təhsil üzrə Federal Dövlət Büdcə Tədris müəssisəsi “Miçurin dövlət aqrar Universiteti” tərəfindən verilmiş xx xxxx 2018-ci il tarixli, 106805 ******* saylı (qeydiyyat nömrəsi 14615) diplomun Azərbaycan dilinə tərcümə olunmaqla notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, İddiaçı Dövlət və bələdiyyə idarəsi ixtisası üzrə mütəxəssis proqramını mənimsəmiş, yekun dövlət attestasiyasını uğurla keçmiş, Dövlət Attestasiya Komissiyasının qərarı (xx xxxx 2018-ci il tarixli, 11 nömrəli protokol) ilə ona Bakalavr ixtisası verilmişdir. Diplom Tümen vilayəti təhsil və elm Departamenti tərəfindən xx xxxxxxxx 2018-ci ildə233320 nömrəsi ilə xx.xx.1961-ci il tarixli Haaqa Konvensiyasına əsasən apostil edilmişdir. Ali Təhsil üzrə Federal Dövlət Büdcə Tədris müəssisəsi “Miçurin dövlət aqrar Universiteti” tərəfindən verilmiş xx xxxx 2018-ci il tarixli, 106805 ******* saylı (qeydiyyat nömrəsi 14615) diploma əlavənin Azərbaycan dilinə tərcümə olunmaqla notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, İddiaçı təhsil aldığı müddətdə ixtisası üzrə keçirilmiş fənnlərdən əla, yaxşı, məqbul və kafi, iqtisadi nəzəriyyə: mikroiqtisadiyyat, dünya iqtisadiyyatı, dövlət və bələdiyyə idarəsinin əsasları, siyasi menecment kurs işlərindən yaxşı qiymət almışdır. Məhkəməyə təqdim edilmiş qeydiyyat vərəqəsindən görünür ki, İddiaçı 2013-2018-ci illərdə X2 Dövlət Aqrar Universitetində dövlət və bələdiyyə idarəetməsi ixtisası üzrə təhsil almış, İ kursa 19 gün, İİ kursda 1 ay 10 gün, İİİ kursda 1 ay 20 gün, İV kursda 10 gün və V kursda 9 gün müddətində həmin ölkədə olmuş, diplom üzrə ixtisasının tanınması ilə bağlı ekspert qrupu tərəfindən ona mənfi rəy verilmişdir. İddiaçı Rusiya Federasiyasının (Miçurink Dövlət Aqrar Universitetinin) Dövlət İmtahan Komissiyasının xx xxxx 2018-ci il tarixli qərarı ilə iddiaçıya verilmiş 14615 qeydiyyat nömrəli bakalavr diplomunun Azərbaycan Respublikası ərazisində tanınması və ekvivalentliyi haqqında şəhadətnamənin verilməsi ilə bağlı Təhsil Nazirliyinə müraciətinə inzibati orqanın xx xxxxxx 2019-cu il tarixli məktubu ilə bildirilmişdir ki, universitetin tədris normativi üzrə təhsil almaq üçün tələb olunan müddətin qarşılığında o həmin ölkədə qısa müddət ərzində olduğundan diploma əlavədə qeyd olunan tədris yükünü yerinə yetirməsi qeyri-mümkündür. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxx 2003-cü il tarixli, 64 saylı qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisasların tanınması və ekvivalentliliyinin müəyyən edilmiş (nostrifikasiyası) Qaydaları” nın 3.7-ci bəndinə əsasən 120C5525305 nömrəli müraciət üzrə aldığı ixtisasın ölkə ərazisində tanınması mümkün deyildir. Sərhəd keçmə məlumatından görünür ki, iddiaçı 2013-cü il tarixdə 10 gün müddətində, 2014-cü il tarixdə 1 ay 19 gün müddətində, 2016-cı il tarixdə 1 ay 20 gün, 2017-ci il tarixdə 10 gün, 2018-ci il tarixdə-9 gün müddətində ölkə sərhədindən keçməklə Rusiya Federasiyasına gedib-gəlmişdir. İşin məhkəmə araşdırılması ilə məlum olur ki, İddiaçı Rusiya Federasiyasının (Miçurin Dövlət Aqrar Universitetinin) Dövlət İmtahan Komissiyasının xx xxxx 2018-ci il tarixli qərarı ilə 106805 0757337saylı (14615 qeydiyyat nömrəli) bakalavr diplomu verilmiş, həmin diplom Rusiya Federasiyasında səlahiyyətli orqan tərəfindən apostil olunmuşdur. İddiaçı hazırkı cavabdeh Azərbaycan Respublikasının Təhsil Nazirliyinə müraciət edərək, həmin diplom üzrə ixtisasının tanınması və ekvivalentliyinin müəyyən edilməsini xahiş etmiş, lakin cavabdeh məsələnin həllindən imtina etmişdir. İmtinanı isə onunla əsaslandırılmışdır ki, iddiaçı həmin təhsil müəssisəsinin tədris normativi üzrə tələb olunan müddətin qarşılığından həmin ölkədə qısa müddətdə olmuşdur və bu müddət ərzində diploma əlavədə göstərilən tədris yükünü mənimsəməsi mümkün deyildir. İddiaçı hazırda cavabdehin imtinasını mübahisələndirir. Birinci instansiya məhkəməsinin qərarından görünür ki, məhkəmə hazırkı mübahisə üzrə mövcud qanunvericilikdə (AR NK-nin xx.xx.2003-cü il tarixli 64 saylı qərarı ilə təsdiq edilmiş Qaydalarda) diplomun tanınmasından imtina üçün əsas kimi nəzərdə tutulan hallar mövcud olmadığından, cavabdeh inzibati orqanın İddiaçı diplomunun tanınmasından imtinası iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirmiş və iddianı təmin etmişdir. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (bundan sonra mətndə apelyasiya instansiyası məhkəməsi) xx.xx.2020-ci il tarixli,2-1(103)-64/20 nömrəli (hakimlər Həmid Həmidov - sədrlik edən və məruzəçi, Elmira Nağıyeva və Vidadi Məmmədov) qərarı ilə apelyasiya şikayətinin təmin edilməməsi, birinci instansiya məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarının dəyişdirilmədən saxlanılmasıqərara alınmışdır. Apelyasiya instansiyası məhkəməsi bu qərarı qəbul edərkən eyni normalara istinad etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası 2-1(102)-1745/2020 saylı, xx.xx.2020-ci il tarixli qərarı ilə cavabdehin kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx xxxx 2020-ci il tarixli, 21(103)- 64/2020 nömrəli qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmiş, cavabdehin kassasiya şikayəti qalan hissədə təmin edilməmişdir. Məhkəmə qeyd etmişdir ki, pelyasiya instansiyası məhkəməsi hazırkı işi həll edərkən işdəki mahiyyətcə biri digərinə zidd olan sənədləri araşdırmamış, onlara ümumiyyətlə diqqət yetirməmişdir. Belə ki, işin 21-ci səhifəsində olan «Diplom sahibinin şəxsiyyəti haqqında məlumatlar» adlı sənəddə göstərilmişdir ki, iddiaçı əyani təhsil forması üzrə tədris proqramını mənimsəmişdir. Halbuki işin 45-ci səhifəsində yer almış «Qeydiyyat vərəqəsi»ndə iddiaçının təhsil formasının «qiyabi» olduğu qeyd edilmişdir. İnzibati prosessual məcəllənin 96.11-ci maddəsinə əsasən mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apellyasiya instansiyası məhkəmələri üçün məcburidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Belə ki, cavabdeh iddiaçının təhsil aldığı ölkədə qısa müddət ərzində olmasını əsas gətirməklə diplomun tanınmasından imtina etsə də, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli 64 saylı qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları”nda şəxsin ali təhsil aldığı dövlətdə hansı müddətdə olubolmamasının yoxlanılması müəyyən edilməmiş və bu hər hansı bir qanunvericiliklə tənzimlənməmişdir. Buna baxmayaraq işdən məlum olur ki, iddiaçı qiyabi təhsil almışdır və aldığı təhsillə bağlı kifayət qədər həmin ölkədə olmuşdur. Belə ki, cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş qeydiyyat vərəqəsindən görünür ki, iddiaçı İ il 19 gün, İİ il 1 ay 10 gün, İİİ il 1 ay 20 gün, İV il 10 gün, V il 9 gün müddətində orda olmuşdur. Qeyd edilən hal sərhəd keçmə barədə hesabatla da öz təsdiqini tapır. Eləcə də, cavabdeh imtina məktubunda iddiaçının tədris yükününü mənimsəməsinin mümkün olmadığını bildirsə də, mütəxəssis proqramı üzrə nəticələr və məzmunu haqqında məlumatı əks etdirən mütəxəssis diplomuna əlavənin 3 və 4-cü bəndlərində iddiaçının akademik saatların miqdarına uyğun olaraq aldığı qiymətlər, yazdığı kurs işləri və onların qiymətləndirilməsi aydın şəkildə şərh edilmiş və ümumi nəticəsi məqbul sayılmışdır. Ali Məhkəmənin göstərişlərinə münasibətdə kollegiya qeyd edir ki, diplomda bakalavr əyani tədris forması üzrə tədris proqramını mənimsəmə müddətinin 4 il olduğu qeyd olunmuşdur. İş materiallarına, iddiaçının izahatına, həmçinin, cavabdeh tərəfindən təqdim olunmuş qeydiyyat vərəqəsinə əsasən iddiaçının qiyabi təhsil forması üzrə təhsil aldığı, ona görə də 5 il müddətində təhsil aldığı müəyyən olunmuşdur. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, iddianın təmin edilməsi üçün qanunauyğun əsaslar olmuş, birinci instansiya məhkəməsi iş üzrə düzgün nəticəyə gələrək iddianı təmin etmişdir. Cavabdehin imtinası qanunauyğun olmamış, apellyasiya şikayətində göstərilən dəlillər birinci instansiya məhkəməsinin qərarının ləğvi üçün əsas ola bilməz. Buna görə də cavabdehin apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin hazırkı iş üzrə qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanları nəzərə alaraq, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2-1(82)-1621/2019 saylı qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərar tam formada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qərardan kassasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən hakim: Valeh Ağayev Hakimlər: Afaq Nuriyeva Aida Hüseyn

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar