Məhkəmə qərarları › İş №2-1(103)-174/2022

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-174/2022

11.03.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-174/2022 11.03.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X3 Hüseynin sədrliyi və məruzəsi ilə, Səadət İnayət qızı Bəktaşi və Azər Soltanhəmid oğlu Hüseynovdan ibarət tərkibdə, Aytac Mahir qızı Məmmədlinin katibliyi ilə, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 19 may 2021-ci il tarixli, 2-1(112)- 4464/2021 saylı qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək İddiaçı 57 yaşdan, yəni 27.01.2020-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, İddiaçı xx.xx.1963-cü il tarixdə Ucar rayonunda anadan olmuşdur. 03.08.1983-cü il tarixdən hal-hazıradək əmək stajı vardır. Qaynaqçı və çilingər vəzifələrdə işləmişdir. Həmin vəzifə həm Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı”’nda, həm də Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın 29-cu bəndində öz əksini tapmışdır. 01.01.2006-cı il tarixədək 25 ildən çox ümumi və 20 ildən çox xüsusi stajı vardır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına müraciət edərək 57 yaşdan güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsini xahiş etmiş, lakin Mərkəzi Filial güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin etməkdən imtina etmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının qeyd olunan əsaslarla müraciətindən imtina etməsi tamamilə qanunsuz və əsassızdır. Daha əvvəl qüvvədə olan “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinə 13 iyun 1997-ci il tarixli 321-İQD nömrəli Qanunla edilmiş dəyişikliyə əsasən yaş həddi 01 avqust 1997-ci ildən başlayaraq hər il 6 ay olmaqla 01 avqust 1999-cu ilədək 1 il artırılmasını nəzərə almaqla İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyası 57 yaşdan, yəni 01.07.2020-ci il tarixdən təyin edilməlidir. Cаvаbdеh iddiаyа dаir еtirаzını təqdim edərək göstərmişdir ki, iddiaçının 07.12.2020-ci il tarixli müraciəti Mərkəzi Filial tərəfindən **********8 nömrəsi ilə qeydə alınmışdır. Həmin müraciətlə bağlı aparılmış inzibati icraat tədbirlərinin nəticəsi barədə bildirilir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) kişilər 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən 1 yanvar 2006-cı il tarixinədək Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericililklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Azərbaycan Respublikasının 6 mart 2007-ci il tarixli 260-İİİQD nömrəli Qanunu ilə qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “b” bəndinə uyğun olaraq, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 2 №-li siyahı üzrə müəyyən edilmiş 25 il ümumi stajı olan və bu stajın ən azı 12 il 6 ayını güzəştli işlərdə çalışan 57 yaşı tamam olmuş kişilərin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Mərkəzi Filiala təqdim olunan 10 avqust 1983-cü il tarixli əmək kitabçasından göründüyü kimi İddiaçı 1 yanvar 2006-cı il tarixinədək ümumi iş stajı 25 ildən az (24 il, 11 ay 13 gün) təşkil edir. Qeyd olunanları nəzərə alaraq ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Bakı İnzibati Məhkəməsinin 19 may 2021-ci il tarixli, 2-1(112)-4464/2021 saylı qərarı ilə iddia tələbi təmin edilərək, İddiaçı 57 yaşdan, yəni 27.01.2020-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilməsi qərara alınmışdır. Qərardan narazı qalan cavabdeh iddia ərizəsinə etirazla eyni məzmunlu apellyasiya şikayəti verərək, qərarı ləğv edib iddianın təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclaslarında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmağına baxmayaraq iş üzrə iddiaçı məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma hissəsi: Azərbaycan Respublikası İPM-in 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası cavabdehin nümayəndəsini dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Hazırki işin hallarından görünür ki, iddiaçı xx.xx.1963-cü il tarixdə doğulmuş, 01.09.1980-ci il tarixdə Azərbaycan SSR Ucar rayon 22 nömrəli texniki peşə məktəbinə daxil olmuş və 16.05.1981-ci il tarixdə təhsil müddəti 1 il olan məktəbi elektrik qaynaqçısı peşəsi üzrə bitirmişdir. 18.05.1981-ci il tarixdən 20.05.1983-cü il tarixədək hərbi xidmətdə olmuşdur. O, 03.08.1983-cü ildə Sabirabad Təsərrüfatlararası tikinti idarəsinə 3-cü dərəcəli elektrik qaynaqçısı vəzifəsinə qəbul olunmuş, 01.11.1983-cü ildə həmin vəzifədən azad edilmişdir. 02.11.1983-cü ildə Ucar metal məmulatları və dirrik alətləri zavodunda 3cü dərəcəli qaynaqçı təyin edilmiş, 15.02.1984-cü ildə həmin vəzifədən azad edilmişdir. 16.04.1984-cü ildən Leninneft Neftqazçıxarma İdarəsi İstismar avadanlığının təmir-prokat sexinə əl qaynağı ilə üçüncü dərəcəli elektrik qaynaqçısı vəzifəsinə qəbul olunmuş, 10.07.1984-cü ildən əl qaynağı ilə dördüncü dərəcəli elektrik qaynaqçısı dərəcəsi verilmiş, 25.09.1985-ci ildən əl qaynağı ilə beşinci dərəcəli elektrik qaynaqçısı dərəcəsi verilmiş, 06.05.1992-ci ildən “Leninneft” Neftqazçıxarma idarəsi “Balaxanıneft” Neftqazçıxarma idarəsi adlandırılmışdır. 16.02.1998-ci ildə İstismar avadanlığının təmir prokat sexi İstismar avadanlıqlarının təmiri və quraşdırılması sexi adlandırılmış, 02.06.2008-ci ildə AR ƏM-nin 59-cu maddəsinə əsasən həmin sexdə lay və çirkab sularının utilizasiya sahəsinə 5-ci dərəcəli təmirçi-çilingər peşəsinə keçirilmiş, 01.01.2009-cu ildə İstismar avadanlıqlarının təmiri və quraşdırılması sexi İstismar avadanlığının kirayə-təmir sexi adlandırılıb, 01.01.2011-ci ildə İstismar avadanlığının kirayə-təmir sexi İstismar avadanlıqlarının təmiri sexi adlandırılıb, 31.12.2011-ci ildə işdən azad olunmuş, 01.01.2012-ci ildən “X1” LTD şirkətinin Azərbaycan Respublikasındakı filialı, istismar avadanlıqlarının təmiri sexinin lay və çirkab sularının utilizasiyası sahəsində 5-ci dərəcəli təmirçi çilingər peşəsinə qəbul olunmuş, hal-hazıradək həmin müəssisədə işləyir. Birinci instansiya məhkəməsinin sorğusu ilə cavabdeh orqandan tələb edilmiş inzibati icraat materiallarında olan SOCAR-ın Baş ofisinin Mərkəzi Arxivi tərəfindən verilmiş 20 may 2020-ci il tarixli iş stajı haqqında arayışda göstərilmişdir ki, SOCAR-ın Baş ofisinin Mərkəzi Arxivində saxlanılan sənədlərə əsasən xx.xx.1963-cü il təvəllüdlü İddiaçı həqiqətən 16.04.1984-cü ildə (əmr № 155/k, 13.04.1984-cü il) “Balaxanıneft NQÇl”-nin (keçmiş “Leninneft” NQÇİ) İstismar avadanlıqlarının kirayə-təmir sexinə (İAKTS) əl ilə qaynaq edən 3-cü dərəcəli elektrik qaynaqçısı peşəsinə işə qəbul edilmişdir. 10.07.1984cü ildə (əmr № 440, 10.07.1984-cü il) əl ilə qaynaq edən 4-cü dərəcəli elektrik qaynaqçısı peşəsinə keçirilmişdir. 25.09.1985-ci ildə (əmr № 677, 24.09.1985-ci il) əl ilə qaynaq edən 5-ci dərəcəli elektrik qaynaqçısı peşəsinə keçirilmişdir. 16.02.1998-ci ildə (əmr № 62,11.02.1998-ci il) İstismar avadanlıqlarının təmiri və quraşdırılması sexinə əl ilə qaynaq edən 5-ci dərəcəli elektrik qaynaqçısı peşəsinə keçirilmişdir. 02.06.2008-ci ildə (əmr № 257/k, 02.06.2008-ci il) AR ƏM-nin 59-cu maddəsinə əsasən həmin sexdə lay və çirkab sularının utilizasiya sahəsinə 5-ci dərəcəli təmirçi-çilingər peşəsinə keçirilmişdir. 01.01.2009-cu ildə (əmr № 894, 30.12.2008-ci il) İstismar avadanlıqlarının kirayə-təmir sexinə (İAKTS) 5-ci dərəcəli təmirçi-çilingər peşəsinə keçirilmişdir. 01.01.2011-ci ildə (əmr № 508, 30.12.2010-cu il) lATS-nə 5-ci dərəcəli təmirçi-çilingər peşəsinə keçirilmişdir. 31.12.2011-ci ildə (əmr № 824-k, 30.12.2011-ci il) AR ƏM-nin 69.3-cü maddəsinə əsasən başqa işəgötürənlə əmək müqaviləsinin bağlanması ilə əlaqədar bağlanmış əmək müqaviləsi ləğv edilmiş və işdən azad olunmuşdur. Birinci instansiya məhkəməsinin sorğusuna cavab olaraq Ucar rayon İcra Hakimiyyəti Ucar Rayon Dövlət Arxivinin 17 mart 2021-ci il tarixli 26 nömrəli arxiv arayışına əsasən Ucar rayonu, Lək kənd sabiq Sovet Azərbaycanı adına kolxozun əmək haqqı sənədlərinə əsasən İddiaçı kolxozda 1979-cu ildə 83, 1980-ci ildə 120 adam günü işləmişdir. Qeyd: 1966-1985-ci illər üzrə Ucar rayonu, Lək kənd sabiq Sovet Azərbaycanı kolxozunda minimum əmək günü kişilər üçün 210 adam günü müəyyənləşdirilmişdir. Birinci instansiya məhkəməsinin sorğusuna cavab olaraq “X1 LTD” şirkətinin Azərbaycan Respublikasındakı filialının 05.03.2021-ci il tarixdə məhkəməyə daxil olmuş məktubunda bildirilmişdir ki, İddiaçı 01.01.2012-ci il tarixindən etibarən “X1 LTD” şirkətinin Azərbaycan Respublikasındakı filialının Laydaxili təzyiqin saxlanılması və su təchizatı sexində nasos qurğularının 5-ci dərəcəli maşinisti peşəsində işləyir. Bundan əvvəl 03.08.1983-cü il tarixindən 01.11.1983-cü il tarixinə kimi elektrik qaynaqçısı, 02.11.1983-cü il tarixindən 15.02.1984-cü il tarixinə kimi qaynaqçı, 16.04.1984-cü il tarixindən 02.06.2008-ci il tarixinə kimi əl ilə qaynaqda elektrik qaynaqçısı peşələrində işləyib. Əsas: T-2 vərəqəsi Qeyd: Elektrik qaynaqçısı, qaynaqçı, əl ilə qaynaqda elektrik qaynaqçısı peşələri Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 Nli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın 35-ci "Ümumi peşələr” bölməsinə əsasən güzəştli şərtlərlə yaşa görə təqaüd hüququ verir. İddiaçı hazırkı tələblə cavabdeh orqana müraciət etmiş, lakin cavabdeh inzibati orqanın iddiaçının müraciətini təmin etməkdən imtina etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İ hissəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Həmin maddənin İİİ hissəsinə əsasən isə, hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. 01.01.2006-cı il tarixədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin “b” bəndinə əsasən əmək şəraiti zərərli və ağır olan işlərdə çalışan işçilər – istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə kişilər 55 yaşa çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdirlər. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13cü maddəsinə 1997-ci il 13 iyun tarixli 321-İQD №-li Qanunla edilmiş dəyişikliyə əsasən 13-cü maddədə nəzərdə tutulmuş yaş həddi 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılması nəzərdə tutulmuşdur. İddiaçıya “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin “b” bəndinə əsasən güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması üçün üç element mövcud olmalıdır: 1. İddaçının 57 yaşının tamam olması;

2. İddiaçının 01.01.2006-cı ilə qədər azı 25 il ümumi iş stajının mövcud olması; 3. İddiaçının 01.01.2006-cı ilə qədər azı 12 il 6 ay güzəştli iş stajının mövcud olması. Məhkəmə kollegiyası hesab edir ki, iş stajının əmək kitabçasında qeyd olunmamasına baxmayaraq, iddiaçının kolxozda işlədiyinə dair arxiv arayışının stajı təsdiq edən sübut kimi qəbul edilməklə, arayışda göstərilən iş illəri sosial sığorta stajına daxil edilməlidir. SSRİ Nazirlər Sovetinin 4 avqust 1956-cı il tarixli 1044 saylı qərarı ilə təsdiq edilmiş “Dövlət pensiyalarının təyin edilməsi və ödənilməsi Qaydaları”n 117-ci maddəsinin q) bəndinə görə arxiv müəssisələrinin arayışı iş stajını təsdiq edən sübut sayılır. “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 69-cu maddəsinə əsasən iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin: 1-ci bəndinə əsasən əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. 3-cü bəndinə görə iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır “SSRİ-də vətəndaşların pensiya təminatı haqqında” 1990-cı il 15 may tarixli SSRİ Qanununun 67-ci maddəsinin birinci hissəsinə əsasən, əgər kolxoz üzvü ictimai təsərrüfatda müəyyən edilmiş əmək iştirakı minimumunu üzrlü səbəb olmadan yerinə yetirməyibsə, 1965-ci ildən sonrakı dövr üçün kolxozda iş stajı hesablanarkən iş vaxtı bu dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktik müddət üzrə nəzərə alınır. “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsində göstərilir ki, əgər kolxoz üzvü ictimai təsərrüfatda müəyyən edilmiş əmək iştirakı minimumunu üzürlü səbəb olmadan yerinə yetirməyibsə, 1965-ci ildən sonrakı dövr üçün kolxozda iş stajı hesablanarkən iş vaxtı bu dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktik müddət üzrə nəzərə alınır. Dövlət arxiv arayışına əsasən iddiaçı “Sovet Azərbaycanı” adına kolxozda işləmişdir. Təqdim olunan arayış dövlət arxivindən verilmiş və həmin arayışın mötəbərliliyini şübhə altına alacaq hər hansı hala rast gəlinməmişdir. Birinci instansiya məhkəməsi haqlı olaraq hesab etmişdir ki, yuxarıda qeyd olunan normalara əsasən iddiaçının kolxozda işlədiyi müddət onun iş stajına hesablanmalıdır. Bununla yanaşı, kolxozdakı ümumi iş stajının məcmusu müəyyən edilərkən minimum əmək iştirakı normasının yerinə yetirilib-yetirilməməsindən asılı olaraq iş vaxtının hansı illər üzrə tam, hansı illər üzrə qismən (faktik müddət üzrə) yerinə yetirildiyi nəzərə alınmalıdır. Ucar rayon Dövlət Arxivinin arxiv arayışından görünür ki, adıçəkilən kolxozda minimum adam günü norması 210 gün olsa da, iddiaçı kolxozda 1979-cu il üzrə 83 gün, 1980-ci il üzrə 120 gün işləmişdir. Göründüyü kimi iddiaçı tərəfindən minimum əmək iştirakı norması ödənilmədiyindən 1979 və 1980-ci illər onun iş stajına tam il kimi deyil, yalnız faktik müddət üzrə nəzərə alınmaqla daxil edilməlidir. Faktik müddət üzrə hesablama isə faktiki işlənmiş günlərin sayının 12 aya (bir il) vurulması və alınan rəqəmin kolxozdakı minimum əmək iştirakı norması kimi müəyyən olunmuş günə bölünməsi ilə aparılmalıdır. Bu qaydada hesablama ilə iddiaçının 1979-cu ildə faktiki işlədiyi müddət (83x12=996/210=4.7ay), 1980-ci ildə işlədiyi faktiki müddət 120x12=1440/210=6.8 ay müəyyən edilir. Əldə olunan cəmi 10 ay 15 gün faktiki müddət iddiaçının topladığı 24 il 11 ay 19 günlə toplanıldıqda iddiaçının ümumi iş stajı tələb olunan 25 ildən çox, yəni 25 il 10 ay 4 gün edir. Beləliklə, iş materiallarında olan hərbi biletin, əmək kitabçasının notarial qaydada təsdiq edilmiş surətlərindən, arxiv arayışından göründüyü kimi 01 yanvar 2006-cı ilədək iddiaçının hərbi xidmət müddəti də nəzərə alınmaqla, 25 ildən artıq ümumi iş stajı mövcud olmuşdur. Məhkəmə kollegiyası iddiaçının güzəştli şərtlərlə iş stajı ilə bağlı aşağıdakıları qeyd edir: Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 2017-ci il 11 dekabr tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi” Qaydalarının 4.1.9-cu bəndində göstərilmişdir ki, Qanunun 9.8-ci maddəsinə əsasən, Qanunun qüvvəyə mindiyi günədək (01.01.2006-cı il) 9-cu maddədə göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar əvvəllər qüvvədə olmuş qanunla yaşa və staja görə müəyyən edilmiş tələblərə müvafiq təyin edilir. Qanunun 9.8-ci maddəsinə əsasən pensiya təyin olunması üçün müraciət edən şəxslərin pensiya hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş və 01.01.2006-cı ilədək qüvvədə olan “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı” və “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” əsasında müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21.06.1993-cü il tarixli 320 saylı qərarı ilə təsdiq olunmuş “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 saylı Siyahısı”nın 23200000 XXXİİİ. Ümumi peşələr bölməsində 23200000—19906 əl ilə qaynaq aparan elektrik qaynaqçıları vəzifəsi zərərli peşə kimi nəzərdə tutulmuşdur. İddiaçının 03.08.1983-cü il tarixindən 01.11.1983-cü ilədək; 02.11.1983-cü ildən 15.02.1984-cü ilədək; 16.04.1984-cü il tarixindən 01.01.2006-cı il tarixinə kimi əl ilə qaynaqda elektrik qaynaqçısı peşəsində işləməklə tələb olunan 12 il 06 aydan çox güzəştli iş stajını toplamışdır. İnzibati Prosessual Məcəllənin 14.3-cü maddəsinə görə inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Bununla əlaqədar məhkəmə kollegiyası qeyd edir ki, hazırkı iddia məcburetmə haqqında iddia deyil, öhdəliklərin icrası haqqında iddialara aid olsa da, cavabdehin imtinası onun hərəkətsizliyində ifadə olunmuşdur. Bu isə mahiyyət etibarilə inzibati aktın qəbulundan imtina edilən zaman göstərilən hərəkətsizliyə bərabərdir. Beləliklə, məcburetmə haqqında iddialarda olduğu kimi öhdəliyin icrası haqqında iddialar üzrə də həmin öhdəliyin icra edilməli olmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının, belə öhdəliyin icrasını istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür ki, hazırkı işdə cavabdeh imtinasını zəruri edən şərtlərin mövcudluğunu sübut edə bilməmişdir. Beləliklə kollegiya qeyd edir ki, iddiaçı 2006-cı ilin yanvar ayının 1-dək 25 ildən çox ümumi iş stajına, o cümlədən 12 il 6 aydan çox “əmək şəraiti zərərli və ağır olan” iş stajına malik olduğundan və onun işlədiyi vəzifə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 320 nömrəli 21 iyun 1993-cü il tarixli qərarı ilə təsdiq edilmiş 2 saylı Siyahıda nəzərdə tutulduğundan və iş yerindən iddiaçının işlədiyi vəzifələrə uyğun arayış təqdim edildiyindən, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsinə və “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin “b” bəndinə əsasən onun 57 yaşdan (27.01.2020-ci il tarixdən) güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yaranmışdır. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçı 27.01.2020-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququna malik olduğundan hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlıdır və işə baxan məhkəmə cavabdehin imtinasının qanunsuz olması və iddianın təmin edilməsi barədə düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər.

Nəticəvi hissə:

Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 87, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, Kollegiya

qərara aldı:

Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 19 may 2021-ci il tarixli, 2-1(112)-4464/2021 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Aida Hüseyn Hakimlər: Səadət Bəktaşi Azər Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar